Sonuncu
teleqram -
Babamın gözlərinə diqqətlə baxa bilmirdim
son illər. Gözünün dibi torpağın alt
qatlarının sarımtıl tozuna
bürünmüşdü. Baxışları
çıxış yolu axtaran suallar şəklində dəlik-deşik
edirdi qarşısındakını. Babamla
söhbətlərimiz cox maraqlı olurdu. Verilməmiş
sualların tapılmayan cavablarını kirpiklərimin
arasında gizlədib yerə, torpağa ismarlayırdım.
İnsanı, bəlkə də, bu nədənlə göz
yaşları ilə torpağa tapşırırlar:
torpağın sərt üzünü yumşaltsın deyə...
Mən yalnız danışa bilməyən
uşağın baxışlarında bu ifadələrə
rast gəlmişdim. Bir də ömrünə az qalmış yaşlı insanda...
Hər il Böyük Vətən müharibəsi
iştirakçılarına 9 May - Qələbə
günü münasibətilə şəhərdən
teleqram gedərdi. Çox qısa təbrik mətnindən ibarət olan
bu teleqramın sorağı bütün kəndi bürüyərdi.
Babam bu teleqram və məktubları orden və
medallarının yanında saxlayaraq, hər il
Qələbə günündə nəvələrinə və
gələn qonaqlara fərəhlə göstərərdi. Evlərinin qarşısında böyük bir
ağac kötüyü vardı. Bayram
günlərində geyinib, medallarını döşünə
vurub əsası qoltuğunda qapıda oturardı.
9 May - Qələbə
günündə xüsusilə hazırlaşırdı. Teleqramı və nəvələrini gözləyirdi.
Kəndimiz dağların qoynunda,
övliyaların arasında yerləşir. Həmin günü kəndə gedə bilməyəndə
çox məyus olurdum. O günün marağı məni
Bakıda qalmağa qoymurdu. Evlərinin
qarşısındakı çayı keçməmiş
maşından düşüb şəhərin hisli-paslı
qoxusu ilə babamı öpüb qucaqlayırdım. O da
sevinclə ətrafa boylanırdı, hər dəfə tərifləyərək,
məni kənd camaatına təqdim edirdi. Tez
teleqramın gəlib gəlmədiyini xəbər verən
gözləri axar çayın üzünə
düşmüş gün işığı kimi sevincdən
parıldayırdı. Kəndin
poçtalyonu teleqramı gətirən kimi
yığışıb içəri keçirdik. Babam həmin günü qoyun kəsərdi. Nənəmin ocaqda bişən nehrə yağlı
yeməklərinin qoxusu həyət-bacanı bürüyürdü.
Kənddəki bütün veteran ailələr də hər il bura yığışardı.
Babam
müharibənin sonuna bir il qalmış,
ayağından yaralandığı üçün
müalicəyə gəlmiş, ayağı sağalana kimi kənddə
qalmışdı. Müharibənin bitdiyini
eşidəndə sevinərək, bu günlərini cəbhədə
olmadığına görə təəssüflənmişdi.
Onlar söhbət etdikcə, mən isti odun peçinin
yanında xumarlanıb yatırdım. Səhər
nənəmin bişirdiyi təndir çörəklərinin
qoxusuna oyanırdım.
1998-ci il may ayının 9-da mən Bakı Dövlət
Universitetinin II kursunda oxuyurdum. Dərslərimizin
çoxluğundan kəndə gedə bilmədim. O zaman
kənd soveti şöbəsində kəndlə yeganə əlaqə
vasitəsi olan telefona zəng vurub babamı həm təbrik, həm
də üzürxahlıq etmək istədim. Rabitənin
bugünkü kimi inkişaf etmədiyi bir dövr olduğundan
saatlarla qoşula bilmirdim. Günortadan sonra
nəhayət, kənd sovetinin təlaşlı səsini
eşitdim. Babamı soruşan kimi yarızarafat
yarıciddi - bu il kişini yada
salmayıblar, kefi yox idi - deməsi qanımı qaraltdı. Poçtun bağlanmasına yarım saat vardı.
Yaxınlıqdakı poçt şöbəsinə
gedib babam üçün gözəl bir təbrik
teleqramı yazdıraraq, ən sürətli xətlə
göndərilməsini istədim. Poçt
işçisi yaşlı qadının səbrlə hərflərlə
rəftarı ürəyimi üzürdu. Buranın
narahat otağında yalnız dünyanın müxtəlif
zaman qurşaqlarından xəbər verən, divardan asılan
saatların və açıqcaların yeri rahat
görünürdü. Asılmış
açıqcaların da sapı mənim ürəyim kimi
üzülmüşdü, deyəsən. Müxtəlif bayramların işarələrini əks
etdirən açıqcanın birinin - "Qələbə
günü" yazılana baxırdım ki,
qırılıb əlimdə qaldı. İçərisinə
ürək sözlərimi yazıb poçt işçisindən
babama göndərməsini xahiş elədim. Ürəyim bərk-bərk
döyünürdü. Babamın kefsiz
doqqazdan evə dönüşünü
düşünürdüm.
Kəndin artıq sükut vaxtı
yaxınlaşırdı. Göydə ulduzlar
göründükcə, yerdə sakitlik hökm
sürürdü. Axşamın bu vaxtında kənd
camaatı samovar çayının ətrafına
yığışıb gündüz olanların gecə
davamını bölüşürdülər. Hava yenicə qaralmışdı ki, "Volqa"
maşınının işıqlarının uzunsov
zolaqları kəndin bütün qapılarına işıq
salaraq, babamgilin evinin qarşısında dayandı. Rayon mərkəzinin poçt işçisi
özünü kəndə çatdıraraq babamı
soruşdu. Kəndin pəncərələrindən
boylanan cüt-cüt gözlər maşının sönməyən
motorunun səsində və qapıya dirənmiş
işıqların mərkəzində babama verilmiş
açıqcanı və teleqramı qulaqları ilə
eşidir, gözləri ilə oxuyurmuş kimi bir-birlərinə
xəbər ötürürdülər. Babam
teleqramı və açıqcanı götürüb
kötüyün üstündə oturaraq, uzaqlaşan
maşının işıqları közərənə qədər
yollara baxmışdı.
Növbəti
il 9 Mayı görmək babama qismət
olmadı. Bu təbrik babama ünvanlanan sonuncu
teleqram oldu. Bu gün sağ olmasını
istədiyim yeganə insanlardı nənəm və babam.
Onların təmiz, saf mühiti və söhbətləri
üçün darıxmışam. Kaş
ki, yazdığım bu hekayəmi babama da oxuya biləydim.
Üzünün qırışları
arasından qımışdığını görə
biləydim. Əslində, ona deyəcəklərim
çoxdur, dünyada tanıdığım insanların
sayı qədər...
Fidan Nizaməddinqızı
Ədəbiyyat qəzeti.-
2020.- 9 may. S. 29.