Şeir Günəşin dalınca qaçmaqdır

 

Şeirə vəzninə görə münasibət bildirən cavanlara

 

Yazının dəhnəsində iki uşaqlıq xatirəmi yazmaq mənə sözümün evinə gəlməkdə kömək edəcək.

Evimiz Laçında Həkəri çayının yatağına yaxın olurdu. Çay yatağının sağı və solu sıra dağlar idi. Səhər günəş çayın sol qolundakı dağların başından doğurdu, axşam sağ qolundakı dağların başından batırdı. Yayda axşamüstü günəş əyilib, sağ əldəki dağın başında üfiqi vəziyyət alırdı. Gözlərin qamaşana qədər baxdığın anda sənə elə gələrdi ki, günəş dağın başına söykənmiş top lüləsidi. Ağlıkəsməz uşaq vaxtlarımda çayın qırağından götürülərdim dağın başına. Nədi-nədi ki, gedib günəşi yaxından görəcəyəm. Böyüklər nəyə qaçdığımı bilirdilər və məni haylayırdılar ki, "ay uşaq, şeytan fəhləsi olma, geri qayıt, elə görünməyinə baxma, orda gün yoxdu". Amma mən dayanmazdım, qaranəfəs qaçardım. Dağın sinəsində bir yer vardı, ora çatanda göyə baxıb günəşi çayın qırağında qoyub gəldiyim yerdən yayınıb yuxarı qalxdığını görərdim. Əlbəttə, bu mənə belə gələrdi, günəş elə öz yerində idi. Kor-peşman yarı yoldan geri qayıdardım. Ağlıkəsməz vaxtlarımda 6-7 dəfə günəşin dalınca qaçdığım olub.

Laçında Həkəri çayı boyunca dədə-babalardan qalma çoxlu tut bağları vardı. Tut dəyəndə xanımlar bəhməz və irçal bişirər, sərib tut qurusu edərdilər. Kişilər isə çırpılmış tutu çəlləklərə doldurub qıcqırmasını gözləyər, yayın sonundan payızın orta ayına qədər misdən hazırlanmış dəfə-daraqla gecə-gündüz araq çəkərdilər. Araq çəkilən yerə zavod deyilirdi. Biz uşaqlar da gündüzlər araq çəkənlərin yanına gedib bu işi seyr edər, araq çəkənlərə ehtiyac olanda gücümüz çatan işlərdə əl atardıq. Yadımda qalan bir proses çox maraqlıydı. Bir bağın tutu çəkilib qurtarandan sonra növbəti bağın qıcqırdılmış tutu qazana tökülüb təmiz arağı gələn kimi araq çəkən kişilər lülədən süzülən mayedən bir qədər nəlbəkiyə tutub qıraqda od vurardılar. Nəlbəkidəki maye göy alovla yanardı. Hansı bağın tutu yanandan sonra yerində daha az su qalırdısa, demək o bağın tutu çox şirin, qıcqırma müddətində buxarlanma itkisi isə az olub. Bu, çəkilən arağın keyfiyyət göstəricisi sayılırdı.

Son vaxtlar bəzi dərgi və saytlarda cavan ədiblər tərəfindən şeiri vəzninə görə dəyərləndirən yazılar işıq üzü görür. Bu yazılarda əsasən tərəzinin bir gözü müəllifin gözündə sərbəst şeirin xeyrinə aşağı basır, heca şeirinin qoyulduğu gözü isə təbii ki, yuxarı qalxır. Mən cavanların tərəzisində yüngül gələn heca şeirinin tayının üstündə durmaq fikrindən uzağam. Sadəcə, həmin yazıların kontekstində şeir haqqında fikirlərimi bölüşmək hissi mənə güc gəldi. Amma haqqın tayının üstündə durmağı boynumun borcu hesab edirəm.

Çox təəssüf ki, gənclər sənətə, onun janrlarına yaranma zamanı etibarilə hansının qədim və hansının təzə olmasına görə qiymət verirlər və bu zaman guya yeniliyin tərəfdarı olduqlarını göstərməyə çalışırlar. Belə yazılarda əsasən yekun qənaət kimi - əgər hökm vermirlərsə - heca şeirinin dövrünün keçdiyini cəmiyyətin şüuruna yeritmək meyli hiss olunur. Şeiri vəzninə bölüb şairin fikir və düşüncəsini sərbəst şeirdə daha azad ifadə olduğunun tərəfdarı olanların fikirləriylə o zaman razılaşmaq olar ki, hecada yazılan şeirlər bədii-estetik gücünə və müəllifinə özünü ifadə etmək üçün verdiyi imkana görə o biri vəznlərə yenilsin. Axı bizdə bu, müşahidə olunmur. Hecaya ağız büzənlərin, onu ironiya ilə "dördkünc" şeirlər adlandıran bəzi əli qələm tutanların saçı-saqqalı ağarıb, amma hələ də yazdıqlarını eksperiment adıyla ortaya çıxarırlar. Müəllifin yazdığını uzun illər eksperiment adına ortaya çıxartmasının alt qatında həm də özünə, yazdığının bədii dəyərinə bədgümanlıq dayanır. Dolayısı ilə belə özündən bədgüman mətnlərin eksperiment adlandırılması haqqında müəllifə sual edəndə cavab yerində özünü qabaqcadan sığortalamaq üçün əl yeri qoyur. Necə deyərlər, tutar qatıq, tutmaz ayran. Bunlar ancaq qrupbazlıq edərək, bir-birinin başını bəzəyib, bir-birinə mükafatlar verib nə yolla olur-olsun, özlərini gündəmdə saxlamaq istəyindən o yana keçmir.

Şeir hansı vəzndə yazılır, yazılsın meyar sənin mövzunu necə ustalıqla işləməyində, fikirlərini nə qədər pardaxlaya bilməyində, ruhunun (vəhy) və müşahidələrinin (kəsb etmək) diliylə özünü ifadə edə bilmək bacarığındadır. İnsan nə qədər elmi tərəqqiyə nail olsa da, şeirin materialı keçmişdən günümüzə yol alan, folklor kitablarında cəmlənib dədə-nənələrimizin ruhunu özündə yaşadan sehrli sözlərdi. Ustad tarzənin barmağının simlə çarpışmasından insanın qəlbini ehtizaza gətirən musiqi havalandığı kimi, arı ilə çiçəyin tutaşmasından şana bal süzüldüyü kimi, əlindəki qələm sənin ən dərin fikirlərinin bədii ifadəsini ancaq sözlə, onu yerli-yerində işlətməklə verə bilər. Qələmin çarpışması, tutaşması sözlədir. Bu gün şeirə gəlmək istəyən cavanların ortaya qoyduğu mətnlərdə daha çox müşahidə olunan qüsur həmin mətnlərin dil, söz ehtiyatı baxımından yavan olmasıdır. Hansısa mövzuda şeir yazanda gərək şairin söz ehtiyatı elə ola ki, mövzunu aça bilən bütün sözlər göydən keçən durna qatarı kimi onun ağlından (burda xəyal yerinə düşmür) ötüb keçə. Şair həmin sözlərdən ona lazım olanını qatardan endirə bilməlidir. Bəzən həmin qatardan şeirə saldırılan sözdən daha yaxşısı qatarda görünə bilər, bu zaman əvvəlki sözü buraxıb, təzə sözü şeirdə yerinə qoymaq lazımdır. Hər hansı bir mövzuya müraciət edən şair mövzuya aid olan hər şeyi xatırlamalıdır. Misal üçün, tutaq ki, ağacdan bədii mətn yazan müəllif ağacı dibinin kölgəsiylə, budağındakı quşu yuvasıyla, itin qovduğu pişiyin həmin ağaca dırmaşaraq canını qurtarmasıyla, dibindən keçən su arxıyla, sinəsindəki qarışqa cığırıyla, hətta düşməni olan baltanı görəndə necə qorxmasıyla xatırlamalıdır. Baxanda gözlə görünməyən kökləri də öz yerində! Başqa cür ağac haqqında olan şeir yavan olacaq. İkinci bir misal su - maye haqqında deyilən sözlərə baxaq - içmək, hörtdətmək, dümləmək, tamsınmaq, qudum, qurtum, bir yan ovuc, bir qoşa ovuc və s. İndi, gəlin, görək bu sözlərin işlənmə yeri necə seçilir. Ciyəri yanan suyu içir, hövsələsiz adam isti çayı hörtdədir, uşaqlar limonadı dümlədilər, getdi (burda incə yumor da var), xəstənin dodaqlarına limonlu suda islanmış pambığı toxunduran zaman xəstə ancaq suyun tamını, dadını dilində hiss edir - bu, tamsınmaqdı, ardınca el arasında su haqqında ölçü vahidi kimi işlənən sözlərdi - mənə bir qudum su ver, bir qurtum su içdim, bir yan ovuc su içmək, bir qoşa ovuc su içmək. Bədii mətndə gərək dilin zənginliyinin verdiyi imkandan məqamında yararlana biləsən. Bunu bacaran dili sevdirəcək. Dilə sevgi qazandıran özünə və yazdıqlarına sevgi, ölənlərinə rəhmət qazandıracaq. Ədəbiyyat dil faktorudur, yazırıq ki, bizə öyrədilən dil yaşasın. Burda ayrı düstur yoxdu.

Gözəl şeir yazmağın vəznə, formaya heç bir dəxli yoxdu. Şeirdə vəznin fərqi almanı doğrayıb yeməklə, dişləyib yemək arasındakı mahiyyət fərqi qədərdir.

Aşağıda sərbəst şeirə nümunə kimi güneyli yazar Aydın Arazdan bir nümunə gətirmək istəyirəm:

 

Yalnızlıq - yəni qapını döyənlər

Üzr istəyirlər yanlış gəldiklərinə görə...

 

Hara fırlatsan, hardan baxsan sanballı, bir dəfə eşitməklə yadda qalan deyimdi. Sərbəst şeirdi. Yalnızlığın fikirlə rəsminin şəklidi. Buna kim nə deyə bilər?!

Yoxsa, "stul "h" hərfinə bənzəyir"i də bir tapıntı kimi şeirə gətirirlər. Gülməli və sənət adına söyüşdür. Hələ bir tənqidçi bunlardan ala-bəzək bir yazı da yazır.

İndi də bir neçə kəlmə şeirdə azadlıq haqqında. Şeir, eləcə də digər sənət sahələri azadlıq sevir. Amma ortada o azadlığa yaraşan nəsə olsun. Bu nəsəni isə necə, hansı formada deməyin, necə ifadə etməyin sənətdə heç bir fərqi yoxdu. İstər ənənəvi formanı seç, istər sərbəsti. Bizdə sərbəstdə sicilləmələr oxuyursan-oxuyursan, amma heç nə almırsan, müəllifin nə demək, hansı informasiyanı çatdırmaq istədiyi anlaşılmır. Şeiri oxuyandan sonra ha fikirləşirsən maraqlı bir deyimi yadına düşmür. Sonda səndə belə bir qənaət hasil olur ki, müəllif bu oxucuya çatmayan fikirlərin arxasında ancaq özünü (imzasını) gizlədir. Yəni mən bu oxuduğun yox, mətnlə varam. Keçən əsrin ortalarında Avropada rəssamlıq və poeziyada dadaizm deyilən bir cərəyan olub. Cərəyanın nümayəndəsi qəzetdən sözləri doğrayıb panamasına doldurur, sonra ordan bir-bir çıxardıb, ard-arda düzüb adını şeir qoyurmuş. Daha doğrusu, bu, rabitəsiz sözləri şeir qəlibinə salmaqdır. Gerisi oxucunun öhdəsinə düşür, oxu, nə anlayırsan anla... Şeirdə azadlıq, sərbəstlik olmalıdır deyənlərin nəzərinə bir daha çatdırım ki, bəli, sənət azad olmalıdır, amma yaxşı şeir var gücünlə sıxılmaqla (gərilməklə) sərbəstliyin vəhdətindən doğulur. Şeir yazarkən şair içəridən hanadakı iplər, ifaya köklənmiş tar simi kimi daram olmalıdır. İstənilən şeir mətninə bu meyarla qiymət vermək olar. Bu dediklərimi anlayan şəxs şairdir. Yoxsa azadlıq, sənətdə dombalaq aşmaq deyil. Sıxılmaq, içinin daramlığı səni dərinliyə aparmaq üçündür. Bəs sərbəstlik nədi - sərbəstlik dərinə yenərkən təfəkkürünün sənə çatdırdığını qazandığın söz ehtiyatınla özünü ifadə edə bilməyindir. Kimdə az, kimdə çox. Yəni sənətdə azadlığı qazanmaq mərtəbəsinə qalxmaq sənətkarın öz əlindədi. Onu o özü qazanır, onu sənətkara heç kəs bağışlamır. Burada el deyimi yada düşür, filankəsin dili də var, dilçəyi də.

Bizdə yenilik adına şeirdə bəzən elə əndrəbadi fikirlərə rast gəlirsən, məəttəl qalırsan. Burdakı yenilik altına yorğan, üstünə döşək salmağa bənzəyir. Bilmirsən qəh-qəh çəkəsən, ya hönkürəsən?!

Hansı vəzndə yazılmasından asılı olmayaraq, şeirdə lakoniklik və obrazlı dil həmişə üstünlük qazanacaq. Obrazlı düşüncə şairin fikrini dərhal oxucuya çatdırmaq baxımından əvəzsiz materialdır. Bunun üçün isə həyatda görüb-götürmək və zəngin müşahidə qabiliyyətin, mənalandırma bacarığın, bənzətmə fəhmin olmalıdır. Obrazlı düşüncə hadisənin oxşarını tapmaq elmidir. Onun əvəzi yoxdur. Obrazlı deyim obrazlı desək, tüfəngin nişangahından qarovullanıb tətiyi çəkməklə lülədən (müəllifdən) hədəfə (oxucuya) yönələn güllə kimidir, düz nişan alsan yayınmaz. Şeiri zinətləndirən bu şərtlər cərgəsinə gözəl deyim və dərin fikirlər də qoşa bilənlər barmaqla göstərilənlərdən olurlar.

Bir fikrimi də cavan və ciddi qələm adamlarıyla bölüşmək istəyirəm. Şeirdə həmişə zaman və məkan məfhumunu gözləməklə yanaşı, fikirləri adi məntiqin çətiri altında olsun. Məntiqə söykənməyən mətn ayıq oxucunun diqqətindən yayınmayacaq, haçansa, üzə çıxacaq. Bu, şeiri xiridarları yanında qiymətdən salan böyük zədədir. Bugünkü poeziyamızda ümid verən cavanların içində Şəhriyar Del Gerani də var. Onun bir şeirinin son bəndi belədi:

 

Qırmızı kəndirdə boynun dincələ,

ölüm də gələndə gülərüz gələ,

bir gün uzaqlardan bir payız gələ,

deyə ki, qaytarın yarpaqlarımı!

 

Axı payız hansı haqla yarpaq tələb edə bilər, bir halda ki, yarpaqların sahibi yazdı. Əksinə, payız yarpaq itirəndi, xərcləyəndi, zay edəndi. Payız yarpaqların qırğın fəslidi, yarpaqların qənimidi. Adi məntiqlə, bahar payızın üstünə yeriməlidi ki, yetirib-bitirib sənə göndərdiyim yarpaqları neylədin?! Yəni məntiq sözə dəhnədən başlamağı tələb edir. Payızın üstünə bir bahar gələ (qafiyə düzəlsin deyə, belə də demək olar - payızın üstünə dura yaz gələ), deyə ki, qaytar ver yarpaqlarımı. Adi məntiqlə fikir belə olmalıdı.

Sözümün axırında sözümün əvvəlindəki suala qayıdıram - şeir nədi? Cavab verirəm:

Şeir cilvəli gözəl kimi sevimlidir. Sən ondan yazı prosesində həzz ala bilərsən. Amma bundan qabaq, gərək, o sənə könül versin.

Şeir şairdən yalquzaq xislətli olmağı tələb edir, ancaq O.

Şeir yazanın daxili enerjisi, temperamenti yerində olmalıdır, şeirin payını xərcləmək olmaz, bu çox vacib şərtdir.

Şeir günəşin dalınca qaçmaqdır.

Şeir şeytan fəhləliyidir.

...Və nəhayət, şeir qaynar qazandan buğlanaraq soyuq sudan keçib göz yaşı kimi qaba süzüləndən sonra nəlbəkidə göy alovla yanıb yox olan odlu mayedir. 

 

May, 2020

 

İlham Qəhrəman

Ədəbiyyat qəzeti.- 2020.- 16 may. S. 30-31.