Açar
Romandan parça
Şəhərin səhər tezdəni - alatoranı bir
başqa aləm olur. Küçəyə çıxsan
sakitlik, seyrəklik canına rahatlıq gətirir, dinclik
bütün varlığına yayılır. Elə bilirsən şəhər sənə məxsusdur.
Hamı harasa qeyb olub, burada sahib sənsən və
hər şey sənə aiddir. Paytaxtın
gecələri də doğma və mübhəm olur. Gündüzün insan tünlüyündən və
maşın selindən bezib yorulan yollar gecə dincliyində
dincəlir, rahatlanmış əsəblərilə səni
ağuşuna alıb aparır.
Kənddə isə səhərin açılmasını
duymaq, görmək, eşitmək bir sirdir. Əvvəl
xoruzlar banlayır və itlər hürüşür. Sonra uzaqdan qurbağaların qurultusu aramsız səslənərək,
çayın azalıb, durulmuş sularının
şırıltısına qarışır, sehrli bir ahəng
yaradır. Hava azca işıqlaşana
doğru gedir, dünya süd ağı rəng alanda
quşların duası başlayır. Bu,
duadı, nəğmədi, civildəşmədi, aramsız və
coşqulu musiqidi - hər nədirsə, dünyanın əvəzsiz
gözəlliklərindən biridir. Quşların
avazından səhər bir az da
nurlanır, yarpaqlar birər-birər görünəcək qədər
hava aydınlaşır və yarpaqların qısa, gerçək
duası - pıçıltısı başlayır. Bu dəm
ancaq duyanların, qananların, hiss edənlərin bilmək
istədiyi bir hikmətlə yarpaqlar xəfifcə titrəşir,
Tanrıya və dünyaya əl yelləyir. Bunun
ardınca mal-qaranın, qoyun-quzunun oyanışı
başlayır. Yalnız kənd mühitinin özünəməxsus
ahəngi dünyanın o üzündən bu üzünə,
dirili sabahlara yol başlayır... Adama elə gəlir
ki, bütün bunlardan sonra insanlar dünyaya hakim kəsilir.
"Yaranmışların ən şərəflisi,
canlıların ən alisi" deyə özünü öyən
insanın bu sırada yeri sonuncudur. Bəlkə də hər
şey yenidən başlananda sonuncu əvvəlinci olur... Bax, bu da bilinməz hikmətlərdən biridir.
Çavuş Eldar təbiəti - doğal dünyanı
candan-qandan sevsə də təbiətin belə hikmətlərini
bu dərinlikdə dərk etmirdi. Dünyanın və təbiətin
harmoniyasını görmək, duymaq onun üçün
çətin idi. O hələ adi həqiqəti dərk
etməyə çalışırdı. Niyə
Tapdıq komandir kimi düşünə bilmir? "Nədən
o, hər şeyi əvəlcədən
ölçüb-biçə bilir, mənsə yox?.. Mən onu tanıyandan bir dəfə
də səhv etməyib. Ön cəbhədə - səngərdə
səhv ölümə bərabərdir", - deyir komandir.
Yenə
komandirlə aralarında olan dialoqu xatırladı:
- Cənab
komandir!
- Bəli.
...Sükut.
-
Eşidirəm... - onu gözləmədən: - Buyur - deyib əlavə
etdi və bütün bunları deyəndə bir dəfə
də əsgərin üzünə baxmadı.
O, çəkinə-çəkinə:
-
Axırıncı atışmanı unuda bilmirəm. Biz düşmənin arxasına keçəndə...
siz... siz orada - içəridə niyə
barmaqlarınızı saydınız, sonra biz bayıra
atıldıq?
Sükut...
- Mən
barmaqlarımı saymadım, gülləni saydım. - Pauza. -
Sən onu bilmədin? Gərək sən onu biləydin
axı!
Əsgər dinmədi. Zabit yalnız indi onun üzünə
baxıb soruşdu:
- Bir
maqazində neçə güllə olur?
- On - əsgər
həmən dilləndi.
- Güllə
qurtaranda neynirsən?
- Maqazini
dəyişirsən.
- Maqazin nə
qədər müddətə dəyişilir?
- Bir
neçə saniyəyə.
- Həmin
vaxtda biz neynədik?
-
Bayıra hoppandıq.
Komandir dərindən
nəfəs aldı:
-
Mövqelərimizi dəyişdik... Aydındır?
- ...
-
Aydın olmadı? Bax, biz keçdik düşmənin
arxa cinahına, onlar iki nəfər idi, birini həmən
vurduq, ona üç güllə sıxdım. Sağ
qalan bizi gördü. Atəş açdı,
ikinci, üçüncü atəşi də açdı.
Biz mövqe tapıb yerləşdik və tərpənmədik.
O bizim dayandığımız istiqamətə doğru irəlilədi
və mən orada azacıq hərəkət yaratdım ki, yenə
atəş açsın. O, irəliləyə-irəliləyə
dördüncü, beşinci gülləni atdı. Sənin şərfini açıb sol tərəfə
tolazladım. Bilirdim ki, oranı atəşə
tutacaq, elə də oldu. Beş güllə
boşaltdı həmin istiqamətə. Üst-üstə
neçə güllə edir? On güllə! Demək,
maqazinin gülləsi qurtardı! Neyləyəcəkdi?
- Onu dəyişəcəkdi.
- Biz həmin
vaxtdan yararlandıq, mövqeyi dəyişdik. Beləliklə,
o, bizi itirdi. Biz onu öldürə də
bilərdik. Amma həmin anda bizə onu
öldürməkdənsə sağ-salamat geri dönmək
lazım idi və biz elə etdik. Bu qədər
sadə. Razı qaldın?
- Əlbəttə!
- qızardı, hətta bir az utandı.
- Özgə
deyəcəyin var?
- Xeyr.
- Onda get dincəl...
***
Sevinirdi
ki, çərşənbələr başlayana və əri
gələnə qədər evləri tamam künc-bucaqdan təmizlədi,
çil-çırağı söküb yudu, paxlava
bişirdi, uşağın saçını bərbərə
yeni dəbdə düzəltdirdi, bircə pərdələri
dəyişdirməyi çatdıra bilmədi, pəncərənin
şüşələrini isə yay gələndə siləcəkdi,
yoxsa ki, hər Novruzda pəncərələri təmizləyəndə
xəstə olurdu. "Bircə pərdələri
də dəyişə bilsəydim əla olardı. Amma bir yandan onun qalması məsləhətdir.
Tapdığa deyərəm, pərdələri
açmaqda mənə kömək edər. Qonşu
psixoloq deyir ki, kişiləri ev işlərinə
cəlb edə bilsəniz, bu, sizin uğurunuzdur. O kömək
fiziki cəhətdən, bəlkə də, elə
böyük bir mahiyyət daşımasın, amma bir sıra
məqamlar üçün çox gərəklidir:
münasibətləri yaxınlaşdırır, evdə
ümumi dostlaşma-yardımlaşma aurası yaradır,
uşaqlara psixoloji cəhətdən müsbət təsir
göstərir, onların da ailə işlərinə qoşulması
zərurətini uşağın şüurunun
altyapısına yükləyir və üstəlik, ev işlərinə
cəlb olunan kişilərdə kobud hərəkətlər,
digər qaba davranışlar xeyli nizamlanır. Ağlabatandır"
- deyə düşündü.
Fərəhliydi, təmizlədiklərinə bir də
gözüdolusu baxır, çərşənbə bazarlığını
planlaşdırmaq istəyirdi. Tərs kimi telekanallardan birinin nərmənazik
aparıcısı elan elədi: "Müdafiə Nazirliyinin
mətbuat xidmətindən verilən məlumata görə,
Ermənistan silahlı qüvvələrinin bölmələri
cəbhənin müxtəlif istiqamətlərində 60
millimetrlik minaatanlardan və qumbaraatanlardan da istifadə etməklə
sutka ərzində atəşkəs rejimini ümumilikdə
102 dəfə pozublar. Silahlı Qüvvələrimizin
mövqeləri atəşə tutulduqdan sonra, əməliyyat
şəraitinə uyğun olaraq, bölmələrimiz tərəfindən
cavab tədbirləri görülüb". Elə bil ürəyi ayağının altına
düşdü. "Aman, Tanrım, cəbhədə vəziyyət
gərgin olsa Tapdıq gəlməyəcək". İndi hər yerdə xəbərlər gedirdi,
düyməni basıb kanalı dəyişdi. Eyni xəbər yenidən başqa kanalın
oğlan diktorunun səsində kabus kimi otağa doldu.
Əllərini ovuşdurur, üşüyürmüş kimi
ovuclarını cütləyib ağzına tutur, gah da dərindən
nəfəs alıb nəfəsini ovuclarına
üfürürdü, bilmirdi necə aram
tapsın. Hər dəfə bu tipli xəbərlər
həyatını yonub aparırdı. Bəlkə
çoxları üçün bu xəbərlər hərdən
təkrarlanan adi, rəsmi xəbər idi, amma kimlərinsə
bu xəbər taleyinin xəbərinə çevrilirdi. Gəlin bunu bilirdi. Ona görə
tez bütün qara fikirləri özündən
uzaqlaşdırmağa çalışdı. Hər
iki əlləri ilə qulaqlarının nazik, ət hissəsindən
çəkib, barmaqlarının uclarını divara vurdu:
"Kiş-kişlər olsun. Allah qorusun"
(bu vərdişini tərgidə bilmirdi). Əl
telefonunu götürdü. "Aman
Tanrım, zəng eləsəm hirslənəcək. Bəs mən neynim?! Gözləməkdən
başqa çarəm yox. İlk fürsətdə
özü zəng edəcək. Bilir ki, vəziyyət
gərgin olan kimi, "Xəbərlər"dən eşidib,
narahat oluruq".
Zəng gəlmədi. Daha əli heç bir
işə yatmırdı. Heç nə
eləmədi. Yemək bişirməyə
də həvəsi yox idi. Uşağa
xoşladığı kartof püresi hazırladı, əlüstü
qaymaq, göyərti və alma şirəsi
verdi, bir az oynayandan sonra yatızdırdı. Gecəyə
qədər gözlədi. Televizorun səsini
almışdı, ekranda eləcə görüntülər
bir-birini əvəz edirdi, səsini qaldırmadan düyməni
sıxıb ekranı da söndürdü. Telefonda internetə girib yeni xəbər
olub-olmadığına baxmaq istədi. Saytlar
eyni xəbəri nöqtə-vergülünə toxunmadan,
olduğu kimi paylaşmışdı. "Ölün
elə, biriniz bir əlaqə qurub xəbəri yeniləyin,
son vəziyyəti yazın, ya heç olmasa, xəbərə
təzə nəsə əlavə edin. Elə
köçürürlər bir-birindən". Saata baxdı, 3-ün yarısı idi. "Boy, yazıq yazanlar hamısı yatıb indi,
onların da mənim kimi yatağına qor dolmayıb ki?!
- fikirləşdi, vanna otağına
keçdi və gəlib könülsüz yatağına
uzandı.
...Təzəcə
durmuşdu. Yatağını sahmana saldı,
daha doğrusu, sahmana salmalı bir vəziyyət yox idi. Yatağa girəndə qoşa çarpayının
örtüyünü bir ucundan qaldırıb, o biri tərəfin
üstünə atmışdı. Elə
uzanmışdı, elə durmuşdu ki, elə bil heç
burada adam yatmayıb, quş qonub, üstə
atdığı tərəfi əli ilə geri qaytardı, vəssalam.
Bu vaxt qapı açarla açıldı.
Gəlin həmin anda cibindəki balaca
narıncı dairə çərçivəsi olan
güzgünü çıxardıb, qeyri-ixtiyari
üz-gözünə nəzər saldı və cəld
güzgünü yataq otağındakı böyük
güzgülü şkafın üstünə qoydu,
qaçaraq özünü ümumi qapının
qabağına çatdırdı. İçəri
girən əri ayaqqabılarını hətta soyunmağa
macal tapmadı. O, ancaq zabit gödəkcəsinin
üstündən belinə kip bağladığı
qalın kəmərini və gödəkcənin düymələrini
aça bilmişdi. Gəlin körpə sevinci
ilə özünü onun ağuşuna atdı. Əri qollarını açıb onu köksünə
sıxdı. Gəlin onun ağuşunda
itib-batdı, sanki. Gəlin əllərini ərinin
qalın gödəkcəsinin altından salaraq, çiyinlərindən
üzüaşağı sürüşdürərək,
kürəyinə doğru aşağı salladı. Zərif, kiçik əllərini onun kürəyində
gəzdirdi. Kənardan baxan onları bir adam
zənn eləyə bilərdi. Əri gödəkcəsinin
hər iki tərəfini tutub üst-üstə gətirdi və
sağ əlində qalmış kəməri qalın üst
paltarının belindən dolayıb gəlinin kürəyində
bağladı. İndi
qucaqlaşmış şəkildə hər ikisinin belində
eyni qalın zabit kəməri var idi. Onun bu jestinə gəlin
uğunub getdi:
- Ay, daaa,
neynədin?! - deyib təkrar ərinin
köksünə sığındı, onun boynunu daha bərk
qucaqladı, əllərini boynunun arxasından təkrar geri
sürüşdürüb bu dəfə uzun, nazik
qollarını sevdiyinin qolları ilə bərabər gödəkcənin
hər iki qolundan içəri uzatdı. Onlar həqiqətən
gülməli şəkildə ikisi bir gödəkcə
geyinmişdi bu an. Belə dayanmaq çətin idi. Qollarını geri çəkib əllərini onun
köksündə, kürəyində gəzdirdi.
Əri qollarını təkrar onun belindən dolayıb arxa tərəfdən
kəmərin xüsusi qayda ilə açılıb
bağlanan toqqasını şaqqıltı ilə
açdı və ilan kimi ona dolanmış gəlini azca
özündən araladı:
-
Yaxşı... istiləndim - dedi. - Soyuna-soyuna gəlinin
başının arxasından tutub, özünə tərəf
çəkdi və alnını dodaqlarına sıxdı,
göz qapaqlarını bərk-bərk yumdu... sonra isə hər
ikisi bir-birlərinin dodaqlarının köz kimi istiliyini hiss
etdi...
- Aman
Tanrım, bu sənsən, gəlmisən - gəlin aramsız,
mahnı kimi pıçıldayırdı. - İlahi...
Allahım, Sənə min şükürlər olsun! Səni mənə yetirən yollara qurban olum -
gözlərinə dolan yaş, başını arxaya
qanırıb, aşağıdan-yuxarı ərinin
üzünə baxdığına görə gözlərinin
yanlarından süzülüb qulaqlarına doğru
axırdı. O da əllərinin ani hərəkəti
ilə gözlərini yox, qulaqlarının yanlarını
silib burnunu çəkirdi.
- Nədi,
gəlməzdim?! Nədən ümidsiz idin?
-
Ümidsiz deyildim. Xəbərlərə qulaq
asdım. Dedilər yenə ermənilər
cəbhəboyu atəşkəsi pozublar.
- Cəbhəboyu
yox, cəbhənin Ağdam istiqamətində - Tərtər,
Goranboy tərəfdən hücum olub.
- Saytlar
da elə yazmışdı, cəbhəboyu...
- Yazanlara
nə var, ee, çoxu detalları bilmir heç, indi durub desən,
deyərlər ki, nə fərqi var, cəbhəboyu olsun, ya cəbhənin
Ağdam istiqamətində. Gəl izah elə
ki, bunların yerlə-göy qədər fərqi var.
- Eh,
hamısı birdir elə. Əsas bu bəlanın
qurtarmasıdı. Onu da qurtarmağa
qoymurlar. Böyük dövlətlərə
sərf eləmir Ermənistan-Azərbaycan müharibəsinin
qurtarmağı. Yoxsa biz hücum edib
torpaqlarımızı geri alar, erməniləri sərhədlərimizdən
qovub çıxararıq.
- Oho, sən
artıq siyasətləmi məşğulsan!?
- Siyasət
yox, reallıqdan danışıram mən. Əsas
reallıq odur ki, biz hücum edib torpaqlarımızı geri
almaq üçün müharibəyə qalxsaq, dünya haray-həşir
qaldırar ki, erməniləri qırırıq. Amma ermənilərin ara-sıra atəşkəsi
pozub öldürdüklərinin heç adını tutan
yoxdur.
- Narahat
olma, biz bir yolunu tapacağıq. Dünyanı
haqq işimizə inandırmağın da yolunu
bulacağıq. İndi al bu telefonu toka
tax, sönüb. Mən bir yaxşı
yuyunum.
Gəlin telefonu toka taxdı və yandırdı. O, mobil telefonuna kod
qoymazdı. Baxdı ki, adsız ünvandan
çox sayda zəng gəlib. Bir əl-üz
yuyacaq müddətinə qədər artıq çimib
çıxan əri dəsmalla qurulanıb hamam xalatında
bayıra çıxdı. Gəlin paltar dolabından
bir dəst idman paltarı çıxarıb ona verdi və mətbəxə keçib yemək
tədarük etmək istədi.
- Yeməyə
tələsmə, bir stəkan çay ver - dedi saçlarını
quruda-quruda.
Gəlin çay gətirdi.
O, divanda oturmuşdu. Ona görə sinidə gətirdiyi
çayı, mürəbbəni, axşam bişirdiyi paxlavadan
doğrayıb gətirdiklərini divanın
qabağındakı jurnal stolunun üstünə
düzdü. Mizin üstündən konfet
qabını da götürüb onların yanına qoydu.
Uşaq hələ yatırdı. Gəlin uşaq otağına keçib ona bir nəzər
saldı. Əri də elə o anda uşağı
soruşdu:
- Hələ
yatır? - dedi. Çaydan elə qaynar-qaynar bir qurtum alıb,
- gəl otur yanımda -dedi.
- İndi gəlirəm - deyib gülümsündü. Gedib ərinin yanında
oturmaq, onun boynuna sarılmaq istəsə də buna tələsmirdi...
Mobil telefon şəbəkədə ola-ola zəng gəldi. Gəlin
özündən asılı olmayaraq telefona tərəf
qaçdı. Əri də əlindəki stəkanda
çayı bitirmədən nəlbəkiyə qoydu:
- Ver
görüm - dedi.
O, telefonu
şəbəkədən ayırıb ərinə verdi. Niyəsə həyəcanlanan
kimi oldu. Üzünü əllərinin
arasına alıb sakitcə baxırdı. Şəhadət bamaqlarını hər iki tərəfdən
qulağının üzərinə tutmuşdu. Hər zəng gələndə eşidəcəyindən
ehtiyat etdiyi cümləni eşitmək istəmirdi. Heç istəmirdi o cümləni eşitmək.
Onu eşitməmək üçün şəhadət
barmaqlarını qulaq qapaqcıklarının üzərinə
sıxmaq istəyirdi, ya da barmaqlarını qulaq yuvasına
salmaq və heç nə eşitməmək. Bilmirdi başqa hərbiçi xanımları,
anaları, balaları da o cümlədən qorxurlarmı,
yoxsa yox. Amma o, bu deyimdən çox
qorxurdu. Və o cümləni dedi əri:
- Oldu, qəbul!..
Salamsız, sağolsuz deyilmiş bu cümlədən
sonra əri ona da heç nə demədən gedəcəkdi. O, bunu bilirdi. Barmağını
qulaqlarına bərk-bərk sıxmışdı. Kişi "telefonu yenidən şəbəkəyə
tax, mən geyinənə qədər dolsun" - deyirdi.
Eşitmirdi. Özü
taxdı telefonu toka. Bayaq soyunduğu
paltarları heç nə demədən geyinməyə
başlamışdı. Gəlinin
barmaqları və qulağı keyiyirdi. Əllərini
yavaş-yavaş üzündən
sürüşdürüb götürdü, sinəsində
çarpaz tutub saxladı. Əri onunla küsülü
kimi üzünü kənara tutub deyirdi:
- Sən
o ənənəvi kasanı su ilə doldur, gətir...
başqa variant yoxdur. Telefonum sönülü
olub, on beş-iyirmi dəfə yığıblar məni.
Getmək lazım. İnan
ki... məndən asılı deyil.
Gəlin çiyinləri çökmüş halda mətbəxə
doğru ayaqlarını sürüdü. Əri
demiş, "ənənəvi kasanı" su ilə doldurub
gətirdi, qapının ağzında əlində hazır
tutdu. Əri soyunduğu, hələ heç
asılqandan asmadığı gödəkcəni
atdığı yerdən götürüb cəld geyindi, gəlin
heykəl kimi durmuşdu, daha ona toxunmaq olmazdı, zabit kəmərini
də belinə bağladı, dönüb getmədən əlinin
tərsini onun mərmər kimi üzünə, sinəsinə
sürtdü, qapının içəri tərəfindəki
açarını iki dəfə burub qapını
açdı və güllə kimi pilləkənləri
düşdü. Gəlin ənənəvi olaraq kasadakı
suyu çox səs salmasın və sıçrayıb onun
üstünə düşməsin deyə, yavaşca
arxasınca atdı...
İki mərtəbə düşəndən sonra lifti
çağırıb liftə mindi, blokdan çıxıb
binanın tinini dönəndən sonra qəfil dayandı. "Birdən
o ağlıyar, pis ağlıyar. Mən
heç ona "sağ ol" da demədim. Gərək nəsə deyəydim". Dayandı, geri qayıtdı, liftin düyməsini təkrar
sıxdı. Lift elə birinci mərtəbədə
qapısı bağlı, içi boş dayanıbmış,
həmən qapıları açıldı, minib mərtəbələrində
düşdü. Yerdə təzəcə
tökülmüş suyun izi vardı, qapı açıq
idi. Gəlin dəhlizdə əlində
boş kasa sakitcə dayanmışdı. Suyu
tökəndən sonra heç tərpənməmişdi.
Onu
görüb:
- Nəyi
unutdun? - dedi.
- Səni.
- ...
-
Yaxşı, sağ ol.
- Mən
heç... uşaqla görüşmədin. - Gəlin kədərli
gülümsündü, dodaqlarını çarəsizcə
büzdü.
- Hə...
- ayaqlarına baxdı, zabit çəkmələri
uzun-uzadı iplə çəkilib bərk-bərk
bağlanmışdı.
-
Ayaqqabılı keç. Palazları
yığıb təmizləmişəm, hələ salmamışam.
Döşəməni silərəm.
- Əziyyət olacaq.
-
Keç-keç, əziyyət olmaz, hətta sevincək dedi.
Uşaq öz çarpayısında arxası üstə
yatmışdı. Qolunun birini başından yuxarı, əyri
oraq kimi qoymuşdu, əli yarıyumulu idi.
"Allaha
əmanət ol, bala" - ürəyində dedi. Bilmədi uşağı necə öpsün.
Ayağı ədyaldan bayıra
çıxmışdı, əyilib ayağından
öpdü, sonra dodaqlarını yarıyumulu əl
barmaqlarına sürtdü.
Yenə ayaq izləri qoya-qoya geri -
qapıya qayıtdı, elə orada:
- Səninlə
sağollaşmıram, tez qayıdacam - dedi - bundan münasib söz
tapmadı - və getdi...
02.02.2020
Natəvan
DƏMİRÇİOĞLU
Ədəbiyyat qəzeti.-
2020.- 16 may. S.28-29.