Hardasa bir baxış üzünə dəyər,

Şeir olar ruhunun gülümsəməsi...

 

Kim idi başını qatan,

 

kim idi haqqını yeyən,

 

Kim idi əlindən tutan,

 

kim idi dizinə döyən,

 

bilmirsən ki?

 

 

 

Kimin ocağına düşdün,

 

kimin körpüsündən keçdin,

 

kimin ayağına düşdün,

 

kimin başına and içdin,

 

bilmirsən ki?

 

 

 

Kimə yanaraq ağladın,

 

kimə ovunub toxdadın,

 

kimə ümidi bağladın,

 

kimə söykənib yoxladın,

 

bilmirsən ki?

 

 

 

Kimi çağırdın gəlmədi,

 

kimi başına tac etdin,

 

kimi öldürdün ölmədi,

 

kimi bağışladın, getdi,

 

bilmirsən ki?

 

 

 

Kimdə yandı qaranlıqlar,

 

kimdə işıqlar çəkildi,

 

kimdə düşdü viranlıqlar,

 

kimdə yarpaqlar töküldü,

 

bilmirsən ki?

 

 

 

Kimdən üzdün əllərini,

 

kimdən gözlərini çəkdin,

 

kimdən aldın yollarını,

 

kimdən? kimdən???

 

...biləcəkdin,

 

bilmirsən ki?

 

bilmirsən...

 

***

 

Hardasa bir uğur qapını döyər,

 

Döyər ayağına bir yağış səsi.

 

Hardasa bir baxış üzünə dəyər,

 

Şeir olar ruhunun gülümsəməsi.

 

 

 

Yenə səninkidir yenə uzaqlar,

 

Sev unut, yenə sev, qəlbini yoxla.

 

Sənin ki Tanrıdan bir istəyin var,

 

Belə darıxmağı axşama saxla.

 

 

 

İllərə nə var ki, atın səyirdir,

 

Sabaha ümiddir günlük ehtiyac.

 

Ayrılıq hələ ki, ölüm deyildir,

 

Ruhumun beşiyi sevginə möhtac.

 

 

 

Arzuya məhkumdur hər könül içi,

 

Çeşidli rəng geyir xəyallar yenə.

 

Mənim xəyanətim eşqindən keçir,

 

Sənin xəyanətin güc verir mənə.

 

 

 

Yəqin göz dağıdır peşmanlıq dəmi,

 

Boş keçən günləri yerə vururuq.

 

Kiçicik, yuvarlaq rəqəmlər kimi

 

Bir ömrü bir ana sığışdırırıq.

 

***

 

Gedək göbələk yığmağa,

 

Yağış başlasın yağmağa.

 

Əlini apar çaxmağa,

 

Çaxmaq olmasın, olmasın.

 

 

 

Yağış alsın ağlı, huşu,

 

Ev olsun ağac koğuşu.

 

Gir içində bir az üşü,

 

Çıxmaq olmasın, olmasın.

 

 

 

Tanrı bol etsin yağışı,

 

Yağış göylərin naxışı.

 

Soyunaq yaş əyin-başı,

 

Baxmaq olmasın, olmasın.

 

 

 

Gözdə eşq var, üzdə pərdə...

 

Dərdə bax, çəkdiyin dərdə...

 

Adam gərək belə yerdə

 

Axmaq olmasın, olmasın.

 

***

 

Yaşamaq eşqinə düşüb,

 

Sənə şeir axtarıram.

 

Boş şeydi qafiyə işi,

 

Sən ən gözəl qafiyəmsən.

 

 

 

Mənə elə tərs-tərs baxma...

 

Haqlısan yerdən göyəcən.

 

Bu şeirdə sənin yerin

 

tərsinə düşüb deyəsən...

 

 

 

Vallah, qafiyə boş şeydi...

 

Qoymaram beynimi yorsun...

 

Burda qafiyə yerinə

 

olarmı əllərin dursun?

 

 

 

Şeir axtara-axtara

 

səni gəzirəm, biləsən.

 

Elə zamanında gəl ki

 

qafiyəmlə tən gələsən.

 

 

 

Söz uzandıqca nə derlər?

 

Və başqaları... və sair...

 

Bu şeiri də az ütülə,

 

ay qafiyəbaz şair.

 

***

 

Yenə qucaqlaşdı xəyallarımız,

 

Xəyalən xoşbəxtik, xəyalən şadıq.

 

Sən ağac kötüyü, mən quru budaq,

 

Bəs niyə gerçəkdən qucaqlaşmadıq?

 

 

 

Hardasa yoxluğun əriyir belə,

 

Hardasa xəyalən kama çatırsan.

 

Kötük adamlara, daş adamlara

 

Mən yarpaq atıram, sən daş atırsan.

 

 

 

Payızdır, yollara düşür bu yarpaq,

 

Qışdan baharacan ağır səfər var.

 

Bir quru kötüklə kim qızınacaq?

 

Dünyada üşüyən neçə nəfər var.

 

 

 

Mən səma olsaydım, sən bəyaz bulud,

 

Heç vaxt olmasaydı ayrılıq, keşkə...

 

Ağrısı göyərir yarpaqlarımda

 

Kötük bədəninin yaşamaq eşqi.

 

 

 

Yenə qucaqlaşdı xəyallarımız,

 

Xəyalən xoşbəxtik, xəyalən şadıq.

 

Sən ağac kötüyü, mən quru budaq,

 

Bəs niyə gerçəkdən qucaqlaşmadıq?

 

 

 

Şair Fərqanə xanıma

 

Qonaq gedirsən göyə sən,

 

Yüksəlirsən uca ada.

 

Dilin də dönmür deyəsən:

 

"Əlvida, dostlar, əlvida!"

 

Səsini qoyub gedirsən,

 

Sözünü qoyub gedirsən,

 

Sən bu günkü Poeziyada

 

İzini qoyub gedirsən.

 

Qaranquş ömrüydü ömrün,

 

Bir də Qu ömrü yaşarsan.

 

Bir də dönərsən bu yana,

 

Bir də bu ömrü yaşarsan.

 

Neçə-neçə Söz bayramı,

 

Kitab bayramı edərsən.

 

Yaşamaqdan doymamışdın...

 

Doyarsan... sonra gedərsən...

 

***

 

Nə xeyirdə xeyir idi,

 

Nə mümkündə qeyri idi,

 

Hər kəs bir az əyri idi...

 

"Dünyanın düz vaxtıydı".

 

 

 

Bir belə düzlük nağıldı,

 

Düyünün çözdük dağıldı.

 

Kim deyir, yanan ağıldı,

 

Ürəyin köz vaxtıydı.

 

 

 

Dostdur gəlib-gedən nəfəs,

 

Həyat deyil bütün həvəs.

 

Tanrı göz ilə görünməz,

 

Bədənin göz vaxtıydı.

 

 

 

"Biri vardı, biri yoxdu".

 

Haqqı vardı, siri yoxdu...

 

Qələminin xırı yoxdu,

 

Ölümün söz vaxtıydı.

 

***

 

Sönəndə, yan, deyirsən,

 

Dinəndə, can, deyirsən,

 

Çaşıb, zaman, deyirsən,

 

Ağrıdı bir az da...

 

 

 

Ümiddi son dəftəri,

 

İllərə qanad gərir.

 

Aldığın verməz geri,

 

Oğrudu bir az da...

 

 

 

Çarə gəzməz rəhmdə...

 

Zəhəri var zəhmdə...

 

Yalan-dolan fəhmdə

 

Doğrudu bir az da...

 

 

 

Açıqdı, kimsə görmür,

 

Nə var, nə yoxdu, gömür.

 

Qaranlıq gecə kimi

 

Bağlıdı bir az da...

 

***

 

Tanrım, göyünü təmizlə,

 

buludlarını arıtla.

 

Üstünə gəlirik yenə

 

bu qədər topla, barıtla...

 

 

 

Baxma, dilimiz duadı,

 

yalançı sərgi-sərmədi.

 

Gözlərimiz iti güllə,

 

ayaqlarımız mərmidi.

 

 

 

Bir gün neçə sifətdəyik,

 

adam arından tər tökür.

 

Bizi torpaqdan yaradıb,

 

torpaq etdiyinə şükür.

 

 

 

Ömür keçdi, bu ömürdə

 

daddığı nəydi, göründü.

 

Gecə-gündüz göz yaşına

 

qatdığı nəydi, göründü.

 

 

 

Ürək yeni dərdə gəbə,

 

Can üfürür köhnə təbə.

 

Susub mərtəbə-mərtəbə

 

çatdığı nəydi, göründü.

 

 

 

Kim var ömürdən narazı?

 

Yalanı-dolanı hazır,

 

Açıldı ilanın ağzı,

 

Udduğu nəydi, göründü.

 

***

 

Yenə gəldim oğurluğa,

 

Ömürdən gün oğurladım.

 

Yenə darıxdım səninçün,

 

Oğruluğu doğruladım.

 

 

 

Gün adi gün deyildi ki,

 

Bir ömürə tən günüydü.

 

İki eşq dolu ürəyin

 

Həsrəti bitən günüydü.

 

 

 

Ömürdən gün oğurladım,

 

Günaha batdım, nə gözəl.

 

Pozdum alnımın yazısın,

 

Arzuma çatdım, nə gözəl.

 

 

 

Məni gözəl hisslərinə

 

Əsir etdiyinçün sağ ol!

 

Mənə hər dəfə bir başqa

 

Təsir etdiyinçün sağ ol!

 

***

 

Hər kəsin bir nağ(ı)lı olur,

 

Yalan olur, doğru olur...

 

Dinləyirsən, ağrı olur...

 

Dinləmirsən, keçib gedir...

 

 

 

Keçdim ağrımdan-acımdan,

 

Keçdim ağlımın ucundan.

 

Bu dənləri saçımdan

 

Dənləmirsən, keçib gedir...

 

 

 

Hər duam bir zireh sənə,

 

Çəkirsən yalın sinənə.

 

Sonra? Sonrası heç nə...

 

Anlamırsan, keçib gedir...

 

***

 

Gecələr dönüb zəhərə,

 

günəş doğarmı?

 

Yox, doğmaz.

 

Bu şəhərdən o şəhərə

 

polislər məni buraxmaz.

 

 

 

Gizlətmə, aşikar darıx,

 

darıxmaqla eşq iç-içə.

 

Ruhların vəsiqəsi yox,

 

göstərə polisə, keçə.

 

 

 

Sevirəm darıxmağı mən,

 

yollarda da darıxmışam.

 

Ən havalı göründüyüm

 

hallarda da darıxmışam.

 

 

 

Öz-özümlə qalım hərdən,

 

Bəlkə bu da tale işi...

 

Qızdırmalı küçələrdən

 

soyuq adamlar ötüşür.

 

 

 

Həyatdı da...

 

Çox şey olar...

 

Nə sual ver, nə cavab al.

 

Bir şeytan deyir çıx yola,

 

Allahınla baş-başa qal.

 

 

AY Bəniz ƏLİYAR

Ədəbiyyat qəzeti.- 2020.- 16 may. S. 22.