Xudafərin-Böyük Qələbəyə
aparan körpü
Bayrağı yüksəklərə
qaldıran dirək deyil,
o ucalığa
sevdalanmış ürəkdir!
Orxan Paşa
Qədim Misir tanrılarının
mistik rəsmlərinin,
"Xeops"un, "dəhşətlər
atası" əfsanəvi
Sfinksin qayadan yonulmuş heyrətamiz abidəsinin... bir də qədim Oğuz-Türk məskəni
Azərbaycanımızın - Qarabağımızın baş
tacı olan Şuşa qalasında tikilmiş qoşa minarəli Yuxarı Gövhər ağa məscidinin... və bir də bəxtinə
biçilmiş taleyilə
mifə çevrilmiş
Xudafərin körpüsünün
qeyri-adi vizual təsiri yaddaşıma həkk olunaraq, illər keçsə də zaman-zaman düşüncəmə hakim kəsilməkdə davam edib. Və qəribə
də olsa, həmişə mənə
elə gəlib ki, aldığım vizual informasiya tarix kitablarındakı bilgilərdən daha aydın, dərin və maraqlıdır...
İllərdir etnopoetik düşüncədə
ikiyə bölünmüş
vətənin ayrılıq
simvolu kimi alınan, ayrı düşmüş ellərin
həsrətinə için-için
göz yaşı axıdan Arazın üzərində onun hələ qayğısız
çağlarında ta
qədim zamanlarda salınıb sonralar təbii qayalar üzərində daha möhkəm bir şəkildə, 11 və
15 tağdan ibarət yenidən bərpa-inşa
edilən, el-obanı bir-birinə qovuşduran Xudafərin körpüsü...
Tarixi yaddaşı qoruyub gələcəyə
daşıyan keçid-körpü,
milli-mənəvi bütövlük
simvolu! Nə biləydin ki, əsrlər keçəcək,
vətənimizi ikiyə
bölənlər sənin
qovuşdurmaq missiyanı
yarıda qoyacaq, bu da azmış
kimi, tağlarını
zorla dağıdıb
uçuracaqdılar... Daha
ağrılısı isə - 27 il mənfur erməni
işğalında qalacaqdın...
Xudafərin körpüsü... Adın çəkiləndə,
ilk öncə, yaddaşımda sənin şəkillərdən
boylanan obrazın (!) canlanıb, sonra haqq aşiqi Dirili Qurbani,
Səfəvi-Qızılbaş ordusu ilə üzərindən
Şirvana doğru keçib gedən qüdrətli sərkərdə-hökmdar
Şah İsmayıl Xətai, ürəyində Vətən
boyda ağrı ilə dünyadan köçən görkəmli
yazıçımız Fərman Kərimzadənin "Xudafərin
körpüsü" tarixi əsəri və Orxan
Paşanın (professor Məhərrəm Qasımlının)
sənin son 27 ili də içəriləyən, təxminən,
iki əsrdə yaşadığın taleyindən doğan
obrazını boyaboy ifadə edən emosional və
lirik-sentimental ovqatda yazılmış eyni adlı poetik
nümunəsi...
"Bəlkə, sən körpü deyilsən,
körpü heykəlisən?!" ritorik sualı ilə
başlayan "Xudafərin körpüsü" Orxan
Paşanın mövzuya yanaşma tərzi, məzmundan
dolayı mətnə həssas münasibət sərgiləməsi,
yaratdığı lirik-psixoloji təsir və obrazlı-bədii
təsvir effekti ilə oxucunu uyğun ovqata kökləyib
düşünməyə sövq edir. Yolçusu, gələni-gedəni
olmayan, yurddaşların ayaq izləri üzərində əsrlərdən
bəri donub qalan, "sirri bilinməz bir nağıl tilsiminə
söykəli" heykəl-körpüdü Xudafərin
körpüsü... Axı yol gedildikcə yol, körpü də
keçildikcə körpü olur:
Bəlkə,
sən körpü deyilsən,
körpü heykəlisən?!
Bəlkə,
sirri bilinməz
bir nağıl tilsiminə
söykəlisən?! -
Yollarını,
qollarını
bağlayıb
bəxtini qara suya
çəkiblər...
Bəlkə,
səni
tarix kitabları üçün
tikiblər?!
Eh, Xudafərin,
Xudafərin,
yollardan aralı
körpü.
Həsrətli
körpü,
yaralı körpü!..
Öz-özlüyündə
vizual təsvir effekti yaradan bu kiçik şeiri oxuduqca
qeyri-iradi olaraq insanın gözləri önündə tarixə
şahidlik edən Xudafərinin kitablardan boylanan
yalqızlaşan, sanki kədər haləsinə
bürünüb "həsrət mamırında
daşları, sütunları can verən", "bir yandan
da qoca qolları "El" deyib, "Gəl" deyib, - dəli
bir inadla Araz sellərinə imtahan verən", lakin
bütün bunlara rəğmən, yenə də dirənib
dayanan rəsmi - obrazı canlanır.
Xudafərini həmişə bir obraz kimi düşünmüşəm. O mənim düşüncəmdə,
sanki gəlimli-gedimli dünyanın hər üzünü
görmüş - vaxtilə Böyük Səlcuq Dövlətinin
sultanı Alp Arslanın zəfər yürüşünə,
Səfəvi-Qızılbaş ordusunun savaş nidalarına,
çarpışan qılıncların cingiltisinə,
şığıyan atların ayaqlarından qopan nal səslərinə,
Qurbani ilə Pərinin məhəbbət dastanına...
şahid olmuş, indi isə ömrünün ahıl
çağlarında yaddaşında keçmişin bu silinməz
xatirələri, üzündə illərin saldığı
izlər-qırışlar, sükunət içində
nisgilli, kədərli gözlərini təkcə özünə
məlum olan ümid və düşüncələrlə
yollara dikmiş bir qoca təsiri yaradıb. Və bu təsirin
nəticəsində Dədəm Qorqudun:
Qanı
dediyim bəy ərənlər,
Dünya
mənim deyənlər.
Əcəl
aldı, yer gizlədi,
Fani dünya kimə qaldı
- hikməti
yada düşüb...
27 il
çəkdi... Amma bitdi!
Dediyin ərənlər
gəldilər, Dədəm Qorqud... "Son ucu
ölümlü dünya"da neçə və necə ərənləri
əcəl alıb yer gizləsə də, Oğuz elində ərənlər
tükənməz!
Gözlədiyin gün gəldi,
Xudafərin körpüsü! Sənə
uzanan qanlı əllər kəsildi, sənin "tilsim"in
qırıldı! Qəhrəman Azərbaycan əsgəri 18
oktyabr 2020-ci ildə səni mənfur erməni
işğalından azad edib üzərində Ay-ulduzlu
üçrəngli qələbə bayrağımızı
dalğalandırdı! Sinəndə qürurla dalğalanan Azərbaycan
bayrağını, qarşında Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinin Ali Baş
Komandanı cənab İlham Əliyevə sənin
düşmən işğalından azad olunmağınla
bağlı raport verən qəhrəman Azərbaycan əsgərini,
əhatəndə Milli Ordumuzun igid
döyüşçülərini və bütün bunların
müqabilində sənin məğrur
görünüşünü fərəh hissi ilə izlədiyimiz
həmin gün qələbə soraqlı
xalqımızın sevincinə daha bir sevinc qatıldı! Və
sənin yağı düşməndən azad
olunmağınla milli-qəhrəmanlıq tariximizin daha bir səhifəsi
yazıldı! Bu şərəfli tarixi yazanlar da, onun qəhrəmanları
da qətiyyətli Ali Baş Komandanımız cənab
İlham Əliyev və onun rəhbərlik etdiyi müzəffər
Azərbaycan əsgəridir!
Haqq niyyətlə
gedilən yolu müqəddəs
bilib ona and içiblər ulularımız. Canları-qanları
bahasına haqq niyyətlə müqəddəs yola
çıxan, sinəndə zəfər bayrağını
dalğalandırıb "Qarabağ Azərbaycandır"
nidası ilə bu müqəddəs yola davam edən igidlərimizi
haqq savaşımızda elliklə gözlədiyimiz
Böyük Qələbəyə uğurla, Xudafərin
körpüsü!
Dədəm Qorqudun ruhunu anıb yum verəyim:
Yerli qara tağların yıxılmasın!..
Qamən
axan görklü suyun qurumasın!..
Qadir Tanrı səni namərdə möhtac etməsin!..
Allah verən umudun üzülməsin!..
"Amin!",
"Amin!"
deyənlər
didar görsün!..
Xanım,
hey!!!
Aynur XƏLİLOVA
filologiya üzrə fəlsəfə
doktoru, dosent
Ədəbiyyat qəzeti.- 2020.-
7 noyabr.- S.23.