Sükut
poeziyası
Fərid
Hüseynin şeirləri üzərinə qeydlər
İnsan ona gündəlik gərək olan və yaxud
çox sevdiyi əşyaları, kitabları həmişə
göz qabağında, əl çatan yerdə qoyur ki,
yadına düşdükdə, ona lazım olanda anındaca əlini
uzadıb götürə bilsin. Mən dönə-dönə
qayıtdığım, tez-tez üz tutduğum kitabları həmişə
yazı masamın üstündə saxlayıram, həyatın
yeknəsəkliyindən, gündəlik qayğılardan
qaçıb gizlənmək istəyəndə məhz ora -
yazı masamın arxasına sığınıram. O məqamlarda
masanın üstündəki kitablar mənə qəribə
bir enerji verir, sözlər sanki damla-damla qanıma hopur və
mən yaxşılaşıram, toxtaqlıq tapıram. Bu
ayin, ritual mənim
ədəbi terapiyamdır.
Biz Rəsul
Rzanın, Əli Kərimin şeirlərinin kölgəsində
böyümüş bir nəsilik. Bizim ədəbi nəslin
poeziya anlayışı ölçüsüzlük,
hüdudsuzluq içində harmoniyanı yaxalamaq, metrləri
müəyyənləşdirmək, mənalar dənizinin
dibindəki sözləri axtarıb tapmaq içində formalaşdı.
Müstəqillik dövrünün çox
parlaq şairləri yetişdi ki, onlar poeziyaya yeni paradiqma
qazandırdılar.
Mətləbi uzatmadan gənc ədəbi nəslin
sayılıb-seçilən imzalarından olan Fərid
Hüseyn şeirləri üzərinə düşüncələrimi
sizinlə də bölüşmək istəyirəm. Fəridin
şeirlərini oxuyanda adilik gözümüzün
önündə ilan kimi qabığını dəyişir
və bu qabıqdəyişmələr adiliyin
zatındakı sərt, insanın heç vaxt üzləşmək
istəmədiyi həqiqətləri üzə
çıxarır, bu həqiqətlər şillə kimi
üzə çırpılır. Həqiqətin
mühasirəsində qalan insan bir anda öz mahiyyəti ilə
toqquşur və parçalara bölünür. Rəsul
Rzadan, Nazim Hikmətdən, Əli Kərimdən üzübəri
bu günümüzə uzanan yol fikir meridianlarını
dolaşdıqca, poetik burulğanlardan adladıqca XXI əsrin
insanını da öz ağuşuna alır, onu da alıb
üzü gələcəyə götürür.
Zaman keçdikcə şəhərlər də,
insanlar da, insanların düşüncə tərzi də dəyişir,
şeir də libasını dəyişir, təzələnir. Yeni ifadə
formaları, yeni düşüncə tərzi şeirin
damarlarına yeni qan ötürür. Poeziyaya təzə
rənglər spektri qazandıran bu proses özüylə yeni
bir axın gətirdi. Fərid Hüseyn ikimininci
illərin başlanğıcından bəri həyatımızı,
yaşam tərzimi dəyişməyə məcbur edən
yeni dünyanın yetişdirdiyi şairlərdəndir. Onun son iki ildə "Əlvida ağacları" və
"Təkrarın tənhalığı" şeir
kitabları bir-birinin ardınca nəşr olundu və ədəbi
tənqidin diqqətini çəkdi. Poetik təfəkkürün
bu yeni performansı Azərbaycan şeirinə forma və məzmun
yenilikləri baxımından təkan verdi.
Fəridin şeirləri oxucuda qəribə bir atmosfer, əyləncəli
assosiasiyalar yaradır. Təbii ki, söhbət dünya
poeziyasından xəbərdar olan oxucudan gedir. Yəni
şairi ayaqda saxlayan, onu var edən ucsuz-bucaqsız
azlıqdan...
O, klassika
ilə modernizm arasında qəribə bir bağlantı
yaradır və Tomas Eliotun təbirincə desək, ənənəni
mütəmadiən yeniləməyi bacarır. Gənc
şair klassika ilə modern çarpışmalardan öz
poetik formulunu sağlam çıxara bilib. Modern dalğa ilə postmodern xaosda çox şairlər
itib-batdı, ədəbi dəbin küyünə gedib
labirintlərdə azıb qalan istedadlar oldu. Fərid yaşından xeyli böyük görünən
təmkini ilə öz istedadını bu burulğanlardan
qorudu, ona fitrətən bəxş olunmuş ədəbi fəhmi
ilə hiss etdi ki, bədii mətn, poeziya bütün izmlərin
inkar halıdır. Ruhundakı genetik
informasiyalar zaman-zaman misralara dönüşdü. Şeirlərindəki müdriklik də xarakterindəki
təmkindən mayalanır. Dünyanın
bu xaotik durumunda içindəki səliqə-sahmanı qoruya
bilmək və emosiyalarını, hiss və
duyğularını saf, təmiz, duru saxlamaq müşkül
məsələdir. Fərid bunu ona görə
bacarıb ki, artıq axtarışlar mərhələsini
adlayaraq bəlli bir həqiqətə yetişib, bundan sonra
onun öz bədii həqiqətinə arxa çevirməsi
mümkünsüzdür. O, zamanın nəbzini tutmaqla
yeni əsri yeni poetoxnoloji vasitələrlə ifadə edə
bilir. Onun şair kimi diqqəti çəkməsinin,
uğurunun sirri də bundadır.
Onun şeirlərində söz belə demək
mümkünsə, boğulmur, asudə nəfəs alır,
çünki yerindədir, lazım olduğu yerdədir. Bu şeirlərdə
sözlər tilişkə kimi narahatlıq yaratmır, suya
salınmış şəkil kimi tədricən
aydınlanır və sənin gözünün
qarşısındaca mətləblərin mahiyyəti neqativdən
pozitivə çevrilir; görüntü aşkarlanır.
Mənaya yetişmək üçün gərək
suya girməkdən qorxmayasan, irəlilədikcə səni itələyən
soyuqluq azalır və sən artıq soyuğu hiss etmirsən,
ləpələnən misraların sehri, cazibəsiylə
doğmalaşırsan. Fəridin şeirlərini
oxuyanda psixoloji situasiyaların bənzərsiz lövhələrə
çevrildiyini görürsən və heyrətlənirsən.
"Son nəfəsimə qucaq daşlar" şeiri
sonsuz yozumlara yol açır.
Peşman
deyiləm:
uçduğuma görə qanadımdan vurulmuşam
və əbədi
daşlar qucaq açıb son nəfəsimə.
Daş metaforası poeziyamızda Əli Kərimdən,
Məmməd Arazdan üzübəri çox işlənib,
amma konkret bu şeirdə daş insanın son nəfəsinin
ünvanına çevrilir. Memarlar, daşyonanlar
daşa nəfəs verməyi bacarırlar, amma daş bir
nadanın, səfehin əlinə düşəndə o nəfəs
kəsir. Və bu əbədi daşlar
insanın son nəfəsinə qucaq açsa da nə
quşlar uçmağından qalan deyil, nə də bəşər
övladı azad ruhunu daş atanlara təslim etməyəcək,
peşman olmayacaq. Ramiz Rövşən
demiş, "daş atan bilirmi nə günah eylər?"
Şeirin
son bəndinə diqqət edək:
Peşmanam,
gərək deyim düzünü:
taleyimi
güzgütək gözümə salıb
kor elədim
özümü...
Bu məqamda artıq taledən qaçmaq, ona boyun əymək
cəhdindən söhbət getmir, özünü taleyin ətalətinə
məhkum edərək gələcəyə açılan
qapıları öz əlinlə qapatmağa işarə
edilir. İnsanların həyat ipini əyirən moyralar
(tale ilahələri) bəsirət gözünü kor edir, zəka
işığını söndürür. İnsan taleyini qarşısında güzgü kimi
görür və o çərçivədən
çıxa bilmir. İnsan taleyin köləsi
halına gəlir. Ya da güzgü
qırıldığı üçün özünü
başqalarında görməyə adət edir. Bu da korluğun bir növüdür. Yəqin ki, hansısa impressionist rəssam bu şeir əsasında
bənzərsiz bir lövhə çəkə bilər.
Bu tipli məntiq oyunları Fəridin
yaradıcılığında yetərincədir. Müəllif
bizə gördüklərimizdən əlavə həm də
hiss etməyi öyrədir. İngilis semiotiki
David Kristal "Dilin qısa tarixi" əsərində
yazır ki, dil özünüifadəetmədə sonsuz
ehtimallara qapı açır. Və Robert Fişerə
istinad edir: "Şeirin dilini anlamaq üçün qəribə
və nadir sözlər pıçıldayan küləyi
dinlə, bir daşı qaldırıb altına bax,
axtardığınız şeir orda gizlənib".
Fərid küləyin də, quşun da, daşın da,
göy üzünün də dilini yaxşı bilir. İllah da
insan ruhunun çırpıntıları onun poetik təfəkküründən
keçib şeir formasını alır. "Demə"
şeirinə diqqət edək:
Bir azdan
baxışları solacaq,
mənim
əllərim örtəcək
onun
göz qapaqlarını,
amma onun
üzündə
həyat
gülümsədikcə
bunu ona
demək olmaz.
İnsanın içindəki ümidi öldürmək
olmaz, ruh bədəni tərk etdiyi ana qədər insan
yaşama inanmalıdır. Bu şeir əvvəldən
sonadək ölümə protestdir. Sözsüz,
ölüm insan həyatının labüd sonluğudur,
İlahi qanundur. Ölüm Allah əmridir, əmrdən
çıxmaq yaradana asi
çıxmaqdır. Amma Fəridin şeirində
asilik yoxdur, inamı qorumaq çabası var. İnam insan həyatının
episentridir.
Qadın
qaranlıqda Aya baxır,
sabahı,
günəşi düşünür,
fəqət sabah eyni vaxtda
yenə
qaranlıq düşəcək.
O, Günəşə
inandıqca
bunu ona
demək olmaz.
İnam Tanrının insana ən gözəl hədiyyəsidir. Qadın o
günəşə inandığı qədər gözəldir,
bu inam onun daxilindən çölə fışqıran
enerjinin mənbəyidir. Şair özünü də
şeirin qəhrəmanıyla yanaşı qoyur:
Mən də
bir gün öləcəm,
gömüb geri qayıdacaqsınız,
ilk
fürsətdə yaddan çıxacam?
nəyi
sırr kimi saxlamışdımsa,
onlar
daha tez unudulacaq,
ancaq
yaşadığım müddətcə
bunu mənə
demək olmaz.
İnsan bəlli həqiqətlərdən agahdır,
özüylə həsb-hal edərkən dodaqlatı bu həqiqətləri
vird edir, amma kimsə kənardan ona bu həqiqəti deyəndə
ona daş kimi dəyir, içi çiliklənir. Bu incə
nüansı Fərid şeirin diliylə anladır.
İndiyədək "Əlvida ağacları"ndan
bəhs edirdik.
Keçək "Təkrarın tənhalığı"na. Bu kitabdakı şeirlərin
də bəzilərinin ilk dinləyicisi mən olmuşam.
Söhbətlərimiz həmişə iki hissəyə
bölünüb; kef-əhval, dərdləşmə hissəsi
və şeir hissəsi. İkinci hissəni həmişə
Fərid yeni şeiri ilə tamamlayıb və mənim ilkin təəssüratlarım
söhbətimizin vaxtını bir az da
uzadıb. Düşündüm ki, bu təəssüratları
bir yazıda cəmləşdirim. "Təkrarın tənhalığı"nda
konseptuallıq qabarıq şəkildə hiss olunur. Şeirlər bir neçə bölümdə təqdim
olunsa da insanın zaman içrə faniliyi və faniliyin poetik
təfsiri vahid estetik və ictimai platformada təqdim olunur.
Fəridin atasına yazdığı "Bitməz
gün" şeirində müstəqillik dövrü
uşaqlarının ümumiləşdirilmiş obrazı
var. Müharibə, güzəranın
ağırlığı, qeyri-müəyyən gələcək
və hamısından ağırı atasızlıq...
Sübhdü
- sənin yoxluğunun uşaq çağıdı:
imperiya
günəşi təzəcə sönüb ölkəmdə,
azadlıq lampasının başına
yığışmışıq,
üz-gözümüz kasıblıq hisindən qapqara,
əlimiz
nöyütlü,
yaş
odundu xəyallarımız, -
könül sobamızda asta-asta yanır,
amma
sümüyümüz qızmır ki qızmır.
Sübhdü
- sənin yoxluğunun uşaq çağıdı:
Hələ
ehtiyacdan bir hovur gizlənmək üçün
əl
damındakı dəmir-dümürünü,
ov alətlərini
satmamışıq,
hələ torpağın üzü soyumayıb,
hələ göz yaşımız sinəmizi yandırır,
nə
vaxt ağlasam, anam məni qucağına alır -
Allaha
sarı qaldırır...
Uşaqlığı və yeniyetməliyi 90-ci illərə
təsadüf edən bir nəslin taleyidir bu şeir. Manifest xarakterli şeirdir.
Fəridin bütün şeirləri təhlil
üçün bolluca material verən poetik mətnlərdir. Bir məqamı
da qeyd edim, Fərid çox azsaylı şairlərdəndir
ki, şeirlərini izahlarla təqdim edir, yəni ətək
qeydləri yazmaqla bir növ oxucunun işini
asanlaşdırır. Oxucuya nə qalır? Oxumaq və
düşünmək.
Sözü bilən bilir ki, şeir təhlil olunduqca
sehrini itirir.
Şeiri oxuyub uzun bir sükuta dalmaq və o sükutda itməkdir
ən gözəli...
Kənan Hacı
Ədəbiyyat qəzeti.-
2020.- 23 may. S. 29.