Şairlə
kəlmə kəsmək...
Xaqani Qayıblı ömrünə şeir kimi və ya
şeirinə ömrü kimi çox inandığım və
sevdiyim şairdir. Mən kiməm ki, inanmayım? Onun şairliyinə anası cənnətlik Şərifə
xanım inanıb. Ana ürəyi isə qətiyyən
səhv eləmir. Müqəddəs Molla Vəli
Vidadi ocağının qızı olan Şərifə
anamızın vəsiyyəti də olub. Ana vəsiyyəti
isə haqq sözüdür: "Bax haa, Xaqani, bilirəm,
harda olsam, sən gəlib cinazama çatacaqsan.
Qapımızdakı tut ağacının yanında camahatı saxlayıb
mənə şeir deməsən, qavrım od tutub yanar, mənşərə
qədər də sənnən barışmaram! Axı mən
şair anasıyam!".
Elə burdaca yaddaşımdakı bir detalı saygıdəyər
oxucularla bölüşmək istərdim. Bir dəfə
Qaraçöpdə analı günlərini xatırlayanda
Xaqani mənə dedi ki, rəhmətlik anam çiçəkləri
çox sevirdi. Bütün qapı-baca, ev-eşik
gül dibçəkləri ilə dolu idi.
Estoniyadan, Botanika bağından dağ laləsinin
soğanaqların gətirib məzarının üstünə
əkdim.
İndi hər bahar
anasının məzarı gülüstana
dönür...
Üzüstə
torpağa yıxıldım...
Xatırlamıram heç nə.
Bircə ətri
qaldı əllərimdə Anamın!
Bir də, Anamın əkdiyi çiçəklərin.
Bu çiçək assosiasiyası Xaqaninin ruhuna elə
hopubdur ki, Qaraçöpə yurd sevgisini də çiçək
metaforası ilə şərəfləndirir.
Anam
torpağına qarışan gündən
Çiçəyim
– Qaraçöp, gülüm – Qaraçöp!
Düz otuz ildir ki, vətənə “təntiyə - təntiyə,
ürəyi ağzında” uzaqlardan gəlir. "Uzaq"
anlayışı mifoloji düşüncədə
qeyri-müəyyənliyi, məchulluğu bildirir. Ruhunun görüşə, vüsala necə
uçunduğunu dəfələrlə seyr etmişəm.
Hər vüsal dəli bir həsrətin
astarı, "ömrünün yorğun
çağlarının" sirli bir yazısıdır.
Ayrılığın miqyasını və mənasını
da ruhunun uçunduğu görüşlərdə
anlayır:
Özümü
özümə ayıda bilsəm,
Bir də o yerlərə qayıda bilsəm.
Ata
evimizin daşından öpüb,
Anamın
gözünün yaşından öpüb,
Bir
yaşın içində qardaşım oğlu
Dünyaminin
qırxıq başından öpüb
Üzümü torpağa sürtüb qalacam.
Onun şeirlərinin sujeti sanki yetə bilmədiyi,
çata bilmədiyi görüşlərin
ilğımından yaranır və bu görüşlərin
içindən sanki bir ümidsizlik havası
keçir.Əslində Xaqani şeirlərində real
görüşləri deyil, süuraltına
sıxışdırılmış arzu-istəklərini və
ümidlərini xatırlayır.
Bir
axşam işdən dönəndə
Səni
evimdə görəm!
Bu sirli gəlişindən
Kövrəlib
evim də, görəm...
Məndə belə bir əminlik var ki, Xaqaninin dilə gətirdiyi
görüşlərin hamısı yuxu və güzgü
effektlidir. Güzgü gerçək nəsnə-predmet deyil,
özgənin simvolik obrazıdır. Boylama
güzgüdə qızla görüş xəyalında
canlandırdığı obrazla görüşdür.
Xaqani Qayıblı taktillik (təmas-toxunma) aktını
qəribə bir ehtirasla bizə ötürür. Taktil obrazlar
doğmalığın, məhrəmliyin, qohumluğun və
sevginin ifadəsidir. Bu gün də
yaddaşında ana əllərinin sazağı keçir,
atasının kürəyinə toxunan əllərinin istisi
üşüdür. Anasının
"ölöm" deyib sarılmasını xatırlayanda
yaddaşı köhnə yara kimi ufuldayır,
sızıldayır.
...anam məni
həyətimizdəki tut ağacına
çatar – çatmaz
sinəsiniyumruqlayaraq
ölöm, qavağında ölöm” desə
dünya
dağılarmı?
Psixologiya taktil toxunmanın bir sirli – sehrli mahiyyəti də
ondadır ki, sən nəyə toxunursansa, o da səninlə
qarşılıqlı təmasda olur. Ölüyə
toxunmaqla ölümü öz içinə, "mən"inə
daxil edirsən. Əski inanclarda belə təsəvvür
var ki, ölü ilə öpüşən adam
mütləq ölülər dünyasına simvolik
qatılır. Xaqani bilirdimi ki, anasını gözlərindən
öpməsi ilə özü də "ölümün
qılığına" girmiş olur, "ölüm məkanı"na daxil olur:
Ölüm
qılığıma girdi bu gecə,
Sarılıb
boynuna üzündən öpdüm -
Anamın üzündən öpdüyüm kimi.
Qaşını
sığayıb gözündən öpdüm,
Anamın gözündən öpdüyüm kimi.
Xaqani qürbət ellərdə monoloqdan bezəndə gəlir
vətənə, kəlmə kəsməyə gəlir. "Kəlmə
kəsmək" onun şeirlərində söhbətləşmək
cəhdi deyil, mistik ünsiyyətin adıdır. Bu mənada
X.Qayıblı təbiət varlıqları ilə, ilin fəsilləri
ilə kəlmə
kəsmək arzusunda olan, kəlmə kəsməyi bacaran ən
istiqanlı şairlərimizdən biridir. Tanrıya,
anaya, Qaraçöpə... xitabları onlarla kəlmə kəsməsidir.
Ona görə hayıfsılanır: "Payız kəlmə
kəsəmmədi".Yurd yeri, çay, meşə ilə,
ata evinin qaraca daşı ilə, həyətlərindəki
tut ağacı ilə, nəhayət, anasının ruhu ilə
kəlmə kəsmək arzusu da bu üzdəndir.
Dost yox –
üstündə əsməyə,
Yar yox –
naz edib küsməyə...
Mənimlə
kəlmə kəsməyə
Çayı, meşəsi qalmadı.
Qəriblik şair Xaqani Qayıblı üçün
susmaq və sükut yeridir. Susmağının və daxili
nitqin enerjisini şeirlərində hiss edirsən. Nöqtələr, tirelər mötərizəyə
alınmış sözlər şeirlərdə gözlənti
və sükut məkanı yaradır. Aşağıdakı
şeirin qrafik sırasına baxsanız, poetik sözlə
sükutun sərhədi haqqında təsəvvürünüz
yaranar və bu sərhəddə olumun, heçliyin,
uçurumun, ömürdən keçən payızın nəfəsini
duya bilərsiniz.
...bu da
sinbahar -
yenə
yenik
düşəcək yaşılım yarpaqlar...
(iyul Günəşinin hənirtisi
barmaqlarımın
ucunda)
içimdə duyğularım saralır...
canımı qoymağa yerim yox, babam!
təlaşdayam -
sanki
köksüm altda payız var kimi!
...ömrümdən
bir fəsil keçir
səhradan rüzgar kimi... (Riqa, 16 noyabr 2003)
Bəlkə
də qürbətin havasındandır: Xaqani Qayıblı qəriblik
şeirlərini sanki tamamlamağa çalışmır.
Burada sözün sükutla təması, susqunluğa keçməsi
başlayır - gəraylı var, iki bənddən
sonra qırılıb. Şeir var - bayatı nəfəsi bir
bəndin divarına dəyib qayıdır... Məsələn:
Yaşa
bax, Tanrım, yaşa,
Əldə
qırxın yaxası!
Üfüq
görünür daha...
Bu da
ömrün ortası!
Nədənsə mənə elə gəlib ki, Xaqani
ömrünü və sözünü iki dünyanın
sınırında yaşayır. Anasının cənazəsi
başında ondan şeir oxumasını istəməsi də
həmin mistik sərhəd – hüdud duyumundan, anlamından gəlir.
Haqq – nahaq dünyası arasında şeir oxumaq
hər şairin taleyinə düşmür.
Şeirlərinin əksəriyyətinin məna strukturu
ömür – ölüm qütblərini ehtiva edir. "Ölüm"
Xaqani Qayıblı ömrünün üfüqündə
yaşayır. Necə ki, bu gözəl,
sufiyanə türkünün son misraları “ölüm
üfüqündə” tamamlanır.
Gəl
biz dosta gedək, könül,
Gedək yüyürə-yüyürə...
Biz dosta
varan günü
Dağları duman bürüyə.
...Ruhum
uçuna göylərdə
Tənim torpaqda çürüyə.
Ən
sevdiyi qutsal zaman gecə ilə səhərin sərhədidir-
dan yeri, sabahın alatoranlığıdır... Sözlər bu zaman aralığında deyilir.
Yazammadığım
yuxudu
Dan üzünə dediklərim.
Yerlə
Göyün arasında – o Kazbekin sıldırımlı,
dumanlı-çənli aşırımında
anasının xeyir-duasını eşidir: "Sən ki məni
bu qoja vaxtımda Qafqazın başına
çıxartdın, ooğul, sana çəkdiyim zəhmət,
Ana südü kimi halalın olsun!"
Praqadan Tallinə uçarkən, təyyarədə ata
alqışını eşitmək möcüzə deyilmi? "Birdən söhbət əsnasında
atam sol əlini kürəyimə qoyub dedi: "Oğlum, biz
bu saat bəlkə də göyün yeddinci qatındayıq,
elə bil Allaha bir az da yaxınıq. Bax,
göyün bu yeddinci qatında sənə ata
alxışı edirəm. Bunu heç
zaman unutma, ata alxışı hər şeydən
üstündür. İnşallah, qarşıda səni
çox gözəl həyat gözləyir, bütün
işlərin uğurlu olacaq, bir az
sıxıntı yaşasan da, sonunda hər şeyə nail
olacaqsan. Səndən həmişə razı
olmuşam, Allah da səndən razı olsun. Mən sənnən hər zaman fəxr etmişəm.
Sağ ol ki, mənə qürurlu ata ömrü
yaşadırsan".
Xaqaniyə çatmaq üçün gərək
dünyaların sərhədini keçəsən. Bunu öz təcrübəmdən
də bilirəm. Xaqani bizi (məni və Məti
Osmanoğlunu) Qaracöpə, çoxdan gözlədiyimiz,
arzuladığımız bir görüşə dəvət
etmişdi. Bakıdan Qaraçöpə
uça-uça gedirdik. Qismətə bax, yalnız sərhəddə
pasportun vaxtı keçdiyinin fərqinə vardım və
kor-peşman geri qayıtdım...
"Bir pasport xətasına" görə
anasını Estoniyaya aparmaq cəhdi boşa
çıxır. Anasının qımqımısı da hələ də
yaddaşını göynədir: "Dağlardan
aşdım, düzə qoymadılar, Bəzəndim gəldim,
sizə qoymadılar".
Bəlkə
də onun ölkələrin, şəhərlərin sərhədlərini
keçmək ehtirası həmin hüdudu - nitqlə
sükutun, həyat və ölümün, yoxluqla
varlığın, gecə ilə gündüzün, köhnə
il ilə təzə ilin, Yerlə
Göyün sınırında yaşatması ilə
bağlıdır! Keçən Sadaxlı sərhəd
nəzarət məntəqəsində maşının
güzgüsündən onun "başqa, fərqli bir
dünya"ya necə keçməsini maraqla izlədiyimi
yadıma salıram.
Dünyaların sərhədində yazılan şeirlər,
söylənilən türkülər “ana dilin
yuxuları”dır.
Mən
sadəcə bu
yuxuları yozmaq istədim...
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.-
2020.- 23 may. S. 9.