Rəsulzadə
bizim üçün Vətən mehrabı qurdu...
Haqqında söz
demək Paşinyanlara düşməz...
1936-cı ildə faşist Benito Mussolini Türkiyədən
Antalyanı istədi. Antalya sevdası ilə Atatürklə
görüşən italyan səfirinin qarşısına
Qazi Mustafa Kamal marşal uniforması ilə çıxdı.
Yəni Antalyanı istəyirsənsə, buyur,
cəsarətin çatırsa türk ordusu ilə savaş və
ala bilirsənsə al.
O zaman 31
yaşlı Nihal Atsız Benito Mussolinini savaşa dəvət
edən "Dəvətiyyə" şeirini
yazmışdı.
Biz güləriz germenlıyın quduruşuna.
Tanıyoruz
Attiladan bəri Germeni,
Farklımıdır prusyalı, yaxud ermeni?
Sənin
dostun Cermanyaya biz Nemsə deriz,
Bir gün yenə Bec önündə düyün edəriz.
Nihal Atsız "Dəvətiyyə" şeiri ilə
bütün türklüyün qayəsini və iradəsini
ortaya qoydu. Şeir italyan tarixinin ilk və son faşist təmayüllü
liderinə qarşı yazılmış olsa da, altında bir
türk milliyyətçisinin imzası dayanır. "Dəvətiyyə"
həm də bütün türk dünyasında faşizmə
qarşı yazılmış ilk şeirdir...
Amma bu yazını yazmağıma səbəb, təbii
ki, Nihal Atsızın "Dəvətiyyə"sinin
doğurduğu intibalar deyil. Səbəb
Paşinyanın Məhəmməd Əmin Rəsulzadəyə
dil uzatmasıdır. Nihal Atsızın faşizmə
qarşı yazdığı şeirindəki bu misralar da o səbəbdən
yaddaşımı səksəndirdi:
"Farklımıdır prusyalı, yaxud ermeni?".
1936-cı ildə Atsız faşizmin iki
qaynağını bir yerdə xatırladırdı.
Bu gün Paşinyanın Rəsulzadəyə
atdığı iftira vaxtilə Stalinin erməni
ideoloqlarının Zəki Vəlidi Toğana atdıqları
iftiradan heç fərqlənmir. Zəki Vəlidini də
Hitlerin "müsəlman məsələləri üzrə
xüsusi müşaviri" kimi şərləyirdilər.
Amma Zəki Vəlidi "Avropadakı irqçiliyin,
hindo-germenlerini bir müasir mütləqiyyətə,
Düçe (Mussolini) və Fürer (Hitler) sisteminə əsas
qılmaq fikriylə irəli sürülmüş olduğunu
və bunun türk millətinin ruhuna uyğun gəlmədiyini"
- yazmışdı. Rəsulzadənin çevrəsində
olanlar belə düşünürdü.
Görünür, Paşinyanın ideoloji məsləhətçiləri
tarixi sona qədər bilmir. 1942-ci ilin yanvarında Türkiyənin
milliyyətçi çevrələrində təkcə Azərbaycan
türklərinin deyil və təkcə Almaniyada deyil, Rusiya da
daxil olmaqla bütün dünyadakı mühacir türklərin
hüquqları uğrunda çalışacaq bir Mərkəzin
yaradılması və Məhəmməd Əmin Rəsulzadənin
də həmin Mərkəzin lideri olaraq tanınması
müzakirə olunurdu. Məhəmməd Əminin həmin
Komitədə, dediyim kimi, təkcə Azərbaycanın deyil,
Krım, Türküstan, Kazan, Şimali Qafqaz türklərinin
lideri kimi tanınması nəzərdə tutulmuşdu və
bütün bu məsələlər İkinci Dünya
müharibəsində hədsiz siyasi həssaslığı
ilə seçilən Türkiyə dövlətinin nəzarətindəydi.
Ən azı, marşal Fevzi Çakmak, hakim
Cümhuriyyət Xalq Partiyasının başqanı Memduh
Şevkət Əsəndal bütün bu məsələlərlə
bağlı ətraflı bilgiləndirilmişdi.
Bu, Məhəmməd Əmin fenomeninin yalnız Azərbaycanla
məhdudlaşmadığını, daha böyük
çevrələri qapsadığını təsdiq edən
faktlardan biridir. Hələ Türkiyədəki bu müzakirələrdən
on yeddi il əvvəl 1925-ci ilin 20 mayında Rəsulzadənin
İstanbulda Yerəbatan Sarnıcı
yaxınlığındakı evində Zəki Vəlidi
Toğanla Əmin bəy səhərə qədər söhbətləşmişdilər,
mayın 28-də isə İstanbulda azərbaycanlı
mühacirlərin iştirakı ilə keçirilən
Cümhuriyyət günündə Zəki Vəlidi
çıxış edib, "Başqırdıstan və
Türküstan muxtariyyət və istiqlal hərəkatlarının
Müsavat firqəsi proqramında yazıldığını
şükranlıqla" anmışdı...
Görünür,
Paşinyan bilmir ki, vaxtilə Hitlerin "Şərq məsələləri
üzrə müşaviri" kimi şərlədikləri Zəki
Vəlidinin heykəli bu gün təkcə İstanbulda deyil,
eyni zamanda Peterburq Universitetinin həyətində ucalır... Çünki Zəki Vəlidi də, Məhəmməd
Əmin Rəsulzadə də Qaregin Nijdeyə bənzəməyiblər.
Bir millətin Andranik kimi qulağıkəsik qəhrəmanı
olmayıblar, Leninin yanında Şaumyan, Stalinin yanında
Mikoyan olmayıblar. Nə vaxtsa körpələri
süngüyə keçirməyiblər, adamları yerindən-yurdundan
didərgin salmayıblar, başqasının
torpağını qamarlamaq uğrunda deyil, öz
istiqlallarını qazanmaq uğrunda
çarpışıblar. Azərbaycanda,
Başqırdıstanda milli dövlət qurublar, Vyanada,
İstanbulda kitabxanaların sakit hücrələrinə
çəkilib Vətən və Tarix kitabları yazıblar.
Türkçülük ideologiyası böyük Şərə
qarşı böyük Xeyri qoyur. Elə bu səbəbdəndir
ki, 1918-ci ilin mayında Tiflisdən Ənvər Paşaya
yazılmış bir məktubda "erməniliyin təşəkkülü
üçün buraxılan yerlərin qəzalarında əksəriyyət
müsəlmanlardır" - deyə bildirilirdi. Yəni Ermənistan dövlətinin
varlığına görə də, içi Paşinyan
qarışıq bütün erməni xalqı böyük
Şərə qarşı böyük Xeyirlə
qarşılıq verən və əzəli Azərbaycan
torpaqlarında erməni dövlətinin yaranmasına
müsaidə edən Azərbaycanın milliyyətçi
aydınlarına minnətdar olmalıdırlar.
1955-ci il martın 6-da çəkilmiş bir şəkil
var. Nihal Atsız Ankarada Əsri məzarlığında Rəsulzadənin
cənazə törənindədir. Dövrün
bütün türk böyükləri kimi, o da Əmin bəyin
ölümünü Azərbaycan dövlətinin qurucusu olan
bir insanın ölümü olaraq qarşılayıb. 1944-cü ildə başına müsibətlər
açılanda müstəntiqin ona verdiyi suallardan biri Azərbaycanla
bağlı olmuşdu. Nihal Atsıza
görə, "Azərbaycan Türkiyəni quran türklərin
ilk yığınaq bölgəsiydi. Anadolu,
İraq və Suriya buradan irəliləməklə vətən
qılınmışdı. XIII yüzildə
Xorasandan Akdənizə qədər uzanmış Böyük
Türkiyəni idarə edən Elxanlıların mərkəzi
bölgəsi Azərbaycandı. Quzeyi rus, güneyi əcəm
əlində qalmış olan Azərbaycan...
qırğınla, kültürlə və hiyləylə yox
edilmək istənməsinə rəğmən böyük
bir diriliklə dirənməkdə və güclənməkdədir...
Böyük keçmişi və mədəniyyəti
olan böyük millətlər necə olsa zincirlərini
qırarlar. O gün umulmaz dərəcədə
yaxın da ola bilər. İstək
və inanc hər çətinliyi devirir. İnanalım
və bəkləyəlim".
Üstündən
55 il keçəndən sonra Nihal
Atsızın istiqlalını bəklədiyi
bağımsız Azərbaycandan gedib mən də Ankarada Rəsulzadənin
həzin və mütəvazi məzarını ziyarət
etdim. Atsızın dayandığı yerdə
dayandım. Dörd sütunun üstündə
balaca bir günbəz yapılmış, günbəzvari
tikilinin içəri üzündə "bir kərə
yüksəlib bir daha enməyən Azərbaycan
bayrağının təsviri çəkilmişdi. Sinə
daşında da Əmin bəyin sözləri:
"Cümhuriyyətimiz milli və demokratik dövlətçilik
zəminində, müasirliyi əsas almışdır. Bu nöqteyi-nəzərdən tarixdəki ilk
türk cümhuriyyətidir".
Paşinyanın anlamadığı bir məqam var. Rəsulzadə
heç vaxt faşist cəbhəsini təmsil etməyib. Amma, eyni
zamanda o, İstiqlalsız bir Azərbaycanı da təsəvvürünə
gətirə bilməyib. Azərbaycan
sevgisini heç kəsə, heç doğma
övladlarının taleyinə də güzəştə
getməyib. Nəinki övladlarına, hətta
təmsil elədiyi siyasi təmayülə də bu sevgini
qısqanıb. "Azərbaycan
dövri-istiqlalına bolşeviklər müsavat dövrü
deyirlər. Fəqət xalq bu dövrə
Azərbaycan dövrü deyir". Azərbaycan
dövrü Rəsulzadə üçün ailə səadətindən,
övlad sevgisindən də üstün olub. Oğlu Rəsul 1937-ci ildə güllələnib,
xanımı Ümmülbəni sürgünlərdə
ölüb. Qızı Lətifə şaxtadan və
aclıqdan dünyasını dəyişib, kiçik
qızı Xalidə itkin düşüb...
Rəsulzadə Dəccala qarşı milli məhşər
hərəkatımızın yaradıcısıdır.
Azərbaycan siyasətində milli mehdilik düsturunun
qurucusudur.
Azərbaycanda Marat öfkəsinə qarşı dirəniş
fəlsəfəsinin banisidir.
"Siyasi nəzəriyyələri və professional
ixtilafları şəxsi ixtilaflara çevirməyin. Bir-birinizin canına
düşüb düşmənə məsxərə
olmayın...". Bunu 34
yaşlı Rəsulzadə demişdi.
Bu da onun
sözləridir: "Öz hakimiyyət və
istiqlalının qədrini bilməyən xalq cənabi-haqqın
qəzəbinə gələr".
Allahın
qəzəbinə gəlməmək üçün təkcə
Rəsulzadəni sevməklə yetinməməliyik, eyni zamanda
öz hakimiyyət və istiqlalımızın qədrini bilməliyik...
Erməni ideoloqları yəqin, bilirlər ki, Məhəmməd
Əmin Rəsulzadəyə görə, Nizaminin qəhrəmanı
Şirinin yaşadığı torpaq Əfrasiyab
övladlarının yurdudur. Nizamidə Xəzər
dağlarından Çin suyuna qədər bütün yerlər,
o cümlədən Ərmən də (bugünkü Ermənistan)
türk Əfrasiyabın - Alp Ər Tonqanın
torpaqlarıdır. Xəzər dağlarından (dənizindən
deyil, Qafqaz dağlarından) Çin suyuna qədər
torpaqların Əfrasiyab övladlarına aid olması səbəbilədir
ki, sonradan məskunlaşdıqları Turan torpaqlarında
özlərinə vətən "qurmaq" istəyən
haylar (Paşinyanın rəhbərlik etdiyi dövlətin
humanitar institutları) öz yapma tarixlərini
"yaratmaq" üçün indi də Firidunu
haylaşdırır - Tiqranlaşdırırlar. Nə etdiklərini bilirlər. "Şahnamə"də
Firidunun üç oğlu var: Tur, Səlm və İrəc.
Səlm - Firidunun böyük oğludur. Fərat
çayının qərbi - Ərəbistan torpaqları ona
verilmiş və Səlm Sami qövmlərin (ərəblərin,
yəhudilərin) atası olmuşdur. Tur -
Firidunun ortancıl oğludur. Atasından
Turan torpaqlarını miras alıb. İrəc
isə Firidunun kiçik oğludur. İran
torpaqlarının sahibidir. Firidunu
Tiqranlaşdırmaq cəhdinin altındakı məna budur.
Necə ki, faşizm məktəbi ifrat
şovinizmi təlim edir.
Olsun.
Amma biz Rəsulzadənin sözlərini unutmuruq: "Məzlum
ahı ovunmaz, necə ki, Kərbəla zülmü ovunmur. Zalım əbədi olmaz, necə ki, Zöhhakın
zülmü olmadı. İstiqlal nəşəsi
fədailər yetişdirir, necə ki, milli Türkiyə
yetişdi. Fikir öldürülməz,
necə ki, Fironun arslanları xristianlığı
parçalaya bilmədi. Abidə iman yanmaz,
necə ki, Nəmrudun atəşi İbrahimi yaxa bilmədi".
Ankarada Əsri məzarlığının ikinci
darvazasından keçib mütəvaze türbəsi
önündə ruhuna fatihə göndərirkən
düşündüm ki, torpağa toxum əkməyə nə
var. Hünər tarixə vətən əkməkdir. Əmin bəy
Tarixə Vətən əkib, əkdiyi Vətəni
Cümhuriyyətə döndərib.
"Abidə
iman yanmaz, necə ki, Nəmrudun atəşi İbrahimi yaxa
bilmədi"
Qarşıdan
28 May gəlir...
Nəmrudun odunu 28 Aprelə, İbrahimin imanını isə
28 Maya bənzədirəm. Əsarət bütpərəstin,
istiqlal Allah sevdalısının haqqıdır.
Məhəmməd
Əmin Rəsulzadə bizim üçün Vətən
mehrabı qurdu... Haqqında söz demək Paşinyanlara
düşməz...
Azər TURAN
Ədəbiyyat qəzeti.-
2020.- 23 may. S. 14.