Həmişə
səfərdə
Hər şey qəflətən oldu. Mayın 2-də saat 16.00-da
Aləmzər Sadıqqızı, sanki
qışqıra-qışqıra sosial şəbəkədə
bir status yazdı: Fərqanəəəəə. Elə ondan sonra Fərqanənin şəkilləri
bütün internet saytlarını və sosial şəbəkələri
şıdırğı yağış kimi tutdu. Mənə elə gəldi ki, bu şəkillər
artıq Fərqanənin sağlığındakı deyil.
Bu şəkilllər tamamilə dəyişmişdi.
O saat yadıma Əməkdar artist Ağalar Bayramovun kədərli
bir səslə dediyi "Şəkildi" şeiri
düşdü.
Nə
vaxtsa, daş üstən gülümsəyəcək
İndidən gözləri dolan şəkildi.
Fərqanə bu "şəkil"lə öz taleyini
yazmışdı. Ümumiyyətlə, Fərqanə həyatı
boyu həmişə öz ölümündən bəhs eləmişdi.
İlk anlar bu şeirlər poetik ovqat
anlayışı bağışlasa da, tədbirlərdə
yarıgerçək, yarızarafatla oxusaq da, Fərqanənin
döyünən qəlbi susandan sonra birdən-birə ciddiləşdi
və hamının ürəyini dağladı.
İnsan həyatında şəkil ən çox yadda
qalan, daim xatırladan və poetik obraz yaradan ən vacib bir
detaldır. Unudulmaz şairimiz Ələkbər Salahzadə adi
bir fotoda həyatın şirinliyini, ən başlıcası
qısalığını gözəl ifadə edirdi.
Bir də
gördün oğuldu adam,
Bir də gördün atadı.
Bir də
gördün yox oldu adam
Bir də gördün fotodu.
Fərqanə həmişə şəkil haqqında
yazırdı, o şəklin yeni detallarını kəşf
eləyirdi, özü də şəkil çəkdirməyi
çox sevirdi.
Özümdən
savayı, şəklimə qədər
Xatirə gecəmə gələcək dostlar.
Və
yaxud
Yanacaq,
astaca bir şam, yanacaq,
Yanacaq sənətim, peşəm yanacaq.
Bəlkə
hamıdan çox Qəşəm yanacaq,
Xatirə gecəmə gələcək dostlar.
Bilmirəm
Fərqanə iş otağından, doğma
Yazıçılar Birliyindən necə ayrılıb gedib,
son dəfə dönüb arxaya baxıbmı, həmin
gün qarşısına kimsə çıxıbmı,
onunla nə danışıb, nə deyib və o adam kimsə,
Fərqanəni son dəfə yadında saxlaya bilibmi - bilmirəm,
amma dəfn günündə hamının özünə
uyğun, düşünə bildiyi, ağladığı
bir Fərqanə vardı. Nuranə Nur deyir: "Ən çətini
öləndən sonra son gecə evdə qalmaqdı və ilk
dəfə də əbədiyyət otağına
uyğunlaşmaq. Ondan sonra hər şey asan
olur". Fəxrəddin Teyyub sağ tərəfimdən
qulağıma Fərqanə haqqında yeni yazdığı
bir şeirin iki misrasını pıçıldayır.
Şəkil
çəkdirməyi sevərdin axı,
Tabutda şəklini çəkən oldumu?
Fərqanə "Daşyonanla söhbət"
şeirində həyat və ölüm düsturunu başqa
bir yöndən səciyyələndirir. Şair belə
ciddi məsələyə bəzən ironik yanaşır, bu
da şeirin təsir gücünü artırır.
Birin behlə,
çıxım gedim,
Kimsəyə gərək olmasın.
Nə qəribə
peşən varmış,
Görüm,
mübarək olmasın!
Şair bu şeirdə bir başdaşı behləmək
istəyir, əslində bu, həyat eşqidir. İstəyir ki,
başdaşının pulunu əvvəlcədən
versin ki, o daş kimsəyə gərək olmasın, yəni
heç olmasa bir insan ölməsin. Sonra şair daşyonana
müraciətlə: nə qəribə peşən
varmış, görüm mübarək olmasın". "Mübarək" sözü mətnin tələbinə
üyğun olaraq öz fünksiyasını dəyişir,
yeni başqa bir məna kəsb eləyir. Şair
daşyonana tapşırır, elə bir daş düzəlt
ki, başıma yaraşan olsun. Əslində,
bu baş və daş məsələsi həyatla
ölümün əbədi mübarizə simvoluna
çevrilir.
Fərqanə ata və anasının ölümünə
həsr etdiyi şeirlərdə də öz taleyini
yazırdı.
Anasının ölümünə həsr
etdiyi şeir, sanki bir təbiət hadisəsidir, tərənnüm
olunan görüntülər təbiət lövhələri,
daha doğrusu, insan mənzərələri haqqında bir
filmdir.
Qaranlıqda
itənim
İşığa oxşayırdı.
Elə
qocalmışdı ki,
Uşağa oxşayırdı.
Fərqanə bir misra ilə bəzən bütöv bir
zamanı, vəziyyəti təsvir edir. Əslində,
o, zamanın, vəziyyətin adını çəkmir,
başqa bir misra ilə həmin dövrə, vaxta işarə
vurur. Məsələn, "Xatirə gecəmə
gələk, dostlar" misrası şairin ölümdən
sonrakı həyatının bir
görüntüsüdür. "Qırmızı
geyinə bilməyir anam" misrası müharibəyə
işarədir. Yəni anam şəhidlərimizə
görə qırmızı paltarlar geymir və məni də
geyinməyə qoymur. "Qırmızı"
sözü ilə şair müharibəni gündəmə gətirir.
Bu onu göstərir ki, şair sözlərə
qənaət edir, şeiri uzun-uzadı yazmır, adi bir əşyanın
əlaməti ilə hadisəni ortaya qoyur.
Onun "Anam şəhərə gedir" şeiri kənd
haqqında maraqlı bir romandır. Bir kənd evinin həyətində
baş verən hadisələr, detallar; Sarıqız tövlədən
dalınca baxır, qırmızı xoruzlar sarısın
udub, kəkilli fərə çəpərə
çıxıb, pul kisəsini qoynuna qoyub, paxıllıq
qonşunun qarısı tutub, sacını yan üstə
qoyub, Alabaş sümsüyün sallayıb və başqa bu
kimi ifadələr kəndin orijinal lövhələridir. Təsvirlər o qədər təbii və
orijinaldır ki, istər-istəməz Fərqanənin
yazdığı bu kənd üçün darıxırsan.
XX əsrin sonlarında sosial həyat hamını
sıxırdı, ən əsas da kişiləri. Fərqanənin
o dövrdə yazdığı "qadınlar,
sıxmayın kişiləri siz" əksər ailələrə
təsəlli oldu, hətta psixoloji yardım kimi, bir çox
ailələri intihardan xilas etdi, ailədə arvad və ər
münasibətlərini nizama saldı.
Şair şeirlərindəki hadisələri bəzən
çox qabardır, başqalarında yaxşı
görünməyən bu hal, Fərqanənin şeirlərinə
gözəllik gətirir. Məsələn,
"Möcüzə" şeirində lirik qəhrəman
deyir ki, qəfil qapınızı gedib döyərəm,
qapını uşaqlar açar. Soruşsalar
kimdi gələn? Sən onda necə
olarsan?
Handan sənə xəbər çata.
Bir yol da düşəsən işə.
Mən də
oyunu bitirəm
Ürəyin
qırılıb düşə,
Əyilib özüm götürəm.
Bəlkə doğrudan da, ölüm bir oyundur. Fərqanə
gecələrin birində gəlib öz evinin
qapısını döyəcək. Əli Kərim də
deyirdi: "Ya da ki, onların toyuna bir gün, toya
çağırılmamış bir qoca gələr" və
yaxud "şeirlə mahnın möcüzəsiylə
ayılmağa bir dəli ümidim var!".
Bəlkə doğrudan da olur belə şeylər!
Fərqanə
həmişə ölümü hiss eləyirdi, biz ona təsəlli
verəndə, sadəcə, gülümsünürdü. Əli Kərim də beləydi, Sərdar Əsəd
də, İsa İsmayılzadə də.
Deyəsən,
bəxtim gətirir,
Qarşıma
çıx sətir-sətir,
Öləni
hamı götürür,
Barı sən məni sağ götür.
Həyat yoldaşını itirən kişilərin
taleyini də yazırdı Fərqanə. Kim inana bilərdi
ki, tezliklə bu həyatı ömür-gün yoldaşı
İlqar da yaşayacaq.
Daha tələsməzsən
evinə sarı,
Gül kimi günlərin uçar havaya.
Titrəyər
ürəyin, əsər əllərin,
Halal açarın da düşməz qapıya.
Nədənsə, Fərqanənin ölümü mənə
təkrar kimi görünürdü. Elə bilirdim onun
ölümünü bir dəfə hardasa görmüşəm.
Hamımız getmişdik onun dəfninə. Axı biz onu
gələcəyə salırdıq. Getdi,
həmişəlik getdi. Dodağımızdan son anda bir
nida qopdu: həmişə səfərdə...
Qəşəm Nəcəfzadə
Ədəbiyyat qəzeti.-
2020.- 9 may. S. 30.