Müəllimliyə başlayanda...

 

“Mən” olmağın tarixçəsindən

 

68 yaşımda mənim çapdan çıxmış 1300-dən çox yazım var, onlardan 35-i kitablardır, biri romandır, yerdə qalanlardan çoxu məqalələr, azı isə ruscadan, ingiliscədən, Anadolu türkcəsindən çevirmələrdir. Yazılarımın 80-90 faizində hansısa orijinal-özgün ideyalar söyləmişəm, ya da başqalarının ilginc ideyalarını yeni çalarlarda açan diskurslar vermişəm. Elmdə, sözsüz, sənin birinci olaraq tapdığın daha dəyərlidir. Ancaq başqalarının tapdığı ideyaları heç kimin vermədiyi diskursda, yəni ifadəli, ekspressiv (yəni güclü-etkili, duyğulandırıcı) deyimdə vermək özü də bir hünərdir.

Yüzlərlə faydasız dissertasiyaların yerinə artıq Batı elmində irəli sürülmüş valehedici nəzəriyyələri güclü metaforalarda, deyimlərdə azərilərə anlatmaq, yəni belə təkrarçılıq yapmaq mədəniyyətimiz üçün daha faydalı olardı. Bu üzdən gənc istedadlara aydırıram: yeni ideyaya gücünüz çatmırsa, Froydu, Lakanı, Yunqu və başqa onlarca psixoloqu, filosofu gözəl açan dildə dissertasiyalar yazsanız, daha yeydir. Lakanının adını ona görə bu siyahıya saldım ki, guya bilikli olsam da, nə qədər əlləşsəm də onun ideyalarını yaxşı anlamadım, bəlkə bir gənc istedad mənə anlada bildi.

İndi isə başqasının dəyərli ideyasını yeni və ifadəli deyimə salmağa öz praktikamdan örnəklər gətirim. Demokratik toplumlarda dövlət inhisarının (etatizmin) azalmasının gərəkcəsini (zərurətini) hamı bilir. 90-cı illərin ikinci yarısında, deyəsən, "Müxalifət" qəzetində mən yazdım ki, cəmiyyətin müqavimət gücü artırılmalıdır. Çox keçmədi "cəmiyyətin müqavimət gücü" siyasilərin dilinə keçdi - əski ideyanın yeni biçimdə deyilməsinin faydası belədir. Düşüncəmi gücləndirmək üçün başqa örnək də verim. Elə həmin illərdə bir yazımda söylədim ki, toplumda siyasi rəqibləri repressiya edərək situasiyanı sadələşdirəndən sonra qalib gəlmək asandır. Çətin və dəyərli olan mürəkkəb situasiya rejimində qalib gəlməkdir. Bu ifadəli ideyam qabaqkı kimi dillərə düşmədi, ancaq sonralar gördüm ki, dostum Qulu Məhərrəmli kimi düşüncə adamlarının bilincinə iz salıb.

Bu qısa haşiyədən sonra boynuma almalıyam ki, bütün xatirələrim boyu bəzi kültür paradiqmalarının məni buxovuna saldığını görüb utanıram, yazımda özgür olmayıb onların cızdığı cızıqla getdiyimə görə. Yaşamımda nə uğurlarım varsa, onlara baxmayaraq memuarımı mazoxistcəsinə ondan başlamışam ki, məndə ilkində elmi uğurlar vəd edən heç nə yox idi. Çox göyçək qıza evlənib 42 il onunla gözəl, dramatik, melodramatik yaşam yaşayacağımı da heç nə vəd etmirdi.

Bu, nə sxemdir? İlkində əzilmişin, təklənmişin şahə qalxıb uğur qazanması? Fikir verin necə varlılar ləzzətlə uğurlarından qabaq ac günlərindən danışırlar, kino ulduzları ilkində dolanışıq üçün striptizlə məşğul olduqlarını boyunlarına alırlar və bu zaman nəsə psixoloji mazoxizmə oxşar bir ləzzət üzlərində, səslərində duyulur. Zoluşka nağıllarında da (bizdə Göyçək Fatma nağılında) oxşar prinsip işləyir. Kasıb qız axırda şahzadəyə ərə gedir, kasıb oğlan şahzadə qızla evlənir. Hollivud melodramlarında, hind filmlərində bu sxemi aydın izləmək olar. Ünlü terrorçu Bakuninin yaşadığı dönəmdə Rusiyada aydınların, məsələn, Bakuninin özünün, Belinskinin imicində özlərini tənbəlliyə, fərsizliyə görə danlamaq çox dəbdə idi. Sonralar oxşarını mən Fellinidə, Mastroyanidə gördüm. Onlar mazoxitcəsinə tənbəlliklərini, qarınqulu olmalarını ifşa edirdilər. Bu nə sxemdir? Onu formulə etməyə çalışım. Dialektiklərdən sonra Yunq da söyləyirdi ki, qütblər olan yerdə energetik gərginlik yaranır. İnsan indiki uğurlarını, varını, yaraşığını gərginlik qütblərinin arasına salmasa, öz gözündə yetənəkləri darıxdırıcı olar. Bunu Şopenhauer belə demişdi: insan nəyisə əldə edəndən sonra bilmir onunla nə etsin. Mənim əlavəm: əldə olunanların çətinliklə əldə olunmasını göstərəndə onlar darıxqanlıqdan çıxır. Bu anlamda yoxsulluqdan, səfillikdən sonra varlananda yoxsulluq, səfillik illəri şirin xatirələrə çevrilir. Kifirlikdən sonra yaraşıq gələndə kifirlik şirin xatirəyə çevrilir. Eynşteynin bioqrafiyası onun məktəbi elə də yaxşı oxumamasından başladığı üçün dühasına mat qalırıq. Mən də memuarımın bu sxemini duyub ikili duyğu arasında qalıram: aya, söylədiyim sxemi uydurmuşam ki, oxucunun psixolojisini dramatikləşdirim, yoxsa yaşamımın bu sxemə uyğun gəlməsi gerçək faktdır?

Andersenin "Çirkin ördəkcik" nağılı çox əski arxetipin daşıyıcısıdır, yəni onda da əski mədəniyyətin qalığı gizlənir. Bu, çirkinliyinə görə, başqa cürlüyünə görə qısnadılıb toplumdan qovulmuş uşağın zaman keçəndən sonra gözəllik, uğur qazanaraq öz toplumuna qayıtması və hamını utandırıb heyran etməsidir. Yaza-yaza birdən gördüm ki, xatirələrimdə taleyimin paradiqmasını "çirkin ördəkcik" motivi ilə də açmaq olar.

İndi isə memuarımın söyləmini yönəldən paradiqmanı konkret özətlərdə göstərim: 1977-ci iləcən mən elmlə ciddi məşğul olmamışdım, elmdəki xeyli tay-tuşlarıma baxanda daha çox oxuyub onların girişmədiyi nəzəriyyələrə girişsəm də, bilik tutumum elə də geniş deyildi. 1977-ci ildən 2000-ci iləcənsə (22 il) mən səhər çayından sonra axşam 11-12-cən oxuyub dəyərli ideyaları toplayaraq arxivləşdirirdim. Kompüter və İnternet gələndə bu işim yüksək səviyyəyə qalxdı. İndi düşünün ki, bu oxumaqlar, araşdırmalar passiv olmamışdı. Hər ağıllı yazının oxusundan məndə yeni ideya yaranmış, onu uyğun fayla salıb ya dərsdə, ya dostlarla söbətlərdə fırladaraq bollandırmışdım. Mən kinonun semiotikasından yazsam da, hələ semiotikanı dərindən bilmirdim, 80-ci illərdə isə bildim. Başlanğıcda semiotikanın etgisi altında miflər haqqında nəzəriyyələrə keçdim. Azərbaycan elmində, sözsüz, qabaqlar da mifolojidən danışılırdı, Mirəli Seyidovdan sonra türk mifləri üzrə yazılar dəbə minmişdi. Mənimsə yeniliyim çağdaş Azərbaycan ədəbiyyatında mifoloji qalıqları tapıb bərpa etmək oldu. Bu zaman qalıq yerinə "reminissensiya" terminini işlətməyim yaman "kayf" (kef) verirdi.

Əski və çağdaş milli mətnlərimizdə gizlənmiş mifoloji qalıqları üzə çıxarmaqla ilgili yazılarımda Yeleazar Meletinskinin "Mifin poetikası" kitabının etgisi böyük olsa da təsir təkcə onunku deyildi. Amerikada ritual-mifoloji ədəbiyyatşünaslıq məktəbi Meletinski kimilərinə təsir edərək dolayı mənim kimilərinə də etgi yapmışdı. Markes kimi yazarlar da mifsayağı simvollardan geniş istifadə edirdilər və bütün bunlar "mif və mədəniyyət" konusuna marağı gücləndirirdi. Ancaq marağı ən gücləndirən o idi ki, marksist-leninçi estetikanın və ədəbiyyatşünaslığın elmi aurası itmiş diskursları fonunda mif qalıqlarını sənətdə üzə çıxarmaq nəsə dərin məsələlərlə məşğul olmaq ləzzətini verirdi. Beləliklə, mifoloji qalıqlarla bağlı mənim düşüncələrimin orijinallıq dərəcəsi az idi. Orijinallığım onda idi ki, məhz Azərbaycan ədəbiyyatında və sənətində, konkret Anarda, Mövlud Süleymanlıda, Ramiz Rövşəndə mifoloji-ritual qalıqları tapıb bərpa edirdim. (Sonralar bu konu üzrə məqalələrimi "Sənətin arxeologiyası, sənətin arxitektonikası" kitabıma topladım). Məndən sonra bu xətti başqaları da davam etdirdi.

Tapdığım mifoloji qalıqlardan bir-iki örnək verim. "Bişmiş-çiy" ikişər qarşıtından (binar oppozisyonundan) istifadə edib Mövlud Süleymanlının "Şeytan" povestindən açdıqlarımı artıq xatirələrimin irəlidəki parçasında yazmışam. O çağlar ayrıca ləzzətlə Xaosdan Kosmosa keçidlərin, Makroksmun Mikrokosmda necə təzahür etməsinin qalıqlarını Azərbaycan kültür materiallarında tapırdım. İndi xaos/kosmos, mikrokosm/makrokosm məsələləri alışdığımız terminlərdir. O çağlar isə marksizm-leninizm təsiri altında olan darıxdırıcı ədəbiyyatşünaslıq fonunda bu sözlər stilyaqaların dama-dama pencəyi kimi şık görünürdü.

 

***

 

1977-ci ilin sentyabrında Aslan müəllim (Aslan Aslanov) axır ki, məni İncəsənət və Mədəniyyət İnstitutunun marksizm-leninizm kafedrasına müəllim götürdü. Bir az keçmiş İnstitutun Lenin kabinetinin müdiri Dilarə ilə evləndim. "Boyu uzun Burla xatunum" çox seçilən qız idi və tipinə görə Leyla Bədirbəyli kimi 70 yaşında da 55 yaşındakı yaraşığını saxlamış qadın oldu. Bu üzdən onu görən həkimlər, həmkarlar həmişə heyran qalırlar.

Dilarənin mənim elmi uğurlarımda böyük rolu olub, hərçənd, təzə-təzə müdafiə etməyə barmaqarası baxmağıma fikir vermirdi. O çağlar düşünürdüm ki, müdafiə etsəm, 20-30 manat fərqlə maaş alacam. Bir müəllim deyəndə ki, müdafiədən sonra baş müəllim olsan, maaşım 120 manatdan 280 manata qalxacaq, ciddi şəkildə müdafiəyə girişdim.

İlk tələbələrimdən biri Aydın Talıbzadə idi. Mənim əzəldən "müəllim" müraciətindən zəhləm gedirdi. İndi də gənclik tanışlarım "Niyazi müəllim" deyəndə ətim tökülür. Filfakda oxuyanda bəzi müəllimlərə professor olduqarı üçün "professor" deyilməsinə yaltaqlıq kimi baxıb həzm edə bilmirdim. İşə bax ki, 1995-ci ildən sonra bir xeyli adam mənə "professor" deməyə başladı. Qabaqca bundan narahat olsam da sonra öyrəşdim. İndi bu titulu dədə malı kimi daşıyıram. Hətta bir neçə dəfə gülməli duruma düşmüşəm. Yanımda bir başqasına "professor" deyəndə diksinmişəm, sanki adımı başqası oğurlayıb.

Tələbəm Aydına deyəndə ki, mənə müəllim demə, adımla çağır, şoka düşmüşdü. Ondan sonra hər dəfə məni öz tələbələrinə tanıdanda həmin olayı xatırladır. Güman bu dünyadan köçəndə mənə nekroloq yazsa, orada da xatırlayacaq. Ancaq öz aramızdır, doğrudan özlərini qalstukda boğan gənc müəllimlərdən fərqlənirdim. Bir ucuz rumın cinsim vardı onu geyinirdim, dərsə futbolka köynəkdə gəlirdim (heç kostyumum da yox idi, axı).

Moskvadan gələndə mən birdən-birə ora müəllimlərinin liberal imicinə düşdüm. Bu, ikiüzlülük, oyunbazlıq deyildi. Herman Hessenin "Çöl canavarı" romanında var ki, insanın, əslində, bir yox, çox üzü var. Sonra sosial psixolojidən oxudum ki, insan türlü sosial rollara girir və bu, ikiüzlülük deyil. Mənim Moskvada qabarmış brutal-üzlü imicimin yanında utancaq Niyazi də vardı. Bakıda bax, bu imic liberal aydın imici ilə birləşib nəzakətli, barışqan, təvazökar Niyazini verdi. Bu imic axırda mənə elə yapışdı ki, hərdən öfkələnib kobud danışanda adamlar şoka düşürlər, sanki gözləmədikləri adama rast gəlirdilər. Yaxşı yadıma düşdü, bu söylədiklərimi elmi baxımdan bir az da çalarlaşdırım ki, bizim gənclər imic məsələsi ilə bağlı yetərli bilgilənsinlər. Qustav Yunq insanı bilincsiz (yəni şüurlaşmamış) ruhundan idarə edən arxetiplərin sırasına Özünlüyü və Niqabı (Maskanı) salmışdı. Sonra göstərmişdi ki, normal adam harada özünün olduğunu, harada niqab taxdığını yaxşı bilir. Psixi sapıntı onda başlayır ki, adam Özünlüyünü unudub bütün hallarda niqabında qalır. Örnəyin, professor kafedrada professor niqabının (imicinin) tələb etdiyi kimi davranır. Ancaq o, evdə də arvad-uşağı ilə professorluq edirsə, gülünc görünür. Deməli, adamda Maska arxetipi Özünlük arxetipini tam sıxışdırıb onun yerinə tutanda bu, onda psixi anormallığın başlamasından xəbər verir.

Ağıllı adamlar imicləri ilə eyniləşməmək üçün türlü fəndlərə əl atırlar. Tutalım, öz eyiblərini səmimi boyunlarına alırlar, özlərinə kinayə edirlər... Bu yaxınlarda Radio "Exo"nun baş redaktoru Aleksandr Venediktovun Ukrayna jurnalisti Qordonla müsahibəsinə rast gəldim. Söhbətdə Venediktov bir sorunun cavabında boynuna alır ki, konspiroloji düşüncə ilə ən çox xəstələnmiş adam elə onun özüdür. Sual konspiroloji düşüncənin buxovundan qurtulmaq üçün verilir. Bilməyənlərə deyim ki, Batıda bir xeyli ciddi alim, hətta konspiroloji düşünəndə belə, tələsir boyunundan atmağa ki, yox, əstəğfrullah, konspiroloji düşüncənin xəstəsi deyil. Konspiroloji düşünən kəslər, adətən, dünyanın gizli mərkəzlər tərəfindən idarə olumasına inanırlar. Bax, bu kontekstdə Venediktovun etirafı adamı tutur. O niyə belə edir? Üzünə yapışmış hər nəsnəni bilən ağıllı intellektual maskasından çıxmaq üçün - onsuz da saqqallı, saçlı üzü-başı emblematikləşərək ona bu imici yapışdırımışdı.

Maska ilə ilgili bir məsələni də söyləyim. Biologiyada parazitlərin yeməyi yapışdıqları canlıların yeməyindən çıxır. Mədəniyyətdə kiməsə parazit demək başqasının hesabına müftə yeməyi bildirir. Ancaq kültürdə parazitlik elə geniş yayılıb ki, mənfi mənadan çıxıb. Sovet dönəmində hər kinorejissor saqqallı olanda hansısa ünlü saqqalının maskasını üzünə taxırdı. Parazitizm o idi ki, həmin ünlü adamın qan-tərlə qazandıqlarını o, saqqal çıxarıb müftəcə özünə götürürdü. Beləcə, Heminqueyin, Çe Qevaranın üzünü götürənlər kültür parazitlərinə çevrilirdi. Beləcə, bitlzların uzun saçlarının hər yerdə çoxlu parazitləri vardı. Onlar Con Lenonun, Makkartninin və o birilərinin saçlarını, geyimlərini yamsılayanda Bitlzın aurasından aldıqları şüalarla qızlara "bitlzlər kimi oğlanlar" magiyasında görünürdülər. Qadınlar Bricit Bardo kimi saralanda və nazlananda parazitizmə yol verirdilər. Mən Moskvada saqqal saxlayanda, sözsüz, Marksın, Engelsin yox, Demis Russosun paraziti olmuşdum. İndi bu memuarımda oxucunu silkələyən səmimiyyətim səmimi deyil də, biclikdir. Nə üçün biclikdir? Parazitliyimdə sona qədər parazit olmamaq, üzümə taxdığım maskalarla Özümü tam eyniləşməyə qoymamaq bicliyi. 

Mən Moskvadan "sabo" deyilən dabansız taxta ayaqqabı gətirmişdim, Mikrorayonda yaşayanda bu ayaqqabının "tak-tuku" elə yayılırdı ki, evdə arvad-uşaq da gəldiyimi eşidirdilər. İncəsənət institutuna cins şalvarda gəlməyim, güman, dedi-qodulara səbəb olurdu. Sezirdim ki, Aslan müəllimin münasibəti, "Moskvada oxuyub gəlib" deyimi mənə seçilən gənc müəllim aurası verirdi. Hərçənd, "Moskvada oxumaq" mifini tez-tez dağıdırdım ki, orada müdafiə etmək burdan asandır.

İncəsənətdə İslam adında şikəst bir müəllim vardı, tələbələr bilikli və ağıllı kişi kimi onun fanatı idilər, hətta qızlar evini yığışdırmağa gedirdilər. Bu adamla mən yaxınlaşmadım, heç dəyərini də bilmədim. Ancaq ona bəzi tələbələr qonaqlıq verəndə İslam müəllim məni də bir neçə dəfə çağırmışdı və birgə içmişdik. Mən İncəsənətə işə düzələn vaxt Asif Ata gur-gur guruldayırdı. Qabaqlar belə bir ilginc düşüncə adamının olmasını onun "Ulduz" dərgisində çıxmış məqaləsindən bilmişdim. Məqalə düşüncə səpkisi ilə məni heyran etmişdi. Qabaqlar ədəbiyyatdan dilimizdə belə əzələli-sümüklü yazı oxumamışdım. Sonralar Asif atanın fəlsəfi esseləri daha elə heyran etmədi - onlar hegelçiliyin feli bağlama, feli sifətlərin şəkilçiləri əsasında azərbaycanlaşdırılmış variantları idi. İrəlidə söylədim ki, əski ideyaları yeni biçimlərdə, güclü şəkildə bildirmək özü də bir hünərdir. Asif ata, bax, bu hünəri göstərirdi. Kimsə söyləmişdi ki, soruşanda o mənə "3" qiymətini vermişdi və bu onun yüksək qiyməti idi. Ancaq öz aramızda, nədən mənə özünün yüksək balın vermişdi, bilmirəm. O çağlar elə çox məqalələrim yox idi. Deyəsən, bir toplantıda çıxışımı eşitmişdi və inanmıram ki, o çıxışım parlaq olaydı, - yəqin, sadəcə, savadlı idi.

Sonralar təəccüblə gördüm ki, Asif atanın fanatları arasında sayğılar bəslədiyim Vurğun Əyyub kimi adamlar da var. Bir ara jurnalistlər Asif ata haqqında nə düşündüyümü soruşanda deyirdim ki, ideyalarına heyran deyiləm, ancaq o da faktdır ki, mən özümü cırsam-dağıtsam da o qədər fanatım olmaz. Məncə, yaxşı demişdim.

 

Niyazi MEHDİ

Ədəbiyyat qəzeti.- 2020.- 16 may. S. 26-27.