Ədəbi tənqid diskursu: bütöv Azərbaycan məramı ilə

 

Milli müstəqilliyimizi qazandığımız yeni epoxada Vaqif Sultanlı ədəbiyyatşünaslığımızın yarımçıq, açıq qalmış problemlərinin həllinə girişən və bugünədək həmin məsələlərlə məşğul olmaqdan usanmayan azsaylı alimlərimizdəndir. Onun fəaliyyəti bütünlükdə 1990-cı illərin - milli müstəqillik dönəminin irəli çəkdiyi problemlərin, yaranmış boşluqların realizəsinə yönəlmiş missiya içindədir. O məsələlər ki, həllini gözləyirdi: cümhuriyyət dövrü ziyalılarının ədəbi irsinin öyrənilməsi; Azərbaycanın Güneyində olan ədəbi prosesin izlənilməsi; mühacirət irsimizin araşdırılıb elmi dövriyyəyə qatılması; o cümlədən, dünya ədəbiyyatı ilə modernist müqayisə mexanizminin ədəbiyyatşünaslığa, ədəbi tənqidə yansıyan dalğasını dəyərləndirmək niyyəti, - Vaqif Sultanlı bu çoxcəhətli işlərin hər biri ilə bağlı intensiv fəaliyyət göstərib. Bu mənada Məmməd Əmin Rəsulzadəyə həsr etdiyi "Ağır yolun yolçusu" kitabının adı onun özünün də ədəbiyyatşünaslığımızda gördüyü işlərin miqyasını uğurla simvolizə eləyir.

Bu yaxınlarda Vaqif müəllimin "Nurlar" nəşriyyatında yeni bir kitabı işıq üzü görüb: "Azərbaycan ədəbi tənqidi". Təkmilləşdirilmiş üçüncü nəşr olan bu kitab bir çox cəhətləri ilə haqqında danışmağı zəruri edir.

Vaqif Sultanlının sənətin qarşısında irəli sürdüyü vəzifələrin ciddiliyi onun tədqiqatçı müşahidələrinin və düşüncəsinin nəzəri və xronoloji hüdudlarını, bu hüdudlara məxsus böyük ölçüləri şərtləndirir. Bu ölçülər hansılardır? İlk növbədə, milli ədəbi tənqidi fikrin tarixi inkişafına dair ümumi qanunauyğunluqları, ədəbiyyatşünaslığımızın bu sahədəki nailiyyətlərini meydana çıxarmaq, daha sonra bu inkişaf prosesində tədqiqatdan kənardan qalan Azərbaycanın Güneyində və mühacirətdə yaranmış ədəbi-nəzəri irsin təhlilini dövriyyəyə qatmaqla predmetin şərhini dərinləşdirmək və nəhayət, ədəbi fikrimizin bütün cərəyanlarını və metodlarını əhatə edən nəzəri işlərlə onlara yekun vurmaq.

"Azərbaycan ədəbi tənqidi" kitabının meydana çıxmasının konseptual sistemində Vaqif Sultanlının bu vaxta qədərki yaradıcılığı əsas zəmin təşkil edir. Onun müəyyən fasilələrlə çap olunan "Ədəbi tənqidin tədrisi məsələləri" (metodik vəsait) (2007), "Azərbaycan ədəbi tənqidi" (dərs vəsaiti) (2009), "Azərbaycan ədəbi tənqidi" (dərs vəsaiti. Təkmilləşdirilmiş II nəşr) (2012) kitabları çevrələdiyi elmi-nəzəri problemin öyrənilməsi və həlli tarixində yeni mərhələ üçün nəzəri perspektiv açmış, yeni elmi meyilləri, metodoloji başlanğıcları və filoloji istiqamətləri şərtləndirən qənaətləri ilə tarixi əhəmiyyət kəsb etmişdir. Kamal Talıbzadənin "Azərbaycan ədəbi tənqidinin tarixi (1800-1920-ci illər)" kitabından başqa istinad olunası sistemli tutarlı elmi mənbəmiz, sanballı ədəbi-pedaqoji vəsaitimiz yox dərəcəsində idi. Zənnimcə, dövrün bu ehtiyacı, bütün böyük münəvvərlərimizin taleyinə yazılan əməl borcu Vaqif Sultanlının da elmi-ədəbi fəaliyyətinin yeni mərhələsini istiqamətləndirmiş oldu. Azərbaycan ədəbi tənqidinin müasir səviyyədə öyrənilməsi, o cümlədən Azərbaycanın Güneyində və mühacirətdə yaranan ədəbi tənqidin də ayrıca bir mərhələ kimi tədqiq olunub dəyərləndirilməsi ideoloji əhəmiyyətli hadisə olub mühüm tarixi və perspektivli bir təşəbbüsün əsaslı şəkildə işlənməsi deməkdir. Cəsarətlə demək olar ki, bu gün Azərbaycan ədəbi tənqid tarixinin, tənqidşünaslığın öyrənilməsi həm də Vaqif Sultanlının əsərlərində işlənən konseptual nəzəri fikrin və elmi-filoloji strukturun təməli üzərində yüksəlmişdir.

Alim kitabı sistemli metodika ilə hasilə gətirib. Yığcam ön sözdən sonra ədəbi tənqid anlayışı, onun elm, sənət və publisistika ilə münasibəti, başqa elmlərlə əlaqəsi, ədəbi prosesdə rolu, janrları, yazıçı və oxucu tənqidi haqqında ayrıca məlumat verilir. Daha sonra milli nəzəri-estetik düşüncənin folklor qaynaqları üzə çıxarılır və Azərbaycan ədəbi tənqidinin əsas mərhələləri dövrləşdirilir: "Azərbaycan ədəbi tənqidinin təkamül mərhələləri bədii ədəbiyyatın inkişaf yolu ilə həmahəngdir. Bu, əsas etibarilə aşağıdakı mərhələləri əhatə etməkdədir: - Ədəbi-estetik fikrin ortaçağ dövrü: XI-XV yüzillər; - Ədəbi-estetik fikir XVI-XVIII yüzillərdə; - Ədəbi tənqid XIX əsrdə və XX yüzilin əvvəllərində; - Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbi tənqid (1918-1920); - Ədəbi tənqid sovet siyasi rejimi dövründə (1920-1991); - İstiqlaliyyət dövrü ədəbi tənqidi (1991-ci ildən bu günədək). Bundan əlavə, ədəbi-nəzəri prosesin bütöv mənzərəsinin canlandırılması üçün XX yüzildə Azərbaycanın Güneyində və mühacirətdə yaranan ədəbi tənqid və ədəbiyyatşünaslığın araşdırılmaya cəlb olunması zəruridir".

Təsnifatdakı son bölmə kitabın elmi yeniliyini şərtləndirən səbəblərdən biridir. Bu ehtiyacın nədən doğduğunu müəllif belə izah edir: "Şərti səciyyə daşıyan bu mərhələ təsnifatında Azərbaycanın Güneyində və mühacirətdə yaranmış ədəbi-nəzəri irsin ayrıca təqdim olunması onun kifayət qədər araşdırılmamasından qaynaqlanır və diqqətin bu səmtə yönəldilməsi məramına xidmət edir. Şübhəsiz ki, gələcəkdə Azərbaycan ədəbi-estetik fikrinin bütöv şəkildə öyrəniləcəyi təqdirdə mərhələ təsnifatında bu cür fərqləndirmələrə ehtiyac duyulmayacaqdır".

Milli ədəbiyyatşünaslığımızda ən yaxşı əsərlər yalnız sənət adına yox, həm də məfkurə, amal adına yazılan əsərlər sayılır. Bu mənada, Vaqif Sultanlının yaradıcılığındakı bu xətt - həm Azərbaycanın Güneyində, həm də mühacirətdə yaranan ədəbi irsin araşdırılması ilə illərdən bəri apardığı mücadilə milli tənqid tariximizi yeni meyarlarla öyrənməyə yol açmaqla bərabər, həm də sənətdə ifadə olunan məfkurənin şərəfli tarixinə yeni səhifələr yazdırır. "Məhəmməd Əmin Rəsulzadənin ədəbi dünyası" (1993), "Ağır yolun yolçusu (portret-monoqrafiya)" (1996), "Azadlığın üfüqləri (məqalələr toplusu)" (1997), "Azərbaycan mühacirət ədəbiyyatı" (1998), "İstiqlal sevgisi" (monoqrafiya) (2014) - bunlar 90-cı illərin qarışıqlığı içində oriyentiri düz seçən alimin gördüyü işlərin bir qismidir.

Mühacirət ədəbiyyatının geniş tədqiqat predmetinə çevrilməsi önəmlidir. Ona görə ki, Sovet hökumətinin hökmfərma olduğu illərdə mövzu kifayət qədər araşdırılmamış, bu ədəbiyyatı yaradanların irsi təhrif və yanlışlara məruz qalmışdır. Müstəqilliyi qazandığımız dövrdə bu mövzulara qayıtmaq o illərdə görə bilmədiklərimzi görməyə, deyə bilmədiklərimizi deməyə geniş imkan verirdi. Vaqif Sultanlının adı keçən kitablarında Azərbaycan mühacirət ədəbiyyatının fərdi keyfiyyətləri, onun yaranma, təşəkkül tarixi, sərhədlərinin müəyyən edilməsi ilə bağlı qiymətli fikirlər sərgilənib. "Azərbaycan ədəbi tənqidi" monoqrafiyasında da Vaqif Sultanlı ədəbi tənqidin klassik janrları olan - şərh, ədəbi risalə, dibaçə, təzkirənin təqdimindən başlayaraq istiqlal dövrünün irəli çəkdiyi postmodern tənqidin nümunələrinə qədər bədii inkişafın tarixini mürəkkəb və təzadlı bir estetik vəhdət, vahid sistem kimi əhatə edir, həmçinin Azərbaycan ədəbi tənqidinin tarixi təşəkülünün vahid bir konsepsiyasını yaratmaq üçün Azərbaycanın Güneyinin ədəbi tənqidi fikri və mühacirətdə yaşayan ziyalılarımızın elmi-nəzəri axtarışlarını da ədəbi bazaya çevirir. Belə bir vüsətli yanaşma, əhatəli kontekst bizə həm də ona görə lazımdır ki, fikir həyatımızda önəmli yeri olan bu insanlarının irsi bütün yönləri ilə nəzəri analizin predmetinə çevrilib dərkini və layiqli qiymətini ala bilsin. Bu bütövlük həmçinin vahid bədii inkişafın mənzərəsində tədqiqdən kənarda qalmış sahələrin mövqeyini dəqiq təyin etməyə, bu mövqelərin hərtərəfli nəzəri ifadəsi üçün elmi-filoloji vəzifələrin də proqramını müəyyənləşdirməyə xidmət edir. Nə gizlədim, düzü kitabda yaradıcılığına çoxdan tanış olduğum imzalarla bərabər ilk dəfə burda rastladığım isimlər də az olmadı. Azərbaycan mühacirət ədəbi tənqidi və ədəbiyyatşünaslığında önəmli yeri olmuş Səlim Rəfiq Rəfioğlunun Bəkir Çobanzadə və Əhməd Cəfəroğlu ilə fikir ixtilafları, onun divan ədəbiyyatını sistemli şəkildə təhlil obyektinə çevirməsi ilə bağlı fikirləri, yaxud dünya şərqşünaslığının və türkologiyasının tanınmış şəxsiyyəti Turxan Gəncəyinin yaradıcılığının daha əhatəli məqamları ilə ilk dəfə bu monoqrafiyada tanış oldum. Tədqiqatın önəmi elə onunçündür ki, yeni faktlar, yeni adlar sırası hasilə gətirir. Faktlar və adların çoxluğu isə müqayisə üçün yeni imkanlar və şərtlər açır: Azərbaycanın bir parçası olaraq başqa coğrafi qütblərdə cərəyan edən ədəbi proses onunla hansı bədii məcrada, estetik məkanda mənəvi qovşaq yarada bilir, yaxud türklük, islam-şərq mədəniyyəti, eləcə də ümumbəşəri səviyyədə idrakın hansı dərinlərinə nüfuzü gerçəkləşdirir, hansı bədii-mənəvi dəyərləri ehtiva edirlər?!.

Vaqif Sultanlı ədəbi tənqid tarixini dövrləşdirərkən hər mərhələni öz tarixi inkişafında təqdim edir: təşəkkülü, nəzəri-estetik, mənəvi-fəlsəfi qatları, özünəməxsus mərhələ yaradıcı xüsusiyyətləri və tənəzzül dövrü. Hər dövrün də irəli çəkdiyi imzaları, adekvat yetirdiyi ədəbi tənqid fiqurları və onların fərdi-praktiki fəaliyyətində təcəssümünü tapan və qorunan ədəbi tənqid statusu. Bu təhlillərin hər birində Vaqif Sultanlının özünün mövqeyi və münasibəti daim işlək, dinamikdir.

Məlumdur ki, Azərbaycan ədəbi tənqidinin tarixi çox qədimlərə gedib çıxsa da, bu haqda ilk sistemli tədqiqat əsəri XX yüzilliyin 60-cı illərinə məxsusdur. 1966-cı ildə respublika EA nəşriyyatı tərəfindən çap olunan "XX əsr Azərbaycan ədəbi tənqidi" və tədqiqat dairəsini təkmilləşdirmiş formada on səkkiz il sonra, 1984-cü ildə çap olunan "Azərbaycan ədəbi tənqidinin tarixi" fundamental monoqrafiyaları akademik Kamal Talıbzadənin bu yöndə apardığı məqsədyönlü fəaliyyətinin məhsulu idi. Azərbaycan ədəbi tənqidinin çox qədim köklərə malik olduğunu əsaslandıran bu monoqrafiya milli estetik-nəzəri fikrin yoxluğu, təməlsizliyi haqqında şüurlara yeridilən əsassız formullara son qoymaqla bərabər, yeni bir məktəbin - milli tənqidşünaslığın yaradılmasına müvəffəq olmuşdur ki, sonralar bu məktəbdə ərsəyə gələn tənqidçi simalar çağdaş ədəbi prosesə vəsiqəni məhz bu monoqrafiyaların içindən keçərək almışlar. Sonrakı illərdə də bu yöndə müəyyən addımlar atılmış, tənqid və ədəbiyyatşünaslığımızın müxtəlif yaradıcılıq problemləri diqqət mərkəzində olmuşdur. Lakin danmaq olmaz ki, hər hansı bir dövrün ədəbi tənqidinin bütün təfərrüatı, tərkib və parametrləri ilə canlandırılması həmin mərhələnin sistemli tədqiqat predmetinə çevrildiyi təqdirdə əyaniləşir. Bu baxımdan, ədəbiyyatşünaslığın və tənqidin qarşısında ən yeni dövr Azərbaycan ədəbi tənqidinin tarixini yaratmaq kimi elmi vəzifənin durması həllini gözləyən əsas problemlərdən biri sayılırdı. Bunu müəllif özü də qeyd edir: "Təəssüf ki, indiyədək ən qədimlərdən başlamış günümüzə qədərki dövrü əhatə edən Azərbaycan ədəbi tənqid tarixinin yazılmasını gerçəkləşdirmək mümkün olmamışdır. Bunun səbəbi isə bir tərəfdən yaşadığımız zamanın çevik dəyişikliklərlə müşayiət olunan sosial-siyasi şərtləri, qarşı tərəfdən isə araşdırmanın daha kamil səviyyədə üzə çıxarılmasını təmin etmək niyyətindən irəli gəlir".

Vaqif Sultanlının ədəbi tənqidlə bağlı gördüyü işlər Kamal Talıbzadə ilə başlanan yola xələflik etmək səciyyəsindədir. Predmetin qədimliyinə, daha doğrusu orta çağlara aparan səmtinə Kamal müəllimin monoqrafiyası işıq salmışdır, ondan beləsinə kənarda qalmış zaman kəsimlərini araşdırmaq, habelə elə həmin monoqrafiyanın özündə ideoloji diqtənin hökmü ilə yazılmış səhifələrin təshih edilərək elmi ictimaiyyətə ötürmək lazım idi. Dövr yenidir və gerçəklik elədir ki, Vaqif Sultanlı XX əsr ədəbi tənqidinin mərhələ təsnifatını apararkən və hər mərhələ ilə bağlı ictimai-fəlsəfi, ədəbi-estetik, tarixi-mədəni durumun çözümünü verərkən çıxış etdiyi çağdaş elmi-nəzəri düşüncə konteksti özünü doğrultmayan, zamana duruş gətirməyən, "gərəksiz" nə varsa kənara qoyur. Tənqidşünaslığın təcrübəsi mənasında onlar daim yerindədirlər təbii, amma mətnə və şəxsiyyətə yanaşma artıq dünənin deyil, bu günün obyektiv elmi-nəzəri qanunauyğunluqlarına söykənməlidir ki, monoqrafiyada da bu yol tutulur. Müəllifin sovet siyasi rejimi dövründə Azərbaycan ədəbi tənqidinin inkişaf yolunu bir neçə mərhələdə təsnif etməsinin özü artıq fakta, prosesə analitik nəzəri səpkidən nəzər yetirməyin göstəricisidir: "1)1920-1930-cu illər ədəbi tənqidi; 2)1940-1950-ci illər ədəbi tənqidi; 3)1960 -1980-ci illər ədəbi tənqidi". Hər halda müəllif XX əsri tarixi-tipoloji vahid kimi səciyyələndirir və ədəbiyyatşünaslığın yeni düşüncə hüdudlarında gəzişərkən bədii-estetik səviyyəni təmsil edən mətni hansı zaman aralığında yazılmasından asılı olmayaraq sənətin obyektivinə fokuslayır. Məsələn, ədəbi tənqidin müasir janrları ilə bağlı bölmədə monoqrafiya janrına dair alimin irəli çəkdiyi əsərlər bunu sübut edir: "Azərbaycan ədəbi tənqidində janrın tələblərinə bütünlüklə cavab verməsə də, Mirzə Məhəmməd Axundovun "Şeyx Nizami" (Gəncə, 1909) və Firudin bəy Köçərlinin "Mirzə Fətəli Axundov" (Tiflis, 1911) adlı əsərləri monoqrafiyanın ilk nümunələri kimi dəyərləndirilə bilər. Sonralar Məmməd Arifin "Cəfər Cabbarlının yaradıcılıq yolu", Mikayıl Rəfilinin "Mirzə Fətəli Axundov", Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan şairi Nizami", Mirzə İbrahimovun "Böyük demokrat", Mir Cəlalın "Füzuli sənətkalığı", Məmməd Cəfərin "Hüseyn Cavid", Əkbər Ağayevin "Nizami və dünya ədəbiyyatı", Bəxtiyar Vahabzadənin "Səməd Vurğun", Yaşar Qarayevin "Azərbaycan realizminin mərhələləri", Bəkir Nəbiyevin "Kamalın təntənəsi", Cəlal Abdullayevin "Səməd Vurğunun sənət dünyası", Sabir Əliyevin "Füzulinin poetikası", Tofiq Hüseynoğlunun "Ədəbiyyatla yaşayıram", Rafael Hüseynovun "Məhsəti necə varsa", Azər Turanın "Cavidnamə" və başqa dəyərli monoqrafiyalar yaranmışdır".

Sovet dövründə yazılmış əksər tənqidşünaslıq nümunələrini dəyərləndirmək, yeni gözlə oxumaq baxımından Vaqif Sultanlı həm də içindən keçdiyi XX əsrin özünə elmi-nəzəri baxış sərgiləyə bilir. Yəni yalnız mətn, bədii predmet deyil, ondan bəhs edən tənqidi məqalə və kitablar, həmçinin ədəbi tənqidin müxtəlif mərhələlərini şərh edən tənqidşünaslıq nümunələrinin özündən belə epoxanın mahiyyətini detalda və təfərrüatda açmağa yararlanır.

Müəllif Azərbaycan ədəbi tənqidinin yalnız inkişaf yolunu izləməklə, tənqidşünaslığın təcrübəsini ümumiləşdirməklə kifayətlənmir, o cümlədən müstəqillik dövrünün yeni meyillərə açıq olan ədəbi tənqidini çağdaş elmi-nəzəri müstəvilərə otuzdurur, tənqidin bədii mətni müəyyən kateqoriyalar, elmi anlayışlarla düşünmək, təhlil etmək səriştəsini izah edir. Dünya ədəbiyyatşünaslıq məktəbləri və ədəbi tənqidinin yaradıcılıq metodları haqqında ayrıca bölümdə bəhs edir, hər anlayışın nəzəri statusu, prinsiplərini tanıdır, ehtiva etdiyi elmi-fəlsəfi səciyyə ilə bağlı yığcam məlumat verir: "Bioqrafik metod, Mədəni-tarixi metod, Sosioloji metod, Strukturalist metod, Linqvistik metod, Komparativistika, Mifopoetik metod, Psixoloji metod, Psixoanalitik metod, Semiotika, Hermenevtika, Postmodern tənqid metodu".

Söhbət XX əsr konsepsiyalarının, habelə XIX əsr Qərb ədəbiyyatşünaslıq məktəblərinin nəzəri dərkinə yetməkdən gedirsə belə də olmalıdır. Əks halda nəinki müstəqillik dövrü ədəbi tənqidini, heç bu gün intensiv müqayisələrə müncər etdiyimiz XX əsr ədəbi tənqidinin özünü belə duyub dəyərləndirməkdə çətinlik çəkərik. Müəllif bu yaradıcılıq metodlarının hər birinə ayrıca bir təlim kimi önəm verməklə biliklərin mənimsənilməsi prosesini stimullaşdırmış olur. Və nəzərə alanda ki, Vaqif Sultanlı kitabı dərs vəsaiti ərsəyə gətirmişdir, o zaman filoloji praktikada belə nəzəri biliklərə varmaq əzmini görüb ancaq alqışlamaq olar. Ən azı bu anlayışlardan xəbərsiz filoloji auditoriyanı maarifləndirmək üçün çox gərəkli işdir.

Əlbəttə, ədəbiyyatşünaslığımızın qarşısında dayanan məsələlər çoxdur və Vaqif Sultanlı onlardan bir qismini sərgiləməklə estafeti sanki növbəti araşdırmaçı kəsiminə ötürür. Yetər ki, niyyət və məram ali olsun: "Şübhəsiz ki, gələcəkdə Azərbaycan ədəbi tənqidinin tarixi ilə bağlı ciddi və sistemli əsərlər yazılacaq və bundan heç də az əhəmiyyət daşımayan ədəbi tənqid ensiklopediyası hazırlanacaqdır. Həmçinin ədəbi tənqid və ədəbiyyatşünaslığın görkəmli nümayəndələrinin yaradıcılıq yolu müstəqil təhlil obyektinə çevriləcək, onların əsərləri toplu halında oxucuların mühakiməsinə veriləcəkdir. Nəhayət, klassik dönəmdə yaranmış şərh, təzkirə, ədəbi risalə və başqa qaynaqların nəşr edilməsi müasir ədəbiyyatşünaslığın qarşısında duran aktual vəzifələrdən biri kimi həllini gözləməkdədir".

Vaqif Sultanlının bütün kitabları arasında bir bağ olduğunu düşünürəm və mənə elə gəlir bu "bağ"ın adı azadlıqdır. Onun bütün əsərlərində azadlığın özü danışır. Ya uca vurğu ilə, ya da həsrət, nisgil, yanıqlı bir dillə. Qələmini gah cümhuriyyətçilərin vətəndə gördüyü işlərə tuşlayır, gah mühacirətdə aparılan mücadilələri hədəfə alır, gah da Azərbaycanın Güneyində yaranan irsin araşdırılması üçün ömür sərf edir. Haradan baxırıqsa baxaq, onun hay-küydən uzaq, mütəvaze fəaliyyətinin bünövrəsində bütöv Azərbaycan məramı görünür. "Azərbaycan ədəbi tənqidi" bu məramın növbəti ciddi ifadəsidir.

 

Elnarə AKİMOVA

Ədəbiyyat qəzeti.- 2020.- 23 may. S. 8-9.