Konseptual
və fundamental
AMEA-nın
birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru, müasir Azərbaycan filologiyasında
xüsusi mövqeyi olan akademik İsa Həbibbəylinin
çoxsaylı tədqiqatlarının, o cümlədən
sayı yüzə çatan fundamental kitablarının, ədəbiyyatşünaslığımızda
hadisəyə çevrilən qiymətli
monoqrafiyalarının hər biri professional və universal elmi
düşüncənin geniş imkanlarının uğurlu təzahürüdür.
Ustad ədəbiyyatşünasın 2019-cu ildə
"Elm" nəşriyyatında çapdan
çıxmış "Azərbaycan ədəbiyyatı:
dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri"
adlı 452 səhifəlik monoqrafiyası da bu baxımdan
xüsusi əhəmiyyət daşıyır. Həmin dəyərli
tədqiqatda ədəbiyyat tariximizin mükəmməl
dövrləşdirmə konsepsiyası müasir elmi nailiyyətlər
səviyyəsində işlənilib hazırlanmış,
çoxəsrlik zəngin ədəbiyyatımızın
inkişaf mərhələləri dəqiqləşdirilmiş,
onların hər birinin əsas xüsusiyyətləri səciyyələndirilmişdir.
Akademik
İsa Həbibbəyli ciddi ehtiyac duyulan, böyük əhəmiyyət
kəsb edən bu məsuliyyətli və şərəfli
missiyanın ağırlığını öz üzərinə
götürmüş, çoxillik tədqiqatçı əməyinin
əzəmətli bəhrəsi kimi "Azərbaycan ədəbiyyatı:
dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri"
adlı monoqrafiyasını araya-ərsəyə gətirmiş,
elmi-ədəbi mühitimizə təqdim etmişdir.
İsa müəllimin bu problemə müraciəti, belə
bir fundamental monoqrafiya yazması təsadüfi olmayıb, onun
bir neçə onilliyi əhatə edən ardıcıl tədqiqatlarının
davamı və məntiqi nəticəsi kimi
yaranmışdır. Alimin çoxsaylı kitabları və xeyli qismi
monoqrafik oçerk təsiri bağışlayan elmi məqalələri
ədəbiyyat tariximizin, eləcə də
çağdaş ədəbi prosesin müxtəlif aspektlərdə
tədqiqinə yönəlməklə həm də ədəbi
mərhələ, fakt, hadisə, problem və şəxsiyyətlərə
yeni, müasir elmi yanaşmanın əyani təzahürüdür
və "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə
konsepsiyası və inkişaf mərhələləri"
monoqrafiyası üçün etibarlı təməldir.
Azərbaycan ədəbiyyatşünaslığında
akademik İsa Həbibbəyli həm ədəbiyyat nəzəriyyəçisi,
həm ədəbiyyat tarixçisi, həm də tənqidçi
kimi öncül mövqe, böyük xidmət və möhtəşəm
nüfuz sahibidir. Onun ədəbiyyatımızın ən
müxtəlif sahə, mərhələ, problem və şəxsiyyətləri
barədəki araşdırmaları bir-biri ilə üzvi surətdə
bağlıdır. Yəni onun nəzəri
tədqiqatlarında ədəbiyyat tarixçiliyi
çalarları, ədəbiyyat tarixinə dair
araşdırmalarında və ədəbi-tənqidi əsərlərində
dərin elmi-nəzəri ümumiləşdirmələr var.
Folklorumuzun
möhtəşəm abidəsi "Kitabi-Dədə
Qoprqud"dan söz açanda da, çoxəsrlik Azərbaycan
ədəbiyyatının Nizami Gəncəvi, Əvhədi
Marağalı, İmadəddin Nəsimi, Məhəmməd
Füzuli, Saib Təbrizi, Molla Pənah Vaqif, Mirzə Fətəli
Axundzadə, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə,
Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar, Eynəli
bəy Sultanov, Hüseyn Cavid, Məhəmməd Hadi, Əli bəy
Hüseynzadə, Abbas Səhhət və digər nümayəndələrinin
ədəbi irsini çoxşaxəli səpkidə
araşdıranda da, sovet dövründə yaşamış
müxtəlif sənətkarların
yaradıcılığını yeni təfəkkür
işığında qiymətləndirəndə də,
müasir ədəbi prosesi hərtərəfli şəkildə
təhlil edib dəyərləndirəndə də, ədəbi
əlaqələrdən, mühacirət ədəbiyyatımızdan,
ədəbiyyatşünaslıq tarixindən bəhs edəndə
də İsa Həbibbəyli universal elmi düşüncənin
unikal və möhtəşəm imkanlarını məharətlə
nümayiş etdirir.
Monoqrafiyanın "Azərbaycan ədəbiyyatı
tarixinin dövrləşdirilməsi üzrə
axtarışlar" adlı ilk fəslində müəllif
bu prosesə hələ orta əsrlərdə yaranmış
təzkirələrlə başlanıldığını,
həmin sahədə yüz illər boyu formalaşmış
ənənələri, toplanılmış təcrübəni
təhlil edib ümumiləşdirmişdir. Bunun davamında isə
F.Köçərli, Y.V.Çəmənzəminli,
S.Mümtaz, Ə.Abid, Ə.Nazim və digər Azərbaycan ədəbiyyatşünaslarının,
eləcə də B.Çobanzadənin, 1920-ci illərdə
bir müddət Bakıda fəaliyyət göstərmiş
M.F.Köprülü, İ.Hikmət kimi türkiyəli tədqiqatçıların
müvafiq əsərləri respublikamızda ədəbiyyat
tarixçiliyi sahəsində səmərəli
axtarışlar kimi qiymətləndirilmişdir. 1943-1991-ci illəri
Azərbaycan ədəbiyyat tarixçiliyində yeni mərhələ
sayan monoqrafiya müəllifi ikicildlik "Müxtəsər
Azərbaycan ədəbiyyatı tarixi"nin çapından
(1943) etibarən bu sahədə həyata keçirilmiş
kollektiv nəşrləri, eləcə də H.Araslı,
F,Qasımzadə, M.Arif, Mir Cəlal və F.Hüseynov, C.Xəndan,
Ə.Səfərli və X.Yusifli, Y.Babayev, S.İbrahimov kimi
alimlərin ədəbiyyat tariximizin müxtəlif mərhələləri
barədə yazdıqları kitabları növbəti fəsildə
nəzərdən keçirmişdir. "Azərbaycan ədəbiyyatı
tarixinin dövrləşdirilməsinin elmi təsnifatına
doğru" adlanan bölmədə isə müstəqillik
dövründə həmin istiqamətdə
görülmüş işlər, aparılmış elmi diskussiyalar,
çap olunmuş kitablar konsepsiya axtarışları
kontekstində və Y.Qarayev, N.Cəfərov, E.Əlibəyzadə,
N.Qəhrəmanlı, N.Şəmsizadə,
Ş.Alışanlı, B.Əhmədov, B.Şəfiyev və
digərlərinin əsərləri, eləcə də
müxtəlif müəlliflər kollektivinin
hazırladığı müvafiq nəşrlər əsasında
təhlil olunub qiymətləndirilmişdir.
Aparılmış
təhlillər belə bir qənaəti ortaya
çıxarır ki, Azərbaycan ədəbiyyatı
tarixinin dövrləşdirilmə konsepsiyasının,
inkişaf mərhələlərinin müstəqillik
dövrünün prinsiplərinə, milli məfkurəyə
uyğun şəkildə yenidən işlənilib
hazırlanmasına, bu sahədəki boşluqların, pərakəndəliyin,
sistemsizliyin aradan qaldırılmasına ciddi ehtiyac vardır və
akademik İsa Həbibbəylinin monoqrafiyası da məhz bu zərurətdən
yaranmışdır. Görkəmli alim Azərbaycan ədəbiyyatı
tarixinin yenidən dövrləşdirilməsi
üçün konseptual baxımdan aşağıdakı
dörd əsas prinsipə istinad etmişdir: Azərbaycançılıq
məfkurəsi, sivilizasiya faktoru, ədəbi-tarixi prosesin
reallıqları, Azərbaycanda ədəbi cərəyanlar. Ümummilli lider Heydər Əliyevin mükəmməl
Azərbaycançiliq təliminin möhtəşəm
prinsipləri işığında araşdırma aparan
monoqrafiya müəllifi hər bir prinsipin mahiyyətini yetərincə
izah etmişdir.
Ədəbiyyatımızın ən əski
çağlardan VII əsrə qədərki ilk mərhələsini
"Qədim dovr Azərbaycan ədəbiyyatı. Etnosdan eposadək"
başlığı altında təsnifata daxil edən
akademik İsa Həbibbəyli miflər, əfsanələr, əsatirlər,
digər epik süjetlər, eləcə də xalq şeirinin qədim
ilk örnəkləri və s. əsasında bu mərhələnin
elmi xarakteristikasını vermişdir. VII-X əsrlər
isə Azərbaycan yazılı ədəbiyyatının
ortaq başlanğıc mərhələsi kimi elmi təsnifatın
ikinci pilləsində yer almışdır. Tədqiqatçının
bu qənaəti də diqqəti çəkir ki, Azərbaycan
yazılı ədəbiyyatının tarixinin müəyyən
olunmasında istinad edilən meyarlar sırasında
üç prinsip daha mühüm yer tutur: ortaq türk
yazılı mətnlərinə istinad olunması; anadilli
milli ədəbiyyat faktoru; harada yaşamasından, hansı
dildə yaranmasından asılı olmayaraq mahiyyət etibarilə
azərbaycanlı olan qələm sahiblərinin əsərlərinin
meydana çıxması. Alimin haqlı qənaətinə
görə, Azərbaycan yazılı ədəbiyyatının
başlanğıc dövrü aşağıdakı ortaq mətnlərlə
birgə yaranıb inkişaf etmişdir: ortaq ümumtürk yazılı
mətnləri; ərəbdilli Azərbaycan ədəbiyyatı,
alban şeir nümunəsi və "Avesta". Bu istiqamətlərin hər biri monoqrafiyada müfəssəl
elmi qiymətini almışdır. Bu fəsillərdə
"Kitabi-Dədə Qorqud" barədə deyilənlər
də problemin ümumi mündəricəsi kontekstində maraq
doğurur.
"İntibah
dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər)"
adlanan üçüncü mərhələnin tədqiqinə
intibahın mahiyyəti, müəyyənləşdirilməsinin
çağdaş elmi prinsipləri barədə təhlillərlə
başlayan akademik İsa Həbibbəyli həmin yüzilliklərdə
yaranmış həm ümumtürk mahiyyətli əsərləri
(Y.Balasaqunlu "Qutadqu-biliğ", M.Kaşğarlı
"Divani-lüğət-it türk" və s.), həm də
fars dilində yazmış Qətran Təbrizi,
Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi,
Xaqani Şirvani kimi şairlərin ədəbi irsini bu
kontekstdə nəzərdən keçirmiş, ustad Nizami Gəncəvinin
yaradıcılığını Şərq
intibahının zirvələri sırasında qiymətləndirmişdir.
İsa müəllimin elmi dövrləşdirməsində
"Orta əsrlər Azərbaycan ədəbiyyatı. Anadilli ədəbiyyat
epoxası: Həsənoğludan Füzuliyədək"
adlanan dördüncü mərhələ XIII-XVI əsrləri
əhatə edir. Bu mərhələnin başlıca
inkişaf xüsusiyyətlərini araşdırıb
ümumiləşdirən alim İzzəddin Həsənoğlu,
Nəsir Bakuyi, Hümam Təbrizi, Qul Əli kimi şairlərin
doğma dildəki şeirlərini, müəllifi naməlum
"Dastani-Əhməd hərami" məsnəvisini, Yusif Məddah,
Mustafa Zərir, Həqiqi, Kişvəri, Həbibi və s.
müəlliflərin müvafiq əsərlərini diqqət
mərkəzinə çəkmiş, Qazi Bürhanəddin,
İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd
Füzuli kimi şairlərin
yaradıcılığının doğma dildə yaranan ədəbiyyatın
inkişafında böyük rolunu məxsusi şəkildə
dəyərləndirmişdir. Bəhs olunan mərhələdə
Azərbaycan şairlərinin digər dillərdə qələmə
aldığı əsərlərə də diqqət
yetirilmiş, müvafiq təhlillər
aparılmışdır.
Bir
mühüm məqam da ondan ibarətdir ki, ədəbiyyatımızın
Orta əsrlər dövrünə XIII-XVIII əsrləri daxil
edən əvvəlki müəlliflərdən fərqli
olaraq, akademik İsa Həbibbəyli əhatəli elmi təhlillər
yolu ilə əsaslandırmışdır ki, ədəbiyyat
tariximizdə orta əsrlər epoxası XVI yüzilliyin
sonlarında tamamlanır. XVII-XVIII əsrlər
isə mahiyyət etibarı ilə yeni xüsusiyyətlərə
malik olmuşdur. Həmin əsrləri
beşinci mərhələ - Azərbaycan ədəbiyyatında
erkən realizm dövrü kimi qiymətləndirən İsa
müəllimin bu konseptual yanaşması da özünün
mükəmməl elmi-ədəbi əsaslandırılması
ilə razılıq doğurur. Alim XVII-XVIII əsrlərin
ictimai-siyasi reallıqlarının və ədəbi-mədəni
proseslərinin tədqiqi, Saib Təbrizi, Qövsi Təbrizi, Məsihi,
Şakir Şirvani, Ağa Məsih Şirvani, Molla Vəli
Vidadi, Molla Pənah Vaqif və s. aparıcı ədəbi
simalarının əsərlərinin, eləcə də dövrün
aşıq poeziyasının, epik folklorunun və digər
müvafiq bədii materialların araşdırılması
sonunda bu qənaətə gəlir ki, "Azərbaycan ədəbiyyatında
XVII əsrdən etibarən lirik-romantik tərənnümdən
həyata, gerçəkliyin təqdimatına doğru yeni bir
proses başlanmışdır".
Azərbaycan ədəbiyyatının növbəti mərhələlərinin
müəyyənləşdirilməsində monoqrafiya müəllifi
müvafiq reallıqlardan çıxış edərək
daha çox ədəbi cərəyanlar faktoruna
üstünlük vermişdir. Yeni elmi təsnifatda
XIX əsri Azərbaycan ədəbiyyatının maarifçi
realizm dövrü - altıncı mərhələsi kimi
xarakterizə etməklə tədqiqatçı bu sahədə
olan müxtəlif mübahisələrə də
aydınlıq gətirmişdir. Çünki
indiyədək ayrı-ayrı ədəbiyyatşünaslar
on doqquzuncu yüzil Azərbaycan ədəbiyyatına ən
müxtəlif yanaşmalar nümayiş etdirmiş, hətta
onda tənqidi realizmin varlığından da söz
açmışlar.
XIX əsrin doxsanıncı illərindən 1920-ci ilə
qədərki zaman kəsiyi isə Azərbaycan ədəbiyyatında
tənqidi realizm və romantizm epoxası adlandırılan
yeddinci mərhələni təşkil edir. Ədəbiyyatşünaslığımızda
romantizmin, xüsusən də tənqidi realist ədəbi
irsin tədqiqində çox böyük xidmətləri ola akademik İsa Həbibbəyli bu fəsildə
həmin ədəbi cərəyanların Azərbaycan ədəbiyyatında
təşəkkülü, inkişaf xüsusiyyətləri,
yaradıcılıq problemləri barədə dolğun qənaətlərini
ortaya qoymuşdur. Cəlil Məmmədquluzadə, Mirzə
Ələkbər Sabir və digər çoxsaylı
"Molla Nəsrəddin"çi ədiblərin
yaradıcılığı timsalında tənqidi realizmin
tematika, problematika və poetika özəlliklərini
aydınlaşdıran, onların üz tutduqları
mövzuları, önə çəkdikləri ideyaları,
müraciət etdikləri janrları, o cümlədən ədəbiyyatımıza
gətirdikləri yeni janrları dəyərləndirən
alim dövrün digər realist ədəbi
tendensiyalarını da diqqətdən kənarda
qoymamışdır. Tənqidi realizmin
üstün mövqeyi, dominantlığı şəraitində
bəzi qələm sahiblərinin maarifçi realist ədəbi
ənənələri davam etdirməsi, yaxud müxtəlif sənətkarların
yaradıcılığında həm maarifçi realizmin, həm
də tənqidi realizmin təzahürlərinin
varlığı barədə deyilənlər bu baxımdan
yerinə düşmüşdür. Analoji konseptuallıq
Azərbaycan romantizminin ideya-bədii sistemi barədə elmi qənaətlərdə,
Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Məhəmməd
Hadi və s. ədiblərin əsərlərinə münasibətdə
də özünü göstərir. XX əsrin
əvvəlləri ədəbiyyatımızdakı
sentimentalizm barədə deyilənlər də dövrün ədəbi
mənzərəsi barədə təəssüratları
tamamlamağa yönəlmişdir.
Sovet dövrü Azərbaycan ədəbiyyatının
mürəkkəb, təzadlı mənzərəsi, keşməkeşli
inkişaf yolu da monoqrafiyada özünün dolğun, obyektiv
elmi-ədəbi qiymətini almaqla təsnifatdakı yerini
tapmışdır. Bu dönəmin ədəbiyyatını
İsa müəllim iki mərhələyə
ayırmışdır. "Azərbaycan ədəbiyyatında
sosialist realizmi dövrü" adı ilə təsnifatın
səkkizinci mərhələsini təşkil edən
1920-1950-ci illər də öz növbəsində bir
neçə yarımmərhələ əsasında təhlil
olunub qiymətləndirilmiş, ədəbi gedişatın əsas
istiqamətləri və problemləri izah olunmuşdur. Azərbaycan ədəbiyyatının dövrləşdirilməsində
doqquzuncu mərhələ isə 1960-1980-ci illəri əhatə
edir. "Milli-mənəvi
özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi.
Modernizm" adlandırılan bu mərhələnin ədəbi
mühitində özünü göstərən yeniliklər,
formalaşan ənənələr, yer alan
mövzu və ideyalar sistemli şəkildə
araşdırılıb ümumiləşdirilmişdir. Ədəbiyyatda milli-mənəvi dəyərlərin,
özünüdərkin, istiqlalçılıq
duyğularının müvafiq yer tutduğu bu mərhələdə
ayrı-ayrı yazıçıların
yaradıcılığında boy verən modernzim barədəki
qənaətlər də elmi-ədəbi əsaslar zəminində
üzə çıxmışdır.
"Müstəqillik
dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı
(1991-ci ildən)" adlanan 10-cu mərhələnin səciyyəvi
xüsusiyyətlərini araşdırıb ümumiləşdirən
akademik İsa Həbibbəyli haqlı olaraq vurğulayır
ki, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın
Prezidenti kimi həyata keçirdiyi müdrik siyasət
bütün digər sahələrlə yanaşı, ədəbi
prosesin də sağlam, demokratik əsaslar zəminində hərtərəfli
inkişafına şərait yaratmışdır. Hazırda respublikamızda ulu öndərin siyasi
kursu yüksək səviyyədə davam etdirilir. Ədəbiyyatımız da inkişaf edir, yeni
çalarlar və uğurlar qazanır. Monoqrafiya müəllifi
apardığı təhlillərin nəticəsində
müstəqillik dövrü Azərbaycan ədəbiyyatının
inkişafını iki mərhələyə ayırır:
1.Müstəqillik axtarışları və yeni epoxanın ədəbiyyatının
formalaşması (keçid prosesləri). Doxsanıncı
illər. 2.Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatının inkişaf
edib möhkəmlənməsi (XXI əsr).
Hər
iki mərhələnin səciyyəvi xüsusiyyətlərini
və inkişaf tendensiyalarını müxtəlif ədəbi
nəsillərə mənsub aparıcı qələm sahiblərinin
poeziya, nəsr və dramaturgiya sahəsindəki sənət
axtarışları və uğurları timsalında dəyərləndirən
alim tematika, problematika və poetika məsələlərini
paralel şəkildə diqqətdə saxlamış, müstəqillik
dövrü ədəbiyyatımızın çoxmetodlu
mahiyyətini, əsas ədəbi cərəyanlarını
da xarakterizə etmişdir. Alimin əsaslı qənaəti
belədir ki, "artıq müstəqillik dövrünün
demokratik ədəbi mühitinin doğurduğu postmodernizm,
neorealizm, magik realizm, dekadentizm böyük ədəbiyyat
meydanındadır.
Burası da önəmlidir ki, Cənubi Azərbaycanda, eləcə
də mühacirətdə yaranmış ədəbiyyatımızın
da müvafiq materiallarının aid bölmələrdə təhlil
olunması elmi-ədəbi təəssüratın və mənzərənin
tamlığına xidmət göstərir.
Monoqrafiya
bu cümlə ilə tamamlanır: "Azərbaycann ədəbiyyatı
- ölkəmizin tarixi keçmişinin poetik xəritəsi,
işıqlı sabahlarının isə kompası və bələdçisidir".
Həmin obrazlı qənaəti bir qədər dəyişib
monoqrafiyanın özünə də aid edə bilərik:
"Bu monoqrafiya Azərbaycan ədəbiyyatının zəngin
inkişaf yolunun elmi-ədəbi xəritəsidir, sabahkı tədqiqatların
isə etibarlı kompası və bələdçisidir".
Heç şübhəsiz ki, bundan sonra ədəbiyyat
tariximizin mərhələ və problemlərinin, eləcə
də ən müxtəlif nümayəndələrinin
yaradıcılığının tədqiq zamanı İsa
müəllimin monoqrafiyasında əsaslandırılmış
qənaətlər, konseptual müddəalar mühüm
istinad mənbəyi olacaqdır. Çünki ədəbiyyat
tariximizin dövrləşdirilməsi, ədəbi
epoxaların təsnifatı, onların hüdudları, mahiyyəti
və əhatəsi həmin kitabda elə elmi dəqiqliklə
müəyyənləşdirilmişdir ki, bundan sonra əlavə
təbəddülatlara və tərəddüdlərə yer
qalmayacaq, -zənnindəyik.
Akademik
İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının
zəngin və çoxəsrlik inkişaf yolunu, səciyyəvi
tendensiyalarını, aparıcı simalarının
yaradıcılığını öyrənib dövrləşdirmə
konsepsiyası kontekstində qiymətləndirərkən hər
bir mərhələnin tarixi mənzərəsini, sosial-siyasi
proseslərini, mədəni mühitini də müvafiq məqamlarda
diqqətdə saxlamış, əhatəli, kompleks tədqiqatlar
aparmışdır. Həmçinin yeri gəldikcə
dünya filologi fikirində, o cmlədən rus və Qərbi
Avropa, həmçinin türk xalqları ədəbiyyatşünaslığında
olan müxtəlif qənaətləri də nəzərdən
keçirmişdir. Fikrimizcə, İsa
müəllimin bu kitabının elmi-nəzəri, ədəbi-tarixi
əhəmiyyəti təkcə Azərbaycan filoloji fikri ilə
məhdudlaşmır. Bu konseptual tədqiqat
bir sıra xalqların ədəbiyyatının tarixi
inkişaf mərhələləri baxımından dövrləşdirilməsi
sahəsində də etibarlı istinad sayılmaq
imkanlarına malikdir.
Əlbəttə,
akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı:
dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri"
monoqrafiyasının elmi-nəzəri, ədəbi-tarixi əhəmiyyətindən
çox geniş söz açmaq mümkündür. Əlavə təfərrüata varmadan bir daha
vurğulamaq istərdik ki, bu kitab son dövr Azərbaycan ədəbiyyatşünaslığının
və ümumən humanitar elmi düşüncəsinin
böyük uğurudur.
Hörmətli
İsa müəllimə yeni elmi nailiyyətlər
arzulayırıq!
Hüseyn
HƏŞİMLİ
Ədəbiyyat qəzeti.- 2020.- 23 may. S. 22.