Dumuzinin
elçiliyi
Şumer əfsanələri
Bizə məlum
olan Şumer ədəbiyyatında
İnanna 2 ilə Dumuzinin evlənməyinin iki versiyası var.
Aşağıda təqdim etdiyimiz poemada onlar ilk
baxışdan aşiq olub evlənirlər. İkinci
versiyada isə İnanna əvvəlcə başqa
oğlanı seçir, sonradan Dumuzi ilə evlənməyə
razılaşır ("Dumuzi və Enkimdu" poeması).
Poema İnannanın xatirəsiylə başlayır. Bir dəfə
İnanna tənha gəzəndə çoban Dumuziyə rast gəlir.
Dumuzi onun əlindən tutub qucaqlayır, amma
İnanna anası Ninqalın3 qəzəbindən qorxduğu
üçün Dumuziyə yalvarır ki, onu buraxsın.
Dumuzi deyir ki, ananı aldadarsan, deyərsən rəfiqəmlə
şəhər meydanına getmişdim.
Mən sənə
deyəcəyəm, mən sənə deyəcəyəm,
İnanna qadınların ən
yalançısıdır, sənə deyəcəyəm.
(De ki)
"Rəfiqəm məni meydana aparmışdı,
Orda
musiqiçi başımızı qatdı,
Bizim
üçün elə gözəl nəğmə oxudu ki,
Sevinc içində keçirtdik vaxtımızı
onunla".
Anana belə
deyərsən,
Bizsə
hələlik ay işığında məhəbbətdən
sərxoş olaq,
Sənin
üçün təmiz, şirin, layiqli yer salaram,
Gün sənə sevinc bəxş edər.
İnanna razılaşır və onlar məhəbbətə
qərq olurlar.
Gənclər bir yerdə vaxt keçirdəndən
sonra evlənmək qərarına gəlirlər.
Təəssüf ki, ikinci hissənin əvvəli
dövrümüzə qədər gəlib çatmayıb. Poemanın
davamında İnanna gəlib, Dumuzinin elçi gəlmək
istədiyini anasına deyir.
Mən
(İnanna) anamın qapısına gəldim,
Xeyir xəbər
gətirdim,
Mən
Ninqalın qapısına gəldim,
Xeyir xəbər
gətirdim,
O, mənim
anamla danışacaq,
Döşəməyə
sərv yağı çiləyəcək,
O, mənim
anamla danışacaq,
Döşəməyə
sərv yağı çiləyəcək,
O - evi ətirli olan,
Sözü sevinc bəxş edən.
Gözəl budaqların
hökmdarı,
Ama-Uşumqal-Anna,
Sinin kürəkəni,
Mənim
hökmdarım, şirindir sənin gəlişin,
Dadlıdır
bitkilərin və düzənliyin otları,
Ama-Uşumqal-Anna,
Sinin kürəkəni,
Şirindir
sənin gəlişin,
Dadlıdır bitkilərin və düzənliyin
otları.
Mən
göyüzündə bərq vuranda,
Mən
göyüzündə bərq vuranda,
Mən bərq
vuranda, rəqs edəndə,
Gün
doğandan gün batanacan nəğmə oxuyanda,
Qabağımda,
qabağımda,
Cənab
Kulianna dayandı qabağımda,
Cənab
mənim əlimi tutdu,
Uşumqalanna qucaqladı məni.
"Burax məni, Vəhşi
Öküz! Mən evə getməliyəm!
Burax məni,
Kuli-Enlil! Mən evə getməliyəm!
Anama nə deyəcəyəm, nə yalan uyduracağam?
Anam Ninqala nə deyəcəyəm, nə yalan
uyduracağam?"
"İcazə ver səni öyrədim, icazə ver səni
öyrədim.
İnanna, hiyləgər İnanna, icazə ver səni
öyrədim.
-
"Rəfiqəm
məni gəzməyə dəvət etdi,
Oxuyub-oynamağa, qaval çalmağa dəvət etdi.
Ah, onun nəğmələri
necə gözəl idi - mənim üçün oxuyurdu!
Ah, mən qəlbən əylənirdim - sübhə qədər
əyləndim mən!"
Doğma anana belə de, onu aldat!
Biz isə
ay işığında səninlə
Bir-birimizi
qucaqlayaq, sığallayaq!
Sənin
üçün gözəl yataq hazırlayacağam,
Cah-cəlallı,
şahlara layiq yataq hazırlayacağam!
Ah,
şirin vaxt keçirdəcəyik, ah, əylənəcəyik!"
Bu nəğmə saqiddadır4.
Mən,
küçədə gəzən qızam,
Günəş
şəfəqi altında gəzirəm küçədə,
Mən,
İnanna, gəzirəm küçədə,
Günəş şəfəqi altında gəzirəm
küçədə.
Burda 2-3 sətir
dağılıb
Anamın
qapısına gəldim,
Və sevinc içində gəzirəm.
Anamın
qapısına gəldim,
Və sevinc içində gəzirəm.
Ninqalın
qapısına yaxınlaşdım,
Sevinc içində gəzirəm.
O, anama söz deyəcək,
Sərv yağı çiləcəyək torpağa.
O, anam
Ninqala söz deyəcək,
Sərv
yağı çiləyəcək torpağa!
Onun evi ətirlidir,
Onun
sözləri nəvaziş doludur!
Cənab
rahat ağuşa layiqdir!
Ey
Amauşumqalanna, Zuenin kürəkəni!
Hökmdar
Dumuzi rahat ağuşa layiqdir!
Ey
Amauşumqalanna, Zuenin kürəkəni!
Cənab,
sənin arzun ruhum üçün elə şirindir ki!
Sənin
çöllərindəki otlar, dənli bitkilər elə
gözəldir ki!
Amauşumqalanna,
ruhunun arzusu şirindir!
Sənin
çöllərindəki otlar, dənli bitkilər gözəldir!
Bu nəğmə saqarradır5.
1 Dumuzi
(Çoban Dumuzi) - Şumerlərin beşinci hökmdarı,
yarımifik personaj (təqr. e.ə. XXX əsr)
2
İnanna - Şumer mifologiyasında baş
tanrıça
3 Ninqal - Şumer tanrıçası, ay tanrısı
Nannanın (və ya Sin) arvadı
4-5 Saqidda və saqarra - qədim şairlərin himnlərə
verdiyi adlar. Hərfi mənası "uzun sim" və "bir
topa sim" deməkdir, bu da himnlərin musiqi sədaları
altında ifa olunduğunu sübut edir.
Tərcümə edəni: Həmid PİRİYEV
Ədəbiyyat qəzeti.-
2020.- 16 may. S. 32.