OĞUL
Görkəmli
tənqidçi Yaşar Qarayev yazırdı ki: "Keçən
əsrin 60-90-cı illəri müasir Azərbaycan ədəbiyyatının
tarixində həm mahiyyət, həm də funksiya və forma
baxımından əvvəlki dörd on ildən əsaslı
şəkildə fərqlənən yeni mərhələ
oldu. Belə ki, hakim hərbi-totalitar rejimdə
az-çox yumşalma, liberallaşma əlamətləri
görünər-görünməz ədəbiyyat çox
gözlədiyi tarixi fürsətdən dərhal bəhrələndi.
Bədii fikrin, enerjinin nəhri "alt
qatdan" dişarı püskürdü, yeraltı
çaylar açıq havaya çıxdı və əvvəlkindən
qat-qat maneəsiz, divarsız məcrada axmağa
başladı. Sənətdə vicdan və
həqiqət amili bir problem kimi sənətin özündə
incələnməyə başladı. Bədii
tərəqqidə sosialist realizminin bədii təcrübəsindən
və nəzəri-estetik təlimindən çox-çox kənara
çıxan əsərlər yarandı. Amma altmış-doxsanıncı illərin ən
böyük hadisəsi
"altmışıncıların" özlərinin ədəbiyyata
gəlişi oldu". Görkəmli tənqidçi
Akif Hüseynli "Nəsr və zaman" kitabında
altmışıncıların nəsr əsərlərindən
söz açır və haqlı olaraq belə hesab edir ki,
altmışıncıların nəsrində bədii
düşüncədə şəxsiyyət
başlanğıcının güclənməsi, adi
adamların həyatına, onların qayğı, iztirab,
sevinc və şəxsi istəklərinə bədii
nüfuzun artması, yazıçıları daha çox
düşündürürdü". Anar "Nəsrin fəzası"
məqaləsində "Yeni Azərbaycan nəsri"nə mənsub
olan yazıçıların əsərlərindən
söz açır, onları birləşdirən ümumi cəhətləri
təxminən belə müəyyənləşdirir ki,
müharibə illəri mövzusunun dönə-dönə
işlənməsi və hər yazıçının
yaradıcılığında bu mövzunun özünəməxsus
bədii boyalarla inikası, mənəviyyat və etik problemlərin
bu nəsrin başlıca mövzusuna çevrilməsi, təsvir
olunan məkanın insanla onu əhatə edən aləmin
qarşılıqlı münasibətlərinin məğzinə
çevrilməsi"... Heç şübhəsiz,
"altmışıncılar"ın sırasında
Elçin də çox tezliklə öz sözünü deyə
bildi və burada mərhum tənqidçi Nadir
Cabbarlının bir fikrini xatırlamalı oluram:
"Axtarış həvəsi, arayıb-tapmaq inadı, daima
yüksəliş və yeniləşmə əzmi isə
Elçin yaradıcılığının yalnız estetik
cəhəti deyildir, həm də mühüm ictimai
cəhətidir: müasirimiz qarşısında sənətkar
məsuliyyətinin, onu həyatın dialektikasına vaqif etmək,
alışdırmaq səyinin özünəməxsus ifadə
və təcəssümüdür".
İllər gəlib keçdi. "Altmışıncılar"
ədəbi uğurlarının sayəsində ədəbiyyatımızın
əsas simalarına çevrildilər. Elçin
təkcə Azərbaycan ədəbiyyatında deyil, o
zamankı İttifaq miqyasında da tanındı, sevildi.
Bu gün çağdaş Azərbaycan ədəbiyyatının
ön sıralarında gedən, bu ədəbiyyatın əsl
mənada sifətini təyin edən şəxsiyyətlərdən
biri də Elçindir. Bu gün Elçinin adı hər
bir azərbaycanlı üçün tanış
və doğmadır. Son dərəcə
qürur doğuran odur ki, milyonlarla oxucunun bu məhəbbət
və ehtiramını illər, onilliklər də təsdiq edə
bilər. Elçin keçmiş SSRİ
məkanında Azərbaycanı layiqincə təmsil edən,
Ümumittifaq ədəbi prosesində görünən və
seçilən yazıçı-tənqidçi kimi diqqəti
cəlb edirdi. Sonrakı onilliklərdə
- 90-cı illərdə və ikimininci illərdə də
Elçin yaradıcılığına maraq və diqqət
azalmadı. Səbəbi odur ki, bir
yazıçı kimi Elçin üçün
yaradıcılıq axtarışları heç vaxt tükənməmişdir.
O, sanki ilk hekayəsinin çap olunduğu 1959-cu ilin iyun
ayından bu günəcən birnəfəsə bu
axtarışları davam etdirir. Təbii ki, istedadlı bir
yazıçı üçün həmişə
axtarışda olmaq kəşflərə və təsdiqə
aparan yoldur .
Elçin və onun çoxcəhətli (janr və
mövzuca) yaradıcılığı barədə söhbətə
onun atası, ustad sənətkar İlyas Əfəndiyevi
xatırlamaqla başlamaq istəyirik. Ata - İlyas Əfəndiyev
Elçin üçün canlı klassik idi, canlı səs
idi. Təsəvvür edin ki, bizim
hamımızdan min dəfə, milyon dəfə artıq bu
gün bu canlı klassiklə, bu canlı səslə
ünsiyyət və təmasda olmaq nə demək idi. Elçin məhz bu ədəbi ocaqda - İlyas
Əfəndiyevin ailəsində həyat və sənət dərsi
keçmişdir. Bu sənət dərslərini belə
ümumiləşdirə bilərik: "qılınc kimi kəskin
həqiqətləri", həyatın sərt
üzünü, görünməyən qatlarını qələmə
almaq, təsvir olunan obrazlara yalnız yaşadığı
dövrün deyil, gələcəyin prizmasından
yanaşmaq, insanın mənəvi dünyasını, hisslər,
duyğular aləmini cəmiyyət hadisələri ilə
üzvi şəkildə bağlamaq, hətta uzaq və
yaxın keçmişin olaylarını da bu günün
ictimai, siyasi, mənəvi mənzərəsi ilə bir araya gətirmək,
Azərbaycan dilinin, zəngin folklorumuzun incəliklərinə
üz tutmaq, həyatda baş verən ictimai, mənəvi
prosesləri vaxtında duymaq... Bütün bu sənət
dərslərinə mükəmməl yiyələnən
Elçin "mən həmişə bu
yaradıcılıqdan öyrənirəm" devizinə
sadiq qaldı.
Lakin Elçinin bir sənətkar kimi püxtələşməsini
təkcə atasının - İlyas Əfəndiyevin sənət
dərsləri ilə məhdudlaşdırmaq olmaz. Elçin
dünya ədəbiyyatına çox yaxşı bələd
olan, mütaliəsi geniş bir yazıçıdır.
O, dünya ədəbi prosesində baş verən yenilikləri
vaxtında duyur, öz yaradıcılığında da həmin
yenilikləri hiss etdirir. Və ən
başlıcası, o, müasir həyatın, gerçəkliyin
özü ilə təmasda, ünsiyyətdədir.
Elçin hər şeydən əvvəl istedadlı
bir nasirdir. Bu istedadın nişanələri onun elə ilk hekayələrində
diqqəti cəlb edirdi.
1966-cı ildə Elçinin "Gənc
yazıçının ilk kitabı" seriyasından
"Min gecədən biri" adlı hekayələr
kitabı işıq üzü gördü. Burada
Elçinin yeddi hekayəsi və "Əsli və Kərəm"
adlı lirik-yumoristik kiçik povesti təqdim olunmuşdu.
Kitab "Nərdivanın birinci pilləsi"
hekayəsi ilə açılırdı və müəyyən
mənada bu hekayənin adı rəmzi məna
daşıyırdı. Kitabı oxuyub başa
çatdırandan sonra doğrudan da, belə bir qənaətə
gəlmək olurdu ki, "Min gecədən biri" bir
yazıçı kimi Elçin üçün böyük
ədəbiyyat meydanında ilk nərdivandır, özü də
etibarlı, ucalıq üçün, yüksəlmək
üçün -sənətdə özünü təsdiq
üçün ilk uçuşdur.
Elçinin mənsub olduğu ədəbi nəsil
"altmışıncılar" adlanır. Anar, Yusif Səmədoğlu,
İsi Məlikzadə, Əkrəm Əylisli, Fikrət
Sadıq, Vaqif Səmədoğlu, Fikrət Qoca, İsa
İsmayılzadə, Ələkbər Salahzadə, Abbas
Abdulla, Sabir Azəri, Fərman Kərimzadə, Məmməd
İsmayıl, Səyavuş Sərxanlı bu ədəbi nəslin
nümayəndəsi sayılır. "Yeni Azərbaycan
nəsri" ifadəsi daha artıq bu ədəbi nəslin
(nasirlər) yaradıcılığı ilə
bağlıdır. "Yeni Azərbaycan nəsri"ni səciyyələndirən müəyyənedici
əlamətlər haqqında ədəbi tənqid sonralar
öz sözünü dedi. Ən
başlıcası o idi ki, nəsrdə bir çox ənənələr,
stereotiplər qırılmağa başladı,
mövzu-problematika və sənətkarlıq baxımından
mühüm dəyişikliklər nəzərə
çarpdı. "Qum dənəsində
kainatı görmək" ön plana keçdi, monumental,
vüsətli "müsbət" qəhrəman xeyli dərəcədə
öz mövqeyini itirdi, nəsrdə ədəbi qəhrəmanların
bütün mürəkkəbliyi və ziddiyyətliliyi ilə
təsvirinə diqqət artdı. Bunun
üçün Elçinin 60-70-ci illərdə
yazdığı povest və hekayələrə nəzər
yetirmək kifayətdi.
Elçinin "Açıq pəncərə"
povesti onun 60-cı illər yaradıcılığı
üçün səciyyəvi bir əsər idi. Bu povestdə
yazıçı insan mənəviyyatına zidd olan
meşşanlığı tənqid edirdi. "SOS" povestində isə həmin mövzu
davam etdirilir. "Bu dünyada qatarlar gedər",
"Poçt şöbəsində xəyal",
"Beş qəpiklik motosikl" hekayələrində
Elçinin xoş bir romantika ilə nəfəs alan, nağıllı-sehrli bir aləmə can
atan, hər cür mənəvi bəsitlikdən qurtulmaq istəyən,
dünyanın rənglərini, rəng bolluğunu
duyğularında yaşadan qəhrəmanlarını
görürük. Vaxtilə görkəmli tənqidçi
Yaşar Qarayev yazırdı: "Elçin hər cür yekrəngliyə
qarşıdır. Onun ədəbi
palitrasında şərti rənglərin bolluğu buradan irəli
gəlir. Burada, hətta hər əhval-ruhiyyənin
öz rəngi var". Maraqlıdır ki,
Elçinin bütün sonrakı
yaradıcılığında rənglərin poeziyası
öz işığıyla onun nəsrində və
dramaturgiyasında öz cazibəsini əskiltmədi. Bu cəhəti biz "Baladadaşın ilk məhəbbəti",
"Gümüşü, narıncı, məxməri",
"On ildən sonra", "Talvar" kimi Azərbaycan hekayəsinin
ən gözəl nümunələrində də görə
bilərik. Bu hekayələrin bir çoxu
həm də onunla əlamətdardır ki, Elçin nəsrə
yeni ədəbi qəhrəmanlar gətirdi. Ustad tənqidçi Məmməd Arif Elçinin bir
çox hekayələrini Azərbaycan nəsri
üçün orijinal bir hadisə hesab etmişdi.
70-ci illərdə
Elçin bir-birinin ardınca üç gözəl povest
yazdı: "Bir görüşün tarixçəsi",
"Toyuğun diri qalması" və "Dolça". Bu povestlər haqqında qısaca bunu deyə bilərik
ki, Elçin nəsrinin həm mövzu, həm də sənətkarlıq
axtarışlarının ən bariz xüsusiyyətləri
bu povestlərdə daha aydın nəzərə
çarpır. Xüsusilə ədəbi
qəhrəman problemi. Bu üç povest,
həmçinin "Şuşaya duman gəlib" hekayəsi
70-ci illər Azərbaycan nəsrinin əsas mövzusunu da
xatırlatmağa imkan verir - bu da mənəvi saflığa
çağırış mövzusu idi.
80-ci illəri də Elçin
yaradıcılığında məhsuldar və səmərəli
sayırıq.
Onun bu illərdə meydana çıxan romanları -
"Mahmud və Məryəm", "Ağ dəvə"
və "Ölüm hökmü" bütövlükdə
götürüldükdə gərgin axtarışların,
dünyanı, varlığı bədii təfəkkürdən
keçirib "başqalaşdırmağın" məntiqi
nəticəsi idi. "Mahmud və Məryəm"
romanında başlıca xətt, İnsan və Zaman
problemidir. Mahmud Məryəmin eşqilə
çöllər dolanır, dağlar aşır və
rastlaşdığı dəhşətli hadisələr onu
həyata, insanlara daha ayıq baxmağa
çağırır. Mahmudun Məryəm
eşqilə kül olması adi bir məhəbbət dəlisinin
faciəsi deyil, bu faciədə dövrün ağıllı
insanlara divan tutması ifadə olunur. Xatırladaq
ki, roman "Əsli və Kərəm" məhəbbət
dastanının süjeti əsasında qələmə
alınmışdır. Elçinin
başqa bir romanında - "Ağ dəvə"də
İnsan və Zaman problemi nisbətən yaxın tarixi
keçmişin - Böyük Vətən müharibəsi illərinin
hadisə və insanları ilə əyanilik kəsb edir.
Müəllifin 1984-1988-ci illər arasında qələmə
aldığı "Ölüm hökmü"
romanını onun yaradıcılığında yeni bir hadisə
adlandırmaq olar. Bu romanda Elçin 30-40
illik bir zaman çərçivəsində baş verən
hadisələri təsvir edir, Azərbaycanın repressiya
dövrü ilə müasir dövrü arasında
körpü yaradılır.
90-cı illər gəldi. Elçin deyirdi: "1990-cı ilin
yanvar hadisələrindən sonra heç nə yaza bilmirdim.
İndi təsəvvür edin, həmişə yazmağa vərdiş
eləmiş, demək olar ki, hər gün
yaradıcılıqla məşğul olan bir adam
birdən-birə heç nə yazmır, yaza bilmir. Yazıçı üçün bu, ən
ağır bir vəziyyətdir. Başladım
oxuduğum kitabları bir də oxumağa. O kitabların
içində Molyerin komediyaları da vardı və birdən-birə,
özüm də gözləmədən Molyeri Azərbaycan
dilinə tərcümə etməyə başladım. "Skapalenin kələkləri"ni, "Jorj
Danden, yaxud aldanmış ər"i dilimizə çevirdim.
Sonra bir müddət Axundov kitabxanasına gedib-gəldim,
"Azərbaycan səhnəsi və Molyer" mövzusunu
işlədim, sonra Mirzə Cəlili, Sabiri, Haqverdiyevi, N.B.Vəzirovu
da təzədən mütaliə elədim. Və
bütün bunlardan sonra özüm üçün də
gözlənilməz bir hadisə baş verdi,
oturub komediya yazmağa başladım: "Ah, Paris, Paris".
1996-cı ildə Elçinin "Dəlixanadan dəli
qaçıb" adlı kitabı çapdan
çıxdı. Bu kitaba Elçinin təxminən eyni mövzulu
üç komediyası daxil edilmişdi: "Ah Paris,
Paris!", "Mən sənin dayınam" və "Dəlixanadan
dəli qaçıb".
Elçinin dramaturgiyaya gəlişi Azərbaycan
teatrının böhran, durğunluq keçirdiyi 90-cı illərin
əvvəllərinə təsadüf edir. Bu elə bir
dövr idi ki, artıq cəmiyyətdə
çaşqınlıq, kor stixiya, başıpozuqluq, liderlər-partiya
rəhbərləri arasında qarşıdurmalar göz
qabağında idi. Azərbaycan
teatrının simvoluna çevrilmiş Baş Teatr həmin
bu çaşqınlıq dövrünü yaşadı, bir
müddət təmir üzündən susdu. Teatr sussa da, dram əsərləri
yazılırdı. 90-cı illərdə
Azərbaycan dramaturgiyası yeni bir mərhələyə
hazırlıq və keçid dövrünü
yaşadı. Daha çox zamanın ruhuna
köklənən dramaturgiya cəmiyyətdə, mənəvi
dünyamızda, insanlararası münasibətlərdə
baş verən dəyişmələri, həyatın
çaxnaşmalarını, ictimai-siyasi problemləri bədii
sözün obyektinə çevirdi. Yazılan,
səhnəyə yol tapan bir çox pyeslərdə
dövrün, zamanın əsas konflikti, bu konfliktin yaranma səbəbləri
daha çox diqqət mərkəzinə çevrildi. Zamanın başlıca impulsunu, əsas vurğusunu
insan talelərində axtaran, bir çox müşgül
suallara cavan tapan əsərlər sırasında Elçinin
pyesləri xüsusi yer tutur. "Ah, Paris, Paris!",
"Mən sənin dayınam", "Mənim sevimli dəlim",
"Mənim ərim dəlidir", bunlar Elçinin bir pyes
kimi doğulan, sonra səhnədə də öz
ömrünü yaşayan sırf dram əsərləridir. Elçinin bu pyesləri komediyanın müasir
tipinin nümunələridir. Zamanın dramatik mənzərəsi
Elçinin pyeslərində daha qabarıq nəzərə
çarpır, Elçin cəmiyyətdəki xaotik durumu, hərcmərcliyi,
çaşqınlığı, mənəvi müflisliyi
ifadə etmək üçün bütün tanış
tipajları "dəlilər" adı ilə bir yerə
toplayır. Yaşar Qarayevin təbirincə desək,
Elçin dramaturgiyamızda ilk dəfə olaraq, xaosun, hərcmərcliyin
obrazını yaradır.
Xatırladaq ki, 90-cı illərdə Azərbaycan ədəbiyyatında
dramaturgiya digər ədəbi janrlarla müqayisədə
xeyli zəifləmişdi, eyni zamanda teatrların da əksəriyyəti
təmir üzündən dayanmışdı. Ən böyük bir
narahatlıq da onda idi ki, müasir Azərbaycan dramaturgiyasının
banisi, əlli il ərzində Azərbaycan
teatrlarının repertuarını xeyli dərəcədə
zənginləşdirən İlyas Əfəndiyev də vəfat
etmişdi. Elçinin dramaturgiyaya gəlişi
Azərbaycan teatrının müasir əsərlər
sarıdan yaranan boşluğu qismən də olsa, aradan
qaldırdı.
İkimininci
illərdə yazdığı pyeslərin
mövzu-problematikasına nəzər yetirək:
komediyalarında "dəlilik" mövzusunu Elçin yeni
pyeslərində də davam etdirir. Müasir Azərbaycan
dramaturgiyasının son on ildəki durumunu, inkişaf meyillərini
şərh edən tənqidçi Əsəd Cahangir
yazır ki: "Elçinin "Arılar arasında",
"Şekspir", "Qatil", "Cəhənnəm
sakinləri", "Teleskop" kimi son dövr pyeslərində
ən ümumi götürəndə bir yenilik baş verir -
o, birbaşa, dəlixananın özünü göstərir,
problemin kökünə gedir. Və
sözün bəzən birbaşa, bəzən isə rəmzi
mənasında dəlixana əsərdən-əsərə
coğrafi və fəlsəfi yöndən daha miqyaslı
xarakter alır".
Əlbəttə, Elçinin ikimininci illərdə
yazdığı və əksəri də Azərbaycan və
Azərbaycandan kənarda teatrlarda tamaşaya qoyulan pyeslərini
bu aspektdən təhlilə cəlb etməmək də olar. Amma Elçin
o yazıçılardandır ki, bir mövzunu, daha geniş
anlamda - müəyyən bir ideyanı hissə-hissə,
başqa sözlə ifadə etsək, pillə-pillə davam və
inkişaf etdirir.
İkimininci illərdə qələmə
aldığı pyeslərdə Elçin hamletvari
"Dünya dəlixanadır" prinsipi ilə hərəkət
edir. Hamletin nəzərində Danimarka dünyanın ən
pis dəlixanasıydı. Elçinin pyeslərində
isə bu baxımdan iki məkanla üzləşirik. "Şekspir"də xəstəxana
personajları ilə yanaşı, yad planetdən gələn
Drob-13, Sara Bernar, Veneralı, Stalin obrazları da
iştirakçılar arasındadır. Məkan
Bakı şəhəri, zaman 2005-ci il olsa
da, pyesin iştirakçıları müxtəlif dövrlərin,
müxtəlif əqidələrin ifadəçiləridir.
"Cəhənnəm sakinləri"ndə 1937-ci il xatırlanır, repressiya əzabı ilə
yaşayan ölkə də Azərbaycandır.
İlkin dörd pyesində Elçin komediyanəfis və
gülüş ustasıydı. Amma sonrakı pyeslərində
janr rəngarəngliyi diqqəti cəlb edir. "Qatil" əsəri on bir şəkildən
ibarət dram adlandırılır və bu əsərin sonu
faciəvi bir hadisə ilə başa çatsa da (Qadın onu
aldadan Gənc kişini zəhərləyib
öldürür), əsərdə tragik deyil, sonu gərgin
dramatik xətt aparıcıdır. Əsər "Məhəbbət",
"Ulduzlar aləmində" və "Fəlakət"
hissələrindən ibarətdir və hər hissənin
özünün daşıdığı məna var: "Məhəbbət"
başdan-ayağa lirika üzərində qurulub. Qadın bir vaxtlar dərs dediyi, amma indi cavan,
yaraşıqlı bir kişiyə vurulur. Onun hissləri səmimidir. Gənc kişi isə hələ əsl sifətini
göstərməyib, maskadadır, bir qadını ələ
almaq üçün ona hələ vaxt lazımdır. "Ulduzlar aləmində" Qadının sevgi romantikası
Ulduz aləminin acı reallıqları qarşısında
tarmar olur. "Fəlakət"də isə lirikadan və
romantikadan əsər-əlamət qalmayıb, Gənc
kişinin əsl sifəti bəlli olur, maska
açılır və Qadın - sonsuz sevgi ilə yaşayan
bu zərif məxluq qisas alır...
Bir pyesin içində üç əhval.
Elçin "Şekspir" pyesini "ciddi və kədərli
komediya" adlandırmışdır. "Arılar
arasında" pyesi isə "bir az kədərli
komediya" kimi təqdim olunur. "Cəhənnəm
sakinləri" dram, "Teleskop" tragik komediyadır.
"Sənətkarın taleyi" isə faciədir.
Elçin ikimininci illərdə də bir nasir kimi
axtarışlarını davam etdirir. Onun "Qarabağ şikəstəsi",
"Bayraqdar", "Sarı gəlin", "Göy
üzünün ulduzlu vaxtları", "Kaşeyin
taleyi", Kölgə" hekayə və povestləri bu
axtarışların uğurla başa
çatdığından soraq verir.
"Qarabağ şikəstəsi" və
"Bayraqdar" povestləri qaçqınların həyatından
söz açır. Povestlərin qəhrəmanları -
Cümü və Surxay Bayraqdar vaxtilə Şuşada
yaşamışlar, indi isə Buzovnada - fəhlə
yataqxanasında güzəran keçirirlər. Bu
yataqxanada, eləcə də Buzovnada təmiz bir Şuşa mühiti, Şuşa ab-havası
hökm sürür. Buzovnada yaşayan
şuşalılar burada daim "Qarabağ şikəstə"sinin
ahəngini eşidir, keçmiş günləri unutmurlar.
Hər iki povestdə lirik, yumoristik çalarlar
olsa da, bunlar kədərli əsərlərdir.
V.Q.Belinski hekayəni "romandan qoparılmış səhifə"
adlandırmışdır. Romandan və povestdən
fərqli olaraq, hekayədə necə deyərlər, nəfəs
genişliyi yoxdur. Ancaq bu o deməkdimi ki,
hekayədə mükəmməl bədii xarakter yaratmaq,
"səciyyəvi bir hadisə, yığcam bir süjet,
ümumiləşdirici bir mətləb" (Mir Cəlal)
söyləmək mümkün olmasın. Yox! İstər dünya, istərsə də Azərbaycan
ədəbiyyatında yaranan ən gözəl hekayələr
bu fikri inkar edə bilər.
Elçin hekayə ustasıdır. Olsun ki, bu
fikri keçən əsrdə Elçin
yaradıcılığından söz açan onlarca müəllif
də söyləyib. Ancaq bu fikri bir daha söyləyərkən
onun həqiqiliyini sübut edən bir neçə kəlməni
nəzərə çarpdırmaq istəyirik: Axtarış.
Forma rəngarəngliyi. Polifonizm.
Xarakter ustası. Bəli,
Elçin axtarışı sevən və bu prosesdə
uğura da imza atan müəlliflərdəndir. O,
yaradıcılığının ilk illərindən
başlayaraq eksperimentlərə meyil göstərdi,
"Sarı pencək", "Qatar. Pikasso.
Latur. 1968", "Beş qəpiklik
motosikl", "Zireh", "Qırmızı ayı
balası" kimi modern hekayələr, səksəninci illərdə
qələmə aldığı absurd hekayələr bu
axtarışların bir axarını təşkil edirdi. Amma əsas axtarış janrın öz daxilində
gedirdi. Elçinin istənilən bir hekayəsini
başqa bir hekayəsi ilə müqayisə edin, hər halda
eyni qələmdən çıxsa da, bir üslubun ifadəsi
kimi diqqəti cəlb etsə də, hər hekayə özünün
bir fərdiliyilə mütləq seçiləcəkdir.
Məsələn, ikimininci illərdə yazılmış
"Qırmızı qərənfil gülləri "Pera
Palas" otelində qaldı", "Sarı gəlin",
"Araba", "Kaşeyin teleyi" hekayələrinin hər
biri özünəməxsus çaları ilə diqqəti cəlb
edir. Birinci hekayə fikir təzadları üzərində
qurulub. Retrospektiv ünsürlər,
keçmiş xatirələr, qırmızı qərənfil
gülləri ilə o mikromühitdəki eybəcərliklərin
təzadlı mənzərəsi bu hekayənin özəlliklərini
təşkil edir. "Sarı gəlin"də
isə hadisə, realistik boyalar ön plana keçir. Fətulla
beş yaşlı oğlan nəvəsinin
sünnət toyunu eləmək üçün ata
babasından ona yadigar qalan əntiq balabanı satır. Və bu balaban Amerikaya gedib çıxır. Günlərin birində Miss Consonun evinə gəlib
düşmüş bu balaban "Sarı gəlin"
havasını çalır. "Miss
Merilin Conson liftlə 23-cü mərtəbədən
düşərkən ağlamaqdan qızarmış gözlərini
silə-silə fikirləşdi ki, bəlkə, doğrudan da,
dəli olub və bəlkə, günorta o fleytaya bənzər
musiqi alətinin pəncərəsinin qabağında
dayanıb öz-özünə o anlaşılmaz
melodiyanı çalması həqiqət yox, bir qarabasma
imiş? Bəs o yanğı? O
qüssə? O kədər?".
Doğrudan da, balabanın Amerikaya gedib çıxması bir qəribə
hadisədirsə, o balabanın qürbət eldə pəncərə
qabağında dikəlib "Sarı gəlin"
havasını çalması daha qəribə və gözlənilməzdir.
Amma bu qeyri-adi hadisə sənə heç də
fantaziya kimi görünmür, elə bil, olmuş, real bir
hadisədir. Çünki hekayənin
mahiyyətində güclü psixoloji reallıq var. Hekayəni
oxuduqca onun qəhrəmanının keçirdiyi əhval-ruhiyyəni,
hiss və duyğuları sən də yaşamış
olursan.
Elçinin bəzən xəfif yumorla müşayiət
edilən təhkiyəsində birdən-birə kədərli,
qüssəli bir ovqatın hakim kəsilməsi təsadüfi
deyil. Üslubundakı rəngarəng çalarlardan irəli
gəlir bu. Bu cəhəti biz onun "Bayraqdar" povestində
də görürük. Gah ciddi, gah
yumorlu, gah da kədərli səhnələr bir-birini əvəz
edir. Bir sözlə, gülüşün
içində göz yaşlarını, göz
yaşlarının içində də gülüş
görürük.
Elçinin
nəsri çoxplanlılığı ilə seçilimr və
bu fikri söyləyərkən biz onun hekayələrində,
povestlərində, romanlarında nəzərə çarpan
süjet şaxəliliyini, hadisələrin sürətlə,
bəzən bir göz qırpımında bir-birini əvəz
etməsini, ciddi, komik, faciəvi səhnələrin bir əsərdə
sintez təşkil etməsi, personajların çoxluğunu nəzərdə
tuturuq. Məsələn, "Bayraqdar" povestində Surxay
Bayraqdar, Cümü, Bolşevik Bufetçi İbadulla, Kolxoz
kişi, Məleykə müəllimə, Əbülfət
Eysebio, Vasili Kuzmiç, Əhməd Ağayeviç,
kamança Tarıverdi, Gözlə Gəlirəm, Məmməd
kişi, Səyyarə, Cəmilə, Ağasəlim, Molla Fərzəli,
erməni Arsen, Ələmdar obrazları ilə
qarşılaşırıq, bunların bir qismi epizodikdir,
amma yazıçının bədii məharəti sayəsində
onların heç biri unudulmur. Elçin nəsri
kəskin kolliziyalar, ustalıqla yaradılan dramatik və faciəvi
səhnələrlə də diqqəti cəlb edir. "Bayraqdar" povestində Əbülfətin -
Eysebionun ölümü, bu ölümün yaratdığı
kədərli əhval-ruhiyyə, xüsusilə, Cəmilənin
(Əbülfətin sevdiyi qız) çığırıb
özündən getməsi çox təsirlidir.
İkimininci illərdə Elçinin ən böyük
uğuru "Baş" romanı oldu.
Vaxtilə, XIX əsrdə V.Q.Belinski yazırdı ki,
roman və povest bizim zəmanəmizdə ədəbiyyatın
bütün digər növlərini
sıxışdırıb arxa plana keçirmiş və ədəbiyyatda
hakim mövqeyə keçmişdir. Ancaq Belinski o dövrdə
yazılan romanlardan söz açanda bu "hakim
mövqeyi" hiss eləmədik, dahi tənqidçi
yalnız bir neçə romanın adını çəkir,
təhlil hədəfinə çevirirdi. Bəli,
etiraf edək ki, bizdə də "roman kəmiyyəti"
"roman keyfiyyətini" üstələyir. Bu, başqa bir söhbətin mövzusudur, ancaq sevinməyə
dəyər ki, bu gün "kəmiyyət" romanları
ilə yanaşı, sözün həqiqi mənasında
ideyaca dəyərli, bədii-sənətkarlıq
baxımından yüksək səviyyəli romanlar da
yazılır. Misal üçün, Xalq
yazıçısı Anarın "Göz muncuğu"
romanı ədəbi prosesdə bir canlanma yaratdı.
"Göz muncuğu" romanının müəllifi
sübut etdi ki, yaxşı roman yazmaq üçün
müasir cəmiyyəti, eləcə də tarixi həqiqətləri
dərindən öyrənmək lazımdır, bu həqiqətləri
bədii həqiqətlərə çevirməlisən,
müasir roman texnologiyasına bələd olmalısan, təsvir
etdiyin hadisələr və obrazlar, istər mistik olsun, istər
real, XXI əsr insanının düşüncəsini,
dünya, həyat, mənəviyyat kredosunu əks etdirməlidir.
Artıq "kolxoz", "istehsalat",
şablon sevgi romanlarının vaxtı keçib, əsrin
insanı görünməlidir. Mürəkkəb
taleyi ilə.
Xalq yazıçısı Elçinin "Baş"
romanı "Azərbaycan" jurnalının xüsusi
buraxılışı ilə oxuculara təqdim olunub və mən
o romanı oxuyanda da eyni hissi keçirdim. Bu romana həsr
etdiyim məqalədə onu ədəbi hadisə kimi qiymətləndirmişəm.
"Baş" tarixi mövzudadır və bizim fikrimizcə,
müəllifin tarixi hadisələrə nə dərəcədə
riayət edib-etməməsindən asılı olmayaraq, bu əsər
tarixi romandır, hətta dəqiq janrını müəyyən
etmək də çətin deyil - tarixi-psixoloji roman da
adlandırmaq olar onu. Çünki "Baş"da təsvir
olunan hadisələrin birər-birər hamısı
ayrı-ayrı başların (təkcə Sisianovun kəsilmiş
başının deyil) psixoloji durumlarını, halət və
vəziyyətlərini özündə əks etdirir.
Ədəbiyyatşünaslıqda tarixi romanın
inikası ilə bağlı fərqli mülahizələr
söylənilib. Bir sıra müəlliflər tarixi hadisələri
olduğu kimi əks etdirməyi, tarixi mənzərəyə
heç bir xələl gətirməməyi vacib
sanmışlar, onların fikrincə, yazıçı bədii
təxəyyülə arxalana bilər, lakin əsas hadisələri
və məlum şəxsiyyətləri əks etdirərkən
heç bir uydurmaya yol verməməlidir. Yəni tarixə
böhtan atmaq olmaz! Digər müəlliflər
isə tarixi hadisələrə münasibətdə sərbəst
yanaşma tərzini mühüm hesab etmişlər.
Onların fikrincə: "Tarixlə (elm kimi) sənət
şərtləri bir-birindən fərqlənir. Roman sənət əsəri olduğundan, tarixi həqiqət
burada məqsəd yox, həmişə tabe, müəyyən
mənada təsvir vasitəsidir. Digər tərəfdən,
tarix elə dolğun, canlı mənzərə vermir ki, onu,
sadəcə olaraq, əsərə gətirəsən. Ona görə də romançının vəzifəsi
bu boşluğu doldurmaq, ölüləri canlandırmaq,
onların hərəkətini izah etmək, simasını bizə
göstərməkdir" (V.İ.Kraşevski - Polşa ədibi,
tarixi romanlar müəllifi).
Azərbaycan bədii nəsrinin tarixi roman təcrübəsi
hər iki müddəanı özündə əks etdirən
nümunələrlə diqqəti cəlb edir. Ancaq bizim
fikrimizcə, tarixi əks etdirmədə
üçüncü bir prinsip də var - bu da ikinci prinsipdən
yararlanaraq (lakin eynən onu təkrar etməyərək!) yeni
bir tarixi mətn yaratmaqdır və Elçin bu prinsipi
"Baş" romanında reallaşdıra bilmişdir.
Diqqət yetirsəniz, romanda baş verən tarixi hadisələr,
təsvir olunan tarixi şəxsiyyətlər bizə yaxşı
tanışdır, Sisianovun Bakının Qoşa qala
qapısı yaxınlığında qətl edilməsi Mirzə
Camal Cavanşirin "Qarabağ tarixi" (1847) və digər
"Qarabağnamə"lər də öz əksini
tapmışdı. "Baş" romanında
da bəzi tarixi hadisələr qətiyyən təhrif
olunmayıb. Ancaq roman tarixə
baxışın və münasibətin tamam fərqli bir
çalarını əks etdirir. Bir var
tarixi hadisələrə sədaqət ruhu - bu cəhəti
bizim əksər tarixi romanlarda hiss edirik - bir də var tarixi mənbələrin
əsiri olmadan tarixdə baş verən hadisələri
müasir düşüncənin, bədii təfəkkürün
işığında əks etdirmək prinsipi. Elçin əsasən qısa bir zaman kəsiyində
(1804-1806) baş vermiş məlum hadisələri təsvir
edir, amma bu, heç də qısa zaman təəssüratı
yaratmır. Bu qısa zaman, əslində, çox
geniş bir zamandır, məkan da genişdir, Bakının
Qoşa qala qapısı ağzında baş vermiş o qətl
hadisəsinin əks-sədası Azərbaycandan Peterburq
saraylarına yayılır, İrana gedib çıxır.
Bir başın kəsilməsi fonunda nəinki Azərbaycanın,
bütün Qafqazın, Rusiyanın və İranın tarixi
başlarının (çarların, çariçaların,
şahların, şahzadələrin, sərkərdələrin,
dövlət və din xadimlərinin) taleləri, onların bizə
bu vaxta kimi məlum olmayan həyat tarixçələri,
gizlinləri canlanır. Döyüşlər,
vuruşlar, hərbi yürüşlər arxasında təkcə
dövlətlərin deyil, bir-birilə amansız mücadilədə
olan şəxsiyyətlərin mübarizəsi
gözümüzün önündən çəkilmir.
"Baş" bu mənada həm müharibələr,
istilalar tarixi, həm də mənəviyyatlar toqquşması
kimi çox gərgin, qəddar və amansız
döyüşlərin bədii salnaməsidir.
Vaqif Yusifli
Ədəbiyyat qəzeti.-
2020.- 16 may. S. 8-9.