Üçüncü göz,
yaxud ulduzlar dənizə tökülür...
...Hərdən
mənə elə gəlir ki,
ulduzlar
göyün yaxasında
sədəf düymələridir.
Bu
düymələri açsan
Başqa bir aləm görəcəksən.
Orda nə
toz var,
nə
duman.
Nə ölüm, nə qan.
Orda
yaşayır
zamanın süzgəcindən keçmiş
insan...
Döşənirəm torpağa üzü üstə.
Bağışla
məni, böyük ana,
bağışla!
Könlünə
dəydim
bu
yanlışımla.
Hər
bir yenilikçi (islahatçı, böyük istedad sahibi və
sair) vaxt gəlir adiləşir, yəni o zamankı tərif,
tənqid, etinasızlıq fişəngləri sönür,
bir gün zaman şairi arxivə təhvil verir, mətnlər
qalır və o mətnlər şairi arxivdən tapıb
dirildir, solmağa, üstünü toz basmağa qoymur. Bu qovğa illərlə davam edir. İllərlə...
Amma qovğanın əvvəlinə
qayıtsaq, səbəbini də tapa bilərik. Hər hansı müasir şairi oxuyanda, şübhəsiz
ki, enerji/informasiya mübadiləsi qarşılıqlı
olur. Amma daha çox sən o mətndən
enerji alır, təsirlənirsən. Zaman
keçdikcə bu qayda pozulur. Şair
klassikə döndükcə (kitab informasiya/enerji yayan
mövqeyə keçdikcə) oxucu ilə onun
"divanı" arasındakı münasibətin tipi də
dəyişir. Kitab sənin enerjini
özünə qatır. Təzələnir.
Yeni ideyalardan "xəbər tutur", baş verən hər
şeyi öz "ana dilində" izah edir, ədəbiyyatın,
ədəbi düşüncənin hər şeyi
dürüst göstərə bilən bucağına
dönür. Bunu başqa şəkildə də
izah etmək olar. Bədii mətnlər
yazıldığı dövrdə, yəni kitab (divan...) tərtib
edildiyi zaman şair bu mətnlərin köməyi ilə
dünyada nə varsa canına çəkir, dünyanı
tutmaq, dünyayla tən olmaq istəyir. Müəllif bu əsərin
son nöqtəsini qoyandan sonra yaxın dostları, müasirləri
və gələcək nəsillər mətni dönə-dönə
oxuyur, hərə öz zövqünə,
anlayışına, Təbiəti, Tarixi və ümumən
dünyanın gedişatını anlamaq səviyyəsinə
uyğun informasiyalar alır, qoyulan son nöqtə aradan
götürülür, mətn genişlənir, yeni-yeni
oxucuların və deməli, qatı açılan yeni-yeni
informasiyaların gücünə ətə-qana dolur,
bütün dünyanı tutur. Son nəticədə
dünya bir ovuc içinə yerləşir. Aradan nə qədər zaman keçsə də,
dünyaya tən olmaqla bir ovuc içinə yerləşmək,
sanki bir anda baş vermiş kimi görünür.
Rəsul Rza bizim ədəbiyyatın tarixində və
taleyində xüsusi hadisədir. XIX əsrdə Axundzadə
ədəbi inkişafın istiqamətini elə dəyişdirib,
ona elə bir yön verib ki, bundan sonra dünyaya gələn
bütün yazarlar həmin missiyanı sadəcə icra etməklə
məşğul olublar. Həm də bu
missiyanın sınırlarını genişləndirməklə.
Bu mənada XX əsrin əvvəllərindən
başlayan yeni (müasir, modern-!) ədəbiyyat
qovğası müəyyən kəsişmələr və
ədəbi savaşlarla müşayiət olunmuş, ortaya
son dərəcə maraqlı, orijinal, ədəbi
düşüncəni yeniləyən mətnlər
çıxmışdır. Rəsul
Rzanın böyüklüyü şablon düşüncənin
diktə etdiyi kimi Səməd Vurğuna (guya ənənəyə)
qarşı durmağında yox, zamanın, "Axundov
işinin" verdiyi tapşırığı sona qədər
uğurla yerinə yetirməsindədir. Şablon
düşüncə, adətən, üzdə olanı,
üzdən görünəni əsas götürür və
mahiyyəti arxada (mötərizə arasında)
buraxdığından işin əsl mənasını
göstərmək gücünə malik olmur və bəzən
bu mənasız dava illərlə sürür. Səməd Vurğun da, Rəsul Rza da böyük
şəxsiyyətlərdir, onların mətnlərindən
çıxarışlarla qurulan ittihamların heç bir mənası
yoxdur. Çünki ortada zamanın sarı siminə
toxunan mətnlər var, gerçəkliyi ötüb keçən,
bu gün də düşüncəmizdə, ədəbiyyata,
zaman və dünyaya münasibətimizdə iştirak edən
nümunələr var. Əvvəlcə dil yenilənməli,
kompüterdə olduğu kimi söndürülüb təzədən
yüklənməli idi ki, zamanın gətirdiyi təbəddülatları
dürüst şəkildə göstərə bilsin. Daha sonra (50-ci illərin sonu, 60-cı illər ərzində)
bu yeni düşüncə və əsrin təbəddülatları
orijinal poetik forma və biçimdə meydana
çıxmalıydı. Əsrin əvvəllərindən,
bəlkə də Mirzə Cəlil dövründən
yığıla-yığıla gələn enerji məhz bu
dönəmdə ifadəsini tapmalıydı.
Rəsul Rza sadəcə sərbəst şeir
yazmırdı, şeirdə yuxarıda
qabartdığımız fərqli dünyaduyum və
dünyagörüşünü ifadə edirdi. Bir dövr
üçün bəlkə də, normal görünən
patetika, pafos, didaktika şeirdə düşüncənin
yerini daraltmış, nəfəslik üçün yer belə
saxlamamışdı. Ənənədə, ədəbiyyat
tarixində yer alan çox gözəl
nümunələrin gələcəyə ötürülməsi,
gələcəkdə sinə dolusu nəfəs ala bilməsi
üçün pafosdan, didaktikadan arınmış, adi
danışıq tərzinə yaxın nümunələr
yaranmalıydı. Poetik
düşüncənin inkişafında bu bir qanundur: milli
şeirin ritm, intonasiya sxemini qənirsiz şəkildə ifadə
edən mətnlər gələcək naminə gücü
sonrakı eyni kodlu mətnlərdən çox, deyək ki,
başqa tipli mətnlərdən, məsələn, sərbəst
şeirdən alır. Yəni nəfəslə
yazılan, deyilən bir qoşmadakı qafiyənin, bütövlükdə
isə şeir strukturunun fəlsəfəsi məhz həmin
dildə yaradılan, fərqli intonasiya üstündə
köklənmiş sərbəst şeirdə açıla
bilir. Sanki nələrinsə üstündən qatı
pərdə götürülür, duman çəkilir və
bir-birinə zidd nəsnələrin yaratdığı ovqat ədəbi
düşüncədə baş vermiş təbəddülatın
dərinliyini göstərir...
İş
otağım
on iki
metr yarım.
Altısında
mən,
yazı
masam,
həsrətim, ümidim.
Sabir,
Heminquey,
Tavandan
süzülən damcıların izi...
...Pəncərələr
sıxdı məni
uzunsov
dörd bucaqda göstərib
küçənin evlərlə sərhədlənmiş
yarğanlarını...
Dediyimiz
kimi, o, mükəmməl şəkildə əxz etdiklərindən
çox fərqli şeylər yazmağa
çalışırdı və buna əksər halda nail ola bilirdi. Yazdığı mətnlərdə
bu gün (elə zamanında da-!) adi görünən
çox şeylər var, ancaq onun sənəti keyfiyyət və
xasiyyətcə fərqlənirdi, misralarda və
misralararası boşluqlarda impressionist düşüncə tərzini
görməmək mümkün deyildi. "Tac Mahal"a həsr etdiyi şeirə baxın. Başqa bir şeirində günəşin
qırıq-qırıq çaylaq daşları üzərində
əksindən bəhs edir. Günəş necə
parçalanıb, çiliklənib bu daş
parçaları üzərində paylanır, sonra necə
bütövləşir, kiçik bir mətndə hisslərin
axını hansı incə nüanslarla ifadə edilib...
"Əl vurma, rənglənib...". Bu
da var. Ancaq əvvəlcə: "Gördüyümüzdən
artıq görmək istəməsək, hər rəng adicə
boyadır...". Bu mətnlərdə
ənənəvi şeirin bitdiyi, nöqtənin qoyulduğu
yerdən təzə mətləb başlayır. Rəsul Rza bizim şeirdə təzə mətləbləri
icad edən şairdir. Ərazinin bu şəkildə
böyüməsi, genişlənməsi dünya
poeziyasına inteqrasiya məqsədi daşıyır. Rəsul Rza poeziyası haqqında "missiya"
ifadəsini biz daha çox bu mənada işlədirik. "Rənglər"
silsiləsi haqqında "mücərrəd, abstrakt"
sözlərini işlədirdilər, düz deyirdilər.
Yeni bir şeyə avtomatik,
düşünülməmiş cavab qismində. Yəni
bu şeirləri yazmaqdan məqsəd konkret rəngi təsəvvürdə
canlandırmaq deyildi, rənglərin doğurduğu hissləri
yoxlamaq, şeir boyunca davam etdirmək, insan hisslərinin
subyektiv sferasından vaz keçib "dəruni məni",
dərinlərdəki mənanı kəşf etmək...
gerçəkliyi vurub-çıxmaq, ona ötmək qəsdini
daşıyırdı. Bədii mətnlərdə
üzdə olan hisslər artıq tapdaq edilmiş,
"avtomatik rejimə" keçmişdi, bütün
bunlardan vaz keçmək naminə ilk olaraq rənglərdən
başlamaq əbəs deyildi.
Bülbülə atılan böhtanlar.
Ucuz səadət.
Qayğısız
kənd
və onun
təsvirini vermiş həpənd.
Arpa suyunun məzəsi.
Bayağı dostun təzəsi.
Cüt çarpayı örtüyü.
Yaralanmış
qızıl qazın
havaya
sovrulmuş tükü.
Ömər
Xəyyam
və
onun şərab kuzəsi;
nadanlar
təsəvvüründə.
Gündüzlə
gecənin ayrıcına tökülmüş
şərab.
Riyakar
çeşməyi...
Yəni,
"Rənglər" silsiləsindəki hər bir fraqment, mətn
belə deyək, bir-birinə keçmiş müstəviləri
xatırladır, o keçid yerində doğulan hislər
növbəti "çat"dan ayrılan duyğularla təmasdaykən
poetik yaşantı zəncirvari assosiasiyalar yaradır və
eyni zamanda bir neçə hədəf nişana alınır.
Rənglər haqqında ayrıca tablonu
xatırladan şeirlərin hər biri əslində hind
üslubundakı kimi "mərtəbələrdən"
inşa edilmişdi. Birindən digərinə
keçdikcə iqlim dəyişir, adi bir işarə həm
uğultusu gələn dənizin dalğasını, həm
gözlərimizin tutmadığı talada bitən
gülün ləçəklərindəki xalı,
şehi... hər şeyi anidən görükdürüb
misli-bərabəri olamyan assosiativ ovqat yaradırdı. Amma bu da hələ son deyildi, belə deyək, bu təsadüfdə
həm hadisənin rəng çalarları vizuallaşır,
həm də misralararası dolaşan ironiya xətti müasir
gerçəkliyin dərin qatlarına nüfuz edə bilir.
Yəni, dövr və zamanların bu şəkildə
bir-birinə qarışması bizim poeziyada yeni hadisə idi,
şübhəsiz ki, poetiuk fikrin ifadəsi baxımından.
Bütün bunlar şeirdə forma
anlayışına yeni baxış sərgilədi.
Rəsul Rza poeziyası çoxqatlı və
çoxşaxəlidir. Onlara adicə ifadə baxımından nəzər
yetirdikdə qarşıda çox maraqlı, əsrarəngiz
bir mənzərə yaranar. Bu şeir bəzən
çox mürəkkəbdir, qəlibi, forması etibarilə,
bəzən ironiya ilə elə süslənib ki, sual
dalınca sual doğur, bəzən də, sadəcə
axınla, təkanla, nəfəs yazılır.
Zamanın əvvəliylə sonunu birləşdirən,
onları bir ovuc içinə alan şeirlər...
Xəzan
düşər,
xəzəllərdə
gül
itər.
Hicran odu
ürəkləri
kül
edər...
Hər
bir milli ədəbiyyatda adını çəkdiyiniz
dövrlər, eyni zamanda həm ayrılma, həm də
keçidi bildirir, yəni ədəbiyyat, bədii
düşüncədə kök salmış prinsiplər
sadəcə ötürülmür, həm də yeni
düşüncə qatının dünyaya gəlməsini,
daha doğrusu, dünyaya meydan oxumasının
başlanğıcını da bildirir. O ki qaldı sosrealizm
epoxasına, bu dövr vahidi, onun daxilində gedən proseslər
poetik düşüncənin məcrasını pozsa da, onu
sındıra, aradan çıxara və necə deyim, öz rənginə
sala bilmədi. Əks təqdirdə, bu gün
biz Rəsul Rzanın üstündə əsdiyi Əli Kərimdən
danışa bilməzdik. Yəni ədəbiyyat,
bədii düşüncə istədin-istəmədin ilk
növbədə qarşı durmaq anlamını bildirir.
O başqa məsələ ki, bizdə filoloji təcrübədə
bu an prinsipdən yan keçilir, daha
çox həmin prinsipə uyğun gəlməyən əsərlər
şedevr adlandırılır. Qəribə səslənsə
də, deyim, sosrealizm təkcə bir eşalon makulatura
yaratmadı, eyni zamanda bədii düşüncənin
müqavimətini artırdı, çünki onun xassəsi
elədir ki, sındırıldıqca güclənir,
baxın bizim klassik dövr ədəbiyyatımıza. Həmin müqavimət necə böyük bir bədii
sistem yaradıb. Böyük ədəbiyyatın
yaranma mexanizmlərindən biri də budur, səni son hərfinə,
sözünə qədər vurub aradan çıxarmaq istərlər,
sənsə ruhunun ən dərin qatına çəkilib nəhəng
bir sistemlə ortaya çıxa bilərsən. Bizim
sosrealizm epoxasında da bu hal müəyyən dərəcədə
baş verdi, özü də fərqli
aspektlərdə. Bu epoxanın şairlərini,
yazıçı və dramaturqlarını tənqid eləmək
üçün onların Lenin və digər atributlara həsr
edilən mətnləri hədəf alınır. Və bu mətnlər də yüksək pafos və
çox yüksək poetik gərginlikdə yazılıb.
Amma ümumi şəkildə
götürdükdə o mətnlər bütöv bir
tarixdir, daha sonralar, yəni 60-cı illərdə meydana gələn
nümunələrin izahı da onlarsız mümkün
deyildir. Yəni deyək ki, "Lenin" poemasını
yazan adam həmin illərdə bir sıra
konseptual, son dərəcə mükəmməl və gələcəyin
bədii istiqamətlərini bəlləyən əsərlər
yazdı. Təzyiq, sındırmaq inadı və
gərginlik içində məhz milli poetik düşüncənin
bütün rəng spektrini göstərən mətnlər.
S.Vurğunun "Azərbaycan" şeiri.
Əks təqdirdə, daha sonralar Anarın,
Elçin və Səmədoğullarının nəsr əsərlərinin
poetik gücünü əsaslandırmaq olmaz.
Dediyim kimi, çox ağır bir dövrdə ədəbiyyata
gələn cavan ədiblər (Müşfiq, R.Rza,
S.Vurğun, S.Rüstəm, M.Rahim, Əbülhəsən, S.Rəhimov,
İ.Şıxlı və sair) məhz həmin dövrün
dəhşətli ağırlıq və gərginliyini
sinirdikdən sonra böyük əsərlərini
yaratdılar.
Rəsul Rza proqram səciyyəli, yuxarıda dediyimiz
kimi, gələcəyin axtarışlarını bəlləyən
mətnlər yaratdı. Onun bədii düşüncəsi
genişliyi, rəngarəngliyi və şübhəsiz ki, tutumu
etibarıyla ədəbiyyatımızda təsəvvürəgəlməz
dərəcədə dərin idi. Yəni
R.Rza heç də göründüyü kimi deyil, onun poetik
islahatlarının masştabını təsəvvür edə
bilmək üçün mətnlərini tam şəkildə,
ardıcıllıqla oxumaq lazımdır. "Hansı formada yazıb?", "Nə yazıb"
kimi suallardan vaz keçib "bu şeirlərdə Rəsul
Rza kimdir?" mətləbi üstündə
düşünmək lazımdır. "Mənə
toxunma" şeir var, onlarca bu tipli mətnlərdə Rəsul
Rzanın şair kimliyi müəkkəmməl ifadəsini
tapıb (Sərt baxışla// bir körpənin
dodağından // gülüşünü silsələr//
bir möhtaca//bir qəribə// bir acizə gülsələr//
bütün dünya xoşbəxt olsa// bahar olsa// bir səhər//
yer üzündə bircə insan acsa// mənə toxunma...).
Bir də, "Unutmayın" şeiri... Mən güllü
bir may səhəri doğulmuşam... 1941-ci ildə
yazılmış bu şeirdə şairin kimliyini, xarakterini
bəlləyən bir misra, bir deyim var, həmin şeirdən
qopub bütün yaradıcılığını bir
nöqtəyə cəmləyir və ömrü boyu susan, sükutun dərslərini dinləyən
insan obrazı boyaboy görünür:
Mən
öləndə ağlamayın!
Mən öləndə gülməyin.
Yox, nəyə
gərəkdir!
Mən
sağlığımda çox gülmüşəm,
çox
ağlamışam.
Ancaq o həzin
axşam,
məni
yalqız qoyub
əbədi sükut evində,
qayıdanda geri,
açın, taybatay açın
otağımda pəncərələri!
Çıraq
yanmasın,
səssiz
çıxın otaqdan,
elə
çıxın ki, sükut oyanmasın.
O səssiz,
o qaranlıq otaqda
dincəlsin yalqızlıq, sükut.
Dincəlsin
ruhum da...
Rəsul Rzanın "Rəngləri" bir sıra digər
mətnləriylə bərabər bizim poeziyaya açılan
yeni pəncərə idi. Tənqid edildikcə
onun təsir dairəsi artdı, gücləndi, sosrealizm
epoxasında dünyanın poetik mənzərəsinə
inteqrasiyanı təmin etdi.
Bəzən mübahisələr gedir, bizdə modernizm
olub, ya yox? Məncə, məsələnin bu şəkildə
qoyuluşu düzgün deyil, bu kimi sual vermə tərzi,
şübhəsiz ki, mətnləri dəfə-dəfə
oxumamaqdan irəli gəlir. S.Vurğunun nə qədər
misrası var, zərb-məsələ çevrilib, yəni
"nitq janrının", bizim gerçəkliklə
ünsiyyətimizdə aparıcı fiqur kimi iştirak edir. Rəsul
Rzanın elə misra və deyimləri var ki, düşüncəmizə
qida verir, müəyyən situasiyalarda aydınlaşdırıcı
rol oynayır, məsələn, ...nadan
yüz yol oxusun, yenə bir şey anlamaz... Yəni
bu imzalar, xüsusən R.Rza modern düşüncə
qatını damla-damla icad edən fiqurlardır. Bunlardan sonra uzandıqca uzanan magistral yol
görünür.
Rəsul
Rzanın belə bir şeiri var:
Mən
heç nəyə,
heç
kimə
həsəd aparmadım;
bir
gün, bir an belə;
bahardan başqa.
Bir də nəğməli, nəğməsiz
quşlardan başqa...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.-
2020.- 16 may. S. 2-3.