Əbdürrəhim
bəy Haqverdiyev və ana dili məsələləri
17 may
Əbdürrəhim bəy Haqverdiyevin doğum
günüdür
Əbdürrəhim bəy Haqverdiyevin çoxşaxəli
yaradıçılığının müəyyən
istiqamətlərindən biri də ana dili məsələləridir. Doğma vətəninin ictimai
həyatında fəal iştirak edən vətənpərvər
ziyalı xalqımızın mədəni-ictimai həyatındakı
bütün çatışmazlıqlar kimi, Ana dilinin problemləri də
onu daim narahat etmişdir. Dövrün ədəbi dil
normasının müəyyənləşməsində həmin
dövrün görkəmli ziyalıları ilə
yanaşı, Əbdürrəhim bəy Haqverdiyev də əlifba,
orfoqrafiya, milli terminologiya məsələlərinin ətrafında
gedən mübarizələrdən kənarda qalmamış,
dilçi alimlərlə daha yaxın münasibətdə
olan ədib dil məsələlərinin müzakirəsində
mərkəzi mövqe tutmuşdur. Həmçinin,
Ə.Haqverdiyev onu narahat edən ötən əsrin ilk iki on
illiyinin dil və əlifba məsələləri haqda mətbuatda
çıxışlar etmişdir. Onun
"Ədəbi dilimiz haqqında"kı dəyərli məqaləsi
o dövrün qızğın müzakirələrindən
aldığı təəssüratın nəticəsidir.
Məqalədə ədəbi dilin
inkişafında bədii ədəbiyyatın və mətbuatın
rolundan, əlifba, orfoqrafiya, terminologiya məsələlərindən
danışır. Ədəbi dilin
inkişafına mane olmaqda davam edən müəyyən
nöqsanları qeyd edir. Ədəbi
dilimizin qarşılaşdığı problemləri vətəndaş
yanğısı ilə qələmə aldığı
"Ədəbi dilimiz haqqında" əsəri həqiqətən
də öz dövrünün ən aktual və
acınacaqlı dil hadisələrinə həsr olunmuşdur.
"Ədəbi dilimiz varmı, yoxmu"
problemini ortaya qoyduğu bu əsərdə müəllif mətbəələrin
doğma ana dilimizdə kitab çap etməməsindən şikayətlənir.
Həmin
məqalədə həm məişət leksikasına, həm
də ədəbi dilimizə fars dilinin
qrammatik normalarının yamanmasını, təyini söz
birləşmələrinin yerinə daha çox izafət tərkiblərindən
istifadənin ənənə halını almasını da
ifşa edirdi. Hətta Mirzə Fətəli Axundovun
komediyalarını Azərbaycan dilində yazmasını təqdir
edən nasir fars sözlərinin
çoxluğundan da şikayət edir. Həmçinin
M.F.Axundovun öz tərcümeyi-halını fars
dilində yazmasını və onun da o dövrün qəzetlərində
də çap olunmasından narazı qaldığını dilə
gətirir.
Ə.Haqverdiyev
"Əkinçi", "Kəşkül" və sairənin
də nümunəvi ədəbi dil yarada bilmədiyini və
bu qəzetlərdəki rus və fars dilindən
çox söz istifadə edilməsini və oxucunun mütləq
lüğətdən istifadə etməyə məcbur
qaldığını ürək ağrısı ilə qələmə
alır. Ə.Haqverdiyev ziyalıların, ədəbiyyat
adamlarının ana dilinin saflığana xələl gətirməsini
ictimaiyyətə bu şəkildə
çatdırır: "Ədəbiyyatla məşğul
olmaq istəyən ziyalılarımız (özümü də
o cümlədən hesab edirəm) iki tərəfdən də
avara olub məcburən rus ədəbiyyatı təsiri
altına düşüb, türk dilində rus cümlələri
işlətməyə üz qoydular". Ayrıca ədib
dilimizin morfologiya və sintaksisinə həsr olunan qrammatikaya
aid vəsaitlərlə bağlı onu da vurğulayır ki,
"ədəbi dilin yoxluğundan əlavə, indiyədək,
türk Azərbaycan ləhcəsinin bir mükəmməl sərfi
və nəhvi yoxdur. Ədəbi dil haradan ola
bilər? Kitablarımızda, qəzetlərimizdə
sərf-nəhv qəvaidini indi də düzgün işlətməyirik.
Bu xüsusda xüsusi məqalə
hazırlayıram".
Müxtəlif fənlər üzrə ana dilində dərsliklərimizin
olmaması, həmçinin dilimizlə bağlı dərs vəsaitlərinin,
dilimizin morfoloji quruluşunu, sintaksisini əks etdirən
qrammatika dərsliklərinin yoxluğu onu narahat edir və
"Xalq Maarif Komissarlığı yanında, ya Ümumittifaq
Akademiyasının Azərbaycan şöbəsində
xüsusi bir təşkilat, Azərbaycan türk lisanı
üçün mükəmməl sərf-nəhv və əbədi
dil yaratmaq üçün qurulmalıdır" təklifini
irəli sürməkdən çəkinməmişdir. O, təhsil sahəsindəki
dil problemlərini bir pedaqoq kimi dolğun şəkildə təhlil
edərək maarifçiliyin alovlu təbliğatçısına
çevrilmişdir.
Ə.Haqverdiyevin "Böyük islahat" adlı məqaləsi
də əlifba məsələsinə həsr olunan
maraqlı yazılardan biridir. Burda o, türk dillərinin qədim
abidələri ilə bağlı tədqiqatları
yaxından izləmiş, türkoloji ədəbiyyatla
yaxından tanış olmuşdur. Ardıcıl və sistemli təhlillərdən
sonra "Latın əlifbasının altı illiyi münasibətilə"
məqaləsində türk əlifbalarının
keçdiyi tarixi inkişaf yolunu təhlil etmişdir.
Yeni-yeni bədii əsərlər yazmaqla bərabər
pedaqoji sahədə də uğurlu fəaliyyət göstərən
Ə.Haqverdiyev Azərbaycan Dövlət Universitetində Azərbaycan
dili və ədəbiyyatı fənninin tədrisi ilə məşğul
olmuşdur.
O, bu sahədə də ədəbi dilin inkişafına mane
olan çətinlikləri aradan qaldırmaq üçün
ciddi müzakirələr aparır, Azərbaycan dilinin tədqiqi
və tətbiqi üçün zəmin yaradan təkliflər
irəli sürmüşdür. Maarif, mədəniyyətin
inkişafında ölkənin qabaqcıl
ziyalılarını səfərbər etməkdə mütəmadi
çıxışlar etmiş, təqdirəlayiq işlər
görmüşdür.
Ə.Haqverdiyev Azərbaycan dilinin bəzi sahələrinə
dair ilk elmi əsərlər də yazmışdır. 1926-cı ildə
yazdığı N.İ.Aşmarinin "Nuxa şəhəri
türk xalqı şivələrinə bir nəzər"
adlı kitabı dialektologiya sahəsində ilk qiymətli əsərlərdən
biridir.
Ə.Haqverdiyev bədii tərcümə məsələlərinə
mədəni inkişafın mühüm hissəsi kimi
baxmışdır. Mədəniyyətlərarası
qarşılıqlı inkişafa xidmət edən bu işə
də öz töhfələrini vermişdir. Belə ki,
Ə.Haqverdiyev Şekspirin "Hamlet", Şillerin
"Qaçaqlar", Volterin "Soltan Osman", Zolyanın
"Qazmaçılar", Andersenin "Bülbül",
"Şahın təzə libası", Lanskoyun "Qəzəvat",
Çirikovun "Yəhudilər", Korolenkonun "Qoca zəng
çalan" əsərlərini dilimizə tərcümə
etmişdir. O, tərcüməçilik işinə çox
ciddi və məsuliyyətlə yanaşmışdır. Onun tərcümə əsərlərinin dili öz
milli ruhunu saxlamaqla Azərbaycan ədəbi dilinin də zənginliklərini
özündə əks etdirməkdədir.
Ə.Haqverdiyev istər elmi-nəzəri fikirləri, istərsə
də bədii nəsr nümunələri, publisistik məqalələri
ilə Azərbaycan ədəbi dilinin düzgün istiqamətdə
inkişafına, ana dilinin saflığının qorunması
məsələlərinə kömək etmişdir. Son olaraq qeyd
edək ki, milli ədəbi dilimizin sürətli
inkişafı dövrünün görkəmli nümayəndəsi
olan Ə.Haqverdiyev Azərbaycan ədəbi dilinin
varlığını şübhə altına alanlara
qarşı mübarizədə fəal mövqe
nümayiş etdirir. O, həmçinin xalq dilini dərindən
bilir, bəzi mətbuatın zərərli meyillərinə
baxmayaraq, öz əsərlərini geniş xalq kütləsinin
dilindən süzülüb gələn söz və ifadələr,
ana dilinin zəngin təbii imkanları əsasında
yaradırdı. Ə.Haqverdiyev öz
yazılarını nə müasiri olduğu bəzi ədəbiyyat
adamlarının dilinə, nə də mövcud mətbuatın
dilinə uyğunlaşdırmağa
çalışmamış, əksinə, mətbuat dilini
öz üslubuna uyğunlaşdırmağa cəhd
etmişdir. Milli dili xəlqi zəmindən
ayırmağa çalışan qəzet və jurnalların
qarışıq dilinə qarşı mübarizə
aparmış, demək olar ki, öz dili, öz üslubu ilə
mövcud mətbuatın arasında sədd çəkmişdir.
Ədibin orijinal bədii dilinin və orijinal
üslubunun başlıca məziyyəti ümumxalq canlı
dilinə yaxınlıq və yad dillərin təsirinə məruz
qalmamış xəlqi bir dil olmasıdır.
Yuxarıdakı qeydlərimizdən belə aydın olur
ki, Azərbaycan tənqidi realizminin qocaman nümayəndəsi
olan Əbdürrəhim bəy Haqverdiyevin
yaradıcılığında ədəbi dil məsələsi
və doğma ana dilimizin, ümumxalq danışıq dilinin
zəminində Azərbaycan ədəbi dilinin
formalaşmasının tərəfdarı olduğunu təkidlə
ifadə etmişdir.
Zülfiyyə
İSMAYIL
Ədəbiyyat qəzeti.-
2020.- 23 may. S. 11.