M.Hadinin publisistikası Türkiyə mətbuatında
1910-cu ilin yazında Türkiyəyə
gedib 1913-cü ilin axırlarında Azərbaycana qayıdan Məhəmməd
Hadi İstanbulda nəşr olunan "Sabah", "Tənin",
"Məhtab", "Rübab", "Şəhbal"
kimi mətbuat orqanları ilə əməkdaşlıq
etmiş, "Tənin" qəzetində şərq dilləri
üzrə mütərcim vəzifəsində
çalışmışdır.
Əlimizdə olan materiallaradan belə
anlaşılır ki, M.Hadi Türkiyə mətbuatında
daha çox publisistik yazılarla çıxış
etmişdir. M.Hadinin "Türküstana bir nəzər"
adlı məqaləsinin "Tənin" qəzetində dərc
olunan ilk əsəri olduğunu nəzərə alsaq ("Tənin"
qəzeti, 01 nisan 1911-ci il, N 926), deyə
bilərik ki, onun ilk məqaləsi hələ "Tənin"də
işləməmişdən xeyli əvvəl "Sabah" qəzetində
dərc olunmuşdur.
"Tolstoy
və rəkzi-abidə" adlanan bu məqalə
("Sabah" qəzeti, 30 təşrini-sani 1910-cu il, N 7613) dahi rus yazıçısı Lev
Nikolayeviç Tolstoyun (9 sentyabr 1828 - 20 noyabr 1910) vəfatı
münasibətilə qələmə
alınmışdır. Tolstoyu "bir şairi-xəyalpərəst
deyil, ciddiyyətə məftun, həqiqətpərvər bir
mühərriri-ziiqtidar" adlandıran M.Hadi onun
böyüklüyünü ən çox hər şeydə
sadəlik, təbiilik aramağında və "elpərəst"
olmağında görmüş, onu dahi bir yazıçı
və şəxsiyyət kimi Türkiyə oxucularına təqdim
etmişdir.
M.Hadi Azərbaycan mətbuatında
çıxan məqalələrində olduğu kimi,
Türkiyə mətbuatında çap etdirdiyi publisistik
yazılarında da Müsəlman Şərqində baş
vermiş məsələlərin şərhinə
böyük önəm vermiş, Şərq aləmini
bürüyən elmsizliyi, cəhaləti, insanın
hüquqlarını əlindən alan
mühiti qamçılamaqdan çəkinməmişdir. "Türküstana bir nəzər-1" adlı məqalə
də bu sıradan olan əsərlərdəndir.
M.Hadinin "Şərqdə bir
sitarəyi-ədəbin üfulu" məqaləsi həyatının
"qismi-ə'zəmini mücahidati-təhririyyə və məhəbbəti-vətəniyyə
uğrunda ifna edən, kör millətinə bir nigahi-intibah bəxş
etmək əməli-mübəccəli ilə iki gözlərini
fədadan çəkinməyən və Türk nəsli-nəcibindən
bulunan Əbdürrəhim Nəccarzadə Talıbov"un vəfatı
münasibətilə qələmə alınmış, o, həm
etibarlı iş adamı, həm də "Kitabi-Əhməd
və ya Səfinəyi-Talibi", "Məsailül-həyat",
"Nuxbəyi-Sipehri", "Pəndnamə", "Hikməti-təbiiyə",
"Məsləkül-Möhsinin", "Tarixi-Nəbəvi",
"Düsturi-darüş-şura", "Risaləyi-Marko"
və sairə əsərlərin müəllifi kimi xarakterizə
edilmişdir ("Tənin" qəzeti, 5 nisan 1911-ci il, N
930).
"Xivədə
asari-intibah", "Rusiyada mətbuat", "Qafqaziya
xatiratı", "Düşünüyorum" məqalələrində
milli və mənəvi dəyərlər barədə
düşüncələrini oxucuları ilə
bölüşən M.Hadi Qərbin Şərqə yönəlik
inhisarçılıq və işğalçılıq
siyasətinə qarşı çıxır, bu zahiri adı
dostluq, əslində, düşmənçilik olan siyasəti
ifşa etməkdən çəkinmirdi.
Müşahidələr
göstərir ki, Şərq klassikləri içərisində
M.Hadinin rəğbət bəslədiyi,
yaradıcılığından bəhrələndiyi və əsərlərini
tərcümə etdiyi şairlərdən biri Ömər Xəyyam
(1048-1131) olmuşdur. Maraqlı orasıdır ki, M.Hadi
yalnız Ö.Xəyyamın rübailərini tərcümə
etməklə kifayətlənməmiş, Türkiyədə
yaşayarkən (1910-1913) onun həyat yolu və
yaradıcılıq dünyası barədə ətraflı
bir məqalə yazaraq "Tənin" qəzetində
çap etdirmişdir ("Tənin" qəzeti, 18 həziran
1911-ci il, N 1004). Bu
yazını Ömər Xəyyamın Türkiyədə və
Azərbaycanda öyrənilməsi sahəsində ilk
addımlardan biri də hesab emək olar.
"Millət düşüncələri" məqaləsi
"Türk dərnəyi" məclisinin üzvlərindən
Ayaz İshaqi əfəndinin "Tənin" qəzeti səhifələrində
dərc olunmuş bir məqaləsindən bəhrələnməklə
yazılmışdır. Ayaz əfəndinin məqaləsinə
istinadən müəllif belə bir fikirdədir ki, Rusiya
müsəlmanlarından olan tatarlar da "mühərririnin
seyhəyi-ağlamağı ilə qımıldandı,
asari-həyat və mövcudiyyət göstərdi. Bu
intibahın başlıca əsbabı heç şübhə
yoxdur ki, Tatarıstanda sələfdən Şəhabəddinlər,
Nasirilər və xələfdən kəndiləri kimi
atiyi-milləti düşünən mütəfəkkirini-istiqbal
olmuşdur" ("Tənin" qəzeti, 22 həziran
1911-ci il, N 1008).
M.Hadinin
"Sabah" və "Tənin" qəzetlərində
çap olunmuş məqalələri barədə fikirlərimizi
yekunlaşdırarkən belə bir nəticəyə gəlirik
ki, bir yazıçı, jurnalist, mütəfəkkir sənətkar
olaraq o, qələmin müqəddəs vəzifəsini millətinə,
bəşəriyyətə xidmətdə görmüş,
istər siyasi, ictimai, istərsə də ədəbi-elmi
mövzularda yazdığı məqalələrində milli
ruhun dirçəlişinə, türkçülük
dünyagörüşünün formalaşmasına
yardımçı olmuşdur.
***
M.Hadinin Türkiyədəki
ədəbi fəaliyyətinin müəyyən dövrü
1911-ci ilin iyun ayından oktyabr ayına qədər
İstanbulda çıxan "Məhtab" jurnalı ilə
bağlı olmuşdur. Cəmi 15 nömrəlik
ömrü olan jurnalın hər nömrəsində əsərinə
yer ayrılan M.Hadinin məcmuədə 28 əsəri
çap olunmuşdur ki, bunların on altısı məqalə,
on biri şeir, biri isə mənsur şeirdir.
M.Hadinin jurnalın səhifələrində dərc
olunmuş məqalələrini məzmununa görə
müxtəlif qruplara bölmək olsa da, bu əsərlərin
başlıca mövzularını Şərq ölkələrindəki
vəziyyət, qadın azadlığı, elm, təhsil,
maarif və mədəniyyətin təbliği təşkil
edir.
"Fas və İranın aldığı vəziyyəti-hazirə
münasibəti ilə" məqaləsində Mərakeş
və İran dövlətinin hazırkı vəziyyətini
nəzərdən keçirən müəllif məsələni
ümumşərq və ümummüsəlman kontekstində
götürərək belə bir qənaətə gəlir
ki, İslam məmləkətlərinin inkişaf etmək əvəzinə
günü-gündən tənəzzül etməsinin
başlıca səbəbləri fəaliyyətsizlik, ətalət
və bu ölkələrin, sanki özlərinin özlərinə
düşmən kəsilməsidir.
"Dağılmış yuvalar" adlı məqalə
1911-ci ilin iyul ayında Türkiyədə baş vermiş zəlzələ
münasibətilə qələmə
alınmışdır. Məqalənin əsas mahiyyəti bundan
ibarətdir ki, milliyyətindən, dinindən asılı
olmayaraq insanlar can qardaşı, qan qardaşıdırlar.
Din və məzhəb təbii olmayıb sonradan əmələ
gəldiyindən, insanlar arasında təbii əlaqəni
qıra bilməz. Müəllif çox
haqlı olaraq qeyd edir ki, "dənizə
düşmüş bir xıristiyanı boğulur
görürkən bir müsəlmanın laqeyd qalacağı
mümkün olamadığı kimi, bir islamın atəş
içində yandığını görən bir
xıristiyan da qabil deyil tamaşaçı qalamaz, əlindən
gəldiyi qədər o fəlakətzədənin təxlisinə
şitaban olur. Bu üxuvvət, həqiqətən,
bir çox əmsalı ilə sabit olmuşdur" ("Məhtab"
jurnalı, 17 temmuz 1327 (iyul 1911), N 2). Ona
görə də millət və dinindən asılı
olmayaraq hamının borcu fəlakətə
uğramışlara kömək etmək, onların
yardımına qoşmaqdır.
"Ciddiyyətə doğru" adlı məqaləsində
müəllif cəmiyyətdəki səfalət və zəlalətlərin
kökünü elmsizlikdə, maarifsizlikdə görür və
"hey`əti-ictimaiyyəmizin qismi-ə`zəmini təşkil
edən ərbabi-fəqr və səfalətin çəkdiyi
alami-aramsuzu, əzabi-iztırabı öyrənmək istərmisiniz?" ("Məhtab"
jurnalı, 17 temmuz 1327 (1911), N 2) - sualı
ilə oxuculara müraciət edir. Sonra da məsləhət
görür ki, bunları öyrənmək üçün
parlayan və dəbdəbəli saraylarda, səadətxanələrdə
deyil, kasıbların hayatı qədər kədərli və
pərişan olan səfalətgahlarda dolaşmaq, onların
keçirməkdə bulunduqları səfalətli və
hüznlü güzəranını dərin bir nəzərlə
araşdırmaq lazımdır.
"Həsbi-hal-1"
məqaləsində mənəviyyat məsələlərinə
toxunan, insanı ümumi mənafeyə xidmətə,
düzlüyə, mərdliyə səsləyən,
gördüyü nöqsanlara qarşı barışmaz
olmağa çağıran müəllif qeyd edir ki, "bu
gün hər millətdən ziyadə nuri-irşada möhtac
bir halda bulunduğumuzu" bilə-bilə hələ qəflət
yuxusundan ayılmaq istəmir, hürriyyətdən dəm
vursaq da, istibdada qarşı açıq mübarizədən
çəkinirik. Düşünmürük
ki, "əsrlərcə istibdadın dəmir pəncələri
altında əzilən əxlaqiyyat və mə`nəviyyatımız
hala əmrazi-istibdadiyyədən qurtulamamışdır.
Hala bir hümma`i-atəşini-istibdad, yaxud
ölü soyuqluğunu andıran bir bürudəti-istibdad
içində yaşıyoruz" ("Məhtab" jurnalı,
25 temmuz 1327 (iyul 1911), N 3).
"Şayəstə Narın xanım əfəndiyə"
adlı yazı Şayəstə xanımın "Məhtab"
jurnalına göndərdiyi "Qaranlıq
aşinalığı" şeiri ilə bağlı
yazılmışdır. M.Hadi əsərə yüksək dəyər
verməklə yanaşı, müəllifi məcmuə ilə
əməkdaşlğa da dəvət etmiş və
yazmışdır: "Siyah incilərin, ləyali
ziyaların mühafizəsi bulunan fikirlərə
afaqi-füruzan olmaya "Məhtab"ımız daima didəgüşayi-intizardır"
("Məhtab" jurnalı, 1 ağustos 1327 (avqust 1911), N 4).
"Nəsli-münəvvərin nəzəri-intibahına"
məqaləsini müəllifin özünü
doğrultmamış, gerçəkləşməmiş
arzularının nəticəsi olaraq qələmə
alındığını düşünürük. M.Hadi
Türkiyə inqilabına, oradakı "Gənc türklər"
hərəkatına böyük ümidlərlə
baxmış, məhz elə bu səbəbdən də
Türkiyəyə gedib İstanbulda yaşamağa qərar
vermişdir. Amma orada
yaşadığı illərdə aldandığını
dərk etmiş, arzuları puç olmuşdur.
Əsas ideyası "silahlı
qüvvələrin, ordunun vəzifəsi mənsub olduğu məmləkəti
əcnəbilərin təcavüz və istilasından
mühafizə etmək olduğu kimi, elm və maariflə təchiz
olunan irfan ordusunun da vəzifəsi mənsub olduğu bir millətin
əxlaq və mənəviyyatını xurafat
ordularının pozuculuq fəaliyyətindən mühafizə
və himayə etməkdir" tezisi ilə ifadə olunan
"Həsbi-hal-2" məqaləsində mütəfəkkir
maarifçilik məsələlərinə böyük
önəm vermiş, belə bir fikrə gəlmişdir ki,
bir məmləkətdə ikinci qüvvə, yəni irfan
ordusu yoxsa, birinci qüvvənin, yəni silahlı ordunun fədakarlığının
da səmərəsiz olacağı şəksizdir.
M.Hadinin "Məhtab" dərgisində nəşr
etdirdiyi "Avropaya talibat ezamı" adlı məqalə həmin
illərdə Türkiyə maarif sisteminin bərbad
halını göstərməklə yanaşı, orada
qadınların təhsilinə göstərilən münasibəti
öyrənmək baxımından da maraq doğurur.
Məzarlardan,
ziyarətgahlardan, cansız daşlardan şəfa və imdad
diləməyi Türkiyədə, o cümlədən
bütün müsəlman ölkələrində insan əxlaqını
və mənəviyyatnı gəmirib duran ən qorxulu
yaralardan, sağalmaz mərəzlərdən hesab edən
M.Hadi "Məzarlardan istifşa" (qəbirlərdən
sağlıq diləmə, şəfa istəmə - İ.Q.)
məqaləsində təcəddüd, yeniləşmə əsəri
olan XX əsrdə müsəlmanların cəhalət
yuxusundan oyanmadığını kəskin şəkildə
tənqid edərək yazırdı: "İştə
yirminci əsri-mədəniyyətdə, fənni-təbabətin
mühəyyirül-üqul (idrakı, ağılları heyrətləndirəcək
- İ.Q.) bir dərəcəyi bulduğu bir zamanda,
bil-ümum əqvami-cahilə, xassətən müsəlmanlar
arasında ölülərdən istişfa`, tədavi
bit-turab e`tiqadati-batiləsı bütün şiddəti-vəhaməti
ilə icrayi-hökm və nüfuz ediyor. Bu
ölmüş, çürümüş e`tiqadlar
altında zəbun və məqhur (qəhr, məğlub -
İ.Q.) qalan dirilərə zihəyat deməyə
utanıyorum!" ("Məhtab"
jurnalı, 5 eylül 1327 (sentyabr 1911), N 9).
Məqalə və şeirlərində
zülmü, istibdadı dönə-dönə lənətləyən,
bunların səbəbini araşdırıb nəticələri
barədə qənaətlərini bölüşən M.Hadi
Rusiya tarixinin ən qəddar dövlət xadimlərindən
biri, Rusiyanın daxili işlər naziri və nazirlər
sovetinin sədri olan Pyotr Arkadyeviç Stolıpinin (2 aprel 1862
- 18 sentyabr 1911) sui-qəsd nəticəsində Buqrof adlı
bir şəxs tərəfindən öldürülməsini
sevinclə qarşılayır və Buqrofun əməlini
"Rusiyanın, o mühiti-zülm və istibdadın
afaqi-müqəddəratında toplanan qaranlıqları yaxmaq
əməli-hürriyətpərvəranəsi",
Stolıpinə atılan gülləni "istibdadın ən
müdhişlərindən birinin dəmirdən daha qatı
bulunan sinəyi-füsundarını parçalayan" müqəddəs
atəş adlandıraraq yazır: "Bu atəşi-hürriyyət
musavat və ədalətə diltəşnə olanların qəlblərinə
bir rəşhayi-təsəlli səpdi, barani-əməl
yağdırdı. Bir çox hürriyyət qəhrəmanlarının
fədakarlıqlarını əqim buraxan bir heykəli-qahir
ufaq və fəqət, həqiqətən, böyük bir ahənparəyi-qeyrətin
nişanəyi-intiqamı oldu. Buqrofun dəmir
bir qəlbi əridən bu atəşin danələri atəşpərəstani-hürriyyət
üçün şayani-pərəstiş
olmalıdır..."("Məhtab" jurnalı, 11
eylül 1327 (sentyabr 1911), N 10).
"Vaqiyəyi-hazirə" məqaləsində
italyanların Türkiyənin torpaqları hesab olunan Trablisqərbi
işğal etmək üçün hərəkətə
keçməsindən bəhs olunur. Türkiyənin
düşdüyü vəziyyəti zəncirə vurulmiş
şirin vəziyyəti ilə müqayisə edən müəllif
yazır: "İtaliya, ehtimal ki, bu gün "müdafiəyi-nəfsə
imkan görəməyən arslanın" "dər zəncir"
oluşundan istifadə edərək Trablisqərbi işgal edər.
Ehtimal ki, şəqavəti-siyasiyyəsində bir dərəcəyə
qədər müvəffəq ola bilər"
("Məhtab" jurnalı, 18 eylül 1327 (sentyabr 1911), N
11).
M.Hadinin oxuculara vətənpərvərlik, millətsevərlik,
yüksək əxlaqi-insani keyfiyyətlər aşılayan əsərlərindən
biri olan "Bu nəcib millət yaşayacaqdır" məqaləsi
publisistik yazıdan çox bitkin bir hekayə təsiri
bağışlayır. "Üç canlı
şeiri-ülvi" epiqrafı ilə yazılan əsərdə
ibrətamiz bir halın, hadisənin şahidi oluruq.
M.Hadinin "Aləmi-İslam",
"Anati-təfəkkür", "Eydi-əzha münasibəti
ilə" məqalələri daha çox siyasi və ictimai
məzmunu ilə seçilən əsrlərindəndir.
M.Hadinin "Məhtab" jurnalında çap
olunmuş son yazısı "Məfluc millət, pərişan
cəmiyyət" adlanır ("Məhtab" jurnalı, 20
təşrini-əvvəl (oktyabr 1911), N 15).
Məfluc, yəni
iflic xəstəliynə tutulmuş millət deyəndə
M.Hadi nəyi nəzərdə tutur? "Fəlcə"
- iflic olma xəstəliyinə tutulmuş millət deyəndə
müəllif o millətləri nəzərdə tutur ki, bu
millətlər iflic, xəstə adamlar qapı-qapı,
sokak-sokak dolaşıb dilənçilik edərək öz
gündəlik tələbatlarını ödəməyə
çalışan adamlar kimi başqa millətlərin
qarşısında boyun əyib səadətlərini onlardan
umur, diriliyini, özgürlüyünü dilənçi
sayağı onlardan diləyirlər.
Müsəlman ölkələrində
yaşayan, XX əsrin inkişaf qatarına qoşula bilməyib
hələ də "xabi-cəhalət"də
mürgü döyən millətləri iflic xəstəliynə
düçar olmuş millətlər cərgəsinə daxil
edən müəllif, bunun başlıca səbəbini
onların yaşadıqları ictimai-siyası quruluşlarda
görür və hesab edirdi ki, ayağa durub
özgürlüyünü tələb etməyən millətlər
iflic adamlar kimi labüd ölümə, məhvə məhkumdurlar.
M.Hadinin Türkiyə mətbuatında dərc olunmuş publisistik yazıları barədə fikirlərimizi ümumiləşdirərkən belə bir qənaətə gəlirik ki, o, özünün ənənəvi mövzularından uzaqlaşmamış, maarifçilk, hürriyyət, ictimai inqilablara çağırış, cəmiyyətin normal qanunlarla idarə olunması, millətlərin öz haqlarını tələb etmək üçün əl-ələ verib bir araya gəlməsi və s. bu kimi problemlər onun əsas müraciət obyektləri olmuşdur.
İslam QƏRİBLİ
filologiya elmləri doktoru, professor
Ədəbiyyat qəzeti.- 2020.- 7
noyabr.- S.8-9.