Ağ
gülün gerçək nağılı
Neçə gündür, varlığımı
sarmış nigarançılıq canımı
sıxır, sanki daş-divar da üstümə gəlir, əzirdi
məni. Belə bir ovqatda əlim də heç bir işə
yatmırdı. Narahatlıq içində evdə var-gəl
edir, dua-sənalarımla Uca Yaradana yalvarırdım ki, sənə
dərgahından şəfa göndərsin...
Kaş,
möcüzə baş verəydi, hər şeyə qadir olan
Allah səni fəhminə, sözünə, şeirinə
bağışlayaydı... Həyəcan
qarışıq fikirlərin içində bilgisayarın
qarşısına keçir, səni sosial şəbəkədə
görmək ümidilə səhifənə daxil oluram.
Özümü inandırıram ki, yəqin, səndən nigaran
qalan dostlarına nəsə yazmısan, hansısa bir xatirəni
paylaşmısan... Qəhər məni
boğur, sən orda yoxsan. Sonuncu dəfə aprelin 18-də
iş yerindən bir fotoreportajı - "Ulduz"un bir
günü" xatirəni paylaşmısan... Ondan bir qədər
əvvəldə isə qarşıma bir bənd şeirin
çıxır:
Qan
çəkir bizi Təbrizə...
Gedirəm
üzü Təbrizə...
And verirəm sizi Təbrizə...
Məni
unutmayın, dostlar...
Bəlkə elə sonuncu dəfə dərdinə şəfa
tapmaq niyyətilə Arazın o tayına - Təbrizə
keçib-gedəndə bir ayrı havadaymışsan. 2012-ci ildə "ömrünə
qara kağız alanda" necə
üşümüşdünsə, bu dəfə də
ürəyinə bir ayrılıq xofu
düşmüşdü deyə, yol gedə-gedə
dostlarına belə bir ismarış yollamışdın...
İndi
Bakıdan da, Təbrizdən də, elə Salyandan da
küsmüsən, dərdinə əlac qılmadılar
axı! Canın qədər sevdiyin
doğmaların, dostların da səni namərd xəstəliyin
qapqara caynağından ala bilmədi. Bilirəm, bu anlarda
balaca vücudun təlaşın, səksəkənin
içində titim-titim titrəyir... Neçə gün əvvəl
səndən yana yaşadığım
üzüntülərin içində azacıq da olsa
ümidin işartıları vardı...
Fərqanə, səni gördüyüm ilk gün məndə
Ağ gül təəssüratı yaratmışdın. O zaman ürəyimə gəldi
ki, hər bir insan dünyaya bir neçə yol, ən
azından iki dəfə gəlir, özü də
başqa-başqa cilddə, insan, heyvan, nə bilim, təbiətin
hər hansı bir gözəli qiyafəsində... Mənə
elə gəldi ki, sən ilk dəfə Vətən
torpağında zərif, gözəl bir ağ
gül kimi bitmisən. İnsan qiyafəsində
doğulduğun zaman, birinci həyatındakı xüsusiyyətlər
də qanında, canında gəlib. Deyirəm
e, niyə bəzi insanlar qəddar, yırtıcı, vəhşi,
dağıdıcı təbiətdə olurlar. Yəqin,
hər kəs dünyaya ilk dəfə hansı cilddə,
görünüşdə gəlibsə, əxz etdiyi
xüsusiyyətlər ikinci həyatında da özü ilə
birgə doğulur... harda qalmışdım, hə, səni ağ gülə bənzətmişdim... O
zamandan hər səsin gələndə, özünü
görəndə gözlərimin qarşısında zərif
gövdəsinin üstündə qərar tutan bir gözəl
Ağ gül canlanırdı. İndi bənzərin olduğu
o gül ömrünə bir nağıl
başlamışam...
Günlərin
bir günü torpağın sinəsindən dikəlib-dirçələn
zərif, sısqa bir gövdənin üstündə bapbalaca
bir ağ gül açdı. Günəşdən
hərarət, torpaqdan güc alan,
yanağını şeh isladan gül gözlərini
geniş açıb heyranlıqla yan-yörəsinə
boylandı. Rəngbərəng çiçəklərin
ətri bütün bağçanı
bürümüşdü. Ağ gül
sevindi, ah, bura necə də gözəldi, deyə, sevincək
səsləndi. Başının
üstündə gülümsəyən Günəşə
baxdı. Elə bil o da Ağ gülün
gözəlliyinə heyran olmuşdu. Zərrin
saçaqları ilə gülün ləçəklərini
oxşayıb öpürdü. Neçə gün
Günəşin şəfəqləri ilə xoş vaxtlar
keçirdi... və bir gün də qəfildən ləçəklərində
bir süstlük, ağırlıq hiss etdi, ağ
çöhrəsi tutuldu, gözlərinə kədər
çökdü, küskün-küskün boynunu
bükdü, dodaqları titrədi, anasına
sığınmaq üçün yan-yörəsinə
baxdı, heç kimi görmədi və titrək səslə
pıçıldadı: "Göylərin anası Günəşdi,
bəs mənim anam kimdi...". Bu zaman xoş
bir titrəyiş yanaqlarını oxşadı. Bu təmasdan azacıq özünə gələn
Ağ gül canında bir rahatlıq duydu, xoşhal oldu.
Lap yaxınlıqdan bir səs eşitdi: Sənin anan
üstündə dayandığın torpaqdı... Bunu eşidən gülün kefi duruldu,
anasının qucağında nə qədər bəxtəvər
günlər yaşadı, bilmədi. Vaxt
gəldi, gecələrin birində gövdəsində küt
bir ağrı hiss etdi və bu ağrı get-gedə
canına yayıldı. Gül yanaqları
soldu, ləçəkləri qurumağa başladı. Amma bunu anasına bildirmədi, qoy anam qəmlənməsin,
onsuz da həmişə onun qucağında olacağam, deyə
düşündü. Ağrılarsa gah
azalır, yox olur, sonra da şiddətlənirdi. Ana onsuz
da gül balasının quruduğunu görürdü...
Fikrim qarışdı, sosial şəbəkədə
paylaşmalar diqqətimi çəkdi. Haqqında
yazılan xəbərləri oxuyuram, hamısı qəmlidi.
Dostların, bütün Fərqanəsevənlər
sənə Allahdan şəfa diləyirdi. Sənin bir-birinin təkrarı olan ikili
ömrünün bəd yazısı ruhumu gizildədirdi.
Elə bu göynəmələrin içində gecə-gündüz
yanında olan can sirdaşın, dostun, rəfiqən şair
Aləmzar Sadıqqızına zəng edirəm,
çağırır, gözləyirəm, amma telefonu
açmır. Ürəyim əsir. Bir də,
bir də... Aha, telefonunu açdı: Aləm, Fərqanədən
bir xəbər ver, deyirəm... Onun, sanki daş altında
qalıb əzilmiş, batıq səsi öldürür məni:
Ağırdı, çox ağır... Fərqanə gedir...
Qəhər boğazımı yandırır, göz
yaşlarının içində boğuluram...
İki
gündü Ağ gülün nağılını
yazıram, amma tamamlaya bilmirəm, Fərqanə, necə
tamamlayım! Axı bütün
nağılların sonunda qaranlıqlar aydınlanır.
Bağlı qapılar açılır, tilsimlər
qırılır. Quyunun dibinə
düşən qəhrəmanlar divləri öldürüb,
hansısa bir qüvvənin köməyi ilə
işığa çıxırlar. Beləliklə,
nağılların sonu xoşbəxtliklə bitir. Mənsə, nağılın sonunu nə görə
bilirəm, nə də yazmaq iqtidarında deyiləm.
Eşit səsimi, Fərqanə, insafın olsun, gəl bu
nağılı özün tamamla, həm də elə yaz ki,
sonu toy-bayramla bitsin...
Bu səhəri
dirigözlü açıram...
Adına söz-söz toxumağa
başladığım nağılın sonunu tamamlaya bilmədiyimdən
gücsüzlüyümə yanıram. Düşüncəmdə
hər şey qarışmış, gözlərim
torlanmışdı. Hiss edirdim ki, işığın
sozalır, əriyə-əriyə itirdi... belə
düşündüyüm anda qəflətən gözlərimin
qarşısında peyda oldun, əlinin işarəsilə məni
kənarlaşdırıb o ağappaq, zərif barmaqlarınla
bilgisayarın yaddaşına iri hərflərlə SON! yazıb, bir göz qırpımındaca qeyb
oldun... Can, Fərqanə, bu fani dünyada çox əziyyət
çəkdin, Allah o dünyanı versin... Heç kimə bənzəməyən,
İşığı özündən əvvəl
görünən bacım, bizi nə yaman inlətdin...
Ölüm xəbərin çıxan günü sosial
şəbəkədə sənə bir matəm
çadırı qurulmuşdu. Bütün dostların, səni sevənlər
ağı deyir, sözlərinin, misralarının
gözündən sel-su kimi yaş axıdır, Allahdan sənə
rəhmət diləyirdilər...
Bilirəm, şair könlün həmişə göylərə
bağlı olub. Bəlkə də, bu dünyada ən
böyük istəyin göylərin uca qatında, Allahın
dərgahında qərar tutmaq olub. İnanıram ki, istəyinə
yetmisən...
Bütün
gecənin matəmini yoxluğunun bizə
yaşatdığı acıları ilə səhəri
açdıq, Fərqanə... Bu gündən
anamız torpağın qucağında rahat uyuyacaqsan.
Daha ağrıların səni yandırmayacaq... "Ağ
gülün gerçək nağılı"nın sonu da belə bitdi... Məkanın cənnət
olsun, əziz bacım...
Şəfəq Nasir
Ədəbiyyat qəzeti.-
2020.- 9 may. S. 31.