Qəfəsdəki
quşların uçduğu göylər göynər...
Xatırlanmağın
şeiri
Elə
nigaranam - səndən nigaran,
yaşaram ömürdən-gündən nigaran.
Qayğına
qalıram öz aləmimdə -
nə
vaxt soyuqlasan, çay dəmləyirəm.
Ürəyim
əlimdə, canım əlimdə
yanına
gəlirəm, gülümsəyirəm.
Deyirəm,
"Darıxma, yaxşı olacaq...".
Yaxşı olmayacaq, özün bilirsən.
Sən
özün bilirsən necə olacaq...
Sən
özün bilirsən necə olacaq,
zalımın zülmü çox, məzlumun ahı.
Sən
özün bilirsən necə olacaq,
kimin
boynunadı kimin günahı.
Şahid
çağıraram ora Allahı,
mən
sənin üstünə günah almaram.
Nə qədər
istəsən,
neçə istəsən,
mən
özüm yanaram necə istəsən,
heç
bircə tikə də sənə qalmaram.
Eh... Sənə
bu qədər uzaq olunca,
günəşə su qədər uzaq olunca,
gedib
dayanaram külək tərəfdə,
saçını öpərəm külək tərəfdən.
Beş-on
xatirəyə ümid olmaram,
Sən
necə istəsən,
hardan
istəsən,
yadına
düşərəm haçan istəsən.
Mən
belə sevirəm, unudulmaram...
Dustaqlığın
şeiri
Dustaqlar
aya baxanda gecənin üzü gülər,
dustaqlar
darıxanda göy üzündə gecələr.
Mən
öləndə deyərsiniz, o sevərdi ağacları,
pəncərədən süzüləndə günəşin
ağ ucları,
uşaqlar dua oxuyar - "Allah..." pıçıldar ovuclar,
qəfəsdəki quşların uçduğu göylər göynər...
Dünya
həssas qəlblər üçün cəhənnəmdir,
cəhənnəmdir;
Ömür başdan-başa qəmdir, insana nəfsi qənimdir.
Hər
necə ki, günəşin çıxan yeri var,
ulduzun
axan yeri var,
küləklərin nəsim-nəsim əsib karıxan
yeri var,
eləcə də adamların günaha batan-batanı,
qəfil
bir könül sındırıb min aha batan-batanı,
səfil-sərgərdan gecənin sabaha baxan yeri var.
Mən
öləndə deyərsiniz, o qız bayatı söylər,
qəfəsdəki quşların uçduğu göylər göynər...
Mən hey səni arzuladım - Səni dostum, ən
dostum.
Bir sümük-bir dəri qaldım - Sənə dostum, ən
dostum.
Şəhriyarın bir ömürlük səni
darıxan yeri var.
Mən öləndə deyərsiniz, Onadır bu
şeirlər.
Qəfəsdəki
quşların uçduğu göylər göynər...
Aşiq olmağın
şeiri
Ürək necə döyünər? - Sürünüb
sən
sarı dartınır bu mirət.
Görürsən,
içində tufandı,
görəsən, kimindi bu külək?
Büsbütün
hisslərim qarışdı,
bu
duyğu hardansa tanışdı;
Elə
bil sinənin altında
çırpınır min beş yüz kəpənək...
Özünü
ələ al, düzələr,
sevginin
bir adı səbirdi.
Şükr
de, çırpınır kəpənək,
adam var,
yeriyən qəbirdi.
Soruşsan,
deyəcək, "Ömürdü...".
Gəl,
bu məşum könlü sevindir,
gəl,
elə darıxdım üzünçün,
gəl...
belə darıxmaq tapılmaz.
Bircə
yol uzaqdan gülümsə,
gülümsə, bilim ki, mənimsən,
ən
yekə ayrılıq ölümsə,
qucaqla,
nə olar-nə olmaz...
Qucaqla -
necə ki, sərçələr
küləkdə qucaqlar zəmini.
Dənizlər
gəmini qucaqlar,
səhralar qucaqlar dəlini,
dərvişlər qəmini qucaqlar,
torpaqlar
qucaqlar ölünü.
Düşün
ki, sabahkı balamsan,
düşün ki, dünənki anamsan,
dünyada ən əziz adamsan,
bu
könül həmdəmini qucaqla...
Görürsən,
sevgisiz soyuqdu,
günəşin buz olan üzü var.
Bilsən
nə gül üzlü hüzur var
sevgiylə açılan qucaqda.
Görürsən,
içində tufandı,
görəsən, kimindi bu külək?
Elə
bil sinənin altında
çırpınır min beş yüz kəpənək.
Sevgi səadətdən
qədimdi...
Atlının şeiri
Öz-özünə
pıçıldayır
uzaqdan gələn
atlı,
Nə dediyi eşidilmir.
Atın gəldiyi
uzaqlardan
əvvəlcə ayaq taqqıltıları gəlir.
Dinlədikcə
elə bilərsən
atlar
heç vaxt qaçmır, həmişə yeriyir.
Atlar
qaçanda ağaclar diksinir,
torpaqlar
köks ötürür.
Mən
görmüşəm,
yeriyəndə ümidi olmur atların,
atlar gərək
harasa qaça.
Amma həmişə
deməyə,
nə
isə
sözü olur atlıların,
ən
azından özünə.
Öz-özünə
pıçıldayır uzaqdan gələn atlı.
Görürsən, gözlərində öləziyən
işıqdı.
Bizim də bir tərəfimiz böyüyüb başa
çatdı.
Dönüb baxanda görürsən, obir yanın
uşaqdı.
Obir yanın uşağdısa, atlara küsmə,
küsmə.
Obir
yanın uşağdısa, atlının sözün kəsmə,
Bax, həmişə
deməyə sözü olur atlıların,
atlar bilər
bu sirri, atlar duyar bu sehri.
Sənsə, heç vaxt atdan çox bilməyə tələsmə.
Öz-özünə
pıçıldayır
uzaqdan gələn
atlı,
Nə dediyi eşidilmir.
Amma həmişə
deməyə,
sözü olur atlıların,
ən
azından özünə...
Leyla üçün
axşamçağının şeiri...
Qonşuluqda
böyüyür
əsmər üzlü bir fidan,
gülüşü eynən sənin,
adı
sənin adından.
Görürsən
də, şeirdə
nələr qalır qadından?
Meh əsdi
gül üşüdü,
bir dəfə
sənə gülmüşdüm;
Gül dərib
suya qoymuşdun,
demişdin: "Yazıqdı gül..."
O
yazıq gül də solmuşdu,
olsun
çıxıb yadından.
Bəlkə
doğma küçələri,
yolları var quşların göy üzündə?
Onunçün
də quşlar gəzir göy üzündə ayaqyalın,
inciməsin ağacların budaqları.
Bəlkə
sevib bəslədiyi yosunu var balıqların,
bu sevgidən
xəbəri var dənizin də.
Bilsən
necə darıxmışam üzünün Təbriziyçün,
bəlkə yuxum çin çıxardı
başımı qoyub yatsaydım xalın olan dizində...
Nə
yaxşı ki, sevdim səni
ilin-günün o vaxtında.
Bəlkə
də bilmirsən bunu;
Sevməsəm, ölə bilərdin həmin ilin
yazında.
Nə
yaxşı ki, sevdim səni,
dost-doğma adamım, səni.
Sən
hamıdangözəlimsən,
həryerdəngözəlimsən.
Üzünü kimə bənzədim?
Haraya oxşadım səni?
Görürsən,
şeir yazıram,
unutmadım ən azından...
Qonşuluqda
böyüyür
əsmər üzlü bir fidan,
gülüşü eynən sənin,
adı
sənin adından.
Axı niyə yalan deyim?
İnanmırsan, inanma.
Səndən
suyum gəlmir, çörəyim gəlmir,
amma
qonşuluqda fidan elə bil ki, qızındı.
Görürsən
də, şeirdə nələr qalır qadından...
"Xəndək"
döyüşünün şeiri
Günahlar
tövbə ortağı
sübhün obaşdan çağı,
Azan səsi
bu sabah da göy üzünə
qanaddı.
Bəs o kimdi məkri ilən Kərbəlanı
qanatdı?
Hansı
günah içrə idi xəndəkdən keçən atlı?
Utanın
bəşər adından
Ki, nə qədri qələt oldu.
Və
gün oldu - Biri gəldi
belə
bir ədalət oldu:
"Deyə
bilmərəm Xudadır, bəşər ad verəm xətadır",
Ey İlahi, sən bağışla bizə bu
küfrü cəfadır.
Mən ol
Eşqə kim, "...Siratəl-müstəqim"dən
düşmüşəm,
Əli
adlı şirkimin cəhimi mənə səfadır...
Tələbənin
şeiri
Yenə dərsdən
qalmışam,
həminki tələbəyəm.
Bir dəstə
gül almışam,
cibimdə son qəpiyə.
Sənə Eşqim deyirəm.
üzün işıq, səsin şux.
Yolunu
gözləyirəm,
təzə tanış olmuşuq.
Lap elə
təsadüfən
o
küçədən keçirəm.
Yuxuna gəlmək
üçün
min gecədən
keçirəm.
Allah, necə
dönüşdü
arzular
xatirəyə?
İllər
belə ötüşdü -
ağıl gəldi ürəyə.
İndi
adı ömürdü,
yaşayıram necəsə.
Bir
yadıma düş, görüm
sən
hardasan, necəsən?
Bu bahara
gecikdim,
gələn qışa gələrəm.
Gözünü
yolda saxla,
ilk
yağışa gələrəm.
Elə
onu deyirdim,
gələn qışa... baxarsan.
Sən
yağışa baxarsan,
mən
yağışı öpərəm...
Qəribin şeiri
Kimə
durub danışsam, inanmaz
nəfəsinin təzə çörək ətrini.
Bərəkət
- sənlə keçən ömürmüş,
Səfalət - yoxdu xəbər-ətərin.
Danışacam
deyəcəklər: "Buna bax,
elə
bil, dünənki uşaqdı."
Nə
pismiş sevgisiz böyüklük,
nə
xoşmuş sevgili uşaqlıq.
Günəşi
doğacaq səhərin
bir azdan
- Sən olan şəhərin.
Vətənin
- Sən olan yerlərin
adına
deyilir Uzaqlıq...
Həqiqətinə
çatmış Məcnunun şeiri
İndi
düşür yadıma,
Sevgi - tapınmaq idi.
Qədəmlərin
dəyən yerə
alnımı qoymaq idi.
Bəs o
kimdi
Ki, səhrada
üstü-başı it kökündə
ümidi
Allaha idi,
hamıya
itkin düşüb
Ona tapılmaq idi?
Çiynini
söykə yağışa,
üzünü tut buluda.
Küləyi
öp, gülümsə,
kim
ölə, kim unuda...
Bir
aşiq ki əvvəl-axır özünü üzdən
salar,
yadları keç, yar yanında özünü gözdən
salar.
Qabaqlar
Vallah beləydi, adını zikr eyləmək
milyon
metr uzaqlardan sənə toxunmaq idi...
Adımı
söylə yağışa,
üzünü buluda tut.
Küləyi
öp bu axşam,
gülümsə və dua et...
Təəssüfün
şeiri
Qəribədi
son nəfəsində
su istəyən adam
ayırd
edə bilmədi
həyatda hansı daha vacib imiş:
Hava, yoxsa su?
Deyirlər
ki,
dənizlərin yaddaşında qalır imiş
balıqların yuxusu...
Deyirlər
ki,
uçuşundan bilinirmiş
quşların da arzusu.
Deyirlər
ki,
şəkillərdən duyulurmuş
uşaqlığın qoxusu.
Deyirlər
ki,
guya
unudulub gedir sevgilər.
Bax, məsələn,
susuşundan bəlli imiş
Ki, o qızın qalmayacaq bir tikə xatirəsi.
Deyirlər
ki,
gələcək tənhalıq dövrü,
daha kimsə
olmayacaq
bir kimsənin
yanında.
Daha
hamı yaşayacaq
bir-birinin
yadında.
Və əslində,
hərə öz yaddaşı qədər
yaşayırmış sən demə.
İndi hamınını ürpədir unudulmaq qorxusu.
Deyirəm
ki,
Sən də
belə unudulma,
sənə qurban, bir az da qal yadımda.
Hamısından betər imiş sualların
"Axı..."sı.
İşğal
olunmuş sevginin şeiri
Beləcə
başlamış idi
ömrümün repressiyası.
Bir
neçə il lap əvvəlin
"bir başqa yaz..." sessiyası;
hələ belə görməmişdim yaşılın bu rəngini,
qadının su rəngini.
Bəs,
ey yeni əsrimizin ən qədimi, köhnəsi,
yağışın islanmalısı, küləyin
üşüməlisi,
suların ən içməlisi kimin bəxtinə
düşdü?
Sevginin ən
ölməlisi belə olur adətən,
mən
bilirəm, hər şey param-parça olur,
adam bir
tikə sağ qalır.
Yaşa
getsin sonra bu boz ömrü
nə qədər
istəsən!
Üzünün salavatında əlin də torpaq
dadır.
Amma təngə-nəfəs ömrüm sənə
yaxşı ki, çatdı.
Qaranın bu rəngini heç belə gözləmirdim.
Və
günlərin bir günündə mənim Xocalım oldun;
mən
səndə 70 qoca,
107
qadın,
63
uşaq öldüm...
"Xocalı - kadrlara
sözardı"
İndi
bütün şəhərlərin uzağı sənsən,
mən
də bütün küçələrin uşağı
indi.
Anaya bax -
qollarında donub körpəsi,
hələ də var sızıldayır qucağı indi.
Uşağa
bax - yerdə elə sərili qalıb,
beş-on
metr aralıda bir tay çəkməsi.
Hərdən
elə... hərdən elə istəyirəm ki,
gedib
geyindirim onu, qoy üşüməsin...
Qocaya bax
- bax, başında buxara papaq,
elə
bil ki, yatağında uzanıb ölüb.
Elə
bil ki, o qocaya güllə dəyməyib,
elə
bil ki, nəvəsindən utanıb ölüb.
Bizi belə
öldürdülər, şəhid şəhərim,
bizi elə
- əli yalın, ayağı yalın.
Ölənədək
sevmək azdı səni, bilirəm,
şairə bax - sözü doğru, sevgisi yalan,
Sevgisi
doğru olandır - Şəhidin olan!
Qürbətdəki
qızın şeiri
İndi sən
yad
şəhərin ögey küçələrində
sərxoş gəzməyə qorxan qərib bir yolçusan.
Bəs
ki,
şaqraq
yerişlərin vardı - eynisi kəpənək misalı
uçuşu.
Bəs
ki,
şaqraq
gülüşlərin vardı - eynisi kəpənək
misalı uçuşlu...
Daha
eynisi
nimdaş kərpic ev misalı
uçulmaq adlı qorxun var.
Eynisi - tərk
edilmiş kərpic evlər misalı
uçulmaq adlı qorxu.
Günəşlərin batışı olmaz,
qızım.
Bir sufinin
gündəliyindən oxumuşdum:
Gecələr
- günəşin aldanışlarıdı...
İndi sən,
bilmirsən harasında gizlədəsən bədənini bu gecənin.
Ki,
sabahlarda heç kimsələrə tapılmayasan,
bir də
sənin bu dünyaya qayıdışın olmasın.
İndi sən,
bilmirsən harasında üşüyəsən bu küləyin.
Ki,
dağılmış saçlarına kimsə sığal
çəkməsin,
bir də
sənin o sığalla unuduluşun olmasın...
İndi sən
hardasa
yorulursan
asılırsan çiyinlərindən.
Yağışın
zivədə islatdığı ipək köynəklər misalı ağırlaşırsan.
İndi sən
gəmilərin gözişlədikcə baxılan uzaqları kimisən,
uzaqların yorulub qayıtdığı zamanları kimi
ən yaxın "gəlməyəcəksən...".
Və də
heç
bilmirsən
yorulub
öz çiyinlərindən asılmaq sonrası
hansı
qollara düşəsən...
Mənzumə
2011-in
oktyabrı,
anam
yaddaşını itirmişdi,
heç
kəsi üzdən tanımırdı,
pəncərənin o üzündə yağış
yağırdı,
mən
siqaret çəkmək üçün həyətə
düşdüm.
2011-in
payızı,
soyuq
idi,
anam
yaddaşını itirmişdi,
heç
kəsi üzdən tanımırdı,
pəncərənin o üzündə yağış
yağırdı,
mən
siqaret çəkmək üçün həyətə
düşmüş idim
və
qayıtmış idim anam olan otağa.
2011-in
oktyabrı,
yağış da yağırdı,
son
günlər anam yaddaşını itirmişdi,
heç
kəsi üzdən tanımırdı,
mənə baxıb susurdu,
mən
də ona susurdum,
biz,
bir-birimizə baxıb ucadan susurduq.
Siqaret
çəkmək üçün həyətə
düşmüş idim,
daha
sonra qayıtmış idim anam yatan otağa.
Və qəflətən
sükut pozuldu,
mənə baxıb gileyli səslə dilləndi:
"Noolar,
gecələr get o Şəhriyarı yolux, yatanda
üstünü açır...".
Şəhriyar del
Gerani
Ədəbiyyat qəzeti.-
2020.- 23 may. S. 4-5.