Qürbətin
rəngi...
Qulamrza Səbri Təbrizinin
xatirəsinə
Təbrizdə dünyaya gəlmişdi. Ancaq həyatı
qəriblikdə keçdiyindən dünya gözlərinə
qürbət rəngində görünürdü. Qəriblik
zaman-zaman rənglər dünyasını
dağıtmışdı...
Vətənli günləri də qürbətin əzabları
ilə yaddaşına hopmuşdu. Ara-sıra fürsət
tapıb Təbrizə gələndə təkrar
ayrılacağı günün həyəcanı içini
yeyirdi. Bir dəfə İngiltərəyə
dönəndə anası çıxıb gedən oğlunu
görməmək üçün mətbəxdə gizlənmişdi.
"Daha gəlmə! Gəlirsən, gedəndə
ayrılığına dözə bilmirəm", -
anasının söylədiyi bu sözlər bir ömür
içini sızlatmışdı. Özünün
ana həsrəti ilə yanıb-yaxılmasından çox,
anasına övlad həsrəti yaşatmağının əzabını
çəkirdi.
Bəlkə bu səbəbdəndi ki, qürbət
adı gələndə ruhu, varlığı titrəyirdi. Şeirləri
qəriblik, ayrılıq, həsrət qoxuyurdu,
kitablarının birinə "Qürbət harayı"
adını vermişdi.
Qürbətin qaranlıq gecələrində əli hər
şeydən üzüləndə yuxuları ona təsəlli
olmuşdu. Vətəni yuxularına gətirir, dərdini,
ağrılarını yuxuları ilə yüngülləşdirməyə
çalşırdı.
Bütün bunlara rəğmən qürbətə
getməyə məhkum idi. Şahlıq səltənətinin,
zülmün, əsarətin çökdürdüyü
doğma vətəndə övladlarına sahib
çıxacaq qədər vətənlik
qalmamışdı. İranlı gərək ömr edə
zillətdə həmişə / Nikbətdə, əsarətdə,
məzəllətdə həmişə; / İranlı gərək
can verə qürbətdə həmişə! Çox
sevdiyi dahi Mirzə Ələkbər Sabirin sərrast
müşahidədən qaynaqlanan qənaətləri onun
taleyindən də yan keçməmişdi.
Ancaq Vətəndən çıxsa da, Vətənin dərdləri,
ağrıları ona rahatlıq vermədi. "Mən Vətəndən
çıxdım, Vətən məndən çıxmadı"
- yaddaşının kötüyündə yer alan bu aforizmi dönə-dönə təkrarlayırdı.
Vətənə dönməyin yasaqlandığı
dönəmlərdə dərdini, həsrətini ovutmaq
üçün Türkiyəyə gedər, Güney Azərbaycanla
sərhəd bölgələrini gəzərək tərk
etdiyi yurdun qoxusunu almağa çalışardı.
Vətən həsrəti ilə bağlı
yaşantıları ailəsinə də
yansımışdı. Hansısa ölkəyə elmi ezamiyyətə
gedəndə uşaqları atalarının bir daha geri
dönməyəcəyini düşünərək həyəcanlanırdı.
Daim qürbət ağrılarından əzab
çəkməsi, vətənə dönmək xəyalı
ilə yaşaması övladlarının qəlbində
nigaranlıq toxumu səpmişdi.
Nəyə dözsə də, ana dilinin yasaqlanmasına,
aşağılanmasına dözə bilmirdi. Bəlkə
bu səbəbdəndir ki, yazılarının mühüm
bir qismi ana dili ilə bağlıdır. Çeşidli
mövzularda yazdığı şeirlərinin misraları
arasında da ana dili ilə bağlı sətirlər yer
alır. Şeirlərinin birində ana
dilinin yasaq edilməsini Tanrı qarşısında ən
böyük cinayət kimi dəyərləndirirdi.
"Ana dilim" adlı şeirində: Bir qürbət
duyğusu var içimdə, / Yorur, yorur adamı əcnəbi
dillər, - deyə yazırdı.
"Yer
üzünü yeriyən ölülərin
bürüdüyünü", "səsinin heç zaman
ölülərin qulaqlarına yetməcəyi"ni kədərlə vurğulayır, dünyada
haqqın, ədalətin yox oluşuna etirazını "qəhr
olsun zülmün səltənəti" - nidası ilə
bildirirdi. İslam adı altında ölkənin
talan edilməsinə, millətin doğma vətənindən
dərbədər salınmasına, saxtalığın,
satqınlığın həyat tərzinə çevrilməsinə
dözə bilmirdi. "Zindan" adlı şeirində:
Nədən qalındı zindan divarları? / Nədən pəncərəsizdi
məhbəslər? / Bəlkə insanı qaranlıqla
qorxutmaq üçün? / Bəlkə təklik
sınağına çəkmək üçün? / Yox,
haqq səsini batırmaq üçün. / Bir də ruhunu
qırmaq üçün, - yazırdı.
Şeirlərində
qadın daha çox gözəllik, zəriflik, məsumluq
simvolu kimi mənalanır: Qadın bir musiqi alətidi,/ Çoxları bacarmaz çalmağı. /
Naşı əlində qırılar simləri.- yazır. Uşaqlar isə millətin
gələcəyi anlamında rəmzləşir. "Vəsiyyət"
adlı şeirində: Mən öləndə qəbir
daşı salmayın üstümə. / Aparmayın məzarıstana,
/ Geniş bir meydanda basdırın məni, / Uşaqlar
oynasınlar üstümdə, - deyə düşüncələrini
ifadə edir.
İngilis şairi, filosofu və rəssamı Uilyam
Bleykin dialektik görüşləri ilə bağlı
doktorluq dissertasiyası yazmışdı. Sonralar bu
araşdırması monoqrafiya kimi "Uilyam Bleykin cənnəti
və cəhənnəmi" adlı ilə London və Nyu
Yorkda yayınlanmışdı. Britaniyanın
ədəbiyyat və ictimai fikir tarixində müstəsna
yeri olan bu sənətkarın yaradıcılığına
dərin bir heyranlıq duyurdu. Məqalələrinin
birində Uilyam Bleykin şeirlərində İmadəddin Nəsimidən
qaynaqlanan məqamları müqayisəli bağlamda
aşkarlamağa çalışmışdı. Özünün yazdığı bir çox
şeirlərin özəyində Uilyam Bleykin fəlsəfi
fikirləri yer alır. Hətta bu
böyük mütəfəkkirin bəzi rəsmlərinə
şeirlər həsr etmişdi. Elmi və
bədii kitablarının cildindəki rəsmlərin bir qismi
də Uilyam Bleykə məxsusdur.
"Kitabi-Dədə
Qorqud" eposu, İmadəddin Nəsimi, Mirzə Fətəli
Axundzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd
Əmin Rəsulzadə, Seyid Cəfər Pişəvəri, Məhəmmədhüseyn
Şəhriyar, Səməd Behrəngi, Əziz Nesin, Əzizə
Cəfərzadə kimi mütəfəkkir və ədiblərin
yaradıcılığı və həyat yolu ilgisini çəkirdi.
Elmi və bədii yazılarının ruhunda
onların əsərlərindən və ideallarından təsirləndiyi
duyulur.
1991-ci ildə onun təşəbbüsü ilə bir
araşdırma layihəsi çərçivəsində
Edinburq Universitetinə dəvət olunmuş, bir aya yaxın
Şotlandiyada qalmışdım. Sonuncu gün mənə
"Dost ayrılığı" adlı şeir
yazdığını söyləmişdi. Şeirdə
belə misralar vardı: Dayanıb baxıram lal kimi. / Vətənə
döndüyünçün / Səni əyləməyə
əlim gəlmir,/ Yoldan eyləməyə
dilim gəlmir./ Gözlərimin önündəcə
çıxıb gedirsən / Qucaqlaşıb
ayrılırıq / İkimiz də həyəcanlı, / Səni
Vətən gözləyir, / Məni Vətən həsrəti.
Azərbaycanla Böyük Britaniya arasında
körpüləşən həyatı - ikili dünyası
vardı. Şeir kitablarının birini "Mənim iki
dünyam" adlandırmışdı. İstər
BBC-də siyasi icmalçı kimi fəaliyyət göstərəndə,
istərsə də çalışdığı Edinburq
Universitetinin "İslam və Orta Şərq"
bölümündə imkan tapdıqca Azərbaycan mədəniyyətinin
tanıdılmasına önəm verirdi. İnandığı,
istedadına güvəndiyi həmvətənlərinə hər
zaman kömək əlini uzadırdı. "Varlıq"
dərgisinin qurucularından, görkəmli şair Həmid
Nitqini məsləhətçi kimi
çalışdığı universitetə bağlaya
bilmişdi. Bir ara arxa və dayaq
olduğu həmyerlisi, şair Məhəmmədəli Mahmudla
birlikdə "Odlar ölkəsi" qəzetini
yayınlamışdı.
İyirmi yanvar hadisələri baş verəndə BBC
radiosunda Azərbaycanda yaşananları dünya ictimaiyyətinə
çatdırmaq üçün gərəyincə
çalışmışdı.
Azərbaycanın bağımsızlıq qazanmasına ən
çox sevinənlərdən biri idi. Dünya
ölkələri içərisində ana dilinin
danışıldığı bir dövlətin
yarandığına uşaq kimi sevinirdi. "Azərbaycan
müstəqillik qazanandan sonra hiss etdim ki, ayaqlarım yer
tutdu", - deyirdi. Edinburq Universitetində təqaüdə
çıxandan sonra Azərbaycana qayıtmış,
ömrünün sonlarına qədər Bakıda
yaşamışdı. Siyasi səbəblərdən
Təbrizə dönə bilməzdi, başqa dönüləsi
ünvanı isə yox idi. Təbrizin
qoxusunu Bakıdan alırdı.
Uşaqlığı Seyid Cəfər Pişəvərinin
öndərliyi ilə qurulmuş Azərbaycan Milli Hökuməti
dönəmində keçmişdi. O illəri əziz xatirə kimi
yaddaşında yaşadırdı. Azərbaycanın
Güneyində milli dövlət quranların vətəndən-vətənə
mühacirətini kədərlə xatırlayırdı.
Azərbaycana gələndən sonra onların
ünvanını axtarırdı. Hətta
bir dəfə Şamaxının kəndlərinə gedib
qapı-qapı gəzərək sağ qalanların
sorağını aldığı xatırımdadır.
Balaş Azəroğlu, Əkrəm Rəhimli, Seyidağa
Onullahi, Hökümə Bülluri, Sabir Nəbioğlu -
onların hər biri ilə əlaqə saxlayır, dərdinə,
ağrılarına həyan olmağa
çalışırdı.
"İranlı", "həmşəri"
sözlərindən zəhləsi gedirdi, Təbrizi
Böyük Azərbaycanın mərkəzi bilir,
türklüyü ilə qürur duyurdu. Azərbaycan dövlətinə
xor baxan həmvətənlərinə: "Vətəni
gözəl, firavan olduğu üçün deyil, vətən
olduğu üçün sevirlər" - deyirdi.
Azərbaycanı bütöv şəkildə görmək
istəyirdi. Parçalanmanın ağrılarını qan
yaddaşında daşıyırdı. Ömrünün
mühüm bir qismini Azərbaycanın Güneyində
müstəqil dövlətin qurulması və
bütövlük uğrunda mübarizəyə həsr elədi.
Brüsseldə, Avropa Parlamentinin iqamətgahında
"Güney Azərbaycanda millik kimlik və insan
hüqüqları" mövzusunda keçirilən forumda
(23 iyun 2008) əsas məruzəçi olmuşdu.
Qarabağın işğalı onu hədsiz dərəcədə
narahat edirdi. Bir dəfə qaçqın şəhərciyinin
yanından keçəndə göz yaşlarını
saxlaya bilməmişdi. BBC-nin televiziya
proqramında London Universitetinin erməni professoru ilə debata
çıxmış, Qarabağın tarixi Azərbaycan ərazisi
olduğunu sənədlərlə nümayiş etdirmiş,
qarşı tərəfin dəlillərə söykənməyən
əsassız iddialarını puça
çıxarmışdı. Bununla
bağlı təhdidlərlə üzləşmiş, bir
müddət qoruma altında yaşamışdı.
Qızı Leylanın intiharı onu dəhşətli dərəcədə
sarsıtmışdı. O ərəfədə dərdinə
həyan olmaq üçün Londona getmişdim. Yas içərisində olsa da, məni hava
limanında qarşılamağa özü gəlmiş,
birbaşa qızının məzarını ziyarətə
getmişdik. Uzun müddət məzarın
başından ayrıla bilmirdi. Qəribliyin
yeyib bitirdiyi ürəyinə övlad dağı çəkilmiş
atanı ovundurmaq üçün söz tapmaq mümkün
deyildi. Qızının ölümü ilə
bağlı yazdığı silsilə şeirlər onun ruh
halını, keçirdiyi iztirabları əks etdirir: Londonda
başıma daşlar yağır, / Mənim dərdim necə
dözülməz, / necə ağır! / Mən
Leylamı itirmişəm. Başqa bir şeirində isə
qızına müraciətlə: Bəyaz bir libasda / gəlin
yaraşığında, / qəmgin ay işığında,/ Gözümün işığı,/ qəlbimin
yaraşığı! / Tutub ulduzların əlindən sən
/ hara gedirsən? - deyə ümidsizliyin,
çarəsizliyin poetik ovqatını yaratmışdı.
Aradan bir
neçə il ötməmiş
böyük oğlu Camal sağalmaz xəstəliyə
tutularaq dünyasını dəyişdi. Daha
sonra həyat yoldaşı Jaklin xanım vəfat edəndə
isə xəstəliyi üzündən dəfnində
iştirak edə bilmədi. Artıq səhhəti
ilə bağlı uçağa minməsi mümkün
deyildi. Qəribliyin rənginə yeni
çalarlar qatıldı. İndi Vətəndə
olsa da, bir daha görə bilməyəcəyi qərib məzarlar
üçün darıxırdı.
Vətən
qürbətə çevrilmişdi...
Qürbət ağrıları içərisində də
dünyasını dəyişdi.
Parçalanmış yurdunun bütövləşdiyi
günü görmədi. Ancaq bütün
varlığı ilə inandığı bu yolda mübarizədən
usanmadı, millətin iradəsilə nə zamansa
bütövləşəcək Vətən sarayının
özülünə ömrünü hördü.
8-14 may
2020, Bakı
Vaqif Sultanlı
Ədəbiyyat qəzeti.-
2020.- 16 may. S. 20-21.