Pandemiya
ilinin şeiri
Sabah
hələ zamanın əli toxunmayan
keçmişdir,
keçmiş nə vaxtsa
ölülərimizin sabahı olmuşdu,
zaman
adlı qoca
milyon
illərdi
elə
hey
son fəsli
"Qiyamət" adlanan
Dünya
kitabının
vərəqlərini çevirir,
"zəmanə korlanıb" deyə
ona
şər atır adamlar,
bomboşdu küçələr, parklar,
şəhərlər adamsız qalıb,
amma
doğum evlərində
çoxalır, artır adamlar,
qoca
zaman
günü-gündən cavanlaşır,
keçmiş gələcəkdən küsüb,
qoca
zaman
onları
barışdırır -
cavanlaşır, cavanlaşır...
bütün pandemiya dövrlərində
ixtisara
düşür adamların çoxu;
keçmiş gələcəkdən intiqam alır...
1 may, 2020
Kənan Hacı
Ədəbiyyat qəzeti.-
2020.- 9 may. S. 29.