Vaqif
Bəhmənli poeziyasında rənglərin
naxışları
Vaqif Bəhmənlini çağdaş
poeziyamızın aparıcı nümayəndələrindən
biri kimi oxucular, ədəbiyyatsevərlər və tənqidçilər
yaxşı tanıyırlar. Orijinal mövzular, fərqli
poetik obrazlar, bədii ifadə vasitələrindən yararlanma
bacarığı onun bədiyyatımıza özəl
naxışlar vurmasına uğurlu imkanlar yaratmaqdadır.
Vaqif nəyi mövzu olaraq çözmək istəyində
bulunduqda gözümüz qarşısında maraqlı poetik
mənzərə dayanır. Burada sözlərin,
ifadələrin, deyimlərin düzümü assosiativ
baxımdan tamamilə fərqlidir. Vaqifin
masamın üstündəki 2019-cu ildə nəşr
etdirdiyi "Qansız savaş (Ən yeni şeir)"
kitabını vərəqləyirəm. Əvvəl
sadəcə maraq üçün. Orada
yer almış mövzuların qeyri-adi adlar sırası diqqətimi
çəkir. Sonra kommentariyalı
oxumağa başlayıram. Maraq və Heyrət!
Bu nümunələrdən hər biri bir tərəfdən
xalq yaradıcılığı, digər tərəfdən,
klassik şeir vəzninə, üçüncü tərəfdən
isə postmodernist üsluba istiqamətlidir. "Qansız
savaş" doğrudan da, məzmun-məna, kompozisiya-struktur,
estetik effekt baxımından ən yeni şeirlərdır.
Müəllifin bu şeirləri özünün
onları necə qruplaşdırdığını əldə
rəhbər tutsaq "Bes qat"da, dörd "Bəndübənd"də
yerləşdirilmişdir. Fəsillərin
adları, struktur bölgü özəl və fərqlidir.
Mövzular rəngarəng,
çoxçalarlı, çoxqatlı və altmənaları
özündə ehtiva etməklə zəngindir. Yəni
Vaqif Bəhmənlinin bu kitabında iridən-xırdaya elə
bir nümunə tapmaq mümkün deyil ki, o, oxucunu
düşündürməsin:
Çoban
- çoluqlar qışqırıb
hoylayır naxır - adamı.
Enir
balta...
qan
fışqırır,
Sümürür
çuxur adamı!
Yonca dərd
açır tək-tək;
Solur
çiçək,
qoca
fələk
quru
yonca topasıtək
yabaya
taxır adamı!
Dost
gözündə əyri oxsan,
Tək
canımla yenə çoxsan...
Yad nə
bilir varsan, yoxsan -
doğmalar yıxır adamı.
Bu, Vaqifin "Adam ovu" adlı yığcam şeirindəndir. Lakonizm burada
şairin fikir dünyasının kasadlığı ilə
bağlı yox, hədəfə dəyən tutarlı, titrədici
"baltanın enməsi, qanın fişqırması,
çuxurun adamı sümürməsi" kimi ifadələrlə
əlaqədardır. Siz "çuxurun
adamı sümürməsi" ifadəsi ilə haradasa
rastlaşmısızmı?! Biz, təbii
ki, bu tipli ifadələri şairin tapıntısı kimi dəyərləndiririk.
Yaxud kitabın "İkinci qat. Səhra gözəli" fəslindəki
"Sevgi rədifləri" şeirindəki poetik sintaksisə
nəzər salaq:
Gülüşünə
tay hanı?
qəmzələrin süzgün ox,
qansız
gözələ canım
qurban
olsun, yoxsa yox?
...Dərdin
dəvəsi sinəm -
dartır
həvəsi sənə...
Zınqırov
səsi sənə
mehman
olsun, yoxsa yox?
Görürsünüzmü, klassik poetik deyimlər yeni
qiyafədə, yeni biçimdə gözümüz
önündə necə bərq vurur?! Məlumdur ki,
poetik sintaksis nitqin elə bir xüsusi şəkildə
qurulmuş vasitələrindən istifadəni nəzərdə
tutur ki, onlar məhz obrazlı ifadəliliyi gücləndirməyə
hesablansın. Vaqifin poetik fiqurlarında
cümlələrdəki sözlərin qeyri-adi sırası
poetik frazalar, poetik ifadə rəngləri verir. Daha doğrusu, bu şeirlərdə poetik lüğət
öz zənginliyi və oynaqlığı ilə fərqlənir.
Vaqif şeirlərində nitqin poetik təşkilinin elə
xüsusi üsulunu tapır ki, o, qeyri-tipik olmaqla gündəlik
ünsiyyət üçün səciyyəvi olan dil
elementinin təqdimatı formasından imtina edir. Fikrimizcə,
Vaqif bunu da bilir ki, bədii nitq onun bütün element və
nüanslarına diqqət tələb edir. Eyni zamanda bu da var ki, poeziyada hər bir nitq elementinin
poetik nitq fiquruna çevrilməsi zəruridir. Çünki bədii nitqin obrazlılığı
nəinki sözlərin seçimindən, həm də bu
sözlərin cümlədə və digər sintaktik
konstruksiyalarla necə uzlaşması və onların hansı
intonasiya ilə tələffüz olunmasından
asılıdır.
Vaqifin
"Bəlkə" şeiri müxtəsərliyinə
baxmayaraq, olduqca düşündürücüdür:
Başım
ağrıyır... Niyə?
Dişim ağrıyır ... Niyə?
Qolum,
qanadım, dizim,
hər
yanım ağrıyır... Niyə?
Hər
şey cəhənməm, üstəlik
vicdanım ağrıyır... Niyə?
Göründüyü kimi, şair üçün
başın, dişin, qolun, qanadın, dizin, hər yanın
ağrıması onu, belə demək mümkünsə,
ağrıtmır, amma vicdanının ağrıması
çox narahat edir. Burada tanınmış romançı
Ənvər Məmmədxanlının "Həyatım
ağrıyır" ifadəsi istər-istəməz təfəkkürümüzdə
canlanır. Bu şeirdə də Vaqifin
istifadə etdiyi sintaktik fiqurlar şairin nitqini fərdiləşdirməklə
ona həm də özünəxas emosional rəng qatır.
Müəllifin "niyə" sualını dəfələrlə
təkrarlaması şeirin kompozisiyasının strofik
quruluşu üçün böyük əhəmiyyət kəsb
edir.
Vaqifin "Axşam" şeirinin isə başqa bir
hüsnü var. Onun da içimizdə necə bir aura
yaratmasını oxucularla bölüşməyimiz
yaxşı olar. Cəmi iki bəndlik bu şeirin yaratdığı
assosiasiyaya nəzər salaq:
Əridi,
ömür bitdi
Fitili sap
şam kimi
Gün
kükürdlü kibritdi -
qaralır axşam kimi.
Sanalı
anım qalıb -
babalı
şama qalsın.
Yüz
qram canım qalıb,
o da
axşama qalsın!..
Düzü, Vaqifin bu tipli şeirlərində biz haradasa
A.S.Puşkin, A.Blok, S.Yesenin, A.Axmatova, R.Rojdestvenski kimi rus
şairlərinin duyum tərzini, poetik fəlsəfəsini
görürük. Bu tipli təsvirlərin özünəməxsusluğuna
"Məni yaradan" şeiri tərəfdən də baxa
bilərik:
Əlimi
qayçılı san -
ağ kəsirəm
durmanda.
Gözümdə
açılarsan
gözlərimi yumanda.
Bu, Vaqifin uğurlu poetik biçimidir. Vaqifin
şeirləri, sanki çiçəklər, güllər,
körpələr kimi ləçəklənir. Şairin xeyirxahlığa, gözəlliyə,
sözə aydın və müxtəsər münasibəti,
obrazlarının orijinallığı, sanki münbit məhsuldar
torpağa düşüb boy verən toxuma bənzəyir.
"Xatirələr" şeirində sözlərin
düzümünə diqqət yetirək:
Xatirələr...
əyri
çəliyinə
söykənə-söykənə
bir
sevimli qız gəlib
baş-başa durur səninlə -
üzü qırışmış,
saçları qurumuş
dişləri çürümüş,
kədərli arvad şəklində...
xatirələr...
Bu şeirdə Vaqifin poetik sərbəstliyi onun
yaradıcı bacarığının, hiss və həyəcanının
təcəssümüdür. Şairin
fantaziyasına bürünmüş hisslərin özünəməxsus
uçuşu təxəyyülün pərvaz etməsinə
şərait yaradır. Bəs "Meşədə
axşam" şeirində nə görürük?
Hicran
odunu udsan,
dərə batar tüstümə.
Çaşıb
adını tutsam
yarğan
gülər üstümə?
pis yerdə
axşamladım!
Əcinnə
sürü-sürü
Cin su
verir qaşıqda
Boş
başımda tel hörür
hal
qızlar sarmaşıqdan -
pis yerdə
axşamladım.
Vaqif, məlum olduğu kimi, Füzuli rayonunun Bəhmənlisindəndir. Yəni kəndistan
yerinin ruhuyla, düşüncəsiylə, elin-obanın
nağıl dünyasıyla bir yerdə olub, xalq təfəkküründən,
onun mifik-əsatiri dünyasından, folklor aləmindən
yaxşı xəbərdardır. Elə
buna görə də onun üçün "dərələrin
tüstüyə batması, yarğanın üstünə
gülməsi, əcinnələrin sürü-sürü gəzməsi,
cinin qaşıqda su verməsi, hal qızların
başında sarmaşıqdan tel hörməsi" mifik-dini
düşüncə məhsulu kimi ortadadır. Baxaq
görək şair "Gülməli gəraylı"da necə
deyir:
Eyvan
asdı özünü,
Qapı
çırpdı dizinə,
Güzgü
yumdu gözünü -
Divar üstümə gəldi.
Vaqif şeir misralarını necə
hörür-hörsün orada onun poetik dünyasının
özünəxas koloritli bütövlüyü göz
önündə canlanır. Çünki onun
şeirləri informasiya verməyə yox, oxucu təxəyyülündə
assosiativ əlaqəli obrazlar canlandırmağa hesablanıb.
Bəs "Evrika" şeirində Vaqif
hansı mətləblərdən danışmağı
lazım bilib?!
Sürətin
ölçüləri başqalaşıb dünəndən,
Doğmaların
haqqından
üstündü
yadın haqqı.
Sən məni
sayıb, dostum,
maşınıma
minəndən
Başqa adam olmuşam,
Allahın adı
haqqı!
Vaqifin şeirləri mətləbin mətləbini
açmağa hesablanan nümunələrdir. Nümunədə
eyni kökdən olan təkrarlanan sözlərin kompozisiyanın
tematik hərəkətində fəal rolu görünməkdədir.
Burada "haqqı" ifadəsinin təkrarının
obrazın tematik əlamətinin mühüm elementi kimi
çıxış etməsi diqqət çəkir.
"Nidalı
qoşma" şeirində isə oxuyuruq:
Tamah ov
dalınca Günəşə gedər
ovçu
namərddisə, hər işə gedər...
Ürəyi
partlayar atəşə qədər
ovun mindən
biri yaraqdan ölər.
Vaqifin bu tipli poetik misraları adət etdiklərimiz yox,
qavrayışımızı titrədənlər, qeyri-adilərdir. Bu, şairin
dil stixiyasının zənginliyindən irəli gələn
bədii hadisədir. Həm də bu,
şairin sözlə oyun qurmasından irəli gələn
bacarıqdır. Elə "Söz oyunu" şeirində
olduğu kimi:
Sözü
sözə qatıram,
min
cürə yozum çıxır.
Sözü
yolub atıram
böyründən sözüm çıxır.
Açılır
bükdüklərim,
Yığılır
tökdüklərim...
Bar verir əkdiklərim
-
Dizimin duzu çıxır.
Vaqif bu şeirdə (həm də digərlərində)
eksperimentator kimi çıxış edir. Şairin bu
tipli düzümlərinin estetik funksiyası, ilk növbədə,
oxucuda emosional vəziyyət yaratmağa hesablanmaqla, onun poetik
diskursdakı estetik imkanlarını nümayiş etdirir.
Nizami Tağısoy
Ədəbiyyat qəzeti.-
2020.- 16 may. S. 24.