Əfəndiyevlər

 

Onlar böyük bir nəsildir. Əsilləri Azərbaycanın Füzuli (keçmiş Qaryagin) rayonundandır. Mən onların ikisindən - bu nəslin adını bütün dünyada şöhrət zirvəsinə qaldıran Atadan - İlyas Əfəndiyevdən və Oğuldan - Elçindən söz açacağam. Məsələ burasındadır ki, İlyas müəllim də, Elçin də may ayında dünyaya göz açıblar - Ata tacir Məhəmməd kişinin ailəsində, oğul isə Azərbaycanın böyük yazıçısı İlyas Əfəndiyevin ocağında. Ədəbiyyat tarixində çox təsadüf olunan hadisədir ki, həm Ata, həm də Oğul eyni sənətin daşıyıcıları olurlar, lakin Atanın sənət aləmindəki böyüklüyünə, zirvə ucalığına hər oğul çatmır. Ataların və Oğulların uğurlu sələf-xələf missiyasını biz Səməd Vurğun - Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Rəsul Rza - Anar, İlyas Əfəndiyev - Elçin timsalında görürük. Bir nümunə: İlyas Əfəndiyev - böyük yazıçı, dramaturq, Azərbaycanda öz teatr məktəbini yaratmış, Elçin Əfəndiyev - həm nəsr, həm dramaturgiya, həm ədəbi tənqid, həm də publisistika janrlarında böyük uğurlar qazanmış Ata və Oğul.

Həm İlyas müəllimin, həm də Elçinin yaradıcılığı haqqında bir sıra məqalələr yazmış, Elçin haqqında Cavanşir Yusifli ilə birgə bir monoqrafiya çap etdirmişik ("Bu nə sehrdir belə". Bakı, "Elm", 1999). Hər dəfə eyni mövzuya qayıtmaq çox çətin olur, amma həm İlyas müəllimin, həm də Elçinin yaradıcılığına hər dəfə müraciət edəndə, çalışırsan ki, təzə bir söz deyəsən, çünki əsl sənət imkan verir ki, yaradıcılığın daha dərin, aysberq səmtinə yön alasan.

 

 

ATA

 

İlyas Əfəndiyev böyük bir nəslin - atasının, babasının genetik kodlarını yaşadan və bunu öz övladlarına da ötürən bir şəxsiyyət idi. Əfəndiyevlər nəslinin genetikası öyrənilərsə, biz yalnız fiziki, bioloji amilləri deyil, ən çox mənəvi-intellektual bağlılıqları öyrənməliyik. Təbii ki, burada qan qrupu ilə yanaşı və bəlkə daha artıq nəsli birləşdirən xasiyyət, xarakter, həyata, gözəlliyə, dünyaya münasibətin bəzi müştərək xüsusiyyətlərinə diqqət yetirməliyik. Çünki Füzuli demişkən: "Hüsn nə miqdar olursa, eşq ol miqdar olur".

İlyas Əfəndiyev böyük şəxsiyyət idi. Təbii ki, onun böyük şəxsiyyət kimi formalaşması birdən-birə, hazır şəkildə baş verməyib. Şəxsiyyəti formalaşdıran təkcə ictimai-siyasi mühit deyil, həm də onun öz daxili varlığı, ruhi-mənəvi aləmidir, istedadıdır. Sovet hökuməti İlyas Əfəndiyevin ailəsinə, qohum-əqrəbasına zülümlə yanaşdı, amma İlyas Əfəndiyev məhz öz sarsılmaz ruhu, həyata inamı ilə ictimai-siyasi mühitin əsgərinə çevrilmədi. Hətta deyərdik ki, öz sakit, amma daxilən mübariz təbiəti ilə quruluşa səssizcə meydan oxudu. Orta məktəbi əla qiymətlərlə bitirən, bu müddət ərzində yalnız müəllimlərin verdiyi biliklərlə kifayətlənməyən İlyas Əfəndiyevin ən böyük arzusu Bakıya gəlib pedaqoji institutun ədəbiyyat şöbəsinə daxil olmaq idi. 1934-cü ildə o, arzusuna çatır. Amma onun atası "varlı" hesab edildiyi üçün səs hüququndan məhrum edilmişdi, vaxtilə tikdirdikləri böyük evlərini əllərindən almışdılar, doqquz baş ailəyə isə onların öz evinin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər. Ancaq bütün bunlara baxmayaraq, İlyas Əfəndiyev institutda verilən qəpik-quruş stipendiya və talonla, gündə dörd yüz qram çörəklə kifayətlənib böyük bir həvəslə təhsilə başlamışdı. Ailəsinin belə yoxsul vəziyyətə salınması, atasının haqsız olaraq (Məhəmməd kişi 1933-cü ildə vəfat etdi) səs hüququndan məhrum edilməsi, sinfi mübarizə adı altında onlara edilən sitəmlər gələcəyin yazıçısında haqlı narazılıq doğursa da, o, nikbinliyini, inamını itirməmişdi. Ancaq "sən saydığını say, gör fələk nə sayır" - bir müddət keçir, İlyas Əfəndiyevi atasının səsi alındığına görə pedaqoji institutdan xaric edirlər. Çovğunlu bir qış günündə isə onların ailəsini sığındıqları o iki otaqdan da çıxarırlar. Bir müddət kənddə orta məktəbdə coğrafiya müəllimi işləyir, az sonra institutun coğrafiya fakültəsinə qiyabiyə bərpa olunur.

İlyas Əfəndiyev ədəbiyyata otuzuncu illərin sonlarında gəldi, ilk kitabı - "Kənddən məktublar" - 1939-cu ildə çap olundu. Adətən, ilk kitabı ilə çox az müəllif diqqəti cəlb edə bilir. Axı, çox zaman birinci kitab hələ istedadın püxtələşməsindən, müəllifin fərdi üslubunun müəyyənləşməsindən soraq vermir. Ancaq İlyas Əfəndiyevin "Kənddən məktublar"ı onun bütün sonrakı yaradıcılığı üçün səciyyəvi olan aydın, səlis, rəvan dili və üslubu, həyat hadisələrinin real təsviri, obrazların psixoloji planda təqdimi ilə diqqəti cəlb etdi. Elə ilk hekayələrindən hiss olunurdu ki, İlyas Əfəndiyev ədəbiyyata kitablardan yox, həyatdan gəlib. O, nəsrində lirikaya meyil edir, lövhə və surət çəkməyi bacarırdı. İlyas Əfəndiyevin bu ilk kitabı sükutla qarşılanmadı və o zamanın gənc tənqidçisi Əkbər Ağayev "Kənddən məktublar" adlı resenziyasında ("Ədəbiyyat qəzeti", 1940, 11 fevral) ədəbiyyatda ilk addımlarını atan İlyas Əfəndiyev haqqında yüksək fikirlər söyləmişdi, yazmışdı ki: "İlyas Əfəndiyev yaradıcılığın bütün əlamətlərinə və xüsusi orijinallığa malik, ümid verən talantdır". Və bundan sonra həyatın və quruluşun maddi və mənəvi təzyiqlərini istedadın etiraf olunması əvəz etdi. Müharibə illərində İlyas Əfəndiyev gözəl hekayələri ilə ("Durna", "Kiçik bir poema", "Yarımçıq qalmış portret haqqında mahnı", "Tar", "Apardı sellər Saranı", "Qəhrəman və bülbülün nağılı" və s.) ədəbiyyatın həqiqi varislərindən birinə çevrildi.

Mən İlyas Əfəndiyevin bundan sonrakı yaradıcılığından geniş və ətraflı söz açmaq istəmirəm. Çünki onun bir nasir və dramaturq kimi hərtərəfli, çoxşaxəli yaradıcılığından zaman-zaman bizim böyük ədiblərimiz, tənqidçilərimiz fikir söyləyiblər (M.Arif, M.Cəfər, Mir Cəlal, M. Hüseyn, C.Cəfərov, Y.Qarayev, B.Nəbiyev, A.Hüseynli, İ.Rəhimli və b.). Ancaq bu müəlliflərin fikir və mülahizələrini də nəzərə alıb İlyas Əfəndiyevin XX əsr Azərbaycan nəsri və dramaturgiyasında rolu, mövqeyi barədə bəzi ümumiləşdirmələr aparaq.

- İlyas Əfəndiyev ədəbiyyatımızda "lirik nəsr təmayülü"nün əsasını qoyan müəlliflərdən biridir, dəqiq desək, burada onunla yanaşı, Ənvər Məmmədxanlının adını çəkirik. Sonralar bu ifadəni "lirik-psixoloji təmayül" kimi səciyyələndirən müəlliflər oldu və bu da İlyas Əfəndiyevin yaradıcılığı ilə daha çox bağlıdır. "Əlbəttə, nəsrimizdə lirik-psixoloji təmayülün yeniliyini, əhəmiyyətini müəyyənləşdirərkən birinci növbədə ictimai həyatın özündəki yeniliyi, onun müasir normalarını bədii əsərlərin necə əks etdirdiyinə əsaslanmaq lazımdır. Bu əsərlərdə məhz yeni əxlaqın adamlarda necə yarandığı, təşəkkül tapdığı və necə, nədə təzahür etdiyi təsvir olunur, lakin onların hamısında təbliğ olunan ümumi əxlaqi qayə eynidir: şəxsiyyətin rəsmiyyətlə, ictimai əxlaqın normal tələbləri ilə deyil, yüksək şüurla təmin olunan mənəvi və əxlaqi gözəlliyi!" (Yaşar Qarayev). Sonralar teatrşünas İlham Rəhimli "Dramaturgiya və teatr" monoqrafiyasında (Bakı, 1984) Azərbaycan dramaturgiyasında, xüsusilə, İlyas Əfəndiyevin pyeslərində lirik-psixoloji üslubun müasir dramaturgiyada səciyyəvi xüsusiyyətlərini şərh etdi.

- İlyas Əfəndiyev yaradıcılığının ən başlıca məziyyəti nədədir? Ədəbiyyatşünaslar, tənqidçilər bu suala müxtəlif cavablar vermişlər: biri demiş ki, onun yaradıcılığı həyat həqiqətlərinin real təsviri və inandırıcılığı ilə şöhrət tapıb, başqa birisi yazıb ki, lirika, şeiriyyət, aydın və səlis üslub yazıçının nəsri və dramaturgiyası üçün başlıca məziyyətdir. Başqa birisi onun nəsrini XX əsr Azərbaycan həyatının mənəvi-psixoloji barometri adlandırıb. Bütün bu mülahizələrin hamısı ilə razılaşmaq olar. Ancaq bir əlavə ilə. İlyas Əfəndiyev böyük şairimiz Rəsul Rza haqqında yazmışdı: "Rəsul Rzanın poeziyasında qılınc kimi kəskin həqiqətlər vardır. Onun lirikası tikanlı ağ gülə bənzəyir". Məncə, bu fikri İlyas Əfəndiyevin öz yaradıcılığına da aid etmək olar. Heç şübhəsiz, onun təsvirlərində lirika və romantika üstünlük təşkil edir, amma bunlar qətiyyən həyatın reallıqlarını canlandırmaqdan imtina etməyə gətirib çıxarmırdı. Yada salaq "Körpüsalanlar" və "Sarıköynəklə Valehin nağılı" romanlarını. "Körpüsalanlar"da Səriyyə obrazı Azərbaycan ədəbiyyatında yeni idi. Yeni olduğu üçün də mübahisə hədəfinə çevrillmişdi. Milli əxlaqın çoxdan köhnəlmiş, müasirliklə uyuşmayan cəhətləri və bir də mənəviyyatda baş verən, sanki əxlaqa zidd görünən yeni meyillər. Ərli bir qadın birdən-birə (əslində, belə deyildi) imkanlı, qəşəng, göyçək, vəzifəli ərindən imtina edir və sadə bir buldozerçiyə qoşulub gedir. Təbii ki, burada məsələnin "texniki" tərəfi (hüquqi, dini, nicah tərəfi) etiraz doğurur və bundan sonra bədii əsər qəhrəmanı Səriyyə üçün qəzet səhifələrində "məhkəmə" qurulur, o da, yazıçı da "milli əxlaq" müstəvisində şiddətli tənqid hədəfinə çevrilir. Ancaq nəzərə alınmırdı ki, insanın qəlbi də var, sevgisi də. Və təbii ki, qəlbi və sevgisi olduğu üçün roman qəhrəmanı Səriyyə bir obraz kimi həm o dövrdə, həm də sonralar bəraət qazandı.

- İlyas Əfəndiyev mahir roman ustası idi. Təkcə müasir dövrün həqiqətləri deyil, tarixi keçmiş də onun bir çox romanlarının mövzusuna çevrilmişdi ("Geriyə baxma, qoca", "Üçatılan", "Xan çinar"). İlyas Əfəndiyev bu tarixi romanlarında da müasirlik duyğumuna sadiq qaldı. O, keçmişdə, tarixdə səhv və yanlış axtarmırdı, keçmişi və tarixi ideallaşdırmaqdan da çəkinirdi. Yaşar Qarayevin belə bir fikrini xatırlayıram: "Əsərlərindən biri - "Geriyə baxma, qoca" adlansa da, o, həmişə irəlini görmək üçün geriyə boylanmağın tərəfdarı olub, gələcəklə keçmiş arasında bir körpünün üzərində dayanaraq həyata və insanlara buradan boylanıb-baxıb".

Roman, hər şeydən əvvəl, böyük epik lövhələr janrıdır, oçerk, hekayə, povest həyatın nisbətən kiçik bir parçasını təsvir edirsə, romanda bu masştab genişdir. İlyas Əfəndiyevin romanları da məhz həyatı və cəmiyyət tarixini ən geniş səpkidə təsvir edir. "Sarıköynəklə Valehin nağılı"nda sovet dövrünün adi insanları, fəhlə həyatı, bu insanların mənəvi rəzilliyə qarşı mübarizəsi o illərin mənəvi-əxlaqi mənzərəsini gözlərimiz qarşısında canlandırır. "Söyüdlü arx"da və "Dağlar arxasında üç dost"da isə realizmlə coşqun romantika çulğaşır, dağ kəndinin mədəniyyət problemləri öz əksini tapır. İlyas Əfəndiyevin roman üslubunu səciyyələndirən bir cəhəti xüsusi qeyd etməliyəm: bu da onun romanlarının "hadisə romanları" kimi deyil, "xarakter romanları" kimi diqqəti cəlb etməsidir.

- İlyas Əfəndiyevin nəsri ilə onun dramaturgiyası bütöv bir yaradıcılığın iki qoşa qanadıdır. Onun nəsr əsərlərində güclü dramatik məqamlar diqqəti cəlb edirdi və dramaturgiyaya keçidi üçün bu amil mühüm şərtlərdən biri oldu. Əgər məndən sual etsələr ki, bu qoşa qanadın hansı daha çox uçuşa, yüksəkliyə meyillidir, mən onun nəsr əsərlərinin əhəmiyyətini qətiyyən azaltmadan deyərəm ki, İlyas Əfəndiyevin dramaturgiyası nəinki onun öz yaradıcılığında, ümumən müasir Azərbaycan dramaturgiyasında ön sıradadır. İlyas Əfəndiyev Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi ustad dramaturqlardan sonra ədəbiyyat tariximizdə elə bir yol açıb ki, bu yolu bir kimsə aça bilməzdi. Çünki təzə yol və məktəb o deməkdir ki, İlyas Əfəndiyev dramaturgiyaya öz sənət prinsiplərini, tematikasını, bədii-estetik müəyyənliyini və təkrarsız obrazlarını gətirir. "Bahar suları", "Sən həmişə mənimləsən", "Atayevlər ailəsində", "Məhv olmuş gündəliklər", "Unuda bilmirəm", "Mənim günahım", "Bağlardan gələn səs", "Mahnı dağlarda qaldı", "Qəribə oğlan", "Natəvan", "Büllur sarayda", "Sevgililərin cəhənnəmdə vüsalı", "Şeyx Məhəmməd Xiyabani", "Bizim qəribə taleyimiz", "Tənha iydə ağacı", "Hökmdar və qızı", "Ağıllılar və dəlilər"…təsəvvür edin, bu pyeslər yazılmasaydı və tamaşaya qoyulmasaydı, həm dramaturgiyamızda, həm də teatrımızda müəyyən bir boşluq yaranardı. Bu pyeslər keçən əsrin əlli ili ərzində dramaturgiyada və teatr aləmində iz salan əsərlərdir. O pyeslərin hər biri haqqında təfərrüatı ilə söz açmaq olar. Ancaq İlyas Əfəndiyevin teatr aləmində bir hadisə kimi səslənən "Sən həmişə mənimləsən" pyesi haqqında qısaca da olsa, söz açmamaq insafsızlıq olardı. Mən bu pyesi təhlil etmək, onun bu gün belə yenidən tamaşaya qoyularsa, böyük uğur qazanacağını söyləmirəm. Sadəcə olaraq, böyük teatrşünas Cəfər Cəfərovun və görkəmli tənqidçi Yaşar Qarayevin bu pyesə və onun tamaşasına həsr etdikləri məqalələrdən bəzi fikirlərə müraciət etmək istəyirəm.

Cəfər Cəfərovun "Təklik faciədir" məqaləsindən: "Bu, məlum həqiqətdir, nəsillərin uzun tarixi göstərir ki, təklik doğrudan da, faciədir. Ədəbiyyat və sənət bu faciəni bir çox gözəl əsərlərdə təsvir etmişdir. Lakin təkliyin faciəsi hələ bitmədiyindən, sənətkarlar təkrar-təkrar bu mövzuya qayıdıb, onun müxtəlif şəkillərini, çox zaman duyulmaz çalarlarını bizə göstərirlər. …"Sən həmişə mənimləsən" tamaşasının qəhrəmanlarından biri deyir ki, insanlarla əhatə olunduğum halda, Robinzon Kruzo kimi yaşamaq olmaz. Və "bizim quruluşumuzda, insan cəmiyyətdən, onun mübarizəsindən kənarda qalarsa, heç bir zaman xoşbəxt ola bilməz". Bu, belədir. Lakin təklik və tənhalıq mövzusu hələ diridir və şüurlarda öz təzyiqini hiss etdirməkdədir. Bu təzyiqi biz tamaşanın həm məzmununda, personajların taleyində, həm də quruluş prinsiplərində, rejissor fikrinin ifadəsində aydın hiss edirik".

Yaşar Qarayevin "Boy çiçəyinin ətri" məqaləsindən: "İlyas Əfəndiyev xalis psixoloji bir əsər yazmışdır. Əsas problem müəllifin yaradıcılığı üçün çox səciyyəvi olan əxlaqi problemdir… Pyesdə simvolik bir surət vardır - boy çiçəyi! Boy çiçəyi - insanlar arasında nəcib mənəvi bir münasibətdir. Boy çiçəyi - yaxşı adamlardan əbədi qalan yadigar deməkdir. Həsənzadə öz həyat yoldaşının xatirəsini daim əziz tutur. Bu xatirə də boy çiçəyi kimidir, çoxdan xəzəl olsa da, ətri həmişə təzədir. Nargilənin də öz boy çiçəyi var, atasının xatirəsi ona ləyaqətlə yaşamağa kömək edir.  Boy çiçəyinin ətrini unudanlar, ona xəyanət edənlər həyatda xoşbəxt ola bilmir. Nəzakət məhz bu çiçəyi təhqir etdiyi üçün bədbəxtdir".

İlyas Əfəndiyevin dramaturgiyası XX əsr Azərbaycan gerçəkliyinin mükəmməl bədii tarixidir - Azərbaycan insanının keçdiyi uğurlu və həm də iztirablarla dolu həyatının inikasıdır. Azərbaycan dramaturgiyasında mənəvi-əxlaqi, ictimai-siyasi konfliktlərin üzə çıxarılmasıdır. İlyas Əfəndiyev nəsrində olduğu kimi, dramaturgiyasında da psixoloq idi, onun bir çox pyesləri, Azərbaycan qadınının daxili, mənəvi-ruhi aləmini işıqlandıran sənət güzgüsüdür. Və ən başlıcası, İlyas Əfəndiyevin dramaturgiyası bir məktəbdir. Lakin bu dramaturgiyanı teatrsız təsəvvür etmək mümkün deyil. Hətta çəkinmədən deyə bilərik ki, teatrımızın irəliləyişi də müəyyən vaxtlarda onun pyeslərinin uğurları ilə bağlı olmuşdur. İlyas müəllimin pyesləri teatrımızın inkişafının bütün istiqamətlərinə öz təsirini göstərib. Böyük rejissorumuz Tofiq Kazımov məhz İlyas Əfəndiyevin pyesləri ilə rejissura sənətində lirik-psixoloji təmayülü təsbit edə bildi. Ağakişi Kazımovun, Mərahim Fərzəlibəyovun da İlyas Əfəndiyevin pyeslərinə quruluş verdiyini unutmayaq. Həsənağa Turabov, Şəfiqə Məmmədova, Amaliya Pənahova, Səməndər Rzayev, Fuad Poladov, Səfurə İbrahimova, İlham Namiq Kamal, Nurəddin Mehdixanlı... İlyas Əfəndiyevin pyeslərində oynadıqları rollarla məşhurlaşdılar.

İndiyə kimi İlyas Əfəndiyevin yaradıcılığını tədqiq edənlər onun yalnız nəsri və dramaturgiyası haqqında söz açıblar. Lakin onun ədəbiyyat, sənət və mənəviyyat məsələləri ilə bağlı məqalə, məruzə və resenziyalarından danışılmayıb. Halbuki, İlyas Əfəndiyev ədəbi prosesdə də fəal iştirak edirdi. İlyas Əfəndiyev nəsri və dramaturgiyasında olduğu kimi, tənqidi və publisistik yazılarında da müasirlik mövqeyində idi. O, Mehdi Hüseynin "Fəryad" povesti haqqında gözəl bir məqalə yazmış, "Fəryad"ı psixoloji bir əsər kimi təhlil etmişdi. Əbülhəsənin "Müharibə" romanı haqqında maraqlı bir məqalənin də müəllifi o idi. İlyas Əfəndiyev istənilən bir əsər haqqında söz açarkən tənqid və iradlarından da çəkinmirdi. Salam Qədirzadənin "Gənclik" povesti, İmran Qasımov və Həsən Seyidbəylinin "Uzaq sahillərdə" romanı da onun bədii əsərlərə obyektiv yanaşmasını təsdiq edirdi. Ədəbi prosesdə fəal iştirakına və xüsusilə, dramaturgiyaya yaxşı bələd olduğuna görə təsadüfi deyildi ki, Azərbaycan yazıçılarının II qurultayında (1954) dramaturgiya haqqında məruzə etməyi İlyas müəllimə tapşırdılar. "Müasir dramaturgiyamızdan danışarkən, onun tarixi ənənələrini xatırlamamaq mümkün deyil" - Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlı ənənələrindən söz açan İlyas Əfəndiyev bu ənənələri yaşatmağın zəruriliyini qeyd edir: "Ədəbi tənqid klassik dramaturgiyamızın yaxşı cəhətlərini, onun böyük ənənələrini lazımi qədər izah etməmişdir. Bir çox suallar hələ bu vaxta qədər cavabsız qalmışdır". Məsələn, "klassik dramaturgiyamızda satira məsələsi necə qoyulmalıdır? Mənfi və müsbət xarakterlər necə verilmişdir? Faciə janrı necə yaranmışdır? Sənətkarlıq nümunələri nədən ibarətdir və sairə" - göründüyü kimi, dramaturgiya ilə bu suallar əllinci illər üçün xarakterik idi. Həmin məruzədə İ.Əfəndiyev S.Vurğunun "Vaqif" pyesinin uğurlarını S.Vurğun şeirinin gözəlliyində, pyesdə realizmlə romantikanın vəhdətində və dilinin sadəliyində görür. O, konfliktsizlik nəzəriyyəsinin bir çox pyeslərə (S.Rəhmanın, M.Təhmasibin, S.Axundovun) mənfi təsirini qüsur hesab edirdi. "Pyeslərimizdəki konfliktlərin dərin və təsirli çıxmamasına bir səbəb də bəzən onların süni yollarla "düzəldilməsi" olur. Məlumdur ki, həyatın özündə hər bir ziddiyyət, hər bir konflikt təbii başlayır, təbii inkişaf edir. Biz onları əsərlərimizdə "düzəltməyə", "quraşdırmağa" girişəndə, dərhal sünilik, qeyri-təbiilik meydana çıxır".Yaxud: "Müsbət qəhrəman xarakterinin sönük və quru çıxmasının ən mühüm səbəblərindən biri də budur ki, bəzən biz onu canlı insana məxsus ən zəruri sifətlərdən məhrum edirik" - bu fikirlər əllinci illərin ədəbi tənqidində də tez-tez səslənirdi. Çox maraqlıdır ki, Azərbaycan yazıçılarının III qurultayında da (1958) dramaturgiya haqqında məruzə etməyi yenə İlyas Əfəndiyevə tapşırmışdılar.

İlyas Əfəndiyevin ən çox sevdiyi sənətkar Səməd Vurğun idi və o, bir neçə məqaləsində Səməd Vurğunun ədəbi portretini yarada bilmişdi: "O, hər nə dedisə, qəlbinin gözü ilə görən Homer kimi aydın və sadə dedi, hər nəyi qələmə aldısa, Nizamitək fikrin, şüurun dərinliklərinə dalaraq yazdı. Hansı eşqin hekayətinə başladısa, Füzuli kimi bir yanar aşiq oldu".

Tənqidi-publisistik yazılarından belə məlum olur ki, İlyas Əfəndiyev mütaliəli bir insan olub. Dünya ədəbiyyatının incilərindən gətirdiyi nümunələr, müasirləri olan şair və nasirlərin əsərləri haqqında söylədiyi fikirlər də bunu təsdiq edir. Məsələn, bir məqaləsində o, Əhməd Cəmilin, Qasım Qasımzadənin, Əliağa Kürçaylının 1960-cı ildə çapdan çıxmış şeir kitablarından söz açır. Onların təkcə uğurlarına sevinmir, həm də şeirlərindəki qüsurları da qeyd edir. Hiss olunur ki, İlyas müəllim rus ədəbiyyatını dərindən bilirmiş, xüsusilə, Çexovu, Tolstoyu…Və əlbəttə, İlyas müəllim dünya ədəbiyyatına da yaxşı bələd idi.

İlyas Əfəndiyev "nəsrimizdə sənətkarlıq məsələləri", "Uşaqlar üçün yeni əsərlər yazaq", "Cavan dramaturqlar" məqalələrində də o dövr üçün zəruri olan problemlərdən söz açırdı. O, Abdulla Şaiqin, Cəfər Cabbarlının, Sabit Rəhmanın, Əli Vəliyevin, Rəsul Rzanın, Mir Cəlalın, Nigar Rəfibəylinin, İsa Hüseynovun, Zeynal Xəlilin, Bəxtiyar Vahabzadənin, Teymur Elçinin yaradıcılığına da biganə qalmamış, onların hər birinin bir sənətkar kimi özünəməxsusluğunu nəzərə çarpdırmışdır.Yetmişinci illərdə Nəriman Həsənzadənin "Zümrüd quşu" poeması haqqında ən sanballı məqalənin müəllifi də məhz İlyas müəllim oldu. "Zümrüd quşu" məhz şairanə düşünülmüş bir poemadır. Hiss edirsən ki, böyük duyğular, nidalar, fikirlər ürəkdən qopub gəlir. Elə oxucuya da buna görə təsir edir". Əliağa Kürçaylının "Daşlar" silsiləli şeirlərindən də ilk dəfə söz açan İ.Əfəndiyev oldu. Amma onun Afaq Məsudun - səksəninci illərdə ilk hekayələr kitabını çap etdirən istedadlı gənc yazarın yaradıcılığına həsr etdiyi məqaləni ilk dəfə "Ədəbiyyat və incəsənət" qəzetində oxudum (1985, 13 sentyabr). "Afaq Məsud sərt bir üslubda yazır, heç bir surətə acımır, güzəştə getmir. Lakin bu sərtliyin dərinliklərində biz müəllifin insan taleyinə mütəəssir duyğularla bağlı olduğunu hiss edirik. Sərt realizm o zaman gözəldir ki, biz onun qaldırdığı həyat laylarındakı poeziyanı da hiss edək. Bu isə yazıçıdan həqiqi istedad tələb edir və mən bu istedadı Afaq Məsudun kitabında duyuram. Ya sevincli, ya kədərli - poeziyasız həyat yoxdur. Lakin bu poeziyanın harada, nədə olduğunu, nə zaman təzahür etdiyini yazıçı istedadı duyur". Xatırladım ki, İlyas Əfəndiyevin məqalə, məruzə və resenziyaları ədibin seçilmiş əsərlərinin yeddinci cildində (Bakı, 2002) Elçinin redaktorluğu ilə çap edilib.

Ata və oğul

Elçin: Bir dəfə mən atamın, Xalq yazıçısı İlyas Əfəndiyevin iş otağında oturub onunla söhbət edirdim. Birdən atam əli ilə divar boyu düzülmüş kitab dolablarını, rəfləri göstərib dedi:

"- Dünyada ki, bu qədər böyük yazıçılar var, bu qədər böyük əsərlər yazılıb, biz nə üçün yazırıq? Biz ki, onlardan artığını yaza bilməyəcəyik.

Dolablarda, rəflərdə isə Homerin, Firdovsinin, Nizaminin, Dantenin, Şekspirin, Molyerin kitabları yan-yana dayanmışdı.

Doğrusu, atamın həmin sualı o anlarda məni sarsıtdı".

Yenə Elçin: "Yazıçı yazarkən yalnız bir insan, bir fərd kimi özünü ifadə etmir. Hərgah yalnız belə olsaydı, onda bəlkə doğrudan da, Füzulidən sonra, Balzakdan, Tolstoydan sonra yazmağın mənası olmazdı. Lakin hər bir yazıçı özü ilə bərabər, öz xalqını da ifadə edir. Hər hansı bir yazıçının yerinə başqası gəlib onun xalqının hiss və həyəcanlarından, psixologiyasından, əməl və arzusundan, gələcəyi naminə keçmişindən və bu günündən yazmayacaq. Bu yalnız həmin xalqın öz doğma oğlunun işidir".

 

Vaqif YUSİFLİ

Ədəbiyyat qəzeti.- 2020.- 23 may. S. 6-7.