İmdat
Avşar barədə ruh yazısı
Mənim bozqurd
dostum, İmdat qardaşım
2020-ci ilin 20 yanvarıydı. Dan yeri təzəcə
qızarırdı. Bu günə matəm
çalarlarında baxanlardan fərqli olaraq, mən 20
yanvarı Azərbaycan xalqının ən şərəfli
və şanlı günlərindən biri hesab edirəm.
Həmin gün azadlıq istəyən əliyalın
xalq tankların üstünə getdi və Mirzə Çəlilin
təsvir etdiyi "Ölülər" mərtəbəsindən
Şəhidlik mərtəsinə qalxdı. Hesab edirəm, həmin gün "Milli matəm
günü" yox, "Şəhidlər günü"
adlansa, şəhidlərimizin xatirəsi qarşısında
daha ədalətli olarıq. Həmin
gün mən nikbin əhval-ruhiyyədəydim və öncə
dediyim kimi, günəşin ilıq və məhrəm
şüalarının Alataunun qarlı çalması ətrafında
təzəcə dolaşdığı bir zamandı. Mən qədim oğuzlarsayaq yatmağı sevən
adamam, amma həmin gün çox erkən oyandım. Qazaxıstanın əski paytaxtı Almatı şəhərinin
"Almatı" otelində qonaq idik onda. Oyanar-oyanmaz
beynimə şeir gəldi, otaqda bir az var-gəl
edəndən sonra balkona çıxdım, gözlərim
önündə şəkillənən dağları seyr elədim.
Bizi dəvət edən dostlar mənim bu
dağlarla qarşılıqlı sevgim olduğunu bildiklərindən,
bizə pəncərəsi dağlara açılan odada yer
almışdılar. Qazaxlar bu dağlara
Alatau deyir, mən Tanrı dağları deyirəm. Tanrı dağları dünyada daha çox
Çin deyilişində, Tyan-Şan kimi tanınır. Çincə mənası Tanrı dağı deməkdir.
Hər dəfə mən bu dağların ətəyinə gələndə
bir Tanrı enerjisi hiss eləyirəm özümdə, güc
gəlir gücümə, ün gəlir ünümə. Bir qəribəlik də var - mən bu dağlara
mehman olanda ya qar yağıb, ya yağış. Bu, dəfələrlə
olub, özü də bir neçə dəfə qələm
dostlarımın iştirakıyla - İbrahim İlyaslı,
Ağacəfər Həsənli, Elçin Hüseynbəyli,
İmdat Avşar... Qəribədir, mən balkona
çıxanda Almatıya qar yağmağa
başlamışdı və qonşu otaqda məskunlaşan
yazıçı dostum İmdat Avşar da demək olar ki, mənimlə
eyni zamanda balkona çıxdı. Dedim, qağa, nə
tez oyanıbsan, dedi - dünən demişdin axı, sübh
tezdən qar yağacaq. Həqiqətən
dünən elə bir söhbətimiz olmuşdu. Öncəki
gün mən, İmdat Avşar, Mehmet Parmaksız və Xəyal
Rza Azərbaycan və Türkiyə adına görkəmli
qazax yazıçısı Sabit Dosanovun yubiley tədbirinə
gəlmişdik. Qazax dostlarım həmişə
olduğu kimi, məni və qonaqlarımı Alatau
dağlarının ətəyində yerləşən,
"Okjetmez" sanatoriyasında yerləşdirdilər.
Gecəyə kimi orada olduq, amma, nədənsə,
qar yağmadı. Dostlarım dedilər ki,
qar yağdırammadınsa onda köçək şəhərə.
Utana-utana ev sahiblərindən xahiş elədim
ki, bizi şəhərə köçürün, burada
qonaqların havası çatmır. Sağ olsunlar,
köçürdülər düz mərkəzə,
"Almatı" otelinə. Və səhər
heç gün doğmamış qar yağmağa
başladı və bu müqəddəs anda ilk
gördüyüm insan İmdat Avşar oldu. Sanki səmadan əmr almış kimi ikimiz də
eyni zamanda balkona çıxmışdıq və səmanın
köksündən sallaşan dağların fonunda Almatı səhərinə
səpələnən qar dənələrini seyr eləməyə
başladıq. Sonra İmdat dedi ki, qardaş, gəl
Tanrı dağlarını bizim balkondan seyr edək,
yaxşı qəhvə də var, yəni avropalılar
demiş, "türk şərabı". Şübhəsiz,
sevinərək getdim. İmdat Avşarla
çoxdanın dostuyuq. Heç
Almatıya da birlikdə gəldiyimiz ilk səfər deyil.
İmdat Avşar Türkiyədə önəmli bir şəxsiyyət
olmaqla bərabər,
Türk dünyası üçün də önəmli
işlər görür. Azərbaycan ədəbiyyatı
ilə bağlı gördüyü işlər isə misilsizdir.
Bu barədə irəlidə danışacam.
O çox istedadlı, əməksevər adamdı və
taleyi elə gətirmişdi ki, o, Türkiyənin Ankara və
İstanbul kimi mərkəzlərindən uzaqda
yaşayırdı, Azərbaycan təbiri ilə desək, əyalət
şəhəri Kayseridə, məktəbdə adi müəllim
işləyirdi. Allahın verdiyi bəsirətlə
yüzlərlə, bəlkə də minlərlə milli
qafaya sahiblənən öyrənci yetirməklə bərabər,
o, bir qələm sahibi kimi milli miqyasda da özündən
söz etdirməyi bacardı. Anadoludakı
bir əyalət şəhərinin müəllimi
ümumtürk ədəbiyyatının ön sıralarında
görünməyə başladı. Avrasiya
Yazarlar Birliyi yaradılanda Kayseridə yaşayan İmdat
Avşar onun əsas sütunlarından biri oldu. Bu qurumun buraxdığı "Kardeş
kalemler" dərgisində dərc olunan türk xalqları
dillərindən çevirmə materiallarının ərsəyə
gəlməsində İmdadın xidmətləri misilsizdir.
Xüsusən Azərbaycan türkcəsindən
etdiyi çevirmələrlə İmdat Avşar Azərbaycan
ədəbiyyatını Türkiyədə yeni bir mərhələyə
yüksəltdi. Olsun ki, mən bu barədə
hələ danışacağam, amma indi söhbət tamam
ayrı bir məkanda cərəyan edir. Demək belə,
qardaşım İmdat Avşarla mən, 2020-ci ilin 20
yanvarında Qazaxıstanın Almatı şəhərində,
"Almatı" otelinin balkonunda dayanaraq Tanrı
dağlarını seyr eləyirik. Dağlarla aramızda qazax ədəbiyyatının
klassiki Abay Kunanbayev adına Opera və
Balet Teatrının binası dayanıb. Biz bir
neçə saatdan sonra bu binada dostumuz, böyük qazax
yazıçısı Sabit Dosanovun 80 illik yubileyində
iştirak edəcəyik. Hələlik isə
otelin balkonundan yağan qara və teatr binasından bizə
boylanan Sabit Dosanovun nəhəng portretinə baxırıq.
Yəni Allahın bu xoş səhərində
İmdatdan sonra ikinci gördüyüm sifət Sabit Dosanovun
sifətidir. Qar isə ağca-ağca yağır. Bizimsə,
yəni İmdatla mənim elə də çox ağçamız yox, nə
Azərbaycanda, nə də Türkiyədə bədii sözə
pul verilmir. Ümid qazaxlaradır.
Qazaxların ən böyük şairi Abay Kunanbayevin
adına olan Opera və Balet Teatrında bu gün möhtəşəm
tədbir gözlənilir. Proqrama görə,
biz də orada söz deməliyik. Mən
dağlara baxıram, İmdat soruşur ki, Elxan, noldu,
şeirini bitirdinmi. Dedim ki, bu qar var ha, hər şeyi
yerinə qoyacaq. Və sonra muzalar gəlir, yəni
ilham pəriləri. Deyirəm İmdat, qələm
kağızın varmı? İmdat
çox səliqəli yazardı, həmişə yanında
qələmi də var, kağızı da. Daha bizim kimi kompüterə ümid olmur.
Dağlardan gələn muzaların musiqili pıçıltısını
kağıza köçürürəm:
Abayın
adına gözəl bir bina,
Rəsmini görürəm Sabit ağanın.
Məni
salamlayır Tanrı dağları,
Doğmaca coşquyla çağlayır qanım.
Göylər
qar ələyir şərəfimizə
Bu bir salamıdır əsrarlı qışın.
Sevdalı
baxışla baxır dağlara,
Mənim bozqurd dostum, İmdat qardaşım.
Bura Qazax
çölü, ata yurdumuz,
Tuğları qaldırıb min illik uruq.
Yaşa,
Sabit ağam, böyük xocamız,
Qıpçaq çöllərinin Əmir Teymuru.
Sabit Dosanov çoxillik dostum, böyük
yazıçı və maddi şeyləri əhəmiyyətsiz
hesab edən bir kişidir. Belə adam
üçün Elxan Zalın yazdığı şeir ən
qiymətli hədiyyələrdən ötədir. Əlbəttə, biz bura hədiyyəsiz də gəlməmişik,
Türkiyədə də, Azərbaycanda da kitablarını nəşr
edib gəlmişik. Amma bəzən
şeir əşyalardan çox yaşayır və mən
İmdatdan soruşuram ki, necədir? İmdat
deyir, əladı, qardaş, tədbirdə oxuyarsan. Oldu - deyirəm. İştirakçılara
anlaşıqlı olsun deyə, əlüstü sətirləri
ruscaya çevirirəm, qazax dilinə çevirtdirməyə
isə vaxt yoxdur. Tədbirdə rəsmi təbriklərdən
sonra ilk sözü də İmdatla mənə verdilər.
Əlbəttə, bu bizə olan böyük
ehtiramdan irəli gəlirdi. Səhnədə Rusiya,
Özbəkistan, Qırğızıstan kimi ölkələrdən
Yazıçı birliklərinin sədrləri, Xalq şairləri,
Parisdən gəlmiş akademik vardı. Oljas Suleymenov vardı
nəhayət... Nə isə,
sözümüzü dedik, şeirimizi oxuduq. Ən əsası
isə, Qazaxıstan ictimaiyyətinə söz verdik ki, tezliklə
Azərbaycanda və Türkiyədə, bu il qazax cəmiyyətinin
175 illik yubileyini qutladığı böyük Abay Kunanbayevin
şeirlərinin tam külliyyatı nəşr olunacaq. Allaha şükürlər olsun ki,
sözümüzü tuta bildik. İmdat
Avşar həmkarları ilə Abayın şeirlərini
türkcəyə çevirib və çapa göndərib.
Biz də, şair dostum İbrahim İlyaslı
birgə Abay türkülərini tam olaraq Azərbaycan
türkcəsinə çevirdik. Tərcümənin
özəlliyi ordadır ki, orijinaldan, qazaxcadan edilib. Elədik, ardını xalq bilər. Nəşrə
hazırdır, millət vəkilimiz, MM-in Mədəniyyət
Komitəsinin sədri Qənirə Paşayevanın ön
sözü və Abay adına Qazaxıstan Milli Universitetinin tərcümə
kafedrasının müdiri, professor Knyaz Mirzəyevin tərcümə
barədə yazdığı rəylə bərabər
çapa göndərəcəm... Qənirə
xanımdan söz düşmüşkən, bir detalı qeyd
eləmək istəyirəm. Yubileyinə
gəldiyimiz Sabit Dosanov məni və İmdatı evinə dəvət
etmişdi. Onun iş otağına girəndə
divardakı bir şəkil diqqətimi cəlb elədi. Qeyd eləmək istəyirəm ki, kabinetin
divarlarında çoxlu şəkillər var idi. Sabit ağa qazax ədəbiyyatının klassikidir,
prezidentlərlə də şəkli var, böyük
yazıçılarla da. Amma ən
görünən yerdə Qənirə Paşayevanın şəkli
asılmışdı. Daha doğrusu,
şəkildə Qənirə Paşayeva və İmdat
Avşar İstanbulda Sabit Dosanovun "Ağ dəvə"
adlı kitabını təqdim edir. Mənə
elə ləzzət elədi ki. Dosanov ailəsi
Qazaxıstanda ən mötəbər ailələrdən
biridir, onun xalq tərəfindən bütün Qazaxıstanda
necə sevildiyini özüm görmüşəm, İbrahim
İlyaslı da şahid olub. Görkəmli
alim olan həyat yoldaşı Koralay xanım da,
Qazaxıstanın elm sahəsinin iki böyük korifeyinin
övladıdır. Yəni bu adamlar dəyər
verməyi bacarırlar. Kimin kim
olduğunu bilirlər. Qənirə
xanımın fəaliyyətlərini izləyirlər və hər
həftə də barəsində soruşurlar. Qənirə xanımın bir seçicisi olaraq, mənim
də ona böyük hörmətim var, amma bu yazı
İmdat Avşar barədədir. Mənim
bozqurd dostum, Avşar qardaşım barədə. O, Nadir
şah olmasa da, ədəbiyyatda böyük işlər
görən nadir adamlardandır. Öncə
dediyim kimi, bu səfər, mənim İmdatla Qazaxıstana
birinci səfərim deyil. Biz illər öncə də
bir yerdə Almatıda səfərdə olmuşuq, Sabit
ağayla birgə Abay adına Qazaxıstan
Milli Universitetində konferans vermişik. Böyük
elmi auditoriya qarşısında. Hətta
həyatımızda ilk medalı da orada almışıq.
Heç kim öz elində peyğəmbər
olmur. Düşünürəm ki, işinə
sevgiylə yanaşırsansa, səni də sevəcəklər.
Yəqin, hər şeyin zamanı var, hər
şeyi bilən isə yalnız Allahdır. İmdatla İstanbulda da konferans vermişik, Türk
Ədəbiyyatı Vakfında. Adı da
maraqlıydı - Türk minilliyi - "Mahmud Kaşqarlıdan
Oljas Suleymenova qədər". Türk
Ədəbiyyatı Vakfı Türkiyənin ən
köklü və hörmətli ədəbiyyat
qurumlarından biridir və mənim üçün onun
özəlliyi odur ki, üç müqəddəs yerin,
Ayasofya, Sultan Əhməd və Feyruz məscidlərinin
arasındadır. Müqəddəs yerlərdə
zay məhsul bitməz. Müqəddəslik
saflıq cəzb edər. Türk Ədəbiyyatı
Vakfı da, Kayseridən, böyük şair və hökmdar
Qazi Bürhanəddinin elində yaşayan İmdat
Avşarı öz ağuşuna cəzb elədi. Dostum indi Türk Ədəbiyyatı Vakfının
başqan yardımçısıdır və bu quruma gəldiyi
gündən böyük işlər görür. Mən bu fəaliyyəti diqqətlə izləyirəm
və işlərində ona başarılar diləyirəm.
İmdat Kayseridə adi müəllim işləyəndə,
Azərbaycan ədəbiyyatının Türkiyədə
böyük elçisi oldu, Ədəbiyyat Vakfında nələr
edəcəyini yalnız təsəvvür edirəm. Allah hər kəsə niyyətinə görə
verir, İmdat da ən təmiz niyyətlərlə yaşayan
istedadlı bir insandır. Həm də təmənnasız
dostdur. Bir gün mənə zəng elədi
ki, İstanbulda kitabın çıxıb. Mənim üçün sürpriz eləmişdi,
şeirləri məndən xəbərsiz özü
uyğunlaşdırmışdı türkcəyə, əgər
nəşrin xərcləri var idisə, özü
tapmışdı. Sonra onun dostları mənə
yazdılar ki, Elxan bəy, sizin şeirlərinizi orta məktəb
proqramlarına saldırmışıq. Bax, İmdat belə
təmənnasız dostdur və öylə təmənnasız
dostları var. Şəxsən mənim Azərbaycanda
çox nüfuzlu dostlarım var, amma öylə fikir
ömürlərində ağıllarına gəlməzdi...
Nə isə. Dostum İmdat Avşar barədə
çox yaza bilərəm, amma mən uzunçuluğu sevmirəm,
hər halda şairəm. Olsun ki, gələcəkdə
bir ayrı yazı da yazacam. İmdat elə
adamlardandır ki, gördüyü işlərlə hər
gün yeni tarix yaradır. Mən bu
yazıya onun Azərbaycan ədəbiyyatı ilə
bağlı gördüyü işlərin
siyahısını da əlavə etmək istəyirdim, amma
gördüm ki, çox uzun bir siyahı alınır. Onda bu, Elxan Zal yazısı yox, tosta bənzəyərdi.
Yazımı millət sevdalısı, sevdiyim yazar və
qardaşım İmdat
Avşara illər öncə həsr etdiyim bir şeirlə bitirmək
istəyirəm. Məncə, onun barəsində
deyəcəyim şeylərin əksəriyyəti burada var.
Gedənlərə
yol açılsın,
Salam olsun
gələnlərə,
Görünməzlər
şam yandırır,
Alqışını bölənlərə.
Məndə
dərviş davası var,
Başımda
cəng havası var,
Yerin-göyün
duası var,
Savaşını bilənlərə.
Belə
yazıb yazanımız,
Susmaq bilməz
azanımız,
Çələng
olsun qoy qanımız,
Bizdən əvvəl ölənlərə.
Qucaq
açdı göyün bağrı,
Mərtəbə
yox bundan anrı,
Mərhəmət
göndərər Tanrı,
Qaranlığı dələnlərə.
Köçəri
ruhumuz səmənd,
Ölməzliyə
atdıq kəmənd,
Ölümdən
o yana varmı kənd,
Gələn bizik, kafir mərə.
Elxan Zal Qaraxanlı
Ədəbiyyat qəzeti.-
2020.- 23 may. S. 10-11.