"Ağrılı
əzab"dan qurtuluş yolu
Nədənsə, bəşəriyyətin ən
böyük bəlalarından olan epidemiyalardan bəhs edən
əsərlərə "bu, ola bilməz" fikrilə birmənalı
yanaşmamışam, çox vaxt nəticəni əvvəlcədən
təhmin etsəm belə, yenə də sonadək oxuyub-izləmişəm. Hətta
fantastik görünən trillerləri belə. Axı mövzunun mahiyyəti onun həm də mətnaltı
anlamındadır. Bu qənaətimin səbəbi isə
həyati müşahidələrim - bir sıra insanların
haqq yolundan sapıb şeytani xislətlərilə Allahın
yaratdığı bu gözəl dünyamızı, az qala, cəhənnəmə döndərmələri,
imanlı və saf bəndələrə qarşı iblisanə
əməlləridir. Maraqlıdır ki,
sözügedən mövzuda olan əsərlərin əksəriyyətində
elə epidemiyalar da təbii yolla deyil, məhz insanların
birbaşa, yaxud dolayı müdaxilələrilə
yaranır. "Mən əfsanəyəm", "28
gün sonra", "12 meymun", "Busana qatar"...
trillerlərində olduğu kimi. Adətən,
canlıları zombiyə dönüşdürən
viruslardan bəhs edən bu tip trillerlərdə bəzi
insanların yoluxmuşlardan daha qorxulu olması faktına
xüsusi diqqət çəkilməsi də təsadüfi
deyildir. Bu dəhşətli mənzərə ilə
üz-üzə qalan qarşı tərəf, sanki həyatı,
öz mənafeyi və çirkin niyyəti naminə hər
şeyi qurbana çevirməyə hazır olan
"insan"ların şeytani hiyləgərlik və qəddarlıqdan
yoğrulmuş xislətini indi dərk edibmiş kimi mənən
sarsılıb bir anlıq ruhi-psixoloji süstlüyə qərq
olur, "onlar yoluxmuşlardan daha qorxuludur", - deyib özlərini
həm də və bəlkə də, daha çox belələrindən
qorumağa məcbur olurlar. Sözügedən əsərlərin
başlıca ideyası "cümlə xəyanətlərə
bais"likdə iblisin ta kəndisi olan, mənfi anlamda "hər
şeyə qadir" belə tiplərin özlərinin
insanlıq üçün zatən zombi virusu olduğunu diqqətə
çatdırmaqdır. "Busana qatar" trillerində
hamı sağ qalmaq uğrunda mübarizə aparsa da, sərnişinlərdən
yalnız iki (əslində isə üç!) nəfər
xilas ola bilir: hamilə qadın və
kiçik yaşlı uşaq. Əsərin
sonunda Busana gedən qaranlıq keçidlə
yaşadıqları dəhşətin təsirilə qorxu və
göz yaşları içərisində bir-birinə
qısılıb güclə addımlayan həmin iki nəfəri
görürük. Bu qaranlıq keçiddən
sonra onlar işıqlığa çıxacaq, əsgərlər
tərəfindən qorunacaqdılar. İki
dünya arasındakı yolayrıcını simvolizə edən
keçiddən işıqlığa çıxan məhz
xeyirxah uşaqla dünyaya gələcək günahsız,
bütün çirkinliklərdən uzaq körpənin olması
burada sözügedən ideya ilə əlaqəlidir.
Alber Kamyunun "Taun" romanında isə insanların
biganəliyi bütöv bir şəhəri taun cəhənnəminə
döndərir. Hər kəs Oranda ölümlə nəticələnən
hansısa çarəsiz bir xəstəliyin
mövcudluğunu bilir, lakin onun taun epidemiyası olduğunu
etiraf etməyə cəsarət etmir, ta o vaxta kimi ki, artıq
iş işdən keçmiş olur. Cavabdehləri
istisna etsək, Oran əhalisinin yanaşmasını, bəlkə
də, başa düşmək olar. "Doğrudan da, bəla
elə bir şeydir ki, hamının başına gələ
bilər, amma bəla başının üstünü alanda
belə, adam onun varlığına inana
bilmir... adam fikirləşir ki, o, mücərrəd bir məfhumdur,
qorxulu yuxu kimi bir şeydir və keçib gedəcək. Lakin bəla həmişə keçib getmir, qorxulu
yuxular bir-birini əvəz edir və keçib gedən adamlar
olurlar. Bu keçib gedən, dünyadan
köçən adamların ilk sıralarında da humanistlər
gedirlər, çünki onlar əvvəlcədən ehtiyat
etməyi bacarmırlar". Əsər
ölümə aparan taun adlı ağrı və bu
ağrının yaratdığı mənəvi-psixoloji mənzərəni
təsvir edir. Sadəcə, təsvir edir,
heç bir bədii-poetik bəzək-düzəyə,
uzun-uzadı təfərrüatlara yer vermədən.
İndi biz özümüz pandemiya ilə
qarşı-qarşıyayıq. Bütün
dünyanı cənginə alıb böyük bir həbsxanaya
çevirmiş, süstlüyə qərq etmiş
COVİD-19 pandemiyası ilə. Deyilənə
görə, vaxtilə məşhur öncəgörücülərin
kəhanətlərində də bu pandemiya haqqında
informasiyalar verilmişdir. Bunun nə qədər
doğru olub-olmadığını deyə bilmərəm, həqiqət
budur ki, bütün dünya bir neçə aydır, mənbəyi
və mənşəyi mübahisəli olan koronavirus adlı
bir bəla ilə mübarizə aparır. Lakin ərzi
"kiçildib" bu qədər əlyetən edən, az qala, kiçik bir mobil telefona, kompüterə
sığdıran insan zəkası adi gözlə
görünməyən, yalnız elektron mikroskopla
görünən bu virusun əlində, hələ ki aciz
qalıb.
Günəşi
oğurlanmış ömürlər var,
Açılmaz sabahları.
Tanrının
unutduğu adamlar var,
Eşidilməz ahları.
Nədən
ki,
Məscidlərdən
gələn səslərə qarışıb itdi
Palatalardan ucalan dualar.
Mən
sizə demişdim axı,
Allahın
da tərs damarı var...
Şəhriyar Del Gerani bu şeiri hansı münasibətlə
yazıb, bilmirəm, amma bütün mahiyyətilə, sanki bu
günümüzün acı gerçəkliyini, dərd
yükünü ifadə edib şair. Oxuyub biganə qalmaq və
nəticə çıxarmamaq qeyri-mümkündür.
Bundan sonra münasibətlər sistemində bəzi dəyişiklikləri
istisna etməklə, dünyanın formatlanmasını
düşünmək sadəlövhlük olardı. Bəyəm dünyanın
sakinləri transfer olunacaq? Axı bu proses sırf insan amili ilə
bağlıdır. Başqa sözlə desək,
Allahın bizlərə ərməğanı olan bu
dünyanın qorunması birbaşa düşüncə və
mənəviyyatda olması gərəkən katarsislə,
özünüislahla mümkündür. Bəli,
bu gün günahsızlara tuşlanmış silahlardan
açılan atəşlər hələ ki azalıb,
insanlar hələ ki nisbətən, susublar. Lakin Kamyunun sözlərilə desək, "ancaq bədbəxtlik
hökm sürdüyü vaxt adamlar şəraitə adət
edir, yəni susmağı öyrənirlər". İndi pandemiya insanları bir tərəfdən
ümumi situasiya ilə bağlı eyni ovqata kökləməklə
müəyyən mənada birləşdirib, digər tərəfdən
də, qaydalara uyğun olaraq cəmiyyətdən, gündəlik
qaynar həyatdan bu və ya digər dərəcədə təcrid
edib. Karantin, sosial izolyasiya bizi
özümüzlə baş-başa qoyub, vicdanımıza, əməllərimizə
nəzər yetirməyə, düşünməyə, nəyisə
dərk etməyə imkan yaradıb. Görəsən,
bu imkandan yararlana bildikmi? Öz mənafeyi naminə etdiklərilə
iblisi belə heyrətdə qoyan "insan", bəlkə,
bir heç olduğunu indi anlayasan! Yoxsa sənin
üçün hidayət zamanı hələ
çatmayıb?..
Əslində, bu gün bütün dünyanı
bürümüş ən qorxulu vəziyyət nəfsinə
qul olub Allahı və axirəti unutmaqdır. Məgər
bütün müharibələrin, bəlaların, elə bu
koronavirusun da səbəbi bu deyilmi? Deyəsən,
elə bir dövrə gəlib çatmışıq ki,
"günahlar daha azan səsinə də diksinmir".
Günahlar yaman üzlü olub axirətdə
"ağrılı bir əzab"a düçar
olacaqlarından bixəbər sahibləri kimi... Dünyanı
hər an Qiyamət gününə
addım-addım yaxınlaşdıran günahlar...
Səliqəyə,
sahmana sal,
Nə gündədir evin, Allah.
Gəl
bircə gün evində qal,
Üstün
təmiz, altın günah...
Üstümüzə
təpin, çığır,
Bu evdə insanlıq itir.
Bu ev heyifdir, İlahi,
Vaxtın olsa, nəzər yetir.
Roma Xosrov
Mən bu pandemiyanı Tanrının Yer planetindəki bəndələrinə
cəzası kimi düşünmürəm. Amma Tanrı
da susmayıb. Bəlkə, dinləyək?
Bu səssizləşən dünyada susub sadəcə
dinləyək. Bəlkə, Tanrının səsini
eşidə bildik?!.
Aynur XƏLİLOVA
Ədəbiyyat qəzeti.-
2020.- 16 may. S. 21.