Poetika ağırlıqlı ədəbiyyatşünas

 

Ümumiyyətlə, şərqşünaslıq elmində, o cümlədən Azərbaycan şərqşünaslıq məktəbində filoloji aspektdə yaranan elmi əsərlərdə ənənəvi olaraq ədəbiyyat tarixçiliyi, mətnşünaslıq və mənbəşünaslıq istiqamətləri aparıcı olmuşdur. Dünyada və Azərbaycanda şərqşünaslıq sahəsində müqayisəli ədəbiyyatşünaslıq üzrə də tədqiqatlar müəyyən dərəcədə inkişaf etmişdir. Bununla belə, Orta əsrlərin struktur-poetika araşdırmalarından fərqli olaraq, XX əsrdə sistemli şərqşünaslıq elmi yarandıqdan sonra bu sahədə ədəbiyyat nəzəriyyəsi, poetika məsələləri yuxarıda qeyd edilmiş istiqamətlərlə müqayisədə ikinci cəbhəni təşkil etmişdir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Mahirə Quliyeva şərqşünaslıqda ədəbiyyat tarixçiliyi və mətnşünaslıqla poetika məsələlərinin qovuşağında yazdığı elmi əsərlər ilə nəzəri-tarixi istiqaməti təmsil edən alimlərimizdəndir. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası ixtisasını 1972-ci ildə bitirdikdən sonra AMEA-nın Əlyazmalar Fondunda (indiki Əlyazmalar İnstitutunda - İ.H.) elmi fəaliyyətə başlayan Mahirə Quliyevanın ərəbdilli əlyazmaların təsnifatı, təsviri, tədqiqi və təbliği istiqamətində atdığı ilk addımlar onun elmi dünyagörüşünün inkişafında və elmi vərdişlərinin formalaşmasında özünəməxsus rol oynamışdır. O, Əlyazmalar Fondunda mənbələr üzərində iş aparmaq, qədim xətt növlərini mənimsəmək, klassik poetikaya dair əlyazmalarla tanış olmaq baxımından da sözün əsl mənasında məktəb keçmiş olur. Bunun ardınca Əlyazmalar Fondunda 1982-ci ildə yaradılmış "Elmi ekspozisiya və çöl arxeologiyası" şöbəsinin nəzdində təşkil olunmuş əlyazmaların sərgisi salonundakı səmərəli fəaliyyəti Mahirə Quliyevanın qədim ədəbi-mədəni sərvətlərimizi geniş dairədə tanıtmaq və təbliğ etmək sahəsindəki qabiliyyətlərini ölkə və dünya ictimaiyyəti qarşısında təqdim etmək üçün geniş imkanlar açmışdır. Azərbaycan, ərəb və rus dillərindəki bələdçilik fəaliyyəti, savadlı-məzmunlu təqdimatları həm də Mahirə Quliyevanın özünün cəmiyyətə təqdim olunmasına şərait yaratmışdır. Azərbaycan cəmiyyətində nüfuz qazanan Mahirə Quliyevanı əlyazmalar sərgilərinə baxmaq üçün gələn xarici qonaqlar vasitəsilə dünya ictimaiyyətinin nümayəndələri də yaxından tanımışdır. Azərbaycanlı gənc tədqiqatçı, onun elmi dünyagörüşünə və xarici dilləri bilmək qabiliyyətinə maraq göstərən Əlyazmalar Fondunun fəxri qonağı, YUNESKO-nun Baş direktoru Muxtar Amadu Boun tərəfindən Fransaya dəvət almış, Strasburq Universitetində keçirilən Azərbaycan elm və mədəniyyəti günlərində iştirak etmiş, Əlyazmalar Fondunun zəngin mənəvi sərvətləri haqqında məlumat vermişdir. Beləliklə, Mahirə Quliyeva Azərbaycan elmini ölkədə və beynəlxalq elmi-mədəni mühitdə cavan tədqiqatçılardan biri kimi təmsil etməyə başlamışdır.

Elmi tədqiqat sahəsində keçdiyi yolun dərsləri istiqamətində də Əlyazmalar Fondu məktəbi Mahirə Quliyeva üçün mühüm əhəmiyyətə malik olmuşdur. Azərbaycan şərqşünaslıq elminin mogikanlarından biri olan filologiya elmləri doktoru, professor Rüstəm Əliyevin məsləhəti ilə "XIII əsr ərəb alimi Siracəddin Əbu Yəqub əs-Səkkaki əl-Xarəzminin "Elmlərin açarı" ("Miftəhul-ulum") əsərində ərəb ədəbiyyatının nəzəri məsələləri" mövzusunda 1984-cü ildə böyük uğurla müdafiə etdiyi namizədlik dissertasiyası Mahirə Quliyevanı Azərbaycan şərqşünaslıq elmində fərqli yol seçmiş istedadlı tədqiqatçılardan biri kimi tanıtmışdır. Mahirə Quliyevanın mətnşünaslıqla nəzəriyyənin qovuşağında yazılmış dissertasiyası Azərbaycan şərqşünaslıq elminə nəzəriyyə ağırlıqlı ədəbiyyat tarixi tədqiqatı kimi daxil olmuşdur. Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun ixtisaslaşdırılmış şurasında nüfuzlu alimlərin qarşısında namizədlik dissertasiyasını uğurla müdafiə etdiyi zaman rəsmi opponentlər kimi çıxış edən tanınmış rus alimi, professor Besti Yakovlevna Şidvar və Azərbaycanda klassik poetikanın böyük ustadı kimi qəbul edilən professor Əkrəm Cəfər tərəfindən yüksək qiymət almışdır. Namizədlik dissertasiyasının tanınmış rus şərqşünası, professor İ.M.Fliştinskinin 1991-ci ildə Moskvada çapdan çıxmış "Ərəb ədəbiyyatı tarixi" monoqrafiyasının ədəbiyyat siyahısına daxil edilməsi Mahirə Quliyevanın respublikamızdan kənarda da şərqşünas alim kimi diqqəti cəlb etməsinin mühüm göstəricisi idi.

Şərq ədəbiyyatı nəzəriyyəsi istiqamətində apardığı tədqiqatlar Mahirə Quliyevanı istər-istəməz klassik poetika cəbhəsinə gətirib çıxarmışdır. Onun 1991-ci ildə Bakıda "Yazıçı" nəşriyyatında çap etdirdiyi "Klassik Şərq poetikası" monoqrafiyası Azərbaycan şərqşünaslığında Orta əsrlər poetika sənətinə həsr olunmuş ilk elmi tədqiqat əsərlərindən biridir. Klassik lirikanın böyük ustadı Məhəmməd Füzulinin bədii yaradıcılığı əsasında yazılmış və 1996-cı ildə çap edilmiş "Orta əsr bədii təfəkkürü və klassik Azərbaycan ədəbiyyatı" monoqrafiyası ilə Mahirə Quliyeva Azərbaycan şeir sənətini ümumşərq bədii mədəniyyəti miqyasında təhlil edib poetika baxımından dəyərləndirməyin nümunəsini göstərmişdir. Doktorluq dissertasiyasının əsas müddəalarını əks etdirən "Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı" monoqrafiyasını (1999) Azərbaycan ədəbiyyatşünaslıq elmində şərqşünaslıqla milli şeir poetikasının müqayisəli təhlilini verməklə ümumşərq poetika sistemində ölkə ədəbiyyatının üstün yerini və mövqeyini müəyyənləşdirməyin mükəmməl məşqləri adlandırmaq olar. Mahirə Quliyeva "Klassik Şərq bəlağəti və Orta əsrlər Azərbaycan poeziyası" probleminə həsr olunmuş doktorluq dissertasiyası ilə aydın və dərin baxışlara malik olan poetika tədqiqatçısı olduğunu isbat etmişdir. Mahirə Quliyeva Azərbaycan ədəbiyyatşünaslığına ilk dəfə olaraq bəlağət anlayışını gətirmişdir. O, poetikanın klassik adı olan bəlağət anlayışının poetikasını açmaqla Azərbaycan poetikaşünaslığını zənginləşdirmişdir. Bu, Orta əsrlər Azərbaycan şeirinin poetik sisteminə elmi cəhətdən ümumşərq miqyasında yanaşıb, nəzəri baxımdan qiymətləndirməyin əhəmiyyətli bir nümunəsidir. Tərəddüdsüz demək olar ki, Azərbaycan elmində müqəddəs "Qurani Kərim"in  poetikasının Mahirə Quliyeva ilk və mükəmməl tədqiqatçılarından biridir. Akademik Həmid Araslının dissertasiyaya yazdığı rəydə deyildiyi kimi, "Mahirə Quliyevanın "Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı" kitabı (və dissertasiyası - İ.H.) Azərbaycan ədəbi-tənqidi və bədii-nəzəri fikrimizin tarixi köklərinin Şərq poetikasının ənənəvi bədii qayda-qanunları zəminində sistemli araşdırılmasının uğurlu başlanğıcı kimi böyük əhəmiyyətə malikdir". Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun professoru, məşhur türkoloq-şərqşünas alim İya Steblevanın Azərbaycan dilində oxuyub qiymətləndirdiyi doktorluq dissertasiyası haqqındakı rəyi Mahirə Quliyevanın tədqiqatının elmi yeniliklərinin mahiyyətini açan nəzəri qiymətləndirmələrdən ibarətdir: "Mahirə Quliyevanın dissertasiyası əhatə etdiyi ədəbi materiallara görə indiyə qədər bu problemə həsr edilmiş işlərin sərhədlərini aşır… Dissertasiyanın böyük zəhmət tələb edən və ən çətin hissəsi olan "Bədiyyat və klassik Azərbaycan ədəbiyyatı" adlanan ikinci fəsli yüksək qiymətləndirilməyə layiqdir. ""Quran"da bədiilik və klassik Azərbaycan ədəbiyyatı" fəsli mətnlərdə çox işlənmiş poetik fiqurlar nəzərə alınmaqla bu müqəddəs kitabın obrazlar sisteminə həsr edilmişdir. Nəticə etibarilə Mahirə Quliyevanın "Klassik Şərq poetikası və Orta əsr Azərbaycan poeziyası" doktorluq dissertasiyası yüksək professional səviyyədə yerinə yetirilmişdir və onun nailiyyətlər mübahisəsizdir".

Elmi məsləhətçisi olmuş görkəmli şərqşünas alim, akademik Vasim Məmmədəliyevin rəyində də Mahirə Quliyevanın klassik poetikanın öyrənilməsi sahəsində qazandığı nailiyyətləri diqqət mərkəzinə çəkilmişdir.

Filologiya elmləri doktoru Mahirə Quliyevanın ədəbiyyatşünaslıq fəaliyyətini üç istiqamətdə təhlil edib dəyərləndirmək lazımdır. Hər şeydən əvvəl, Mahirə Quliyeva şərqşünaslığın əsas qollarından biri olan ərəbşünaslıq sahəsində mühüm elmi xidmətləri olan tanınmış şərqşünas alimdir. Yuxarıda qeyd etdiyimiz kimi, professor Rüstəm Əliyevin rəhbərliyi ilə "Şəkkakinin "Miftəhul-ulum" əsərində ərəb ədəbiyyatının nəzəri məsələləri" mövzusunda yazdığı namizədlik dissertasiyası Azərbaycan ərəbşünaslığının ciddi örnəklərindən biridir. Alimin "Klassik ərəb-müsəlman ədəbiyyatşünaslığına giriş" monoqrafiyası Azərbaycan ərəbşünaslıq elminin mühüm nailiyyətlərindən biri hesab olunmağa layiqdir. Mahirə Quliyeva müqəddəs "Quran" kitabımızın poetikasını öyrənməyin elmi-nəzəri əsaslarını yaratmışdır, onun digər elmi əsərlərində ərəb ədəbiyyatı və "Quran" motivləri ilə müqayisəli araşdırmalar geniş yer tutur.

İkincisi, Mahirə Quliyeva Şərq poetikasının və orta əsr Azərbaycan şeirinin poetik xüsusiyyətlərinin əsas tədqiqatçılarından biridir. Fikrimcə, poetika bütövlükdə Mahirə Quliyevanın elmi tədqiqatlarının açarıdır. Onun bütün tədqiqatları poetika işığında yaranıb meydana çıxmışdır. "Klassik Şərq poetikası" (1991), "Şərq poetikasının əsas kateqoriyaları" (2010) monoqrafiyaları ümumiyyətlə, klassik Şərq poetik sisteminin tədqiqinə Mahirə Quliyevanın elmi töhfələridir.

Üçüncüsü, Mahirə Quliyeva Azərbaycan ədəbiyyatının klassik Şərq poeziyası ilə əlaqəli tədqiqi istiqamətində geniş elmi iş aparır. Onun "Klassik Şərq bəlağəti (poetikası) və Orta əsrlər Azərbaycan poeziyası" mövzusunda yazılmış doktorluq dissertasiyası, adından da göründüyü kimi, zəngin milli şeirşünaslıq xəzinəmizin problemlərinin ümumşərq kontekstində dəyərləndirilməsi əsasında yaradılmış qiymətli elmi tədqiqatdır. Tədqiqatçının "Klassik Şərq bəlağəti və Azərbaycan ədəbiyyatı" (1999), ""Quran" bəlağəti və Azərbaycan ədəbiyyatı" (2018), "Aşıq yaradıcılığı və dastanlar Şərq poetikası və islami dəyərlər baxımından" (2016), ""Quran" və Azərbaycan ədəbiyyatı" (2016), "Azərbaycan ədəbiyyatı ərəb-müsəlman nəzəriyyəsi kontekstində" (2017), "Klassik ədəbiyyatda "Quran" motivləri və ideya-estetik tərbiyə" (2019) monoqrafiyalarının hamısından klassik Şərq poetikası və Azərbaycan poeziyasının poetik sisteminin qarşılıqlı əlaqəsi məsələləri qırmızı xətlə keçir. Hətta Mahirə Quliyevanın böyük Azərbaycan şairləri Məhəmməd Füzuliyə və İmadəddin Nəsimiyə həsr edilmiş monoqrafik tədqiqatlarının da özünəməxsusluğu bu tədqiqatlarda poetika məsələlərinin araşdırılmasının ağırlıq təşkil etməsi ilə səciyyələnir. Mahirə xanımın Mir Cəlalın yaradıcılığından bəhs edən "Yazdım ki, izim qalsın" kitabı da söz sənətindən yaradıcılıqla istifadə işığında dəyərləndirilmələr zəminində yazılması ilə fərdiləşir. Bütün bunlar Mahirə Quliyevanın poetika bilicisi olmasını meydana qoyur. Xüsusilə, yaxşı cəhət həm də bundan ibarətdir ki, Mahirə Quliyeva Şərq poetikası ilə Azərbaycan ədəbiyyatının təmasından bəhs edərkən doğma, milli ədəbiyyatın ümumşərq ədəbiyyatındakı üstün mövqeyini və rolunu obyektiv elmi meyarlar vasitəsilə nəzəri cəhətdən əsaslandırılmış şəkildə təqdim edir. Son illərdə Mahirə Quliyevanın elmi fəaliyyətində nəzərə çarpan ədəbiyyatda milli kimlik və mənəvi zənginlik məsələlərinin araşdırılması onun Şərq və Azərbaycan ədəbiyyatlarını paralel şəkildə tədqiq edib öyrənmək sahəsindəki çoxillik tədqiqatlarını tamamlayır. Aydın görünür ki, Mahirə Quliyeva tanınmış tədqiqatçı alim kimi özünü Azərbaycan ədəbiyyatının Şərq poetikası ilə qarşılıqlı əlaqəsinin tədqiqi istiqamətində tapmışdır. Haradan baxsan, onun elmi, onun xidmətləri bu zəngin və geniş çərçivənin hüdudları daxilindəki poetika ağırlıqlı tədqiqatları ilə üzvü surətdə bağlıdır. 

Orta əsrlər poetikası problemi ilə ardıcıl surətdə məşğul olan şərqşünas alimin tərcümeyi-halında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 1992-ci ildən etibarən keçən illər xüsusi yer tutur. Onun vəzifə pillələrində yüksəlməsi bu elm məbədindəki fəaliyyəti ilə əlaqədardır. Mahirə Quliyeva Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Həmkarlar Təşkilatının sədri (2006-2010), Füzulişünaslıq sektorunun rəhbəri (2013-2017), Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (2017-ci ildən) vəzifələrinə qədər yüksəlmişdir. Hazırda onun başçılıq etdiyi Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsində rəhbərliyi ilə "Molla Pənah Vaqifin həyatı və yaradıcılığı" mövzusunda monoqrafiya üzərində iş davam etdirilir. Elmin inkişafı üzrə Dəstək Fondunun qrant layihələrini   Ədəbiyyat İnstitutunun aparıcı alimlərindən biri kimi qazanmış və uğurla yerinə yetirmişdir. Mahirə Quliyeva Ədəbiyyat İnstitutu Elmi Şurasının və Dissertasiya Şurasının üzvü kimi də ədəbiyyatşünaslıq elminin inkişafı və yeni elmi nəslin formalaşdırılması yollarında fəal iş aparır.

Filologiya elmləri doktoru Mahirə Quliyevanın çoxcəhətli elmi fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə "İlin alimi" diplomunu almış, AMEA Humanitar Elmlər Bölməsinin fəxri fərmanı, bir çox ictimai təşkilatların və mətbuat orqanlarının diplomları ilə təltif olunmuşdur.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Mahirə Quliyeva ömrünün yetmişinci pilləsini yeni-yeni elmi layihələrin həyata keçirilməsi və davamçılarının hazırlanması sahəsindəki yorulmaz fəaliyyəti ilə davam etdirməkdədir.

Uğurlar arzulayıram.

13 may 2020-ci il

 

İsa HƏBİBBƏYLİ

Ədəbiyyat qəzeti.- 2020.- 16 may. S. 18-19.