Partizan Meke
Dritero Aqoli(1931-2017) -alban şair, yazıçı,
dövlət xadimi,
Alban Yazıçı və
Rəssamlar Liqasının
prezidenti (1973-1992). Leninqradda
təhsil alıb, əsasən şeir yazsa da, daha
çox qısa hekayə və roman ustası kimi tanınır.
Altı kauçuk ağır dəri çəkmələri
vardı partizan Mekenin.
Ağır çəkmələri vardı,
bir də ağır tüfəngi.
Belçika güllələriylə dolu patrondaşı vardı,
Bir də doqquz gülləlik tapança asılmışdı
kəmərindən.
O gün saraya girəndə qarnı ac idi,
Həm qarnı
ac idi, həm də yorğunluqdan ölürdü.
Amma gəl düz danışaq da, partizan Meke,
Gödənini doldurmağın, gözünün
acısını almağın
vaxtıdı indi?
Bir otağın qapısını
açdı, gördü
içəridə şahanə
bir yataq var,
Ömründə belə yataq görməmişdi, inanın,
Qızıl sikkə kimi gözqamaşdıran,
Şeh damcısı
qədər parıltılı.
III Viktor
Emmanuil1 yatmışdı bu
yataqda
Vasilin2 gülləsindən xilas olmamışdan bir gün qabaq.
Qıcırdatdı dişlərini çəhrayı yatağın
qabağında partizan
Meke:
"Başı batsın sənin kimi tapançanın,
Lənətə gəlmiş lülə
necə də titrəmişdi!".
Gedib oturdu yataqda, qədimi potsiqarını
açdı,
İri tütün dənələri
səpələndi yorğanın
üstünə,
Alışqandan çıxan qığılcımlar
düşdü yorğanın
üstünə -
Soyuq daşdan
çıxan qığılcımlar.
Bir anda qov və tütün
iyi yayıldı imperatorun otağına.
Tomorr dağlarının qovudur
bu,
Mejqoran düzənliklərinin
tütünü.
Dumana büründü imperatorun
divardan asılmış
əksi,
Dumanda çöküb
sallandı imperatorun bığları.
Bu otaqda daramışdı o
bığları imperator
Tirananın küçələrində güllədən
xilas olduğu gün.
Qışqırdı partizan Meke: "Bəxtin gətirdi, ay gədə!
Biz o gün imperator zad görmədik ki,
Çömçəquyruq ədabazın biriydi qabağımızdakı.
Sədəf daraqla darayırdın
bığlarını,
Vücudun qara qəpiyə dəyməsə də.
Tfu sənə!
Sən nə mənim çəkdiyim tütündən
çəkdin,
Nə də mənim kimi qovla onu yandırdın.
Bu yorğanın altında, bu yataqda sən
Boş yerə yatdın ee, boş yerə!
İki oğlum vardı mənim, bu Mekenin iki oğlu
vardı,
Başında turp əkəcəkdi
onlar,
Əcəl kimi gəlib aldın onları məndən,
Alıb İtaliya adalarına göndərdin.
Oğlanlarım öldü - sənsən
onları dənizə
atıb boğan!
Bizim arvad sənə görə dünyada tək qaldı.
Tarlam sənə görə beş ildi
əkilmir,
Sənə görə alaq otları basıb torpaqlarımı.
Sənsən Əli oğlu Qasımın da oğullarını öldürən,
Xırmanda işlədiyimiz gecə.
Sənsən öldürən Qakiyonun
oğlu Kiçonun balaca qızını da,
Qadınlar xəmir yoğuranda.
Mənim haqqımda heç eşitməmisən? Meke haqqında heç
nə eşitməmisən?
De də, danış,
məndən heç
nə eşitməmisən?
Ola bilməz ki, adımı dəftərinin
bir küncünə yazmayasan.
Mütləq bilirsən mənim adımı.
Mən Mekeyəm, bax,
Altı
kauçuk dəri çəkmələrimlə,
Qov alışqanımla,
Kəmərim, patrondaşım və
tapançamla
Mekeyəm mən!
Mənəm sənin kazarmalarını
yandıran
Siciliyadan Bradaşeşə qədər.
Mənəm sənin əsgərlərini
əsir götürən.
Mən hər yerdə var idim, hər
yerdə varam, hər yerdə olacağam,
Sən qaçacaqsan
məndən quyruğunu
qısa-qısa.
Amma axırda səni də haqlayacağam,
Ya oyaq vaxtında, ya da yuxuda.
Tfu! Tüpürüm sənin
kimi imperatorun sifətinə!
Oyunbaz çömçəquyruq!".
Və partizan Meke hələ də yatmaq istəyirdi.
Və partizan Meke uzandı imperatorun yatağına.
Çəkmələri çıxartmadı
ayağından,
Patrondaşını da açmadı.
Əllərini çarpazladı sinəsində
partizan Meke,
Mızıldandı dodaqaltı:
"İşə bax ha,
Mən də imperator oldum!".
Birdən
yox oldu duman içində III
Viktor Emmanuil,
Birdən yox oldu duman
içində böyük
bir imperiya.
İtaliyadan gətirilmiş yorğanın
üstündədir indi
Altı kauçuk dəri çəkmələr.
Və pərqu balışın
altındadır partizan
Mekenin doqquz gülləlik tapançası,
Tüfəndi də yatağın baş tərəfinə söykədilib.
Gecən
xeyrə qalsın, partizan Meke,
Gecən
xeyrə qalsın!
İzahlar:
1 - III
Viktor Emmanuil (1869-1947) - Birləşmiş
İtaliyanın üçüncü
kralı. 1939-cu ildən 1943-cü ilə qədər İtaliya tərəfindən işğal
olunmuş Albaniyanın
kralı olub.
2 - Vasil Laçi (1922-1941) - Albaniyanın milli qəhrəmanı. 1941-ci ilin
may ayında Albaniyaya səfər edən III
Viktor Emmanuilə sui-qəsd
təşkil edib, amma dörd güllədən sonra tapança atmayıb, atdığı güllələr
isə hədəfə
dəyməyib. 21 may tarixində
edam edilib.
Tərcümə etdi: Həmid PİRİYEV
Ədəbiyyat qəzeti.- 2020.- 7
noyabr.- S.3.