İrəvanın
yolları
Roman
Yastı,
boz, sarı təpələr, qonur yarğanlar bir-birinə
bitişərək uzanıb gedirdi. Elə bil dəniz
dalğalarıydılar- donmuşdular. Təpələrin
üstü gəvil, yovşan, qarağan, şotu, qanqal,
saqqız, cəmirtkən kolları ilə doluydu. Kənddən
gələn əsgərlər hər dəfə bunları
görüb dərindən bir ah çəkirdilər.
"Əcəb örüş yerləridir"
Təpələrin
ardındakı düzəngahlıqda çoxlu yollar
görünürdü. Yollar adamsızlıqdan tük gətirmişdi.
Səliqəsiz şəkildə bir-birinin üstünə
atılmış kəmərlər kimi qarış-quruş
idilər. Evlər him yerlərinə qədər uçurulub
dağıldığından qonşular arası
cığırlar da itib batmışdı.
Yollar
tez-tez qırılırdı, gedib axıracan
çatmırdılar. Yollar ömürlərini sona qədər
yaşamadan ölmüşdülər. Onların qoynunda
yaşayan insanların çoxu Qarabağın Ermənistan
Ordusu tərəfindən işğalından sonra ya
qırılmışdılar, ya
qırılmışdılar, ya da baş götürüb
Azərbaycanın müxtəlif rayonlarına getmişdilər.
Yollar, torpaqlar, əkin sahələri yiyəsiz
qalmışdılar. Əsl sahibləri onları əkirdilər,
becərirdilər, suvarırdılar. Amma indi torpaqların
dili-dodağı cadar-cadar olmuşdu. Ciyərləri susuzluqdan
yanırdı, göz-görəti ölürdülər. Təbiət
yas saxlayır, küləklər nalə çəkir,
buludlar göz yaşı axıdırdılar. Yiyəsiz
torpaqların dərdi ağır olur.
Bir vaxtlar
bu yollar kəndləri, rayonları bir-birinə
bağlayırdı. Bu yollarla toy karvanları gedirdi. Musiqi,
çal-çağır aləmi başına
götürürdü. Neçə sevən ürəyin
birləşməsi bu yollardan keçirdi. Heyhat, indi bunlar
çox uzaqlarda qalmışdı. Bu yerlərdə həyat
çoxdan sönmüşdü.
Heç
bir evin ocağı yanmırdı, işığı
yanmırdı,suyu gəlmirdi. Heç bir həyətdən
uşaq səsi, körpə qığıltısı, nərd
şaqqıltısı eşidilmirdi. Hər yerə dəhşətli
sükut çökmüşdü. Bu sükut gecənin, dan
yerinin sükutu deyildi. Bu sükut vahiməli, qorxulu,
qan-qadalı sükut idi. Bunu çöllər də, o çöllərdə
səksəkə içində yaşayan vəhşi
heyvanlar da, quşlar da, cürbəcür otlar, bitkilər, hətta
çiçəklər də bilirdi. Bütün canlılar
əbədi vahimə içindəydilər. Qorxudan nə
vaxt qurtulacaqlarını bilmirdilər.
Həyatın
var olduğunu, yaşayışın davam etdiyini bildirən hərbiçilər
idi. Onların idarə etdikləri ağır hərbi
texnikalar, müxtəlif silahlardan açılan atəş səsləri
tez-tez sükutu pozurdu. Bu zaman göydə uçanlar, yerdə
sürünənlər vahimə içində ora-bura
qaçır, gizlənməyə bir deşik axtarır,
quşlar daha yüksəklərə qalxırdılar. Təbiətin
nizamı itirdi, torpaq dəhşətli dərəcədə
diksinirdi, yerin qatları bombalardan, mərmilərdən
alt-üst olurdu. Suların, bulaqların yönü dəyişirdi,
gün işiğına çıxmaq istəyən bitkilərin
torpağın bətnindəcə bağırları
çatlayırdı. Torpağın altında olmalarına
baxmayaraq həyatın nə olduğunu hiss edirdilər,
bilirdilər ki, yer üzünə çıxsalar günəşi
görəcəklər, onun işiqlandırdığı
yeri, göyü, havanı görəcəklər, qol-budaq
atacaqlar, böyüyəcəklər. Yer üzündə gəzən
insanları görəcəklər, onların sevgisini,
qayğısını duyacaqlar. Amma çiçəklərin
də, ağacların da, ən xırda bitkilərin də
yaşamaq haqqı əllərindən alınırdı,
qınındaca boğulurdular. Təbiət etiraz edirdi, amma
müharibə onun səsini eşitməyə qoymurdu.
Sözsüz ki, təbiətin qisası amansız olacaqdı.
Bunun altını insanlar gələcəkdə dəhşətli
dərəcədə çəkəcəkdilər, amma hələlik
bunu deyəsən başa düşənlər yox idi.
Qarşı-qarşıya dayanmış silahlı birləşmələr
hər gün təbiətin nizamını pozur,
dünyanın təqazasını insanlığın zərərinə
puç edirdilər. Kimlərsə bilirdilərsə də,
başa düşürdülərsə də əməllərindən
geri durmurdular.
Həyat
isə bu yerlərdə hələlik dolama-dolaşıq, gərgin,
sonu bilinməyən, gələcəyindən nigaran, dərdli
şəkildə davam edirdi.
* * *
Novruz
şənlikləri yenicə bitmişdi. Hələ də əsgərlərin
tumboçkasında şəkərburadan, paxlavadan nəsə
tapmaq olardı. Valideynlər övladlarını, əsgərlər
də valideynlərini görüb bir az
toxtamışdılar. Hamıda mənəvi cəhətdən
bir ruh yüksəkliyi vardı. Soyuq havalar, sazaqlı günlər
dağlara qalxmışdı. Bütün əsgərlərin
qırışığı açılmışdı.
Gündüzlər
təpələrdən buğ qalxırdı. Torpaq isinirdi. Hər
tərəf yamyaşıldı. Əsgərlər təzə-təzə
qırxbuğumun, yemliyin dadına baxırdılar. Dovğa tərəsi,
şomu düz-dünyanı bürümüşdü. Arada əsgərlər
onlardan dəstə-dəstə yığıb gətirib
aşpazlara verib dovğa bişirmələrini xahiş edirdilər.
Aşpazların əksəriyyəti qadınlar idi. Onlar da
öz balaları kimi onların xahişlərini məmnuniyyətlə
yerinə yetirirdilər. Əsgərlər bəzən
içinə çörək doğrayıb iki-üç
boşqab yeyirdilər. Başqa xörəklərə əl
vurmurdular. Tez-tez bişirilən dovğa onlara evlərini
xatırladırdı.
Cənnət
havasıydı. Bu sakitlikdə, bu gözəllikdə hər
yer sülh dövrü günlərini yada salırdı. Hərbiçilər
bir anlıq hər şeyi unudub əvvəlki rahat və
firavan illəri xatırlayırdılar. O illəri ki,
müharibə yox idi, sərt millətci
çağırışlar, qarşıdurmalar yox idi.
Ölkələrin bir-birinə qarşı torpaq iddiaları
yox idi. Günün günorta çağı törədilən
beynəlxalq avtobus reyslərinin, qatarların
partladılması, dinc insanların həlak olması gecə
qaranlığında törədilən vəhşiliklər,
amansız qətllər yox idi. Harda qaldı o günlər?...
Azərbaycan xalqı ermənilər tərəfindən
görünməmiş qətliamlara, namərdliklərə
düçar olurdu.
Kazarmada səhərlər,
bir də gecələr azca soyuq olurdu. Qışın
hökmranlığı artıq bitmişdi. Qarşıdan gələn
bahar hamını ümüdləndirmişdi.
Hərdənbir
güllə səsləri eşidilirdi. Turaca, qırqovula, kəkliyə,
bəzgəkə atılan güllələriydi.
Ermənilər
Azərbaycanın faunasından da gen-bol bəhrələnirdilər...
* * *
Tez-tez təlim-məşq
toplanışları keçirilir, fiziki sağlamlıqla
bağlı xüsusi proqram həyata keçirilirdi. Eyni
zamanda düşmənin hərəkətləri diqqətlə
izlənilir, erməni postlarında duran əsgərlərin
növbəni dəyişmə vaxtları müqayisə
olunur, təhlil edilirdi. Hər iki tərəf bir-birilərini
ciddi şəkildə güdürdülər. Ermənilər
Lələtəpənin zirvəsində olduqlarından bir az
arxayın idilər.
Bura cəbhə
xəttidir. Yuxarıda - Lələtəpə adlanan zirvədə
və onun ətəklərində ermənilər bir neçə
post qurmuşdular.
Oradan
bütün Araz boyu kəndləri müşahidə
altında idi. Cocuq-Mərcanlı kəndinə gedən
şoşe yol tam nəzarətdəydi. Ərazi baxmayaraq ki,
Azərbaycan tərəfindəydi, amma orada heç kim
yaşamırdı. Çünki istənilən an ermənilər
Lələtəpədən onları gülləbaran edə
bilərdilər. Təkcə bu kənd deyil - Mehdili,
Çaxırlı, Böyük Mərcanlı, Nüzyar, kənd
Horadiz də daimi atəş altındaydı.
Azərbaycan
əsgərlərinin kazarmaları Lələtəpədən
baxanda qarşı tərəfdəki təpələrin
qoynuna sığınmışdı. Təbii relyef eləydi
ki, ermənilər nə qədər baxsalar da, azərbaycanlı
döyüşçülərin
sığındıqları kazarmaları görə bilməzdilər.
Amma dəqiq bilirdilər ki, Azərbaycan əsgərləri həmin
təpələrin arxasındadılar.
Ermənilər
üçün azərbaycanlıların gizləndikləri
yer açıq-aydın görünməsə də,
qarşı tərəf ovuclarının içindəydi. Azərbaycanlılar
isə səngərdən müşahidə
kameralarını Lələtəpəyə tuşlayaraq hər
yeri müşahidə edirdilər. Müşahidə nöqtələrini
cəmirtkən kollarıyla örtmüşdülər.
Allahın otudur daa, istədiyi yerdə bitir.
Lələtəpənin
ətəyindən Tərtərə qədər ermənilərin
Ohanyan səddi deyilən minalanmış xətti keçirdi.
Əsgərlər demişkən, uzun adam olsa, əlləri Lələtəpənin
kəlləsinə dəyər. İlk baxışdan belə
görünürdü. Amma hər qarış yer
minalanmışdı. Sapyorlarımız bir-iki dəfə kəşfiyyata
çıxıb ən müxtəlif yerləri yoxlayıb
görmüşdülər ki, boş sahə buraxmayıblar.
Geniş və kompleks axtarış aparılmalı, təcrübəli
mütəxəssislər dəvət edilməli, sürətli
və səmərəli əməliyyat planı
hazırlanıb həyata keçirilməli idi. Gündüz
ehtiyatsızlıq, hardan gəldi hücuma keçmək istər
əsgəri, istərsə də kəşfiyyat qrupunu həmən
bada verərdi. Gecə isə düşməni duyuq salıb,
gülləbarana tuş olub qalan adamların da tam itirilməsi
demək idi. Hücuma keçmək böyük ehtiyat tələb
edirdi. Yüz yox, min ölçüb bir biçmək gərək
idi.
* * *
Bu gün
kazarmada şəxsi heyət üzrə müavin mayor Səfərovun
əsgərlərə siyasi dərsi olacaqdı. İndilərdə
gəlməliydi. Adətən əsgərlər zabitlərə
"cənab komandir!" - deyə müraciət edirdilər.
Mayor Cəfər Səfərova müəllim deyilməsi
siyasi dərs keçməsiylə bağlıydı.
Bəzi
yaşlı, ali təhsilli əsgərlər və zabitlər
hərdən məzə qılmaq üçün ona bir nəfəsə
"Cənab mayor komandir Cəfər müəllim!"
deyirdilər. Cəfər müəllim incimirdi.
Bığaltı gülümsəyib "Nizamnamədə
olduğu kimi müraciət edin!" - deyirdi. - Cəzalanmaq
istəyirsiniz?
Əlbəttə,
Cəfər müəllim elə iş görməzdi. Onda əsgərlərə
qarşı komandirlik hökmündən çox müəllimlik
məhəbbəti, qayğısı daha artıq idi. Əsgərlər
bunu yaxşı bilirdilər. Hamısının mayorla daha səmimi
və mehriban münasibətləri var idi. Onu həqiqətən
sevimli müəllimləri kimi qəbul edirdilər.
Baş
kazarma yastı təpədəki adsız yüksəklikdə
yerləşirdi. Düşmən tərəfdən nə qədər
baxçalar da, bayaq dediyimiz kimi görünmürdü. Bir
azdan İdeoloji iş və mənəvi-psixoloji təminat
üzrə komandir müavini Səfərov gələcəkdi.
Əsgərlər onu yenə böyük şövqlə
gözləyirdilər. Və ləzzətlə onunla
Şairin arasında olacaq növbəti mübahisəni izləyəcəkdilər.
Cavuş
Rauf ali təhsilli müəllimdir - Pedoqoji Universitetin tarix
fakultəsini bitirmişdi - əli ilə, emosional, yüksək
pofosla, sual ədatlarıyla danışırdı. Tez-tez
sıtatlar gətirdiyinə, şeirlər dediyinə görə
onu hamı belə çağırırdı: - Şair!
Doğrudan,
yaraşırdı da! İndi də emosional tərzdə əsgərlərə
nəyi isə izah edirdi. Yenə öz ampulasındaydı.
- Vallah,
belə olmaz, a kişilər. Biz dinmədikcə köpəy
uşağı üstümüzə qıcanır. Ay
Allahuva qurban olum Ali Baş Komandan, bir əmr ver, hücuma
keçib bunları xıjdayaq daaa... Nə qədər
gözləmək olar? Ayə, bu Ohanyan səddi nəmənə
şeydir ki, Çin səddi kimi qabağımızı kəsib.
Yəni bunun bir boş künc-bucağı yoxdurmu ordan girək
içəri? Yəni bir babat sapyorumuz-zadımız yoxdur ki,
yol aça, ordan şığıyaq düz Lələtəpənin
kəlləsinə?
Çox
baş alıb gedəcəkdi. Cəfər müəllim
kazarmaya girdi. Əsgərlər ona qısaca rusca
"zampalit" deyirdilər. Deyəsən yol gələ-gələ
Şairin dediklərini eşitmişdi.
- Gəl
dəə, gəl mənim əvəzimdən dərs
keç! Bu günkü mövzun nədir?
Cəfər
müəllim istehza ilə gənc əsgərə yerini
bildirmək, onu pərt edib susdurmaq istəyirdi. Amma tamam
başqa situasiya ilə qarşılaşdı. Rauf elə bil
bu təklifi gözləyirmiş. Ayağa qalxıb irəli
çıxdı. Əsgər yoldaşlarına baxıb
"fərəqət" vəziyyəti aldı. Şəxsi
heyət üzrə müavin ağır-ağır onun yerində
əyləşdi. Elə bil iynə üstündə otururdu.
Buşlatını çıxartmadı. Hələ
martın soyuq günləriydi. Nəsə, yorğun idi.
İçəri girəndən hiss olunurdu.
-
Mövzum... - Şair duruxdu... Hər millətin öz ərazisini
müharibə yolu ilə azad etmək haqqı.
Cəfər
müəllim duruxdu. Yox, bu təzə söz oldu. Həmişəki
öcəşməyə oxşamayacaqdı. Dönüb əsgərlərə
baxdı. Onlar da heyrətlə Raufu süzürdülər.
Onlar üçün də bu sözlər gözlənilməz
idi. "Nə dedi? Öz torpaqlarını azad etmək
haqqı? Bu nə mənaya gəlir? Nəsə yeni bir söz
olacaq. Yoxsa müharibəni deyir? Sən nə
olarsanmış, Şair! Gör zampaliti necə qurutdu?.."
Cəfər
müəllim nə edəcəyini bilmədiyindən lap təzəcə
dən düşmüş saçlarını
barmaqlarıyla daraqlayıb sual verdi.
- Əsas
arqumentin nədir?
Siyasi dərsə
gələn əsgərlər və kiçik ranqlı zabit
heyəti ciddi şəkildə Rauf sarı döndülər.
"Hə, di ver cavabını". Amma əslində
mövzunun adını bayaq söyləyəndə daha
çox siyasi terminlərlə yüklənmiş cümləni
eşidəndə məsələnin ciddi istiqamət
alacağını zənn eləmişdilər.
- BMT
Nizamnəməsinin 51-ci maddəsi.
- Nə
deyilir orda?
Mayor Səfərov
doğrudan yorğun idi. Artıq bunu hamı yəqinlədi.
Candərdi sual verdiyinin də fərqinə vardılar, amma
tutulduğu da gözlərdən yayınmadı.
Rauf təmkinlə
cavab verdi: - Əzbər deyim?
- De...
Mayor Səfərov
sözü necə tələffüz elədisə, əsgərlər
başa düşmədilər ki, "de" dedi, yoxsa
"ye"... " Ə, bu kişiyə noolub belə"
Rauf
bayaqki "fərəqət" vəziyyətində sağ
əlini çəkic vururmuş kimi qaldırıb endirərək
bir nəfəsə dedi:
- "Bu
Nizamnamənin heç bir müddəası, əgər Birləşmiş
millətlər təşkilatının üzvünə
qarşı silahlı basqın baş verərsə, Təhlükəsizlik
Şurası tərəfindən beynəlxalq sülhün və
təhlükəsizliyin qorunub saxlanması üçün zəruri
olan tədbirləri görülənə qədər,
ayrılmaz xarakter daşıyan fərdi və ya kollektiv
özünümüdafiə hüququna xələl gətirmir."
Rauf
sözünü bitirib ağır yükdən azad olmuş
kimi dərindən nəfəs alıb mayora baxdı.
Əməlli-başlı
gərginlik vardı. Yəni hər şey bu qədər bəsitdi?
Bəs onda nə gözləyirik?
Hamının
ilk hiss etdiyi sərin meh və onun vasitəsiylə içəri
dolan cürbəcür otların, çiçəklərin ətri
oldu. Əlbəttə, yaz bir neçə gün idi ki, Vətən
torpağına qədəm qoymuşdu. Çöl, çəmən,
düz-dünya təzədən dirilirdi. Cürbəcür
güllər, çiçəklər göz
oxşayırdı. Təbiətdə heç nə dəyişməmişdi.
Hər şey əvvəlki kimi öz vaxtında gəlirdi. Bəs
onda yerində olmayan nədir?
Səssizlikdə
müxtəlif həşəratların, cüculərin, lap
uzaqdan keçən avtomobillərin də səsi eşidildi.
Ən yaxından gələn səs isə əsgərlərin
ürək çırpıntıları idi. "Tap-tup,
tap-tup, tap-tup". Allah, ürək döyüntüsü də
bu qədər bərkdən eşidilərmi? Bəs əvvəllər
niyə eşitmirdik?"
Hamı
oturduğu yerdəcə heykələ dönmüşdü.
Bu Raufdan
nə desən gözləmək olardı. Amma daha belə yox
daa... Elə bil deputat danışırdı.
Birdən
hamı mayor Səfərovu axtardı. Yerindəydi. Amma elə
bil bayaq əzgin halda qapıdan girən və ərincəkliklə
danışan şəxsi heyət üzrə müavin
deyildi. Dirilmişdi. Geniç açılmış gözləri
ilə Şairə baxırdı.
- Hardan
bilirsən bunu?
-
Oxumuşam...
-
Yaxşı əzbərləmisən.
- Yox e, cənab
mayor, de görüm düz deyirəm, ya yox.
Mayor Səfərov
dirənmişdi. Mövzu təzə deyildi. Çoxdan bəri
əsgərlər arasında, elə camaat da niyə Azərbaycan
ordusunun hücuma keçib ermənilərin dərsini vermədiklərini
bilmək istəyirdilər. Ancaq məsələ kazarmada, əsgərlər
arasında belə siyasi səviyyəyə
qalxmamışdı.
- Bilirsən...
Bəzi məsələlər var ki, bunlar dildə asan deyilir.
Beynəlxalq hüquq var... Heç bir dövlət
özbaşına deyil. Daha doğrusu, bizim kimi dövlətlər.
Biz Amerika, Rusiya, Çin... deyilik. Yeri gələndə onlar
heç kimdən icazə-filan almadan öz bildiklərini eləyirlər,
özlərindən yeni qanun yazır, düzəlişlər
edir, bir sözlə, dünyaya meydan oxuyurlar. Bir neçə
ildir müstəqillik əldə etmişik. Amma müstəqil
siyasət qurmağa imkan vermirlər. İndi dünyada əslində
güc qanundur. Xüsusən bayaq adını çəkdiyim
dövlətlər üçün. Onlar beynəlxalq
hüququ bəzən heç tanımırlar.
- Beynəlxalq
hüquq deyir ki, get başqasının torpağını zəbt
elə, mıxlan qal orada, çıxma?... - Şair
özünü saxlaya bilməyib Səfərovun
sözünü kəsdi.
-
Oğlum, əvvəl beynəlxalq aləmi hazırlamaq
lazımdır. Bilirsiniz ki, qəfil hücuma keçib əsgərləri
öldürməyi, heç kim qəbul etmir, mülki
insanları qırmağı isə ümumiyyətlə vəhşilik
hesab edirlər. Əks təqdirdə biz embarqolara, ciddi
sanksiyalara məruz qalarıq. Azərbaycanın karbohidrogen
ehtiyatlarını müstəqil şəkildə qonşu
Böyük dövlətdən yan keçirərək
Avropaya çıxartması həmin dövlətin heç də
xoşuna gəlmir. Dahi Heydər Əliyev bunu elə
ustalıqla həyata keçirdi ki, bir də baxıb
gördülər qatar artıq gedib. 1994-cü ildə
bağlanan neft kontraktlarını pozmağa cəsarət etmədilər.
Dünya ilə üz-üzə gəlməkdən çəkindilər.
Görürsən, müstəqil dövlət olsan da, sənin
də cəsarət edə bilmədiyin məsələlər
var.
- Belə
çıxır ki, biz hələ çox gözləməli
olacağıq?
-
Əlverişli şəraitin yetişməsini gözləməliyik.
- Yəni
Lazım dayını?
Kazarma qəhqəhə
çəkdi. Mayor Səfərovun da dodağı
qaşdı. Əsgərlər söz duelindən həzz
alırdılar. Rauf hamının ürəyindən keçəni
deyirdi. Belə açıq, çəkinmədən,
hazırcavab danışıq tərzi yalnız Şairdə
idi. Mayor davam edirdi.
- Ermənistanda
vəziyyət getdikcə gərginləşir. Demək olar
ki, əhali dayanmadan ölkəni tərk edib gedir.
Hökümət böhranı günbəgün artır.
Hakimiyyyətdə olan Qarabağ klanı ilə yerlilərin
münaqişəsi hər gün qəlizləşir. Orada
camaat lap boğaza yığılıb. Azərbaycanla
müqayisədə Ermənistanda həyat yerində sayır.
Biz regionun aparıcı ölkəsiyik. Bu qəzet
sözü deyil. Azərbaycanın iştirakı olmadan
bölgədə heç bir qlobal problem həll yolunu tapa
bilmir. Bütün neft-qaz lahiyələri, İpək yolu,
mühüm beynəlxalq toplantıların yeri-məkanı
Bakıdır. Görmürsünüz, ölkəmiz,
paytaxtımız necə inkişaf edir? Hücuma keçib
torpaqlarımızı azad etmək artıq regionun ən
qüdrətli ordusuna çevrilmiş Azərbaycan ordusu
üçün çətin bir məsələ deyil. Zamana
ehtiyacımız var.
- Daha bir
23 ilə? - Şair yenə dilini dinc qoymadı.
- Yox... Bu
dəfə o qədər çəkməyəcək.
- Bircə
onu bilirəm ki, donuza "kiş" deməklə darıdan
çıxmaz. Gərək möhkəm bir zopa tutuzdurasan ki,
rədd olub gedə.
Hamı
fikrə getdi. Elə mayor Səfərov da. Həqiqət
ortadaydı. Mayor Səfərov da bunu anlayırdı. Ancaq nə
etsin, belə danışmalıydı... Rauf yenidən davam
etdi.
- Cənab
komandir! Məni yandıran odur ki, ermənilərlə
münaqişədə tarix boyu baş verən bütün
hadisələr - ya vəlvələdən, ya zəlzələdən
- bizim əleyhimizə, zərərimizə baş verib.
Uzağa getmirəm! 1918-ci ildə Ermənistan Respublikası
yarananda onlara paytaxt kimi qədim şəhərimiz İrəvanı
bağışladıq.
Səfərovun
əvvəlcə qaşları çatıldı, sonra
üz-gözü turşudu. Rauf fikrini yumşaltdı.
- ...
güzəştə getdik.
- Sən
tarixi şəraiti və zamanı unudursan. O zamanlar
Kamçatkadan Yerevana, Orta Asiyadan Saxalinədək hamısı
bizim böyük Vətənimiz idi.
-
Yaxşı, hələlik belə deyək... Buna nə
deyirsiniz? Sovet dövrü dədə-babadan türk adları
ilə adlandırılmış ərazilərimizi dəyişdirdilər,
"dostluq, qardaşlıq" naminə ağzımıza su
aldıq. Gorbagor Leninin "Muğan düzündə
pambıq məsələsini güclü irəlilətmək
lazımdır" sözünə görə 1948-ci ildə
soydaşlarımızı vəhşicəsinə min illərdən
bəri yaşadıqları yerlərdən sürgün etdilər.
O zaman başbilənlərimiz susdular. Dağlarda, gözəl
çəmənliklərdə, bulaqların başında
yaşayan millətimizi Muğanın, Milin ilan mələyən
çöllərinə tökdülər, səssiz qətliama
sürüklədilər. Bulaq suyu içmiş insanlar, kanal
lehməsini, yerdən çıxan duzlu artezan suyunu içib
qırıldılar. Uşaqların qarınları
şişdi, partdam-partdama düşüb bir tərəfdən
də alışmadıqları istiyə dözə bilmədiklərindən
kütləvi şəkildə tələf oldular. Bəzi ailələr
geri qayıtdılar, amma dogma yurdlarında qaçaq kimi
yaşadılar. Gündüzlər gözə
görünmürdülər, tutsaydılar türməyə
basıb ölüncə döyəcəkdilər, bu dəfə
geri qaytarılanda da özümüzünkülər
öldürəcəkdilər. Ermənistan ərköyün
uşaq kimi həmişə dotasıya ilə yaşadı.
Biz İttifaq büdcəsinə neftimizin, qazımızın,
pambığımızın hesabına milyonlar
qazandırırdıq. Halbuki ermənilərin iqtisadi
resursları sıfıra bərabər idi. Konyak, ərik, mis,
molibdenlə büdcə doldurmaq olar? Amma Ermənistanda həyat
şəraiti həmişə bizim ölkədən
üstün olurdu. Niyə belə olurdu?
Səfərov
fikrə getmişdi. Nəsə demək istəyirdi, amma
dodaqları tərpənmirdi.
-
Yadımdadır, Moskvada SSRİ Ali Sovetinin sessiyası gedirdi.
O zamanki SSRİ Prezidenti Qorbacov əskikcəsinə belə
dedi: - Gürcü yoldaşlar məndən xahiş edirlər
ki, Gürcüstanda fövqəladə vəziyyəti ləğv
edək. Əlbəttə, mən gürcüləri
yaxşı başa düşürəm. Gürcü
xalqı məğrur xalqdır. Onlar belə vəziyyətdə
yaşamağa öyrənməyiblər. Mən yoldaşlarla
görüşüb danışacam və bu məsələni
həll edəcəm.
Qısa
müddətdə dediyi kimi həmin məsələni həll
etdi. Amma Azərbaycanın adını da çəkmədi.
Fövqəladə vəziyyət bizdə xeyli sonralar
götürüldü... Elimizin gözəl bir sözü
var. Deyir: "Görünür özünü yaxşı
tanıtmamısan".
Cəfər
müəllim Raufun sözünü kəsmirdi. Ona etiraz etmək,
"yoox, bilirsənmi, məsələ bir az başqa
cürdür" demək söyüş gətirən hərəkət
olardı. Bütün bunları Cəfər müəllim də
bilirdi. Elə diqqətlə qulaq asan əsgərlərin də
hamısının gözləri alışıb
yanırdı. Yumruqları qəzəblə düyünlənmişdi,
bu saat istənilən adamı həmin o yumruqlardan biri ilə
o dünyaya göndərmək olardı. Kin, qəzəb, nifrət
aşıb-daşırdı. Şair zalım oğlunun da
bugün ilhamı aşıb-daşırdı. Dayanmaq
bilmirdi. Bütün tarix yadına düşmüşdü.
- Sovet
dövründə nə torpaq mübahisəsi olubsa
hamısı ermənilərin xeyrinə həll olub.
Yadınızdadı, Qazax rayonun Kəmərli kəndindən
verilən torpaqlar? Birdən-birə düz 400 hk! Hələ
Aşağı Əskiparadan, Yuxarı Əskiparadan
alınıb verilənləri demirəm. "Əşşi,
yazıqdılar, hər tərəfləri daşdır,
qayadır, düz əməlli əkin yerləri yoxdur. Bir az
torpaq verək, əkib-becərsinlər, ölməsinlər"
Amma gördüüz, hara gəlib çıxdılar.
Bir
çox şeyləri hamı bilirdi. Amma Şair kimi məntiqlə,
ardıcıl, dəqiqliklə şərh edə bilmirdi. Bəlkə
də, təəccüblü bir şey yox idi, Rauf öz
ixtisası üzrə danışırdı.
-
Ömür boyu erməniləri qapılarımızda işlətdik,
kəhrizlərimizi qazdırdıq, evlərimizi tikdirdik, həyət-bacamızı
qaydaya saldırdıq, kirvə tutduq, pul verdik,
dolandırdıq, yaşatdıq... Həmişə fikirləşirdik
ki, bu işləri dədə-babadan hər zaman ermənilərə
gördürmüşük, özümüz neynirik öyrənirik,
kirvələrimiz gəlib işi aşıracaqlar.
Çünki öz ölkələrində iş yox idi,
avara-sərgərdan qalmışdılar, acından
ölürdülər. Bizimlə birgə yaşaya-yaşaya
həyət-bacalarımızda işləyə-işləyə
həm ayaq üstə durmağı öyrəndilər, həm
də zəif cəhətlərimizi öyrəndilər, bizi
hardan vuracaqlarını müəyyənləşdirdilər.
Paytaxtımız Bakıya doluşaraq,
sızıldaya-sızıldaya, zarıya-zarıya özlərinə
əməlli-başlı məskən saldılar, toplum halda
yaşayaraq birləşdilər, gücləndilər, ürəkləndilər.
"Ermənikənd" deyilən böyük, həm də
ən yaxşı axar-baxarlı, hündür yerdə -
hansı ki, baxanda Xəzər dənizi ayaqlarının
altında qalırdı - məskən saldılar, yüksək
vəzifələrə yiyələndilər. Nazir, raykom
katibi, prokuror, rəis, KQB-nin yüksək rütbəli zabitləri
oldular, bizim ziyalılara qan uddurdular. Sumqayıt hadisələrini
özləri yaratdılar, qırğınları özləri
törətdilər. Amma SSRİ Ali Məhkəməsinin qərarı
ilə Əhmədovu güllələtdirib qanunla onu
günahkar çıxarıb Sumqayıt hadisələrini azərbaycanlıların
üzərinə yıxdılar. Halbuki bütün fitnə-fəsadın
başında "Paşa" ləqəbli erməni,
Sumqayıtda doğulan Qrıqoryan dururdu. Əhmədovu
güllələdilər, amma onu 2 ildən sonra buraxdılar.
Bu hansı ədalətdir?
Cəfər
müəllim yenə əlini saçlarına daraq elədi.
Rauf elə
yaxşı təhlil edirdi ki, bəzi məsələlər
Cəfər müəllimi də çoxdan
düşündürürdü. Amma onun kimi bunları
emosional şəkildə söyləyə bilmirdi. Bəlkə
də, başqası olsaydı, açıqlanıb onun
sözünü ağzında qoyar, ya da danışmağa
imkan verməzdi. "Nizamnamədən kənara
çıxma!"
Şairin
bəxtinə mülayim siyasi rəhbər
düşmüşdü.
-
Qarabağda hətta köhnəlmiş, heç bir şeyə
yaramayan ov tüfənglərinini də yığdılar.
Tutaq ki, erməni kəndlərində yaşayan azərbaycanlıların
hansının nə silahı olduğunu kənd sovet sədrləri
bilirdilər. Bəs azərbaycanlı kəndlərindəki
silahları kim bilirdi - özümüzünkülər.
Əbləhcəsinə hamısını yığıb
hökumətə təhvil verdilər. Milləti qoydular əliyalın.
Amma nə SSRİ dövləti, nə də Ermənistan
hökuməti bir dəfə də olsun silahlanan ermənilərin
qabağına durmadı. Dağlıq Qarabağın idarəçiliyini
Arkadı Volskiyə tapşırandan sonra torpaqlarımız rəsmən
əldən çıxdı. Görürsünüzmü,
nə qərar qəbul olunubsa, hamısı ermənilərin
xeyrinə işləyib.
Otaqda
dözülməz dərəcədə gərginlik vardı.
Əgər əsgərlər bu saat silahlarını götürüb
əmrsiz-zadsız Lələtəpənin zirvəsinə
cumsaydılar nə Cəfər müəllim onların
qabağını saxlaya bilərdi, nə də hər
hansı başqa zabit. Hətta general belə bu qəzəbin
qarşısında dayana bilməzdi. Şair əsgərləri
hədsiz dərəcədə şövqə gətirmişdi.
Cəfər müəllimin səssizliyi, deyilən arqumetlərə
heç bir cavab verə bilməməsi, fikirli-fikirli yerə
baxması Raufun tam haqlı olmasına dəlalət edirdi. O,
bu günün şəksiz qəhrəmanı idi.
- Guya
münaqişəni həll etmək üçün Minsk
qrupu yaradılıb. Əslində, onların məqsədi
münaqişəni uzatmaq, Azərbaycanı təslimci
sülhə razı salmaqdır. Budey, bunu görərlər,
- Rauf baş barmağını şəhadət və orta
barmağının arasına soxdu, auditoriya vəcdlə onu
alqışladı, hay-küydən qulaq tutuldu, Cəfərov
heç kimə heç nə demədi.
-
Onların təmsil etdikləri ölkələr bu
münaqişənin həllində qətiyyən maraqlı
deyillər, turist kimi gəlib gəzib, yeyib-içib gedirlər.
Bir deputat olub, Ağabəy Əsgərov,
deputatlığı barədə bir söz deyə bilmərəm,
amma Minsk qrupu haqqında dediyi sözlərin üstünə əlimin
ikisini də qoyuram: "ATƏT impotent təşkilatdir":
Düz deyir, bu "impotent" təşkilatdan nə gözləmək
olar? ATƏT-in məqsədi ermənilərin məqsədi ilə
tamamilə eynidir: status-kvonu saxlamaq, bunun üçün
işi uzadıb, uzadıb axırda çürütməkdir.
Azərbaycan ATƏT-in Minsk qrupundan imtina etməlidir. Bu nə
təşkilatdı e, qızınmadıq istisinə, kor olduq
tüstüsünə. Bir dəfə də olsun xeyrimizə
bir söz deməyiblər. Hər zaman ermənilərin tərəfini
tutublar. Belə də sülhməramlı təşkilat olar?
Siyasi dərs
qurtarmışdı. Hamı fikirliydi. Hamı bəlli suala
cavab axtarırdı. Əslində, cavab elə də çətin
deyildi. Hər şey ortadaydı. Deyəsən, hər
şey, Şair demişkən, Lazım dayının gəlişinə
müntəzir idi. Bu gözləmə, istixarə yaman
uzanırdı. Qəti bir qərar vaxtıydı. Qərar qəbul
etməlilər isə hələ susurdular.
İki-bir,
üç-bir kazarmadan çıxıb qarovula gedənlər
silahlarını götürməyə, hərbi təlim
keçənlər məşqlərə, digərləri də
təyin olunmuş postlara gedirdilər. Dostları iftixarla
Şairin kürəyini döyəcləyirdilər. Bu
günün qalibi o idi!
-
Oğulsan!
O da
zarafatla: - Ayə, ürəyim düşdü, bəsdirin, -
deyib növbəti şapalaqlardan yayınırdı.
* * *
Son vaxtlar
erməni əsgərləri tərəfindən atəşkəs
tez-tez pozulurdu. Xüsusən, əhaliyə qarşı
iriçaplı silahlardan və artilleriya qurğularından
mütamadi güllələr yağırdı. Düşmənlə
üz-üzə sərhəddə - öz dogma yurdlarında
qalanlar, ermənilərin azğınlığına, gülləbaranına
baxmayaraq evlərini atıb getmirdilər, amma günləri
qara idi. Tarlada, zəmidə ardıcıl iş görmək
mümkün deyildi. Əkin-biçin ləngiyirdi. Camaat əlini
tərpədə bilmirdi. Naəlac qalıb torpağı
şumlamaq üçün hava qaralanda, hətta gecə
vaxtı çölə-düzə çıxan adamlar
snayperlə ya vurulur, ya da yaralanıb qanları axa-axa geri
qayıdırdılar. Aşağılı-yuxarılı
heç kim bu dözülməz vəziyyətə daha tab gətirmək
fikrində deyildi.
Axşamdan
xeyli ötmüşdü. Briqada komandiri Mars Barxudarovun
maşını Baş kazarmaya yaxınlaşanda onu qarovulda
duranlardan başqa heç kim görmədi. Torpaq yolu elə
çəkmişdilər ki, kənardan baxanda təpələrin
ardından heç nə görünmürdü.
Briqada
generalı xidməti maşını dayanmamış
qapını açıb düşdü. Onu
qarşılayan alay komandirinin əsgəri təzimini
yarıda kəsib - Hamını çağırıbsan? -
deyə soruşdu.
-
Əmrinizlə dediyiniz adamların hamısı içəridə
Sizi gözləyirlər! - dedi.
-
Çox yaxşı.
Barxudarov
kazarmaya girəndə hamı dik qalxdı. Kimsə raport vermək
istədi. Onun da sözünü yarımçıq kəsdi:
- Azad! Oturun.
Özüylə
gətirdiyi böyük xəritəni divardan asdı. Diqqətlə
şəxsi heyəti süzdü. Mətləbin ciddiliyini
hamı anladı.Danışmağa başladı.
- Məlumat
almışıq ki, ermənilər sabah səhərə
yaxın hücuma keçəcəklər. Onları
qabaqlamalıyıq, hücum qabağı onları
yaxşı yedirib içirəcəklər ki, ürəkli
olsunlar. Bu, bizim xeyrimizədir, hallı olacaqlar, boşalacaqlar.
Onlardan əvvəl biz hücuma keçməliyik və
mütləq Lələtəpəni götürməliyik. Həm
camaat, həm də rəhbərlik hazırki vəziyyətdən
narazıdır. Günorta yenə kəndlərimizi gülləbaran
ediblər. Bir nəfər ölüb, dörd nəfər
yaralanıb. Aran Qarabağdakı kəndlilər yenə
torpağı şumlaya bilməyiblər. Səpinin vaxtı
gecikir. Buna yol vermək olmaz.
Ştab
üzvüləri nəfəslərini udub diqqətlə
briqada komandirini dinləyirdilər. Hamı həyəcanlıydı.
"Axır ki!" Sakitlikdə briqada komandirinin xəritənin
üzərində sürüşdürdüyü qələmin
xışıltısı eşidilirdi.
- Bax,
buradan hücuma keçəcəyik. Uzun müddətli
müşahidələrimiz göstərir ki, ermənilər
aşağı enəndə üçbucaq şəklində,
sonra isə ziqzaqvari axırıncı postlarına belə
düşürlər - xəritədə erməni əsgərlərinin
hərəkət trayektoriyasını cızdı.
Kəşfiyyat
qrupunun rəhbəri və istehkam komandiri qeydlər edirdilər.
Əslində yaddaşlarında həmin əraziləri canlandırırdılar.
Hər şey gözləri önünə gəlirdi.
Barxudarov təkrar yenə erməni əsgərlərinin hərəkət
trayektoriyasını göstərirdi.
- Beş
qrup eyni vaxtda hücuma keçəcək. Bacardıqca kəpənək
kimi səssiz, ildırım kimi sürətli. Kimin əsəbləri
dözməyəcəksə, səmimi deyirəm, qalsın...
Mümkün qədər, az itkiylə bu döyüşdən
çıxmalıyıq. Birinci, "Kitayski post"dan
başlayacağıq. Kapitan Ağayev, bu tapşırıq
sizə həvalə olunur. Ratsiya ilə konkret, aydın,
qısa danışın. Konspirasiyanı gözləyin.
Şərti işarələri, ifadələri bir daha dəqiqləşdirin.
Sapyorlar Qurd dili tərəfdəki ərazini təmizləməlidirlər.
Oradan səhər hücuma keçmək üçün
tanklara yol açılmalıdır. Hüseynov, - sapyor
rotasının komandirinə üz tutdu - bütün texnika məhz
təmizlənmiş eyni yerdən keçməlidir. Bir santim
nə saga, nə də sola.
Komandirlər
gülümsədilər. "Yəni bu qədər dəqiq?"
Briqada komandiri bunu duyub izah etdi. - Əlbəttə, sapyorlar nə
qədər geniş ərazi təmizləsələr sm-siz də
keçinərik.
Barxudarov
bir daha sapyor rotasının komandiri Hüseynova baxdı. O da
başı ilə təsdiqlədi "Aydındır!"
- Allah
köməyimiz olsun. Gecə birə beş dəqiqə
işləmiş başlayırıq. Ortaya əlavə bir
problem çıxsa xəbər veriləcək.
Həyəcandan
hamının ürəyi möhkəm
döyünürdü. Komandirlər qollarındakı saatlara
baxırdılar. Hələ bir neçə saat vardı. Vaxt
il qədər uzun görünürdü. Rauf Kəşfiyyat
qrupunun rəhbəri kapitan Ağayevə yaxınlaşdı.
- Bu qədər vaxtı necə keçirəcəyik?
- Gedək
müşahidə aparaq. ...
Digər
dəstə üzvləri də toplanıb hücuma keçəcəkləri
yerləri bir daha müşahidə etməyə
başladılar.
* * *
Ermənilər
tərəfdə bütün postlarda işıqlar
yanırdı. Hündürdə olduqlarından arxayın idilər.
Hər şey gözləri önündəydi. Hücum -
filan olsaydı azərbaycanlı əsgərlər onların
postlarına çatana qədər biləcəkdilər, dərhal
toparlanacaqdılar. Azərbaycan ordusunun əsgərlərinin vəziyyəti
hərbi-strateyi baxımdan olduqca mürəkkəb idi.
Aşağıdan yuxarı qalxmağın, sürünməyin,
irəliləməyin çətinliyindən əlavə,
bütünlüklə düşmənin gözü
qarşısında açıq hədəfə
çevrilirsən. Nə qədər ehtiyatlı, çevik,
hiyləgər olmalısan ki, diqqət çəkməyəsən,
düşmənin gözündən yayına biləsən.
Qaranlıq
qatılaşırdı. Ermənilər tərəfdə elə
də hərəkətlilik duyulmurdu. Azərbaycanlıların
hücüm edə biləcəyi ermənilərin
ağlına gəlmirdi deyəsən. Ohanyan səddinə
çox güvənirdilər. Əmin idilər ki, minalanmış
sahələrdən keçərkən kiçik bir
ehtiyatsızlıqdan partlayış olacaq, onlar da dərhal gələnləri
gülləbaran edib öldürəcəklər. Ona görə
də arxayınlıqla postlarında mürgü vururdular. Səhərə
isə hələ çox vardı.
"Kitayski
postdan" başlayacaqdılar. Onlara ən yaxın post o idi.
Ermənilər qarovulda dayandıqları yerin
papaqlığını qırmızı kirəmit
parçalarından elə düzəltmişdilər ki,
uzaqdan çin evlərinin dam örtüyünü
xatırladırdı. Ona görə də hər iki tərəf
öz aralarında həmin yeri rus dilində "Kitayski
post" adlandırırdılar. Azərbaycan ordusunda da hələ
hərbi terminlərin əksəriyyəti köhnə ənənəyə
görə rus dilində işlədilirdi. Biz də
yazımızda bu ənənəyə əməl etmək məcburiyyətindəyik.
Gecənin
tən yarısında sapyor rotasının komandiri Hüseynov
astadan "hazırlaşın" dedi. Dəstənin
bütün üzvləri "hazırıq!" dedilər.
Avadanlıqlarını götürüb irəlilədilər.
Çox qaranlıq olsa da, gedəcəkləri yeri
yaxşıca öyrənmişdilər.
Çalışırdılar ki, ayaqlarının altında
daş qalmasın, dığırlanıb səs salmasın.
Yoxsa düşmən nəsə hiss edib atəş
açsa, planları pozular. Maksimum ehtiyatlı olmaq gərəkdi.
Hamı qıs-qıvraq geyinmişdi.
Digər
hücum qrupları da onların ardınca gedirdilər. Bir daha
dəstə üzvlərini nəzərdən keçirən
Hüseynov "Ya Allah" deyib dua etməyə
başladı. Dəstə üzvləri də ürəklərində
kəlmeyi-şəhadətlərini söyləyib tam
toparlandılar. Sürünə-sürünə "Kitayski
posta" yaxınlaşdılar.
Sapyorlarımız
qorxmadan, ürəklə, diqqətlə, ehtiyatla işləyirdilər.
Azərbaycan əsgəri bu günü çoxdan gözləyirdi.
Qaranlıqda ara boşluqlardan, dərə boşluqlarından,
yarğanlardan sürüşərək, pişik kimi
tullanaraq yuxarı dırmaşırdılar. Lap kombriq deyən
kimi: kəpənək kimi səssiz, ildırım kimi sürətli.
Onların
dalınca tapşırıq alan böyük istehkamcı qrup
da sabah obaşdandan tankların rahat keçməsi
üçün əməliyyata başladılar. Böyük
yolu onlar açmalıydılar. Ondan bir gün əvvəl
komandirlər Mais Barxudarov və Bəkir Orucov əraziyə
birlikdə baxış keçirib öz aralarında
döyüş müşavirəsi aparmışdılar və
bu ərazini hədəfləmişdilər. Bütün
proseslər dəqiqliyinə qədər
hesablanmışdı. Bir neçə gün qabaq
tankları, digər döyüş texnikalarını
yaxına gətirib elə gizlətmişdilər ki, kənardan
qətiyyən hiss olunmurdu.
Rövşən
arada Fuada xırda daşlar atırdı ki, ə, tez ol da, səhər
açılır. Nə bitdənirsən orda.
O da
yumruğunu düyünləyib hədə göndərirdi ki,
qoy işimi qurtarım, gör sənin başına nə oyun
açacam. Rəhmətliyin oğlu, mən burda kabab yemirəm
e... Birdən ermənilər hiss edərlər, əməliyyat
pozular. Sonra komandirə nə cavab verərik..
Çaşdırma məni, işləyirəm axı...
Üzeyir
əlinin üstünə düşən damcıdan diksindi.
Əlbəttə, yağış deyildi... Dəsmalını
çıxardıb Akifin tərini sildi.
-
Qorxursan?..
- Yooxx...
Bir gün yaranmışam, bir gün də öləcəm...
Məsuliyyətdən çəkinirəm. Birinci mən
başlamışam. Hamı gəlib burdan keçəcək.
Səhv olmamalıdır. Bilirsən də, bizim işdə səhv
bir dəfə olur. O səhvi mən bəlkə də
başqa yerdə mina axtaranda edə bilərəm. Amma bu
gün burada yox. Gör neçə vaxtdır, bu günü
gözləyirik.
Lələtəpə
yüksəkliyi olduqca mühüm post idi. Ordan baxanda strateji
baxımdan Füzulinin qalan bütün ərazisini, sonra Beyləqanı,
hətta İmişlinin konturlarını görmək olurdu.
Elə möhkəm istehkamlar tikmişdilər ki, onları
keçib Lələtəpəyə qalxmaq ağıla gəlməz
idi. Erməni əsgərlərinin işi formal olaraq keşik
çəkdikləri ərazidə var-gəl etmək idi. Yəni
azərbaycanlılar baxanda görsünlər ki, postda kimsə
var. Həm də öz komandirləri də arxayın olsunlar.
"Kitayski
post"da iki erməni əsgər keşik çəkirdilər.
Hərdənbir də qarşı-qarşıya gəlib yerlərini
dəyişirdilər.
- Növbəti
yerdəyişmə eliyəndə hücuma keçəcəyik.
Onda fikirləri yayğın olacaq. - Kəşfiyyat qrupunun rəhbəri
Ağayev üzünü gizir Rüstəmova tutdu: -
Uzaqdakı sənindir.
Rüstəmov
başa düşdü. İti bıçağını əlində
tarazladı. Rauf və Səlim üzünü çevirib
geri dönən erməni əsgərinin üstünə
şığıyıb onu yerə yıxdılar, nəfəsini
çıxmağa qoymadılar. Süpürləşməni
duyan o biri əsgər silahını tarazlayıb atəş
açmaq istəyəndə Rüstəmovun
bıçağı köksünə sancıldı.
Sıçrayaraq diz üstə çökən ermənini
səsini çıxarmasın deyə dərhal
ağzını qapadılar, Rüstəmov
bıçağı daha da dərinə soxdu.
İlk həmlə
uğurla başa çatdı. Artıq-əskik səs-küy
olmadığından hər şey əvvəlki kimi idi. Sanki
bu kiçik basqı olmamışdı.
Ağayev
məlumat vermək üçün ağzını
ratsıyaya tutdu. Rauf tez yaxına gəlib astadan
pıçıldadı.
- Cənab
komandir, belə deyin. "Çin bizdədir!" Postun
adını rus dilində desəniz, duyuq düşərlər.
Ağayev
duruxdu. Hərbi qayda var. Əməliyyat zarafat yeri deyil. Hər
şey dəqiq və konkret olmalıdır...
Amma
Şair də düz deyir...
Yaxşı,
Şair deyən kimi olsun. Başa düşməsələr,
hamının bildiyi adla deyər.
Kombriq
kapitan Ağayevin siqnalını görən kimi səbirsizcəsinə:
- Bəli, bəli, eşidirəm, - dedi.
-
Çin bizdədir...
Komandirin
başa düşməkdə çətinlik çəkdiyini
səngərdəkilərin hamısı hiss etdi.
Açıq-aşkar tövşüyürdü. Həyəcandan
da ola bilərdi. Nəyisə götür-qoy edirdi.
Açıq danışa bilmirdi, sual verib nəyisə
aydınlaşdırmaq da istəmirdi... Nəhayət səs gəldi.
- Şair
səninlədir.
- Bəli!
- Onun
ağzı ilə danışırsan?
- Bəli
- Deməli
hər şey qaydasındadır.
- Elədi
ki, var!
- Elədirsə
uğurlar!
Hər
şey plan üzrə gedirdi.Postlar bir-birinin ardınca
götürülürdü. Uzun müddtli müşahidələr
bəhrəsini verirdi.Azərbaycan əsgərləri əlləri
ilə qoyublarmış kimi bütün
cığırları və keçidləri uğurla
adlayaraq götürürdülər. Düşməni qəfil
yaxalayıb axırlarına çıxırdılar. O qədər
sürətlə işləyirdilər ki, düşmənlər
əl də tərpədə bilmirdilər.
Lələtəpənin
ətəyindəki beş postun mərkəzi
dördüncü post idi. Danışığı onlar da
tutdular. Yaşlı bir erməni döyüşçü əlini-əlinə
vurub şaqqanaq çəkdi.
- Ara, bu
azarbaycanlılar deyəsən qırılıb qurtarıblar.
İndi də cinlərlə oturub dururlar. Ay sizin... -
söyüş söydü.
-
İçək qəhrəman, igid erməni əsgərlərinin
sağlığına. Dünyanın bütün
cin-şeytanları da gəlsələr, bizə bata bilməzlər.
Başçıları
polkovnik-leytenant Maksim Qriqoryan dolu stəkanı başına
çəkdi. "Vahh!" eləyib silkələndi,
atılıb düşdü. Sosiskanı ortadan bölüb gəvələdi.
Yeyə-yeyə də yenə "vahh! vahh" eləyirdi. Deyəsən
içi çox yanırdı. Özünü göstərmək
istəmişdi, amma tut arağı onu əməllicə
xıxırtmışdı.
Yan-yörəsindəkilər
də tut arağını başlarına çəkib
pufuldaya-pufuldaya əllərini yeməyə uzadırdılar
ki, ikinci raportu da eşitdilər: - İkinci Cin də bizdədir!
Yenə
ştabı qəhqəhə bürüdü. Bir neçəsi
özündən getdi. Bayaqki erməni təntənəli
şəkildə bəyan etdi:
- Sabah
şəxsən özüm generaldan xahiş edəcəm ki,
mənə təkbaşına icazə versin, gedim Horadizi
götürüm. Mənim o Mubarızdan nəyim əskikdir.
Bu azarbaycanlılar nə günə qaldılar, ara adamları
yoxdur, qırılıb qurtarıblar. Sizi inandırıram ki,
cinlər bizim hücumu görsələr, qorxularından onlar
da avtomatlarını azarbaycanlılara tuşlayacaqlar. Sağ
qalmaq üçün cəsur erməni əsgərlərinə
tabe olub müsəlmanların qanını axıdacaqlar.
Görərsiniz.
Səhər
saat 04.25-də hamı eyni zamanda səngərə
çatmışdı.
Mərkəzi
postda da işlər düz gətirmədi. Səngərin
divarına sıyıb qayıdan orta yaşlı erməni azərbaycanlı
əsgərləri görüb bağıra-bağıra
posta təpildi:
-
Türklər ağzımızın içindədirlər.
Əsgərlər
mövqe tutduqları yerdən postu gülləbəran etdilər.
Amma çox güclü müqavimət gördülər.
"Deyəsən çətin olacaq". Ermənilərin
mövqeyi möhkəm idi.
Mayor Elnur
Əliyev:
-
Uşaqlar, gəlin, elliklə posta girək, - dedi.
Hamı
bir nəfər kimi irəli atıldı. Birdən dəstənin
qabağına bir qumbara düşdü. Dəstə üzvlərinə
heç nə olmasın deyə Elnur özünü
qumbaranın üstünə atdı. Dalğadan hərə
bir tərəfə düşdü. Hamının göz
yaşı içinə axdı.
Elə bu
an komandirin səsi gəldi. - Raportu niyə gecikdirisən?
Rota
komandiri vəziyyəti olduğu kimi dedi:
- Cənab
komandir, yaman dirəniş göstərirlər, həm də
çoxdular... Elnur Əliyev həlak oldu...
... hiss
olundu ki, kombriq sarsıldı. Uzun pauza verdi...
Eşitdikləri
sözə əsgərlər inanmadılar.
- Bir az
dözün, özüm gəlirəm!
Maksim
Qriqoyan durmadan döyüşçülərini
ruhlandırırdı. - Qorxmayın!İndi bizimkilər
köməyə gəlib bunların anasını
ağladacaqlar!
Ən
müxtəlif yerlərdən atəş
açılırdı. Ermənilər daldalandıqları
yerə yaxşı bələd idilər. Həm də sayca
çox idilər. İçəri girmək mümkün
deyildi. Heç yaxına getmək də müşkül idi.
Onlar ştabın ağzındakıları yaxşı
görürdülər. Azərbaycan əsgərləri isə
qaranlıq ştabda onları görmürdülər.
Üzeyirlə
Rövşən nisbətən irəlidə idi. Çəmləyib
qapısı dəmir torla örtülmüş kazarmaya iki
qumbara atdılar. İkisi də tora dəyib bir az geri
düşdü. Toz-duman hər yeri bürüdü. Hiyləgər
Qriqoryan kazarmanın ağzına çıxıb yaxında
olan əsgərləri axtarırdı. Birdən Üzeyiri
gördü. Üzeyir çökəyin içində gizlənmişdi.
Qriqoryan avtomatı qaldırıb onun sinəsini nişan
aldı. Bayaq atılan qumbaranın əsgərlərin
hamısını öldürdüyünü zənn etdiyindən
çox arxayın olmuşdu. Sağ qalmayacağını
hiss edən Üzeyir bir anın içində var
gücünü toparlayıb yuxarı dikəldi. Avtomat
güllələri onun qasığını tutdu.
-
Rövşən, məni vurdular!
Rövşən
yaxındaydı. Üzeyirə atəş açanı
gördü. Havaya uçub darağı boşaltdı.
Qriqoryan onu görmədiyindən bir az
boşalmışdı. Tut arağının da təsiri
olmamış deyildi. Başına dəyən güllələrdən
ləngərlədi. Ağzı üstə yerə sərildi.
Son dəfə tətiyi çəkdi. Güllələr səngərin
divarlarına girdi.
Elə bu
an kombriq Barxxudarov iki əsgərlə yetişdi. Səngərdəkilər
aslana döndülər. Aydın məsələdir, əsgər
istəyir ki, komandirinin yanında nəsə bir şücaət
göstərsin, onun gözünə girsin. Ən böyük
mükafat komandirindən xoş söz eşitmək deyilmi?
Barxudarovla
gələn qrantomyotçu dəmir toru vurub
dağıtdı. İçəridə vay-nəfsə qopdu
Kombrıq əmir etdi:
- Ən
azı bir nəfəri diri tutmalıyıq, həm diqqətli
olun, həm də ehtiyyatlı.
Horadizi
götürmək istəyən erməninin
yalvarışları eşidildi.
- Ara,
bizim nə günahımız. Biz özümüz gəlməmişik
ki. Bizi gətiriblər. Yazığınız gəlsin! Bax,
silahımızı qoyub çıxırıq.
Kombrıq
"əl saxlayın!" işarəsi verib dedi:
-
Çıxın! Dəyməyəcəyik.
- Sonra
Rövşən dönüb: - "İçərini
yaxşı-yaxşı yoxla!" - dedi.
* * *
Döyüşün
üçüncü günü günüydü. Ermənilər
Lələtəpəni qoyub xeyli uzaqlara
qaçmışdılar. Çox zəif müqavimət
göstərirdilər. Buna səbəb həm də oydu ki,
Ağamirin cəsur artılleriyası döyüş
zamanı ermənilərin on bir tankını vurub onları
sözün əsl mənasında
sarsıtmışdılar. Heç cür başa düşə
bilmirdilər ki, Azərbaycan əsgərləri bu qədər
dəqiqliklə onların axırına necə çıxa
bilərlər. Ona görə də açıq-aşkar
döyüşdən imtina edib sağ qalanlar da tankdan
çıxıb pərakəndə halda qaçmağa
başladılar. Komandirləri əsgərlərini saxlaya
bilmirdilər. Onların sırasında indi mülki adamlar daha
çox gözə dəyirdi. Deyəsən tələm-tələsik
ətrafda yaşayan erməni rayonlarından yığıb gətirmişdilər.
Onların da naşılıqları o saat
görünürdü. Döyüşə girən kimi
gülləyə tuş gəlirdilər. Hiss olunurdu ki, zorla gətiriliblər.
Ölərkən onları gətirənlərin
ünvanına söyüş söyürdülər.
Narazılıqları çöllərə səpilmiş
qurumuş meyitlərin sifətində də ifadə olunurdu.
Ratsiya ilə
xəbər verdilər ki, vuruşmanın lap önündə
mayor Səməd Nəsibov, bütün polkun sevimlisi Ruhin
Piriyev və bir gizir atılan mərmilərdən həlak
olmuşlar. Düşmən onların meyidini götürməyə
imkan vermir. Bəlkə də özləri götürmək
istəyirlər. Kəşfiyyat qrupunun baş leytenantı
Elşən: - Mən gedib onları gətirərəm! - dedi.
Hamı
ümidlə, həm də nigarançılıqla ona
baxdı. Meyidlər güllə selinin altındaydı. Bəlkə,
doğrudan da, kimsə sağ idi. Ermənilərin canfəşanlığı
bununla da bağlı ola bilərdi... Komandir Mirzəyev Elşənə
və onun qrupuna xeyir-dua verdi. - Gedin. Allaha əmanət olun.
Təcili
yardım maşını ilə həmin koordinata sarı irəlilədilər.
Bizimkilər də həmin istiqaməti güllə
yağışına tutub düşmənin
başını qatır, onları irəliləməyə
qoymurdular. Ölmüş bildikləri
döyüşçüləri maşına yığanda
gördülər ki, Ruhin sağdır. Çatlamış
dodaqlarını yalayıb: - Qardaş, Şahin, gəldiin? -
dedi.
Elşən
ratsıya ilə xəbər verdi ki, Ruhin ağır
yaralanıb, qardaşını arzulayır. Tez Şahinin
döyüşün hansı qolunda olmasını tapıb
onu Lələtəpənin zirvəsinə
çağırdılar. Bu işi kapitan Ağayeva
tapşırdılar. O da Raufa göstəriş verdi.
Geri
qayıdanda Elşən sürücüyə bərk-bərk
tapşırdı. - Çalış, cığırdan
çıxma, bu yolu bizim sapyorlar yoxlayıb, təmizdir, bir az
asta sür, həyəcanlanma.
Mərmilər
təcili yardım maşınının gah sağına, gah
soluna, gah önünə, gah da arxasına
düşürdü. Yaxında partlayan növbəti mərmi
maşını bərk tutdu. Sürücü nə qədər
etdisə də, müvazinəti saxlaya bilmədi. Qrup üzvləri
də, yaralılar da, meyidlər də hərə bir tərəfə
düşdü. Təcili yardım maşınının
qabaq hissəsi dağıldı. Möcüzə baş
vermişdi. Heç kim ciddi xəsarət almamışdı.
Prosesi diqqətlə izləyən Mirzəyev yeni maşın
göndərdi. Sürücü heç nəyə baxmayaraq
təpələri aşaraq gəlirdi. Resorun
qırılmasının, dağılmasının hayında
deyildi. Elşən sol ayağını çəkə
bilmirdi, yara təzə olduğundan axsaya-axsaya onlara tərəf
gələn maşına tərəf yeriyirdi.
-
Yaralıları götürün!
Hamını
bir yerə toplayıb təhlükəli zonadan
uzaqlaşdı.
Ayağından
axan qan dayanmırdı. Remenini çıxarıb bərk-bərk
sıxdı.
Xoşbəxtlikdən,
Elşənin sümüyünə bir şey
olmamışdı. Baldırı
dağılmışdı. Həkim tez sarıyıb
qanaxmanın qabağını saxladı.
Lap
yaxından Raufun - Şairin səsi gəlirdi.
Dəlilərim,
bu gün dava günüdü,
Müxənnət
ölkəsi talanmaq gərək!
Qoç
iyidlər yarasından bəllənər,
Şərbət
tək qanını yalanmaq gərək!
Koroğlu
içəndə düşmən qanını,
Mərd
meydanda nərəsindən tanını,
Qırın
vəzirini, tutun xanını,
Leş-leşin
üstünə qalanmaq gərək!
Şahin
Şairin sözlərindən lap vəcdə gəldi. O da
ürəkdən "Leş-leşin üstünə qalanmaq
gərək" deyərək nərə çəkdi. Ermənilər
tez aradan çıxa bilsinlər deyə texnikalarını,
silahlarını da atıb qaçırdılar, təki ələ
keçməsinlər.
Raufun
boğuq səsi gəldi.
-
Şahin! Qardaşın yaralanıb. Bəlkə
aşağı aparmaq lazım gəldi. Yanında olsan
yaxşıdı.
Şahin
deyilənləri adi söz kimi qarşıladı. Bu saat ilk
ağla gələn söz yaralanmaq idi. Müharibədir dəə...
Hamı yaralanır. Yaralanmaq yaxşıdır, təki
ölmək olmasın. Şairin də üz-gözü qan
içindəydi. Alnında, sifətində, boynunda
sıyrıntılar vardı. "Əşşi, yəqin
adi şeydir. Vaxt itirməyə dəyməz."
Bağıra-bağıra irəli yüyürdü:
-
Heç bu ləzzəti yarımçıq qoyallar?
Şahin
güllə yağışının altında rəqs
edirmiş kimi atıla-atıla gah sağ, gah da sol tərəfdəki
çökəklərə girərək düşmənin
düz üstünə yeriyirdi. Rauf onu döyüşdən
aralaya bilməyəcəyini anlayıb axır
sözünü dedi:
-
Ağır yaralıdır. Səni istəyir... Deyir,
sözüm var.
Söz elə
bil indi çatdı. Şahinin əli tətikdə dondu.
Şair üzünü çevirib irəli cumdu, xeyli
aralandı. Yenə "Koroğlu"dan şer deyirdi.
Hoydu, dəlilərim
hoydu,
Yeriyin
meydan üstünə!
Havadakı
şahin kimi,
Tökülün
al qan üstünə!
"Görəsən
qardaşı nə demək istəyir. Yəni belə
ağır yaralıdı?"
Cəmirtkənliklərin
arasıyla geri sürünürdü. Arxa cəbhədəkilər
yaralıları daşıyırdılar. Cəld və tədbirli
tərpənirdilər. Çovutma güllədən
savayı onları heç nə tutmazdı. Düşmənin
başı qaçmağa qarışmışdı. Ermənilər
canlarının hayındaydılar.
... Ruhin
döyüşdən 3 ay əvvəl kurs keçmişdi. Bədəncə
arıq uşaq idi. Qardaşı Şahin zarafatla deyirdi ki, ə,
sən Allah, ondan muğayat olun, bərk külək əssə,
götürüb aparacaq, əldə-ayaqda itəcək.
Şahinin
belə deməyinə baxmayaraq Ruhin çox zirək və əldən
itiydi. Göz yumub açınca avtomatı açıb
yığırdı. Hətta zabitlər belə onun kimi
sürətli deyildi. Belə arıq uşaq 80-90 dəfə
jim edirdi, 40-50 dəfə turnikdə dartınırdı.
Söz tapa bilməyənlər bunu onun çəkisinin
azlığı ilə bağlayırdılar. Ruhin
gülümsəyib bircə bunu deyirdi: - Yaxşı,
avtomatı söküb yığmağım nəylə əlaqədardı?
Ancaq Ruhin
kursu birinci bitirdi. Çox özündən deyən
oğlanlardan fərqli olaraq hərbi normativləri
artıqlaması ilə yerinə yetirdi. Döyüş
tapşırıqlarını sürətlə və
uğurla yerinə yetirməkdə ona çatan
olmadı.Şahin bu dəfə də zarafatdan qalmadı:
- Sən
ölmüyəsən, deyəsən qardaşımı
yaxşı tanımamışam.
Ruhin erməni
əsgərlərini ot kimi biçirdi. Düşmən
özü məəttəl qalmışdı ki, atılan
güllələr ondan necə yan keçir. Gözlərinin
qabağında olan onları öldürür, onlar isə
heç nə edə bilmirlər. Axırda sözləşib
onu qumbara ilə öldürməyi qərar alırlar. Ruhinə
üç qumbara atırlar. Biri ayaqlarının altına
düşür. Qəlpələr bütün bədəninə
dolur. Yıxıla-yıxıla da olsa yenə atəş
açır, ona yaxınlaşıb hər ehtimala
qarşı əsir götürmək istəyənləri
sözün əsl mənasında biçib
tökürdü.
Şahini
görən kimi əl elədilər. Onu haylayanların
üzlərindəki təlaşı görüb
götürüldü. Ruhinə yaxınlaşanda onu qan
içində gördü. Bütün varlığı
sarsıldı. - "Qardaş, qardaş! - deyib onun
başını qucaqladı. Gözündən sel kimi yaş
axmağa başladı. - Qardaş! - deyib bir də haray
çəkdi. Bərk-bərk bağrına basdı.
-
Yavaş, ağrıdır... - Ruhin inildədi. Şahinin dərhal
qolları boşaldı.
- Necə
oldu?... - "yaralandın" sözünü demədi.
Artıq idi...
-
Böyrümdə qumbara partladı. Elə bil məni
götürüb... göydən yerə
çırpdılar.
Döyüş
uzaqlardaydı, Nüzyar kəndinə doğru düzəngahlarda
arxa cəbhədəkilər əyilib eləmədən
yaralıları daşıyırdılar. Nəhayət onlara
da yaxınlaşdılar. Şahinin də köməyi ilə
Ruhini xərəyə qoydular. Sürətlə
aşağı, avtomobillərin yanına qaçdılar.
Şahin qardaşının başı üstündən
aralanmadı: - Mən də gedirəm!
Tibbi
personaldan heç kim dinmədi...
Əhmədbəyli
hospitalında qəlpələrin çoxunu
çıxarıb,yaralarını sarıyıb, Ruhini bir az
özünə gətirmişdilər. Havası
çatmırmış kimi dərindən nəfəs
alıb kəlmə-kəlmə danışırdı.
Şahinin əlini buraxmırdı. Şahinin israrlı
xahişindən sonra həkimlər beş dəqiqəliyə
icazə vermişdilər.
-
Qardaş, ölsəm...
Şahin
tələsik onun sözünü kəsdi. - Allah eləməsin,
elə danışma. Atamız, anamız bizi gözləyir...
-İçim
doğranır, deyəsən gedəcəm.
- Bəsdi
taaa...
-
Qardaş, - Şahin diqqətini cəmlədi - Həsən
müəllimin qızı vardı haa... Gülnarə...mən
onu sevirdim. Özünə də demişdim. Amma...
sözümü eşidəndə, nədənsə
özünü aldırmadı... Qaşını
çatıb fikrə getdi.Bəlkə də qabaqdan adamlar gəlirdi...
ona görə... Deyərsən, onun həsrətilə getdim
bu dünyadan.
Şahin
sonralar da dəfələrlə öz-özünə sual
verirdi ki, temperaturu normal, bəlkə də hələ isti
olan otaqda o necə dondu, bədəni necə suya döndü,
əli-ayağı keyidi...
Şahin
özü əsgərliyə gəlməmiş kəndsayağı
Gülnarəylə əhdi-peyman bağlamışdılar. -
Sağ-salamat qayıt, gəl - əsas budur! Sözümüz
sözdür - qız demişdi.
Ruhin necə
dedi: "deyəsən özünü aldırmadı".
"Can
qardaş, qəlbini qırmayıb, o məni sevir axı."
Şahinin
qaxaca dönmüş cəsədini sürüyüb
palatadan çıxartdılar. Çünki heç nə
eşitmirdi, anlamırdı, qup-quru qurumuşdu. Maşına
mindirib xidmət etdiyi hərbi hissəyə göndərdilər.
Hər ehtimala qarşı yanına bir nəfər də
mindirdilər. Həkim həmin adama nə isə
pıçıldadı. Fərqinə varmadı.
Çox-çox sonralar xatırladı.
Şahin
anlamaq, eşitmək halında deyildi.
* * *
Əsgər
yoldaşları onu təmtəraqla qarşıladılar.
Orden vermişdilər. Komandirdən icazə alıb
"cızı keçməmək şərti ilə"
xudmani məclis də düzəltmişdilər. Fikri
qardaşının yanında, onun dediyi sözdə idi.
Sağ qalan dostları - əksəriyyəti yaralı idi, demək
olar ki, hamı sarğıda idi - şadyanalıq edirdilər,
əsgərlər qürurdan, qələbədən içməmiş
sərxoş idilər. İlk qədəhlər, ürəkləri
bizimlə olan, mübarək bədənləri Vətən
torpaqğının altında olanların
sağlığına qaldırıldı. Tam səssizlik
içində son damlaya qədər içdilər.
Rauf: -
Allah rəhmət eləsin!... - dedi. Hamı təkrar etdi.
Oturdular.
Şahinin
fikirliliyi hamının diqqətini çəkirdi. Əlbəttə,
qardaşına görəydi... Bircə Şahin bilirdi ürəyini
göynədən nədir. Kimsə böyürdən: -
Çörəyini ye, Allah elə oğula qıymaz, - deyə
ürək-dirək verirdi.
"Allah,
bu necə olub mən bilməmişəm? Sabah əsgərliyimizi
başa vurub evə qayıdanda məsələ
açılsa, neynəyəcəm, nə deyəcəm?"
* * *
Döyüşlər
sənqimişdi. Adda-budda atəş səsləri
eşidilirdi. Düşmən darmadağın olub geri çəkilmişdi.
Hamıda böyük ruh yüksəkliyi vardı. Azərbaycanın
hər yerindən tökülüb Lələtəpəyə
gəlirdilər. Xalq bəxtəvər idi. Onun igid
oğulları düşmənin daşını daş
üstə qoymamışdı. Qurbanlar kəsilir, şairlər
qəhrəman əsgərlərmizi öyür, müğənnilər
şən mahnılar oxuyurdular. Böyük bir el bayramı
yaşanırdı. Sahilsiz sevinc insanları, əsgərləri,
yarğanları, dərələri, təpələri,
bütün Lələtəpəni qoynuna almışdı.
Hamı xoşbəxtliyin, sevincin zirvəsindəydi. Bircə
Şahindən savayı.
Aprelin 7-də
səhər idmanından sonra taqım komandirinin onu
çağırdığını söylədilər.
Özünü qaydaya salıb ştaba yollandı. Nöbətçiyə:
- Xəbər verin ki, cavuş Piriyev əmrinizlə gəlib!
- deyib gözləməyə başladı.
Uzun
çəkmədi. Komandir dərhal qəbul etdi. Ata kimi
qollarını açıb onu bağrına basdı. Nəyə
görəsə gözləri nəmləndi. - Həyatdır.
Döyüşün öz qayda-qanunları var Bunu sənə
izah etmək artıqdır. Sən də, qardaşın da
ordenə təqdim olunmusunuz. Kişi kimi vuruşdunuz. Deməli
belə... Məsləhət olub ki, qardaşının
müalicəsi evdə davam eləsin. İndi onlar xəstəxanadan
çıxırlar. Sən də hazırlaş, dal-qabaq
çıxın. Sənə 10 günlük məzuniyyət
verirəm. Onsuz da xidmət müddətin bitmək üzrədir.
Qalanını özün bilərsən. Qayıtsan, göz
üstə yerin var. Sənin kimi təcrübəli
döyüşçülərə ehtiyacımız var.
Şahinin
fikri bir az avazıdı. Əsgərliyə gələndən
evlərinə getməmişdilər. Dünən
qardaşını görməyə də icazə verməmişdilər
- reanimasiyadadır, - demişdilər. Lap yaxşı, qoy
evdə əməlli müalicə olunsun!
Hərbi
hissənin sürücüsu böyründə peyda oldu. -Xəstəxananın
təcili yardımı yola düşüb. Biz də
çıxmalıyıq.
Şahin
cəld yır-yığış eləyib "Villisə"
oturdu. Lələtəpənin ətəklərindən
dolama-dolaşıq yollarla şütüyüb asvalta,
çıxdılar.
Hər
yerdə yazın xoş nəfəsi duyulurdu. Çöllər
çiçək açmışdı. Meyvə
ağaclarının çoxu tumurcuqlamışdı.
Çöl-bayır əməlli-başlı dirilirdi. Hər
yan gözəlləşirdi. Yaşamaq, var olmaq böyük
nemət idi. Bircə qardaşı da ayağa dursaydı.
Sürücü
ona edilən zəngləri ağızucu
cavablandırırdı. Hərdənbir də keçdikləri
yerin adlarını çəkirdi. Bircə dəfə Beyləqandan
çıxanda: - Bəli, cənab komandir! - deyib sonra "bəli,xeyirlə"
cavab verdi. Axırda: - Cənab komandir sənə salam göndərdi.
Necə vuruşduğunu bir daha xatırladı. Dedi həmişə
elə mərd, mətin olsun.
Şahin
təşəkkür edib fikrə getdi. İmişliyə
girmişdilər. Eyni mənzərəydi. Çöldə
traktorlar işləyirdi. Səpin başlamışdı.
Camaat əkin-biçin hayındaydı.
Sahin
soruşdu:
- Bəs
dal-qabaq gedəcəkdik. Ruhingilin maşını harda
qaldı?
- Təcili
yardımla gedirlər. Bizdən qabaqdadırlar.
- Sür
çataq dəə...
- Az
qalmışıq.
Bəhrəmtəpədə
qoşalaşdılar. - Bəlkə düşüb
qaqaşıma bir baş çəkim... - Şahin zəif səslə
dilləndi.
- Onsuz da
az qalmışıq. Budu buradı - Biləsuvar -
sürücü mızıldandı.
Şahin
sözü çevirmədi. Düz deyirdi.
* * *
Onların
evi İmişli-Biləsuvar yolunun üstündəki II
Cadır şəhərciyində lap axırıncı cərgədəki
küçədəydi. Küçənin adı yox idi.
Ümumiyyətlə, cadır şəhərciklərində
küçələrin adları olmur. Yer tanınmış
bir şəxsin ya da ailənin yaşadığı evin
sağı-solu, ya da aşağısı-yuxarısı deyə
səmtlərlə tanınırdı.
Şahin
evlərinə burulan yola yenicə girmişdi. Adamlar
ikibir-üçbir cadır şəhərciyinin
yuxarısına diklənirdilər. Elə də fərqinə
varmadı. Adamlardı daa... dukana, bazara, hökümət idarələrinə
gedirlər... yəqin.
Bir az da
getdikdən sonra adamların daha da
çoxaldığını, bayraqlarımızı
gördü. "Bu nədir, mitinq?" Amma şüar-filan
deyən yox idi, adamlar təmkinli, qayğılı
görünürdülər. Evlərinə
yaxınlaşanda adamların sıxlığından mindiyi
maşın birayaq-birayaq irəliləməyə başladı.
Təcili yardım maşınına camaat yol
açırdı. Onların avtomobilinə etina edən yox
idi.
Birdən
qulağına ağlaşma səsi gəldi. Hövlləndi.
"Noolub axı?" Hesabla belə olmalı deyildi.
Sağ-salamat geri qayıdıb. Qardaşı yaralı olsa da,
o da evlərinə gəlib. Adamlar niyə belə
hüznlüdürlər?
Birdən
kimsə onu maşının şüşəsindən
gördü. Bir-birlərinə göstərib heyrətlə
nəsə deyirdilər. Bir arvad əlini üzünə
atdı. (Sonra ona dedilər ki, sakitcənə maşında
oturub adamlara baxmağın camaatı çaşdırıb.
Onlar bilmirlərmiş ki, sənin hadisədən xəbərin
yoxdur) Onun da mindiyi maşına yol açıb evlərinə
tez yetişməsini təmin etdilər.
Evlərinin
qabağında ilk gördüyü Ruhinin komandiri oldu. Sonra məktəbli
olduqları bilinən gənclərin əlində Ruhinin şəkilləri...
İcra Başçısı, ətrafında yəqin ki,
rayonun rəhbər işçiləri... hamısı
kostyumda, qalstukda, tanımadığı hərbçi-polkovnik...
(voenkomat idi).
...Anasının,
bacılarının səsini indicə tanıdı. Bunlar
axı niyə ağlayırlar?
Qaçqın
şəhərciyi Şahinə tanış və dogma idi. O
da digər yaşıdları kimi cadır şəhərciyində
doğulmuşdu. Burda məktəbə getmişdi,
böyümüşdü, Gülnarə ilə əhd-peyman
bağlamışdı... Əsgərliyə
yollanmışdı...
Ona fikir
verən yox idi. Adamların başı təcili yardımdan
endirilən... nə?! Bu tabut kimindir. Bu ki, onlardan əvvəl
gələn təcili yardım maşını idi. O
maşında yaralı Ruhin gəlirdi... evdə müalicə
olunmaq üçün... Allah!..
Anasının
sifətindən qan damcılayırdı. Elə
bacıları da anaları günündəydi. Əmisi
arvadları, dayısı arvadları - bütün qohum-əqrəba
eyni vəziyyətdəydilər. Anası ağa bükülmüş
meyidin başını qucaqlayıb elə hey deyirdi: -
İlahi, belədirsə də canı cannan dəyiş, hər
şey sənin əlindədir. Bu saat mənim canımı
al, balamı dirilt. Bəs deyirdilər yaralanıb?
Anasını
sakitləşdirməyə çalışırdılar.
Arvad özünü öldürürdü. Kimsəyə
yaxa əl vermirdi. Yerə-göyə üsyan edirdi.
Sözü elə bu idi: - Canı cannan dəyiş, pərvərdigara.
Axı sənin əlində bu nə çətin bir
işdir ki...
Şahin
donub qalmışdı. Axı komandir onu çox ürəklə,
inamla, ümidlə qəbul edib göndərmişdi. Bu necə
oldu? Yəni yolda keçindi?
Keyimiş
addımlarla yığnağa yaxınlaşdı. O
yığnağa ki, anası, bacıları özlərini al
qanlarına qəltan eləmişdilər. Birdən kimsə
onu gördü: - Şahin, Şahin, Şahin!...
Hamı
dondu. Bu nədir? Qardaşın biri sağdır.
Şükür. Qardaşının meyidini Şahin gətirib?
Niyə xəbər verməyib?
Anası
gördüyü mənzərədən heç nə
anlamayıb qəşş elədi. Qonşu arvadları onu
tutdular. İki daşın arasında deyəsən
gözaydınlığı verirdilər.
- Aazz,
gözlərin aydın, Şahin sağ-salamat gəlib. Ay
qız, özünü öldürmə. Qurban olduğumuz
birini öz rəhminə bağışlayıb.
Bir
gözü ağlar, bir gözü gülər ana heysiz
addımlarla "Şahin, Şahin" deyərək
böyük oğluna sarı addımladı. Təzədən
bayıldı... Bacıları Şahinə sarıldılar.
Bilmirdilər ağlasınlar, yoxsa sevinsinlər.
Ruhinin
meyidini təzədən maşına qoyub cəbrayıllıların
Azərbaycanın daha bir rayonunda salınmış qəbiristanlığına
apardılar. Arvadları qəbiristanlığa getməyə
qoymadılar... Adət belədir.
Matəm
mitinqini İcra Hakimiyyəti Başçısı
açdı. O, Vətənin məhz Ruhin kimi şəhid
oğulların çiynində ucaldığını
vurğuladı. Azərbaycan Ordusunun polkovniki Abdulla Qurbanı
Ruhinin bütün gəncliyə nümunə olmasını
xüsusi olaraq qeyd. Oxuduğu məktəbin direktoru onu
çalışqan, tərbiyəli, dərrakəli bir
şagird kimi həmişə xatırlayacaqlarını
söylədi. Qonşuları Habil kişi onu məhlədə
ən sakit, ədəbli, böyük-kiçik yeri bilən
cavan kimi qiymətləndirdi: - Elə olurdu bir gündə
üç dəfə cadırın ayağındakı
dukana göndərirdim. Bir dəfə də üzümə
qayıtmazdı ki, əşi, alacaqlarını bir dəfəlik
yaz bir kağıza daa...
Ənənəvi
çıxışlar idi. Ən qəribəsi isə buydu
ki, deyilənlərin hamısı düz idi. Ruhin həqiqətən
bu keyfiyyətlərə malik insan idi. O özünü həqiqətən
belə tanıtmışdı.
* * *
Qəbirstanlıqdan
geri qayıdanda əmisi, dayısı qoluna girib ona görə
Allaha şükürlər edirdilər ki, nə yaxşı
o sağ-salamat qalıb. Allahın Əşrəfə
yazığı gəlib.
"Bay?!
Atam hanı bəs?"
Atasının
adını eşidən kimi Şahin döyükdü.
Axın-axın yeriyən insanlara boylandı. Niyə indiyənəcən
görünmədiyini soruşmaq istədi. Rayon İcra
Hakimiyyəti Başçısının
başsağlığı yaddaşını dondurdu. Digər
rəhbər işçilər də təəssüfləndiklərini
bildirdilər. Rayonun belə bir igid oğlunu itirməsinə
çox üzüldüklərini söylədilər.
Rayon
aktivi maşınlarına minib hüzr yerini tərk etdilər.
Evlərinə
yaxınlaşmışdılar. Camaat yas mağarı qururdu.
İcra Hakimiyyəti yasın bütün ehtiyatını
göndərmişdi. Başı
başsağlıqlarından avazıyan Şahin kiçik əmisindən
soruşdu.
- Atam
hanı bə?
- Dünən
sizin dalınızca Lələtəpəyə getdi.
- Nə?..
Onu ora buraxmazdılar axı?
- Nə
bilim?..
Eləydi.
Oğlanlarından nigaran qalan Əşrəf kişi köhnə
"Jiquli"sini minib cəbhə bölgəsinə
yollanmışdı. Müharibə bitmişdi.
Oğlanlarından bir xəbər yox idi. Heç birinin
telefonu cavab vermirdi. Nigaran ata canını saran şübhələri
avazıtmaq üçün Lələtəpəyə getməyi
qərara aldı. Onlanlarının ikisi də Lələtəpə
ətrafındakı hərbi hissələrdə qulluq edirdilər.
"Niyə xəbər-ətər yoxdur?"
Füzulidə
qarşılarını kəsib döyüş bölgəsinə
yaxınlaşmağa qoymamışdılar. Təkcə
Əşrəf kişi deyildi, ətraf rayonlardan, Bakıdan,
Sumqayıtdan da yüzlərlə insan, xüsusən gənclər
Lələtəpəyə - döyüş bölgəsinə
can atırdılar. Polislərlə əməlli-başlı
mübahisə edir, hətta əlbəyaxa olur, onları
buraxmalarını təkid edirdilər. Polislərin öhdəsindən
gələ bilməyəcəklərini görüb ehtiyat
ordu hissələrindən dəvət etdilər. Onlar polislərin
arxasında sep yaratdılar. Yalnız bundan sonra gənclər
sakitləşdilər. Digər adamlar da, necə deyərlər,
qanun-qaydaya tabe oldular. Amma yenə deyinənlər, narazı
qalanlar çoxdu və heç kim geri durmaq istəmirdi.
Cadır
şəhərciyində hamı başa
düşürdü ki, yas təzədən bir də
başlayacaq. İkinci müsibət qalmışdı
Əşrəf kişinin Füzulidən
qayıtmağına. İndi bu xəbəri ona kim verməliydi?
Əşrəfin qardaşlarından heç biri boynuna
götürmədi. Dayıları da "biz bir köynək
geriyik, elə ağır yükün altına girə bilmərik"
dedilər.
Ümid məktəb
direktoru Cəlal müəllimə qaldı. O da boynundan atanda
yer-yerdən üstünə düşdülər ki, elin
ağsaqqalısan, bu işi sən görmüyüb kim
görəcək? Vaxtikən, zəng elə, gətirtdir.
Axşama da olsa gəlsin, təzədən mərəkə
açmayaq.
Cəlal
müəllim candərdi razılaşdı. "Həmişə
belə ağır işləri mənim üstümə
atırsınız". Amma camaatın təzyiqi ilə
artıq Əşrəf kişinin nömrəsini
yığmışdı.
- Ə,
hardasan, uşaqların gəlib evinə, sən yoxsan.
Əşrəf
ona inanmadı.
- Ə, məni
dolama. Yoxsa bir şey olub.
- Noolajax,
Allaha şükür! Budey, Şahin də yanımdadır.
- Onda
telefonu ver ona görüm.
Şahin
özünü toplayıb telefonu qulağına tutdu. Az
qaldı telefon əlindən düşsün. Atasının
nigaran və xırıltılı səsini eşitdi.
- Ata...
- Can ata!
Şahin, sənsən?
- Mənəm
ata. Hardasan?
- De
görüm Ruhin də səninlədir?
-
İkimiz də gəlmişik, ata!
Şahin
qəhərləndi. Atasının qəfil, sevincək
sözləri olmasaydı ağlayacaqdı. Elə bil
kişini muştuluqlamışdılar.
- Onda bu
saat çıxıram.
Şahin
tez düyməni basıb elə hönkürdü ki, hamı
təzədən yasa batdı. Bu işin sonu necə
olacaqdı? Oğlu atasını aldatdı. O düzdü ki,
Əşrəfin oğlanlarının ikisi də kənddədir.
Amma biri torpaq altındadır. Ata gəlib o biri oğlunu
görməyəndə, o müsibətə kim cavab verəcəkdi?
Cəlal
müəllim fikirləşirdi ki, oğlu Şahin dedi
qardaşımla birlikdə kənddəyik. Şahin də
fikirləşirdi ki, deyəcəm Cəlal müəllim zəng
elədi. Mən də məcbur qalıb elə dedim.
Hadisəni
evdəkilər də bildilər. Arvad təzədən
üzünü cırıb qoydu yerə ki, Əşrəfin
ürəyi xəstədir. Ruhinin yoxluğuna dözə bilməyəcək.
- Ay
camaat, sizi and verrəm Allaha, Əşrəfə dayaq durun.
Qoymayın başına bir iş gəlsin.
Camaat
qorxduğu ikinci müsibət elə Əşrəf gəlməmiş
başladı. Ailə üzvləri bir-birinə dəydi.
Qızlar təzədən saçlarını yolub
qışqırışırdılar. Ağsaqqallar irəli
durdular. - Əl verin, ay camaat, görmürsüz
göz-görəti qırılılar?
Əslində,
özü ərindən betər gündəydi. Neçə
dəfə bayılıb ürəyi getmişdi. Hər dəfə
də zülümlə özünə gətirirdilər.
Hamının gərəyi olan - nə yaxşı ki, Allah onu
verib - tibb bacısı Çəməngül neçə dənə
iynə vurmuşdu, həbb atdırmışdı. Elə
qızları da yaman gündəydi.
- Ay Cəlal
müəllim, səni and verirəm Allaha, heç yerə getmə,
buralarda ol. Elin ağsaqqalısan, səndən başqa kimimiz
var.
- Burdayam,
burdayam, heç yerə gedən döyüləm, - tez-tələsik
dilləndi.
Adamları
yas mağarına dəvət etdilər. Doğrudan da, el
gücü - sel gücü. Camaat bir anın içində hər
şeyi başa çatdırıb qurtarmışdı.
Heç kim yığnaqdan aralanmamışdı. Faciənin
ağırlığını başa düşürdülər.
Hamının başına gələ bilərdi. İndi bu
saat əsas məsələ Əşrəf kişini
qarşılayıb onu ilkin şokdan mümkün qədər
ustufca çıxarıb yola vermək idi.
Cəlal
müəllim Əşrəfə deyəcəklərini
ürəyindən belə keçirirdi:
-
Ölüm hamı üçün yazılıb.
Süleymana qalmayan dünya kimə qalacaq ki. Oğlun Vətən
yolunda həlak olub. Kişi kimi! Kaş komandirinin dediklərini
eşidəydim. Dövlət orden verib. Pis bir hadisənin
ucbatından, ya da hansısa xəcalətli bir işə
görə ölməyib ki. Vətən borcunu yerinə yetirəndə
həlak olub. Toxtaq ol! Sən toxtaq ol ki, arvadın,
qızların, qohum-əqrəban da özünə gəlsin.
Şahin də Allaha şükür, budey, gözüyün
qabağında.
* * *
Üfiqlərin
qızaran, günortanın bozaran vaxtıydı? Parlaq şəfəqlərdən
daha adamların gözləri qıyılmırdı. İsti
də elə yandırmırdı. Araz bir az uzaqda olsa da, yeli
bu aralığı tuturdu. Hündür, böyük
ağaclar yox idi. Hamısı təzə tinglər idi.
Altında kölgələnmək olmurdu. Səmtinə
görə bəzi evlərin tinində, arxasında gündən
qorunmaq olurdu. Adamlar daha çox kölgə düşən
yerlərə yığılmışdılar, O yerlərdə
sıxlıq idi.
Əşrəfin
maşını şəhərciyə dönən yolda
görünəndə camaat əl-ayağını
yığdı. Yas cadırındakılar da eşiyə
çıxdılar.
Əşrəf
kişi yas mağarını gördükdə dalağı
sancdı. "Nə çox adam var. Bunlar niyə gəliblər.
Kənddən ölən var? Yas mağarı mənim evimin
niyə qabağındadır?"
Başı
hərləndi. Suallarına cavab tapa bilmədi. Ürəyi
sıxıldı.
Bir də
gördülər ki, Əşrəf kişinin maşını
yolun sağını da gedir, solunu da. Cavanlar
yüyürüb maşının qabağını kəsdilər.
Əşrəf kişini kabinədən çıxarıb
qoluna girdilər. Cəlal müəllim Şahinə
çevrildi:
-
Yanımda dur, oğlum. Sən daha, Allaha şükür, yekə
kişisən, odun-alovun içindən çıxıbsan.
Müharibə nədir, ölüm nədir - bilirsən.
Əl-ələ verib görək Əşrəfi birtəhər
ötüşdürə bilirikmi?
Cəlal
müəllim nə qədər özünü tox tutsa da
axıracan bacarmadı. İrəli yeriyib bəxti
çönmüş həmkəndlisini qucaqladı.
- Dərdin
alım, a Əşrəf, indi sənin oğlun kəndimizin
şöhrət tacı oldu. Hamımızın
başını dövlət yanında, el-oba içində
uca elədi. Sən də başını uca tut. Çox
şükür, Şahin salamatdı...
Əşrəf
Şahini gördü. Cəlal müəllimin böyründə
dayanmışdı. "Ayə, bu nə vaxt
böyüyüb Cəlal müəllimi ötdü".
Şahin
olduqca təmkinli, yaşından xeyli böyük
görünürdü.
Əşrəf
ağlına, fikrinə gələni başından atmaq
üçünmü, baş verə biləcək müsibətə
inanmamaq üçünmü key-key adamlara baxırdı. Elə
bil dərk etmək duyğusu donmuşdu, nə illah edirdi
baş verənləri anlaya bilmirdi. O da Şahin kimi Ruhinin
şəklini məktəblilərin əlində görəndə
diksindi. "Nə münasibətlə?" Cəlal müəllimə
döndü.
- Cəlal
müəllim, sən böyütdürmüsən? Bilirəm,
əziz şagirdin ölüb... Zəhmət çəkmisən,
özüm...
Cəlal
müəllim qollarını açıb həmkəndlisini
qucaqladı.
-
Qardaş, Ruhin Vətən yolunda həlak olub. Şəhidlik
zirvəsinə ucalıb. Görəydin, komandirləri onun
haqqında nələr dedilər. Başını uca tut. O,
indi hamımızın oğludur. Elin oğludur. Toxtaq ol...
Cəlal
müəllim qucağındakı adamın get-gedə
sustaldığını gördü. Saxlamağa gücü
çatmadı. Camaat tökülüşüb hərə
bir tərəfdən Əşrəf kişiyə dayaq
durdular. Şahin də atasının qoluna girdi. Sonra
qucağına alıb bütün ağırlığı
öz üzərinə götürdü. Dostları iftixarla
ona baxırdılar. Əməlli-başlı kişiləşmişdi.
Dik durmuşdu. Heç bir ağırlıq hiss etmirdi.
Atasının tanış qoxusu Şahini az qala
bayıldırdı. "Can, ata! Sənə mən Şahin
oğlun qurban!"
İlk təəssuratlar
ötən kimi Əşrəf kiçik oğlu Ruhini
xatırladı. Ağlar gözləri ilə böyük
oğluna baxdı.
-
Qardaşını niyə qoruya bilmədin? Onu sənə
tapşırmışdım axı.
Burda
artıq Şahinin də, camaatın da dözümü
qırıldı. Yaşından asılı olmayaraq
hamıdan elə hönkürtülər qopdu ki, evindən
xeyli aralı olmasına baxmayaraq həyətdəkilər də
işin nə yerdə olduğunu anlayıb nalə çəkdilər.
Hamı bildi ki, Əşrəf qayıdıb gəlib.
* * *
Ruhinin vəfatının
üçündən sonra evdəki ağır ab-hava bir az
sinsimişdi. Başsağlığına gələn
adamların sayı xeyli seyrəlmişdi. Anasının,
bacılarının, qohum arvadlarının özlərini
öldürməsi, götürüb göydən yerə
vurmaları xeyli səngimişdi. Bir dənə ağır məclis
qalmışdı - rəhmətliyin yeddisi. Onu da yola verəndən
sonra bir az toxtamaq olardı.
Amma arada
gəlib-gedənlər yenə də olurdu: qonşu rayonlardan,
Bakıdan, o biri çadır şəhərciklərindən...
Əşrəf
axıracan içib qurtara bilmədiyi stəkanı kənara
itələyib süfrəyə baxa-baxa dilləndi.
-
Oğul, hesabla sənin əsgərliyinin vaxtı bitməlidi.
Şahin
çiynindən necə gündən bəri onu girinc edən
yükü atmaq üçün əlinə fürsət
düşdüyünü görüb dərindən nəfəs
aldı. Dizləri üstə durub atasının dediklərini
təsdiqlədi.
- Bəli,
ata.
-
Qayıdıb hansı işin qulpundan yapışmaq istəyirsən?
Hər
bir ata-ana, ümumiyyətlə ailə öz
övladlarının yanında olmasını istəyirlər.
Daha nə? Bu günün sabahı var, el-oba var,
dost-düşmən var...
Bunları
artıq Şahin də bilirdi, ən əsası əməlli-başlı
başa düşürdü. Amma artıq qərara gəlmişdi.
Onun üçün nə qədər çətin olsa da -
məhz başa düşdüyünə görə! - niyyətini
gizlətmədi.
- Ata,
orduda qalmaq istəyirəm. Qardaşımın,
dostlarımın intiqamını axıracan
almamışıq. Elə billəm, Ruhin də məni
bağışlamaz. Qələbəmiz yarımçıq
qaldı.
Qızlar
diksindilər. "Bu nə danışır. Bə biz?
Qardaşsız bacının adını kim çəkəcək?
Kiçik
bacısı lap məəttəl qaldı: "Bə
Gülnarə?"
Anası
sürüşüb çiyninə düşmüş
yaylığını düzəldə-düzəldə elə
bir söz dedi ki, göynərtisi gözləri
yaşartdı.
- Tay denən
sizi də Ruhinin böyrünə basdırıb gedirəm dəə...
"Hə,
anamız, lap düz deyir". Hər iki bacının ürəyindən
eyni fikir keçdi.
Əşrəf
geri itələdiyi stəkanı təzədən
qabağına çəkib soyumuş çayı
qurtumladı.
- Bə
biz?
- Ata, mən
özümü bu cadır şəhərciyində
görmürəm. Hamımızın məqsədi
torpaqlarımızı azad edib öz yurdlarımıza
dönməkdir. Mən fikirdə olanlar çoxdur.
Hamımız sözü bir yerə qoymuşuq ki, Vətənimiz
azad olmayınca silahımızı yerə qoymayaq.
Susdu. Ailə
üzvlərini bir-bir süzdü. Anası da, bacıları
da baxışlarını qaçırtdılar. Onlar
açıq-aşkar narazıydılar: heç eşitmək
belə istəmirdilər. Şahin son çarəyə əl
atdı.
- Siz də
bunu istəmirsizmi? Bağlı-bağatlı, şirin kəhrizli,
buz bulaqlı, sərin eyvanlı evimizi? - Ürəyində
Şairə xeyli dua etdi. Onun tez-tez işətdiyi ifadələrdəniydi.
Yox, bu
Şahin əsgərliyə gedən o vaxtki Şahin deyil. Bu
uşaq çox tez böyüdü, kişiləşdi.
Şahinin
dediklərində həqiqət çoxuydu. Öz
yurdlarına qayıtmaq hamının ən böyük
arzusuydu, amma...
Onların
iki oğulları vardı. Birini Allah aldı, apardı. O biri
də... özü gedir. Bəs onlar?..
Evə
çox ağır və gərgin sükut
çökdü. Şahin də tamamilə haqlı deyildi.
Ailənin ona ehtiyacı çox idi. Söhbət onun nəsə
qazanıb evə gətirməsindən getmir. Belə səhərlər
evdən çıxıb eləcənə axşam geri
qayıtsın - bəsdir! Dost- düşmən var. Nə istəyirlər
ki... Qardaşsız bacıları kim sayacaq: Ataları da
yaşlaşır Ruhindən sonra beli bir az da əyildi.
İlk dəfə olaraq kişini qocalmış gördülər.
Bu müsibətdən sonra anaları necə olacaq? Arvadın
ürəyi necə yerindən oynayıbsa, tez-tez
bayılır. Allah eləməmiş, bir şey olsa...
Kişi xeylağına hər zaman ehtiyac var. Bazar, dukan, xeyir,
şər... Ataları bütün bunları necə
çatdıracaq? Yooxx, Şahin düz eləmir.
Əşrəf
boşalmış stəkana baxdı. Boğazı yaman
qurumuşdu. Olsaydı, yenə içərdi. Kimə desin?
Heç yeri deyildi. Hamı oğlunun gözlənilməz qərarından
çaşmışdı. Bircə bunu gözləmirdilər.
"Qardaşımın
qanını axıracan almayınca..."
Həə...
Bu da vacib məsələdir. Ruhinin qanı yerdə
qalmamalıdır. Yox e, nəsə... düz deyil. Ortada "əmma"
var.
Çöl
qapı cırıldadı. Sükütün dondurduğu ailə
üzvləri hərəkətə gəldilər.
Əşrəf üzünü qızlarına tutdu.
-
Samavarları qaynadın. Xörək hazırlayın. Gələnlər
olacaq.
* * *
Şahin
ürəyini əzən iki yükdən birini qismən həll
etdiyindən bir az toxtayıb ikinci məsələni də
yoluna qoymaq üçün yataq otağına keçdi: -
Yoldaşlarımdan gələn olsa, xəbər verin.
Qapını
arxasınca bərk çəkib - "içəri girməyin
haa..." - qələmi götürüb kiçik
bacısının dəftərini qabağına çəkdi.
"Gülnarə!
Çox götür-qoydan sonra sənə bu məktubu
yazmağı qərara aldım. Əvvəlcədən
çox-çox üzr istəyirəm.
Ruhin
ölüm ayağında sənin adını çəkdi.
Səni sevdiyini dedi. Demə o, bizim bir-birimizi sevdiyimizi
bilmirmiş. Onu da dedi ki, ürəyini sənə açanda
onun dediklərinə etinasız olmusan, qaşlarını
çatmısan. Əlbəttə, səni başa
düşürəm. Bədbəxt qardaşım bizim əhd-peymanımızdan
xəbərsiz olub.
Gülnarə,
məni bağışla. Biz ta bundan sonra evlənə bilmərik.
Mən hər dəfə səni qucaqlayanda, bağrıma
basanda elə biləcəm Ruhin kənardan mənə
baxıb söyəcək, məni namərdlikdə
suçlayacaq. Məni qınama. Dözə bilmərəm.
Yaşaya bilmərəm... Sənə də burda qalıb əzab
verməmək üçün hərbidə xidmətimi davam
edəcəm. Bir daha səndən üzr istəyirəm. Məni
bagışla."
Evdən
çıxıb təzə tikilmiş, bir gözdən ibarət
olsa da səliqəli poctamta getdi.Bir zərf alıb məktubu
içinə qoydu, yapışqanla bərk-bərk
yapışdırdı. Üstunə "Gülnarəyə"
yazıb cibinə qoydu. Yerin-göyün dərdini
daşıyirmış kimi ayaqlarını sürüyə-sürüyə
evlərinə tərəf yol aldı.Həyətdə yeni gələnlər
də vardı, qohum-qonşular da.Kicik bacısını
cagırıb məktubu ona verdi, pıçıldadı: -
Gülnarəyə verərsən...
Bacısı
məktubu sevincək aldı. "Ay Allah ! Qurban olum sənə,qardaşımın
ürəyinə insaf sal.Qalsın evimzdə, getməsin."
Gülnarədən
də çox şey asılı oldugunu bilib
nigarançılıqla onu gözləməyə
başladı. "Ağzı nədi? Deyərəm
qardaşıma yaxşı-yaxşı sözlər
yazsın. Onu getməyə qoymasın. Yoxsa, canını
alaram!"
* * *
Ruhinin həlak
olması xəbəri çıxandan Gülnarə
onların evindən əskik olmadı. Qızlarla ən
yaxın rəfiqə idi. Evləri də uzaq deyildi. Ona görə
də heç bir söz-söhbətə yer qalmadı. O da Şahinin
tərxis olunacagını bilirdi. Amma Ruhinin ölümü yəqin
ki, işləri xeyli uzadacaq.
Şahini
gorəndə gözlərinə inanmadı. Necə də
kişiləşmişdi, gözəlləşmişdi,
yaşından böyuk görünürdü. Rəngi qaralsa
da,yaraşıqlı olmuşdu. Tay- tuşlarından çox
fərqlənirdi. Hiss edirdi ki, onun sevgilisinə baxan başqa
qızlar da var, özü də az deyillər. "Aha!?."
Ürəyini
cəkən o idi ki, bir dəfə də olsun ona
baxmamışdı. Hətta bir dəfə qəsdən
üz-üzə gəldi. Salam vermək istədi. Amma
Şahin elə bil onu görmədi. Ola bilməzdi axı. Nə
isə, yəqin qardaşının xiffətini çəkir.
Çəkər də... Ruhin də kəndin gözə dəyən
oğlanlarından biriydi. Qardaş dağı ağır
olur. Ürək istəyir dözsün. Neynək, qoy yeddi də
qurtarsın, ondan sonra danışmaq olar. Şahin də bir az
toxtayar.
Ruhinin
yeddisi də izdihamlı kecdi,Yenə də rayonun bütün
rəhbər işçiləri təşrif gətirmişdilər.
Komandirləri lap erkən gəlmişdilər. Onları
Şahin qarşıladı. Camaat bir ucdan gəlirdi.
Mağarda yer yox idi. Adamlar eşikdə gözləyib növbə
ilə cadıra girirdilər.
Elin dəstəyi
çox gərək oldu. Ailə xeyli sakitləşdi.
İndi onlar daha çox qürur hissi keçirirdilər.
Ən yuksək səviyyədə onlara hörmət, izzət
ifadə olunurdu. Ruhini hamı öz balası kimi
ağlayırdı. Cəlal müəllimin sözü tez-tez
təkrar olunurdu. "Başımızın tacı!" Bir
sözlə, torpağın üzü doğrudan soyuq
imiş. Hamını yavaş-yavaş soyutdu. Ən cox da,
tirin altindakılarını. Dünya yaranışdan belədir
də....Biri gəlir, biri gedir.
Nazənin
girəvələyib Gülnarəni evin dalına
cağırdı :- Şahinin sənə məktubu
var,yaxşı cavab yazarsan! Yoxsa canını alaram.
Nazənin
gülümsəyib məktubu aldı, yan-yörəsinə
göz gəzdirib qoynuna qoydu. Aralanıb hərəsi bir tərəfə
getdi.
* * *
Səhərisi
gün Şahin aralığa cıxdı. Tay-tuşları ilə
görüşdü. Onların işi-gücü, məşğuliyyətləri
ilə maraqlandı. Bir necəsi yungül ticarətlə,digərləri
də İmişlidə son illər dəbə
düşmüş çınqıl karxanasında, karyerdə
işləyirdilər. Çox yuksək məvacib almasalar da:
- Allah bərəkət versin, həm başımız
qarışır, həm də azdan-çoxdan evə kömək
edirik. Yaxşıdır! - deyirdilər.
Şahınçün
ən əzablı an - niyə axıracan getmədiniz ? -
sualıydı. Cavabı hec kimi qane etmirdi. Belə fürsətin
əldən qacırılması hamını hiddətləndirirdi.
Söyüşün biri bir qəpik. Hətta bəzən
Şahinə elə gəlirdi ki, onu günahkar
çıxarırlar. Bildiyi qədər əsaslandırırsa
da, başına yığışanları, xüsusən gəncləri
başa sala bilmirdi.
- Siz
onların dediyinə baxmazdınız. Basıb kecərdiniz
Stepanakertə, komandirləriniz nə deyəcəkdilər ki.
Bax, burda
Şairin yeri görünürdü. O bu qızğın
cavanları həm başa salardı, həm də məntiqlə
ram edərdi. Şahin bu gənclərin qarşısında
aciz idi. Onlara cavab verə bilmirdi. Şahinə
acıqlanırdılar.
Aranı
uşaqlıq dostunun verdiyi sual sakitləşdirdi.
-
Vaxtın qurtarmadı?
-
Qurtarıb.Amma geri qayıdıb müddətdən artiq
qulluqda qalmağımla bağlı ərizə yazacam. Qalacam
orduda.
Sanki
alovlanan ocağa su töküldü. Şahin yenidən
dostlarımın, hətta onu az tanıyanların da gözlərində
böyüdü. Onu başa düşdülər, ürəklərində
təqdir elədilər. Əlbəttə,
qardaşının qanını artıqlaması ilə almaq
istəyir. Allah arzusuna catdırsın. Elə bizi də....
Evə gələndə
Nazəninin sözlü olduğunu o saat bildi. Yataq
otağına kecib dincəlmək istədi. Bacısı
dabanqırma dalınca girdi.
-
Gülnarədən məktub var
Şahin
təəccubləndi. O məktub gözləmirdi. O cür məktubun
cavabı olmamalıydı.
Gülümsəyib
üz-gözü alışıb yanan bacısını pərt
etməmək ücün: - Sağ ol - deyib burnuna bir
çırtma vurdu. Nazənin uğuldaya-uğuldaya, ancaq
sevincək otaqdan çıxdı .
Məktubu
əlində tutub fikirə getdi. Açsınmı,
açmasınmı?... Axı,elə şeylər
yazmışdı ki, onun xoş bir cavabı
olacağını düşünmürdü. Yəqin
Gülnarə onu vəfasızlıqda,dönüklükdə
ittiham edəcəkdi. Haqlıydı, əlbəttə!...
Şahin haqlı deyildi !...
İndi
bu məsələləri həll etməyə onun
gücü qalmamışdı. Döyüşdə
özü də yaralanmışdı. Bədənində bir
necə qəlpə qalmışdı.
Tapşırmışdılar ki, qayıdan kimi qospitala gəlsin.
Yalnız ona görə həkimlər buraxmışdılar
ki,ağrı hiss etmirdi. - İsti-istidir, ona görə deyirsən.
Mütləq əməliyyat olunmalısan. Başısoyuqluq
eləmə. Tez qayıt.
"Gör
necə düz deyiblər. Ağrılarım artıb. Yox,
günü sabah çıxmalıyam. Əhmədbəylidə
Bakıdan da savadlı həkimlər var."
Gülnarənin
məktubunu açmadı. Onu aparıb dağlarda,
gülün-çiçəyin arasında dəfn edəcəkdi.
Qoy, onun özündən və Allahdan başqa bu məktubda nə
yazıldığını heç kim bilməsin.
Yavaş-yavaş
paltarlarını yığışdırmağa
başladı. Məktubu lap altdan qoydu.
Amma biz
oxucuların marağını nəzərə alıb məktubu
göstərməyi lazım bildik.
"Göz
açıb ilk gördüyüm sən oldun. Sevgi adlı
ilahi hissi səninlə duydum. Viran qalmış
köçkün həyatımızda sən mənə
yeganə ümid və dayaq oldun. Heç bir məna ifadə
olunmayan bu cadır şəhərciyində sənə
görə dözüb dururdum. Məgər bu həyatdır?
Bilirsən ki, yurdumuzla müqasiyədə burada yaşamaq cəhənnəm
əzabıdır.
Yazdığın
məktubla cəhənnəm əzabımı qəbir əzabına
çevirdin.
İndi mənim
adımı kim çəkəcək. Axı hamı bilir ki,
mən səni sevirəm. Adım səninlə
çıxıb. Hansı köpəkoğlu vicdanına
sığışdırıb adımı tutacaq?
Mən sənin
qardaşına ümidverici heç nə deməmişəm.
Özün də bunu qeyd edirsən. Bəs bu nə oyundur
çıxarırsan?
Sən
xudbinlikdən, eqoistlikdən belə edirsən. Şəxsi
hisslərini çox qabardırsan. Hamının əzizi də
ölür, qohumu da. Heç kim vədinə sənin kimi
dönük çıxmır. Namərdlik elədin. Təsəvvür
elə ki, bacılarından birinin başına belə iş
gəlir. Necə qəbul edərsən? Məgər bu
kişilikdir?
Səni
heç vaxt bağışlamıycam."
Gülnarənin
məktubunda ünvan yox idi. Yəni kimə
yazıldığı məlum deyildi. Heç yazan da kim
olduğu bilinmirdi. Allah eləməmiş, kiminsə əlinə
düşsəydi, heç kim unamayacaqdı ki, kimdən kimədir.
Bəlkə də
Gülnarə
acığından belə yazmışdı. Şahinin
adını çəkmək belə istəməmişdi.
Görünürdü ki, qızın qəlbi çox
qırılıb. Özü demişkən, onu həyata
bağlayan tel üzülmüşdü.
Allahdan və
özündən başqa orada nə
yazıldığını heç kim bilmədi.
* * *
Dördüncü
gün gecə xəbər gəldi ki, Lələtəpənin
qabağında BMP-lərimiz qalıb, bir də
ayağını itirən Orxan adlı əsgərimiz. Orxan
oradan çıxarılmasa, onu qan apacaq, şəhidimizin biri
də artacaq. Onu oradan çıxarmaq lazımdır.
Komandir
Qasımov kimi göndərməyi fikirləşirdi. Çox
riskli idi. Qərara gəldi ki, o biri komandirlər kimi məsuliyyəti
üzərinə götürsün, özü getsin.
Barxudarovun nümunəsi hamıya sirayət etmişdi.
Həmin əraziyə
1500 metr məsafə vardı. Çox çətinliklə əraziyə
çatıb yaralı əsgərləri götürdü.
Onları maşına mindirib geri göndərdi. Ərazidə
hərbi tapşırığı yerinə yetirib, amma
çaşıb qalan yolu tanımayan təzə əsgərlərimiz
nə edəcəklərini bilmirdilər. Bu şəxsi heyəti
BMP ilə birlikdə başqa yola çıxarıb bir az
geniş qövs cızsalar da təhlükəsiz yollarla
sağ-salamat özümüzünkülərə
qovuşdurdu.
Bəzən
minalanmış yerləri dəqiq müəyyənləşdirməkdə
çətinlik çəkirdilər. Mina basdırılandan
sonra uzun zaman keçəndə mina torpağın altında
45 sm-dən də dərinliyə yatır. Bu zaman onu tapmaq,
müəyyənləşdirmək olmur. Artıq onun
üstünü çəmən, çayır basır, sənə
elə gəlir hamar yerdir. İşin tərsliyindən aparat
da onu götürmür, çünki siqnal
ötürmür. Əsl istehkamçı bunu fəhmlə,
qəlbiylə hiss etməlidir. Buna isə, əlbəttə
illərin təcrübəsi gərəkdir.
Nə qədər
özünü qorumağa çalışsa da, ondan bir az kənarda
partlayan qrantomyot mərmisindən yan qaça bilmədi.
Ayağından bərk yaralandı. Artıq ayaq üstə
qaça bilmirdi. Sürünməyə başladı.
Əsgərləri
komandirlərinin vəziyyətini görüb ona köməyə
tələsdilər.
Onu xilas
etməyə gələnlərə "Dayanın!" deyib əsgərləri
saxladı. Düşmənin atəşi dayanmırdı.
Onun yerini bələdləmişdilər. Başıpozuqluq
olmazdı. Noolsun komandir yaralanıb. Emosionallıq
hamını bada verərdi.
Toqqanı
çıxardıb qan axan yarasını bağladı. Diqqətlə
aradakı məsafəyə baxıb necə
yaxınlaşmağı söylədi. Aparatla yoxlayıb hərəkət
trayektoriyasını müəyyənləşdirdilər.
Ağrını hiss eləmirdi. Başında bir boğuq səs
vardı. Əsgərlərini düşünürdü.
Onların sağ-salamat bu ölüm labirintindən
çıxması sırf onun məsuliyyəti idi.
Çünki həm Allahın qarşısında, həm də
kombriqin qarşısında şəxsi heyəti
sağ-salamat aparıb təhlükəsiz yerə
çıxarmaq kimi öhdəliyi vardı. Silahların
üstünə şınelləri sərib xəzək
düzəltmişdilər. Ehtiyyatla yarğanları, dərələri
keçərək gətirib hospitalın təcili yardım
maşınına çatdırdılar. Yalnız o zaman
ağrıları hiss etdi. Tibb işçiləri
ağrını və qanı kəsmək üçün
iynələr vurdular.
Sonrakı
proseslərdən xəbəri olmadı. Amma xoşbəxt
idi... Şəxsi heyətdən heç kim ölməmişdi...
* * *
Döyüşün
dördüncü günüydü. Erməniləri Lələtəpədən
bir kilometrə qədər qovub
uzaqlaşdırmışdılar. Ordu Cəbrayılın o
biri kəndlərini də azad etmək üçün irəli
şığıyırdı.
Cəfərov
arxadan gəlib əlini Raufun çiyninə qoydu.
-
Yaxşı,bəsdir,sakitləş ...
Rauf hec nə
başa düşmədi.Üz-gözü əyildi .
- Sakitləş,
nədi,komandir! Görmürsən, toyuq kimi necə
qacırlar. Axır ki,bunlara yerini bildirdik.Bunlar Xocalıda bizim
ana-bacılarımızın, silahsız
ata-qardaşlarımızın üstündən tankla keciblər,
silahsız körpələrimizi qurşına düzüblər...
bu nə sözdü?
- ... əmr
gəlib ki ,döyüşü dayandırın ...
Pulemyotun
lüləsi duz Cəfər müəllimə
tuşlanmışdı, hər an hər hansı
ehtiyatsızlıqdan, Şairin emosional vəziyyətindən
güllələr siyasi rəhbərin bədəninə dolub
onu aşsuzənə döndərə bilərdi. Cəfər
müəllim bunu gözünün altına
almışdı. Ölüm onu o qədər də
maraqlandırmırdı. Generalın əmri yerinə yetirməliydi
.Xüsusi olaraq ratsiyada ona tapşırılmışdı.
"Şairi ram et" Onu yola verə bilsən,
başqalarını sakitləşdirmək asan olacaq.
Rauf bir
necə dəfə başını silkələdi. Sözlər
ona catmırdı. Ya da deyiləni dərk eləmirdi. "Necə
yəni döyüşü dayandırın?" Yeriyib Cəfər
müəllimin lap cənəsinin altında durdu.
- Bir də
deyin, mən nəyisə ya yaxşı eşitmədim, ya da
başa düşmədim.
- ..deyirəm
ki , döyüşün dayandırılması ilə
bağlı lap yuxarıdan əmr gəlib.....
- Ali
Baş komandandan?
- ..yox
-
"Dayan" deməyə yalnız onun ixtiyarı çatar.
Əgər belə deyilsə hansı donuz oğlunun
işidir?
Cəfər
müəllim mənalı şəkildə başını
şimal tərəfə qovzatdı.
- ... məsələ
mürəkkəbdir.
-
Onun-bunun dediyi ilə oturub duracağıqsa, "bəs mənim
ölkəmin varlığı hanı?"
Şüuru
kütləşmişdi. Heç nə başa
düşmürdü. Cəfər müəllimə baxa-baxa
qalmışdı. Onun üzündən nəsə bir
şey oxumaq mümkün deyildi. İlk dəfə idi ki,
müəlliminin sifəti heç bir məna ifadə etmirdi.
- Bilirəm
ki, bu məsələdə əlimizin üstündə əl
olmamalıdır.
Cəfər
müəllim qollarını yana açıb çiyinlərini
qısdı.
Rauf indicə
hiss etdi ki,döyüş səngiyib.
Əsgərlər
geri dönürdülər.Komandirlər sanki dalaşan
uşaqları ayırırmış kimi əsgərləri
bir ağsaqqal ədası ilə kürəklərinə
vura-vura,oxşaya-oxşaya,nəsihət verirlərmiş kimi,
hətta bəzilərinin qollarına girərək,
çiyinlərini qucaqlayaraq elə bil yola gətirirdilər.
- Axı
kim?
Rauf
puleymotu təzədən qucağına alıb qacan erməni
əsgərlərini dalınca çumdu.
Hoydu, dəlilərim
hoydu,
Yeriyin
meydan üstünə
Havadakı
şahin kimi,
Tökülün
al qan üstünə
Koroğlu
çəkər haşını,
Bəylər
elər tamaşanı,
Mən
özüm Aslan paşanı,
Hərəniz
bir hayk üstünə.
Lap
uzaqlarda bəzi erməni əsgərləri ağzıüstə
torpağa yıxılırdılar. Sonra arxası üstə
çevrilib əllərini yuxarı qaldırdılar.
Qaçmağa taqətləri qalmamışdı. Ürəkləri
ağızlarından çıxırdı. Əsir
düşməyi daha üstün bilirdilər. Bəlkə
ölmədilər, sağ qaldılar. Raufun
bölüyündən sağ qalanlar da onun arxasınca
düşdülər.
- Mən
öz torpağım uğrunda vuruşuram. Mən
işğal edilmiş Vətən torpaqları
üçün döyüşürəm.Bunu mənə
kim qadağan edə bilər? Uşaqlar irəli!! Bu it
uşağını çıxdıqları yerə qədər
qovmayan kişi deyil!
Mayor
Raufun ardınca götürüldü.Cata bilmirdi.Həm də
Raufun bölüyünün əsgərləri araya girib
qarşısını kəsdiyindən ləngiyirdi. Nəhayət
catıb Raufun qolundan tutdu. Dolmuş gözləri elə onu
xeyli süzub dilləndi.
- Bir ətrafına
bax! Axı hamı dayanıb
- Cənab
mayor! Bu təzə Xuraman xala hardan peyda oldu? Bu namərd əmridi.
Bu xalqımızın,dövlətimizin əleyihinədir. Yəni
bunu yuxarılarda başa düşmürlər? Axı məsələni
bir dəfəlik həll edə bilərik. Xankəndi budu ey,
burnumuzun ucunda. Gedək birdəfəlik bitirək də bu
işi. Kim bizə deyə bilər bəsdir. Bəs
Xocalıda niyə dayanın demədilər? 20 noyabrda təyyarəmizi
vurub say-secmə kişilərimizi qanına qəltan edəndə
niyə dayanın demədilər. Niyə yenə də bizi
öz qınımızda yandırırlar. Bilirsiz bunların
altını necə çəkəcəyik. Nə qədər
xətir üçün xəstə yatmaq olar?
Mayor
ehtiyatla Raufa yaxınlaşdı
- Gedək,qadan
alım.
Rauf tam
süstləşdi. Pulemyotu yerə çırpıb uşaq
kimi hönkürməyə başladı. Ağlaya-ağlaya,
yana-yana deyirdi.
- Allah, bu
nə işdi? Görmürsənmi bütün bunları? Necə
yol verirsən. Axı sən adilsən, haqsan. Niyə belə ədalətsizlik
edirsən?
Başını
tutmuşdu, hərdən yerə döyurdu,hərdən
saclarını yolurdu. Bağıra-bağıra
yeri-göyü lənətləyirdi. O əzab içində
qovrulduğu zaman əsgər yoldaşları pulemyot, avtomat
daraqlarını düşmənin arxasınça
boşaldırdılar. Lələtəpədən onları
müşahidə edənlər: - Deyəsən, Şairi Cəfər
müəllim nəhayət ki,sakitləşdirə bildi -
düşündülər.
Deyəsən
eləydi.
Mayor bir də
Raufun çiyninə toxundu.
- Dur gedək.
Bizi gözləyirlər. Dön bir bayrağımıza bax.
Hə,
buna baxmağa dəyərdi. Rauf bir az özünə gəlmişdi.
Məgər necə vaxtdan bəri məhz bu günü
gözləmirdilərmi!? Uc rəngli Azərbaycan
bayrağı qartal kimi Lələtəpənin zirvəsində
qanad çalırdı. Allah! Adamın qəlbi necə sevinclə
çırpınarmış. İnsan necə qürurla dikələrmiş,
başını qaldırıb göylərə
baxarmış. Yox, Allah bizi də görür, əməyimizin,
həyəcanımızın, bəxtimizin əvəzini
verir. Hec nə boş yerə yaranmır.
Mais
Barxudarovla Bəkir Orucov Lələtəpənin zirvəsində
Azərbaycan bayrağının altında dayanıb ermənilərin
qaçmasına tamaşa edirdilər. Bəkir Orucov narazı
şəkildə döyüş meydanını
süzürdü. Barxudarov üzünü ona tutdu:
-
Sözlü adama oxşayırsan...
Deyirəm,
ermənilər bir az müqavimət göstərsəydilər,
daha zövqlü döyüş olardı.
Sən də
lap Şair kimi danışdın.
Hər
ikisi gülümsəyib pərən-pərən
düşmüş erməni ordusunun təkəmseyrək
döyüşçülərinə baxırdılar.
Raufun
pulemyotunu yoldaşları götürmişdi. Cəfərov
onun qoluna girmişdi .Asta-asta Lələtəpəyə
qalxırdılar. Böyuk komandir heyəti onları gözləyirdilər.Get-gedə
yaxınlaşırdılar.Az qalmış birdən
alqışlar uçaldı.
Bu
onların şəninə idi!
* * *
Döyüş
qurtarmışdı. Ölkə başdan başa Aprel zəfərini
yaşayırdı. İnsanların üzündə
görünməmiş bir sevinc, aydınlıq vardı.
Hamı bir-birini təbrik edir, şəhidlər ən uca
sözlərlə, ehtiramla yad olunurdu. Onların dəfni
ümumi xalq mərasimi kimi keçirilirdi. Valideynləri ən
yüksək hörmətlə qarşılanırdı. Millətin
qəddi düzəlmişdi. İnsanlarda inanılmaz ruh
yüksəkliyi vardı. Lələtəpənin o biri
üzündəki yerlərdə düşmənin hərbi
texnikaları darmadağın olmuş vəziyyətdə
atılıb qalmışdı. Meyidlər də var idi. Hərdən
külək həmin meyidlərin qoxusunu Lələtəpənin
zirvəsinə də aparırdı. Erməni tərəf
meyidləri gəlib aparasıydılar. Hansısa
danışıqları dəqiqləşdirməyə
gedirdilər. Azərbaycan əsgərləri
bayrağımızın altında fəxrlə gəzir,
uzaqda tüstülənən düşmən obyektlərinin
qalıqlarına baxırdılar. İçlərini göynədən
təəssüflə "Necə əlimizi soyutdular e !
İndi Xankəndində oturmuşduq. Şuşaya hücuma
keçirdik. Ax, namərdlər!" - deyə göynəyirdilər.
Rauf da
onların içindəydi. Əsgərlərdən bir az
aralanıb irəli yeridi. Həsrətlə
qarşıdakı təpəlikləri, ermənilərin
tez-tələsik toparlanıb özlərinə Nüzar kəndinin
hündür təpəsində yeni qərargah, ştab,
yeraltı qazmalar düzəltmələrinə
baxırdı. Çiyninə qoyulan əlin məhrəmliyindən
bildi ki, siyasi məsələlər üzrə müavin Cəfərovdur.
Heç kim belə ərkyanalıqla ona
yaxınlaşmazdı.
Hara
baxırsan?
Rauf
heç nə deməyib əlini irəli uzadıb işarəylə
qarşı tərəfi göstərdi.
Nə
görürsən?
Nə
görəcəm? Dağılmış evlərimiz,
tüstülənən ocaqlarımız, bizi gözləyən
vətən torpaqları...
Daha nə
görürsən?
Heç
nə.... elə dağılmış evlər, adamsız
yollar...
O yollar
bilirsən hara gedir?
....?
O yollar
İrəvana gedir, qədim dədə-baba
torpaqlarımıza. Rauf, səni əmin edirəm ki,biz bir vaxt
o yollarla gedib qədim ellərimizə sahib
çıxacağıq. Sabah, birisi gün, bir aydan, bir ildən,
beş ildən sonra- onu dəqiq deyə bilmirəm. Amma
adıma əmin olduğum kimi, səni də əmin edirəm
ki, o torpaqlar bizim olacaq. Qədim Oğuz elimizi düşmən
əlində qoymayacağıq. Həmin vaxt heç kim
qabağımızı kəsə bilməyəcək. Kimsə
bizdən döyüşü dayandırmaq barədə
xahiş etməyəcək. Etsə də, heç kimi
eşitməyəcəyik. Mütləq
torpaqlarımızı azad edəcəyik. Sən buna qəlbin
kimi əmin ol!
Haçan
hə, komandir? Haçan bə?!..
Belə
deyib Rauf Cəfər müəllimin yaxasını əlində
elə xışmaladı ki, siyasi işlər üzrə
müavinin ayaqları yerdən üzüldü. Bayaqdan
onları müşahidə edən dəstənin içindən
iki nəfər o tərəfə yeriyəndə mayor Həmidov
işarə etdi.
İşiniz
olmasın. Yenə Raufun şairliyi tutub. Heç nə olmaz.
Amma gözünüzü çəkməyin.
Raufa pələng
gücü gəlmişdi. Cəfər müəllim asta səslə
ehtiyatla deyirdi:
Bizə
baxırlar. Sən nə edirsən? Hərbi qaydanı pozursan.
Belə olmaz axı.
Rauf
yavaş-yavaş qollarını boşaltdı. Cəfər
müəllim üst-başını səliqəyə
salıb ətrafa baxdı. Həmidovun işarəsini
yaxşı anlamışdılar. Deyəsən onlara tərəf
baxan heç yoxuydu. Hər kəs öz işindəydi.
Rauf
çökdü. Əlləri ilə başını tutdu.
Sonra yoğun barmaqları xırda diş-diş çalov kimi
torpağını dərinliklərinə işlədi.
Gicitikən, cəmirtkən, tikan qarışıq
torpağı xışmaladı. Sonra o biri əlini işə
saldı. Barmaqları qanaq-qanaq olmuşdu.Dırnağı ilə
mayası bir-birindən ayrılmışdı.
Barmaqlarının ucundan qan axırdı. Ancaq ağrı hiss
eləmirdi. Yana yana ağlayırdı.
- Gör
necə bir fürsəti əldən verdik. "Millət millət
olur öz hünərilə! Allah rəhmət eləsin Bəxtiyar
Vahabzadəyə. İndi Xankəndini, o biri
rayonlarımızın hamısını almışdıq.
Gör bizi necə aldatdılar. Onlar o zamankı
dolaşıq, başsız vəziyyətimizdən istifadə
edib rayonlarımızı bir birinin ardinca zəbt edəndə,
onlara deyən olmadı ki, dayanın. Onda BMT-nin qərarları,
ATƏT-matət, Helsinki Bəyannaməsi heç kimin
yadına düşmədi. Adam yanıb tökülür.
Cəfər
müəllim üst-başını qaydaya salırdı.
Amma qulağı Raufda idi.
- Sevinirik
ki, Lələtəpəni aldıq. Sevinc hal-hazırki şəraitdə
çox nisbi ifadədir... Hal-hazırda bizim üçün.
Ona görə ki, məqsədimizə tam çatmadıq.
Düşmənin əfsanələşdirdiyi Ohanyan səddini
darmadağın etdik. Erməni dığalarına
gücümüzü göstərdik. Bir neçə
rayonumuz daimi hədəfdən azad oldu. Amma Şuşa
qalıb axı... Xankəndi, Xocalı, qədim şəhərimiz
İrəvan qalıb axı... İşğal olunmuş
rayonlarmız heç insafdır ki, bir
addımlığımızda ola-ola, yenə düşmən
əlində qalsın? Vurub düz İrəvana qədər
gedərdik. Belə ən azı işğaldakı
rayonlarmızı azad edib bayrağımızı Xankəndinə
taxardıq. Həmişə millətin vətən eşqi, cəsurluğu
fontan vuranda bir namərd zəngi, bir dövlət
başçısının yersiz və həyasız
müdaxiləsi qabağımızı kəsir. Həmişə
bizi yarıyolda qoyur. Qələbəmizi başa
çatdırmağa imkan vermir. O vaxt ağdamlılar
yürüş edib erməniləri Xankəndindən iti qovan
kimi qovub məsələni həll edəcəkdi. Xuraman
xalanın yaylığı aşıb-daşan qəzəbimizi
içimizdə boğdu. Mirzə Ələkbər Sabir
demişkən, "öz tığımız öz rişəmizi
kəsdi sərəpa!" Düşmən nəfəs dərdi,
güc topladı, dünyanı ayağa qaldırıb özlərinə
nə qədər qahmar tapdılar. İçimizdəki namərdlərin
də əli ilə neçə-neçə itkilər
verdik. Xocalının başı üzərində oyun
getdiyini nə qədər desələr də, hamı kor
oldu, kar oldu, lal oldu, milləti heç nədən
qırğına verdilər. Yenə də zərbə
özümüzə dəydi. Yenə də geri düşən
biz olduq.
Raufun
çiyninin atılıb düşməsi elə gennən də
bilinirdi. Yenə hansısa ağrının ürəyinə
toxunduğunu hamı anlayırdı. Dostları
yumruqlarını sıxıb, ürəklərinin iniltisini
birtəhər ötüşdürürdülər. Təsəllilərini
ermənilərin atıb getdikləri texnikalara, puleymotlara, Lələtəpənin
ətəklərinə səpələnmiş düşmən
meyidlərinə baxmaqla sakitləşdirirdilər.
- Deyirsiz
ki, böyük dövlətin başçısı zəng
elədi, hücümu dayandırdı. Ermənistanın
ikinci prezidenti Koçaryan köpoyoğlunun Moskvada bir
kitabı çıxıb - "Həyat və
azadlıq." Orda deyir ki, biz artıq Ağdama girmişdik.
Yerevandan zəng edib dedilər ki, biz burda otura bilmirik Moskvadan,
BMT-dən, ATƏT-dən müxtəlif ölkələrdən
gələn təhdidedici zənglərin əlindən.
Bütün xəbər agentlikləri, hətta Azərbaycan mətbuatı
da yazır ki, ermənilər Ağdamı işğal ediblər.
Bu, doğrudurmu? Siz orda nə edirsiniz. Mən cavab verdim ki,
heç nə, biz təpələrin üstündə
oturmuşuq. - Təpələrdə nə gəzirsiniz? Dedim:
- Orda onların artılleriyası vardı, bizi vururdular. Məcbur
olduq onları bir az hərəkətləndirək. Deyir, səhərisi
Ağdamın boşalmış küçələrinin
şəkillərini çəkib onlara göndərdim ki, biz
boşalmış şəhərə girməyə məcbur
olduq. İndi biz vurub gedib Ağdamı, Füzulini, Xankəndini
götürüb deyə bilməzdik ki, qoşunlarmızı
saxlayana qədər o əraziləri Azərbaycan
qoşunları tutmuşdular. Niyə yenə, xətir
üçün xəstə yatan biz olduq?
Cəfər
müəllim ehtiyatla gah sağ, gah da sol əlini Raufun
çiyninə qoyub nə isə deyirdi. Uzaqdan eşitmək
mümkün olmasa da, nə isə sakitləşdirici sözlər
dediyi duyulurdu...
2019-2020
Bakı
Səyyad
Aran
İrəvanın
yolları
(roman -
ixtisarla)
Yastı,
boz, sarı təpələr, qonur yarğanlar bir-birinə
bitişərək uzanıb gedirdi. Elə bil dəniz
dalğalarıydılar- donmuşdular. Təpələrin
üstü gəvil, yovşan, qarağan, şotu, qanqal,
saqqız, cəmirtkən kolları ilə doluydu. Kənddən
gələn əsgərlər hər dəfə bunları
görüb dərindən bir ah çəkirdilər.
"Əcəb örüş yerləridir"
Təpələrin
ardındakı düzəngahlıqda çoxlu yollar
görünürdü. Yollar adamsızlıqdan tük gətirmişdi.
Səliqəsiz şəkildə bir-birinin üstünə
atılmış kəmərlər kimi qarış-quruş
idilər. Evlər him yerlərinə qədər uçurulub
dağıldığından qonşular arası
cığırlar da itib batmışdı.
Yollar
tez-tez qırılırdı, gedib axıracan çatmırdılar.
Yollar ömürlərini sona qədər yaşamadan
ölmüşdülər. Onların qoynunda yaşayan
insanların çoxu Qarabağın Ermənistan Ordusu tərəfindən
işğalından sonra ya qırılmışdılar, ya
qırılmışdılar, ya da baş götürüb
Azərbaycanın müxtəlif rayonlarına getmişdilər.
Yollar, torpaqlar, əkin sahələri yiyəsiz
qalmışdılar. Əsl sahibləri onları əkirdilər,
becərirdilər, suvarırdılar. Amma indi torpaqların
dili-dodağı cadar-cadar olmuşdu. Ciyərləri susuzluqdan
yanırdı, göz-görəti ölürdülər. Təbiət
yas saxlayır, küləklər nalə çəkir,
buludlar göz yaşı axıdırdılar. Yiyəsiz
torpaqların dərdi ağır olur.
Bir vaxtlar
bu yollar kəndləri, rayonları bir-birinə
bağlayırdı. Bu yollarla toy karvanları gedirdi. Musiqi,
çal-çağır aləmi başına
götürürdü. Neçə sevən ürəyin
birləşməsi bu yollardan keçirdi. Heyhat, indi bunlar
çox uzaqlarda qalmışdı. Bu yerlərdə həyat
çoxdan sönmüşdü.
Heç
bir evin ocağı yanmırdı, işığı
yanmırdı,suyu gəlmirdi. Heç bir həyətdən
uşaq səsi, körpə qığıltısı, nərd
şaqqıltısı eşidilmirdi. Hər yerə dəhşətli
sükut çökmüşdü. Bu sükut gecənin, dan
yerinin sükutu deyildi. Bu sükut vahiməli, qorxulu,
qan-qadalı sükut idi. Bunu çöllər də, o
çöllərdə səksəkə içində
yaşayan vəhşi heyvanlar da, quşlar da, cürbəcür
otlar, bitkilər, hətta çiçəklər də
bilirdi. Bütün canlılar əbədi vahimə içindəydilər.
Qorxudan nə vaxt qurtulacaqlarını bilmirdilər.
Həyatın
var olduğunu, yaşayışın davam etdiyini bildirən hərbiçilər
idi. Onların idarə etdikləri ağır hərbi
texnikalar, müxtəlif silahlardan açılan atəş səsləri
tez-tez sükutu pozurdu. Bu zaman göydə uçanlar, yerdə
sürünənlər vahimə içində ora-bura
qaçır, gizlənməyə bir deşik axtarır,
quşlar daha yüksəklərə qalxırdılar. Təbiətin
nizamı itirdi, torpaq dəhşətli dərəcədə
diksinirdi, yerin qatları bombalardan, mərmilərdən
alt-üst olurdu. Suların, bulaqların yönü dəyişirdi,
gün işiğına çıxmaq istəyən bitkilərin
torpağın bətnindəcə bağırları
çatlayırdı. Torpağın altında olmalarına
baxmayaraq həyatın nə olduğunu hiss edirdilər,
bilirdilər ki, yer üzünə çıxsalar günəşi
görəcəklər, onun işiqlandırdığı
yeri, göyü, havanı görəcəklər, qol-budaq
atacaqlar, böyüyəcəklər. Yer üzündə gəzən
insanları görəcəklər, onların sevgisini,
qayğısını duyacaqlar. Amma çiçəklərin
də, ağacların da, ən xırda bitkilərin də
yaşamaq haqqı əllərindən alınırdı,
qınındaca boğulurdular. Təbiət etiraz edirdi, amma
müharibə onun səsini eşitməyə qoymurdu.
Sözsüz ki, təbiətin qisası amansız olacaqdı.
Bunun altını insanlar gələcəkdə dəhşətli
dərəcədə çəkəcəkdilər, amma hələlik
bunu deyəsən başa düşənlər yox idi.
Qarşı-qarşıya dayanmış silahlı birləşmələr
hər gün təbiətin nizamını pozur,
dünyanın təqazasını insanlığın zərərinə
puç edirdilər. Kimlərsə bilirdilərsə də,
başa düşürdülərsə də əməllərindən
geri durmurdular.
Həyat
isə bu yerlərdə hələlik dolama-dolaşıq, gərgin,
sonu bilinməyən, gələcəyindən nigaran, dərdli
şəkildə davam edirdi.
* * *
Novruz
şənlikləri yenicə bitmişdi. Hələ də əsgərlərin
tumboçkasında şəkərburadan, paxlavadan nəsə
tapmaq olardı. Valideynlər övladlarını, əsgərlər
də valideynlərini görüb bir az toxtamışdılar.
Hamıda mənəvi cəhətdən bir ruh yüksəkliyi
vardı. Soyuq havalar, sazaqlı günlər dağlara
qalxmışdı. Bütün əsgərlərin
qırışığı açılmışdı.
Gündüzlər
təpələrdən buğ qalxırdı. Torpaq isinirdi. Hər
tərəf yamyaşıldı. Əsgərlər təzə-təzə
qırxbuğumun, yemliyin dadına baxırdılar. Dovğa tərəsi,
şomu düz-dünyanı bürümüşdü. Arada əsgərlər
onlardan dəstə-dəstə yığıb gətirib
aşpazlara verib dovğa bişirmələrini xahiş edirdilər.
Aşpazların əksəriyyəti qadınlar idi. Onlar da
öz balaları kimi onların xahişlərini məmnuniyyətlə
yerinə yetirirdilər. Əsgərlər bəzən
içinə çörək doğrayıb iki-üç
boşqab yeyirdilər. Başqa xörəklərə əl
vurmurdular. Tez-tez bişirilən dovğa onlara evlərini
xatırladırdı.
Cənnət
havasıydı. Bu sakitlikdə, bu gözəllikdə hər
yer sülh dövrü günlərini yada salırdı. Hərbiçilər
bir anlıq hər şeyi unudub əvvəlki rahat və
firavan illəri xatırlayırdılar. O illəri ki,
müharibə yox idi, sərt millətci
çağırışlar, qarşıdurmalar yox idi.
Ölkələrin bir-birinə qarşı torpaq iddiaları
yox idi. Günün günorta çağı törədilən
beynəlxalq avtobus reyslərinin, qatarların
partladılması, dinc insanların həlak olması gecə
qaranlığında törədilən vəhşiliklər,
amansız qətllər yox idi. Harda qaldı o günlər?...
Azərbaycan xalqı ermənilər tərəfindən
görünməmiş qətliamlara, namərdliklərə
düçar olurdu.
Kazarmada səhərlər,
bir də gecələr azca soyuq olurdu. Qışın
hökmranlığı artıq bitmişdi. Qarşıdan gələn
bahar hamını ümüdləndirmişdi.
Hərdənbir
güllə səsləri eşidilirdi. Turaca, qırqovula, kəkliyə,
bəzgəkə atılan güllələriydi.
Ermənilər
Azərbaycanın faunasından da gen-bol bəhrələnirdilər...
* * *
Tez-tez təlim-məşq
toplanışları keçirilir, fiziki sağlamlıqla
bağlı xüsusi proqram həyata keçirilirdi. Eyni
zamanda düşmənin hərəkətləri diqqətlə
izlənilir, erməni postlarında duran əsgərlərin
növbəni dəyişmə vaxtları müqayisə
olunur, təhlil edilirdi. Hər iki tərəf bir-birilərini
ciddi şəkildə güdürdülər. Ermənilər
Lələtəpənin zirvəsində olduqlarından bir az
arxayın idilər.
Bura cəbhə
xəttidir. Yuxarıda - Lələtəpə adlanan zirvədə
və onun ətəklərində ermənilər bir neçə
post qurmuşdular.
Oradan
bütün Araz boyu kəndləri müşahidə
altında idi. Cocuq-Mərcanlı kəndinə gedən
şoşe yol tam nəzarətdəydi. Ərazi baxmayaraq ki,
Azərbaycan tərəfindəydi, amma orada heç kim
yaşamırdı. Çünki istənilən an ermənilər
Lələtəpədən onları gülləbaran edə
bilərdilər. Təkcə bu kənd deyil - Mehdili,
Çaxırlı, Böyük Mərcanlı, Nüzyar, kənd
Horadiz də daimi atəş altındaydı.
Azərbaycan
əsgərlərinin kazarmaları Lələtəpədən
baxanda qarşı tərəfdəki təpələrin
qoynuna sığınmışdı. Təbii relyef eləydi
ki, ermənilər nə qədər baxsalar da, azərbaycanlı
döyüşçülərin
sığındıqları kazarmaları görə bilməzdilər.
Amma dəqiq bilirdilər ki, Azərbaycan əsgərləri həmin
təpələrin arxasındadılar.
Ermənilər
üçün azərbaycanlıların gizləndikləri
yer açıq-aydın görünməsə də,
qarşı tərəf ovuclarının içindəydi. Azərbaycanlılar
isə səngərdən müşahidə
kameralarını Lələtəpəyə tuşlayaraq hər
yeri müşahidə edirdilər. Müşahidə nöqtələrini
cəmirtkən kollarıyla örtmüşdülər.
Allahın otudur daa, istədiyi yerdə bitir.
Lələtəpənin
ətəyindən Tərtərə qədər ermənilərin
Ohanyan səddi deyilən minalanmış xətti keçirdi.
Əsgərlər demişkən, uzun adam olsa, əlləri Lələtəpənin
kəlləsinə dəyər. İlk baxışdan belə
görünürdü. Amma hər qarış yer
minalanmışdı. Sapyorlarımız bir-iki dəfə kəşfiyyata
çıxıb ən müxtəlif yerləri yoxlayıb
görmüşdülər ki, boş sahə buraxmayıblar.
Geniş və kompleks axtarış aparılmalı, təcrübəli
mütəxəssislər dəvət edilməli, sürətli
və səmərəli əməliyyat planı
hazırlanıb həyata keçirilməli idi. Gündüz
ehtiyatsızlıq, hardan gəldi hücuma keçmək istər
əsgəri, istərsə də kəşfiyyat qrupunu həmən
bada verərdi. Gecə isə düşməni duyuq salıb,
gülləbarana tuş olub qalan adamların da tam itirilməsi
demək idi. Hücuma keçmək böyük ehtiyat tələb
edirdi. Yüz yox, min ölçüb bir biçmək gərək
idi.
* * *
Bu gün
kazarmada şəxsi heyət üzrə müavin mayor Səfərovun
əsgərlərə siyasi dərsi olacaqdı. İndilərdə
gəlməliydi. Adətən əsgərlər zabitlərə
"cənab komandir!" - deyə müraciət edirdilər.
Mayor Cəfər Səfərova müəllim deyilməsi
siyasi dərs keçməsiylə bağlıydı.
Bəzi
yaşlı, ali təhsilli əsgərlər və zabitlər
hərdən məzə qılmaq üçün ona bir nəfəsə
"Cənab mayor komandir Cəfər müəllim!"
deyirdilər. Cəfər müəllim incimirdi.
Bığaltı gülümsəyib "Nizamnamədə
olduğu kimi müraciət edin!" - deyirdi. - Cəzalanmaq
istəyirsiniz?
Əlbəttə,
Cəfər müəllim elə iş görməzdi. Onda əsgərlərə
qarşı komandirlik hökmündən çox müəllimlik
məhəbbəti, qayğısı daha artıq idi. Əsgərlər
bunu yaxşı bilirdilər. Hamısının mayorla daha səmimi
və mehriban münasibətləri var idi. Onu həqiqətən
sevimli müəllimləri kimi qəbul edirdilər.
Baş
kazarma yastı təpədəki adsız yüksəklikdə
yerləşirdi. Düşmən tərəfdən nə qədər
baxçalar da, bayaq dediyimiz kimi görünmürdü. Bir
azdan İdeoloji iş və mənəvi-psixoloji təminat
üzrə komandir müavini Səfərov gələcəkdi.
Əsgərlər onu yenə böyük şövqlə
gözləyirdilər. Və ləzzətlə onunla
Şairin arasında olacaq növbəti mübahisəni izləyəcəkdilər.
Cavuş
Rauf ali təhsilli müəllimdir - Pedoqoji Universitetin tarix
fakultəsini bitirmişdi - əli ilə, emosional, yüksək
pofosla, sual ədatlarıyla danışırdı. Tez-tez
sıtatlar gətirdiyinə, şeirlər dediyinə görə
onu hamı belə çağırırdı: - Şair!
Doğrudan,
yaraşırdı da! İndi də emosional tərzdə əsgərlərə
nəyi isə izah edirdi. Yenə öz ampulasındaydı.
- Vallah,
belə olmaz, a kişilər. Biz dinmədikcə köpəy
uşağı üstümüzə qıcanır. Ay
Allahuva qurban olum Ali Baş Komandan, bir əmr ver, hücuma
keçib bunları xıjdayaq daaa... Nə qədər
gözləmək olar? Ayə, bu Ohanyan səddi nəmənə
şeydir ki, Çin səddi kimi qabağımızı kəsib.
Yəni bunun bir boş künc-bucağı yoxdurmu ordan girək
içəri? Yəni bir babat sapyorumuz-zadımız yoxdur ki,
yol aça, ordan şığıyaq düz Lələtəpənin
kəlləsinə?
Çox
baş alıb gedəcəkdi. Cəfər müəllim
kazarmaya girdi. Əsgərlər ona qısaca rusca
"zampalit" deyirdilər. Deyəsən yol gələ-gələ
Şairin dediklərini eşitmişdi.
- Gəl
dəə, gəl mənim əvəzimdən dərs
keç! Bu günkü mövzun nədir?
Cəfər
müəllim istehza ilə gənc əsgərə yerini
bildirmək, onu pərt edib susdurmaq istəyirdi. Amma tamam
başqa situasiya ilə qarşılaşdı. Rauf elə bil
bu təklifi gözləyirmiş. Ayağa qalxıb irəli
çıxdı. Əsgər yoldaşlarına baxıb
"fərəqət" vəziyyəti aldı. Şəxsi
heyət üzrə müavin ağır-ağır onun yerində
əyləşdi. Elə bil iynə üstündə otururdu.
Buşlatını çıxartmadı. Hələ
martın soyuq günləriydi. Nəsə, yorğun idi.
İçəri girəndən hiss olunurdu.
-
Mövzum... - Şair duruxdu... Hər millətin öz ərazisini
müharibə yolu ilə azad etmək haqqı.
Cəfər
müəllim duruxdu. Yox, bu təzə söz oldu. Həmişəki
öcəşməyə oxşamayacaqdı. Dönüb əsgərlərə
baxdı. Onlar da heyrətlə Raufu süzürdülər.
Onlar üçün də bu sözlər gözlənilməz
idi. "Nə dedi? Öz torpaqlarını azad etmək
haqqı? Bu nə mənaya gəlir? Nəsə yeni bir söz
olacaq. Yoxsa müharibəni deyir? Sən nə
olarsanmış, Şair! Gör zampaliti necə qurutdu?.."
Cəfər
müəllim nə edəcəyini bilmədiyindən lap təzəcə
dən düşmüş saçlarını
barmaqlarıyla daraqlayıb sual verdi.
- Əsas
arqumentin nədir?
Siyasi dərsə
gələn əsgərlər və kiçik ranqlı zabit
heyəti ciddi şəkildə Rauf sarı döndülər.
"Hə, di ver cavabını". Amma əslində
mövzunun adını bayaq söyləyəndə daha
çox siyasi terminlərlə yüklənmiş cümləni
eşidəndə məsələnin ciddi istiqamət
alacağını zənn eləmişdilər.
- BMT
Nizamnəməsinin 51-ci maddəsi.
- Nə
deyilir orda?
Mayor Səfərov
doğrudan yorğun idi. Artıq bunu hamı yəqinlədi.
Candərdi sual verdiyinin də fərqinə vardılar, amma
tutulduğu da gözlərdən yayınmadı.
Rauf təmkinlə
cavab verdi: - Əzbər deyim?
- De...
Mayor Səfərov
sözü necə tələffüz elədisə, əsgərlər
başa düşmədilər ki, "de" dedi, yoxsa
"ye"... " Ə, bu kişiyə noolub belə"
Rauf
bayaqki "fərəqət" vəziyyətində sağ
əlini çəkic vururmuş kimi qaldırıb endirərək
bir nəfəsə dedi:
- "Bu
Nizamnamənin heç bir müddəası, əgər Birləşmiş
millətlər təşkilatının üzvünə
qarşı silahlı basqın baş verərsə, Təhlükəsizlik
Şurası tərəfindən beynəlxalq sülhün və
təhlükəsizliyin qorunub saxlanması üçün zəruri
olan tədbirləri görülənə qədər,
ayrılmaz xarakter daşıyan fərdi və ya kollektiv
özünümüdafiə hüququna xələl gətirmir."
Rauf
sözünü bitirib ağır yükdən azad olmuş
kimi dərindən nəfəs alıb mayora baxdı.
Əməlli-başlı
gərginlik vardı. Yəni hər şey bu qədər bəsitdi?
Bəs onda nə gözləyirik?
Hamının
ilk hiss etdiyi sərin meh və onun vasitəsiylə içəri
dolan cürbəcür otların, çiçəklərin ətri
oldu. Əlbəttə, yaz bir neçə gün idi ki, Vətən
torpağına qədəm qoymuşdu. Çöl, çəmən,
düz-dünya təzədən dirilirdi. Cürbəcür
güllər, çiçəklər göz
oxşayırdı. Təbiətdə heç nə dəyişməmişdi.
Hər şey əvvəlki kimi öz vaxtında gəlirdi. Bəs
onda yerində olmayan nədir?
Səssizlikdə
müxtəlif həşəratların, cüculərin, lap
uzaqdan keçən avtomobillərin də səsi eşidildi.
Ən yaxından gələn səs isə əsgərlərin
ürək çırpıntıları idi. "Tap-tup,
tap-tup, tap-tup". Allah, ürək döyüntüsü də
bu qədər bərkdən eşidilərmi? Bəs əvvəllər
niyə eşitmirdik?"
Hamı
oturduğu yerdəcə heykələ dönmüşdü.
Bu Raufdan
nə desən gözləmək olardı. Amma daha belə yox
daa... Elə bil deputat danışırdı.
Birdən
hamı mayor Səfərovu axtardı. Yerindəydi. Amma elə
bil bayaq əzgin halda qapıdan girən və ərincəkliklə
danışan şəxsi heyət üzrə müavin
deyildi. Dirilmişdi. Geniç açılmış gözləri
ilə Şairə baxırdı.
- Hardan
bilirsən bunu?
-
Oxumuşam...
-
Yaxşı əzbərləmisən.
- Yox e, cənab
mayor, de görüm düz deyirəm, ya yox.
Mayor Səfərov
dirənmişdi. Mövzu təzə deyildi. Çoxdan bəri
əsgərlər arasında, elə camaat da niyə Azərbaycan
ordusunun hücuma keçib ermənilərin dərsini vermədiklərini
bilmək istəyirdilər. Ancaq məsələ kazarmada, əsgərlər
arasında belə siyasi səviyyəyə
qalxmamışdı.
- Bilirsən...
Bəzi məsələlər var ki, bunlar dildə asan deyilir.
Beynəlxalq hüquq var... Heç bir dövlət özbaşına
deyil. Daha doğrusu, bizim kimi dövlətlər. Biz Amerika,
Rusiya, Çin... deyilik. Yeri gələndə onlar heç
kimdən icazə-filan almadan öz bildiklərini eləyirlər,
özlərindən yeni qanun yazır, düzəlişlər
edir, bir sözlə, dünyaya meydan oxuyurlar. Bir neçə ildir
müstəqillik əldə etmişik. Amma müstəqil
siyasət qurmağa imkan vermirlər. İndi dünyada əslində
güc qanundur. Xüsusən bayaq adını çəkdiyim
dövlətlər üçün. Onlar beynəlxalq
hüququ bəzən heç tanımırlar.
- Beynəlxalq
hüquq deyir ki, get başqasının torpağını zəbt
elə, mıxlan qal orada, çıxma?... - Şair
özünü saxlaya bilməyib Səfərovun
sözünü kəsdi.
-
Oğlum, əvvəl beynəlxalq aləmi hazırlamaq
lazımdır. Bilirsiniz ki, qəfil hücuma keçib əsgərləri
öldürməyi, heç kim qəbul etmir, mülki
insanları qırmağı isə ümumiyyətlə vəhşilik
hesab edirlər. Əks təqdirdə biz embarqolara, ciddi
sanksiyalara məruz qalarıq. Azərbaycanın karbohidrogen
ehtiyatlarını müstəqil şəkildə qonşu
Böyük dövlətdən yan keçirərək
Avropaya çıxartması həmin dövlətin heç də
xoşuna gəlmir. Dahi Heydər Əliyev bunu elə
ustalıqla həyata keçirdi ki, bir də baxıb
gördülər qatar artıq gedib. 1994-cü ildə
bağlanan neft kontraktlarını pozmağa cəsarət etmədilər.
Dünya ilə üz-üzə gəlməkdən çəkindilər.
Görürsən, müstəqil dövlət olsan da, sənin
də cəsarət edə bilmədiyin məsələlər
var.
- Belə
çıxır ki, biz hələ çox gözləməli
olacağıq?
-
Əlverişli şəraitin yetişməsini gözləməliyik.
- Yəni
Lazım dayını?
Kazarma qəhqəhə
çəkdi. Mayor Səfərovun da dodağı
qaşdı. Əsgərlər söz duelindən həzz
alırdılar. Rauf hamının ürəyindən keçəni
deyirdi. Belə açıq, çəkinmədən,
hazırcavab danışıq tərzi yalnız Şairdə
idi. Mayor davam edirdi.
- Ermənistanda
vəziyyət getdikcə gərginləşir. Demək olar
ki, əhali dayanmadan ölkəni tərk edib gedir.
Hökümət böhranı günbəgün artır.
Hakimiyyyətdə olan Qarabağ klanı ilə yerlilərin
münaqişəsi hər gün qəlizləşir. Orada
camaat lap boğaza yığılıb. Azərbaycanla
müqayisədə Ermənistanda həyat yerində sayır.
Biz regionun aparıcı ölkəsiyik. Bu qəzet
sözü deyil. Azərbaycanın iştirakı olmadan
bölgədə heç bir qlobal problem həll yolunu tapa
bilmir. Bütün neft-qaz lahiyələri, İpək yolu,
mühüm beynəlxalq toplantıların yeri-məkanı
Bakıdır. Görmürsünüz, ölkəmiz,
paytaxtımız necə inkişaf edir? Hücuma keçib
torpaqlarımızı azad etmək artıq regionun ən
qüdrətli ordusuna çevrilmiş Azərbaycan ordusu
üçün çətin bir məsələ deyil. Zamana
ehtiyacımız var.
- Daha bir
23 ilə? - Şair yenə dilini dinc qoymadı.
- Yox... Bu
dəfə o qədər çəkməyəcək.
- Bircə
onu bilirəm ki, donuza "kiş" deməklə darıdan
çıxmaz. Gərək möhkəm bir zopa tutuzdurasan ki,
rədd olub gedə.
Hamı
fikrə getdi. Elə mayor Səfərov da. Həqiqət
ortadaydı. Mayor Səfərov da bunu anlayırdı. Ancaq nə
etsin, belə danışmalıydı... Rauf yenidən davam
etdi.
- Cənab
komandir! Məni yandıran odur ki, ermənilərlə
münaqişədə tarix boyu baş verən bütün
hadisələr - ya vəlvələdən, ya zəlzələdən
- bizim əleyhimizə, zərərimizə baş verib.
Uzağa getmirəm! 1918-ci ildə Ermənistan Respublikası
yarananda onlara paytaxt kimi qədim şəhərimiz İrəvanı
bağışladıq.
Səfərovun
əvvəlcə qaşları çatıldı, sonra
üz-gözü turşudu. Rauf fikrini yumşaltdı.
- ...
güzəştə getdik.
- Sən
tarixi şəraiti və zamanı unudursan. O zamanlar
Kamçatkadan Yerevana, Orta Asiyadan Saxalinədək
hamısı bizim böyük Vətənimiz idi.
-
Yaxşı, hələlik belə deyək... Buna nə
deyirsiniz? Sovet dövrü dədə-babadan türk adları
ilə adlandırılmış ərazilərimizi dəyişdirdilər,
"dostluq, qardaşlıq" naminə ağzımıza su
aldıq. Gorbagor Leninin "Muğan düzündə
pambıq məsələsini güclü irəlilətmək
lazımdır" sözünə görə 1948-ci ildə
soydaşlarımızı vəhşicəsinə min illərdən
bəri yaşadıqları yerlərdən sürgün etdilər.
O zaman başbilənlərimiz susdular. Dağlarda, gözəl
çəmənliklərdə, bulaqların başında
yaşayan millətimizi Muğanın, Milin ilan mələyən
çöllərinə tökdülər, səssiz qətliama
sürüklədilər. Bulaq suyu içmiş insanlar, kanal
lehməsini, yerdən çıxan duzlu artezan suyunu içib
qırıldılar. Uşaqların qarınları
şişdi, partdam-partdama düşüb bir tərəfdən
də alışmadıqları istiyə dözə bilmədiklərindən
kütləvi şəkildə tələf oldular. Bəzi ailələr
geri qayıtdılar, amma dogma yurdlarında qaçaq kimi
yaşadılar. Gündüzlər gözə
görünmürdülər, tutsaydılar türməyə
basıb ölüncə döyəcəkdilər, bu dəfə
geri qaytarılanda da özümüzünkülər
öldürəcəkdilər. Ermənistan ərköyün
uşaq kimi həmişə dotasıya ilə yaşadı.
Biz İttifaq büdcəsinə neftimizin, qazımızın,
pambığımızın hesabına milyonlar
qazandırırdıq. Halbuki ermənilərin iqtisadi
resursları sıfıra bərabər idi. Konyak, ərik, mis,
molibdenlə büdcə doldurmaq olar? Amma Ermənistanda həyat
şəraiti həmişə bizim ölkədən
üstün olurdu. Niyə belə olurdu?
Səfərov
fikrə getmişdi. Nəsə demək istəyirdi, amma
dodaqları tərpənmirdi.
-
Yadımdadır, Moskvada SSRİ Ali Sovetinin sessiyası gedirdi.
O zamanki SSRİ Prezidenti Qorbacov əskikcəsinə belə
dedi: - Gürcü yoldaşlar məndən xahiş edirlər
ki, Gürcüstanda fövqəladə vəziyyəti ləğv
edək. Əlbəttə, mən gürcüləri
yaxşı başa düşürəm. Gürcü
xalqı məğrur xalqdır. Onlar belə vəziyyətdə
yaşamağa öyrənməyiblər. Mən yoldaşlarla
görüşüb danışacam və bu məsələni
həll edəcəm.
Qısa
müddətdə dediyi kimi həmin məsələni həll
etdi. Amma Azərbaycanın adını da çəkmədi.
Fövqəladə vəziyyət bizdə xeyli sonralar
götürüldü... Elimizin gözəl bir sözü
var. Deyir: "Görünür özünü yaxşı
tanıtmamısan".
Cəfər
müəllim Raufun sözünü kəsmirdi. Ona etiraz etmək,
"yoox, bilirsənmi, məsələ bir az başqa
cürdür" demək söyüş gətirən hərəkət
olardı. Bütün bunları Cəfər müəllim də
bilirdi. Elə diqqətlə qulaq asan əsgərlərin də
hamısının gözləri alışıb
yanırdı. Yumruqları qəzəblə düyünlənmişdi,
bu saat istənilən adamı həmin o yumruqlardan biri ilə
o dünyaya göndərmək olardı. Kin, qəzəb, nifrət
aşıb-daşırdı. Şair zalım oğlunun da
bugün ilhamı aşıb-daşırdı. Dayanmaq
bilmirdi. Bütün tarix yadına düşmüşdü.
- Sovet
dövründə nə torpaq mübahisəsi olubsa
hamısı ermənilərin xeyrinə həll olub.
Yadınızdadı, Qazax rayonun Kəmərli kəndindən
verilən torpaqlar? Birdən-birə düz 400 hk! Hələ
Aşağı Əskiparadan, Yuxarı Əskiparadan
alınıb verilənləri demirəm. "Əşşi,
yazıqdılar, hər tərəfləri daşdır,
qayadır, düz əməlli əkin yerləri yoxdur. Bir az
torpaq verək, əkib-becərsinlər, ölməsinlər"
Amma gördüüz, hara gəlib çıxdılar.
Bir
çox şeyləri hamı bilirdi. Amma Şair kimi məntiqlə,
ardıcıl, dəqiqliklə şərh edə bilmirdi. Bəlkə
də, təəccüblü bir şey yox idi, Rauf öz
ixtisası üzrə danışırdı.
-
Ömür boyu erməniləri qapılarımızda işlətdik,
kəhrizlərimizi qazdırdıq, evlərimizi tikdirdik, həyət-bacamızı
qaydaya saldırdıq, kirvə tutduq, pul verdik,
dolandırdıq, yaşatdıq... Həmişə fikirləşirdik
ki, bu işləri dədə-babadan hər zaman ermənilərə
gördürmüşük, özümüz neynirik öyrənirik,
kirvələrimiz gəlib işi aşıracaqlar.
Çünki öz ölkələrində iş yox idi,
avara-sərgərdan qalmışdılar, acından
ölürdülər. Bizimlə birgə yaşaya-yaşaya
həyət-bacalarımızda işləyə-işləyə
həm ayaq üstə durmağı öyrəndilər, həm
də zəif cəhətlərimizi öyrəndilər, bizi
hardan vuracaqlarını müəyyənləşdirdilər.
Paytaxtımız Bakıya doluşaraq,
sızıldaya-sızıldaya, zarıya-zarıya özlərinə
əməlli-başlı məskən saldılar, toplum halda
yaşayaraq birləşdilər, gücləndilər, ürəkləndilər.
"Ermənikənd" deyilən böyük, həm də
ən yaxşı axar-baxarlı, hündür yerdə -
hansı ki, baxanda Xəzər dənizi ayaqlarının
altında qalırdı - məskən saldılar, yüksək
vəzifələrə yiyələndilər. Nazir, raykom
katibi, prokuror, rəis, KQB-nin yüksək rütbəli zabitləri
oldular, bizim ziyalılara qan uddurdular. Sumqayıt hadisələrini
özləri yaratdılar, qırğınları özləri
törətdilər. Amma SSRİ Ali Məhkəməsinin qərarı
ilə Əhmədovu güllələtdirib qanunla onu
günahkar çıxarıb Sumqayıt hadisələrini azərbaycanlıların
üzərinə yıxdılar. Halbuki bütün fitnə-fəsadın
başında "Paşa" ləqəbli erməni,
Sumqayıtda doğulan Qrıqoryan dururdu. Əhmədovu
güllələdilər, amma onu 2 ildən sonra buraxdılar.
Bu hansı ədalətdir?
Cəfər
müəllim yenə əlini saçlarına daraq elədi.
Rauf elə
yaxşı təhlil edirdi ki, bəzi məsələlər
Cəfər müəllimi də çoxdan
düşündürürdü. Amma onun kimi bunları
emosional şəkildə söyləyə bilmirdi. Bəlkə
də, başqası olsaydı, açıqlanıb onun
sözünü ağzında qoyar, ya da danışmağa
imkan verməzdi. "Nizamnamədən kənara
çıxma!"
Şairin
bəxtinə mülayim siyasi rəhbər
düşmüşdü.
-
Qarabağda hətta köhnəlmiş, heç bir şeyə
yaramayan ov tüfənglərinini də yığdılar.
Tutaq ki, erməni kəndlərində yaşayan azərbaycanlıların
hansının nə silahı olduğunu kənd sovet sədrləri
bilirdilər. Bəs azərbaycanlı kəndlərindəki
silahları kim bilirdi - özümüzünkülər.
Əbləhcəsinə hamısını yığıb
hökumətə təhvil verdilər. Milləti qoydular əliyalın.
Amma nə SSRİ dövləti, nə də Ermənistan
hökuməti bir dəfə də olsun silahlanan ermənilərin
qabağına durmadı. Dağlıq Qarabağın idarəçiliyini
Arkadı Volskiyə tapşırandan sonra torpaqlarımız rəsmən
əldən çıxdı. Görürsünüzmü,
nə qərar qəbul olunubsa, hamısı ermənilərin
xeyrinə işləyib.
Otaqda
dözülməz dərəcədə gərginlik vardı.
Əgər əsgərlər bu saat silahlarını
götürüb əmrsiz-zadsız Lələtəpənin
zirvəsinə cumsaydılar nə Cəfər müəllim
onların qabağını saxlaya bilərdi, nə də hər
hansı başqa zabit. Hətta general belə bu qəzəbin
qarşısında dayana bilməzdi. Şair əsgərləri
hədsiz dərəcədə şövqə gətirmişdi.
Cəfər müəllimin səssizliyi, deyilən arqumetlərə
heç bir cavab verə bilməməsi, fikirli-fikirli yerə
baxması Raufun tam haqlı olmasına dəlalət edirdi. O,
bu günün şəksiz qəhrəmanı idi.
- Guya
münaqişəni həll etmək üçün Minsk
qrupu yaradılıb. Əslində, onların məqsədi
münaqişəni uzatmaq, Azərbaycanı təslimci
sülhə razı salmaqdır. Budey, bunu görərlər,
- Rauf baş barmağını şəhadət və orta
barmağının arasına soxdu, auditoriya vəcdlə onu
alqışladı, hay-küydən qulaq tutuldu, Cəfərov
heç kimə heç nə demədi.
-
Onların təmsil etdikləri ölkələr bu
münaqişənin həllində qətiyyən maraqlı deyillər,
turist kimi gəlib gəzib, yeyib-içib gedirlər. Bir deputat
olub, Ağabəy Əsgərov, deputatlığı barədə
bir söz deyə bilmərəm, amma Minsk qrupu haqqında
dediyi sözlərin üstünə əlimin ikisini də
qoyuram: "ATƏT impotent təşkilatdir": Düz deyir,
bu "impotent" təşkilatdan nə gözləmək
olar? ATƏT-in məqsədi ermənilərin məqsədi ilə
tamamilə eynidir: status-kvonu saxlamaq, bunun üçün
işi uzadıb, uzadıb axırda çürütməkdir.
Azərbaycan ATƏT-in Minsk qrupundan imtina etməlidir. Bu nə
təşkilatdı e, qızınmadıq istisinə, kor olduq
tüstüsünə. Bir dəfə də olsun xeyrimizə
bir söz deməyiblər. Hər zaman ermənilərin tərəfini
tutublar. Belə də sülhməramlı təşkilat olar?
Siyasi dərs
qurtarmışdı. Hamı fikirliydi. Hamı bəlli suala
cavab axtarırdı. Əslində, cavab elə də çətin
deyildi. Hər şey ortadaydı. Deyəsən, hər
şey, Şair demişkən, Lazım dayının gəlişinə
müntəzir idi. Bu gözləmə, istixarə yaman
uzanırdı. Qəti bir qərar vaxtıydı. Qərar qəbul
etməlilər isə hələ susurdular.
İki-bir,
üç-bir kazarmadan çıxıb qarovula gedənlər
silahlarını götürməyə, hərbi təlim
keçənlər məşqlərə, digərləri də
təyin olunmuş postlara gedirdilər. Dostları iftixarla
Şairin kürəyini döyəcləyirdilər. Bu
günün qalibi o idi!
-
Oğulsan!
O da
zarafatla: - Ayə, ürəyim düşdü, bəsdirin, -
deyib növbəti şapalaqlardan yayınırdı.
* * *
Son vaxtlar
erməni əsgərləri tərəfindən atəşkəs
tez-tez pozulurdu. Xüsusən, əhaliyə qarşı
iriçaplı silahlardan və artilleriya qurğularından
mütamadi güllələr yağırdı. Düşmənlə
üz-üzə sərhəddə - öz dogma yurdlarında
qalanlar, ermənilərin azğınlığına, gülləbaranına
baxmayaraq evlərini atıb getmirdilər, amma günləri
qara idi. Tarlada, zəmidə ardıcıl iş görmək
mümkün deyildi. Əkin-biçin ləngiyirdi. Camaat əlini
tərpədə bilmirdi. Naəlac qalıb torpağı
şumlamaq üçün hava qaralanda, hətta gecə
vaxtı çölə-düzə çıxan adamlar
snayperlə ya vurulur, ya da yaralanıb qanları axa-axa geri
qayıdırdılar. Aşağılı-yuxarılı
heç kim bu dözülməz vəziyyətə daha tab gətirmək
fikrində deyildi.
Axşamdan
xeyli ötmüşdü. Briqada komandiri Mars Barxudarovun maşını
Baş kazarmaya yaxınlaşanda onu qarovulda duranlardan başqa
heç kim görmədi. Torpaq yolu elə çəkmişdilər
ki, kənardan baxanda təpələrin ardından heç nə
görünmürdü.
Briqada
generalı xidməti maşını dayanmamış
qapını açıb düşdü. Onu
qarşılayan alay komandirinin əsgəri təzimini
yarıda kəsib - Hamını çağırıbsan? -
deyə soruşdu.
-
Əmrinizlə dediyiniz adamların hamısı içəridə
Sizi gözləyirlər! - dedi.
-
Çox yaxşı.
Barxudarov
kazarmaya girəndə hamı dik qalxdı. Kimsə raport vermək
istədi. Onun da sözünü yarımçıq kəsdi:
- Azad! Oturun.
Özüylə
gətirdiyi böyük xəritəni divardan asdı. Diqqətlə
şəxsi heyəti süzdü. Mətləbin ciddiliyini
hamı anladı.Danışmağa başladı.
- Məlumat
almışıq ki, ermənilər sabah səhərə
yaxın hücuma keçəcəklər. Onları
qabaqlamalıyıq, hücum qabağı onları
yaxşı yedirib içirəcəklər ki, ürəkli
olsunlar. Bu, bizim xeyrimizədir, hallı olacaqlar, boşalacaqlar.
Onlardan əvvəl biz hücuma keçməliyik və
mütləq Lələtəpəni götürməliyik. Həm
camaat, həm də rəhbərlik hazırki vəziyyətdən
narazıdır. Günorta yenə kəndlərimizi gülləbaran
ediblər. Bir nəfər ölüb, dörd nəfər
yaralanıb. Aran Qarabağdakı kəndlilər yenə
torpağı şumlaya bilməyiblər. Səpinin vaxtı
gecikir. Buna yol vermək olmaz.
Ştab
üzvüləri nəfəslərini udub diqqətlə
briqada komandirini dinləyirdilər. Hamı həyəcanlıydı.
"Axır ki!" Sakitlikdə briqada komandirinin xəritənin
üzərində sürüşdürdüyü qələmin
xışıltısı eşidilirdi.
- Bax,
buradan hücuma keçəcəyik. Uzun müddətli
müşahidələrimiz göstərir ki, ermənilər
aşağı enəndə üçbucaq şəklində,
sonra isə ziqzaqvari axırıncı postlarına belə
düşürlər - xəritədə erməni əsgərlərinin
hərəkət trayektoriyasını cızdı.
Kəşfiyyat
qrupunun rəhbəri və istehkam komandiri qeydlər edirdilər.
Əslində yaddaşlarında həmin əraziləri
canlandırırdılar. Hər şey gözləri
önünə gəlirdi. Barxudarov təkrar yenə erməni
əsgərlərinin hərəkət trayektoriyasını
göstərirdi.
- Beş
qrup eyni vaxtda hücuma keçəcək. Bacardıqca kəpənək
kimi səssiz, ildırım kimi sürətli. Kimin əsəbləri
dözməyəcəksə, səmimi deyirəm, qalsın...
Mümkün qədər, az itkiylə bu döyüşdən
çıxmalıyıq. Birinci, "Kitayski post"dan
başlayacağıq. Kapitan Ağayev, bu tapşırıq
sizə həvalə olunur. Ratsiya ilə konkret, aydın,
qısa danışın. Konspirasiyanı gözləyin.
Şərti işarələri, ifadələri bir daha dəqiqləşdirin.
Sapyorlar Qurd dili tərəfdəki ərazini təmizləməlidirlər.
Oradan səhər hücuma keçmək üçün
tanklara yol açılmalıdır. Hüseynov, - sapyor
rotasının komandirinə üz tutdu - bütün texnika məhz
təmizlənmiş eyni yerdən keçməlidir. Bir santim
nə saga, nə də sola.
Komandirlər
gülümsədilər. "Yəni bu qədər dəqiq?"
Briqada komandiri bunu duyub izah etdi. - Əlbəttə, sapyorlar nə
qədər geniş ərazi təmizləsələr sm-siz də
keçinərik.
Barxudarov
bir daha sapyor rotasının komandiri Hüseynova baxdı. O da
başı ilə təsdiqlədi "Aydındır!"
- Allah köməyimiz
olsun. Gecə birə beş dəqiqə işləmiş
başlayırıq. Ortaya əlavə bir problem çıxsa
xəbər veriləcək.
Həyəcandan
hamının ürəyi möhkəm
döyünürdü. Komandirlər qollarındakı saatlara
baxırdılar. Hələ bir neçə saat vardı. Vaxt
il qədər uzun görünürdü. Rauf Kəşfiyyat
qrupunun rəhbəri kapitan Ağayevə yaxınlaşdı.
- Bu qədər vaxtı necə keçirəcəyik?
- Gedək
müşahidə aparaq. ...
Digər
dəstə üzvləri də toplanıb hücuma keçəcəkləri
yerləri bir daha müşahidə etməyə
başladılar.
* * *
Ermənilər
tərəfdə bütün postlarda işıqlar
yanırdı. Hündürdə olduqlarından arxayın idilər.
Hər şey gözləri önündəydi. Hücum -
filan olsaydı azərbaycanlı əsgərlər onların
postlarına çatana qədər biləcəkdilər, dərhal
toparlanacaqdılar. Azərbaycan ordusunun əsgərlərinin vəziyyəti
hərbi-strateyi baxımdan olduqca mürəkkəb idi.
Aşağıdan yuxarı qalxmağın, sürünməyin,
irəliləməyin çətinliyindən əlavə,
bütünlüklə düşmənin gözü
qarşısında açıq hədəfə
çevrilirsən. Nə qədər ehtiyatlı, çevik,
hiyləgər olmalısan ki, diqqət çəkməyəsən,
düşmənin gözündən yayına biləsən.
Qaranlıq
qatılaşırdı. Ermənilər tərəfdə elə
də hərəkətlilik duyulmurdu. Azərbaycanlıların
hücüm edə biləcəyi ermənilərin
ağlına gəlmirdi deyəsən. Ohanyan səddinə
çox güvənirdilər. Əmin idilər ki,
minalanmış sahələrdən keçərkən
kiçik bir ehtiyatsızlıqdan partlayış olacaq, onlar
da dərhal gələnləri gülləbaran edib
öldürəcəklər. Ona görə də
arxayınlıqla postlarında mürgü vururdular. Səhərə
isə hələ çox vardı.
"Kitayski
postdan" başlayacaqdılar. Onlara ən yaxın post o idi.
Ermənilər qarovulda dayandıqları yerin
papaqlığını qırmızı kirəmit
parçalarından elə düzəltmişdilər ki,
uzaqdan çin evlərinin dam örtüyünü
xatırladırdı. Ona görə də hər iki tərəf
öz aralarında həmin yeri rus dilində "Kitayski
post" adlandırırdılar. Azərbaycan ordusunda da hələ
hərbi terminlərin əksəriyyəti köhnə ənənəyə
görə rus dilində işlədilirdi. Biz də
yazımızda bu ənənəyə əməl etmək məcburiyyətindəyik.
Gecənin
tən yarısında sapyor rotasının komandiri Hüseynov
astadan "hazırlaşın" dedi. Dəstənin
bütün üzvləri "hazırıq!" dedilər.
Avadanlıqlarını götürüb irəlilədilər.
Çox qaranlıq olsa da, gedəcəkləri yeri
yaxşıca öyrənmişdilər.
Çalışırdılar ki, ayaqlarının altında
daş qalmasın, dığırlanıb səs salmasın.
Yoxsa düşmən nəsə hiss edib atəş
açsa, planları pozular. Maksimum ehtiyatlı olmaq gərəkdi.
Hamı qıs-qıvraq geyinmişdi.
Digər
hücum qrupları da onların ardınca gedirdilər. Bir daha
dəstə üzvlərini nəzərdən keçirən
Hüseynov "Ya Allah" deyib dua etməyə
başladı. Dəstə üzvləri də ürəklərində
kəlmeyi-şəhadətlərini söyləyib tam toparlandılar.
Sürünə-sürünə "Kitayski posta"
yaxınlaşdılar.
Sapyorlarımız
qorxmadan, ürəklə, diqqətlə, ehtiyatla işləyirdilər.
Azərbaycan əsgəri bu günü çoxdan gözləyirdi.
Qaranlıqda ara boşluqlardan, dərə boşluqlarından,
yarğanlardan sürüşərək, pişik kimi
tullanaraq yuxarı dırmaşırdılar. Lap kombriq deyən
kimi: kəpənək kimi səssiz, ildırım kimi sürətli.
Onların
dalınca tapşırıq alan böyük istehkamcı qrup
da sabah obaşdandan tankların rahat keçməsi
üçün əməliyyata başladılar.
Böyük yolu onlar açmalıydılar. Ondan bir gün əvvəl
komandirlər Mais Barxudarov və Bəkir Orucov əraziyə
birlikdə baxış keçirib öz aralarında
döyüş müşavirəsi aparmışdılar və
bu ərazini hədəfləmişdilər. Bütün
proseslər dəqiqliyinə qədər
hesablanmışdı. Bir neçə gün qabaq
tankları, digər döyüş texnikalarını
yaxına gətirib elə gizlətmişdilər ki, kənardan
qətiyyən hiss olunmurdu.
Rövşən
arada Fuada xırda daşlar atırdı ki, ə, tez ol da, səhər
açılır. Nə bitdənirsən orda.
O da
yumruğunu düyünləyib hədə göndərirdi
ki, qoy işimi qurtarım, gör sənin başına nə
oyun açacam. Rəhmətliyin oğlu, mən burda kabab yemirəm
e... Birdən ermənilər hiss edərlər, əməliyyat
pozular. Sonra komandirə nə cavab verərik..
Çaşdırma məni, işləyirəm axı...
Üzeyir
əlinin üstünə düşən damcıdan diksindi.
Əlbəttə, yağış deyildi... Dəsmalını
çıxardıb Akifin tərini sildi.
-
Qorxursan?..
- Yooxx...
Bir gün yaranmışam, bir gün də öləcəm...
Məsuliyyətdən çəkinirəm. Birinci mən
başlamışam. Hamı gəlib burdan keçəcək.
Səhv olmamalıdır. Bilirsən də, bizim işdə səhv
bir dəfə olur. O səhvi mən bəlkə də
başqa yerdə mina axtaranda edə bilərəm. Amma bu
gün burada yox. Gör neçə vaxtdır, bu günü
gözləyirik.
Lələtəpə
yüksəkliyi olduqca mühüm post idi. Ordan baxanda strateji
baxımdan Füzulinin qalan bütün ərazisini, sonra Beyləqanı,
hətta İmişlinin konturlarını görmək olurdu.
Elə möhkəm istehkamlar tikmişdilər ki, onları
keçib Lələtəpəyə qalxmaq ağıla gəlməz
idi. Erməni əsgərlərinin işi formal olaraq keşik
çəkdikləri ərazidə var-gəl etmək idi. Yəni
azərbaycanlılar baxanda görsünlər ki, postda kimsə
var. Həm də öz komandirləri də arxayın olsunlar.
"Kitayski
post"da iki erməni əsgər keşik çəkirdilər.
Hərdənbir də qarşı-qarşıya gəlib yerlərini
dəyişirdilər.
- Növbəti
yerdəyişmə eliyəndə hücuma keçəcəyik.
Onda fikirləri yayğın olacaq. - Kəşfiyyat qrupunun rəhbəri
Ağayev üzünü gizir Rüstəmova tutdu: -
Uzaqdakı sənindir.
Rüstəmov
başa düşdü. İti bıçağını əlində
tarazladı. Rauf və Səlim üzünü çevirib
geri dönən erməni əsgərinin üstünə
şığıyıb onu yerə yıxdılar, nəfəsini
çıxmağa qoymadılar. Süpürləşməni
duyan o biri əsgər silahını tarazlayıb atəş
açmaq istəyəndə Rüstəmovun
bıçağı köksünə sancıldı.
Sıçrayaraq diz üstə çökən ermənini
səsini çıxarmasın deyə dərhal
ağzını qapadılar, Rüstəmov
bıçağı daha da dərinə soxdu.
İlk həmlə
uğurla başa çatdı. Artıq-əskik səs-küy
olmadığından hər şey əvvəlki kimi idi. Sanki
bu kiçik basqı olmamışdı.
Ağayev
məlumat vermək üçün ağzını
ratsıyaya tutdu. Rauf tez yaxına gəlib astadan
pıçıldadı.
- Cənab
komandir, belə deyin. "Çin bizdədir!" Postun
adını rus dilində desəniz, duyuq düşərlər.
Ağayev
duruxdu. Hərbi qayda var. Əməliyyat zarafat yeri deyil. Hər
şey dəqiq və konkret olmalıdır...
Amma
Şair də düz deyir...
Yaxşı,
Şair deyən kimi olsun. Başa düşməsələr,
hamının bildiyi adla deyər.
Kombriq
kapitan Ağayevin siqnalını görən kimi səbirsizcəsinə:
- Bəli, bəli, eşidirəm, - dedi.
-
Çin bizdədir...
Komandirin
başa düşməkdə çətinlik çəkdiyini
səngərdəkilərin hamısı hiss etdi.
Açıq-aşkar tövşüyürdü. Həyəcandan
da ola bilərdi. Nəyisə götür-qoy edirdi.
Açıq danışa bilmirdi, sual verib nəyisə
aydınlaşdırmaq da istəmirdi... Nəhayət səs gəldi.
- Şair
səninlədir.
- Bəli!
- Onun
ağzı ilə danışırsan?
- Bəli
- Deməli
hər şey qaydasındadır.
- Elədi
ki, var!
- Elədirsə
uğurlar!
Hər
şey plan üzrə gedirdi.Postlar bir-birinin ardınca
götürülürdü. Uzun müddtli müşahidələr
bəhrəsini verirdi.Azərbaycan əsgərləri əlləri
ilə qoyublarmış kimi bütün
cığırları və keçidləri uğurla
adlayaraq götürürdülər. Düşməni qəfil
yaxalayıb axırlarına çıxırdılar. O qədər
sürətlə işləyirdilər ki, düşmənlər
əl də tərpədə bilmirdilər.
Lələtəpənin
ətəyindəki beş postun mərkəzi
dördüncü post idi. Danışığı onlar da
tutdular. Yaşlı bir erməni döyüşçü əlini-əlinə
vurub şaqqanaq çəkdi.
- Ara, bu
azarbaycanlılar deyəsən qırılıb qurtarıblar.
İndi də cinlərlə oturub dururlar. Ay sizin... -
söyüş söydü.
-
İçək qəhrəman, igid erməni əsgərlərinin
sağlığına. Dünyanın bütün
cin-şeytanları da gəlsələr, bizə bata bilməzlər.
Başçıları
polkovnik-leytenant Maksim Qriqoryan dolu stəkanı başına
çəkdi. "Vahh!" eləyib silkələndi,
atılıb düşdü. Sosiskanı ortadan bölüb gəvələdi.
Yeyə-yeyə də yenə "vahh! vahh" eləyirdi. Deyəsən
içi çox yanırdı. Özünü göstərmək
istəmişdi, amma tut arağı onu əməllicə
xıxırtmışdı.
Yan-yörəsindəkilər
də tut arağını başlarına çəkib
pufuldaya-pufuldaya əllərini yeməyə uzadırdılar
ki, ikinci raportu da eşitdilər: - İkinci Cin də bizdədir!
Yenə
ştabı qəhqəhə bürüdü. Bir neçəsi
özündən getdi. Bayaqki erməni təntənəli
şəkildə bəyan etdi:
- Sabah
şəxsən özüm generaldan xahiş edəcəm ki,
mənə təkbaşına icazə versin, gedim Horadizi
götürüm. Mənim o Mubarızdan nəyim əskikdir.
Bu azarbaycanlılar nə günə qaldılar, ara adamları
yoxdur, qırılıb qurtarıblar. Sizi inandırıram ki,
cinlər bizim hücumu görsələr, qorxularından onlar
da avtomatlarını azarbaycanlılara tuşlayacaqlar. Sağ
qalmaq üçün cəsur erməni əsgərlərinə
tabe olub müsəlmanların qanını axıdacaqlar.
Görərsiniz.
Səhər
saat 04.25-də hamı eyni zamanda səngərə
çatmışdı.
Mərkəzi
postda da işlər düz gətirmədi. Səngərin
divarına sıyıb qayıdan orta yaşlı erməni azərbaycanlı
əsgərləri görüb bağıra-bağıra
posta təpildi:
-
Türklər ağzımızın içindədirlər.
Əsgərlər
mövqe tutduqları yerdən postu gülləbəran etdilər.
Amma çox güclü müqavimət gördülər.
"Deyəsən çətin olacaq". Ermənilərin
mövqeyi möhkəm idi.
Mayor Elnur
Əliyev:
-
Uşaqlar, gəlin, elliklə posta girək, - dedi.
Hamı
bir nəfər kimi irəli atıldı. Birdən dəstənin
qabağına bir qumbara düşdü. Dəstə üzvlərinə
heç nə olmasın deyə Elnur özünü
qumbaranın üstünə atdı. Dalğadan hərə
bir tərəfə düşdü. Hamının göz
yaşı içinə axdı.
Elə bu
an komandirin səsi gəldi. - Raportu niyə gecikdirisən?
Rota
komandiri vəziyyəti olduğu kimi dedi:
- Cənab
komandir, yaman dirəniş göstərirlər, həm də
çoxdular... Elnur Əliyev həlak oldu...
... hiss
olundu ki, kombriq sarsıldı. Uzun pauza verdi...
Eşitdikləri
sözə əsgərlər inanmadılar.
- Bir az
dözün, özüm gəlirəm!
Maksim
Qriqoyan durmadan döyüşçülərini
ruhlandırırdı. - Qorxmayın!İndi bizimkilər
köməyə gəlib bunların anasını
ağladacaqlar!
Ən
müxtəlif yerlərdən atəş
açılırdı. Ermənilər daldalandıqları
yerə yaxşı bələd idilər. Həm də sayca
çox idilər. İçəri girmək mümkün
deyildi. Heç yaxına getmək də müşkül idi.
Onlar ştabın ağzındakıları yaxşı
görürdülər. Azərbaycan əsgərləri isə
qaranlıq ştabda onları görmürdülər.
Üzeyirlə
Rövşən nisbətən irəlidə idi. Çəmləyib
qapısı dəmir torla örtülmüş kazarmaya iki
qumbara atdılar. İkisi də tora dəyib bir az geri
düşdü. Toz-duman hər yeri bürüdü. Hiyləgər
Qriqoryan kazarmanın ağzına çıxıb yaxında
olan əsgərləri axtarırdı. Birdən Üzeyiri
gördü. Üzeyir çökəyin içində gizlənmişdi.
Qriqoryan avtomatı qaldırıb onun sinəsini nişan
aldı. Bayaq atılan qumbaranın əsgərlərin
hamısını öldürdüyünü zənn etdiyindən
çox arxayın olmuşdu. Sağ qalmayacağını
hiss edən Üzeyir bir anın içində var
gücünü toparlayıb yuxarı dikəldi. Avtomat
güllələri onun qasığını tutdu.
-
Rövşən, məni vurdular!
Rövşən
yaxındaydı. Üzeyirə atəş açanı
gördü. Havaya uçub darağı boşaltdı.
Qriqoryan onu görmədiyindən bir az
boşalmışdı. Tut arağının da təsiri
olmamış deyildi. Başına dəyən güllələrdən
ləngərlədi. Ağzı üstə yerə sərildi.
Son dəfə tətiyi çəkdi. Güllələr səngərin
divarlarına girdi.
Elə bu
an kombriq Barxxudarov iki əsgərlə yetişdi. Səngərdəkilər
aslana döndülər. Aydın məsələdir, əsgər
istəyir ki, komandirinin yanında nəsə bir şücaət
göstərsin, onun gözünə girsin. Ən böyük
mükafat komandirindən xoş söz eşitmək deyilmi?
Barxudarovla
gələn qrantomyotçu dəmir toru vurub
dağıtdı. İçəridə vay-nəfsə qopdu
Kombrıq əmir etdi:
- Ən
azı bir nəfəri diri tutmalıyıq, həm diqqətli
olun, həm də ehtiyyatlı.
Horadizi
götürmək istəyən erməninin
yalvarışları eşidildi.
- Ara,
bizim nə günahımız. Biz özümüz gəlməmişik
ki. Bizi gətiriblər. Yazığınız gəlsin! Bax,
silahımızı qoyub çıxırıq.
Kombrıq
"əl saxlayın!" işarəsi verib dedi:
-
Çıxın! Dəyməyəcəyik.
- Sonra
Rövşən dönüb: - "İçərini
yaxşı-yaxşı yoxla!" - dedi.
* * *
Döyüşün
üçüncü günü günüydü. Ermənilər
Lələtəpəni qoyub xeyli uzaqlara
qaçmışdılar. Çox zəif müqavimət
göstərirdilər. Buna səbəb həm də oydu ki,
Ağamirin cəsur artılleriyası döyüş
zamanı ermənilərin on bir tankını vurub onları
sözün əsl mənasında
sarsıtmışdılar. Heç cür başa düşə
bilmirdilər ki, Azərbaycan əsgərləri bu qədər
dəqiqliklə onların axırına necə çıxa
bilərlər. Ona görə də açıq-aşkar
döyüşdən imtina edib sağ qalanlar da tankdan
çıxıb pərakəndə halda qaçmağa
başladılar. Komandirləri əsgərlərini saxlaya
bilmirdilər. Onların sırasında indi mülki adamlar daha
çox gözə dəyirdi. Deyəsən tələm-tələsik
ətrafda yaşayan erməni rayonlarından yığıb gətirmişdilər.
Onların da naşılıqları o saat
görünürdü. Döyüşə girən kimi
gülləyə tuş gəlirdilər. Hiss olunurdu ki, zorla gətiriliblər.
Ölərkən onları gətirənlərin
ünvanına söyüş söyürdülər.
Narazılıqları çöllərə səpilmiş
qurumuş meyitlərin sifətində də ifadə olunurdu.
Ratsiya ilə
xəbər verdilər ki, vuruşmanın lap önündə
mayor Səməd Nəsibov, bütün polkun sevimlisi Ruhin
Piriyev və bir gizir atılan mərmilərdən həlak
olmuşlar. Düşmən onların meyidini götürməyə
imkan vermir. Bəlkə də özləri götürmək
istəyirlər. Kəşfiyyat qrupunun baş leytenantı
Elşən: - Mən gedib onları gətirərəm! - dedi.
Hamı
ümidlə, həm də nigarançılıqla ona
baxdı. Meyidlər güllə selinin altındaydı. Bəlkə,
doğrudan da, kimsə sağ idi. Ermənilərin canfəşanlığı
bununla da bağlı ola bilərdi... Komandir Mirzəyev Elşənə
və onun qrupuna xeyir-dua verdi. - Gedin. Allaha əmanət olun.
Təcili
yardım maşını ilə həmin koordinata sarı irəlilədilər.
Bizimkilər də həmin istiqaməti güllə
yağışına tutub düşmənin
başını qatır, onları irəliləməyə
qoymurdular. Ölmüş bildikləri
döyüşçüləri maşına yığanda
gördülər ki, Ruhin sağdır. Çatlamış
dodaqlarını yalayıb: - Qardaş, Şahin, gəldiin? -
dedi.
Elşən
ratsıya ilə xəbər verdi ki, Ruhin ağır
yaralanıb, qardaşını arzulayır. Tez Şahinin
döyüşün hansı qolunda olmasını tapıb
onu Lələtəpənin zirvəsinə
çağırdılar. Bu işi kapitan Ağayeva
tapşırdılar. O da Raufa göstəriş verdi.
Geri
qayıdanda Elşən sürücüyə bərk-bərk
tapşırdı. - Çalış, cığırdan
çıxma, bu yolu bizim sapyorlar yoxlayıb, təmizdir, bir az
asta sür, həyəcanlanma.
Mərmilər
təcili yardım maşınının gah sağına, gah
soluna, gah önünə, gah da arxasına
düşürdü. Yaxında partlayan növbəti mərmi
maşını bərk tutdu. Sürücü nə qədər
etdisə də, müvazinəti saxlaya bilmədi. Qrup üzvləri
də, yaralılar da, meyidlər də hərə bir tərəfə
düşdü. Təcili yardım maşınının
qabaq hissəsi dağıldı. Möcüzə baş
vermişdi. Heç kim ciddi xəsarət almamışdı.
Prosesi diqqətlə izləyən Mirzəyev yeni maşın
göndərdi. Sürücü heç nəyə baxmayaraq
təpələri aşaraq gəlirdi. Resorun
qırılmasının, dağılmasının hayında
deyildi. Elşən sol ayağını çəkə
bilmirdi, yara təzə olduğundan axsaya-axsaya onlara tərəf
gələn maşına tərəf yeriyirdi.
-
Yaralıları götürün!
Hamını
bir yerə toplayıb təhlükəli zonadan
uzaqlaşdı.
Ayağından
axan qan dayanmırdı. Remenini çıxarıb bərk-bərk
sıxdı.
Xoşbəxtlikdən,
Elşənin sümüyünə bir şey
olmamışdı. Baldırı
dağılmışdı. Həkim tez sarıyıb
qanaxmanın qabağını saxladı.
Lap
yaxından Raufun - Şairin səsi gəlirdi.
Dəlilərim,
bu gün dava günüdü,
Müxənnət
ölkəsi talanmaq gərək!
Qoç
iyidlər yarasından bəllənər,
Şərbət
tək qanını yalanmaq gərək!
Koroğlu
içəndə düşmən qanını,
Mərd
meydanda nərəsindən tanını,
Qırın
vəzirini, tutun xanını,
Leş-leşin
üstünə qalanmaq gərək!
Şahin
Şairin sözlərindən lap vəcdə gəldi. O da
ürəkdən "Leş-leşin üstünə qalanmaq
gərək" deyərək nərə çəkdi. Ermənilər
tez aradan çıxa bilsinlər deyə texnikalarını,
silahlarını da atıb qaçırdılar, təki ələ
keçməsinlər.
Raufun
boğuq səsi gəldi.
-
Şahin! Qardaşın yaralanıb. Bəlkə
aşağı aparmaq lazım gəldi. Yanında olsan
yaxşıdı.
Şahin
deyilənləri adi söz kimi qarşıladı. Bu saat ilk
ağla gələn söz yaralanmaq idi. Müharibədir dəə...
Hamı yaralanır. Yaralanmaq yaxşıdır, təki
ölmək olmasın. Şairin də üz-gözü qan
içindəydi. Alnında, sifətində, boynunda
sıyrıntılar vardı. "Əşşi, yəqin
adi şeydir. Vaxt itirməyə dəyməz."
Bağıra-bağıra irəli yüyürdü:
-
Heç bu ləzzəti yarımçıq qoyallar?
Şahin
güllə yağışının altında rəqs
edirmiş kimi atıla-atıla gah sağ, gah da sol tərəfdəki
çökəklərə girərək düşmənin
düz üstünə yeriyirdi. Rauf onu döyüşdən
aralaya bilməyəcəyini anlayıb axır
sözünü dedi:
-
Ağır yaralıdır. Səni istəyir... Deyir,
sözüm var.
Söz elə
bil indi çatdı. Şahinin əli tətikdə dondu.
Şair üzünü çevirib irəli cumdu, xeyli
aralandı. Yenə "Koroğlu"dan şer deyirdi.
Hoydu, dəlilərim
hoydu,
Yeriyin
meydan üstünə!
Havadakı
şahin kimi,
Tökülün
al qan üstünə!
"Görəsən
qardaşı nə demək istəyir. Yəni belə
ağır yaralıdı?"
Cəmirtkənliklərin
arasıyla geri sürünürdü. Arxa cəbhədəkilər
yaralıları daşıyırdılar. Cəld və tədbirli
tərpənirdilər. Çovutma güllədən
savayı onları heç nə tutmazdı. Düşmənin
başı qaçmağa qarışmışdı. Ermənilər
canlarının hayındaydılar.
... Ruhin
döyüşdən 3 ay əvvəl kurs keçmişdi. Bədəncə
arıq uşaq idi. Qardaşı Şahin zarafatla deyirdi ki, ə,
sən Allah, ondan muğayat olun, bərk külək əssə,
götürüb aparacaq, əldə-ayaqda itəcək.
Şahinin
belə deməyinə baxmayaraq Ruhin çox zirək və əldən
itiydi. Göz yumub açınca avtomatı açıb
yığırdı. Hətta zabitlər belə onun kimi
sürətli deyildi. Belə arıq uşaq 80-90 dəfə
jim edirdi, 40-50 dəfə turnikdə dartınırdı.
Söz tapa bilməyənlər bunu onun çəkisinin
azlığı ilə bağlayırdılar. Ruhin
gülümsəyib bircə bunu deyirdi: - Yaxşı,
avtomatı söküb yığmağım nəylə əlaqədardı?
Ancaq Ruhin
kursu birinci bitirdi. Çox özündən deyən
oğlanlardan fərqli olaraq hərbi normativləri artıqlaması
ilə yerinə yetirdi. Döyüş
tapşırıqlarını sürətlə və
uğurla yerinə yetirməkdə ona çatan
olmadı.Şahin bu dəfə də zarafatdan qalmadı:
- Sən
ölmüyəsən, deyəsən qardaşımı
yaxşı tanımamışam.
Ruhin erməni
əsgərlərini ot kimi biçirdi. Düşmən
özü məəttəl qalmışdı ki, atılan
güllələr ondan necə yan keçir. Gözlərinin
qabağında olan onları öldürür, onlar isə
heç nə edə bilmirlər. Axırda sözləşib
onu qumbara ilə öldürməyi qərar alırlar. Ruhinə
üç qumbara atırlar. Biri ayaqlarının altına
düşür. Qəlpələr bütün bədəninə
dolur. Yıxıla-yıxıla da olsa yenə atəş
açır, ona yaxınlaşıb hər ehtimala
qarşı əsir götürmək istəyənləri
sözün əsl mənasında biçib
tökürdü.
Şahini
görən kimi əl elədilər. Onu haylayanların
üzlərindəki təlaşı görüb
götürüldü. Ruhinə yaxınlaşanda onu qan
içində gördü. Bütün varlığı
sarsıldı. - "Qardaş, qardaş! - deyib onun
başını qucaqladı. Gözündən sel kimi yaş
axmağa başladı. - Qardaş! - deyib bir də haray
çəkdi. Bərk-bərk bağrına basdı.
-
Yavaş, ağrıdır... - Ruhin inildədi. Şahinin dərhal
qolları boşaldı.
- Necə
oldu?... - "yaralandın" sözünü demədi.
Artıq idi...
-
Böyrümdə qumbara partladı. Elə bil məni
götürüb... göydən yerə
çırpdılar.
Döyüş
uzaqlardaydı, Nüzyar kəndinə doğru düzəngahlarda
arxa cəbhədəkilər əyilib eləmədən
yaralıları daşıyırdılar. Nəhayət onlara
da yaxınlaşdılar. Şahinin də köməyi ilə
Ruhini xərəyə qoydular. Sürətlə
aşağı, avtomobillərin yanına qaçdılar.
Şahin qardaşının başı üstündən
aralanmadı: - Mən də gedirəm!
Tibbi
personaldan heç kim dinmədi...
Əhmədbəyli
hospitalında qəlpələrin çoxunu
çıxarıb,yaralarını sarıyıb, Ruhini bir az
özünə gətirmişdilər. Havası
çatmırmış kimi dərindən nəfəs
alıb kəlmə-kəlmə danışırdı.
Şahinin əlini buraxmırdı. Şahinin israrlı
xahişindən sonra həkimlər beş dəqiqəliyə
icazə vermişdilər.
- Qardaş,
ölsəm...
Şahin
tələsik onun sözünü kəsdi. - Allah eləməsin,
elə danışma. Atamız, anamız bizi gözləyir...
-İçim
doğranır, deyəsən gedəcəm.
- Bəsdi
taaa...
-
Qardaş, - Şahin diqqətini cəmlədi - Həsən
müəllimin qızı vardı haa... Gülnarə...mən
onu sevirdim. Özünə də demişdim. Amma...
sözümü eşidəndə, nədənsə
özünü aldırmadı... Qaşını
çatıb fikrə getdi.Bəlkə də qabaqdan adamlar gəlirdi...
ona görə... Deyərsən, onun həsrətilə getdim
bu dünyadan.
Şahin
sonralar da dəfələrlə öz-özünə sual
verirdi ki, temperaturu normal, bəlkə də hələ isti
olan otaqda o necə dondu, bədəni necə suya döndü,
əli-ayağı keyidi...
Şahin
özü əsgərliyə gəlməmiş kəndsayağı
Gülnarəylə əhdi-peyman bağlamışdılar. -
Sağ-salamat qayıt, gəl - əsas budur! Sözümüz
sözdür - qız demişdi.
Ruhin necə
dedi: "deyəsən özünü aldırmadı".
"Can
qardaş, qəlbini qırmayıb, o məni sevir axı."
Şahinin
qaxaca dönmüş cəsədini sürüyüb
palatadan çıxartdılar. Çünki heç nə
eşitmirdi, anlamırdı, qup-quru qurumuşdu. Maşına
mindirib xidmət etdiyi hərbi hissəyə göndərdilər.
Hər ehtimala qarşı yanına bir nəfər də
mindirdilər. Həkim həmin adama nə isə
pıçıldadı. Fərqinə varmadı.
Çox-çox sonralar xatırladı.
Şahin
anlamaq, eşitmək halında deyildi.
* * *
Əsgər
yoldaşları onu təmtəraqla qarşıladılar.
Orden vermişdilər. Komandirdən icazə alıb
"cızı keçməmək şərti ilə"
xudmani məclis də düzəltmişdilər. Fikri
qardaşının yanında, onun dediyi sözdə idi.
Sağ qalan dostları - əksəriyyəti yaralı idi, demək
olar ki, hamı sarğıda idi - şadyanalıq edirdilər,
əsgərlər qürurdan, qələbədən içməmiş
sərxoş idilər. İlk qədəhlər, ürəkləri
bizimlə olan, mübarək bədənləri Vətən
torpaqğının altında olanların
sağlığına qaldırıldı. Tam səssizlik
içində son damlaya qədər içdilər.
Rauf: -
Allah rəhmət eləsin!... - dedi. Hamı təkrar etdi.
Oturdular.
Şahinin
fikirliliyi hamının diqqətini çəkirdi. Əlbəttə,
qardaşına görəydi... Bircə Şahin bilirdi ürəyini
göynədən nədir. Kimsə böyürdən: -
Çörəyini ye, Allah elə oğula qıymaz, - deyə
ürək-dirək verirdi.
"Allah,
bu necə olub mən bilməmişəm? Sabah əsgərliyimizi
başa vurub evə qayıdanda məsələ
açılsa, neynəyəcəm, nə deyəcəm?"
* * *
Döyüşlər
sənqimişdi. Adda-budda atəş səsləri
eşidilirdi. Düşmən darmadağın olub geri çəkilmişdi.
Hamıda böyük ruh yüksəkliyi vardı. Azərbaycanın
hər yerindən tökülüb Lələtəpəyə
gəlirdilər. Xalq bəxtəvər idi. Onun igid
oğulları düşmənin daşını daş
üstə qoymamışdı. Qurbanlar kəsilir, şairlər
qəhrəman əsgərlərmizi öyür, müğənnilər
şən mahnılar oxuyurdular. Böyük bir el bayramı
yaşanırdı. Sahilsiz sevinc insanları, əsgərləri,
yarğanları, dərələri, təpələri,
bütün Lələtəpəni qoynuna almışdı.
Hamı xoşbəxtliyin, sevincin zirvəsindəydi. Bircə
Şahindən savayı.
Aprelin 7-də
səhər idmanından sonra taqım komandirinin onu
çağırdığını söylədilər.
Özünü qaydaya salıb ştaba yollandı. Nöbətçiyə:
- Xəbər verin ki, cavuş Piriyev əmrinizlə gəlib!
- deyib gözləməyə başladı.
Uzun
çəkmədi. Komandir dərhal qəbul etdi. Ata kimi
qollarını açıb onu bağrına basdı. Nəyə
görəsə gözləri nəmləndi. - Həyatdır.
Döyüşün öz qayda-qanunları var Bunu sənə
izah etmək artıqdır. Sən də, qardaşın da
ordenə təqdim olunmusunuz. Kişi kimi vuruşdunuz. Deməli
belə... Məsləhət olub ki, qardaşının
müalicəsi evdə davam eləsin. İndi onlar xəstəxanadan
çıxırlar. Sən də hazırlaş, dal-qabaq
çıxın. Sənə 10 günlük məzuniyyət
verirəm. Onsuz da xidmət müddətin bitmək üzrədir.
Qalanını özün bilərsən. Qayıtsan, göz
üstə yerin var. Sənin kimi təcrübəli
döyüşçülərə ehtiyacımız var.
Şahinin
fikri bir az avazıdı. Əsgərliyə gələndən
evlərinə getməmişdilər. Dünən
qardaşını görməyə də icazə verməmişdilər
- reanimasiyadadır, - demişdilər. Lap yaxşı, qoy
evdə əməlli müalicə olunsun!
Hərbi
hissənin sürücüsu böyründə peyda oldu. -Xəstəxananın
təcili yardımı yola düşüb. Biz də
çıxmalıyıq.
Şahin
cəld yır-yığış eləyib "Villisə"
oturdu. Lələtəpənin ətəklərindən
dolama-dolaşıq yollarla şütüyüb asvalta,
çıxdılar.
Hər
yerdə yazın xoş nəfəsi duyulurdu. Çöllər
çiçək açmışdı. Meyvə
ağaclarının çoxu tumurcuqlamışdı.
Çöl-bayır əməlli-başlı dirilirdi. Hər
yan gözəlləşirdi. Yaşamaq, var olmaq böyük
nemət idi. Bircə qardaşı da ayağa dursaydı.
Sürücü
ona edilən zəngləri ağızucu
cavablandırırdı. Hərdənbir də keçdikləri
yerin adlarını çəkirdi. Bircə dəfə Beyləqandan
çıxanda: - Bəli, cənab komandir! - deyib sonra "bəli,xeyirlə"
cavab verdi. Axırda: - Cənab komandir sənə salam göndərdi.
Necə vuruşduğunu bir daha xatırladı. Dedi həmişə
elə mərd, mətin olsun.
Şahin
təşəkkür edib fikrə getdi. İmişliyə
girmişdilər. Eyni mənzərəydi. Çöldə
traktorlar işləyirdi. Səpin başlamışdı.
Camaat əkin-biçin hayındaydı.
Sahin soruşdu:
- Bəs
dal-qabaq gedəcəkdik. Ruhingilin maşını harda
qaldı?
- Təcili
yardımla gedirlər. Bizdən qabaqdadırlar.
- Sür
çataq dəə...
- Az
qalmışıq.
Bəhrəmtəpədə
qoşalaşdılar. - Bəlkə düşüb
qaqaşıma bir baş çəkim... - Şahin zəif səslə
dilləndi.
- Onsuz da
az qalmışıq. Budu buradı - Biləsuvar -
sürücü mızıldandı.
Şahin
sözü çevirmədi. Düz deyirdi.
* * *
Onların
evi İmişli-Biləsuvar yolunun üstündəki II
Cadır şəhərciyində lap axırıncı cərgədəki
küçədəydi. Küçənin adı yox idi.
Ümumiyyətlə, cadır şəhərciklərində
küçələrin adları olmur. Yer tanınmış
bir şəxsin ya da ailənin yaşadığı evin
sağı-solu, ya da aşağısı-yuxarısı deyə
səmtlərlə tanınırdı.
Şahin
evlərinə burulan yola yenicə girmişdi. Adamlar
ikibir-üçbir cadır şəhərciyinin
yuxarısına diklənirdilər. Elə də fərqinə
varmadı. Adamlardı daa... dukana, bazara, hökümət idarələrinə
gedirlər... yəqin.
Bir az da
getdikdən sonra adamların daha da
çoxaldığını, bayraqlarımızı
gördü. "Bu nədir, mitinq?" Amma şüar-filan
deyən yox idi, adamlar təmkinli, qayğılı
görünürdülər. Evlərinə
yaxınlaşanda adamların sıxlığından mindiyi
maşın birayaq-birayaq irəliləməyə
başladı. Təcili yardım maşınına camaat yol
açırdı. Onların avtomobilinə etina edən yox
idi.
Birdən
qulağına ağlaşma səsi gəldi. Hövlləndi.
"Noolub axı?" Hesabla belə olmalı deyildi.
Sağ-salamat geri qayıdıb. Qardaşı yaralı olsa da,
o da evlərinə gəlib. Adamlar niyə belə
hüznlüdürlər?
Birdən
kimsə onu maşının şüşəsindən
gördü. Bir-birlərinə göstərib heyrətlə
nəsə deyirdilər. Bir arvad əlini üzünə
atdı. (Sonra ona dedilər ki, sakitcənə maşında
oturub adamlara baxmağın camaatı çaşdırıb.
Onlar bilmirlərmiş ki, sənin hadisədən xəbərin
yoxdur) Onun da mindiyi maşına yol açıb evlərinə
tez yetişməsini təmin etdilər.
Evlərinin
qabağında ilk gördüyü Ruhinin komandiri oldu. Sonra məktəbli
olduqları bilinən gənclərin əlində Ruhinin şəkilləri...
İcra Başçısı, ətrafında yəqin ki,
rayonun rəhbər işçiləri... hamısı
kostyumda, qalstukda, tanımadığı hərbçi-polkovnik...
(voenkomat idi).
...Anasının,
bacılarının səsini indicə tanıdı. Bunlar
axı niyə ağlayırlar?
Qaçqın
şəhərciyi Şahinə tanış və dogma idi. O
da digər yaşıdları kimi cadır şəhərciyində
doğulmuşdu. Burda məktəbə getmişdi,
böyümüşdü, Gülnarə ilə əhd-peyman
bağlamışdı... Əsgərliyə
yollanmışdı...
Ona fikir
verən yox idi. Adamların başı təcili yardımdan
endirilən... nə?! Bu tabut kimindir. Bu ki, onlardan əvvəl
gələn təcili yardım maşını idi. O
maşında yaralı Ruhin gəlirdi... evdə müalicə
olunmaq üçün... Allah!..
Anasının
sifətindən qan damcılayırdı. Elə
bacıları da anaları günündəydi. Əmisi
arvadları, dayısı arvadları - bütün qohum-əqrəba
eyni vəziyyətdəydilər. Anası ağa
bükülmüş meyidin başını qucaqlayıb elə
hey deyirdi: - İlahi, belədirsə də canı cannan dəyiş,
hər şey sənin əlindədir. Bu saat mənim
canımı al, balamı dirilt. Bəs deyirdilər
yaralanıb?
Anasını
sakitləşdirməyə çalışırdılar.
Arvad özünü öldürürdü. Kimsəyə
yaxa əl vermirdi. Yerə-göyə üsyan edirdi.
Sözü elə bu idi: - Canı cannan dəyiş, pərvərdigara.
Axı sənin əlində bu nə çətin bir
işdir ki...
Şahin
donub qalmışdı. Axı komandir onu çox ürəklə,
inamla, ümidlə qəbul edib göndərmişdi. Bu necə
oldu? Yəni yolda keçindi?
Keyimiş
addımlarla yığnağa yaxınlaşdı. O
yığnağa ki, anası, bacıları özlərini al
qanlarına qəltan eləmişdilər. Birdən kimsə
onu gördü: - Şahin, Şahin, Şahin!...
Hamı
dondu. Bu nədir? Qardaşın biri sağdır.
Şükür. Qardaşının meyidini Şahin gətirib?
Niyə xəbər verməyib?
Anası
gördüyü mənzərədən heç nə
anlamayıb qəşş elədi. Qonşu arvadları onu
tutdular. İki daşın arasında deyəsən
gözaydınlığı verirdilər.
- Aazz,
gözlərin aydın, Şahin sağ-salamat gəlib. Ay
qız, özünü öldürmə. Qurban olduğumuz
birini öz rəhminə bağışlayıb.
Bir
gözü ağlar, bir gözü gülər ana heysiz
addımlarla "Şahin, Şahin" deyərək
böyük oğluna sarı addımladı. Təzədən
bayıldı... Bacıları Şahinə sarıldılar.
Bilmirdilər ağlasınlar, yoxsa sevinsinlər.
Ruhinin
meyidini təzədən maşına qoyub cəbrayıllıların
Azərbaycanın daha bir rayonunda salınmış qəbiristanlığına
apardılar. Arvadları qəbiristanlığa getməyə
qoymadılar... Adət belədir.
Matəm
mitinqini İcra Hakimiyyəti Başçısı
açdı. O, Vətənin məhz Ruhin kimi şəhid
oğulların çiynində ucaldığını
vurğuladı. Azərbaycan Ordusunun polkovniki Abdulla Qurbanı
Ruhinin bütün gəncliyə nümunə olmasını
xüsusi olaraq qeyd. Oxuduğu məktəbin direktoru onu
çalışqan, tərbiyəli, dərrakəli bir
şagird kimi həmişə xatırlayacaqlarını
söylədi. Qonşuları Habil kişi onu məhlədə
ən sakit, ədəbli, böyük-kiçik yeri bilən
cavan kimi qiymətləndirdi: - Elə olurdu bir gündə
üç dəfə cadırın ayağındakı
dukana göndərirdim. Bir dəfə də üzümə
qayıtmazdı ki, əşi, alacaqlarını bir dəfəlik
yaz bir kağıza daa...
Ənənəvi
çıxışlar idi. Ən qəribəsi isə buydu
ki, deyilənlərin hamısı düz idi. Ruhin həqiqətən
bu keyfiyyətlərə malik insan idi. O özünü həqiqətən
belə tanıtmışdı.
* * *
Qəbirstanlıqdan
geri qayıdanda əmisi, dayısı qoluna girib ona görə
Allaha şükürlər edirdilər ki, nə yaxşı
o sağ-salamat qalıb. Allahın Əşrəfə
yazığı gəlib.
"Bay?!
Atam hanı bəs?"
Atasının
adını eşidən kimi Şahin döyükdü.
Axın-axın yeriyən insanlara boylandı. Niyə indiyənəcən
görünmədiyini soruşmaq istədi. Rayon İcra
Hakimiyyəti Başçısının
başsağlığı yaddaşını dondurdu. Digər
rəhbər işçilər də təəssüfləndiklərini
bildirdilər. Rayonun belə bir igid oğlunu itirməsinə
çox üzüldüklərini söylədilər.
Rayon aktivi
maşınlarına minib hüzr yerini tərk etdilər.
Evlərinə
yaxınlaşmışdılar. Camaat yas mağarı qururdu.
İcra Hakimiyyəti yasın bütün ehtiyatını
göndərmişdi. Başı
başsağlıqlarından avazıyan Şahin kiçik əmisindən
soruşdu.
- Atam
hanı bə?
- Dünən
sizin dalınızca Lələtəpəyə getdi.
- Nə?..
Onu ora buraxmazdılar axı?
- Nə
bilim?..
Eləydi.
Oğlanlarından nigaran qalan Əşrəf kişi köhnə
"Jiquli"sini minib cəbhə bölgəsinə
yollanmışdı. Müharibə bitmişdi.
Oğlanlarından bir xəbər yox idi. Heç birinin
telefonu cavab vermirdi. Nigaran ata canını saran şübhələri
avazıtmaq üçün Lələtəpəyə getməyi
qərara aldı. Onlanlarının ikisi də Lələtəpə
ətrafındakı hərbi hissələrdə qulluq edirdilər.
"Niyə xəbər-ətər yoxdur?"
Füzulidə
qarşılarını kəsib döyüş bölgəsinə
yaxınlaşmağa qoymamışdılar. Təkcə
Əşrəf kişi deyildi, ətraf rayonlardan, Bakıdan,
Sumqayıtdan da yüzlərlə insan, xüsusən gənclər
Lələtəpəyə - döyüş bölgəsinə
can atırdılar. Polislərlə əməlli-başlı
mübahisə edir, hətta əlbəyaxa olur, onları
buraxmalarını təkid edirdilər. Polislərin öhdəsindən
gələ bilməyəcəklərini görüb ehtiyat
ordu hissələrindən dəvət etdilər. Onlar polislərin
arxasında sep yaratdılar. Yalnız bundan sonra gənclər
sakitləşdilər. Digər adamlar da, necə deyərlər,
qanun-qaydaya tabe oldular. Amma yenə deyinənlər, narazı
qalanlar çoxdu və heç kim geri durmaq istəmirdi.
Cadır
şəhərciyində hamı başa
düşürdü ki, yas təzədən bir də
başlayacaq. İkinci müsibət qalmışdı
Əşrəf kişinin Füzulidən
qayıtmağına. İndi bu xəbəri ona kim verməliydi?
Əşrəfin qardaşlarından heç biri boynuna
götürmədi. Dayıları da "biz bir köynək
geriyik, elə ağır yükün altına girə bilmərik"
dedilər.
Ümid məktəb
direktoru Cəlal müəllimə qaldı. O da boynundan atanda
yer-yerdən üstünə düşdülər ki, elin
ağsaqqalısan, bu işi sən görmüyüb kim
görəcək? Vaxtikən, zəng elə, gətirtdir.
Axşama da olsa gəlsin, təzədən mərəkə
açmayaq.
Cəlal
müəllim candərdi razılaşdı. "Həmişə
belə ağır işləri mənim üstümə
atırsınız". Amma camaatın təzyiqi ilə
artıq Əşrəf kişinin nömrəsini
yığmışdı.
- Ə,
hardasan, uşaqların gəlib evinə, sən yoxsan.
Əşrəf
ona inanmadı.
- Ə, məni
dolama. Yoxsa bir şey olub.
- Noolajax,
Allaha şükür! Budey, Şahin də yanımdadır.
- Onda
telefonu ver ona görüm.
Şahin
özünü toplayıb telefonu qulağına tutdu. Az
qaldı telefon əlindən düşsün. Atasının
nigaran və xırıltılı səsini eşitdi.
- Ata...
- Can ata!
Şahin, sənsən?
- Mənəm
ata. Hardasan?
- De
görüm Ruhin də səninlədir?
-
İkimiz də gəlmişik, ata!
Şahin
qəhərləndi. Atasının qəfil, sevincək
sözləri olmasaydı ağlayacaqdı. Elə bil
kişini muştuluqlamışdılar.
- Onda bu
saat çıxıram.
Şahin
tez düyməni basıb elə hönkürdü ki, hamı
təzədən yasa batdı. Bu işin sonu necə
olacaqdı? Oğlu atasını aldatdı. O düzdü ki,
Əşrəfin oğlanlarının ikisi də kənddədir.
Amma biri torpaq altındadır. Ata gəlib o biri oğlunu
görməyəndə, o müsibətə kim cavab verəcəkdi?
Cəlal
müəllim fikirləşirdi ki, oğlu Şahin dedi
qardaşımla birlikdə kənddəyik. Şahin də
fikirləşirdi ki, deyəcəm Cəlal müəllim zəng
elədi. Mən də məcbur qalıb elə dedim.
Hadisəni
evdəkilər də bildilər. Arvad təzədən
üzünü cırıb qoydu yerə ki, Əşrəfin
ürəyi xəstədir. Ruhinin yoxluğuna dözə bilməyəcək.
- Ay
camaat, sizi and verrəm Allaha, Əşrəfə dayaq durun.
Qoymayın başına bir iş gəlsin.
Camaat
qorxduğu ikinci müsibət elə Əşrəf gəlməmiş
başladı. Ailə üzvləri bir-birinə dəydi.
Qızlar təzədən saçlarını yolub
qışqırışırdılar. Ağsaqqallar irəli
durdular. - Əl verin, ay camaat, görmürsüz
göz-görəti qırılılar?
Əslində,
özü ərindən betər gündəydi. Neçə
dəfə bayılıb ürəyi getmişdi. Hər dəfə
də zülümlə özünə gətirirdilər.
Hamının gərəyi olan - nə yaxşı ki, Allah onu
verib - tibb bacısı Çəməngül neçə dənə
iynə vurmuşdu, həbb atdırmışdı. Elə
qızları da yaman gündəydi.
- Ay Cəlal
müəllim, səni and verirəm Allaha, heç yerə getmə,
buralarda ol. Elin ağsaqqalısan, səndən başqa kimimiz
var.
- Burdayam,
burdayam, heç yerə gedən döyüləm, - tez-tələsik
dilləndi.
Adamları
yas mağarına dəvət etdilər. Doğrudan da, el
gücü - sel gücü. Camaat bir anın içində hər
şeyi başa çatdırıb qurtarmışdı.
Heç kim yığnaqdan aralanmamışdı. Faciənin
ağırlığını başa düşürdülər.
Hamının başına gələ bilərdi. İndi bu
saat əsas məsələ Əşrəf kişini
qarşılayıb onu ilkin şokdan mümkün qədər
ustufca çıxarıb yola vermək idi.
Cəlal
müəllim Əşrəfə deyəcəklərini
ürəyindən belə keçirirdi:
-
Ölüm hamı üçün yazılıb.
Süleymana qalmayan dünya kimə qalacaq ki. Oğlun Vətən
yolunda həlak olub. Kişi kimi! Kaş komandirinin dediklərini
eşidəydim. Dövlət orden verib. Pis bir hadisənin
ucbatından, ya da hansısa xəcalətli bir işə
görə ölməyib ki. Vətən borcunu yerinə yetirəndə
həlak olub. Toxtaq ol! Sən toxtaq ol ki, arvadın,
qızların, qohum-əqrəban da özünə gəlsin.
Şahin də Allaha şükür, budey, gözüyün
qabağında.
* * *
Üfiqlərin
qızaran, günortanın bozaran vaxtıydı? Parlaq şəfəqlərdən
daha adamların gözləri qıyılmırdı. İsti
də elə yandırmırdı. Araz bir az uzaqda olsa da, yeli
bu aralığı tuturdu. Hündür, böyük
ağaclar yox idi. Hamısı təzə tinglər idi.
Altında kölgələnmək olmurdu. Səmtinə
görə bəzi evlərin tinində, arxasında gündən
qorunmaq olurdu. Adamlar daha çox kölgə düşən
yerlərə yığılmışdılar, O yerlərdə
sıxlıq idi.
Əşrəfin
maşını şəhərciyə dönən yolda
görünəndə camaat əl-ayağını
yığdı. Yas cadırındakılar da eşiyə
çıxdılar.
Əşrəf
kişi yas mağarını gördükdə dalağı
sancdı. "Nə çox adam var. Bunlar niyə gəliblər.
Kənddən ölən var? Yas mağarı mənim evimin
niyə qabağındadır?"
Başı
hərləndi. Suallarına cavab tapa bilmədi. Ürəyi
sıxıldı.
Bir də
gördülər ki, Əşrəf kişinin
maşını yolun sağını da gedir, solunu da. Cavanlar
yüyürüb maşının qabağını kəsdilər.
Əşrəf kişini kabinədən çıxarıb
qoluna girdilər. Cəlal müəllim Şahinə
çevrildi:
-
Yanımda dur, oğlum. Sən daha, Allaha şükür, yekə
kişisən, odun-alovun içindən çıxıbsan.
Müharibə nədir, ölüm nədir - bilirsən.
Əl-ələ verib görək Əşrəfi birtəhər
ötüşdürə bilirikmi?
Cəlal
müəllim nə qədər özünü tox tutsa da
axıracan bacarmadı. İrəli yeriyib bəxti
çönmüş həmkəndlisini qucaqladı.
- Dərdin
alım, a Əşrəf, indi sənin oğlun kəndimizin
şöhrət tacı oldu. Hamımızın
başını dövlət yanında, el-oba içində
uca elədi. Sən də başını uca tut. Çox
şükür, Şahin salamatdı...
Əşrəf
Şahini gördü. Cəlal müəllimin böyründə
dayanmışdı. "Ayə, bu nə vaxt
böyüyüb Cəlal müəllimi ötdü".
Şahin
olduqca təmkinli, yaşından xeyli böyük
görünürdü.
Əşrəf
ağlına, fikrinə gələni başından atmaq
üçünmü, baş verə biləcək müsibətə
inanmamaq üçünmü key-key adamlara baxırdı. Elə
bil dərk etmək duyğusu donmuşdu, nə illah edirdi
baş verənləri anlaya bilmirdi. O da Şahin kimi Ruhinin
şəklini məktəblilərin əlində görəndə
diksindi. "Nə münasibətlə?" Cəlal müəllimə
döndü.
- Cəlal
müəllim, sən böyütdürmüsən? Bilirəm,
əziz şagirdin ölüb... Zəhmət çəkmisən,
özüm...
Cəlal
müəllim qollarını açıb həmkəndlisini
qucaqladı.
-
Qardaş, Ruhin Vətən yolunda həlak olub. Şəhidlik
zirvəsinə ucalıb. Görəydin, komandirləri onun
haqqında nələr dedilər. Başını uca tut. O,
indi hamımızın oğludur. Elin oğludur. Toxtaq ol...
Cəlal
müəllim qucağındakı adamın get-gedə
sustaldığını gördü. Saxlamağa gücü
çatmadı. Camaat tökülüşüb hərə
bir tərəfdən Əşrəf kişiyə dayaq
durdular. Şahin də atasının qoluna girdi. Sonra
qucağına alıb bütün ağırlığı
öz üzərinə götürdü. Dostları iftixarla
ona baxırdılar. Əməlli-başlı kişiləşmişdi.
Dik durmuşdu. Heç bir ağırlıq hiss etmirdi.
Atasının tanış qoxusu Şahini az qala
bayıldırdı. "Can, ata! Sənə mən Şahin
oğlun qurban!"
İlk təəssuratlar
ötən kimi Əşrəf kiçik oğlu Ruhini
xatırladı. Ağlar gözləri ilə böyük
oğluna baxdı.
-
Qardaşını niyə qoruya bilmədin? Onu sənə
tapşırmışdım axı.
Burda
artıq Şahinin də, camaatın da dözümü
qırıldı. Yaşından asılı olmayaraq
hamıdan elə hönkürtülər qopdu ki, evindən
xeyli aralı olmasına baxmayaraq həyətdəkilər də
işin nə yerdə olduğunu anlayıb nalə çəkdilər.
Hamı bildi ki, Əşrəf qayıdıb gəlib.
* * *
Ruhinin vəfatının
üçündən sonra evdəki ağır ab-hava bir az
sinsimişdi. Başsağlığına gələn
adamların sayı xeyli seyrəlmişdi. Anasının,
bacılarının, qohum arvadlarının özlərini
öldürməsi, götürüb göydən yerə
vurmaları xeyli səngimişdi. Bir dənə ağır məclis
qalmışdı - rəhmətliyin yeddisi. Onu da yola verəndən
sonra bir az toxtamaq olardı.
Amma arada
gəlib-gedənlər yenə də olurdu: qonşu rayonlardan,
Bakıdan, o biri çadır şəhərciklərindən...
Əşrəf
axıracan içib qurtara bilmədiyi stəkanı kənara
itələyib süfrəyə baxa-baxa dilləndi.
-
Oğul, hesabla sənin əsgərliyinin vaxtı bitməlidi.
Şahin
çiynindən necə gündən bəri onu girinc edən
yükü atmaq üçün əlinə fürsət
düşdüyünü görüb dərindən nəfəs
aldı. Dizləri üstə durub atasının dediklərini
təsdiqlədi.
- Bəli,
ata.
-
Qayıdıb hansı işin qulpundan yapışmaq istəyirsən?
Hər
bir ata-ana, ümumiyyətlə ailə öz
övladlarının yanında olmasını istəyirlər.
Daha nə? Bu günün sabahı var, el-oba var,
dost-düşmən var...
Bunları
artıq Şahin də bilirdi, ən əsası əməlli-başlı
başa düşürdü. Amma artıq qərara gəlmişdi.
Onun üçün nə qədər çətin olsa da -
məhz başa düşdüyünə görə! - niyyətini
gizlətmədi.
- Ata,
orduda qalmaq istəyirəm. Qardaşımın,
dostlarımın intiqamını axıracan
almamışıq. Elə billəm, Ruhin də məni
bağışlamaz. Qələbəmiz yarımçıq
qaldı.
Qızlar
diksindilər. "Bu nə danışır. Bə biz?
Qardaşsız bacının adını kim çəkəcək?
Kiçik
bacısı lap məəttəl qaldı: "Bə
Gülnarə?"
Anası
sürüşüb çiyninə düşmüş
yaylığını düzəldə-düzəldə elə
bir söz dedi ki, göynərtisi gözləri
yaşartdı.
- Tay denən
sizi də Ruhinin böyrünə basdırıb gedirəm dəə...
"Hə,
anamız, lap düz deyir". Hər iki bacının ürəyindən
eyni fikir keçdi.
Əşrəf
geri itələdiyi stəkanı təzədən
qabağına çəkib soyumuş çayı
qurtumladı.
- Bə
biz?
- Ata, mən
özümü bu cadır şəhərciyində
görmürəm. Hamımızın məqsədi
torpaqlarımızı azad edib öz yurdlarımıza
dönməkdir. Mən fikirdə olanlar çoxdur.
Hamımız sözü bir yerə qoymuşuq ki, Vətənimiz
azad olmayınca silahımızı yerə qoymayaq.
Susdu. Ailə
üzvlərini bir-bir süzdü. Anası da, bacıları
da baxışlarını qaçırtdılar. Onlar
açıq-aşkar narazıydılar: heç eşitmək
belə istəmirdilər. Şahin son çarəyə əl
atdı.
- Siz də
bunu istəmirsizmi? Bağlı-bağatlı, şirin kəhrizli,
buz bulaqlı, sərin eyvanlı evimizi? - Ürəyində
Şairə xeyli dua etdi. Onun tez-tez işətdiyi ifadələrdəniydi.
Yox, bu
Şahin əsgərliyə gedən o vaxtki Şahin deyil. Bu uşaq
çox tez böyüdü, kişiləşdi.
Şahinin
dediklərində həqiqət çoxuydu. Öz
yurdlarına qayıtmaq hamının ən böyük
arzusuydu, amma...
Onların
iki oğulları vardı. Birini Allah aldı, apardı. O biri
də... özü gedir. Bəs onlar?..
Evə
çox ağır və gərgin sükut çökdü.
Şahin də tamamilə haqlı deyildi. Ailənin ona
ehtiyacı çox idi. Söhbət onun nəsə qazanıb
evə gətirməsindən getmir. Belə səhərlər
evdən çıxıb eləcənə axşam geri
qayıtsın - bəsdir! Dost- düşmən var. Nə istəyirlər
ki... Qardaşsız bacıları kim sayacaq: Ataları da
yaşlaşır Ruhindən sonra beli bir az da əyildi.
İlk dəfə olaraq kişini qocalmış gördülər.
Bu müsibətdən sonra anaları necə olacaq? Arvadın
ürəyi necə yerindən oynayıbsa, tez-tez
bayılır. Allah eləməmiş, bir şey olsa...
Kişi xeylağına hər zaman ehtiyac var. Bazar, dukan, xeyir,
şər... Ataları bütün bunları necə
çatdıracaq? Yooxx, Şahin düz eləmir.
Əşrəf
boşalmış stəkana baxdı. Boğazı yaman
qurumuşdu. Olsaydı, yenə içərdi. Kimə desin?
Heç yeri deyildi. Hamı oğlunun gözlənilməz qərarından
çaşmışdı. Bircə bunu gözləmirdilər.
"Qardaşımın
qanını axıracan almayınca..."
Həə...
Bu da vacib məsələdir. Ruhinin qanı yerdə
qalmamalıdır. Yox e, nəsə... düz deyil. Ortada "əmma"
var.
Çöl
qapı cırıldadı. Sükütün dondurduğu ailə
üzvləri hərəkətə gəldilər.
Əşrəf üzünü qızlarına tutdu.
-
Samavarları qaynadın. Xörək hazırlayın. Gələnlər
olacaq.
* * *
Şahin
ürəyini əzən iki yükdən birini qismən həll
etdiyindən bir az toxtayıb ikinci məsələni də
yoluna qoymaq üçün yataq otağına keçdi: -
Yoldaşlarımdan gələn olsa, xəbər verin.
Qapını
arxasınca bərk çəkib - "içəri girməyin
haa..." - qələmi götürüb kiçik
bacısının dəftərini qabağına çəkdi.
"Gülnarə!
Çox götür-qoydan sonra sənə bu məktubu
yazmağı qərara aldım. Əvvəlcədən
çox-çox üzr istəyirəm.
Ruhin
ölüm ayağında sənin adını çəkdi.
Səni sevdiyini dedi. Demə o, bizim bir-birimizi sevdiyimizi
bilmirmiş. Onu da dedi ki, ürəyini sənə açanda
onun dediklərinə etinasız olmusan, qaşlarını
çatmısan. Əlbəttə, səni başa
düşürəm. Bədbəxt qardaşım bizim əhd-peymanımızdan
xəbərsiz olub.
Gülnarə,
məni bağışla. Biz ta bundan sonra evlənə bilmərik.
Mən hər dəfə səni qucaqlayanda, bağrıma
basanda elə biləcəm Ruhin kənardan mənə
baxıb söyəcək, məni namərdlikdə
suçlayacaq. Məni qınama. Dözə bilmərəm.
Yaşaya bilmərəm... Sənə də burda qalıb əzab
verməmək üçün hərbidə xidmətimi davam
edəcəm. Bir daha səndən üzr istəyirəm. Məni
bagışla."
Evdən
çıxıb təzə tikilmiş, bir gözdən ibarət
olsa da səliqəli poctamta getdi.Bir zərf alıb məktubu
içinə qoydu, yapışqanla bərk-bərk
yapışdırdı. Üstunə "Gülnarəyə"
yazıb cibinə qoydu. Yerin-göyün dərdini
daşıyirmış kimi ayaqlarını sürüyə-sürüyə
evlərinə tərəf yol aldı.Həyətdə yeni gələnlər
də vardı, qohum-qonşular da.Kicik bacısını
cagırıb məktubu ona verdi, pıçıldadı: -
Gülnarəyə verərsən...
Bacısı
məktubu sevincək aldı. "Ay Allah ! Qurban olum sənə,qardaşımın
ürəyinə insaf sal.Qalsın evimzdə, getməsin."
Gülnarədən
də çox şey asılı oldugunu bilib
nigarançılıqla onu gözləməyə
başladı. "Ağzı nədi? Deyərəm
qardaşıma yaxşı-yaxşı sözlər
yazsın. Onu getməyə qoymasın. Yoxsa, canını
alaram!"
* * *
Ruhinin həlak
olması xəbəri çıxandan Gülnarə
onların evindən əskik olmadı. Qızlarla ən
yaxın rəfiqə idi. Evləri də uzaq deyildi. Ona görə
də heç bir söz-söhbətə yer qalmadı. O da
Şahinin tərxis olunacagını bilirdi. Amma Ruhinin
ölümü yəqin ki, işləri xeyli uzadacaq.
Şahini
gorəndə gözlərinə inanmadı. Necə də
kişiləşmişdi, gözəlləşmişdi,
yaşından böyuk görünürdü. Rəngi qaralsa
da,yaraşıqlı olmuşdu. Tay- tuşlarından çox
fərqlənirdi. Hiss edirdi ki, onun sevgilisinə baxan başqa
qızlar da var, özü də az deyillər. "Aha!?."
Ürəyini
cəkən o idi ki, bir dəfə də olsun ona
baxmamışdı. Hətta bir dəfə qəsdən
üz-üzə gəldi. Salam vermək istədi. Amma
Şahin elə bil onu görmədi. Ola bilməzdi axı. Nə
isə, yəqin qardaşının xiffətini çəkir.
Çəkər də... Ruhin də kəndin gözə dəyən
oğlanlarından biriydi. Qardaş dağı ağır
olur. Ürək istəyir dözsün. Neynək, qoy yeddi də
qurtarsın, ondan sonra danışmaq olar. Şahin də bir az
toxtayar.
Ruhinin
yeddisi də izdihamlı kecdi,Yenə də rayonun bütün
rəhbər işçiləri təşrif gətirmişdilər.
Komandirləri lap erkən gəlmişdilər. Onları
Şahin qarşıladı. Camaat bir ucdan gəlirdi.
Mağarda yer yox idi. Adamlar eşikdə gözləyib növbə
ilə cadıra girirdilər.
Elin dəstəyi
çox gərək oldu. Ailə xeyli sakitləşdi.
İndi onlar daha çox qürur hissi keçirirdilər.
Ən yuksək səviyyədə onlara hörmət, izzət
ifadə olunurdu. Ruhini hamı öz balası kimi
ağlayırdı. Cəlal müəllimin sözü tez-tez
təkrar olunurdu. "Başımızın tacı!" Bir
sözlə, torpağın üzü doğrudan soyuq
imiş. Hamını yavaş-yavaş soyutdu. Ən cox da,
tirin altindakılarını. Dünya yaranışdan belədir
də....Biri gəlir, biri gedir.
Nazənin
girəvələyib Gülnarəni evin dalına
cağırdı :- Şahinin sənə məktubu
var,yaxşı cavab yazarsan! Yoxsa canını alaram.
Nazənin
gülümsəyib məktubu aldı, yan-yörəsinə
göz gəzdirib qoynuna qoydu. Aralanıb hərəsi bir tərəfə
getdi.
* * *
Səhərisi
gün Şahin aralığa cıxdı. Tay-tuşları ilə
görüşdü. Onların işi-gücü, məşğuliyyətləri
ilə maraqlandı. Bir necəsi yungül ticarətlə,digərləri
də İmişlidə son illər dəbə düşmüş
çınqıl karxanasında, karyerdə işləyirdilər.
Çox yuksək məvacib almasalar da: - Allah bərəkət
versin, həm başımız qarışır, həm də
azdan-çoxdan evə kömək edirik. Yaxşıdır! -
deyirdilər.
Şahınçün
ən əzablı an - niyə axıracan getmədiniz ? -
sualıydı. Cavabı hec kimi qane etmirdi. Belə fürsətin
əldən qacırılması hamını hiddətləndirirdi.
Söyüşün biri bir qəpik. Hətta bəzən
Şahinə elə gəlirdi ki, onu günahkar
çıxarırlar. Bildiyi qədər əsaslandırırsa
da, başına yığışanları, xüsusən gəncləri
başa sala bilmirdi.
- Siz
onların dediyinə baxmazdınız. Basıb kecərdiniz
Stepanakertə, komandirləriniz nə deyəcəkdilər ki.
Bax, burda
Şairin yeri görünürdü. O bu qızğın
cavanları həm başa salardı, həm də məntiqlə
ram edərdi. Şahin bu gənclərin qarşısında
aciz idi. Onlara cavab verə bilmirdi. Şahinə
acıqlanırdılar.
Aranı
uşaqlıq dostunun verdiyi sual sakitləşdirdi.
-
Vaxtın qurtarmadı?
-
Qurtarıb.Amma geri qayıdıb müddətdən artiq
qulluqda qalmağımla bağlı ərizə yazacam. Qalacam
orduda.
Sanki
alovlanan ocağa su töküldü. Şahin yenidən
dostlarımın, hətta onu az tanıyanların da gözlərində
böyüdü. Onu başa düşdülər, ürəklərində
təqdir elədilər. Əlbəttə,
qardaşının qanını artıqlaması ilə almaq
istəyir. Allah arzusuna catdırsın. Elə bizi də....
Evə gələndə
Nazəninin sözlü olduğunu o saat bildi. Yataq
otağına kecib dincəlmək istədi. Bacısı
dabanqırma dalınca girdi.
-
Gülnarədən məktub var
Şahin
təəccubləndi. O məktub gözləmirdi. O cür məktubun
cavabı olmamalıydı.
Gülümsəyib
üz-gözü alışıb yanan bacısını pərt
etməmək ücün: - Sağ ol - deyib burnuna bir
çırtma vurdu. Nazənin uğuldaya-uğuldaya, ancaq
sevincək otaqdan çıxdı .
Məktubu
əlində tutub fikirə getdi. Açsınmı,
açmasınmı?... Axı,elə şeylər
yazmışdı ki, onun xoş bir cavabı
olacağını düşünmürdü. Yəqin
Gülnarə onu vəfasızlıqda,dönüklükdə
ittiham edəcəkdi. Haqlıydı, əlbəttə!...
Şahin haqlı deyildi !...
İndi
bu məsələləri həll etməyə onun
gücü qalmamışdı. Döyüşdə
özü də yaralanmışdı. Bədənində bir
necə qəlpə qalmışdı.
Tapşırmışdılar ki, qayıdan kimi qospitala gəlsin.
Yalnız ona görə həkimlər buraxmışdılar
ki,ağrı hiss etmirdi. - İsti-istidir, ona görə deyirsən.
Mütləq əməliyyat olunmalısan. Başısoyuqluq
eləmə. Tez qayıt.
"Gör
necə düz deyiblər. Ağrılarım artıb. Yox,
günü sabah çıxmalıyam. Əhmədbəylidə
Bakıdan da savadlı həkimlər var."
Gülnarənin
məktubunu açmadı. Onu aparıb dağlarda,
gülün-çiçəyin arasında dəfn edəcəkdi.
Qoy, onun özündən və Allahdan başqa bu məktubda nə
yazıldığını heç kim bilməsin.
Yavaş-yavaş
paltarlarını yığışdırmağa
başladı. Məktubu lap altdan qoydu.
Amma biz
oxucuların marağını nəzərə alıb məktubu
göstərməyi lazım bildik.
"Göz
açıb ilk gördüyüm sən oldun. Sevgi adlı
ilahi hissi səninlə duydum. Viran qalmış
köçkün həyatımızda sən mənə
yeganə ümid və dayaq oldun. Heç bir məna ifadə
olunmayan bu cadır şəhərciyində sənə
görə dözüb dururdum. Məgər bu həyatdır?
Bilirsən ki, yurdumuzla müqasiyədə burada yaşamaq cəhənnəm
əzabıdır.
Yazdığın
məktubla cəhənnəm əzabımı qəbir əzabına
çevirdin.
İndi mənim
adımı kim çəkəcək. Axı hamı bilir ki,
mən səni sevirəm. Adım səninlə
çıxıb. Hansı köpəkoğlu vicdanına
sığışdırıb adımı tutacaq?
Mən sənin
qardaşına ümidverici heç nə deməmişəm.
Özün də bunu qeyd edirsən. Bəs bu nə oyundur
çıxarırsan?
Sən
xudbinlikdən, eqoistlikdən belə edirsən. Şəxsi
hisslərini çox qabardırsan. Hamının əzizi də
ölür, qohumu da. Heç kim vədinə sənin kimi
dönük çıxmır. Namərdlik elədin. Təsəvvür
elə ki, bacılarından birinin başına belə iş
gəlir. Necə qəbul edərsən? Məgər bu
kişilikdir?
Səni
heç vaxt bağışlamıycam."
Gülnarənin
məktubunda ünvan yox idi. Yəni kimə
yazıldığı məlum deyildi. Heç yazan da kim
olduğu bilinmirdi. Allah eləməmiş, kiminsə əlinə
düşsəydi, heç kim unamayacaqdı ki, kimdən kimədir.
Bəlkə də
Gülnarə
acığından belə yazmışdı. Şahinin
adını çəkmək belə istəməmişdi.
Görünürdü ki, qızın qəlbi çox
qırılıb. Özü demişkən, onu həyata
bağlayan tel üzülmüşdü.
Allahdan və
özündən başqa orada nə
yazıldığını heç kim bilmədi.
* * *
Dördüncü
gün gecə xəbər gəldi ki, Lələtəpənin
qabağında BMP-lərimiz qalıb, bir də
ayağını itirən Orxan adlı əsgərimiz. Orxan
oradan çıxarılmasa, onu qan apacaq, şəhidimizin biri
də artacaq. Onu oradan çıxarmaq lazımdır.
Komandir
Qasımov kimi göndərməyi fikirləşirdi. Çox
riskli idi. Qərara gəldi ki, o biri komandirlər kimi məsuliyyəti
üzərinə götürsün, özü getsin. Barxudarovun
nümunəsi hamıya sirayət etmişdi.
Həmin əraziyə
1500 metr məsafə vardı. Çox çətinliklə əraziyə
çatıb yaralı əsgərləri götürdü.
Onları maşına mindirib geri göndərdi. Ərazidə
hərbi tapşırığı yerinə yetirib, amma
çaşıb qalan yolu tanımayan təzə əsgərlərimiz
nə edəcəklərini bilmirdilər. Bu şəxsi heyəti
BMP ilə birlikdə başqa yola çıxarıb bir az
geniş qövs cızsalar da təhlükəsiz yollarla
sağ-salamat özümüzünkülərə
qovuşdurdu.
Bəzən
minalanmış yerləri dəqiq müəyyənləşdirməkdə
çətinlik çəkirdilər. Mina basdırılandan
sonra uzun zaman keçəndə mina torpağın altında
45 sm-dən də dərinliyə yatır. Bu zaman onu tapmaq,
müəyyənləşdirmək olmur. Artıq onun
üstünü çəmən, çayır basır, sənə
elə gəlir hamar yerdir. İşin tərsliyindən aparat
da onu götürmür, çünki siqnal
ötürmür. Əsl istehkamçı bunu fəhmlə,
qəlbiylə hiss etməlidir. Buna isə, əlbəttə
illərin təcrübəsi gərəkdir.
Nə qədər
özünü qorumağa çalışsa da, ondan bir az kənarda
partlayan qrantomyot mərmisindən yan qaça bilmədi.
Ayağından bərk yaralandı. Artıq ayaq üstə
qaça bilmirdi. Sürünməyə başladı.
Əsgərləri
komandirlərinin vəziyyətini görüb ona köməyə
tələsdilər.
Onu xilas
etməyə gələnlərə "Dayanın!" deyib əsgərləri
saxladı. Düşmənin atəşi dayanmırdı.
Onun yerini bələdləmişdilər. Başıpozuqluq
olmazdı. Noolsun komandir yaralanıb. Emosionallıq
hamını bada verərdi.
Toqqanı
çıxardıb qan axan yarasını bağladı. Diqqətlə
aradakı məsafəyə baxıb necə
yaxınlaşmağı söylədi. Aparatla yoxlayıb hərəkət
trayektoriyasını müəyyənləşdirdilər.
Ağrını hiss eləmirdi. Başında bir boğuq səs
vardı. Əsgərlərini düşünürdü.
Onların sağ-salamat bu ölüm labirintindən
çıxması sırf onun məsuliyyəti idi.
Çünki həm Allahın qarşısında, həm də
kombriqin qarşısında şəxsi heyəti
sağ-salamat aparıb təhlükəsiz yerə
çıxarmaq kimi öhdəliyi vardı. Silahların
üstünə şınelləri sərib xəzək
düzəltmişdilər. Ehtiyyatla yarğanları, dərələri
keçərək gətirib hospitalın təcili yardım
maşınına çatdırdılar. Yalnız o zaman
ağrıları hiss etdi. Tibb işçiləri
ağrını və qanı kəsmək üçün
iynələr vurdular.
Sonrakı
proseslərdən xəbəri olmadı. Amma xoşbəxt
idi... Şəxsi heyətdən heç kim ölməmişdi...
* * *
Döyüşün
dördüncü günüydü. Erməniləri Lələtəpədən
bir kilometrə qədər qovub
uzaqlaşdırmışdılar. Ordu Cəbrayılın o
biri kəndlərini də azad etmək üçün irəli
şığıyırdı.
Cəfərov
arxadan gəlib əlini Raufun çiyninə qoydu.
-
Yaxşı,bəsdir,sakitləş ...
Rauf hec nə
başa düşmədi.Üz-gözü əyildi .
- Sakitləş,
nədi,komandir! Görmürsən, toyuq kimi necə
qacırlar. Axır ki,bunlara yerini bildirdik.Bunlar Xocalıda bizim
ana-bacılarımızın, silahsız
ata-qardaşlarımızın üstündən tankla keciblər,
silahsız körpələrimizi qurşına düzüblər...
bu nə sözdü?
- ... əmr
gəlib ki ,döyüşü dayandırın ...
Pulemyotun
lüləsi duz Cəfər müəllimə
tuşlanmışdı, hər an hər hansı
ehtiyatsızlıqdan, Şairin emosional vəziyyətindən
güllələr siyasi rəhbərin bədəninə dolub
onu aşsuzənə döndərə bilərdi. Cəfər
müəllim bunu gözünün altına
almışdı. Ölüm onu o qədər də
maraqlandırmırdı. Generalın əmri yerinə yetirməliydi
.Xüsusi olaraq ratsiyada ona tapşırılmışdı.
"Şairi ram et" Onu yola verə bilsən,
başqalarını sakitləşdirmək asan olacaq.
Rauf bir
necə dəfə başını silkələdi. Sözlər
ona catmırdı. Ya da deyiləni dərk eləmirdi. "Necə
yəni döyüşü dayandırın?" Yeriyib Cəfər
müəllimin lap cənəsinin altında durdu.
- Bir də
deyin, mən nəyisə ya yaxşı eşitmədim, ya da
başa düşmədim.
- ..deyirəm
ki , döyüşün dayandırılması ilə
bağlı lap yuxarıdan əmr gəlib.....
- Ali
Baş komandandan?
- ..yox
-
"Dayan" deməyə yalnız onun ixtiyarı çatar.
Əgər belə deyilsə hansı donuz oğlunun
işidir?
Cəfər
müəllim mənalı şəkildə başını
şimal tərəfə qovzatdı.
- ... məsələ
mürəkkəbdir.
-
Onun-bunun dediyi ilə oturub duracağıqsa, "bəs mənim
ölkəmin varlığı hanı?"
Şüuru
kütləşmişdi. Heç nə başa
düşmürdü. Cəfər müəllimə baxa-baxa
qalmışdı. Onun üzündən nəsə bir
şey oxumaq mümkün deyildi. İlk dəfə idi ki,
müəlliminin sifəti heç bir məna ifadə etmirdi.
- Bilirəm
ki, bu məsələdə əlimizin üstündə əl
olmamalıdır.
Cəfər
müəllim qollarını yana açıb çiyinlərini
qısdı.
Rauf indicə
hiss etdi ki,döyüş səngiyib.
Əsgərlər
geri dönürdülər.Komandirlər sanki dalaşan
uşaqları ayırırmış kimi əsgərləri
bir ağsaqqal ədası ilə kürəklərinə
vura-vura,oxşaya-oxşaya,nəsihət verirlərmiş kimi,
hətta bəzilərinin qollarına girərək,
çiyinlərini qucaqlayaraq elə bil yola gətirirdilər.
- Axı
kim?
Rauf
puleymotu təzədən qucağına alıb qacan erməni
əsgərlərini dalınca çumdu.
Hoydu, dəlilərim
hoydu,
Yeriyin
meydan üstünə
Havadakı
şahin kimi,
Tökülün
al qan üstünə
Koroğlu
çəkər haşını,
Bəylər
elər tamaşanı,
Mən
özüm Aslan paşanı,
Hərəniz
bir hayk üstünə.
Lap
uzaqlarda bəzi erməni əsgərləri ağzıüstə
torpağa yıxılırdılar. Sonra arxası üstə
çevrilib əllərini yuxarı qaldırdılar.
Qaçmağa taqətləri qalmamışdı. Ürəkləri
ağızlarından çıxırdı. Əsir
düşməyi daha üstün bilirdilər. Bəlkə
ölmədilər, sağ qaldılar. Raufun
bölüyündən sağ qalanlar da onun arxasınca
düşdülər.
- Mən
öz torpağım uğrunda vuruşuram. Mən
işğal edilmiş Vətən torpaqları
üçün döyüşürəm.Bunu mənə
kim qadağan edə bilər? Uşaqlar irəli!! Bu it
uşağını çıxdıqları yerə qədər
qovmayan kişi deyil!
Mayor Raufun
ardınca götürüldü.Cata bilmirdi.Həm də
Raufun bölüyünün əsgərləri araya girib
qarşısını kəsdiyindən ləngiyirdi. Nəhayət
catıb Raufun qolundan tutdu. Dolmuş gözləri elə onu
xeyli süzub dilləndi.
- Bir ətrafına
bax! Axı hamı dayanıb
- Cənab
mayor! Bu təzə Xuraman xala hardan peyda oldu? Bu namərd əmridi.
Bu xalqımızın,dövlətimizin əleyihinədir. Yəni
bunu yuxarılarda başa düşmürlər? Axı məsələni
bir dəfəlik həll edə bilərik. Xankəndi budu ey,
burnumuzun ucunda. Gedək birdəfəlik bitirək də bu
işi. Kim bizə deyə bilər bəsdir. Bəs
Xocalıda niyə dayanın demədilər? 20 noyabrda təyyarəmizi
vurub say-secmə kişilərimizi qanına qəltan edəndə
niyə dayanın demədilər. Niyə yenə də bizi
öz qınımızda yandırırlar. Bilirsiz bunların
altını necə çəkəcəyik. Nə qədər
xətir üçün xəstə yatmaq olar?
Mayor
ehtiyatla Raufa yaxınlaşdı
- Gedək,qadan
alım.
Rauf tam
süstləşdi. Pulemyotu yerə çırpıb uşaq
kimi hönkürməyə başladı. Ağlaya-ağlaya,
yana-yana deyirdi.
- Allah, bu
nə işdi? Görmürsənmi bütün bunları? Necə
yol verirsən. Axı sən adilsən, haqsan. Niyə belə ədalətsizlik
edirsən?
Başını
tutmuşdu, hərdən yerə döyurdu,hərdən
saclarını yolurdu. Bağıra-bağıra
yeri-göyü lənətləyirdi. O əzab içində
qovrulduğu zaman əsgər yoldaşları pulemyot, avtomat
daraqlarını düşmənin arxasınça
boşaldırdılar. Lələtəpədən onları
müşahidə edənlər: - Deyəsən, Şairi Cəfər
müəllim nəhayət ki,sakitləşdirə bildi -
düşündülər.
Deyəsən
eləydi.
Mayor bir də
Raufun çiyninə toxundu.
- Dur gedək.
Bizi gözləyirlər. Dön bir bayrağımıza bax.
Hə,
buna baxmağa dəyərdi. Rauf bir az özünə gəlmişdi.
Məgər necə vaxtdan bəri məhz bu günü
gözləmirdilərmi!? Uc rəngli Azərbaycan
bayrağı qartal kimi Lələtəpənin zirvəsində
qanad çalırdı. Allah! Adamın qəlbi necə sevinclə
çırpınarmış. İnsan necə qürurla dikələrmiş,
başını qaldırıb göylərə
baxarmış. Yox, Allah bizi də görür, əməyimizin,
həyəcanımızın, bəxtimizin əvəzini
verir. Hec nə boş yerə yaranmır.
Mais
Barxudarovla Bəkir Orucov Lələtəpənin zirvəsində
Azərbaycan bayrağının altında dayanıb ermənilərin
qaçmasına tamaşa edirdilər. Bəkir Orucov narazı
şəkildə döyüş meydanını
süzürdü. Barxudarov üzünü ona tutdu:
-
Sözlü adama oxşayırsan...
Deyirəm,
ermənilər bir az müqavimət göstərsəydilər,
daha zövqlü döyüş olardı.
Sən də
lap Şair kimi danışdın.
Hər
ikisi gülümsəyib pərən-pərən
düşmüş erməni ordusunun təkəmseyrək
döyüşçülərinə baxırdılar.
Raufun
pulemyotunu yoldaşları götürmişdi. Cəfərov
onun qoluna girmişdi .Asta-asta Lələtəpəyə
qalxırdılar. Böyuk komandir heyəti onları gözləyirdilər.Get-gedə
yaxınlaşırdılar.Az qalmış birdən
alqışlar uçaldı.
Bu
onların şəninə idi!
* * *
Döyüş
qurtarmışdı. Ölkə başdan başa Aprel zəfərini
yaşayırdı. İnsanların üzündə
görünməmiş bir sevinc, aydınlıq vardı.
Hamı bir-birini təbrik edir, şəhidlər ən uca
sözlərlə, ehtiramla yad olunurdu. Onların dəfni
ümumi xalq mərasimi kimi keçirilirdi. Valideynləri ən
yüksək hörmətlə qarşılanırdı. Millətin
qəddi düzəlmişdi. İnsanlarda inanılmaz ruh
yüksəkliyi vardı. Lələtəpənin o biri
üzündəki yerlərdə düşmənin hərbi
texnikaları darmadağın olmuş vəziyyətdə
atılıb qalmışdı. Meyidlər də var idi. Hərdən
külək həmin meyidlərin qoxusunu Lələtəpənin
zirvəsinə də aparırdı. Erməni tərəf
meyidləri gəlib aparasıydılar. Hansısa
danışıqları dəqiqləşdirməyə
gedirdilər. Azərbaycan əsgərləri
bayrağımızın altında fəxrlə gəzir,
uzaqda tüstülənən düşmən obyektlərinin
qalıqlarına baxırdılar. İçlərini göynədən
təəssüflə "Necə əlimizi soyutdular e !
İndi Xankəndində oturmuşduq. Şuşaya hücuma
keçirdik. Ax, namərdlər!" - deyə göynəyirdilər.
Rauf da
onların içindəydi. Əsgərlərdən bir az
aralanıb irəli yeridi. Həsrətlə
qarşıdakı təpəlikləri, ermənilərin
tez-tələsik toparlanıb özlərinə Nüzar kəndinin
hündür təpəsində yeni qərargah, ştab,
yeraltı qazmalar düzəltmələrinə
baxırdı. Çiyninə qoyulan əlin məhrəmliyindən
bildi ki, siyasi məsələlər üzrə müavin Cəfərovdur.
Heç kim belə ərkyanalıqla ona
yaxınlaşmazdı.
Hara
baxırsan?
Rauf
heç nə deməyib əliniirəli uzadıb işarəylə
qarşı tərəfi göstərdi.
Nə
görürsən?
Nə
görəcəm? Dağılmış evlərimiz,
tüstülənən ocaqlarımız, bizi gözləyən
vətən torpaqları...
Daha nə
görürsən?
Heç
nə.... elə dağılmış evlər, adamsız
yollar...
O yollar
bilirsən hara gedir?
....?
O yollar
İrəvana gedir, qədim dədə-baba
torpaqlarımıza. Rauf, səni əmin edirəm ki,biz bir vaxt
o yollarla gedib qədim ellərimizə sahib
çıxacağıq. Sabah, birisi gün, bir aydan, bir ildən,
beş ildən sonra- onu dəqiq deyə bilmirəm. Amma
adıma əmin olduğum kimi, səni də əmin edirəm
ki, o torpaqlar bizim olacaq. Qədim Oğuz elimizi düşmən
əlində qoymayacağıq. Həmin vaxt heç kim
qabağımızı kəsə bilməyəcək. Kimsə
bizdən döyüşü dayandırmaq barədə
xahiş etməyəcək. Etsə də, heç kimi
eşitməyəcəyik. Mütləq
torpaqlarımızı azad edəcəyik. Sən buna qəlbin
kimi əmin ol!
Haçan
hə, komandir? Haçan bə?!..
Belə
deyib Rauf Cəfər müəllimin yaxasını əlində
elə xışmaladı ki, siyasi işlər üzrə müavinin
ayaqları yerdən üzüldü. Bayaqdan onları
müşahidə edən dəstənin içindən iki nəfər
o tərəfə yeriyəndə mayorHəmidov işarə
etdi.
İşiniz
olmasın. Yenə Raufun şairliyi tutub. Heç nə olmaz.
Amma gözünüzü çəkməyin.
Raufa pələng
gücü gəlmişdi. Cəfər müəllim asta səslə
ehtiyatla deyirdi:
Bizə
baxırlar. Sən nə edirsən? Hərbi qaydanı pozursan.
Belə olmaz axı.
Rauf
yavaş-yavaş qollarını boşaltdı. Cəfər
müəllim üst-başını səliqəyə
salıb ətrafa baxdı. Həmidovun işarəsini
yaxşı anlamışdılar. Deyəsən onlara tərəf
baxan heç yoxuydu. Hər kəs öz işindəydi.
Rauf
çökdü. Əlləri ilə başını tutdu.
Sonra yoğun barmaqları xırda diş-diş çalov kimi
torpağını dərinliklərinə işlədi.
Gicitikən, cəmirtkən, tikan qarışıq
torpağı xışmaladı. Sonra o biri əlini işə
saldı. Barmaqları qanaq-qanaq olmuşdu.Dırnağı ilə
mayası bir-birindən ayrılmışdı.
Barmaqlarının ucundan qan axırdı. Ancaq ağrı hiss
eləmirdi. Yana yana ağlayırdı.
- Gör
necə bir fürsəti əldən verdik. "Millət millət
olur öz hünərilə! Allah rəhmət eləsin Bəxtiyar
Vahabzadəyə. İndi Xankəndini, o biri
rayonlarımızın hamısını almışdıq.
Gör bizi necə aldatdılar. Onlar o zamankı
dolaşıq, başsız vəziyyətimizdən istifadə
edib rayonlarımızı bir birinin ardinca zəbt edəndə,
onlara deyən olmadı ki, dayanın. Onda BMT-nin qərarları,
ATƏT-matət, Helsinki Bəyannaməsi heç kimin
yadına düşmədi. Adam yanıb tökülür.
Cəfər
müəllim üst-başını qaydaya salırdı.
Amma qulağı Raufda idi.
- Sevinirik
ki, Lələtəpəni aldıq. Sevinc hal-hazırki şəraitdə
çox nisbi ifadədir... Hal-hazırda bizim üçün.
Ona görə ki, məqsədimizə tam çatmadıq.
Düşmənin əfsanələşdirdiyi Ohanyan səddini
darmadağın etdik. Erməni dığalarına
gücümüzü göstərdik. Bir neçə
rayonumuz daimi hədəfdən azad oldu. Amma Şuşa
qalıb axı... Xankəndi, Xocalı, qədim şəhərimiz
İrəvan qalıb axı... İşğal olunmuş
rayonlarmız heç insafdır ki, bir
addımlığımızda ola-ola, yenə düşmən
əlində qalsın? Vurub düz İrəvana qədər
gedərdik. Belə ən azı işğaldakı
rayonlarmızı azad edib bayrağımızı Xankəndinə
taxardıq. Həmişə millətin vətən eşqi, cəsurluğu
fontan vuranda bir namərd zəngi, bir dövlət
başçısının yersiz və həyasız
müdaxiləsi qabağımızı kəsir. Həmişə
bizi yarıyolda qoyur. Qələbəmizi başa
çatdırmağa imkan vermir. O vaxt ağdamlılar
yürüş edib erməniləri Xankəndindən iti qovan
kimi qovub məsələni həll edəcəkdi. Xuraman
xalanın yaylığı aşıb-daşan qəzəbimizi
içimizdə boğdu. Mirzə Ələkbər Sabir
demişkən, "öz tığımız öz rişəmizi
kəsdi sərəpa!" Düşmən nəfəs dərdi,
güc topladı, dünyanı ayağa qaldırıb özlərinə
nə qədər qahmar tapdılar. İçimizdəki namərdlərin
də əli ilə neçə-neçə itkilər
verdik. Xocalının başı üzərində oyun
getdiyini nə qədər desələr də, hamı kor
oldu, kar oldu, lal oldu, milləti heç nədən
qırğına verdilər. Yenə də zərbə
özümüzə dəydi. Yenə də geri düşən
biz olduq.
Raufun
çiyninin atılıb düşməsi elə gennən də
bilinirdi. Yenə hansısa ağrının ürəyinə
toxunduğunu hamı anlayırdı. Dostları
yumruqlarını sıxıb, ürəklərinin iniltisini
birtəhər ötüşdürürdülər. Təsəllilərini
ermənilərin atıb getdikləri texnikalara, puleymotlara, Lələtəpənin
ətəklərinə səpələnmiş düşmən
meyidlərinə baxmaqla sakitləşdirirdilər.
- Deyirsiz ki, böyük dövlətin başçısı zəng elədi, hücümu dayandırdı. Ermənistanın ikinci prezidenti Koçaryan köpoyoğlunun Moskvada bir kitabı çıxıb - "Həyat və azadlıq." Orda deyir ki, biz artıq Ağdama girmişdik. Yerevandan zəng edib dedilər ki, biz burda otura bilmirik Moskvadan, BMT-dən, ATƏT-dən müxtəlif ölkələrdən gələn təhdidedici zənglərin əlindən. Bütün xəbər agentlikləri, hətta Azərbaycan mətbuatı da yazır ki, ermənilər Ağdamı işğal ediblər. Bu, doğrudurmu? Siz orda nə edirsiniz. Mən cavab verdim ki, heç nə, biz təpələrin üstündə oturmuşuq. - Təpələrdə nə gəzirsiniz? Dedim: - Orda onların artılleriyası vardı, bizi vururdular. Məcbur olduq onları bir az hərəkətləndirək. Deyir, səhərisi Ağdamın boşalmış küçələrinin şəkillərini çəkib onlara göndərdim ki, biz boşalmış şəhərə girməyə məcbur olduq. İndi biz vurub gedib Ağdamı, Füzulini, Xankəndini götürüb deyə bilməzdik ki, qoşunlarmızı saxlayana qədər o əraziləri Azərbaycan qoşunları tutmuşdular. Niyə yenə, xətir üçün xəstə yatan biz olduq?
Cəfər müəllim ehtiyatla gah sağ, gah da sol əlini Raufun çiyninə qoyub nə isə deyirdi. Uzaqdan eşitmək mümkün olmasa da, nə isə sakitləşdirici sözlər dediyi duyulurdu...
2019
Səyyad Aran
Ədəbiyyat qəzeti.- 2020.- 7 noyabr.- S.10-12.