Ümidlərin
göydə durna lələyi...
esse
Kamal Abdullanın
poetik məkanında yol konsepti
İngilis-amerikan
şairi U.H.Oden irland şair-dramaturqu U.B.Yeytsin xatirəsinə
yazdığı elegiyada (1939) təxminən belə bir
cümlə işlədirdi: "Poeziya dünyanı dəyişmir"
("Poetry makes nothing happen"). Bu ilk
baxışda banal görünən cümlənin bu gün də
maraq dairəmdə olmasına səbəb Odenin illər boyu
poeziyanın köməyilə dünyanı dəyişəcəyinə
inanması və sonradan bu inancını itirməsidir.
Koronavirus pandemiyasının bəşəri
sardığı bir zamanda, yəqin ki, ədəbiyyat
adamlarının əksəriyyəti "ədəbiyyat
dünyanı xilas edirmi?" sualı ətrafında bir də
düşünməli oldular... Bütün karantin
dövrü ərzində mütaliəsindən zövq ala
bildiyim yalnız "Dünya ədəbiyyatı" dərgisinin
"Esse" sayı, bir də pdf-lə telefonuma yüklədiyim
"Nar çiçəkləri" şeirlər kitabı
oldu... Kamal Abdullanın bu ilk dəfə bir neçə il öncə oxuduğum kitabına yenidən
qayıtmağımın səbəbi son aylar beynimə hakim
kəsilmiş bir misranın dalınca düşməyim oldu:
ünvanını xatırlamadığım "geri baxma
daş olarsan..." misrası məni yenidən "Nar
çiçəkləri"nə gətirdi...
Bilmirəm, bu şeirlərlə Mərcan Dədənin
"Sufi Dreams" albomundakı musiqilərini birləşdirən
nə isə varmı, hər halda, mən onları oxuyarkən
qeyri-iradi Mərcan Dədənin etnik musiqisini dinləyirəm. Onun bu ruhsal trans
yaşadan əsərləri nə klassik təsəvvüfdür,
nə də xalis Qərb musiqisi, ikisinin sərhədində,
ikisini birləşdirən və ikisindən də
uzaqlaşan. Kamal Abdullanın lirikası da belədir, mənə
görə: nə xalis şeirdir, nə yalın fəlsəfə
- bu ikisinin qovuşuğunda ağlın nə qəbullana, nə
də inkar edəcəyi bir nəsnə. Bəlkə, onlar
arasında hiss etdiyim bağlantı bu şeirlər kimi, bu
musiqinin də bütün nizamına rəğmən
uçuq-qaçıq olmasıdır?!. Mənə elə gəlir, Kamal Abdullanın
şeirlərində misralar, fikirlər bir araya toplanmağa
can atmır, hərəsi bir tərəfə dartınmağa
çalışır. Qaçıb gedəni,
azadlığına üz tutanı izləmək, onun
üçün xoşbəxt olmaq duyğuların ən
gözəlini yaşadır insana. Bəlkə, kəpənəyin
uçmasını, ətəkləri bir topa uçuşan
kəpənək kimi havada süzən səmazənin rəqsini
izləmək də bu üzdən bu qədər möcüzəvi
təsir yaradır məndə?!.
"Ədəbiyyat
qəzeti"nin Məhəmməd Hadiyə
həsr olunmuş xüsusi buraxılışındakı
yazısında Kamal müəllim böyük şairi
"ruhən, nəfəs genişliyi ilə" İ.Brodskiyə
yaxın bilirdi. Təxmini yadımdadır ki,
hansısa bir essedə o, Səlim Babullaoğlunu və Qisməti
də Brodski ilə müqayisə etmişdi. Mənsə onda da, indi də düşünürəm
ki, Kamal Abdullanın öz poeziyası daha çox müqayisəyə
gəlir Brodski ilə. O da vaxtilə özünü rus
poetik ənənəsinin dışına çıxaran
şair olaraq qəbul edilirdi. Hər ikisi yalnız tematika
deyil, üslubi baxımdan, fərqli bir şeir dili yaratması
ilə də özünəməxsusdur, şeirlərində
məntiqi və emosional təzahürün qovuşması
baxımından da oxşardırlar: bu mətnləri oxuyarkən
müəllifin özündən öncəki şeir təcrübəsindən
uzaqlaşdığını, ezoterik təmizlənmə ilə
xalis özləşdiyini duyursan.
Şeirə, bütövlükdə ədəbiyyata
münasibətdə usandırıcı bir banallıq
hökm sürür. Kamal Abdullanın şeiri bu banallıqdan
qaçış, xəyal dünyasının intəhasızlığı
gücünə kainata qucaq açması ilə, hər
cür təxminləri alt-üst edən misraları isə
ilk növbədə, gözlənilməzlik aktı ilə fərqlənir.
Nöqteyi-nəzərinin kompromissizliyi
baxımından da Kamal Abdulla seçilən müəlliflərdəndir.
Onun ədəbi, bədii bütün mətnləri
alternativ fikrə yer qoymurmuş kimi kateqorik ahəngdə ifadə
olunsa da, yüzlərlə suala rəvac verir.
Zamanla
Kamal Abdullanın dilə "diskriminasiyası" ilə
bağlı ittihamlara da rast gəlmişik, dünya ədəbiyyatına
göndərmələrinə görə kitabdangəlmə
olduğuna da, günümüzün qayğılarından
yazmadığına görə, həyata arxa çevirdiyinə
də... Kim nə deyir desin, kim inanmır
inanmasın, Kamal Abdullanın ədəbi avtoriteti mənimçün
yalnız onun xalis ədəbiyyat adamı olması,
yaradıcılığının orijinallığı,
bütövlükdə ədəbi düşüncəsinin
özünəməxsusluğu ilə bağlı məsələdir.
Məncə istər nəsrdə olsun, istərsə
də şeirdə, o, hər zaman banallığın
düşməni kimi davranır, tapdanmış yolları
getməyi düşünmədən "Azərbaycan dilinin
potensialında" yalnız ona məxsus dil və üslub
yaradır. Bu mənada, onun stili
unikallığı ilə fərqlənir, üslubların
qarışdırılması, bu üslub
"sahmansızlığı" ilə orijinal bir ahəng
yaradır.
K.Abdulla intonasional təfəkkür sisteminə malik
müəllifdir; onun poetik intonasiyası mətnyaratma prinsiplərinin
təşkilində aparıcı roldadır. Fikrimcə, bu
şeirlərin intonasiyası sözlərdən daha artıq
danışır. Kamal şeirlərinin
özəl xüsusiyyətlərindən biri də bəzən
ahəng və sintaksis arasında kəskin konfliktin
yaranmasıdır. Bunlar daha çox
sintaqmatik əlaqənin qırılmasında, inversiyada ifadə
olunur.
Şeirdən şeirə keçdikcə onun poetik aləmi
oxucunu gerçək dünyadan mümkün qədər daha
çox uzaqlaşdırır, metafizik üfüqlərə
yol alır; bu şeirlərin məqsədi oxucunun hiss və
duyğularına toxunmaqdan daha artıq, təxəyyül və
şüuruna nüfuz etməkdir.
Sənin
özünün Allahın varmış,
Sənin gözünün içində imiş.
Sənin
Allahın daha cavanmış,
Sənin Allahın daha gözəlmiş.
Fikrimcə, kitabdakı ilk şeir - "Alın
yazısı hədər yazılmır" Kamal Abdullanın
ən metafizik şeiridir. Burada iki yaradıcı - insan və
Allah iç-içədir: Allahın yaradıb taleyini
alnına yazdığı insan və insanın içindəki
sevgi və işıqdan, şüur və düşüncədən
doğurduğu Allah. Bu şeirdə bir təsəvvüf ruhu
da var: Allahı öz ruhundan doğuranın, yalnız gözəlliyə,
yalnız sevgiyə, yalnız Cənnətə inananın
Allahı "daha cavan", "daha gözəldir". Bu qatbaqat çözümlərə açıq
olan şeirin üçüncü bəndində insanın
özünün allahlaşması, yaradan funksiyasından daha
çox sevilən olmaq avantajı ilə o ucalığa nail
olması fikri də saxlıdır. Oxucunun
hisslərini sığallayan duyğusal şeirlərdən fərqli
olaraq, belə poetik parçalar şüura nüfuz edərək
saysız-hesabsız suallar üçün zəmin yaradır
və alınan cavabların necəliyi bütün şeirlərdən
keçən yol boyunca yolçuluğun necə keçməsindən
asılı olur.
Kamal Abdullanın şeirlərində yol motivi
"ekzistensial" xarakteri ilə müəyyənləşir. Bu kontekstdə
yol yalnız peyzaj-məkan mənasında deyil, həm də və
daha çox fəlsəfi-estetik, simvolik, ruhani anlamlar
daşıyır. Demək olar ki,
bütün şeirlərindən bu və digər dərəcədə
keçən yol leytmotivi müxtəlif variasiyalarda təzahür
edir. Burada dar mənasında
"yol"dan nadir hallarda bəhs olunur. Kamal
Abdullanın protoqonisti üçün yol getmək
mövcudluğun vacib elementidir. Bu yol ideal
azadlıq - ideal mən - ideal həyat axtarışı kimi
gedilir, yol arxetipi həyatın metaforası, insanın mental məkanı
kimi reallaşır.
"Nar çiçəkləri" kitabındakı əksər
şeirlərdə, adətən, qarşı-qarşıya
qalan iki tərəfi - adresat və adresantı müşahidə
edirik. Bu ikisi uzun bir yolun iki müxtəlif qütbündən
üz-üzə gəlsələr də, eyni yolu getdikləri,
başqa sözlə, oxşar taleyi yaşadıqları
üçün biri digərinin əks-sədası kimi səslənir.
Bəzən isə onların "sözü
düz gəlmir", fikirləri, qənaətləri tərs-mütənasibdir.
Səbəb odur ki, yol bir olsa da, gedənlər
(bu taleyi yaşayanlar) müxtəlifdir və bu müxtəliflik
onların qət etdikləri yol barədə düşüncələrinə
də yansıyır.
Hədəf
- yolu başa vurmaq, bir mənzilə çatmaq deyil, məqsəd
getməkdir, yolçuluq, arayış, sualdır... ("Bu
yol sənin yolun deyil - bilginən, \ Sənin olan
addımındı, izindi") Beləcə, yol
getmək - bir ömür boyu yaşadıqca təcrübələr
qazanmaq, fərqli düşüncələrlə yola
çıxsa da, tamamilə yeni qənaətlərlə
öz keçmiş məni ilə üzbəüz qalmaq -
köhnə-yeni mən qarşılaşmasıdır.
İnsana şəxsi təcrübəsi qədər heç
nə və heç kim öyrədə
bilmir. O, yolu özü getməli, bütün dolambaclardan
özü keçməli, "deyilənlər gəldi
başa" mərhələsini arxada qoymalıdır ki, həyatı
yetkin, barışıq insan olaraq yaşaya bilsin.
"Alın yazısı hədər
yazılmır", amma insan yolayrıcındakı
yolların birini seçmək ixtiyarına malikdir. Nağıllarda nəyəsə
nail olmaq üçün mütləq uzun və ağır
yola çıxan qəhrəmanın seçdiyi yol onu məqsədinə
çatdırır və hədəfə nail olunursa, demək,
yol da bitir. Folkloristikada həmçinin yolun ruhu
xarici aləmlə bağlaması funksiyası da qeyd olunur.
Yolu, eyni zamanda, insanın evi, özü və
başqaları arasındakı məsafə kimi də qəbul
etmək olar. Hədəfə
çatdıqdan sonra qəhrəmanın bir yolu da geriyə
dönüşü olur, əvvəlki yolu özündən
- evindən kənara, uzağa aparırsa, sonrakı yolu evinə,
özünə gətirir.
Gəldiyim
yolla da qayıdacağam,
Yolun başlanğıcı - yolun sonucu.
Mən
qayıtmalıyam, nə qədər sağam,
Mən nə birinciyəm, nə də sonuncu.
"Gəldiyim
yolla"
Yol əbədiyyətdir, bitməyən hərəkət,
irəliləyiş, davamlılıqdır. Kitabdakı
"Nar çiçəkləri" şeiri bütün
bir insan ömrünün rezyumesi kimi ifadə olunur. Tumurcuqlayan, açılan və solan çiçək
- doğulan, yaşayan və ölən insan ömrünə
metaforadır ("Hər şey qurtaracaqdır \ Xoşbəxt
bir gələcəklə. Soldu nar
çiçəkləri - \ İndi nar yetişəcək").
Bu üzdən deyə bilərik ki, kitabın
adı kimi seçilən "Nar çiçəkləri"
şeiri bu yol-ömrün adlanmasıdır.
Müxtəlif
xalqların nağıllarında yol(ayrıcı) motivi var. Adətən,
yolayrıcı "işıqgələn" və
"ithürən" tərəfdən ibarət olur və
qəhrəman onlardan yalnız birini seçmək, bununla da
özünün taleyini müəyyənləşdirmək
iqtidarındadır. Qəhrəmanmı yolu
seçir? Bəlkə elə yol
seçir öz qəhrəmanını?! Bəlkə də, hansı yolu seçməsi onun əvvəldən
yazılmış alın yazısıymış?! Bəlkə elə işıqlı yol içindəki
gözəlliyi, dürüstlüyü görüb
özü çəkib aparır qəhrəmanını?!
Yoxsa "alın yazısı hədər
yazılmır" bəyanının bunca anlamı
olardımı?!
Geri baxma,
daş olarsan,
Gözdən
axan yaş olarsan,
Donvurmaz
yaddaş olarsan,
Yaddaş olmaq yaman şeydi.
"Cavabsız
suallar yağır"
Mənimçün bir müddətdir ki, aforizmləşmiş,
keçmişdən qopub irəli baxmalı olduğumu
xatırladan "geri baxma, daş olarsan" misrası, məncə,
Kamal Abdulla şeirindəki yol konseptinin xülasəsidir. Yolun
başlanğıcı ilə sonu arasında kateqorik fərq
yoxdur; hətta dönərkən də o, irəliyə
doğru hərəkət halıdır.
Konseptlər mətn və ətraf aləmin dərki
arasında mədəni vasitə rolunu oynayır, bu
baxımdan bədii ədəbiyyatda istifadə olunan konseptləri
verballaşmış mədəni mahiyyət də
adlandırmaq olar. Kamal Abdullanın poeziyasında yol arxetipi
poetik konstantdır, şeirdən-şeirə keçərək
bütün lirikasını dolaşır. Yol - labirint arxetipi həmçinin onun nəsri,
xüsusən hekayələri üçün də konseptual
xarakterlidir. Burada yolla bağlı
situasiyalarda oyanan refleksiya formaları ümumilikdə mətnyaratmanın
əsas vasitəsi olaraq yol motivinin paradiqmasını təşkil
edir.
Nəsrində
olduğu kimi, Kamal Abdullanın şeirlərində də
intertekstuallığın müxtəlif təzahürlərini
izləyirik: öz mətnləri arasındakı bağ isə
hamısından daha çox nəzərəçarpandır.
Onun şeirləri sanki səbət kimi
hörülüb, bir-birinin içindən keçir. Bunu yalnız heç olmasa, 8-10 şeirini
ardıcıl oxumaqla fərq etmək mümkündür.
Hər şeirdə rastına çıxan bəzi
misralar və ya bütöv bəndlə köhnə
tanışın kimi görüşürsən, bəzən
şeirin adı romanına allyuziyadır və s. Bu şeirlər
üçün bir ortaq cəhət də var ki, əksərən
davam kimi başlanır, yəni sanki şeirin əvvəlki bəndləri
ya ixtisar olunub, ya da bu, hansısa başqa bir şeirin
davamıdır. Bəzi şeirlərdə isə qəfil
qırılmaya şahid oluruq: bitməmiş fikir, deyilməmiş
söz orada yarım qalanın davamını növbəti
şeirlərdə axtarmağa sövq edir. Bu
davamlılıq da şeirlərin özünün davam edən
bir yol olduğu assosiasiyasını yaradır.
Kamal
Abdullanın poetik təfəkküründə yüz illərdir
bildiyimizi düşündüyümüz məsələlərə
tərs baxış var: insanın yol getməsi deyil, yolun
özünün getməsi, insanın üfüqə
çatması deyil, üfüqün ona çatması kimi və
s. ("Üfüq məndən qaçmadı, \ Məndən
uzaqlaşmadı. \ Üfüq mənə
başladı \Dərdini danışmağa"). Onun
şeirlərində yalnız yolçu deyil, sanki yol da gedilməkdən
yorulub, bir an durub əvvəlinə, sonuna boylanır:
"...Bir əvvəli var, bir sonu, \ Bəs bu yolun özü
hanı?!". Esse janrı
ilə ilk tanışlığım 10-cu sinifdəykən
Kamal Abdullayev imzalı "Yolun əvvəli və
axırı" (1993) ədəbi və bədii esselər
toplusu ilə başlayıb. "İnan ona"
şeirinin son iki misrasındakı bu suala həmin
kitabının lap əvvəlində müəllif belə
izah verir: "Hərə bir Yoldu, tutub gedir. Heç kim də bilmir hara gətirib çıxaracaq
onu bu Yol. Bəlkə heç biz getmirik. Bəlkə elə gedən Yolun
özüdür". Burada yol şəxslənir,
gedənlə gedilən eyniləşir, bütünləşir.
Kitabdakı bu giriş-esseyə "Yolla gedən
olmasa, bilinməz \ Bilinməz gəlir bu yol, ya gedir"
misraları epiqraf olaraq seçilib. Bu
misralar, bu esse, yol konseptli bütün şeirlər, hekayələr
uzun bir yol haqda saysız-hesabsız qırılmayan
düşüncələrə gətirib
çıxarır.
Kamal
Abdullanın, demək olar, hər bir şeirində hər
üç zaman iştirak edir, sanki yolun ortasında dayanıb
nəfəsini dərən adam qət
etdiyi yola baxıb onu hələ qarşıda gözləyənlər
haqqında bəhs edir və bu sonranın sonunun gəlməyəcəyini
bilir. Bu şeirlərdə keçmişlə
bağlı təəssüfə həm də gələcəklə
bağlı ümid, arzu, gözlənti qarışır.
Bununla belə, xüsusi bir emosionallıq
müşahidə edilmir - hisslərin ifadəsi hər zaman
stabil, sükunət halındadır və məncə, bu
neytrallıq şeirin ümumi intonasiyasına əhəmiyyətli
dərəcədə təsir edir.
Bu şeirlərdə yol eyni vaxtda həm məkan, həm
də zaman kateqoriyasını əhatə edir, dil isə
öz növbəsində, bu sxemə üçüncü tərkib
hissəsi kimi daxil olaraq, mətnin məna və intonasiya cəhətdən
tamamlanmasını təmin edir. İnsanı bu gündən gələcəyə
götürən yol məkan-zaman anlamında həmişə
irəliyə doğrudur, onu doğuluşdan gələcəyə
- ölümə aparır, lakin bütün hallarda bu "son
elə başlanğıcdır" və demək, bu
şeirlərdə ölüm son dayanacaq, yolun sonu kimi mənalandırılmır,
ölümdən sonrakı həyat, əbədiyyət misalı
qəbul edilir. ("Hər şey təzədən?
\ Hər şey təzədən...) Beləliklə,
"Nar çiçəkləri" kitabını
bütünlüklə Yol (zaman-məkan) haqqında
böyük bir poema kimi oxumaq olur.
Arzuların
dil açıb yalvarar ki,
Əvvəl-axır bir oyuncaq ver bizə.
Olacağın
olmağına nə var ki,
Bircə dənə "olmayacaq" ver bizə.
Onun şeirlərini "olacağa çarə
yoxdur" bəyanı kimi də qavramaq olar, olanlarla
barışıq halda, ümidə sarılaraq sərhədsiz
xəyallara qanad açmaq da. Yaxşı mətn müəllifin
"monoloqu" deyil, oxucuya xitab edir və onun "cavablarını"
"dinləyir", yazıçı oxucunu "oxuyur". Müəllifin təfəkkürü - oxucu təfəkkürünün
güzgüsüdür, yazdıqları oxucunun ruhunda əks-səda
verərək, öz mətni ilə bütünləşir.
Ən kritik situasiyalarda ruhumuz bizi
özümüzə ən yaxın olana yönləndirir.
Ona görə dünyanın bir rəngə
büründüyü bu aylarda yaddaşımın məni
"Nar çiçəkləri"nə sarı çəkib
aparmasında təsadüfi heç nə görmürəm.
Ədəbiyyat insanı xilas edə bilirmi?
"Ümidlərin(m) göydə durna lələyi...".
Mətanət Vahid
Ədəbiyyat qəzeti.-
2020.- 23 may. S. 18-19.