İrəvan-
Gözü yollarda
qalmış Gözəl
Yurdumuz
Bizim günlərdə yalnız Ordumuzun deyil, Milli ruhumuzun da Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bütün dünyanın gözləri qarşısında Azərbaycan xalqının yeni Tarixi yaradılır. Əlbəttə, bu yaradıcılıq missiyası belə bir fəlsəfi həqiqəti bir daha təsdiq edir ki, Tarix nə qədər keçmişdə qalırsa, o qədər də gələcəkdən gəlir. Həm də bir millətin özünüdərk imkanlarının miqyasca genişlənən təsdiqi səviyyəsində...
İrəvan (Rəvan) şəhərinin tarixi, əsas etibarilə, 1530-cu illərdə onun Azərbaycan Səfəvilər dövləti tərkibində yaradılan Çuxursəd bəylərbəyliyinin mərkəzi olması ilə başlayır. Və məlumdur ki, İrəvan bəylərbəyliyinin Bədir xan Ustaclı, Şahqulu sultan Ustaclı, Məhəmməd xan Toxmaq Ustaclıdan başlayaraq, demək olar ki, bütün hakimləri Azərbaycan türkləri olmuşlar. Əhalinin əksəriyyəti isə, tamamilə təbiidir ki, Azərbaycan türklərindən ibarət idi.
XVI, XVII və XVIII əsrlərdə Səfəvi-Osmanlı müharibələrinin gedişində vaxtaşırı Osmanlı işğalına məruz qalsa da İrəvan, prinsip etibarilə, həmişə Azərbaycan Səfəvi şəhəri kimi tanınmışdır.
İrəvanın yaxınlığında yerləşən, tədricən bütün ermənilərin dini mərkəzinə çevrilən Eçmiadzin (Üçkilsə) monastırının başçılarını - katolikoslarını da müəyyən məsləhətləşmələrlə məhz Çuxursəd bəylərbəyiləri təyin edirdilər ki, bu da monastrın yalnız ruhani mərkəz olması deyil, həm də kifayət qədər böyük təsərrüfat müəssisəsinə çevrilməsi, imkan düşəndə ermənilərin xeyrinə hətta siyasətə də müdaxilə eləməsindən irəli gəlirdi. Nə yerli hakimlərin, nə Səfəvi, nə də Osmanlı hökmdarlarının Üçkilsədə və onun ətrafında məskunlaşmış ermənilərə qarşı heç vaxt ədalətsiz münasibət göstərmədiklərini tarixi mənbələr dönə-dönə təsdiq etsə də, ermənilərin öz hamilərinə xəyanəti, satqınlığı barədə məlumatlara çox tez-tez rast gəlinir.
Çuxursəd bəylərbəyiliyi Nadir şahın qətlindən sonra xanlıq elan edilir. Və xanlıq taxtında Pir Mahmud xan əyləşir.
Xanlığın ərazisi xeyli geniş olub on beş mahala bölünmüşdü: 1) Qırxbulaq, 2) Zəngibasar, 3) Gərnibasar, 4)Vedibasar, 5) Şərur, 6) Suzan, 7) Dərək, 8) Saatlı, 9) Tala, 10) Seyidli-Axaclı, 11) Sərdarabad, 12) Qərpi, 13) Abran, 14) Dərəçisək və 15) Göyçə.
Bəylərbəyilik dövründə olduğu kimi xanlıq dövründə də ermənilər provakasiyalarından nəinki əl çəkir, hətta mərkəzi hakimiyyətlə əlaqənin zəifləməsindən (Nadir şahdan sonra mərkəzdə tez-tez hakimiyyət dəyişmələri baş verirdi) istifadə edib onun (provakasiyaların) miqyasını daha da genişləndirirdilər, daha böyük iddialara düşür, yerli əhalini sıxışdırmaq üçün hər cür təbdbirlərə əl atırdılar.
Azərbaycan tarixçiləri Fuad Əliyevlə Urfan Həsənovun mövcud (və kifayət qədər zəngin) mənbələr əsasında yazdıqları "İrəvan xanlığı" kitabında deyilir:
"Ermənilərin bu dini mərkəzinin (söhbət Eçmiadzin-Üçkilsədən gedir - N.C.) qol-qanad açmasına, adətən, həmin bölgədə daimi hakim olan azərbaycanlı feodallar şərait yaradırdılar... Eçmiadzin monastr təsərrüfatı inkişaf edərək, XVIII əsrdə bir növ "dövlət daxilində dövlətə" çevrilmişdi".
Tədricən İrəvana da ayaq açan (daha çox tacir, xırda sənətkar, işbaz kimi) ermənilər sarayda müəyyən mövqe tutmağa çalışır, hətta hakimiyyətdə təmsil olunmağa can atır, fürsətdən istifadə edib "xristian qardaşlar"ı - gürcüləri İrəvana "dəvət etmək"dən də çəkinmirdilər. İş o yerə gəlib çatmışdı ki, bəzən İrəvan xanları hədər yerə qan tökülməməsi üçün gürcülərin İrəvana yürüşünün qarşısını almaqdan ötrü Üçkilsə başçılarının vasitəçiliyindən istifadə etməyə məcbur olurdular.
"İrəvan xanlığı" müəllifləri yazır:
"Düşmən qüvvələri İrəvandan uzaqlaşdıqdan sonra xana çatdırıldı ki, II İraklinin qoşunları İrəvana yaxınlaşdıqları zaman şəhərdə olan bir sıra erməni ailələri "xristianların" İrəvanı almalarını arzulamışlar. Bundan xəbər tutan Hüseyn Əli xan həmin ermənilərə divan tutmağı qərara aldı".
Məsələ burasındadır ki, "satqın ermənilər"in cəzalandırılması heç zaman xanlığın təhlükəsizliyini təmin edəcək səviyyəyə qalxmır, Üçkilsənin - "dövlət daxilində dövlət"in müdaxiləsi ilə yumşaldılır, gələcək daha böyük xəyanətlər üçün münbit (və qarşısıalınmaz) zəmin hazırlayırdı.
Rusların Qafqaza işğalçı yürüşlərinin başladığı XVIII əsrin sonu XIX əsrin əvvəllərində onların qarşısında dayanan əsas qüvvə Qacarların idarə etdiyi İran ( mahiyyəti etibarilə Azərbaycan) dövləti idi. Və demək olar ki, bütün Cənubi Qafqazın idarəçiliyi Qacarların əlində cəmlənmişdi. Yerli hakimlər (xanlar, eləcə də Gürcüstan valisi) artıq Şimali Qafqazda möhkəmlənmiş, lakin Mərkəzi Qafqazın (dağlıların) güclü müqavimətilə üzləşmiş ruslara az və ya çox dərəcədə simpatiya göstərəndə Qacarların qəzəbinə tuş gəlir, ciddi cəzalandırılırdılar ki, bunun klassik nümunəsi 1795-ci ildə Tiflisin darmadağın edilməsi idi.
Həmin illərdə əsasən Qafqazın Cənubundakı təhlükəsiz yerlərə səpələnərək ticarətlə məşğul olan (və özlərinə siyasi dayaq axtaran) ermənilər həm yerli hakimiyyətlərlə "diplomatik" münasibətlərini saxlamağa çalışır, həm də real (və kifayət qədər qüdrətli) güc olan Rusiyanın himayəsinə girməyə cəhd edirdilər. Lakin ruslar Cənubi Qafqazda (və ümumiyyətlə heç yerdə) heç bir siyasi-inzibati hakimiyyəti və ya nüfuzu olmayan ermənilərə ilk dövrlərdə yalançı vədlər verməkdən, onların xəfiyyəlik məharətindən faydalanmaqdan o tərəfə keçmək fikrində deyildilər.
1801-ci ildə Gəncəni çətinliklə də olsa zəbt edən gürcü əsilli rus generalı Sisianov 1804-cü ildə İrəvanı tutmaq əmri aldı. Ancaq İrəvan xanı ruslara nəinki tabe olmaq fikrinə düşmədi, hətta onlara, mənbələrin göstərdiyi kimi, çox sərt məktublar yazıb tələb etdi ki, yalnız İrəvan xanlığının yox, ümumiyyətlə İranın sərhədlərini tərk etsinlər. Əsəbləşmiş Sisianov bir sıra döyüşlərdən sonra iyulun əvvəllərində İrəvanı mühasirəyə alsa da, payız girənə qədər davam edən həmin mühasirə heç bir nəticə vermədiyindən get-gedə gücdən düşən ruslar geri çəkildilər.
Sisanovun başı Bakıda kəsilib Tehrana - Fətəli şah Qacara göndərildikdən sonra onu əvəz edən İvan Vasilyeviç Qudoviç 1807-ci ildə İrəvan üzərinə yeridi. Və İrəvanın müdafiəçilərinə belə bir iddialı müraciət göndərdi: "O vaxt qoşuna hələ döyüş sənətində o qədər də təcrübəli olmayan, gənc generallardan biri Sisianov başçılıq edirdi, indi isə komandanı mən verirəm, güclü rus ordularını otuz ildən çox öz arxasınca aparan "adam"...
Ancaq ruslar İrəvanı işğal edə bilməyib biabırcasına məğlub oldular. Qış düşdükcə güclənən şaxta onların əhədini kəsdi, Qudoviçin bir gözü tamamilə tutuldu.
Və düşmən böyük itki verib geri çəkilməli oldu.
Yermolovdan sonra Qafqaza Paskeviç göndərildi. Peterburq onun qarşısına təxirəsalınmaz bir tələb qoymuşdu: İrəvanı tutmaq.
İrəvanı ruslar kənardan
belə təsvir edirdilər:
"Qala quru tərəfdən dərin,
su ilə dolu xəndəklə əhatəyə alınmışdı. Divarların arxasından
çoxsaylı məscidlərin
günbəzləri, minarələri
iynə kimi nazik qübbələri görünür".
İrəvana girmək üçün
əvvəlcə Sərdarabad
qalasını almaq lazım gəlirdi. Qalanın (və
şəhərin) müdafiəsinə
isə vaxtilə Sisianovu, Qudoviçi geri oturtmuş sərdar Həsən xan başçılıq
edirdi.
1827-ci ilin sentyabrında
Paskeviçin əmri
ilə rus qoşunu İrəvanı
artelleriya atəşinə
tutdu. Şəhər qəddarcasına darmadağın edilir, evlər, məscidlər uçub əhalinin başına tökülürdü.
Ancaq İrəvan
düşmənə təslim
olmaq istəmirdi.
Və nəhayət,
Paskeviç sona qədər əzmlə müqavimət göstərən
şəhəri aldı. Ruslara son gülləni
atan Həsən xan tərksilah edildi.
İrəvan alındıqdan sonra elə şəhərin qapıları ağzında
işğalçı orduya
Paskeviçin əmr-müraciəti
oxunmuşdu. Və orda deyilirdi:
"...Siz çarın şöhrəti, rus silahının şərəfi
üçün çox
çalışdınız... Rusiya sizə minnətdar olacaqdır ki, onun böyüklüyünü
və möhtəşəmliyini
müdafiə etdiniz"...
Mənbələr bir-birinin ardınca
məlumat verir ki, Azərbaycan türkləri İrəvanı,
ümumiyyətlə Cənubi
Qafqazı təbii bir Vətən təəssübkeşliyilə müdafiə edəndə
Paskeviçin bütöv
bir dəstə erməni casusu vardı ki, ruslara xəbərçilik
etməklə məşğul
idilər. Gürcülərə
gəldikdə isə,
onlar "pravaslav qardaşlığı"nı
dəstəvuz edib elə əvvəldən Qafqazın bütün qapılarını Rusiya imperiyasının üzünə
açmışdılar. Çünki Qacarlar gah dağılan,
gah da müvəqqəti
birləşən Gürcüstanı
sonacan təsir altında saxlaya bilməmişdilər.
1828-ci ilin fevral ayının 9-dan 10-a keçən
gecə imzalanan Türkmənçay müqaviləsi
İrəvan (eləcə
də Naxçıvan)
xanlığının Rusiyaya
keçdiyini təsdiq
etdi.
Qafqazın harasında sakitlik oldusa, ermənilər orada (xüsusilə ticarət üçün
şərait olan şəhərlərdə) məskunlaşmağa
başladılar. Ənənəvi etnik vərdişlər
sistemindən və ya arxetipdən gələn bu psixologiya ermənilərin
yeni tarixi şəraitdə də Vətən iddialarının
məzmununu, hüdudlarını
təsdiq etmiş oldu. Çar I Nikolaya erməni irəligələnlərinin təqdim
etdikləri Rusiya tərkibində "erməni
dövləti" layihələri
oyununun axırı onunla nəticələndi
ki, çarın 21
mart 1828-ci il tarixli fərmanı ilə keçmiş İrəvan
və Naxçıvan
xanlıqları ərazisini
əhatə edən
"Erməni vilayəti"
yaradıldı. Və həmin
vilayəti erməniləşdirmək
məqsədilə buraya
İrandan qırx min erməni köçürüldü.
Lakin
"Erməni vilayəti"
çox yox, 1850-ci ildə İrəvan quberniyası təşkil
edilənə qədər
mövcud oldu. İrəvanın (və keçmiş
İrəvan xanlığının
ərazisinin) zorla erməniləşdirilməsi prosesi,
tamamilə təbii olaraq, çox uzun sürdü.
Regional (və beynəlxalq)
siyasi maraqlar XX əsrin əvvəllərində
ermənilərə mərkəz
(payxtaxt) olaraq hər hansı başqa bir yeri deyil, məhz
İrəvanı seçdi
ki, bu, əslində,
tarixin ironiyası idi. Necə ola bilər, Azərbaycan türklərinin yaradıb
qanları bahasına düşməndən dəfələrlə,
tarixin gözləri qarşısında müdafiə
etdikləri şəhər
onu hər addımda satan bir topluma bağışlansın,
həmin toplum isə bu şəhərin
sahiblərini öz yurd-yuvasından hayasızcasına
didərgin salıb öz yerlərini möhkəmləndirsinlər?..
Odur ki, belə bir sual
yalnız onların havadarlarını yox, eyni zamanda özlərini
də həmişə
narahat etməli olacaqdır ki, İrəvanı öz paytaxtları saymağa ermənilərin mənəvi
haqları varmı?..
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.- 2020.-
7 noyabr.- S.2.