Dirigözlü
gecə
Hekayə
Kefi kök idi, ayaq üstə güclə dayanırdı. Dost məclisindən
gəlirdi. Qonaqlıq da onluq idi. Evə çatanda gecədən xeyli
keçmişdi. Yataq otağının
yanan işığı anındaca diqqətini çəkdi.
Tələm-tələsik əlini cibinə
atdı. Təsadüfən ehtiyat
açar cibindəydi. Ehmallıca mənzilin
qapısını açıb içəri keçdi.
Qımırını da çıxarmadan yataq
otağına yaxınlaşdı. Oradan
iki səs gəlirdi. Sanki biri həzin
mahnının sözlərini, o biri isə nəqarətini
ifa eləyirdi. Arvadının səsinə
elə bir əhəmiyyət vermədi. O biri səsə
kökləndi. Xeyli qulaq asandan sonra kor-peşman
halda divana sarı yönəldi. Əməllicə-başlı
qısqansa da, indiki halında gözə görsənmək
istəmədi. Hər şeyi səhərə
saxladı.
Ha
çalışsa da, bütün gecəni gözünə
yuxu getmədi. Bu, nə qısqanclıqdan, nə
də keflilikdən deyildi. Axı, ilk dəfəydi
doğma mənzilləri körpə qığıltısına
bələnmişdi.
Azad Müzəffərli
Ədəbiyyat qəzeti.-
2020.- 9 may. S. 29.