Unutduqlarını
yenidən yaza bilmək...
Tanınmış
şair Faiq Balabəylinin şeirləri haqqında
Mənə elə gəlir ki, bütün yaxşı
şeirlər yazılıb. İnsan tərəfindən
yox, hardasa, nə vaxtsa bir sirr tərəfindən
yaradılıb və üstü yaddaşsızlıq,
görməməzliklə örtülüb. Bu gün də yaradılmaqda və gizlədilməkdə
davam edir. Bəlkə də, insan yazıb,
sonra da zaman tərəfindən unutdurulub. İndi
əsas məsələ onu yada salmaqdır. Gərək elə düz yada salasan ki, onun
hecasını, qafiyəsini, bütün əzalarını
çox doğru-düzgün xatırlaya biləsən.
Məsələn, evdə, ümumiyyətlə, hər
yerdə bir şeyi itirəndə, hara qoyduğunu
xatırlamağa çalışırsan. On gün, bir ay, bir il... Axır ki, tapırsan. Şeiri yazmaq da belə xatırlamaq, yadına salmaq
və axtarmaqdır.
Dünyada icad olunmamış nə qədər kəşflər
var. Bizdən kənarda dayanıb. Biz onun yerini, dilini,
üslubunu hələ ki bilmirik, axtarırıq. Düz ünvana gedib tapanda kəşf olur,
yanlışlıq olanda uğursuzluq. Alimlər
kəşflər axtarırlar, şairlər də gözəl
şeirlər.
Mənə elə gəlir, tanınmış şair
Faiq Balabəyli də indiyə kimi çox yaxşı
şeirlər xatırlaya bilib. Axtarıb, düşünüb,
axır ki, yaxşı şeirin yerini müəyyən edib,
ordan da köçürüb ağ vərəqlərə.
Dənizçinin
yuxusuna
Torpaq ətri girər hər gün.
Dənizçiyə
dalğaların arasından
əl
eləyər su pərisi,
dənizçiyə ad qoyarlar -
su dəlisi.
Niyə bu şeir mənim xoşuma gəlir? Çünki
Faiq bu şeiri olduğu, yarandığı kimi düz
tapıb, ünvana düz gedib, düz xatırlayıb, burda
yanlışlıq yoxdur. Müşahidə
çox dəqiqdi. Ona görə ki, o, dənizçidir.
Faiqin hərdən müəyyən məsələlərdə
pərt olması, elə yerindəcə də qəfil donub
qalması var. Bu, Faiqin şair vəziyyətidir. Bir dəfə
şeir məclisində Əjdər Ol onun oxuduğu şeiri
yüngül tənqid elədi, Faiq yerindəcə donub
qaldı. Başqası olsaydı,
yeri-göyü dağıdardı, bu şeirin harası pisdi,
bunu filan akademik bəyənib, mənim kitabıma filan akademik
ön söz yazıb və sair.
O, bir dəfə
haqsız olaraq həbs olunmuşdu, dəqiq bilirəm ki, onda
da dəmir barmaqlıqların arasında beləcə donub
qalıb.
Faiq ürəyindən əməliyyat olunanda xəstəxanaya
yanına getmişdim. Üzünə baxan kimi o saat düşündüyüm
bu oldu ki, yəqin, həkim əməliyyat söhbətini qəti
şəkildə ortaya qoyanda Faiq elə beləcə yerində
donub. Faiqin belə halları həmişə
məni kövrəldir.
Göz
yaşları
həm
də ürəyində
Gəzdirdiyin
daşlardı,
Ata bilməyəndə
əriyib
su olurmuş.
Göz yaşının əriyib su olması məni
xeyli düşündürdü. Doğrudan da, həmişə
hiss eləmişəm ki, ya daş suyu yaradıb, ya da su
daşı. Hər halda daşla su
arasında bir ana-balalıq var. Bax, görürsünüz,
Faiqin bu şeiri mənə nəyisə xatırlada bildi.
Xatırlada bilən əşya və detallar
gözəldi.
Ayağının
altından qum dənəsini,
Özüylə götürüb gedən ləpələr.
Aha, bu
şeirdə nəyinsə ünvanı tapılıb. Qum dənəsinin qapısı düz
döyülüb. Mənim üçün qum dənəsinin beyinciyi daha maraqlı
olardı. Kaş şair bir az da irəli
getsəydi... Amma bura qədər də
maraqlıdır. Mənalandırmaq və yozmaq olar ki, ləpələr
qum dənəsini kənarda qoymaq istəməyib,
bəlkə bu qum dənəsi ləpə qızın
sevgilisidir, daha doğrusu, toxumcuğudur. Bəlkə də, ləpəni
aydınladan, duruldan, hərəkətə gətirən qum dənəsinin beyninə milyon illərdi
yerləşdirilimş enerjidir.
Mən indi Faiqin şeirləri ilə
danışıram. Sual verib cavab alıram. Yazımı onun şeirləri üzərində
inkişaf etdirirəm. Daha başqa bəzi
tənqidçilər kimi özümü savadlı, elm dəryası
kimi göstərmək üçün dünya ədəbiyyatında
onun şeirləri ilə uyğunlaşa bilən detalları
müqayisə edib şairi göylərə
qaldırmıram. Ya da Faiqin bir şeirinin
müasir İspaniyada "Ürəyi əzən şairlər"
qrupunda paylaşılan bir şeirlə səsləşdiyini
deyib haray-həşir qoparmıram. Bunu etmək
olar. Amma bu, təhlilin zahiri tərəfidir.
İç tərəfi isə şeirlərin
dünyada, kainatda ünvanladığı yerin
doğru-düzgün tapılmasıdır.
Dərd,
sevincin üstünə
İmza atır, qol çəkir.
Mən şairin yerinə olsaydım, "dərd"in
yerinə "qəm" yazardım. Çünki dərd
bir insanın fərdi şəkildə başına gələn
bədbəxt hadisədir və ya heç vaxt həllini
tapmayan bir həyat problemidir. Amma qəm
dünya qəmidir, o, dünyəvi olduğu üçün
şirindir.
Faiq Balabəyli daim yeni axtarışlar edir, şeirlərində
alleterasiyalar, mübaliğə, litotadan və digər təsvir
vasitələrindən bəhrələnir. Aşağıdakı
misralarda "sel olub selləndi" ifadəsinin səslənişi
uyarlıdır. Necə ki, M.Füzulinin "canı
canan diləmiş...", xalq
mahnısında "piyalələr irəfdədi, hər
biri bir tərəfdədi" ifadələri şeirin təsir
gücünü artırır, həm də bu, o deməkdir
ki, Faiq klassika və folklora çox bağlıdır.
Sel olub
selləndi Xəzərim o gün;
Ləpələr sevindi, sular gülüşdü.
Şeirdə "sular gülüşdü" birləşməsi
tablo kimi çox dəqiq tapılıb və şairin
şeirlərində təbiət lövhələri də
orijinallıqla sərgilənir.
Məncə, şair misralarından başlayır. 80-ci illərdə
məşhur tənqidçi Mürşüd Məmmədovun
"Azərbaycan" jurnalında çap etdirdiyi "Misra və
onun fikir yükü" məqaləsi ədəbi mühitdə
böyük rezonans doğurdu. Bundan əvvəl Aydın
Məmmədovun "Zamanla səsləşən şeirlər
sorağında" məqaləsi "Ulduz" jurnalında
işıq üzü gördü və hər iki müəllif
qaragüruh, boz ədəbiyyatla üz-üzə qaldı və
nə qədər əziyyət çəksələr də,
onların haqlı iradəsi müasir ədəbi prosesə
yeni töhfələr verdi. Faiq Balabəylinin
yaradıcılığına da həmin məqalələrin
müsbət təsiri olub. Onun misraları
dolu sünbül kimidir. Boş-boşuna
küləyin diktəsi ilə yellənmir.
Faiqin şeirlərində peşəkarlıq öz
yerindədir.
Amma bəzən şair yazdığının üstündə
çox dayanmır, bir an kimi misra gəlib
keçir. Məsələn:
Üzümü
görməzsən, niqab kimidir -
Arxamca bağlanan qapılar mənə.
Mən bu şeiri yazsaydım, "arxamca"
sözünün yerinə "üzümə"
yazardım. Çünki qapının bağlanması da, niqab
da, ən çox üzə aiddir.
Yaşlı
şair dostum bu yaxınlarda mənə bir sirr açdı,
dedi ki, mən protez dişlərimi çıxaranda şeir
yaza bilmirəm. Çünki sözlər
ürəyimdə düz oxunmur, hər misra mənə kələ-kötür
gəlir. Şair haqlıdır.
İndi dostum Faiqin şeirləri nə yaxşı ki,
dişli şeirlərdi. Həm sosial, ictimai məna, həm təbiət
və cəmiyyət məsələləri, sevgi,
iztirabları, həm də iztirabın həzzi Faiqin şeirlərində
arı pətəyi kimidir, həm nizamlı, həm də
hisslər, duyğular qaynayır.
Qaranlıq
dərə bilib ovcumda əl gəzirəm
Qoşa əlin
ovucu, qaranlıq kaha mənə...
Bu misraların materialı əruz olsa da, fikir əridilib
heca qəliblərinə ustalıqla tökülüb. Əvvəla,
onu deyim ki, mən Faiqin əksər şeirlərini, nəsr əsərlərini
və əsərləri haqqında yazılan məqalələri
də oxumuşam. Yazdıqlarının
düz yerini də, əyri yerini də görmüşəm.
Naşılıqları da çıxıb
qabağıma. Düşünmüşəm ki, bir adam kiməsə zəng edəndə nömrəsinin
bir rəqəmini səhv yığanda başqasına
düşdüyü kimi, bəzi şeirlərdə də
Faiq nə vaxtsa İnsanın (özünün)
yazdığı şeirləri dərindən xatırlaya
bilməyib. Nömrə səhv
yığıldığı üçün ünvana zəng
(şeir) düz çatmayıb. Amma Faiq həmişə
şair ömrü yaşayır.
Yuxarıdakı iki misra məni çox
düşündürdü. Faiq milyon il bundan
qabaq yazdığı şeiri olduqca dəqiq
xatırlayıb. Artıq bu, mənim
tanıdığım Faiq deyil. Faiq öz
düşüncəsini, fikrini inkişaf etdirib,
duyğularını yetişdirib, ərsəyə
çatdırıb. Faiq bu iki misraya (beyt də
demək olar) ictimai, sosial məzmun, əzab, əsəbi həyat,
ömür və bu özünün çəkdiyi
iztirabları yerləşdirib. Bu, o zaman
baş verib ki, Faiq şeirin əl-ayağa dolaşan,
taqqıldayan, heca şeirinin qabar tutmuş qafyəsindən
azad olub. Şairə, Faiqə ən
çox mane olan heca şeirinin qafiyə sindromudur. Belə də demək olar, qafiyə Faiqə mane
olur. Onun əksər şeirlərində
qafiyə sarıdan əzab çəkdiyini bilirəm. Nə yaxşı qafiyə tapa bilir, nə də
köhnə qafiyələrdən əl çəkir. Demək, çıxış yolu qafiyə axtarmaq
da deyil, təzə fikir, təzə mətn tap, "zəng
elə ünvana düz düş", yenilik öz qafiyəsini
özü gətirəcək. Şair
qafiyə gəzməməlidir, mətnin ünvanına
düz gedib onun qapısını döyməlidir.
Yuxarıdakı iki misra Faiqin bütün şeirlərinin
baş cümləsi və epiqrafı kimi məni sevindirdi. Şair ovucu qaranlıq dərəyə
bənzədib və onun içində əl gəzməsiylə
yeni bir orijinal manifest sərgiləyir.
Ürəklə
deyirəm və sevinirəm ki, dostum Faiq milyon il
əvvəl unutduğu bu şeiri olduğu kimi xatırlaya
bilib. İndi aşağıdakı şeirinə baxaq:
Sən
şeir yazdığın ulduzlu səma,
Damından
su daman daxmadı mənə.
İki tərəf
var bu şeirdə; biri ulduzlu səmaya şeir yazıb tərifləyən,
biri də, o ulduzlu səmanın onun evinin daman
tavanı olduğunu deyən. Mətn də
yerindədir, qafiyə də.
Məncə, Faiq gözəl xatırlayır və gələcəkdə
ən gözəllərini xatırlaya biləcək. Uğur olsun!
Qəşəm Nəcəfzadə
Ədəbiyyat qəzeti.-
2020.- 23 may. S. 28.