Sarı çiçək

 

Hekayə

 

Zarafata oxşasa da, bu elə belədir ki var: biz ölümsüzük. Mən bunun əksini düşünüb deyirəm, dəqiq bilirəm, çünki yer üzündə bircə öləri insanla tanışam. Başına gələn hadisəni mənə Komvron küçəsindəki bistroda danışmışdı, həm o qədər sərxoş idi ki, dilinin altındakı sözləri tərəddüdsüz deyə bilərdi, bu yerin sahibi və daimi müştəriləri eşidəndə gülüb-gülüb göz yaşlarına boğulsalar da. Üzümdə maraq ifadəsini görəndə daha məndən əl çəkmədi və nəhayət, sakitcə içib söhbət edə biləcəyin bir küncdə stolun arxasına keçdik. Danışırdı ki, bələdiyyədə işləyib, indi isə pensiyadadır, arvadı bir müddətə valideynlərinin yanına gedib, onlarla qalır, - bu, görünür, qadının onu atmasına işarə edən mümkün şərh variantlarından ən münasibiydi. Sifətində qocalığa dair nəsə yox idi, vulqar, bayağı şeylər də hakaza, arıq, qurumuş üzü vardı, gözləri vərəmli birinin içindən xəbər verirdi. Əlbəttə, özünü unutmaq üçün içirdi, artıq qırmızı çaxırdan beşinci badəni boşaldırdı. Ancaq nə eləsə də üst-başından spesifik Paris qoxusu getmirdi, bunu da, şübhəsiz, ilk duya bilən yeganə insanlar biz gəlmələrik. Dırnaqları qaydasında kəsilmişdi, yan-yörəsində kəpək-filan yox idi.

 

Danışırdı ki, bir dəfə doxsan beş nömrəli avtobusda on üç yaşlı bir oğlan uşağını görüb və elə o an anlayıb ki, bu onun özüdür, bəli, on üç yaşında necəydisə, o yaşdakı özünü necə xatırlayırdısa, bu uşaq elə o idi. Yavaş-yavaş hiss edib ki, uşaq hər şeyində ona bənzəyir: üzü və əlləri, alnına düşən teli, çox geniş açılmış gözləri, həm də bənzəri şəkildə utancaq; utanıb, pərt olmuş halda özünü elə göstərir ki, guya başı uşaq jurnalını oxumağa qarışıb, onun özü kimi birdən saçlarını arxaya atır, həm də hərəkətlərindəki sıxıntı, pərtlik... Uşaq ona o dərəcədə bənzəyirdi ki, özündən asılı olmayaraq qəhqəhə çəkib gülmək istədi, ancaq uşaq Renn küçəsində düşəndə o da avtobusu tərk etdi, dostunu kənardan, heç bir müdaxilə olmadan izləməyə, dalınca düşüb gəzməyə başladı. Uşağa belə bir bəhanəylə yanaşdı ki, filan küçəyə necə adlamalı, o isə təəccübsüz-filansız uşağın dilindən özünün o zamankı səsini dinlədi. Uşaq səsini. Uşaq da həmin küçəyə keçdi və beləcə yan-yanaşı bir neçə məhəlləni dolaşdılar. Bu dəqiqələrdə ona çox şeylər aydın oldu. Sözlərlə heç nə izah edilmədi, nəsə vardı aralarında və bu nəsə ona danışmadan hər şeyi duymaq imkanı verdi, ancaq indiki kimi, nəyisə izah etmək istədikdə hər şey dağılaraq mənasızlaşdı.

 

Qısası, o, girəvə tapıb uşağın harda yaşadığını da öyrəndi və boyskoutların əski şefinin nüfuzuna yiyələnibmiş kimi bu yeddi qalanın yeddi qapısını açıb, bu fransız ailəsinə daxil ola bildi. Burada o, kasıblığın özünü, vaxtından qabaq saralıb-solmuş, qadın təravətini itirmiş ananı, artıq pensiyaya çıxmış atalığını və iki pişiyi gördü. Sonra isə hər şey öz-özünə düzəldi, xüsusi nəsə eləmədən, on dörd yaşın içində olan qardaşı oğlunu Lüklə tanış elədi, onlar tezliklə dostlaşdılar. O isə hər həftə Lükə baş çəkir, anasının qonaq elədiyi açıq kofedən içir, müharibədən, işğaldan, elə Lükün özü haqqında danışırdılar. İlk gördüyündə kəşf bildiyi qeyri-adi şey isə zamanla sadələşdi, öz dəqiq qəlibinə oturdu, buna el arasında müqəddərat, yaxud alın yazısı da deyilir. Hətta vaxt gəldi bu qeyri-adi duyğunu çox sadə, adi sözlərlə ifadə etmək imkanı qazandı: Lük onun təkrarıdır, ölüm yoxdur, biz hamımız ölümsüzük.

 

- Dostum, hamı ölümsüzdür. Baxın, bunu istəsə də kimsə sübut eləyə bilməz, bu mənim bəxtimə düşən bir şeydir. Amma harada? Doxsan beşdə. Mexanizmdə adi bir nasazlıq, ilişmə, zamanın irəli sıçraması, ardıcıllıq əvəzində eyni zamanlı təcəssüm. Lük mən öləndən sonra doğulmalıydı, o isə... Mən hələ inanılması çətin olan təsadüfdən, avtobusdakı qarşılaşmadan heç bəhs etmirəm. Artıq, zənnimcə, demişəm ki, dəlillərin mənim üçün bir elə önəmi yoxdu, bilən kimi hər şeyə inandım. Belədir, başqa cür ola bilməz. Ancaq sonra şübhələr gəldi, - axı bu kimi hallarda insan özünə psix kimi, başına hava gəlmiş adam kimi baxır, ya da bəd ayaqda sakitləşdirici qəbul edir. Ancaq bu hadisəyə gəlincə, elə bir məqam yetişdi ki, şübhələr bir-bir puç oldu, dağıldı, əmin oldum ki, burda səhv-filan yoxdu, şübhələnməyə əsas da. Ancaq sizə bir şeyi də açıq deyim, nə zaman ki, hadisəni kiməsə danışmaq istəyirsən qarşındakı adam səfehcəsinə gülür. Lük təkcə mənim təkrarım deyildi, həm də o, həyat yolunda qarşısına çıxan aşırımlardan keçib mənim kimi, indi sizinlə çənə yoran bəxti gətirməyənin biri olmalıydı. Onun oynamasına, yerə yıxılmasına baxmanız kifayət edərdi necə uğursuz, bəxtsiz olduğuna inanasınız, gah ayaqları bir-birinə ilişir, gah körpücük sümüyü yerini dəyişir, hərdən ürəyindəki bütün hisslər üzündən oxunur, nəsə soruşmağın bəs eləyir ki, turp kimi qızarsın. Anasına gəlincə, onun tam əksiydi, axı uşaqlar haqqında ən ağlasığmaz şeyləri danışmaq qadınların xoşuna gəlməliydi, o isə, uşaq düz böyründə olsa da, utancaqlıqdan ölüb yerə girir, ilk çıxardığı dişdən, səkkiz yaşı olanda çəkdiyi rəsmlərdən, keçirdiyi xəstəliklərdən danışırdı... Şübhəsiz, xeyirxah qadındı, buna heç bir şübhə ola bilməzdi, atalığı mənimlə şahmat oynayırdı, mənsə, artıq bu ailənin bir üzvü kimiydim, hətta ayın sonuna qədər dolana bilmək üçün onlara borca pul da verirdim. Çətinlik hiss etmədən Lük haqqında nə vardısa öyrəndim: onları maraqlandıran mövzuda sual vermək kufayət edirdi, məsələn, atalığının revmatizmi, konsiyerjin fitnə-fəsadı, siyasət. Şahmat taxtası arxasında ətin qiymətindən söz düşəndə Lükün uşaqlığına dair hər şeyi öyrəndim və sübut-dəlil tam yetərli oldu. Hələ ki süfrəyə şərab gəlməyib, dinləyin məni, səbrinizi basın. Lük mən idim, mənim uşaqlığım idi, ancaq birəbir surət deyildi. Daha çox oxşarlığın təcəssümü. Bunu anlayırsınızmı? Məsələn, yeddi yaşımda biləyim burxulmuşdu, o isə körpücük sümüyünü, yaşımızın doqquzunda hər ikimiz qızılca və skarlatin keçirmişdik, ancaq hələ bu da kifayət deyil, qızılcadan düz iki həftə yatmışdım, Lükü isə bir neçə gün ərzində müalicə eləmişdilər, - yəni burda artıq tibbin inkişafından söz açıla bilərdi. Hər şey üst-üstə düşürdü, buna görə də, bu da sizin üçün həmin mövzuda nümunə, - yüz faiz ola bilərdi ki, küçənin tinindəki bulkaçı da Napoleonun yeni təcəssümü olsun, ancaq o bundan xəbərsizdi, çünki düzüm, qayda pozulmayıb hələ, çünki heç zaman hansısa avtobusda bu hiss onun qəlbində gül kimi açmayıb, ancaq hansı yollasa bu həqiqəti hiss edə bilsə, başa düşərdi ki, elə Napoleon kimi eyni yolla gedir, onun qabyuyan vəzifəsindən Monmartdakı bulkaçı dükanın sahibliyinə adlaması, əslində, Napoleonun Korsikadan Fransa taxtına sıçramasına bənzəyir, həm də, özünün həyat tarixçəsindəki nöqtələri tapdıqca, bu barədə düşündükcə vəziyyəti yavaş-yavaş anlayacaqdı, başa düşəcəkdi ki, bunlar Misir yürüşünə, Konsulluğa və Austerlitsaya uyğun gəlir; başa düşərdi ki, bir neçə ildən sonra indi sahibi olduğu bulka dükanının da başına nəsə gələcək və son günlərini Müqəddəs Yelena adasında keçirməli olacaqdı, yəni altıncı mərtəbədəki balaca otaqda, eyni sifətdə, eyni məğlub vəziyyətdə, suların əhatə elədiyi tənhalıq adasında, amma hələ də bulka dükanı ilə fəxr edir. Dediklərimi tuta bildinizmi?

 

Mən anladım, ancaq etirazla bunu da dedim ki, uşaq yaşlarında hamımız o yaş üçün xarakterik olan bəlli xəstəlikləri keçiririk, deyək ki, futbol oynayanda əzirik, əzilirik.

 

- Bunu mən də bilirəm, ancaq mən sizə yüzdə yüz inanılası şeyləri dedim, Ancaq Lükün üzdən mənə oxşamasının mənim üçün bir elə əhəmiyyəti yox idi, halbuki, avtobusda ilk dəfə qarşılaşanda bunun böyük təsiri olmuşdu. Həqiqətdə yalnız bəzi ayrıca epizodlar mühüm idi, bunu isə izah eləmək çox çətindir, çünki bunların içində bəlli xarakter, bulanıq xatirələr, uşaqlıq illərinin qoxusu öz sözünü deyir. O zamanlar, yəni nə vaxt ki, mən Lük idim, - həyatımın ən çətin dövrü başlamışdı: əvvəlcə çox uzun çəkən xəstəlik, sonra, artıq sağaldığım zaman, uşaqlarla futbol oynayanda qolum sınmışdı, bundan təzəcə dirçəlməyə başlamışdım ki, məktəb yoldaşımın bacısına vuruldum, çox əzab, iztirab çəkdim, o dərəcədə ki, qıza baxmağa özümdə güc tapmırdım, o isə sənə baxıb ələ salır, məsxərə edirdi. Lük də xəstələnmişdi, sağalırdı ki, onu sirkə apardılar, burda pillələri enərkən ayağı sürüşdü topuğu çıxdı. Necə oldusa, gecələrin birində anası onu ağlayan gördü, pəncərənin qabağında, əlindəsə başqa birisinin dəsmalı.

 

Bu həyatda etiraz etməyin də öz yeri və məqamı olduğuna görə, deyərdim ki, uşaq vurğunluğu qançır və plevritə qaçılmaz əlavə kimidir. Ancaq etiraz etmədim ki, təyyarə ilə bağlı hadisə tamam başqa şeydir. Ad günündə oğlana gətirdiyim oyuncaq təyyarə əhvalatı.

 

- Təyyarəni ona verəndə bir daha on dörd yaşımın tamamında anamın bağışladığı "konstruktoru" və o zaman baş verən hadisələri xatırladım. Bu hadisə belə olmuşdu: tufan olacaqdı, yaydı, bağda idim o zaman, halbuki, artıq göy gurultusu haqqında nələrsə eşitmişdim, köşkdə idim, oturmuşdum, doqqaza bitişik yerdə. Qaldırıcı kranı yığırdım. Kimsə məni çağırdı və bir dəqiqəlik evə qaçmalı oldum. Geri qayıtdım, bağlamanın içində "konstruktoru" gördüm, doqqaz açılmışdı. Qışqıraraq küçəyə çıxdım, burda artıq kimsə yox idi və məhz bu anda qarşıdakı evi ildırım vurdu. Hər şey anidən baş vermişdi, təyyarəni Lükə verərkən bunu xatırladım, Lüksə təyyarəyə mənim konstruktora baxdığım kimi, bəxtəvər təbəssümlə baxdı. Lükün anası mənə bir fincan kofe gətirdi, biz, bir qayda olaraq nə barədəsə danışırdıq, bu zaman qışqırıq səsi ucaldı. Lük pəncərə tərəfə sıçradı, sanki orda çıxış yolu arayırdı. Rəngi ağarmış, gözlərindən yaş gələ-gələ nəhayət, danışa bildi: sən demə, uçuş istiqamətindən kənara sıçrayan təyyarə düz pəncərənin açıq yerinə tərəf götürmüşdü. "Onu görmürəm mən", - Lük göz yaşları içində dedi. Aşağıdan qışqırıq səsləri eşidildi, birdən Lükün atalığı tələsik otağa girdi və dili dolaşa-dolaşa dedi ki, yandakı evdə yanğın var. İndi sizə aydındır?

 

Susdum mən, həmsöhbətim dedi ki, zamanla daim Lük haqqında, Lükün taleyi haqqında düşünüb. Anası istəyirdi ki, oğlu texniki məktəbə daxil olsun və özünün dediyi kimi, belədə qarşısında çox ciddi yollar açılacaqdı, ancaq bu adam, yəni susmağa məcbur qalmış həmsöhbətim, onu bir daha Lükdən ayırmasınlar deyə, yalnız o, anaya və atalığa deyə bilərdi ki, bütün cəhdlər səmərəsizdir və onlar nə eləsələr də nəticə eyni olacaq: alçaltma, ağır gələn, adamın qəlbini deşən mühafizəkarlıq, mənasızlıq, uğursuzluq - bütün bunlar əsəblərini dağıdırdı və o, lənətə gəlmiş tənhalıqda, məhəllədəki bistroda özünə sığınacaq tapacaqdı. Ancaq ən pisi, müdhiş olan şey Lükün taleyi deyildi, ən dəhşətlisi bu idi ki, zamanı gələndə Lük də öləcəkdi, sonra başqa bir adam onun çöhrəsini təkrarlayacaqdı, bu adam da köçüb gedəcək, əvəzi dünyaya gələnədək... Artıq onu heç Lük də maraqlandırmırdı; gecələr yata bilməyəndə, yuxusuzluq bu zəncirin rəsmini çəkir, halqa-halqa dalınca, bir də Lük, sonra adına Rober, Klod, Mişel deyiləcək başqa adamlar gələcəkdi, - yuxusuzluq ağıllarına heç nə gəlmədən, bir-birlərini təkrarlayan, qəlblərində seçim azadlığına sadəlövhcəsinə inanan bütün bu uğursuz insanların sonsuzluq nəzəriyyəsini yaradırdı...

 

Şərab bu adamı ifrat kədər ladına kökləmişdi, nəsə eləməksə mümkün deyildi.

 

- Deyəndə ki, bir neçə aydan sonra Lük öldü, buradakılar gülürlər, bunlar kütdürlər, hardan anlasınlar ki... Bəli, bəli, mənə belə baxmayın. O, bir neçə aydan sonra öldü, nəsə bronxitə bənzər bir xəstəlik başlamışdı, elə bu yaşda mənim ciyərlərimdə dözülməz ağrılar vardı. Məni xəstəxanaya apardılar, Lükün anası isə inad elədi ki, Lükü evdə müalicə eləsinlər, demək olar, hər gün onu yoluxurdum, bəzənsə yanımda Lüklə oynamaq üçün qardaşım oğlunu da gətirirdim özümlə. Ev o qədər bədbəxt və kasıb görünüşə malik idi ki, gəlişim onlara bütün mənalarda sevinc bəxş edirdi: Lüksə tək deyildi, yanında qaysılı piroq və sair şeylər vardı. Onlar artıq öyrəşmişdilər ki, dava-dərmanın haqqını mən öhdəmə alım, bir dəfə demişdim ki, hansısa aptekdə mənə güzəşt edilir. Zamanla mənə xəstə baxıcısı gözüylə baxdılar, siz indi asanca təsəvvür edə bilərsiniz ki, belə bir evdə, hara ki həkim maraqsız-filansız gəlir, ilkin diaqnozla ölümqabağı simptomların olmasını desələr də, inanmazsınız. Niyə mənə belə baxdınız? Nəsə düz demədim?

 

Yox, yox, elə deyil, pis heç nə demədiniz. Rahat olun. Tam əksinə, gözünüz önündə ən müxtəlif dəhşətləri canlandırmasanız, məsələnin kökünü anlamayacaqsınız; bədbəxt Lükün ölümü təsdiqlədi ki, fantaziyası bol olan kimsə doxsan beş nömrəli avtobusda hansısa fantaziyalarla oyun oynamış, həmin oyuna qapılmışdı, ta bu adamlar ölmüş uşağı yorğan-döşəkdən qaldırana qədər. İstədim onu sakitləşdirim, ona elə belə də dedim. Bir anlıq harasa baxdı, sonra danışdı.

 

- Yaxşı, öz işinizdi. Düzünü desək, dəfndən sonra bu həftələr içində mən nəsə, adına xoşbəxtlik deyilən bir şey hiss etdim. Yenə Lükün anasına baş çəkdim, ona peçenye apardım, ancaq artıq bu ev də, qadının özü də mənim üçün bir məna ifadə etmirdi, mənim içim limhəlim belə bir hisslə dolmuşdu ki, yer üzündə ilk öləri varlıq mənəm, hər gün, stəkan stəkan dalınca - həyatım bitib tükənir, heçliyə dönür və o, hardasa, hansı saatdasa başa çatacaq, son dəqiqəsinə qədər sirli, tanımadığım bir adamın taleyini təkrarlayaraq, yəni artıq bu dünyadan köçmüş adamın, get öyrən nə zaman, harda, ancaq artıq həqiqətən öləcəm və artıq heç bir Lük bu dairənin içində olmayacaq, mən də bu səfeh həyatı səfehcəsinə təkrarlamayacam.

 

Dostum, düşün içimdəki duyğular nədən belə qarışdı, dəyərləndir onları, indi daddığım xoşbəxtliyə həsəd də apar.

 

Görünür, o artıq bunu hiss etmirdi. Buna bistronun özü, ucuzvari şərab və həyəcanla alışıb yanan gözlər də şahidlik edirdi, halbuki, burda bədənin xəstəliyi mövzu ola bilməzdi. Necə olmasa da, gündəlik həyatının, onsuz da uğursuz ailə həyatının, əllisində artıq dağılıb puç olmuş orqanizminin hər anının ləzzətini dadaraq və qaçılmaz ölümünə inanaraq bir neçə ay yaşadı.

 

Necə oldusa bir dəfə, axşama yaxın Lüksemburq bağından keçirdi, gözünə bir gül sataşdı.

 

- Çiçək ləkində böyümüşdü, bu sarı çiçək. Ayaq saxlamışdım ki, siqaretimi alışdırım və birdən onu gördüm. O da, deyəsən, mənə baxırdı, bəzən belə də olur... Bilirsiniz, bu kimi işlər gözəlliyi hiss edənlərin başına gəlir. Elədir, çiçək çox gözəl idi, ağlımı başdan aparırdı. Qeyri-adi gözəlliyi vardı. Mənsə, sanki ölümə məhkumdum, birdəfəlik yox olmalıydım. Çiçək füsunkar idi, həmişə açacaq, insanlar da bu çiçəklərə baxıb keçəcəklər. Birdən anladım ki, indi sakitlik kimi hiss elədiyim bu "heçlik" zəncirin son halqasıdır. Tezliklə öləcəm, Lüksə artıq yoxdur, bizim kimilər üçünsə çiçəklər açmır, "heçlik", "tam heçlik" təşrif gətirir və bu "heçlik" gözəl çiçəklərlə süslənmir bir daha. Kibrit barmağımı yandırdı. Meydanda hansısa avtobusa mindim, bilmədim hara gedir və avtobusdakı hər kəsin üzünə mənasızcasına baxmağa başladım. Avtobus son dayanacağa yetişdi, başqasına mindim, şəhər kənarına gedirdi. Bütün axşamı hava qaralana qədər avtobuslara minib düşdüm, hər an o çiçəyi və Lükü düşündüm və sərnişinlərin içində Lükə oxşayan adamı axtardım, mənə, yaxud Lükə oxşayan kimsə, bunların arasında kim bir daha mən ola bilərdi, kiminsə baxışı gəlib sübut eləyərdi ki, bu elə mən özüməm; belədə onu sakit qoyar, yaxasından əl çəkərdim, heç nə deməzdim ona, bu səfeh ömrünü, uduzmuş ömrünü başqa bir uduzmuş ömürlə təkrar etməmiş sona qədər yaşaya bilməsi üçün əlimdən gələn qayğını əsirgəməzdim ondan.

Gedişin haqqını ödədim.

 

Xulio Kortasar

Fransız dilindən tərcümə: Cavanşir YUSİFLİ

Ədəbiyyat qəzeti.- 2020.- 23 may. S. 30-31