YETİM QALMIŞ OYUNCAQLAR
Oktyabr ayının 16-dan - 17-nə keçən
gecə... Gəncə
şəhəri... Gecə
saat 00:45. Uğultulu bir partlayış
səsi ilə tozanaq qalxır, göz-gözü görmür.
Analar dizlərinə döyərək
haray çəkir, atalar dəli kimi əlləri ilə dağılmış,
viran olmuş evlərinin uçuqları
arasında övladlarını
axtarır. O gecə
cox körpənin həyatı üçün
son oldu. Şirin yuxuya gedən
bir körpə, axı hardan bilərdi sabahı qaralacaq. Yatdığı bu ana qucağı son mənzili
olacaq. Onlar sülh qərarının
ilk gecəsinin qurbanı
oldu. Qaranlıqda
qorxu içində ağrı hiss edən bir uşaq ağlayır.
Dağıntılar arasında qalan
Xədicənin fəriştə
vücudu yaşamaq uğrunda mübarizə aparırdı.
Valideynlərinin bir yaşlı
bacısı ilə məşğul olduğunu
görən balaca Xədicə çay şüşəsinin arxasınca
gedir və həmin otaqda yuxulayır. Həyat
bir az
əvvəldən onların
taleyini ayırıbmış.
Xədicəni yaşatmaq
üçün... Mənfur düşmən
gülləsi körpə
balalarına şirin layla deyən valideynlərini və bir yaşlı bacısını hədəf
aldı. Bacısı anası ilə bir tabutda gömüldü.
Xədicə isə ana qucağına bir ömürlük həsrət qaldı... Bu gecə üç
yaşlı bir uşaq ailəsini itirdi. O, dövlətimiz
tərəfindən nəzarətə,
həkimlərimiz tərəfindən
müalicəyə götürüldü.
Bir neçə gündən
sonra sağalaraq evlərini, ailəsini istədi. Yanından heç ayrılmayan
xalası göz yaşları içində
onu necə sakitləşdirəcəyini düşünürdü.
Dağılan evini körpə
uşağa necə göstərsin axı?
Xədicə elə hey ağlayırdı.
Gah anasını, gah da atasını çağırırdı. Gözü yollarda idi. Balaca əlini qapıya uzadaraq, evə, valideynlərinin yanına getmək istədiyini bildirirdi. Xədicə yalnız öz
çay şüşəsi
ilə yuxuya gedirdi. Bu çay
şüşəsi ona
doğma, yeganə əşya idi, dağıntılar altında
qalarkən hər ağlayanda çay şüşəsini ağzına
yaxınlaşdırır, kiriyirmiş. Bir neçə
həftə keçdi,
xalası Xədicəni
öz bağçasına
aparırdı. Bağça onların evlərinin yaxınlığında yerləşirdi.
Xədicə xalasının əlini
buraxıb dəli kimi evlərinə, dağılmış xarabalıqlara
tərəf qaçdı.
Sevinc içində dönüb
xalasına və oraya toplanan insanlara baxdı. Bir qrup məktəbli
yiyəsiz qalmış
oyuncaqların sıra
ilə düzüldüyü yerə gül qoyurdu. Onlar Xədicəni qorumaq
məqsədi ilə uzaqlaşdırmaq istədilər.
Bura həm tozlu, həm də daş-kəsəkli idi.
Xədicə isə çox
xoşbəxt idi.
Xalası onun əlindən
tutaraq, istədiyi yerə doğru apardı. O, məktəblilərin
gül qoyduğu oyuncaqlardan birini götürdü. Bu onun və bacısının
ən sevimli oyuncağı idi. O,
yağışın altında
qalmış və hələ də evlərinin qoxusunu daşıyan oyuncağı
ən əziz varlığı kimi möhkəm qucaqladı. Xədicə
yetim qalmış oyuncağına, sanki öz doğması kimi sahib çıxdı.
Erməni vəhşiliyi minlərlə
Xədicəni ailəsiz,
yaxud yetim qoyub, gələcəyini şikəst edib. Onlar yalnız yatmış, köməksiz vəziyyətdə
olan uşaqlarla mübarizə aparmağı
bacarır, "Xocalı
faciəsi"ndə olduğu
kimi.
Xədicə bütün uşaqlar kimi, dünyada ən qiymətli varlığını - ailəsini
Vətən üçün
şəhid verdi.
Adətən analar öz
övladlarını Vətən
torpağı uğrunda
fəda edir. Gəncə şəhərində baş
vermiş erməni terroru gecəsində bu ağır yük körpələrin
zərif çiyinlərinə,
uşaqlıq həyatına
qismət oldu. Onların uşaqlığına uşaqlığını
itirmək, böyüməmiş
böyüklük nəsib
oldu. Və bu gecədən
Xədicənin ailəsi
bütöv Azərbaycan
oldu.
Fidan Nizaməddinqızı
filologiya üzrə fəlsəfə
doktoru, dosent
Ədəbiyyat qəzeti.- 2020.-
7 noyabr.- S.15.