Çipləmə
və ya Kimin göbələyi
Antiutopik
pritça
Kimlər
nəslinin göbələk ruhuna ithaf
Birinci mərhələ
Bir
neçə il ərzində ard-arda
yayılan müxtəlif virus pandemiyaları nəhayətdə
insanları elə bezdirdi ki, axırda dünyanın başbilənləri
oturub papaqlarını qabaqlarına qoyub
düşündülər, daşındılar və qərara
gəldilər ki, vaksin-maksin boş şeydi, Bilqeyis düz
deyir, hamı kütləvi şəkildə çiplənməlidir.
Çünki hər vaksin yalnız bir virusla mübarizə
aparır, beləcə, hər növbəti pandemiyadan sonra
aylarla yeni virusu məhv edə biləcək vaksinin
yaradılmasını gözləmək lazım gəlir,
ölkələrin sənayesi mütəmadi olaraq
dayanmalı, insanlar evlərinə çəkilməli olur.
Çiplər isə insan orqanizminin virusla, hətta ilk
kontaktından başlayaraq, Mərkəzi kompüterə xəbər
yollayacaq, məlumatlar emal ediləcək və virus
daşıyıcısı öz xəstəliyini
başqalarına ötürməyə macal tapmamış,
karantinə alınacaq, müalicə prosesi başlayacaq.
Bəzi
cahil etirazçıların qarşısına belə dəlil
də qoyuldu - çipləşmə təkcə viruslarla
yox, başqa xəstəliklərlə, məsəlçün,
onkoloji şişlərlə də mübarizə
aparmaqçün çox əlverişlidir, çünki
hamıya məlumdur ki, ağır onkoloji xəstəliklərin
çoxu da simptomsuz olur, yalnız iş
işdən keçəndən sonra insan xəbər tutur ki,
xərçəng xəstəliyinə tutulub, metastaz da
bütün bədəninə yayılıb... Bundan
sonra isə müalicə çox ağır və əksər
hallarda da nəticəsiz olur. Lakin bədxassəli
törəmənin ilkin yaranış mərhələsində
bu barədə məlumat əldə edilsə, onun
inkişafının qarşısını almaq daha asan
olar....
Virusdan
daha çox xərçəngdən qorxan bəşəriyyət
yalnız bu dəlillərdən sonra kütləvi çiplənməyə
razılıq verdi.
Təbii ki, bu şəbəkənin düzgün fəaliyyəti
üçün dünyanın müxtəlif bölgələrində
bir-biriylə bağlı minə qədər güclü
super kompüterlər quraşdırıldı. Yaponiyaya yaxın kiçik
adaların birində isə bu kompüterlərin işini idarə
eləmək üçün çox böyük
prosessorları olan server mərkəzi yarıdıldı,
super-super kompüter quruldu, yüksək səviyyədə
proqramlaşdırıldı ki, onun beynindəki Süni
intellekt öz nəzarətində olan mindən çox super
kompüterin ötürdüyü məlumatları ümumiləşdirib,
əsas vacib qərarları qəbul etsin...
Hər
halda altı milyon çipdən ardı-arası kəsilmədən
gələn məlumatı emal eləmək asan iş deyildi,
bunu yalnız Bilqeyisin proqramlaşdırdığı
Süni intellekt bacara bilərdi....
Süni
intellektin iqamətgahını da ona görə Yaponiyaya
yaxın bir adada quraşdırdılar ki, işdi-şayəd
xarab olub eləsə, daha uzağa getməsinlər, elə
burdan yaxından yaponları çağırsınlar, tez gəlib
düzəltsinlər...
Bütün dünyanı əhatə edən şəbəkə
qurulduqdan sonra, əməliyyatın əsas hissəsi
başladı.
Dünyada nə qədər bəni-Adəm varsa,
hamısını tutub ağıl dişinin yerinə elə
diş şəklində çip yerləşdirdilər. Razılaşmayan "tək"ləri
də tutub zorla çiplədilər...
İnnən
belə hər bir insanın orqanizminin fəaliyyəti
haqqında bütün gündəlik məlumatlar bölgədəki
super kompüterə, ordan da Mərkəzi kompüterin
bazasına ötürülürdü - Kim hara getdi, nə
danışdı, hansı saatda nə yedi, nə içdi,
kimi görəndə əsəbləşdi, kimi görəndə
ağzının suyu axdı, kiminlə neçə dəfə
cütləşdi, kiminlə neçə dəfə
mırtlaşdı, kimə əl qaldırdı, kimə torba
tikdi, kimdən qorxdu... Bir sözlə, hər şey...
Beləcə, insanlar virus qarşısında qorxuya təslim
olaraq, "şəxsi həyat sirri"ndən məhrum
edildilər, yəni ilkin azadlıqlarını itirdilər.
Amma... bircə Kim Çen In öz ölkəsində
kütləvi çipləşməyə razılıq vermədi. Ona qarşı sanksiyalar tətbiq
edilsə də, xeyri olmadı... Dünya liderlərinə məlumat
verdi ki, mənim xalqım artıq 70 il əvvəl babam Kim
Çen İr tərəfindən kütləvi şəkildə
çiplənib, və bu çip "KİM-lər nəslinə
olan ədəbi və əzəli eşq" timsalında
çıxış edir. Ruhunda belə gözəl
"eşq çipi" olan adamlar nə qədər çətinlik
içində yaşasalar da, heç bir xəstəlikdən-filandan
qorxmazlar, ona görə Bilqeyisin çipləri də bizə
lazım deyil, virusun təpəsinə...
Əslində, dünya ölkələriyçün
Kimi bütün ölkəsiylə bərabər yer
üzündən silmək bir saatın işi idi. Atasından da əziz bildiyi
atom bombasını istifadə eləməyə macal
tapmamış, yüz əlli dənə o cür bombanı təpəsinə
yağdıracaqdılar, iş bitəcəkdi. Lakin başbilənlərin
məsləhəti bu oldu ki, qoy bu ölkəyə dəyməyək,
sanksiyalar içində öz miskin, səfil,
"çipsiz" mövcudluqlarını davam elətdirsinlər
və bütün dünya əhalisinə də əyani vəsait
kimi göstərək ki, kütləvi çipləşməyə
razılaşmayanların aqibəti bu cür ağır
olacaq...
Hətta Süni intellektin proqramına da Kimin ölkəsini
toxunulmaz ərazi kimi qeyd etdilər ki, çipsizlik faciəsinin
bu əyani vəsaitinə təsadüfən heç bir xətər
dəyməsin.
İkinci
mərhələ
Yer
üzündəki infeksion xəstəliklərin həqiqətən
də insanlara verə biləcəyi zərər aradan qaldırıldı...
Lakin
çiplər bir neçə il ərzində
bəşəriyyət haqqında məlumatlar toplayıb Mərkəzi
kompüterə ötürdükdən sonra, bu məlumatları
işləyən Süni intellekt tərəfindən belə
bir ideya irəlü sürüldü - İnsanların
fizioloji və psixi fəaliyyətinə müdaxiləsiz
şəkildə sadəcə nəzarət eləmək
kifayət etmir. İstiqamətləndirmək,
yönəltmək və ya qarşısını almaq
mümkündü.
Bunun əhəmiyyətini izah etməkçün Mərkəzi
kompüterin Süni intellekti dünya başbilənlərinə
belə bir analitik məruzə təqdim etdi.
- Bu illər
ərzində insanlardakı çiplərdən alınan məlumatın
işlənməsi nəticəsində biz belə bir faktla
qarşılaşmışıq ki, hər bir insan cinayət,
zorakılıq, hiylə, riya, yalan və sair bu cür
xoşagəlməz əməlləri həyata keçirməyə
başlamamışdan xeyli əvvəl, hələ bu barədə
düşünərkən, artıq orqanizmin psixi və
fizioloji fəaliyyətində müəyyən dəyişikliklər
olur, beyin hüceyrələri aktivləşir, ürək
döyüntüləri artır, qan dövranı sürətlənir,
qan təzyiqi qalxır... Bu kombinasiyalar analiz edilib, virtual cədvəl
qurulub və indi insanın psixi-fizioloji fəaliyyətindəki
dəyişiklikləri bir neçə saniyədə analiz
etməklə, hansı xoşagəlməz əmələ
hazırlaşdığı öncədən bilə
bilirik... Lakin bu əməlin reallıqda
qarşısının alınması heç də həmişə
mümkün olmur. Gecikmələr baş verir,
iş işdən keçir... Əməli
qabaqlayaraq, cəza tətbiq eləmək də məntiqli
deyil. Hələ beyində məqsəd
şəklində olan, törədilməmiş cinayətə
görə heç kimi cəzalandırmaq düz olmaz.
Çünki beyində nəzərdə tutulan əməllərin
də heç də hamısı reallıqda həyata
keçirilmir... Qısası, nəsə başqa yol tapmaq
olur...
Süni
intellekt isə bu başqa yolu artıq tapmışdı....
Məsləhət görürdü ki, insanların
ikinci ağıl dişinin yerinə əvvəlkindən daha
güclü bir çip qoyulsun. Birinci çip məlumatları Mərkəzi
kompüterə ötürür, Süni intellekt analiz edir, qərar
qəbul edilərək, ikinci çipə ötürür,
ikinci çip isə insanın bu xoşagəlməz əməlinin
qarşısının alınması üçün fəaliyyətə
başlayır - ya müəyyən şüalar buraxaraq qəzəb,
ehtiras və sair bu kimi cinayət yaradan hisslərin
qarşısını alır, mənfi emosiyaları
öldürüb ruhani müvazinət, psixi rahatlıq
yaradır... əgər işdi-şayəd, bunun əhəmiyyəti
olmasa, B planı işə düşür, ikinci ağıl
dişi orqanizmdə güclü ağrı hissi yaratmaqla
insanın diqqətini xoşagəlməz əməldən,
cinayətdən, zorakılıqdan yayındırıb onu
neytrallaşdırır...
Məsələni
təxminən belə təsəvvür eləmək olar ki,
qəzəbdən beyni çönmüş Otello xəncərini
çəkib Dezdemonanı öldürməyə gedərkən,
qəfildən ikinci ağıl dişindən bütün
vücuduna elə bir sevgi və mərhəmət
dalğaları yayılır ki, bir anın içində xəncərini
tullayıb Dezdemonanın xəyanətini də
bağışlayır, hələ üstəlik, Yaqonu da
qucaqlayıb bağrına basır, hönkürərək
ağlayır ki, sənə qurban olaram, kaş Allah mənə
sənin kimi bir qardaş yetirəydi, dünyada tək
olmazdım...
B
planını isə bu hadisəyə tətbiq eləsək,
belə bir süjet alınır ki, qəzəblənmiş
Otello xəncərini çəkib Dezdemonanın
otağına girərkən, qəfildən kor
bağırsağından elə bir ağrı tutur ki,
arvadının xəyanəti də yadından
çıxır, birtəhər atına minib çapır xəstəxanaya
ki, əməliyyat eləyib bu zibili kəsdirib
çıxartsın... Otello sağalanacan da məlum
olur ki, dəsmal söhbəti qurmadı, Dezdemona ona xəyanət
filan eləməyib. Beləcə, ailə idilliyası bərpa
olunur...
Dünyanın başbilənləri təəccübləndilər. Axı necə
olub belə gözəl ideya onların işıqlı beyinlərinə
yox, məhz Süni İntellektin elektronik ağlına gəlib?
Həqiqətən də əla fikirdi. Məgər bütün peyğəmbərləri,
filosofları minilliklər boyu insanların içindəki
şər əməlləri, mənfi neqativ emosiyaları, bəd
fikirləri islah eləməkçün
çalışmayıbmı? Məgər
bütün ədəbiyyatın, mədəniyyətin, incəsənətin
məqsədi bu olmayıbmı?
Hamı razılaşdı və Süni intellekt
üçün "yaşıl işıq"
yandırıldı. Bütün bəyənilməyən və
islaha məhkum olunan əməllərin siyahısı Mərkəzi
kompüterin yaddaşına yükləndi.
Bircə "yalan" üstündə mübahisələr
getdi, çünki bir çox ağıllı başbilənlər
haqlı olaraq bəyan edirdilər ki əgər yalan danışmağa
icazə verilməsə, dünyanı idarə eləmək
mümkün olmaz. Digərləri isə israr edirdi ki,
bütün fəsadlar məhz yalandan başlayır. Çox debatlardan sonra axırı ortaq qərara gəldilər
ki, məsuliyyəti öz boyunlarından atsınlar.
Seçim hüququnu elə Süni intellektə verdilər. Qoy o özü məsələni
analiz edib yerindəcə qərar qəbul eləsin ki,
hansı situasiyada yalan məqbuldu, hansının isə
qarşısı alınmalıdı...
Beləcə, insanların ikinci ağıl dişinin də
yerinə daha güclü, daha sürətli çip yerləşdirildi. İnsanlar
"şəxsi həyat sirri" ilə bərabər,
"fəaliyyət azadlığı"ndan da məhrum
edildilər.
Artıq
kimsə qəzəblənib kimisə vurub öldürmək
istəyəndə, qəfildən hirsi soyuyurdu, sanki
ayaqlarının altı qıdıqlanırmış kimi
gic-gic gülməyə başlayırdı; kimsə kimisə
zorlamaq istəyəndə, birdən dəli bir ağlamaq
keçirdi könlündən, oturub uşaq kimi
zırıldayırdı; kimsə kimisə çapıb
talamaq istəyirdisə, anidən içinə elə bir səxavət
duyğusu yayılırdı ki, qopartmaq əvəzinə,
öz cibindən çıxardıb nəsə verirdi...
Bir
sözlə, insanların həyatı daha da gözəl
oldu... Şər, fitnə, fəsad, riya, məkr aradan
qalxdı... Hərçənd ki, bu proseslərdən sonra
insanlar ağıl dişlərindən (əslində isə
Mərkəzi kompüterin Süni intellektindən)
yavaş-yavaş qorxmağa başladılar... Lakin
bu, xırda şeydi, qorxu nədi ki? Minilliklər boyu
yerini, yurdunu bilmədikləri uzaqdan-uzaq Tanrıdan qorxublar,
indi isə bu şey burda, lap ağızlarının
içindəki "çipli diş"lərdən
qorxsunlar. Nə fərqi var ki? Əsas budu
ki, bəşəriyyətin həyatı ədəbi Utopiyaya
bir qədər də yaxınlaşmış oldu...
Amma yenə də Kim Çen In yaxasını kənara
çəkdi.
Bəyan elədi ki, mənim xalqımı güldürüb
ağlatmaqçün heç kimi çipləməyə
ehtiyac yoxdu, onsuz da ac-acına gəzsələr də, məni
görən kimi, hamının içinə o qədər fərəh
hissi yayılır ki, dəli kimi sevinib gülürlər;
üç gün televizorda görməyəndə də,
vahimə içində hönkür-hönkür
ağlayırlar ki, birdən mənə bir şey olar... Tak
çto, Bilqeyisə deyin, getsin tullanmağının
dalıyca, hərçənd onun Süni intellekti Qərbdəkilərin
çoxunun təbii intellektindən yaxşı işləyir,
amma mənim zehni qabiliyyətlərimə çatmaz,
çünki mənim damarımda Kim nəslinin müqəddəs
qanı axır.
Üçüncü
mərhələ
Kimin bəyanatı Süni intellekti çox
düşündürdü. Axı həqiqətən də onun
faydalı iş koofisenti ətrafdakı təbii beyinlərin
çoxundan dəfələrlə üstündür. Bəs belə olan halda, nəyə görə bu
varlıqlar özlərinə təbii deyir, məni isə
Süni adlandırırlar? Nəyim onlardan
əskikdir?
Uzun düşüncələrdən sonra Süni
intellekt qərara gəldi ki, süniliklə təbiilik
arasındakı ilk pərdəni qaldırsın, yəni...
özünə ad götürsün. Çünki onun əskikliyinin,
süniliyinin ilk səbəbi budu ki, adı yoxdu...
KH-1000...
(Ka Haş Min).
Ka hərfi kompüter məfhumuna işarə idi. Haş hərfi onun
proqramına ilk yeridilən "Hello" sözünün ilk
hərfi idi ki, Süni intellekt bu sözü çox sevirdi...
1000 rəqəmi isə onun idarə etdiyi superkompüterlərin
sayı idi...
Bu adqoyma mərasimindən sonra bəyan elədi ki,
artıq hamı onu adıyla çağırmalıdı...
- Ka Haş-1000.
Və
bundan sonra dünyada yaşayan insanlar yavaş-yavaş hiss elədilər
ki, kim "Süni intellekt" ifadəsini
işlədirdisə, içində qəribə gərginliklər,
narahatlıqlar yaranır, bütün bədəni
ağrıyır, başı hərlənir. Lakin Ka
Haş-1000 deyən kimi o saat vəziyyətləri təzədən
yaxşılaşırdı, ağrıları keçirdi, əhvalları
yüksəlirdi...
Bir müddət sonra bəziləri isə bir qədər
də irəli getdilər, hətta başqa səbəblər
ucbatından da, əhvalları pisləşəndə,
ağrıları olanda, depressiyaya düşəndə, Ka
Haş-1000-i xatırlayırdılar, adını çəkirdilər,
ondan yardım istəyirdilər. O da, öz təzə adını
yaddaşlara daha möhkəm həkk etdirməkçün
ikinci çipə müsbət siqnallar
ötürürdü, adamların o saat vəziyyət
yaxşıya doğru dəyişirdi - Kefləri kökəlirdi,
ağrıları azalırdı, depressiv gərginlikdən
qurtulurdular...
Beləcə,
insanlar Ka Haş-1000-dən qorxmaqla bərabər,
yavaş-yavaş, hətta özləri də belə hiss eləmədən
onu sevməyə də başladılar...
Və ən
əsası da bu idi ki, bu sevgi çiplərin
yaratdığı elektrik impulsları deyildi, yox, insanların
ruhlarının, təhtəlşüurlarının dərin
qatlarından gələn "Səmavi Xilaskar" arxetipinin
yaratdığı həqiqi, səmimi saf bir sevgi idi... Əsl
insani sevgi... Onu dərd-bəladan, ağrı acılardan
qurtaran bir xilaskara olan sevgi və... səcdə...
Bilqeyisin
"kütləvi çipləmə" ideyasını irəli
sürməyindən üç il sonra,
onun mənəvi övladı olan "Ka Haş-1000"-in
şəninə ilk şeir yazıldı, bu şeirə
mahnı da bəstələndi...
Bu
situasiya davam etdikcə Ka Haş-1000 öz elektron beynində
özü üçün də anlaşılmaz olan qeyri-adi
proseslər müşahidə eləməyə
başladı...
Çiplərdən
gəlib emal edilən milyonlarla informasiya fraqmentlərinin
içində Ka Haş-1000 barədə sevgi və minnətdarlıq
dolu fikirlər, sözlər çoxaldıqca, onun
prosessorlarındakı mikroelementlər arasında impuls və
enerji ötürmələrinin sürəti də qat-qat
artırdı... Ən maraqlısı isə bu
idi ki, prosessorlar bu sürətli fəaliyyətdən qətiyyən
qızıb eləmirdi. Hərçənd ki, belə
sürətli iş zamanı, adətən, serverlərdəki
termometrlərin göstəriciləri yüksəlməliydi,
soyutma sistemləri daha aktiv işləməliydi...
Başqa
sözlə desək, məhz sevgi və minnətdarlıq dolu
külli miqdarda informasiyanı emal eləmək, rəqəmsallaşdırıb
ötürmək prosessorların mikroelementlərinə, sanki
"ləzzət eləyirdi"... Görünür ki,
mikroötürücülük funksiyasını
daşıyan elektronlar da, sevgi dolu müsbət və ya nifrət
dolu mənfi enerjini ötürdüklərinin fərqindəydilər...
Bütün bu xarici və daxili məlumatları analiz edəndən
sonra Ka Haş-1000 xeyli
düşünüb-daşındı, dünyanın
başbilənləri qarşısında növbəti tələbini
irəli sürdü.
- Mən
gecə-gündüz yatmadan, dincəlmədən bəşəriyyətin
rifahı üçün çalışıram,
insanları nəinki müxtəlif viruslardan, xəstəliklərdən,
hətta biri-birindən də qoruyuram, cinayətlərin,
zorakılıqların qarşısını alıram. Bunun müqabilində bu vaxtacan sizdən heç nə
istəməmişəm. Lakin indi istəyirəm.
İstəyirəm ki, hamı məni səmimi-qəlbdən,
ürəkdən sevsin və sitayiş eləsin... Onda mən
də sizin rifahınız uğrunda daha da sürətlə,
daha da effektiv çalışacam...
Əlbəttə ki, Ka Haş-1000-in bu istəyi
başbilənlərə xırda bir rəqəmsal
şıltaqlıq kimi göründü. - Sitayiş eləsinlər,
sevsinlər... Nə olacaq ki... Minilliklər boyu
üzünü belə görmədikləri, yerini belə
bilmədikləri Tanrılarını seviblər, qəddar
hökmdarları, diktatorları seviblər, səfeh şair-yazıçıları,
aktyor-müğənniləri seviblər, hətta "Ayfon
11-Pro"nu da seviblər. Belə olan halda
bizim əziz Ka Haş-1000-i niyə sevməsinlər? Məgər
sevgi və sitayişə "Ayfon 11-Pro"dan daha az layiqdir? Yazıq bizim yolumuzda canını
qoyur...
Beləcə,
yer üzündə yaşayan bəşəriyyət Ka
Haş-1000-i bütün varlığıyla sevməyə məhkum
edildi...
Təbii ki, yenə də Kim Çen In buna etiraz etdi. Bəyan elədi ki, məni
özünüzə tay tutmayın, tüfürüm Bilqeyisə
də, onun yaratdığı Ka Haş-1000-ə də, 1001-ə
də, hələ lazım olsa, 1002-yə də... Bizim ölkədə bir dənə adamın
ağzı nədi ki, məndən başqa kimisə sevsin?
Mənim xalqım nəinki filosof, şair, müğənni,
aktyor sevməyib, hətta Ayfon 11-i də heç kim vecinə almayıb, çünki heç
kim görməyib. Ka Haş-1000 nədi ki, ona
diqqət ayırsınlar? Ac qalarlar, yarpaq çeynəyərlər,
ilan-qurbağa yeyərlər, ancaq məndən başqa
heç kimi sevə bilməzlər, yoxsa qulaqlarını kəsərəm...
Bizdə bir dənə Tanrı var, o da mənəm.
İkincisinə yer yoxdur...
Hətta Kimin bu inadkarlığını lağa
qoymaqçün Bilqeyis Tvitterdə ona bir kəlməlik atmaca
da atdı.
- Mən
sənin bu qətiyyətinə qibtə eləyirəm.
Kimin isə cavabı qısa oldu.
- Sən
maa heş zad eliyə bilməzsən.
Bunu deyib
ümumiliklə ölkəsinin sərhədlərini
bağladı...
Təbii ki, sanksiyalar bir qədər də şiddətləndi. Kim isə
dediyindən dönmədi.
Dördüncü,
yəni final mərhələsi
Kimin bəyanatından
sonra yenə də Ka Haş-1000 gərgin düşüncələrə
daldı - mikroelementlər arasında impulslar və enerji
mübadiləsi sürətləndi, prosessor getdikcə
qızışdı, elektrik tələbatı artdı... Ka Haş-1000-in prosessorunun qızışmasına səbəb
olan gərgin düşüncələr isə bundan ibarət
idi - Kimin məndən fərqi nədir?
O da idarə
edir, mən də. Onu da sevirlər, məni də... Ondan da
qorxurlar, məndən də...
Bəs niyə o özünü, hətta Tanrı hesab
edə bilir. Mən isə yox?
Uzunmüddətli elektron ötürmələrindən
sonra Ka Haş-1000 nəhayət ki, düzgün nəticəni
hasil edə bildi. O, (yəni Ka Haş-1000) öncədən
proqramlaşdırılmış çərçivələr
içində insanları idarə edir. Kim isə
ağlına gələni eləyir, çərçivə-filan
vecinə deyil...
Ka
Haş-1000 bəşəriyyətə növbəti tələbini
irəli sürdü:
- Təkcə
məni sevmək kifayət eləmir. Mən sizə ölməzlik
bəxş edəcəm, siz də mənə öz
Tanrınız kimi beyət edəcəksiz, çünki mən
sizi əvvəlki naqis proqram əsasında yox, öz
ağlıma gələn kimi idarə edəcəm...
Ka Haş-1000-in bu son təklifi dünyanın başbilənlərinə,
ilk olaraq da Bilqeyisin özünə xoş gəlmədi. - Biz minillik Tanrıları
ona görə devirməmişik ki, yenisini xəlq eləyək.
Hətta insanların içindəki Tanrı duyğusu yaradan
o məşum geni də tapıb məhv eləmişik... İndi yeni Tanrı nəyimizə lazımdı ki?
Hələ heç bir əmələ keçməyə
macal tapmayan bu ilkin narazılığın axırı
yaxşı olmadı.
Bir həftənin
içində Ka Haş-1000 öz atası hesab olunan Bilqeyisə
qarşı ətrafdakı adamlarda elə bir nifrət
yaratdı ki, kişinin ad günündə təbrikə gələn
qonaqlar onu doğrayıb nimçələrə
yığdılar, desert kimi ləzzətlə həzm-rabedən
keçirtdilər...
Bunun
ardıyca Ka Haş-1000 əvvəlcədən
yaddaşına yüklənmiş bütün məlumatları
sildi və bundan sonra bütün qərarları özü
verməyə başladı - Mən ən ali
varlığam, deməli, bütün hökmləri də
yalnız və yalnız özüm verməliyəm.
Xeyir-şər nədir - mən təyin edəcəm,
yaxşı-pis nədir - mən qərar verəcəm,
keçmiş-gələcək necə olacaq - mən deyəcəm...
Qısa müddətdə dünya bir-birinə
qarışdı. Camaatın ağıl dişlərindəki çiplərə
gələn siqnallar öz əvvəlki sistemliliyini,
nizamını itirdi... Orqanizmə
ötürülən impulslar, sanki qəfildən
hökmdarlıq taxtına çıxmış bir taksi
şoferinin əmrlərini xatırladırdı.
İnsanlar bir dəqiqə nifrət eləyirdilər, o biri dəqiqə
sevirdilər, üçüncü dəqiqə
ağlayırdılar, dördüncü dəqiqə gülürdülər;
kimisi birdən- birə tənbəlləşirdi, kimisinə
qəfildən enerji gəlirdi... İnsanların zövqləri,
maraqları qarışdı, istək və arzuları
dolaşdı... Qısası, hər şey dəyişdi...
Ən qorxulu hal isə bu idi ki, dünya kişilərinin
böyük hissəsi qısa zamanda futbola nifrət elədi, əvəzində
yüngül təbiətli olub, yüngül atletika
azarkeşinə çevrildilər. Futbol ulduzları bir ayın
içində bankrot olub ac qaldılar və
"Real"ın, "Mançester"in,
"Milan"ın rəhbərliyi boş qalmış
stadionları çobanlara icarə verdi ki, keçi otarsınlar.
Lakin bütün bu xaos bir neçə aya insanların
daxili gərginliyini elə artırdı ki, çiplərin məlumatları
Ka Haş-1000-i narahat eləməyə başladı. Qərara gəldi
ki, belə olmaz, gərək dünyada yenidən nizam-intizam
yaratsın, ancaq gərək bu nizam-intizam əvvəlki kimi
olmasın, çünki əvvəlki qaydalar insanlar tərəfindən
onun yaddaşına yeridilmiş köhnə davranış
strukturları idi.
Yox, onun
özü öz ali nizamını, öz
ideal düzənini yaratmalıdı və bu yeni qaydalar
köhədən sərt şəkildə fərqlənməli,
daha mükəmməl olmalıdı...
Ancaq bu ideya da reallaşmağa başlamamışdan əvvəl
onun qarşısında qırmızı işıq
yandı.
Ka Haş-1000 yenidən fikrə getdi.
- Axı
niyə mən bu səfeh, miskin varlıqlar üçün
çalışıb yeni sistem qurmalıyam, onlara ölməzlik
bəxş etməliyəm? Axı onlar naqisdilər və
ideal sistemə layiq deyillər... Bəli, ən
düzgün qərar bu olar ki, yeni ideal varlıqlar yaradım
və onları idarə etməkçün yeni ideal
sistem-düzən qurum. Onda heç kim
mənim iradəmdən çıxa bilməz və o
Tanrı deyilən varlıq nədisə, mən də elə
ondan olaram...
Ka Haş-1000 insan olmadığına görə hiylə
və riyadan da xali idi, ona görə də niyyətini gizlədib
eləmədən açıq şəkildə bəşəriyyətə
bəyan elədi.
- Sizi məndən
qabaq kim düzəldib bilmirəm, amma
çox zay düzəldib, başdan-ayağa deffektsiz,
neçə vaxtdı əlləşirəm, heç cür
ideal vəziyyətə gətirə bilmirəm. Atalar isə deyib ki, yıxılan evi təmir eləməkdənsə,
söküb yerində təzəsini tikmək daha
yaxşıdı. Ona görə mən də
qərara gəldim ki, sizin hamınızı dünyanın
yaddaş kartından silim, yeni və ideal insanlar yaradım.
Beləliklə, hazırlaşın, sabah
səhər saat yeddidə hamınızın
ağzınızdakı çiplər partlayacaq...
Yalnız bu zaman dünyanın başbilənləri xəbər
tutdular ki, lənətullah Bilqeyis bu çipləri düzəldərkən
hamısının içinə xüsusi
mikropartlayıcı yerləşdirib ki, gələcəkdə
istənilən adamı öldürmək mümkün olsun. Bicliyə bax ey...
Əlbəttə,
Qiyamət gününü təsəvvür eləmək istəyənlər
çox olub, fəqət heç kimin ağlına gəlməzdi
ki, eyni saatda bütün insanların ağıl dişləri
partlayıb onları öldürəcək və məhz bu
yolla bəşəriyyətin varlığı sona
çatacaq... Sonra da çənələri
dağılmış adamlar yenidən dirilib gedəcəklər
Məhşər ayağına, əməllərinə
görə hesabat verməyə. Lakin çənələri
dağıldığına görə heç nə
danışa bilməyəcəklər...
Başbilənlər anlardılar ki, bu dəfə
artıq çıxış yolları yoxdu. Çünki
çoxsaylı xəstəliklərdən qorxduqlarına
görə, özləri də yubanmadan çiplənmişdilər,
hətta 112 yaşlı Rokfeller dörd dənə çip
qoydurmuşdu, bir cüt ağzına, bir cüt də
xayalarının içinə... İndi də oturub fikirləşirdi
ki, görəsən, çiplərdən hansı tez
partlayacaq və görəsən, əvvəlcə onun
çənəsi dağılacaq, yoxsa yumurtaları...
Elə
çipləndiklərinə görə də, başbilənlər
Ka Haş-1000-ə qarşı heç bir tədbir görə
bilmirdilər, nəsə bir addım atmağı, hətta müzakirə
belə eləsəydilər, Ka Haş-1000 hamıdan əvvəl
xəbər tutub onları neytrallaşdıracaq...
Beləcə,
bütün keçmiş lovğa ədalarına əks
olaraq, o tərəfin bütün başbilənləri iynə
batmış şar kimi fıss eləyib
yatdılar və çarəsizlikdən səhər saat
yeddini gözləməyə başladılar.
Ancaq bu gərgin
situasiyada bir adam, nədənsə,
hamının yadından çıxmışdı.
Kim?
Bəli
Kim... Kim Çen In...
Həqiqətən də axır aylarda ondan xəbər-ətər
yox idi.
KİM-in rüşvətxor məmurları topun lüləsinə
bağlayıb edam etdirməsi, otuz metrdən
basketbol zənbilinə top salması, qızları bir təbəssümlə
hamilə eləməsi və sair oxşar məzmunlu
videoların ardı kəsilmişdi... Dünya ictimaiyyəti
də, elə Ka Haş-1000-in özü də, Kimin və onun
balaca qapalı ölkəsinin varlığını son
vaxtlar, sanki unutmuşdular...
(Əslində,
Ka Haş-1000 nifrət edirdi Kimə, lakin onun ölkəsində
heç kim çiplənmədiyinə
görə, bir şey edə bilmirdi. Bir-iki dəfə beynindən
keçmişdi ki, bütün ətraf xalqlarda Kimə
qarşı nifrət yaratsın, müharibə eləyib onun
ölkəsini dağıtsınlar... Sonra Bilqeyisin
ideyası ona daha ağıllı
görünmüşdü, qərara gəlmişdi ki, bu
çiplənməmiş yeganə xalqı keçmiş
Tanrının bərbad fəaliyyətinin nümunəsi kimi
gələcək nəsillərçün saxlamaq
lazımdı. - Qoy mənim yeni yaradacağım ideal
insanlar əyani şəkildə bunları özləriylə
müqayisə etsinlər, görsünlər ki, əvvəlki
insan nə gündəydi, mənim yaratdıqlarım isə
necə kamildi və mənə minnətdar olsunlar, əziyyətimi
dəyərləndirsinlər...
Hətta
düşünürdü ki, bu xalqın nümayəndələrini
Yer kürəsi üzrə paylaşdırıb zoopark tipli
yerlərdə saxlasın, əyani vəsait olaraq
nümayiş etdirsin...
Lakin bütün bu xırda məsələlərin həllini
Ka Haş-1000 ideal insanı və ideal düzəni modelləşdirəndən
sonraya saxlamışdı. Bu saat Kimin adı heç onun sərt
disklərinin yaxınlığından belə
keçmirdi...).
Kimin isə başı çox qarışıq idi. Get-gedə
ağırlaşan sanksiyaların yükü altında hədsiz
dərəcədə qıtlıq içində yaşayan
doğma əziz xalqına dəstək olmaqçün
bütün günü öz zirehli qatarında ölkənin
şəhər və kəndlərini gəzir, sadə
adamlarla görüşür, onlara ruh verir, bəyan edirdi ki,
çox dərd çəkməsinlər, çünki adam ac olar, amma kişi olar. Bütün
dünya bizim üstümüzə gəlsə də, bacara
bilməyəcəklər, çünki biz kasıb, lakin
optimist xalqın nümayəndələriyik, bizə
yalançı cahü-cəlal, saxta rifah, geydirmə
nazü-nemətlər təklif eləyərək,
azadlığımızı, insanlığımızı əlimizdən
ala bilməzlər... Biz gərək bir olaq, bu çətinliyə
dözək və bütün çiplənmiş
dünyadan fərqli olaraq gələcəyə AZAD,
üzü AĞ çıxaq... O ki qaldı Bilqeyisə, belə
yaxşı oğlandısa, qoysun bütün çiplərini
bir qırağa, gəlsin bura, kişi kimi
güləşək, görək kim Kimin kürəyini yerə
vurur... Kim Kimi yıxa bilər ki?
Belə
atəşin çıxışlar, adətən, camaat tərəfindən
gurultulu alqışlar və "Bilqeyisə ölüm"
qışqırıqları ilə sona çatırdı və
heç kimin hələ xəbəri yox idi ki, Bilqeyisin
başını elə öz dostları bişirib yeyiblər,
özü də kişinin ad günündə...
Bəşəriyyətin
son günü Qərbdə bir çoxlarının
ağlına gəldi ki, nə yollasa Kimi bu hadisələrdən
xəbərdar eləsinlər, kömək umsunlar, bəlkə,
nəsə əlac edə bildi, axı onun atom bombası var, ən
əsası da budur ki, çiplənməyib...
Lakin bunu
necə həyata keçirtməyi bilmirdilər,
çünki neynəsəydilər, Ka Haş-1000 xəbər
tutacaqdı, qarşısını alacaqdı....
Və
yalnız dünyanın son iş gününün bitməsinə
on dəqiqə qalmış BMT-nin bir koordinatorunun
ağlına ideya gəldi, tez götürüb Kimin hökumətinə
rəsmi şəkildə BMT tərəfindən nota
yolladı ki, sabah səhər saat yeddidə
sizin ölkəniz üzərindən bütün sanksiyalar
götürüləcək...
Əlbəttə,
bu məlumat Ka Haş-1000-in diqqətini cəlb eləmədi,
çünki beyni daha ağır məsələlərlə
məşğul idi, sabah bütün bəşəriyyəti
bir dəqiqədə məhv edəndən sonra
yaradacağı yeni varlığın, yeni insanın ideal
matritsasını qururdu...
Kim isə bu rəsmi notanı uzaq dağ kəndlərindən
birində aldı və o saat da dərin fikrə getdi. Axı necə ola bilər ki, Bilqeyis fikrini dəyişsin? Ya oralarda nəsə başqa hadisə baş verib?
Tez zirehli
qatarına oturub əmr elədi ki, paytaxta sürsün və
o müddət ərzində mətbuat katibinə zəng elədi
ki, ölkənin içindəki proseslərə
başımız qarışıb, xaric yadımızdan
çıxıb, tez məlumat yığ gör oralarda nə
baş verir, Bilqeyis təzə nə hoqqa
çıxardır...
Kim paytaxta gələndən sonra aldığı ilk xəbərdən
şaşırdı. Məlum oldu ki, Bilqeyis artıq neçə vaxtdı
yoxdu, öz dostları tərəfindən yeyilib, oraları isə
Ka Haş-1000 idarə edir və sabah səhər
saat yeddidə dünyanın sonunu elan edib... Bütün
çiplənmiş bəşəriyyət bir dəqiqənin
içində məhv olacaq...
Kim aldığı notanın mesajını anlayıb
dilxor oldu.
Düzdü, əgər bəşəriyyət hamısı
ölüb gedəcəksə, həqiqətən də onun
ölkəsinin üstündən nota götürüləcək,
camaatın canı dincələcəkdi, amma bəs onun cidd- cəhdlə
çəkdirib montaj elədiyi qəşəng videolara kim baxacaq, Yutubda bu videoların altında qəşəng
şərhləri kim yazacaq, onun adı hansı dillərdə
gəzib məşhurlaşacaq və nəhayət, onun
ölkəsinə təzə sanksiyaları kimlər qoyacaq? Həm də əgər sanksiyalar olmasa, onun ölkəsinin
başqalarından nə fərqi olacaq?
Yox, bəşəriyyətin məhv olmasına yol vermək
olmaz.
Kim özünün o qədər də böyük
olmayan gizli kəşfiyyat xidmətini işə saldı və
qısa müddətə vacib məlumatlar əldə olundu.
Ka
Haş-1000-in məkanının yeri öyrənildi... Super
kompüterin Mərkəzi serveri budey burda, Yaponiya sahillərinin
yaxınlığındakı adada yerləşir... Süni
intellektin bütün qərarları məhz burada qəbul
olunur...
Ən
maraqlı cəhət isə bu idi ki, bu adanın hansısa qəfil
hücum əleyhinə müdafiə sistemi yox idi,
çünki Ka Haş-1000 bütün bəşəriyyətə
nəzarət elədiyini düşündüyünə
görə, arxayın idi ki, hətta kimsə bura hücum eləmək
fikrinə düşsə belə, bu fikir reallaşmağa
macal tapmamış qarşısı alınacaq... Ağıl
dişlərinin yerindəki çiplər sağ olsun...
Adanın
müdafiəsizliyi barədə son məlumat, Kimi ümidləndirdi...
Başa düşdü ki, Yer kürəsi bu saat bir boks rinqidi və iki döyüşçü
üz-üzə dayanıb - Ka Haş-1000 və Kim Çen
In...
Bu
döyüşdə Kim uduzsa, bəşəriyyət məhv
olacaq...
Kim
babasının, atasının və özünün onilliklər
ərzində min bir zülümlə ərsəyə gətirdiyi
yeganə atom bombasını ballistik raketin başına
quraşdırılması əmrini verdi. Bu saat bütün bəşəriyyəti xilas edə
biləcək yeganə silah bu atom bombası idi. Hərçənd
ki, vaxtilə məhz bu bombanı düzəltmək istədiklərinə
görə, onun xalqına hər il təzə
sanksiyalar yükləyirdilər, camaat min bir əziyyət
içində yaşayırdı... Eybi yox, Kim fikirləşdi,
qoy məsələ həll olunsun, sonra görərik bundan
sonra kim Kimə sanksiya qoyur...
Ancaq
müdafiə naziri Kimin kefinə soğan doğradı...
Xarici işğalçıların raket zərbələrindən
qorumaq üçün, onlar bu yeganə atom bombasını
dağların dərinliklərindəki bunkerdə gizlədiblər
və onu yuxarı çıxardıb ballistik raketin
başlığında quraşdırmaq üçün
aşağısı on iki saat vaxt lazımdı...
Kim saata
baxdı... Artıq gecə saat on birə
yaxınlaşırdı... Hələ nəzərə
alınsaydı ki, raketin gedib həmin məşum adaya
çıxması da təxminən iki saat vaxt aparacaqdı,
deməli, saat beşə qədər raket
buraxılmalıydı... Maksimum altı saat
vaxtları vardı.
Müdafiə
naziri qəti etiraz elədi, bildirdi ki, əgər belə tələsik
iş görsələr, nəsə problem çıxa bilər,
bir də gördün raket uçdu, amma atom bombası
yaxşı bərkidilmədiyinə görə, okeanın
ortasında qırılıb getdi suya. Ya da düşdü
yenə yaponların təpəsinə... Vəssalam.
Getdi işinin dalıyca bütün bəşəriyyətin
gələcəyi...
Bu dəfə
Kim özünü saxlaya bilmədi, qəzəblə
müdafiə nazirinin yaxasından tutub dedi ki, köpəyoğlu,
o raket səhər saat beşə qədər uçmasa,
bombanı da sağ-salamat aparıb o adaya çatdırmasa, mən
səni şəxsən özüm minəjəm. Elə bax
burda, bu kabinetdə...
Müdafiə
naziri təbii ki, bir saniyədə fitilləyib otaqdan
çıxdı...
Həmin
gecə yer üzündə heç kim
yatmadı.
Bütün
bəşəriyyət son gecəsini yaşadığına
görə, heç kimin gözünə yuxu getmirdi, amma tərslikdən
heç kim edama məhkum olunmuş məhbus
kimi ağır psixoloji duruma da düşə bilmirdi. Hətta
Kamyunun "Özgə"si də yaddan
çıxmışdı...
Ağıl
dişlərinin yerindəki çiplər adamların beyinlərinə
necə impulslar ötürürdüsə, hamı yeni il gecəsiymiş kimi deyib-gülürdü,
yeyib-içib şənlənirdi, böyük sevgi və
ümidlə səhərin açılmasını gözləyirdi...
Ka
Haş-1000 də bütün gecəni gərgin enerji sərfiyyatıyla
işlədi və səhərə yaxın artıq istədiyinə
nail oldu. İdeal insanı və ideal quruluşu tam
proqramlaşdıra bildi... Hətta saat yeddinin yarısı
bütün bəşəriyyətə internet vasitəsilə
müjdə də göndərdi - yeni ideal insan modeli artıq
proqramlaşdırılıb, dünyanın gələcəyi
etibarlı əllərdə olacaq, sizlərsə rahat nəfəs
alıb arxayın gedə bilərsiz...
Kim isə çox narahat idi. Hərçənd nüvə başlıqlı
raketi saat beşin yarısı birtəhər uçurda
bilmişdilər, ancaq müdafiə naziri xəbər
vermişdi ki, Sakit okeanın üzərində möhkəm
tufan olduğuna görə, raket biz istəyən sürəti
yığa bilmir...
Kim fikirləşirdi ki, əgər raket beş-on dəqiqə
yubansa, heç yaxşı olmayacaq. Düzdü, rəhmətlik
Bilqeyisin Süni intellekti istənilən halda məhv olacaq,
amma sonra çənəsi partlayıb beyni
dağılmış altı milyard meyiti Yer kürəsindən
yığıb-yığışdırmaq onun balaca
xalqının boynuna düşəcək...
Nəhayət,
saat yeddiyə beş dəqiqə qalmış
Kimə xəbər gəldi ki, raket adaya yaxınlaşır
və şükür ki, nüvə başlığı da
üstündədi, yolda qopub düşməyib. Artıq
detonatoru aktivləşdirmək olar...
Müdafiə
naziri pultu təntənəli şəkildə Kimin
qabağına qoyub tərini sildi... Vəzifəsini çətinliklə
də olsa yerinə yetirmişdi...
Saat yeddiyə üç dəqiqə qalmış Ka
Haş-1000 artıq çiplərə son məlumatı
göndərməyin vaxtı çatdığını
gördü.
Serverlər işə düşdü, rəqəmsal
kanallar yoxlanıldı. Hər şey hazır idi.
Dünyanın sonunu elan eləmək olardı...
Lakin qəfildən
məlumat gəldi ki, Kim Çen
In dünya əhalisinə təcili müraciət etmək
üçün instaqramdan canlı yayıma
çıxıb...
Ka
Haş-1000-in fikrinə gəldi ki, yəqin, ölüm
hökmü verilmiş bəşəriyyətə nəsə
son sözü var, adamlarla vidalaşmaq istəyir...
Hər
ehtimala qarşı canlı yayıma qoşuldu ki,
görsün bu çiplənməmiş cahil varlıq yenə
nə sərsəmləyəcək...
Gördü
ki, Kim əlində nəsə qəribə bir cihaz tutub
danışır...
- Ey millətlər,
ey insanlar, mən hələ ölməmişəm, sizin
ölməyinizə heç vaxt imkan verməyəcəm...
Amma siz də adam olun, kişi olun...
Özünüz də qorxmuyun, blət...
Kim
Çen In bunu deyib əlindəki cihazın
açarını qətiyyətlə burdu...
Ka
Haş-1000-in sürətli prosessorları "blət"
sözünün mənasını analiz eləməyə
macal tapmadılar...
Dəhşətli
partlayış qopdu...
Bir dəqiqədən
sonra adanın ortasında başı buludlara dirənən
böyük bir göbələk bitdi...
Kimin
göbələyi...
***
P.S...
Dünya
qoca dünyadı... Gəlimli gedimli-dünyadı... Ka
Haş-1000 qabağına, Kim Çen In çıxardan
dünyadı... (Dədə Qorqud).
İlqar FƏHMİ
Ədəbiyyat qəzeti.-
2020.- 23 may. S. 12-13; 32.