Vaqif İbrahimoğlu nələrlə məni
ovsunlamışdı?
“Mən”
olmağın tarixçəsindən
Qıyma, ciddiləşəndə donuq gözləri
olan (Anarın filmində Ağayar bəyi bu gözlərlə
oynamışdı) sarıbəniz Vaqif İbrahimoğlu bir
neçə görüşdən sonra şəxsiyyətinin
ovsunu ilə məni tam fəth etdi. İndi bundan
danışım. Mən Moskvadan yüksək
biliklə gəlməsəm də (hərçənd, Moskva
aurası hər yerdə məni izləyirdi) intellektual snobizm
canıma yerimişdi. Qardaşım Elçin demir ki,
heç kimi ağılca özümdən üstün
saymırdı?! Mən də Moskvada elə bir
intellektuala rast gəlməmişdim ki, məni heyran etsin.
Tutuşdurmaq üçün deyim -
qardaşım Elçin məndən sonra Moskvada
qalmışdı və tətilə gələndə
ağızdolusu Şedravitskidən danışırdı.
Bu adam bir çox rus ziyalılarına təsir
göstərmişdi, hətta deyilənlərə görə,
sabiq baş nazir Kiriyenko da onun məktəbindən
çıxmışdı. Ancaq mənim
Moskvada belə kumirim olmadı. Əgər
Moskvada olmadısa, Bakıda haradan olardı?! Bax, bu düşüncə ilə Bakıda
yaşamağa başlamışdım. Bəs
nə oldu ki, Vaqif mənim üçün kumirə
çevrildi? Bunu araşdırıb
tapım.
Moskvada millətçilik etsəm də, yataqxanada
yabançı qızların qonağı olub, otağıma
gətirsəm də bu "igidliyimə" baxmayaraq orada həmişə
DTK qorxusu ilə yaşayırdım. Bu qorxudan başqa o
biri qorxum venerik xəstəliyə tutulmaq idi. DTK və venerik xəstəlik, beləcə, Moskvada
yeganə fobiyalarım idi. Onu da deyim ki,
venerik xəstəliyə tutulmaq qorxusunu bir çox azəri
aspirantlar içlərində daşıyırdı. O
çağlar əsas qorxu sifilisdən idi, çünki hələ
SPİD/QİÇS yox idi. İndi, deyəsən,
sifilisin dərmanları tapıldığından onun söhbətini
eşitmək olmur.
Moskvada qorxurdum ki, otağıma da, qonağı
olduğum yabançıların otağına da qulaq
asırlar.
Bununla bağlı bir lətifəmiz vardı, "mıx da məni
bağışlasın". Anekdot belə idi.
Yataqxanada dostları bir oğlana deyirlər ki, sənin
otağına qulaq asırlar, bunu deyəndə divarın
başında olan mıxı göstərirlər.
Oğlan ürəyi dözməyib nə vaxt dissident söhbəti
etməyə ağzını açırsa, mıxı
göstərirlər ki, sus! Bir dəfə yenə
dözməyib ağzını açan zaman mıxı
göstərəndə partlayır ki, "ə, mıx da məni
bağışlasın..." və başlayır Sovet
hökumətinə qarşı ağzına gələni deməyə.
İndi biz bilirik ki, o boyda universitet yataqxanasını xəlvətcə
dinləyici sistemlə əhatə edə bilməzdilər. Görünür,
DTK özü maraqlı idi ki, adamlar hər yerdə dinləyici
aparatın olması mifinə inansınlar. Bu mifin xofundan biz də
danşığımızı öz senzuramıza
salırdıq, hərçənd bəzən "mıx da
məni bağışlasın" deyirmiş kimi
partlayıb ürəyimizi boşaldırdıq.
Bax, anti-sovet ruhum DTK-dan qorxumla birləşib məndən
əcaib bir məxluq yaratmışdı. Bir yandan,
ürəkli, qorxmaz, senzuranı hərləməyən
sözlər demək istəyi (bu istəyi az-maz gerçəkləşdirirdim
də), o biri yandan, həmişə səksəkədə
olmaq ki, indi çağırıb deyəcəklər, elə
danışma. Bax, bu fonda Vaqif
söhbətlərində, tamaşalarında sovetizmdən tam
azad, DTK səksəkəsini bilməyən adam kimi məni
heyran qoydu.
Vaqifin sovetizmdən azadlığı
xısın-xısın söhbətlərdə olsaydı, mənə
elə təsir etməzdi, çünki bütün Bakı
çayxanaları o çağlar xısınlaşan millətçi,
türkçü və anti-sovet söhbətlərin
ocağı idi. Üçüncü söhbət türü
filoloji gəncliyin qəbul imtahanları ilə bağlı
alış-verişindən qaynaqlanırdıı. Bu gənclikdən kimlərsə bütün
fakültələr (hüquq qarışıq) üzrə qəbul
imtahanlarında iştirak edirdilər, çünki hər
yerdə Azərbaycan dili üzrə imtahan olurdu.
İştirak etməyənlər isə onlara adam
gətirib öz paylarını götürürdülər.
Beləcə, filoloji gənclik millətçi,
anti-sovet olsa da, dolanışığın başqa yolu
olmadığından qəbul imtahanlarını özləri
üçün "rüşvət" ləkəsindən
təmizləyib biznes eyləminə çevirmişdilər.
Bəs ləkədən necə təmizləyirdilər?
Pul almalarına zarafat, şəbədə
qoşmaq istedadları ilə, sinik-ironik ədaları ilə.
Nəticə doğrudan da uğurlu olmuşdu.
Ən vicdanlı, əxlaqlı millətçi
də onlara rüşvətxor kimi baxmırdı. Onlar isə pul qazanıb əliaçıqlıq
edirdilər, jiquli alırdılar və hansı kasıb
istedada isə kömək edirdilər və bir də tez-tez
qumar oynayırdılar. Qumar isə filoloji
gəncliyin dünyasına bohem elementlərini, avantürist
dramatizmini qatırdı. Ancaq bütün
bu özgürlük kutu çayxananın dost-tanışla
qapanmış dünyasında olurdu. Vaqif
isə millətçiliyi, anti-sovetizmi İncəsənət
İnstitutunun Tədris teatrına çıxardı, elə
çıxardı ki, sanki elə belə də
olmalıdır və burada olağanüstü heç nə
yoxdur.
Bir
düşünün, rektor Aslan Aslanov idi, həmişə
çayı üfürə-üfürə içən adam. Tədrisdən xəbərçilik
edənlər onu fitilləyirdilər ki, bu Vaqif, siyasi "əyintilərə"
yol verir, teatrda qorxulu hoqqalardan çıxır. Aslan müəllim diksinirdi, tezcə teatra gəlib
hamını yığaraq notasiya oxuyurdu, Vaqif isə ona qulaq
asıb öz bildiyini edirdi. Hamıda, mən
qatışıq, rektorun xofu vardı. Bu
xofun üstünə gəlirdi mənə
yaxşılıqlarına görə ona borcum. Vaqif isə onunla da istədiyi sərbəstlikdə
özünü aparırdı. Aslan müəllim
öyüdlə danışanda dodaqları bir az
qabağa çıxırdı. Bütünlükdə
yaraşıqlı, arıq, ağıllı kişi
idi. Çapdan çıxmış kitab və məqalələri
az idi. Ancaq partiya xətti
üzrə göstərdiyi xidmətlər üzündən
Akademiyada akademik katib olmuş, İncəsənət
İnstitutuna rektor gətirilmişdi. Ondan qabaq rektor Rahib
müəllim olmuşdu, deyirlər, ağır adam idi. Mən gələndə
Rahibin adını hər yerdən eşidirdim,
hamısında da nəsə bir sayqı vardı.
Aslan müəllim Tədris teatrına gəlib
hamını yığaraq aramla öyüd verəndə guya
diqqətlə qulaq asan Vaqif onun dodaqlarını
yamsılayaraq ona guya ağıllı, əslində isə mənasız
cavablar verirdi.
Qıraqdan bu səhnəni görəndə məni
dəli gülmək tuturdu. Qorxumdan otaqdan
çıxırdım ki, Aslan müəllim görməsin.
Bu elə gülüş idi ki, adam
şalvarına işəyə bilərdi.
Bu, sözsüz, Aslan müəllimə qarşı
insafsızlıq idi, çünki hər halda Tədris
tamaşalarını bağlamırdı. Ancaq Vaqifin və
aktyorların bu davranışları mahiyyətcə Aslan
müəllimə qarşı deyildi, ofisioza qarşı idi.
Sonralar Vaqifdən soruşdum ki, qorxmurdun, rektor
onu dolamağını görüb səni cəzalandırar?
Dedi yox. Çünki adamlar var ki, o qədər
nərgizlik (narsistlik) onlarda güclüdür ki,
danışanda gözləri həmsöhbətə baxsa da,
nə onu görür, nə onu eşidir. Bu,
Vaqifin dəhşətli müşahidəsi idi və belə
tapıntıları ilə məni fəth etmişdi. Söylədiyini bir populyar bəstəçi ilə
telefon danışığında göstərdi. Görünür, o bəstəçi çox
danışan oduğu üçün Vaqifi yormuşdu.
Bir dəfə telefon edib yenə nəyisə
uzun-uzadı söyləyəndə Vaqif onu dinləyə-dinləyə
"qələtini elə", "pox yemə" və sairə
deməyə başladı. Buna qıraqdan
baxanda mənim canımı qorxu bürüdü. Telefon
danışığı bitəndən sonra Vaqif dedi:
gördün, bərkdən deyirdim, yenə eşitmirdi.
Bu söhbətdən sonra mənim özümlə
oxşar olay oldu. Bir tələbəm vardı,
ağıllı uşaq idi, ancaq görünür, insan kimi
bekara imiş. Sonralar onu hansısa partiyada
gördüm. Dekanlıqda mənimlə
danışanda gördüm ki, hörmətsiz ifadələr
işlədir və inanmır ki, eşidə bilərəm.
"Nə dedin?!" - üstünə
qabardım və pərt etdim. İçimdə
məmnun oldum ki, Vaqifin söylədiyi nərgizlərdən
deyiləm.
Beləliklə, Vaqifin yaradıcı insan olaraq
özgürlüyü o zamanlar çoxlarında vardı, məndə
də, Rəhmanda da, Əli Abbasovda da, Gündüz Sariyevdə
də. Ancaq biz ictimai meydançaya çıxanda anti-sovet,
anti-marksist ibnəmizi içimizdəki senzuraya
salırdıq. Sovet ideologiyasının
"xoruna" qoşulmamaqla ibnəmizi doyururduq. Vaqifdə
güman iç senzurası vardı, ancaq ictimai meydançada
o senzura bizdəki qədər işləmirdi. Vaqif
indi yada salammadığım detallara görə Sovetizmdən
tam özgür görünürdü.
O
çağlar onun dilində işlək söz "gik"
idi, aktyorlarının da dilinə keçmişdi. İngiliscədə
"qik" olan bu sözü Vaqifgil russayağı
"gik" kimi deyirdilər, anlamı isə "eksentrik adam", "eksentrik eyləm" idi. Bu söz heç rus dilində də geniş
yayılmamışdı, nədən Vaqifin dilində
tamaşalarla bağlı hər hansı eksentrik hoqqanı
bildirirdi? - bilmirəm. Ancaq
o, senzuranı tapdalayıb sovet ortamı üçün
pozucu, dağıdıcı görünən eyləmlərini
"giklərlə" mümkün edirdi. Televiziyaya çağırılanda qara
şüşəli gözlükdə çıxış
edirdi - indi bu, elə də əcaib görünmür. O
çağlar korlardan başqa heç kim
bunu edə bilməzdi, Vaqif isə edirdi, yəqin, jurnalistin,
redaktorun bütün "olmazlarına" baxmayraq. Bir TV çıxışında, - o vaxt artıq
Musiqili Komediya Teatrının baş rejissoru idi, - Vaqif biz
dostları üçün oyun çıxarmışdı.
Jurnalist ondan nəyisə soruşanda cavabında hər dəfə
"interpretasiya", "motiv" sözlərini deməmişdən
qabaq, sanki onların dilimizdə əvəzini tapmaq
üçün başını geri atıb
gözünü alnına axıdırdı ki, sözün
ekvivalentini tapsın, tapmayıb guya məcburən latın
terminlərini işlədirdi. Mənası o idi
ki, cavab üçün beyninin dərinliklərinə
axtarışa çıxır. Bir az
keçəndən sonra anlamı qarmaqarışıq olan
söz yığınında "cavab" verirdi.
Vaqifin qikləri ilə bağlı bir Moskva
olayını da danışım. Orada nəsə
seminarda bulunurdu. Müəllimləri
ünlü estetik, ancaq yaxşı tərtibli dayaz
kitabların müəllifi Yuri Borevin oğlu idi. İlk seminarda o, dartışma üçün sənətlə
bağlı bir konu ortaya atır. Vaqif
ağır qafqazlı ləhcəsi ilə üzünə kəndçilik,
nadanlıq yağan maskanı "taxıb"
dartışmalarda iştirak edir. İlk
öncə yan-yörəsindəkilərin ürəyində
"bu, haradan gəlib, nə danışır?!"
nidasını qoparır. Getdikcə nadan mimikasına
uyuşmaz semiotik, strukturalist və başqa modern terminlərdə
yetərincə ağıllı düşüncələr
söyləməyə başlayır və beləcə
adamlar çaş qalır: "Bu bizi dolayır, yoxsa rusca pis
bilsə də ağıllı adamdır?!".
Yalnız sonrakı seminarlarda görürlər
ki, Vaqifin əla ruscası var.
Borevin
oğlu birinci dəfə Vaqifi görəndə
soruşmuşdu: Necədir sənə Moskva?
Vaqif: Belə
də. Məsələn, dükanda sizə də
qulluq edirlər, bizə də. Ancaq bizə
əlavə olaraq "çernojopıye",
"ponayexali" deyirlər.
Doğrudan da, Moskvada növbədə duranların
çoxu gəlmələr olardı. Ancaq bu moskvalılar
qanmırdı ki, yerdə qalanların boğazından kəsib
Moskvaya verməyin sonucu idi ki, oranın dükanlarında
tavarlar bol idi.
Sonra Vaqif
Borevin oğluna demişdi: "Bax, mən bura gəlmişəm,
siz məni bir yerə aparmamısınız ki? Ancaq
siz gəlsəniz ürəyiniz nə istəsə, onu tapmaq
üçün mən özümü ora-bura vuracam".
Borevin oğlu "Siz varlı
yaşayırsınız" deyəndə Vaqif
qayıtmışdı ki, belə qonaq
qarşılamağın çoxu bizim camaatın borca
düşməsi ilə qurtarır. Bilirsiniz,
Moskvadan (yoxlama və s. üçün) sizinkilər gələndə
niyə 3 nəfər gəlir? Ona görə
ki, kef üçün bir maşına minəndə qonaq eləyənə
də yer qalsın.
İndi isə Vaqifin başqa bir "qiki". Bir dəfə
radiodan jurnalist qızın özünü aparması
xoşuna gəlmədiyindən kabinədə səsini
çıxarmadan ağzını açıb-yumur. Guya cavab verir, ancaq aparat xarab olduğu
üçün səsi gəlmir. Əl-ayağa
düşüb təmir üçün texniki
işçini axtarmalı olurlar.
İndi isə Vaqifin imic hoqqaları üstünə. O, bir, ya iki aydan bir gah
saçını dibdən qırxırdı, gah
uzadırdı, gah saqqal saxlayırdı, gah üzünü
dibdən qırxırdı.
Mən
düşünürdüm ki, milli teatrda heç bir rejissora
Vaqifin heyranlığı yoxdur, hər halda Elçin Məmmədovla
dost olsa da, atasını, - Mehdi Məmmədovu maraqlı
rejissor saymırdı. Sonra gördüm ki, onun
sevimlisi Tofiq Kazımovdur, özünə müəllim
sayır və Azərbaycan teatrında birinci yerə qoyur.
Biz
tanış olandan sonra Vaqif 3-4 il eyni axmaq boyası olan
pencəyi, deyəsən, tünd palıd şalvarı
geyinirdi. Bu dəyişməzlikdə dəyişən
onun saçı-üzü olurdu. Heç
kimin saçı ilə, üzü ilə belə
oynamasını görməmişdim.
Vaqifin anası tatar idi (öz türkümüzdü),
atasında isə zaqataladan olduğu üçün,
güman, türk qanı ilə ləzgi və ya başqa
Qafqaz etnosunun qarışığı vardı. Ancaq
özünə gələndə hamımıza örnək
olacaq dərəcədə türkçü idi. Anasından bütün balalarına Orta Asiya
türklərinin antropoloji cizgiləri keçmişdi. Vaqif millətçi-türkçü idi, ancaq
asanca millətçiliklə bağlı hoqqalar, "qiklər"
edə bilərdi. Məncə, dindar idi,
ancaq asanlıqla Şəriətlə bağlı hoqqalar
çıxarardı. Dostumuz Gündüz
Sarıyev Sovetlərin axırında qatı İslam
düşüncəsinə keçəndən sonra ona
"dindarik" deyirdi. Hər dəfə küçədə
onunla rastlaşanda kəlmeyi-şəhadət deyib salavat
çevirirdi, Gündüz isə mənəviyyatca sağlam adam olduğundan onun bu "qikindən"
uğunub gedirdi.
90-cı illərin ortasınacan Vaqifin dilinə spirtli
içki dəyməmişdi. Yeyib-içəndə
niyə içmədiyini soruşanda deyərdi ki, Rus Dram
Teatrında aktyorluq edəndə, elə ondan da qabaq
"Ağdam" çaxırı içərmiş.
İçib çox vaxtı kefli gəzərmiş.
Bu alkoqoliklik çağında içməsi
qovğalarla bitərmiş, çünki dəmliyi çox
aqressiv olarmış, adamlara sataşar, onları
alçaldarmış. İndi içməkdən
ona görə çəkinir ki, bizə aqressivlik edəcəyindən
qorxur.
İncəsənət İnstitutunu bitirəndən
sonra Vaqif Rus Dram Teatrında aktyor kimi
çalışırmış. O vaxtkı həmkarları ilə
söhbətindən görürdüm ki, onlar Yuli Qusmanın
hər situasiyada lətifə deməsini heyranlıqla yox, kinayə
ilə yada salırlar. Vaqif, hətta bunu
danışanda yüngülcə Qusmanı
yamsılayırdı. İndi Yuri Qusman
yaşayıb Moskvada anekdotlar danışmağa davam edir,
Vaqif isə bu dünyada yoxdur. Şeirə düşəsi
misra!
Rus Dram Teatrından sonra, deyəsən, Anarın həyanlığı
ilə Vaqif Aktyor Evində eksperimental teatr yaradır. Burada Fəxrəddin
Manafov kino operatoru imiş, Vaqif onu tamaşalarda aktyorluğa
qoşur.
İbrahimoğlu bu illər filtirsiz prima çəkirdi. Mən də
ondan "Prima" çəkməyi
götürmüşdüm (deyirlər, Tofiq Quliyev də bu
siqareti çəkirmiş). Vaqif tez-tez armudu stəkanda
çay içirdi və bu zaman siqareti bir az
çəkib stəkanın yanındakı külqabına
qoyurdu ki, öz-özünə tüstülənsin. Beləcə,
kəndisini (bəlkə də siqareti) aldadırdı ki, az çəksin. Ancaq buna baxmayaraq axırda ağ ciyərin xərçəngindən rəhmətə
getdi. Nə biləsən, siqaret onu xərçəng
etdi, yoxsa onsuz da bu zəhrimara tutulacaqdı.
Vaqif haqqında kitab və məqalələr
yazılıb, özünün də məqalələri
çap olunub.
Ancaq yenə də duyuram ki, biz dostları onun
xatirəsi önündə borcumuzu yerinə yetirib kimliyinin zənginliyini
aça biməmişik. Bu səbəbdən
xatirələrimdə ona bu qədər yer ayırıram.
Niyazi MEHDİ
Ədəbiyyat qəzeti.-
2020.- 23 may. S. 15.