Güzgü sözünə sadiqdi

 

Çağdaş Rumın şeiri

 

"Güzgü ilə müqavilə bağlamışam, - demişdin,

- Səni mənim gördüyüm kimi göstərəcək,

qəbrə qədər sədaqətli olacaq sözünə".

Onillər keçirdi,

Güzgü sözünə sadiqdi:

Məni sığallı, təmiz,

sənin nurunla boyanmış göstərirdi;

Sanki nağıllardakı

dirilik suyu idim, dəyişmirdim.

İndi güzgüyə baxıram

təşvişlə dəyişikliyi gözləyirəm.

Amma görə bilmirəm.

Hələ mənə baxdığının

başqa dəlili olmalıdır ki?!

 

 

***

Əgər evimdə o əvvəlki illərdəkitək yenə mikrofonlar quraşdırılsaydı,

səs yazanlar, dinləyənlər hökmən dəli sanardılar məni;

yazırlar səninlə ən adi şeylər haqqında danışdığımı,

hər ehtimala qarşı dediyim sözləri, sənin rəyini bilmək istədiyimi

eşidirlər; arabir, indiki zamanda, elə-belə "səni sevirəm" deyirəm,

işığı söndürməzdən qabaq "gecən xeyrə qalsın" söyləyirəm.

Dinləyənlərin arasında öz işində təzə olanlar var - getdiyini bilməyənlər,

sənin cavabsızlığını şübhəli sanacaqlar, hesab edəcəklər ki,

onlar başa düşməsin deyə əl hərəkətləri,

işarələrlə doldurursan sükutu.

***

"Kişi hardadır? - ilk dəfə sənsiz bazara gələndə şüyüd, cəfəri,

bəxtin gətirsə meşə kərəvizi aldığın nənələr soruşurdular. - Yox,

gərək, sizi tək buraxmasın, olmaz".

"Bazardakı nənələr, evin kişisi hardadır deyib səni soruşurdular" - qayıdanda

danışdım sənə, çox xoşuna gəldi, elə məğrur görkəm aldın ki,

məsləhət verdiklərini söyləməyi unutdum, deyirdilər ki,

yox, gərək, sizi tək buraxmasın, olmaz.

 

 

***

Özümə sual etdim:

qayıtsaydın sənə demək istərdim

qərara gəldim ki,

bu söz olmayacaqdı,

yalnız şəkillər.

Mən sənə

alatoran vaxtı

pəncərəmdən görünən

ağacların tacı arasından boylanan

göyüzünü göstərərdim.

 

Ya da tikanlar arasından qanlı

yara kimi görürən,

yanında şəkil çəkdirdiyin bu kolu.

 

Ya da vaqon pəncərəsindən

ötüb-keçən biçilmiş zəmiləri, düzləri,

uzunsov tayaları.

Sigetaya gedirik onda.

 

Sözə gəlməz ismarışlar,

sirrin çaparları,

sevənlər üçün

baxışların yetərli olması kimi

ali həqiqətin

dəlilləri.

 

 

***

Bayram günləri gəlişini,

varlığını daha yaxşı hiss edirəm,

orda da bayramlar var?

Ya başqaları sevinərkən

məni tək qoymamaq üçün gəlirsən?

Təbəssümün günəşin şüaları kimi

otaqları dolaşır,

pişik təlaşla arxanca düşür.

Nəsə baş verir, o hiss edir.

 

 

***

"İstəyirəm ki, bir yerdə ölək" - dedin.

"Fikirləşirsən ki, səndən yeddi il az yaşamağım düz olardı?".

Ciddiyyətlə cavab verdin ki, əbədiyyətdə bir yerdə

ola bilməmiz üçün başqa yol yoxdur.

Məntiqin o qədər inandırıcı idi ki, razılaşdım,

bir az da elə-belə, hər halda bir yerdə ölmək pis fikir deyil.

Amma, indi, sənin o vaxtkı ciddiyyətinlə özümdən soruşuram ki,

o dünyada səni necə tapacam, necə görüşə bilərik.

Yeganə imkan sərhəddə məni gözləməyindir,

amma zaman gələcəyimi söyləyə bilmirəm,

bir inanmıram ki, səni orda bəlli olmayan bir müddətdə

gözləməyə icazə versinlər.

Belə ehtimal edirəm ki, orda da, o xaosda da

biz eynən bu dünyadakı kimi, yaşanan hər sonsuzluq günü

bir-birimizi axtaracağıq,

bir-birimizi tapmaq sevincini yaşayana qədər.

 

Ana Blandiana

 

Ədəbiyyat qəzeti.- 2020.- 7 noyabr.- S.13.