VƏTƏNİ SEVMƏK

 

Ondan başlayaq ki, "Vətən" kəlməsi lüğətlərdə yazıldığı kimi, əsil ərəb sözü deyil, türkcədir. Ərəbcəyə keçən çoxsaylı türk sözlərindən biridir. Mixi əlifbalı gilyazılarında bu söz "batan" kimi keçir, batıb qalmaq, məskən salmaq anlamına gəlir.Qədim Vətənimiz Midiyanın paytaxtı olmuş indiki Həmədan şəhərinin qədim adı Ağbatan, yəni, "ağaların məskəni" deməkdir. Bu şəhərə Haqbatan, Ekbatan, Həmədan... daha nələr deyiblər, təki Ağbatan olmasın.

 Bütün xalqlar idarə edənlər, və idarə olunanlar qismlərinə ayrılır. İdarə olunanlara "qara camaat", idarə edənlərə "ağa" deyiblər. Bu əsl türk düşüncə tərzidir. Midiyanın bütün idarə və icra strukturlarının yerləşdiyi şəhəri Ağbatan adlandırmağı bu qədər ciddi-cəhdlə yüzillər boyu gizlətmək fars millətçi dil tarixçiləri üçün həyati əhəmiyyət qədər önəm daşıyıb. Çünki, kütləvi müraciət forması kimi "ağa" sözünün də farsca olmadığını gərək etiraf edəydilər.

"Qonaq", müvəqqəti olaraq öz yuvasından uçub başqa yerə qonan poetik məcaz mənasında formalaşan sözümüzdür. Vətən sözünün etimologiyası "batan"dan gəlir. Qonaqdan fərqli olaraq, batan/vətən sözü hər hansı ərazidə batıb qalmaq, məskunlaşma, yaşayış məskəni anlamındadır. Çoxsaylı toponimlərimizdə bu sözə son qoşqu əlavəsiylə rast gəlirik. Ərbatan (ərlərin, mərdlərin Vətəni), Ögbatan (öyülən Vətən - təhrif olunaraq Lökbatan şəklinə düşüb. Bu sözü "dəvənin batıb çıxa bilməyən"kimi ötən əsrin 50-ci illərində izah etməyə cəhd olub. Onlar izah edə bilməyiblər ki, heç bir dildə mövcud olmayan "lök" sözü hansı dildə dəvə deməkdir?..), Ceyranbatan (gözəllərin məskəni) və s. "Batan" vətən mənasında özündən əvvəl gələn sözə qoşularaq İraq, İran, Azərbaycan, Orta Asiya sərhədlərinədək böyük bir ərazidə yayılıb.

12 Yusif surəsi, 2; 13 Ər-Rəd surəsi, 37; 16 Ən-Nəhl surəsi, 103; 19 Məryəm surəsi, 97; 20 Ta-Ha surəsi, 113; 26 Əş-Şüəra surəsi, 193-194; 39 Əz-Zümər surəsi, 28; 41 Əl-Fusillət surəsi, 3, 44; 42 Əş-Şura surəsi, 7; 43 Əz-Zuhruf surəsi, 2-3; 44 Əd-Duhan surəsi, 58; 46 Əl-Əhkaf surəsi, 12-ci ayədə "Qurani-Kərim"in ərəbcə olmasını Allah-Təala xüsusi nəzərə çatdırır. "Qurani-Kərim"in mətni əsl ərəb sözlərindən təşkil olunub, burada bir kəlmə də olsun, başqa dildən keçən söz yoxdur. Bir vaxt bəzi alimnümalar, "Qurani-Kərim"dəki "papirus" mənasını verən "qartas" sözünün yunan mənşəli olduğunu iddia ediblər. Onlar unudublar ki, yunanlar papirusu misirlilərdən əxz ediblər, misirlilərin isə ərəb olduğu hamıya məlumdur (Orta yüzilliklərdə Çin kağızı gündəmə gəlincə misirlilər papirus istehsalı və ticarətilə məşğul olub). Ancaq ərəb sözlərindən ibarət olan "Qurani-Kərim"in mətnində "Vətən" sözü yoxdur. Bu fakt, ərəbcə olmayan "Vətən" sözü haqqında dediklərimizi bir daha təsdiqləyir.

Peyğəmbərimizin (s.ə.s.) Vətən haqqında olan hədisi məşhurdur.

(Hubb əl-vətəni min əl-imən) - Vətən sevgisi imandandır.

Bu hədisin söylənməsi ilə əlaqədar Əbül-Fida İsmayıl ibn Muhamməd ibn Abd ül-Hadi əl-Cərrahi əl-Acluni (1087/1676-1167/1749), "Kəşfü'l Xafa və Müzilü'l ü-bas əmmə'ştəhəre minə'l əhadis əla əs-sinəti'n-nas" adlı kitabında yazırdı ki, Məkkədən Mədinəyə hicrət edən müsəlmanlar, köçdükləri şəhərin havasına adaptasiya edilə bilmirdi. Bəziləri qızdırma və səpmə xəstəliyinə düçar olmuşdu. Onlardan biri də ilk əzançı Bilali Habəşi idi. Bir allergik xəstəlikdən əziyyət çəkən Bilal, hüzn dolu şeirlər oxuyaraq Məkkəni tərənnüm edirdi. Bunu duyan Peyğəmbərimiz (s.ə.s.) də kədərlənmiş, buyurmuşdu:

 

"Əl-Vətən! Əl-Vətən! Əl-Vətən!

Hubb ül-Vətəni min əl-?mən!"...

 

Tərcüməsi:

 

"Vətən! Vətən! Vətən!

Vətən sevgisi imandan gəlir".

[I cild, Beyrut, 1408, I, 138]

 

İmam Əlinin hədisi: (Ummərati əl-biladu bihubbə əla Vətən) - "Şəhərlər Vətən məhəbbətilə abaddır". Peyğəmbərin Vətən haqqında buyurduğu hədisin məntiqi davamıdır.

Nəsimi Şirvani bunları mükəmməl bilir və yeri düşdükcə əsərlərində istifadə edirdi:

 

Zülfündə can qıldı vətən,

            "hübb ül-vətən" şərti ilən,

Mən məskən ül-ərvahimi

            kövnü məkanə verməzəm.

 

ya

 

Nə yerdənsən, səni heç kimsə bilməz,

Məgər cənnət təki "hübb ül-vətən"sən?

 

Beytlərindəki "hübb ül-vətən" - Vətən sevgisi söz birləşməsi Peyğəmbər hədisindəndir, buyurulur.

Sonradan, irfan ədəbiyyatında "Vətən" sözü ruhun mənzilləri rəmzi söz kimi işlənib. Mövlanə Məhəmməd Füzulinin məşhur beyti:

 

Edəmən tərk, Füzuli, səri-kuyin yarın,

Vətənimdir, Vətənimdir,

                        Vətənimdir, Vətənim!!!

 

- beytdəki vətənlər insan ruhunun dörd ünsürə uyğun məkanlardakı məqamlarına işarətdir.

Vətəni sevmək imandandır, onu müdafiə etmək isə Allah əmridir. Müharibə meydanında elə hadisələr baş verir ki, bunu bəzən rasional düşüncə tərzi ilə izah etmək olmur. Bu fenomeni "Qurani-Kərim" mələklər müharibə meydanında möminlərə kömək edir - şəklində izah edir: 3 Ali-İmran surəsi, 123-127-ci ayələrdə qüreyşilərlə Hicrətin 2-ci ilinin 17 Ramazanında (13 Mart 624) baş vermiş Bədr müharibəsi haqqında belə buyurulur:

(Ya Rəsulum!) Həqiqətən, siz Bədrdə (düşmənə nisbətən az və) zəif olduğunuz halda, Allah sizə yardım etdi. (Allaha) şükür edən olmaq üçün Allahdan qorxun

O zaman sən möminlərə deyirdin: "Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?".

Bəli, əgər səbr edib (Allahdan) qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər.

Allah bunu sizin üçün məhz müjdə olaraq və qəlbləriniz rahatlansın deyə etdi. Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır ki,

O (bununla) kafirlərin bir hissəsini məhv etsin (döyüş meydanında kəsib-doğrasın) və ya onları məğlubiyyətə uğratsın. Belə ki, onlar naümid geri dönsünlər". (Məal akademiklər Ziya Bünyadov və Vasim Məmmədəliyevindir).

8Əl-Ənfal surəsi, 7-13, 50-ci ayələr

O zaman Allah sizə iki dəstədən birinin (Şamdan qayıdan karvanın və ya Məkkədən çıxıb onların köməyinə gələn Qüreyş əsgərlərinin) sizin olmasını vəd edirdi. Siz silahsız (qüvvətsiz) karvanın sizin olmasını arzu edirdiniz. Allah isə Öz sözləri (bu barədə nazil etdiyi ayə) ilə haqqı (islamı) bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi.

(Allah bununla) günahkarların xoşuna gəlməsə də, haqqı (islamı) bərqərar etmək və batili (küfrü) yox etmək istəyirdi.

O zaman siz (dua edərək) Rəbbinizdən kömək diləyirdiniz. (Allah:) "Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!" - deyə duanızı qəbul buyurmuşdu.

Allah bu köməyi sizə yalnız sizin üçün bir müjdə və ürəkləriniz sakit olsun deyə etmişdi. Qələbə yalnız Allahdandır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

O vaxt (Bədr vuruşunda) Öz tərəfindən (köməyindən) arxayınlıq əlaməti olaraq, Allah sizi xəfif bir uyğuya daldırmış, sizi (çirkdən-pasdan) təmizləmək (və ya dəstəmaz almaq), Şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi (qələbəyə inamla) doldurmaq və (quma batmasın deyə) ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı. (Məal akademiklər Ziya Bünyadov və Vasim Məmmədəliyevindir).

Hicrətin 8-ci (630-cu il) ilində baş verən Hüneyn döyüşü haqqında 9 Ət-Tövbə surəsi, 25-26-ci ayələrdə Allah-Təala buyurur:

Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn (vuruşu) günündə kömək etdi. O gün çox olmağınız xoşunuza gəlsə də, bir faydası olmadı, gen dünya sizə dar oldu (yer üzü genişliyinə baxmayaraq sizə dar gəldi), sonra dönüb qaçdınız.

Sonra da Allah Öz Peyğəmbərinə və möminlərə arxayınlıq nazil etdi, (köməyinizə mələklərdən ibarət) görmədiyiniz əsgərlər endirdi və kafirləri əzaba düçar etdi. Bu, kafirlərin cəzasıdır! (Məal akademiklər Ziya Bünyadov və Vasim Məmmədəliyevindir).

48 Əl-Fəth surəsi, 4,7-ci ayələr

Mö'minlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə (Öz dərgahından) arxayınlıq (rahatlıq və mənəvi möhkəmlik) göndərən Odur. Göylərdəki və yerdəki ordular (mələklər, cinlər, insanlar, heyvanlar, ildırım, qasırğa, fırtına, sel, zəlzələ, ayın tutulması, günəşin batması və i. a.) Allahın ixtiyarındadır (Allah istədiyindən onlar vasitəsilə intiqam alar) Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Göylərdəki və yerdəki ordular Allahın ixtiyarındadır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Məal akademiklər Ziya Bünyadov və Vasim Məmmədəliyevindir).

18 Mart 1915-ci ildə Seyid Əli Onbaşı, öz çəkisindən təxminən 200 kq ağır, 276 kiloqramlıq mərmini "Allah, Məhəmməd, ya Əli" - deyərək qaldırıb topa qoyaraq sonuncu düşmən gəmisinin atışa hazırlanmış göyərtədəki topun üstünə ataraq onu batırmaqla Çanaqqala zəfərinin təminatçısı və qəhrəmanlarından biri oldu. Adətən, o mərmini dörd əsgər zorla qaldırıb topa geydirə bilir. Sonralar həmin mərmini, heç yerindən dəbərdə də bilməyən Seyid Əli özü də təəccüb içində qalıbmış...

Bu fövqəladə hadisədən beş ay sonra, Birinci Dünya müharibəsinin şıdırğı getdiyi 21 avqust 1915-ci ildə İngiltərə və Fransa Osmanlı imperiyasının ərazisi olan Dardanel boğazını tutmaq istəyirdi ki, Aralıq (Ağ) və Qara dənizlərə nəzarət edə bilsinlər. Əsgərlərin dediyinə görə, Dördüncü Norfolk polkundan bir batalyon izsiz yoxa çıxdı, onlardan 122 nəfərin cəsədi, ancaq 1919-cu ildə aşkara çıxdı. 1937-ci ilin dekabrında Yapon-Çin müharibəsində general Li Fu Şi 3000 əsgər göndərib ki, Yantszı çayı sahilindəki mövqeni möhkəmlətsin. Əsgərlər izsiz-soraqsız qeybə çəkiliblər.

 Avropalı hərb tarixçilərinin araşdırmalarında "Qurani-Kərim"in həqiqətləri təsdiqləndi, mələklərin hərb meydanında iştirakına dair ciddi tədqiqlər (Anderson, Joan Wester. Where Angels Walk. New York: Ballantine Books, 1992. Brewer, E.Cobham, A Dictionary of Miracles, 1884, Reprint, Detroit Mich.: Cale Research, 1966. Price Hope. Angels, New York: Avon Books, 1993, Thompson, C,J,S, The Mustery and Lore of Apparitions, London: Harold Shaylor 1930) meydana gəldi.

İslam Şərqinə həmişə səlib yürüşü olub və olmaqdadır. Bu vəziyyəti 16 yaşlı Cəfər Cabbarlı Çanaqqala döyüşləri ərəfəsində qələmə almışdı: Məhkum Şərqə

 

Ey Şərq, sənin üstündə cahan çarpışıyorkən,

Aləm səni bölməklə səadət bölüşürkən,

Övladın əsarətdə, yazıq, can çəkişirkən,

Hala da sükut etmədəsən, ey evi bərbad!

Kimdən, əcaba, ummadasan dərdinə imdad?

 

Rahib kimi qovğayi-həyata həvəsin yox,

Tərpənmədəsən kölgətək, amma nəfəsin yox,

Məhbəsdəsən, ancaq ki, dəmirdən qəfəsin yox,

Zəncirini qırmaz nə tərəhhüm, nə də fəryad,

Əsr indi dəmir dövrü, barıt dövrüdür, heyhat!

 

Dünyanı əsir eylər ikən bir ovuc altun,

Hər millət öz azədəliyin qurşuna mədyun.

Əsrin sözü top, haqq sözü top, tanrısı qurşun;

Acizliyə qalsan, edən olmaz səni azad,

Hər gün sənə sahib olacaq bir yeni cəllad.

 

Döndər günəşin atəşə, saç Qərbə, Şimalə!

Topla nə gücün varsa, giriş qəti cidalə!

Ya haqqını al, ya əbədi öl, lavəməhalə

Qoy gülləri ya qan sulasın, yaxud ədalət,

Qoy ya bəşəriyyət yaşasın, yaxud əsarət!

 

Mənə elə gəlir ki, heç nə dəyişməyib; problem eyniylə qalmaqdadır! Sultan Səlim Yavuz (10.10.1470-22.09.1520) zamanında Osmanlı imperiyasında yəhudi, erməni və satqın yerli elitadan ibarət masonlar "əndərunilər" adı ilə özlərinə möhkəm yer tuta bildi. Ağa Məhəmməd şah Qacarın sağlığınadək bu gizli dağıdıcı təşkilat İrana sirayət edə bilməmişdi. İranda, bir qayda olaraq, saray çevrilişləri olarkən, xəzinəyə nəzarət zəifləyəndə, imkan qədər çox qənimət əldə edən ermənilər, qarət etdiklərini öz böyüklərinə göndərirdilər. Nadir şah (22.10.1688-20.06.1747) qətl olunandan sonra, şah xəzinəsinin müəyyən hissəsini ələ keçirən ermənilər onu Moskvada yaşayan milli böyükləri sayılan Ovanes İvan Lazareviç Lazarevə göndərə bildilər. O, da İkinci Yekaterinaya (21.04.1729-06.11.1796) müəyyən qədər "hədiyyə" verərək 1791-ci ildə erməni uşaqları üçün xüsusi məktəb açmağa icazə aldı. Əsas məqsəd isə bu məktəb bazasında özlərinin yalançı tarixini satqın alimlərə yazdırmaq idi, bunu da bacardılar. Sonradan bu məktəb Şərq dilləri institutu kimi də tanındı. Papirus kitablarında yunan dilində əlavələr edib onu müəyyən saxlanclara ötürməklə tarixi saxtalaşdıran Lazarev institutunun "fəaliyyəti"nə qədər heç bir Qədim Şərq mütəxəssisi Urartunu erməni dövləti kimi, ümumiyyətlə, Armeniya adında dövlət qurumu tanımayıblar.

Yaxın Şərq ölkələrindəki məzun dostlarıyla sıx rabitəni heç vaxt qırmayan Mövlanə Seyid Əzim Şirvani (09.07.1835-01.06.1888) onunla eyni vaxtda yaşayıb-yaradan sənət dostlarından daha dəqiq informasiyaya malik və siyasi cəhətcə daha ayıq idi. Qafqazın yerli əhalisindən olmayan, heç vaxt dövləti və yüksək mənəvi dünyasıyla fərqlənməyən, qaraçı həyat tərzi keçirən ermənilər rus çarizminin onlar üçün açdığı imkanlardan istifadə edib millətləri haqqında fantastik konsepsiyalı tarix uydurmaq üçün sürətlə təşkilatlanmağa başladılar. Bu xüsusda Azərbaycan ədəbiyyatında ilk şeiri 1885-88-ci illərdə əzəli və əbədi düşmənimiz ermənilərin aktivliyini müşahidə edən Mövlanə Seyid Əzim Şirvani vətənpərvərlik hisslərini böyük həyəcanla qələmə alıb:

 

Kim ki, eylərsə libasini mübəddəl kəfənə,

Deyirəm, çəng vurub

            daməni-"Hübb ül-Vətənə".

 

Vətənə, ey vətən övladı, himayət günüdür,

Toplaşun düşməni dəf etməyə hər əncümənə.

 

Salınız nərəvü təkbir ilə dünyaya şərər

Nəhydir şərdə kim, rəhm eyləmək rahzənə.

 

Çalınız səngdil ədu başına xəncəri-tiz,

Bəlkə bu hübb ilə təlim edəlim Kuhikənə.

 

Var münacatdə xoff eyləmə, leylayi-Vətən,

Vətən uğrunda zərü baş ilə candan keçənə.

 

Dəmi-hümmət, dəmi-qeyrət,

            dəmi-fürsətdi bu gün,

Rəsm-mərdanəliyi göstərəlim mərdü zənə.

 

Kişiyə cəng günü vahimə şayistə deyil,

Kişinin qanı gərək rəng verə pirahənə.

 

Qövm-Yəcucə tərəf səddi-Sekəndər kimi dur,

Göz yaşı tökmə, həya qıl, kömək et səfşikənə.

 

Bağban ol, Vətənin bağına dirilik suyu ver,

Əsməyə badi-xəzan bəlkə bu səhnü çəmənə.

 

Qəflət uyğusuna getməklə, xəta etmə, sağın,

Qoyma gəlsün o həbəşzadəni mülki-Xütənə.

 

Vətəni, şəkkəri ey Xosrovi şirin süxənim.

Vermə, Allahımızın eşqinə, zağü zəğənə.

Kim ki, bilməzsə Vətən Yusifinin qiymətini,

Misli-Yəqub düşər axıri "beyt ül-həzən"ə.

 

Ürəfa bəzminin ey Seyyidi-şirinsüxəni

Yaz bu əşari düşə bəlkə dəhəndən-dəhənə.

 

Bu qəzəllə çağdaş oxucu arasındakı dil baryerini aradan qaldırmağa ehtiyac var:

Birinci beyt: "Hər kim, əynindəki paltarını kəfən ilə əvəzləyə bilsə, deyərəm ki, "Hübb ül-Vətən" ətəyinə əl uzadıb. İslam şəriətinə görə, şəhidlər kəfənlənmir, həlak olduqları paltarlarla torpağa gömülürdü. Ətəkdən tutmaq yalvarmaq anlamına gəlir. Beytin mənası budur ki, hər kim şəhidliyi seçsə, Peyğənbərimizin (s.ə.s.) hədisindən kömək diləmiş olur."

İkinci beyt: "Vətəni himayə etmək günüdür, ey vətən övladı. Düşmənin geri qaytarmaq üçün bu məqsədlə yaranmış hər məclisə toplaşın!"

Üçüncü beyt: "Nərə çəkib təkbir: "Allah Əkbər!" - deməklə dünyaya od salın, Şəriət yolkəsənə rəhm etməyi yasaq edir."

Dördüncü beyt: "Daşürəkli düşmən başına iti qılınc vurun, Bəlkə bu məhəbbətlə Kuhikənə təlim keçək. Kuhikən - Fərhad Şeyx Həkim Nizami Gəncəvinin "Xosrov və Şirin" dastanının qəhrəmanı Şirinin ölümü haqqında ona yalan məlumat çatan kimi külüngünü öz başına vuraraq özünə qəsd etmişdi. Biz ona düşmənə zərbə vurmağı təlim edərdik."

Beşinci beyt: " Peyğənbərimizin münacatında var ki, Vətən uğrunda qızılı, canı-başından keçənə heç bir qorxu yoxdur, çünki şəhidlərin yeri behiştdir."

Altıncı beyt: "Cəhd anı, qeyrət anı, fürsət anıdır bu gün, Mərdənəliyimizi hər kəsə; kişi və qadına göstərəlim!"

Yeddinci beyt: "Müharibə günü qorxu vahiməsi kişiyə yaraşmaz, Kişinin qanı gərək öz köynəyinə rəng versin!"

Səkkizinci beyt: "Allahın yolundan çıxan qorxunc Yəcuc qövmünə, yəni düşmənlərimiz olan ermənilərə İskəndər Səddi kimi dur! Döyüş meydanında oturub ağlama, utan! Cərgələri qırıb yaran qardaşına kömək elə! "

Doqquzuncu beyt: "Dirilik suyu Xızır Peyğəmbərə məxsusdur. Vətənin bağını öz diriliyin, şəhidliyin hesabına yaşat. (Şəhidlərin diri olduğu haqqında 2 Əl-Bəqərə surəsi, 154-cü ayədə buyurulur.) Ta ki, payız küləyi bu çəmənə əsib onu soldurmasın!"

Onuncu beyt: "Qəflət yuxusuna getməklə, xəta eləmə, saqın! Xütən gözəlləri ilə məşhur məkanı sayılır. Həbəş isə, klassik divan şeirində murdar çirkin rəmzini daşıyır. Gözəllər diyarı olan vətənə həbəş oğlu həbəşin gəlməsinə icazə vermə!"

On birinci beyt: "Vətəni, ey şirin sözlərin şahı, Allahımızın eşqinə, qarğa-quzğuna vermə! Beytdə şair "Xosrov və Şirin" dastanını bir daha yada salır. Şəkər tuti quşunun yemi kimi vəsf olunur, tutuquşu isə gözəl, şirin danışmağa işarədir. Tutuquşunun adı çıkilməsə də, qarğa-quzğunla tərs müqabil təqdim edilir."

On ikinci beyt: "Vətən Yusifinin qiymətini bilməyən kimsə, axırda Yəqub Peyğənbər kimi hüzünlü evə düşər. "Tarixi- Ənbiya"ya görə qardaşları Yusif Peyğənbəri quldara 20 gümüşə quldar isə Misir əzizi Putifara 200 gümüşə satıb. Yusif Peyğənbərin xiffətilə Yəqub Peyğənbər "beyt ül-həzən"dən (hüznlər evindən) çıxmır, gecə-gündüz balasının gəlişini gözləyirdi.

On üçüncü beyt: "Ariflər məclisinin ey şirindil Seyyidi, bu şeiri yaz ki, bəlkə ağızdan-ağıza düşə"

Mövlanə Seyid Əzim Şirvaninin bir neçə başqa əsəri kimi bu qəzəli onun külliyatına daxil olunmayıb.

XX yüzil Azərbaycan ədəbiyyatında ən vətənpərvər şairlərdən olan Abbas Səhhət Şirvaninin şeirlərində "Vətən" sözü, adi 2 hecalı, 5 hərfli söz deyil, içi vulkan lavası gücünə malik energetikalı məfhumdur:

Könlümün sevgili məhbubi mənim,

Vətənimdir, Vətənimdir, Vətənim!

Vətənim verdi bizə nanü nəmək

Vətəni bunca unutmaq... nə demək?!

ya

Sayılırsan Vətən övladlarının bir fərdi,

Vətən, imdadına indi çağırır hər fərdi.

Ya ər ol, meydana çıx, get kömək ol qardaşına,

Ya gedib evdə otur, bir ləçək də sal başına.

     "Vətən" - deyəndə kim nəyi və necə təsəvvür edir? - sualı məni həmişə düşündürür. 1913-14-cü illərdə Bakıda nəşr olunan, cəmi 56 sayı işıq üzü görmüş "Şəlalə" dərgisini mütaliə edərkən rast gəldiyim "Vətənpərvər" və "tənpərvər"(öz bədənini sevən) sözlərinin qarşıdurması burada yerinə düşür. Allah Təala öz böyük lütfüylə Vətəni bizə, bizi Vətənə əmanət olaraq verib.

Efirdən eşitdiyim azad olunmuş ərazilərimizin işğaldan əvvəlki sakinlərindən biri sevincini belə ifadə edib: "Kəndimizin yuxarı hissəsində bir bulaq axır, Kaş indi o bulağın suyundan içib yiyinaraq sərinlənəydim". Bir başqa cəbrayıllı kəndlərinin düşmən tapdağından azad olduğunu eşidəndə fərəhindən elə bağırıb ki, ürəyi bu sevincin energetikasına tap eləməyib... dünyasını dəyişib. Birinci şəxs dünyanın sıradan bir adamıdır, ikincisi isə ruh sferasına məxsusdur. Mən demirəm ki, bütün köçkünlər sevincindən infarkt keçirməlidir, yox, hər halda Müqəddəs Vətən anlamını abu hava, ot-əncər, mer-meyvə, kabab tüstüsü, tut-zoğal arağı səviyyəsinə endirmək də heç imandan deyil. Qarabağa, Şuşaya xarı bülbül çiçəyini iyləmək üçün gəlmək istəyənlərə ancaq bunu deyə bilərəm ki, latınca Cypripedium calceolus adlandırılan, bu çoxillik ot bitkisi Avro-Asiyanın Britaniya adalarından tutmuş Sakit okean adalarınadək alp çəmənliyi olan hər yerdə bitir. Bizim Xızıdakı dağlarda da avropalıların "Veneranın başmaqciyəzi" adlandırdığı "xarı bülbül" çiçəyi əmələ gəlir, yerlilər buna "səhləb çiçəyi"- deyir, onun kökündən öskürəyə qarşı dərman düzəldirlər. İyləmək istəyənlər buyursun gəlsin...Dərin hüznlə bildirirəm ki, Qarabağ heç nəyin, hətta muğamlarımızın da beşiyi deyil. İndi neyləyək, gedib torpaqlarımızı xilas etməyək? Başqa bir reklamda lap əttökən mətn keçir: "Qarabağa rabitə qurmağa gəlirik!!!"

Qarabağ bizim Milli Qeyrətimizin, Ruhumuzun, Vətən Sevgimizin imtahana çəkildiyi sınaq meydanıdır! Vətənin tozu-torpağı, daşı-kəsəyi də ən yaxın adamımız qədər doğmamımızdır! Əyilib onu oxşayanda, öpəndə, ancaq könlümün qulaqlarıyla eşidə biləcəyim "bu vaxtacan haradaydın, ay Əclaf!" - səsiylə bağıraraq dodaqlarımı cırıb qana boyatsa da, susuram. Kövrəlirəm. O da yumşalır, tikanları pərqu kimi hamar olur. Üstündən biganəliklə adlayıb keçdiyimiz, nə vaxtsa toza, torpağa, el bu tikan koluna dönəcəyimiz Qarabağda azad olunmuş tozlu bir adi tikan kolu ilə ürək söhbətlərindən böyük səadət təsəvvür etmirəm!

 

3 noyabr 2020-ci il

 

Hacı Firudin QURBANSOY

 

Ədəbiyyat qəzeti.- 2020.- 7 noyabr.- S.18-19.