İşığın təbəssümü

 

Rəhmətlik anam deyərdi ki, özünü alaçalpodan gözlə, üzü bozdur, boz ay deyərlər ona. Uşaq vaxtlarımda eşitdiyim bu sözlər yaddaşımın alt qatlarında ilişib qalıbmış, son vaxtların bəşəri nigarançılıqla dolu əzablı ovqatında qəfildən pöhrələyib baş qaldırdı, yoxdan var oldu. İyirmi birinci əsrin iyirminci ilinin alaçalposu Çindən gələn, sunami dalğaları kimi bütün planeti cənginə alan koronavirus vahiməsi ilə insanlığı sınağa çəkdi; küçədə qəfildən yıxılıb ölüm sonluğunda çırpınan insana epidemiya qorxusundan yaxınlaşıb yardım göstərən olmadı; beş-on qəpiklik qoruyucu maskanın qiymətini beş-on dəfə qaldırıb dar macalda yenə alver etdi insan; virusa yoluxub ölüm tilsimində çırpınanları öz evlərinə doldurub bütün qapıları bayırdan bağladı, qapalı qıfıl-qaynaq etdi insan; qoruyucu maska taxmayanları ən vəhşi bir qəzəblə təpiklədi, təhqir etdi insan; dövlət başçısının uzatdığı əli həmin dövlətin naziri virus təhdidi ilə geri qaytardı, salamı saymadı insan; dünya boyunca sərhədləri bağladı, sevgiləri dondurdu, özünü öz evində girov götürdü insan; dar ayaqda robotların köməyinə möhtac oldu, süni varlıqlar erasının qapılarını açıb geri çəkildi insan...

Əsrlər, minillər boyu insanlıq çöküntülərinin çökmə və qabarma məqamlarının bədii təhlil və təqdiminə can atan ədəbiyyat yaratdığı İblislər, Şeytanlar, Demonlar, Mefistofellərlə insanın xilası naminə döyüşərkən... insan və insanlıq heç vaxt bu qədər mağmın görünməmiş, bu qədər alçaldılmamış və təhqir edilməmişdir. Ədəbiyyat dahisi F.Dostoyevskinin "Alçaldılmış və təhqir edilmiş insanlar"ını koronavirus cəngində çırpınan insanlarla, onların əzablarıyla müqayisə etmək olarmı?! Mikroskopik robot-varlıqlarla - koronavirus axınlarıyla az qala dünya müharibəsinə qalxan insan dar ayaqda necə də zəif, zavalı, köməksiz göründü! Ümumbəşəri dəyərlər, insani normalar beş-on günün, üç-dörd həftənin, iki-üç ayın içində necə də yerlə-yeksan, darmadağın oldu! Yeni, deyilənə görə laboratoriyada yaradılan mutant koronavirusun - tacvirusun insana qarşı bu planetar savaşının sirri-səbəbi, məqsədi-məramı nədir, kim kimə qalib gəlmək, kim kimin axırına çıxmaq istəyir və nə üçün?! Boşalan şəhərlərdən boşalan planetin nigarançılığı boylanır, məbədləri, məscidləri tərk edilən Yer kürəsi qəbir evi kimi sıxılır...

Adama elə gəlir ki, dünya - Yer planeti heç vaxt belə nigaran, belə başlı-başına, belə tənha və köməksiz olmayıb; sanki bəşəri sivilizasiya yolunda tragik sarsıntılarla bütöv bir epoxa başa çatır, diz çökür və tam yeni bir dövrün, neçə min illik bəşəri dəyərlərdən imtina edən tam fərqli bir epoxanın qapıları açılır. Yer sivilizasiyasının neçə-neçə şah əsərini yaradan möhtəşəm bir mədəniyyətin varisi olan yunan əsgərləri qaçqın uşaqların sığındığı qayığı dünyanın gözü qarşısında batırmağa çalışır, demokratiyanın beşiyi dedikləri Avropaya pənah aparan yüz minlərlə bədbəxt mühaciri gülləbaran edir, suda boğulan insanları sahilə çıxmağa aman vermir və dünya susur! Sonuncu peyğəmbərin, müqəddəs "Quran"ın göndərildiyi qədim bir xalq "ərəb baharları" tələsində vəhşicəsinə alçaldılır, məhv edilir və dünya susur! Neçə il əvvəl Amerikada çəkilən bir filmlə son vaxtlar Çində baş qaldıran və sürətlə yayılaraq, pandemiya miqyası alaraq az qala bütün planeti bürüyən, bütün ölkələri əhatə edən koronavirus fəlakəti bütünlüklə üst-üstə düşür, yəni bu planetar fəlakətin bioloji silahla yaradıldığı, bioloji müharibə faktı olduğu şübhə doğurmur və dünya susur! İnternet bazarında bütün bunların planetar miqyaslı iqtisadi-siyasi oyun, tamaşa olduğu söylənilir və dünya susur!..

susan dünyada sanki axirətin kölgə-kabusları dolaşır. Kəbənin boşalan tənhalığında "şeytanın kölgəsi görünəndə" - bu susan səs kimindir, nədən, kimdən soraq verir?.. Cəhənnəmi idarə edən 19 mələyin COVİD-19-la əlaqəsinə müqəddəs məkanlar şahiddirmi?..

Koronavirus qorxusu, yoluxma təhdidi ilə boşalan Kəbəni televiziyalar bütün planetə göstərəndə sükutu bircə hansısa din xadiminin kadrarxası hıçqırıqları pozurdu. O hıçqırıqlarda bəşəri bir kədər külçəsi, tragik bir əzab qaynarı vardı; ruhu göynədən, gözə dağ çəkən dəmir qaynarı kimi yandırıcı bir duyğu idi... Bir neçə müddətdən sonra Kəbədə dövr eləyən insanlar əvəzinə dövr eləyən quşları gördüm və həmin yandırıcı duyğulardan daha dəhşətli bir göynərti girdabına düşdüm; sanki quşlar insanları qınayırdı, Kəbə müqəddəsliyinə sevgini, etiqadı insanların yadına salır, bunun vacibliyini diqtə, təlqin edirdi.

Planetin böyük kədəri vulkan kimi püskürür; yandırıcı lava axınları bütün arzuları, ümidləri, keçmişləri, indiləri və gələcəkləri qorxunc əjdaha kimi kamına çəkir; hansısa ölkənin prezidenti polisləri təlimatlandırır ki, əmrə tabe olmayan vətəndaşları yerindəcə güllələyin; hansısa dövlətin baş naziri pandemiyanın qarayaxa təhdidləri qarşısında əllərin sabunla yuyulması qaydalarını şəxsən özü nümunə göstərir; üç milyonu ötən koronavirus yoluxmaları, iki yüz əlli mini keçən pandemiya qurbanları müqabilində Yer planeti evdə qal kampaniyasını bütün ölkələr, qitələr miqyasında tirajlayır; Beynəlxalq Səhiyyə Təşkilatının - ÜST-ün altında lax yumurtalardan başqa heç nə görünmür; Yer planetinin ən gözəl, ən böyük şəhərlərinin boş qalan küçələrini, meydanlarını meymunlar, çöl donuzları, dağ keçiləri, pələnglər, timsahlar, başqa heyvanlar "zəbt" edir; bir milyondan çox vətəndaşı koronavirusa yoluxan, yüz minə yaxın insanı pandemiyanın qurbanına çevrilən ABŞ-ın bir nömrəli dövlət və siyasət mərkəzi Ağ evin təxliyyə planı hazırlanır; Avropa İttifaqı vaxtında kömək etmədiyi üçün öz üzvündən - İtaliyadan rəsmən üzr istəyir; ABŞ-ın qocalar evində minlərlə ahıl pandemiyanın qurbanı olur; Birləşmiş Millətlər Təşkilatının Baş katibi dünya dövlətlərini bütün umu-küsüləri unudub koronavirusla birgə mübarizəyə çağırır və görünən budur ki, görünməz kiçik məxluqların bəşəriyyətə qarşı dünya savaşında, artıq çoxlarının dilə gətirdiyi üçüncü dünya müharibəsində Yer sivilizasiyası addım-addım uduzur. Acınacaqlı olsa da, evdə qal kampaniyası açıq döyüşdən qaçmağa, evdə, kazarmada gizlənməyə bənzəyir və Hippokratları, loğmanları olan dünyaya adamın yazığı gəlir. Əlbəttə, evdə qal kampaniyasını qınamaqdan söhbət gedə bilməz, bu, çarəsizliyin acı faktı, dünya təbabət elminin məğlubiyyətidir. Təkcə İtaliyada koronavirusa yoluxan tibb işçilərinin sayı on mini ötüb, bu da həkim fədakarlığının zirvə həqiqəti, alimlərin yox, həkimlərin qalibiyyətidir. Fərziyyələr təsdiqlənir; məşhur Nobel mükafatçısı, görkəmli fransız virusoloqu koronavirusun laboratoriyada yaradıldığını təsdiq edib; deməli, söhbət hansı dövlətin insanlığa, bütün bəşəriyyətə qarşı yaratdığı bioloji silahdan gedir; əgər belədirsə, bu planetar fəlakətdən çıxış yolu - zərdab da hazırlanmalıydı və paradoks ondadır ki, həmin zərdab hələ də axtarılır, dünya tibb elminin bir nömrəli hədəfi olaraq qalır; həmin çıxış yolunun, zərdabın hansısa dövlətin gizli seyfində saxlanılmasını, milyonlarla insanın ölüm-qalım savaşında "səbrlə" sükut mövqeyi tutulmasını, hansısa "liderlərin" dünya ağalığına hesablanan, dəyəri yüz milyardlar, trilyonlarla ölçülən hansısa iqtisadi, sosial-siyasi nəticələri alçaqcasına gözləməsini düşünmək - bu, dünyanın sonunu düşünmək kimi sarsıdıcı bir duyğudur və əgər nə vaxtsa bunun həqiqət olduğu təsdiqlənərsə, bu, bəşər tarixinin ən qorxunc, ən şərəfsiz, ən tragik üz ləkəsi, Yer sivilizasiyasının ən biabırçı reallığı olacaq. Və reallığa köklənən "RealTV"-nin efirindən Mir Şahinin küçələrdə dolaşan məsuliyyətsiz insanlara ünvanlanan sarsıdıcı sözlərini, bədənbaşlar ifadəsini eşidirəm. Yadıma təxminən otuz il əvvəl onun ANS-in efirindən dediyi başqa bir cümlə düşür: "Azərbaycanda müharibə gedir və müharibədə Azərbaycan gedir". Gedən və hələ də qayıtmayan torpaqların kədər çöküntüsünə dönə-dönə jurnalistin məğlub olmayan Vətən sevgisini, qalibiyyət eşqini düşünürəm. Məsuliyyətsiz insanlara, az qala koronavirusun gizli casusuna, yoluxdurucu kəşfiyyatçısına dönən vətəndaşlara bədənbaşlar deyən jurnalisti qınaya bilmirəm; bu, sənətin sındığı, sözün qurtardığı nöqtədə peşəkar jurnalistin çarəsiz çırpınışı, fədakarlıq faktıdır. Bu, Zərdabiləri, Mirzə Cəlilləri, Əli bəy Hüseynzadələri olan Azərbaycan jurnalistikasının qələbəsidir.

Min illərdir ki, bədii yalanlarla real həqiqətləri axtaran ədəbiyyat okeanının sahilləri bəlkə də heç vaxt belə tənha, kədərli olmayıb. Planeti hörümçək toru kimi bürüyən sosial şəbəkələrin, internet fenomeninin qapısı ağzından, koronavirusun başladığı üçüncü dünya müharibəsinin düşünməyə yer qalmayan sarsıdıcı reallığından ədəbiyyatın susan, sınan səsləri gəlir. Dahi Füzulinin "Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun" misrasına bənzəyir Yer üzü. Dahi Dostoyevskinin "Allaha yazığım gəlir" göynəminin küləkləri əsir Yer üzündə. Və dahi Nəsiminin "Dünya duracaq yer deyil, ey can, səfər eylə" çağırışının göylərində ruhlar durna qatarına dönür...

Supermarketin qapısı ağzında üzü maskalı, əli əlcəkli, gələn müştərilərin üstünə spirt çiləyən tanışın ironik təbəssümə bürünən qəfil səsi baxır gözlərimə:

 

- Müəllim, ədəbiyyatın kefi necədir eyy?

 

- Yenə köşklərdə "Ədəbiyyat qəzeti" tapılmır...

 

Səsini qısır:

 

- Görünməz balacalarla döyüşdə uduzursunuz...

 

- Ədəbiyyat məğlubların yox, qaliblərin Kərbəla meydanıdır...

 

- İndi deyəcəksən ki, "Ölüm asudə bahar ölkəsidir bir rində"?

 

Əslində zəhləm gedən bu qarayaxa tip Yəhya Kamalın məşhur misrasını deməklə gözümdə bir qədər işıqlanır:

 

- Böyük söz böyük xilaskardır. Min il əvvəl də beləydi, bu gün də belədir, sabah da belə olacaq!

 

- Yox, müəllim, daha gecdir, söz sınır, ədəbiyyatın son zəngi çalınır. O ki, qaldı "Ədəbiyyat qəzeti"nə, - yenə ironik təbəssüm donlu ani sükut...

 

- Köşklərdə yenə tapılmır, - dedim və nə deyəcəyini gözləmədən uzaqlaşdım...

 

Yadıma elmi-fantastika janrında çəkilən, insan beyninin yüz faiz qüdrətinə qovuşan, gizli gücünə, misilsiz imkanlarına sahiblənən qızın "O haradadır?" sualına son məqamda verdiyi cavab düşür: "Mən hər yerdəyəm". Eyni anda hər yerdə - keçmişdə, indidə, gələcəkdə olmaq, - bu, Allaha məxsus qüdrətdir. Filmin müəllifləri demək istəyirlər ki, çox cüzi, təxminən beşcə faiz imkanlarından istifadə edilən insan beyni bütöv potensial imkanlarıyla Allah qüdrətindədir. Və həmin filmdə məşhur alimin əndişəsi - insan, Yer sivilizasiyası buna hazır deyil, bu, planetar fəlakətə səbəb olar. Nə vaxtsa ruhun köçürülməsinə, reinkarnasiyasına... misilsiz inkişafa sahiblənən Atlantida da bəlkə həmin səbəbdən göy hökmdarlarıyla müharibədə məhv edilmişdi...

Biorobot kimi yaradılan Adəm və onun iki qabırğasından klon kimi yetişdirilən Həvva ilə başlayan insanlıq yeni biorobot yaratmağa yaxınlaşır və bəlkə də artıq bu fəlakət baş verib...

Yaratdığı "canlı" robotlar, kibergüclər tərəfindən məğlub edilən, həyat vəsiqəsi verdiyi dəhşətli silahların girovuna çevrilən insanın tragik sonunu hansı "İlahi komediya" miqyasında və məşumluğunda yazmaq olar?! Ölümə tərk edilən on minlərlə qoca pandemiya xəstələrinin qan göynədən psixoloji yaşantılarını yazmaq üçün Tanrı yeni "Hərb və sülh"lər, "İblis"lər göndərəcəkmi?! Bu bəşəri tragediyanın günahkarları, koronavirus adlı bioloji silahın yaradıcıları "Ölülər"in son səhnəsinə, "Karamazov qardaşları"nın məhkəmə zalına nə vaxt çağırılacaq?! Suallar çoxdur, bitib-tükənmir. Sualların göy üzündən axirət çağırışlarının, qiyamət qandallarının səsi gəlir. Və dəfələrlə yarımçıq qoyduğum, əzabla yazdığım bu yazıya yazığım gəlir; onun günbəgün yox, saatbasaat, dəqiqəbədəqiqə faktologiya baxımından köhnəldiyini düşünmək əzab verir; dəfələrlə dəyişdiyim ölüm rəqəmlərinin həndəsi silsilə ilə çoxalan dəhşətli mənzərəsinə daha baxa bilmirəm. A.Kamyunun "Taun", Q.Markesin "Vəba günlərində eşq" romanlarını, taunun qurbanı olan M.Füzulinin böyük kədərini, göylərdən gələn qəzəl-ayələrini düşünürəm və işığın nəfəsini, təbəssümünü hiss edirəm.

 

Sadıq Elcanlı

Ədəbiyyat qəzeti.- 2020.- 16 may. S. 25.