Xilasedici
mədəniyyət faktı - Oruc
Bəlkə də elə din yoxdur ki, orada oruc, yəni
könüllü şəkildə fizioloji ehtiyaclardan imtina
ideyası olmasın. Hətta bu ayinin nə qədər qədim
olması haqda da bir söz demək mümkün deyil.
İnsan var olduğu qədər oruc da var...
Oruc həm bir ayin, həm bir ideya kimi hər zaman
anti-insani mədəniyyət qarşısında bir sipərdir. Ta qədim zamanlardan bu
günə kimi insan özü haqda iki aşırı
mövqedə durur: maddi və mənəvi. Günümüzdə
də dünyaca məşhur insanların gah materializmə və
maddiyyatpərəstliyə, gah da inziva və tərki-dünyalığa
meyilləndiyini görürük. Bu da bir
qədər anlaşılandır. Radikal
addım hər zaman radikal əksüləməl doğurur.
Dünyamız maddiyyata qərq olduqda, insan mənəviyyata
tərəf qaçmaq istəyir. Əksinə,
mənəviyyat maddiyyatı kölgədə qoyduqda - insan
bütün varlığı ilə mənfəətpərəstlik
dənizinə dalır. Hər iki halda insan özü ola bilmir, öz əksinə getmiş olur. Lakin
oruc bu çalxalanmanı ram edir, bir reallıqdan digərinə
qaçmağa imkan vermir. Oruc insana onun həm
maddi, həm mənəvi varlıq olduğunu yaşadır.
Yəni, reallığı olduğu kimi göstərir.
Bəlkə elə bu səbəbdən Pifaqor tədrisə
başlamamışdan öncə şagirdlərinə
qırx gün oruc tutmağı tapşırardı. Oruc məna ilə maddə arasında əlaqəni
üzə çıxarır. Hər iki cəhətin
keyfiyyətcə bir-biri ilə bağlı olması oruc tutana
bəlli olur. Heç demə, mənəviyyatın
unudulduğu bir dünyada maddi rifaha çatmaq da mümkün
deyil. Necə ki, maddiyyatı önəmsəmədən
mənəvi gücə də yiyələnmək olmur.
Bu baxımdan oruc bir
dünyagörüşüdür.
Orucun
ortaya qoyduğu digər bir həqiqət də var: zaman hər
şeyə hakim deyil. Hər şeyin, hətta
etiqad və hisslərin belə, dəbə qurban gətirildiyi
bir dünyada dəyişilməz prinsiplərin, köhnəlməyən
qaydaların olmasını bilmək həyati əhəmiyyət
kəsb edir. İnsan inkişaf edən,
dinamik bir varlıqdır. O, bir yerdə dayana bilmir, daim
öyrənməyə, yeni təcrübələrə can
atır. Amma onu gözləyən müəmma
qarşısında hər zaman cəsarətsizlik göstərir.
Ona cürət verən dayaq nöqtəsinin
olmasıdır. Yəni insan əmin olmaq
istəyir ki, hansı zirvəyə qalxsa da, hansı dərinliyə
varsa da, insan olaraq qalacaq. Bütün ideologiyaların ən
çatışmayan cəhəti məhz budur: insana
şövq və ümid verir, amma əminlik və güvən
yox. "Həyatı necə düzgün
yaşamaq gərəkdir?" sualına cavab axtaran Fuko fəlsəfəyə
"öz qeydinə qalmaq" anlayışını gətirir.
Öz qeydinə qalmaq, yəni, öz daxilindəki
əbədi və dəyişilməz həqiqətin
qayğısını çəkmək, təfəkkürü
daha yüksək müstəviyə qaldırmaq, maddiyyata
bağlanmamaq və xüsusi məşqlər etməkdir,
postmodernist filosofa görə. Oruc insana bu
hissləri yaşadır. Oruc tutan şəxs
əsrlər öncə yaşamış əcdadları və
əsrlər sonra yaşayacaq nəticələri ilə, fərqli
coğrafiyada yaşayan və fərqli sosial statusda olan
insanlarla dəyişilməz bir həqiqəti
bölüşdüyünü hiss edir. Zaman
və məkanın fövqündə duran eyni hisslər, eyni
ehtiyaclar, eyni amallar bütün fərqlilik və fasilələri
aradan aparmağa qadirdilər. Zamanmərkəzli
(liberalizm) və məkanmərkəzli (mühafizəkarlıq)
ideologiyalar arasında parçalanan dünyada oruc alternativ bir
yoldur.
Orucun rahatlıq yaratmaq gücü də var.
İstehlakçı mədəniyyət texnoloji və
iqtisadi inkişaf görüntüsü yaratsa da, reallıqda
insana rahatlıq bəxş edə bilmədi. Əksinə, həm maddi, həm
mənəvi baxımdan ciddi fəsadlara səbəb oldu:
maniyalar və asılılıqlar çoxaldı, təbiətin
çirklənməsi və təbii resursların tükənməsi
olmazın sürət yığdı, sosial fərqlər kəskinləşdi,
insan öz kimliyini unutdu. Təsadüfi deyil ki,
Bodriyar müasirliyi "zibilqabı sivilizasiyası" və
ya "supermarket erası" deyə adlandırırdı.
İnsan olan bir varlıq həyatını
istehsal-istehlak müstəvisində dəyərləndirə
bilməz. Əks təqdirdə, gərək
yaradıcı azadlığını əldən versin,
başqa sözlə, cəmiyyət gərək intihar etsin.
Ona görə də artıq "daunşiftinq", "aram
həyat" və "sadə həyat" fəlsəfəsi
öz minimalizmi ilə günü-gündən daha çox gəncin
marağını cəzb edir. Təbiidir ki,
xoşbəxtlik yalnız sonsuz istehlakla deyil, həm də
imtina ilə əldə olunur. Yalnız
ikrah hissi yaranmasın deyə deyil, həm də zərfiyyəti
çoxaltmaq üçün imtina etməliyik. Hər şeyin fizioloji ehtiyaclar bucağından dəyərləndirildiyi
bir dünyada oruc - xilasedici mədəniyyətdir.
Hacı Şahin
HƏSƏNLİ
Ədəbiyyat qəzeti.-
2020.- 23 may. S. 3.