Knyaz Sisianovun qətli süjet elementi
kimi
(M.Xəzani,
A.Bakıxanov, A.Düma, S.Vurğun, Q.İlkin, Elçin)
Y.M.Lotmanın bir məqaləsi var - "Ölüm
süjet problemi kimi" adlanır. Böyük alim həmin
məqalədə ölüm probleminin bütün mədəniyyət
tarixi üçün aktuallığını göstərir.
Azərbaycan
tarixinin Xanlıqlar dövrü qanlı cinayətlərin və
terrorun salnaməsidir: Pənah xan, İbrahimxəlil xan,
Hüseyn xan Mustaq, Cavad xan, Molla Pənah Vaqif, Ağa Məhəmməd
şah Qacar... Nəhayət, gürcü əsilli
rus generalı knyaz Pavel Sisianovun öldürülməsi salnamə
süjetlərinin "qətl-terror" kodunu təskil edir.
Amma knyaz Sisianov o tarixi şəxsiyyətlərdəndir
ki, onun ölümü tarixi, ədəbi-bədii
yaddaşımızda qalmaqdadır. Rus generalının qətli
müxtəlif janrların (tarixnamə, poema, səyahətnamə,
tarixi-etnoqrafik oçerk, poema, roman) mövzusu olur. "Qarabağnamə"lərə daxil edilən əksər
salnamələrdə Bakı hakimi Hüseynqulu xan tərəfindən
knyaz Sisianovun öldürülməsi süjet komponenti kimi
keçir. Bu mətnlərdə knyazın qətlə
yetirilməsi yalnız
tarixi - mədəni dəyərə malik deyil, həm
də salnamələrin süjetsünaslar baxımından tədqiqi
üçün maraqlı mənbələrdir.
Mir Mehdi Xəzaninin
"Kitabi-tarixi-Qarabağı"ndan başlayaq: "Təfsili-məqal
bu ki, çün sərdari-əzəm Sisianov Badkubə vilayətinə
gedib yetişiblər. Hüseynqulu xan hakimi-Badkubə
bənayi-məkr və hiylə qoyub, əvvəla zahirdə
itaət məqamına gəlib, vədə edibldər ki, bir
gün sərdari-əzəm qəleyi-Badkubənin həvalisinə
gələ, Hüseynqulu xan dəxi hüzura varid olub, əhd
və itaətin güftugusunu təmam edələr. Heç vaxt sərdari-əzəmin xatirinə gəlməz
idi ki, Hüseynqulu xandan və onun tabelərindən
şöylə xəlaf və şəni əfal əmələ
gələ. Qəzadan sərdari-əzəm iki nəfər
bəyzadələri ilə ki, birisinin adı Ənbərbar
knyaz imiş, Gürcüstan knyazlarından və birisi dəxi
bəyzadə imiş və sərdarın hüzurunun müqərribləri
ola. Mükalimə məqamına
təşrif aparırlar. Bir İbrahim bəy adlı ki,
Hüseynqulu xanın əqvamından idi, iki nəfər də əlahiddə
adamlar ilə məxfi pusquda imişlər, nagah namərdldik
edib, güllə atıb, sərdari-əzəmi rüfəqaları
ilə qətlə yetirib, ədavət nəğməsini və
müxalifət təbilini büləndavaz elədilər. Dəzxi bu sanihəni Qızılbaşiyə
dövlətinə xədamati-cəlilə və xülusi-cəmilədən
hesab edib dərhal yel qanadlı çaparla bu əhvalı
Qızılbaş dövlətinə irsal və izhar elədilər"
(M.Xəzani. "Kitabi-tarixi-Qarabağ").
Həmin
hadisəyə salnamə müəlliflərinin emosional, etik və
bir az da siyasi münasibəti də
gözdən yayınmır. Hüseynqulu
xanı namərdlikdə suçlayanlarda tapılır. "Sərdar durub Hüseynqulu xanın
çadırına gəldi. Çadırda
onunla danışıq aparıb müşavirə etdilər.
Hüseynqulu xan öz qalasının
açarını gümüş məcməyidə sərdarın
qabağına qoydu. Söhbət əsnasında
Hüseynqulu xanın qohumlarından İbrahimbəy adlı
birisi əvvəlcədən verilən göstərişə
görə Hüseynqulu xanın işarəsilə namərdlik
edib sərdarı tapança gülləsi ilə yaraladı.
Bu yaradan sərdar oradaca vəfat etdi" (Mirzə
Yusif Qarabaği. "Tarixi-safi").
A.A.Bakıxanov xan nəslinin nümayəndəsi kimi
Bakının istilasına və süqutuna (faciəsinə) gətirmiş
həmin hadisəyə biganə qalmamalıydı. Amma göründüyü
kimi "tariximizin atası" general Sisianovun ölüm səhnəsini
xəsisliklə quru informativ dillə təsvir etməklə
işini bitmiş hesab edir: "Sərdar hicri 1220-ci (1806) ildə
şübatın (fevralın) 2-də qalanın yanında
Hüseynqulu xan ilə təslim olmaq haqqında
danışıq aparırdı. Bu zaman sülh
və müsalimət qanunu xilafinə olaraq iranlıların təhriki
və ya Hüseynqulu xanın tapşırığı ilə
onun birisi oğlu İbrahim bəy ibni-Məhəmmədhüseyn
xan ibni İmamqulu xan Dərbəndinin əlində
öldürüldü. Başı qatilin
atası ilə şahın hüzuruna göndərildi. Ruslar gəmilərə minib Sarı tərəfə
getdilər" (A.Bakıxanov. "Gülüstani-İrəm").
Şuşa şəhərinin tarixinə dəxli olmasa
da, Həsən İxfa Əlizadə Bakı qalasında
baş vermiş hadisəyə - Sisianovun qətli ilə
bağlı səhnəni də xatırlamalı olur. Bəlkə qətl paralelləri
onda assosiativ uyğunluq yaratmışdı: Şuşa
qalasında Ağa Məhəmməd şah Qacar, Bakı
qalasında general Sisianov öldürülür.
Knyazın qanı Qoşa Qala qapısı ağzında
tökülür. Həmin yerdə, ölümündən 40 il sonra ona abidə qoyulur. Özü də erməni
Tomas Ayvazovun ianəsi hesabına!
Abidə
yalnız "memorial" - qətl hadisəsinin nişan yeri deyil, həm də tarixin daş
"mətni" idi. Məşhur fransız
yazıçısı A.Düma Bakıya səyahətini
Qala qapısı ağzında Sisianovun abidəsi ilə
tanışlıqdan başlayır: "İsmət və bəkarət
rəmzi olan Qız qalasına gəlməmişdən qabaq
başqa bir abidəyə də rast gəlmişdik. Bu, Gürcüstanın canişini general Sisianovun
abidəsi idi. O, Bakını mühasirəyə
aldıqda Hüseynqulu xan şəhəri təslim etməzdən
əvvəl, guya öz şərtlərini bildirməkdən
ötrü generalla görüşmək arzusunda olduğunu
bildirmişdir.
Ermənilər Sisianovu xəbərdar etmişdilər
ki, görüş zamanı onu öldürəcəklər. Sisianov
özünü Sezar kimi cəsur göstərmiş və
"Buna cürətləri çatmaz" - demişdi. Xan görüşə gələn generalın
başını qılıncla vurmuşdu.
Bakılılar
bu işə tam qalmış, şəhərin və
onların üstünü alan təhlükədən qorxub
xanı ruslara təslim etmək istəmişlər. Lakin xan İranda özünə sığınacaq
tapmış, şəhər isə rusların əlinə
keçmişdir" (A.Düma. "Qafqaz
səfəri").
Sisianov obrazı S.Vurğunun "Aslan qayası"
poemasında mifoloji prinsip məhəbbət dastanının -
"Mahnigar və Aslan" əfsanəsinin kompozisiya
strukturlarından birini müəyyənləşdirir.
Yeri gəlmişkən, A.Dümanın
"Qafqaz" əsərinin tərcüməsində
görkəmli alimimiz prof. Q.Paşayevin bir izahat qeydi diqqətimi
çəkdi. "Əfsanəyə
görə, Sisyanovu Hüseynqulu xanın qızı Mahnıgarın
xahişi ilə sevgilisi Aslan adlı gənc
öldürmüşdür. Demək
lazımdır ki, S.Vurğunun "Aslan qayası"
poeması da "Mahnigar və Aslan" əfsanəsinə əsaslanır".
Poemada tarixi fabula əsasında hadisə planı arxaik
mif qanunları ilə nəql edilir. S.Vurğuna görə,
Qala divarları yanında tarixi hadisə deyil, kosmoloji dram
baş verir.
Böyük şairimiz simvolik kodla dastan təhkiyəsini
ustalıqla birləşdirərək fərqli bədii
gerçəklik yaradır. Sisianovun
ölümünü xalq qəhrəmanına - Aslana "həvalə
edir".
"Sadiq
qullarına şöhrətli çarın
Knyaz Sisyanovdan salam aparın!" -
Deyərək,
açara qürurla baxır...
Aslanın
başından tüstülər qalxır,
Qan onun beyninə sıçrayır birdən.
Açarı
knyaza təslim edirkən
Çalır xəncərini onun köksünə.
Alqış
tarixdəki o şanlı günə!
Al! - deyir - payını, soruşma nədir -
Çara
"qullarından" ilk hədiyyədir!..
Xalq
yazıçısı Qılman İlkin bədii-publisistik
üslubda yazdığı "Bakı və
bakılılar" kitabında Bakı tarixinin bu maraqlı
epizodunun intriqa macəra ruhunda təqdim edir: "Bir
azdan cavab əvəzinə xanın nümayəndəsi
qaladan çıxıb əlində gətirdiyi qala
açarlarını və duz-çörəyi Sisianova təqdim
etmək istəyir. General duz-çörəyi qəbul edir,
açarları isə geri qaytararaq deyir:
- Mən
istəyirəm ki, açarları Hüseynqulu xan şəxsən
özü təqdim etsin.
Hüseynqulu xanın qaladan çıxması çox
uzun çəkir. Sisanovun səbri tükənir və
polkovnik Eristovu təzədən qalaya göndərmək istərkən
şəhər darvazası açılır və
Hüseynqulu xan öz yaxın adamları - İbrahim bəy,
Qasım bəy, Ağakərim bəy, Seyid bəy və
başqaları ilə birlikdə içəridən
çıxırlar. Sisianov onları
görən kimi polkovnik Eristovla birlikdə qoşundan
qabağa çıxır. Onları təkcxə bir kazak müşayiət edir. Hüseynqulu
xan açarları Sisianova təqdim edərkən İbrahim bəy
arxadan güllə ilə Sisianovu təqdim edərkən
İbrahim bəy arxadan güllə ilə Sisianovu vurub
öldürür. Xanın o biri
adamları isə polkovnik Eristovu öldürürlər"
(Q.İlkin. "Bakı və
bakılılar").
Xalq yazıçısı Elçinin "Baş"
romanında knyazın qətlini Mahmud bəylə knyaz Elizbar
Eristov yerinə yetirirlər. Sonra isə Qəssab Balarzanın qəssab
kötüyü üstündə onun başını bədəndən
ayırırlar, torbaya qoyub İran şahına göndərirlər...
"Baş" romanında Sisianov özünün
ölüm obrazı ilə öncə "bütün bədənini
üşüdən" yuxusunda görüşür. Beləliklə, roman
süjetində Sisianovun real və virtual ölümü eyniləşir:
"Birdən-birə siyrilmiş xəncərin yuxudakı o
qaranlıq içində işıldaması ilə o xəncərin
knyazın qarnına soxulması bir oldu və qarnına
yeridilmiş o xəncərin biz soyuqluğunu knyaz elə yuxuda
ikən hiss etdi..." (Elçin. "Baş"). Məşhur
fransız psixoanalitiki Jak Lakan bu tipli ekzistensial modusu "iki
ölümarası" adlandırırdı. Elçinin Sisianovu da "iki ölüm
arasında" vurnuxur.
Y.Lotman həmin
məqaləsində yazır: "məqsəd
anlayışı özündə mütləq hansısa bu
hadisənin sonu haqqında təsəvvürü ehtiva
edir". Elə knyaz Sisianovun tərcümeyi-halı
kimi - əvvəli və sonu olan bir hadisədir.
Əcəl onsuz da Sisianovu çoxdan hərləyirdi. Cavad xanın
ruhu və məktubunda son sözü onu qarabaqara izləyirdi.
"Bədbəxtlik sizi Pereburqdan izləyə-izləyə
buraya çəkib gətirib. Allahın
yardımı ilə sizin bədbəxt olduğunuz məlum
olacaqdır. Vəssalam".
Onsuz da
1803-cü ilin noyabrında Cavad xanın general Sisianova
ünvanladığı həmin məktubda ilahi hökmün
mütləq yerinə yetəcəyinə inanırdı...
Qan yerdə qalmır. Cavad xanın şəhid oğlu
Hüseynqulu bəyin qisasını Bakı hakimi Hüseynqulu
xan alır...
General Bulqakov knyazın meyitini o zaman Bakıda yeganə xristian kilsəsi olan erməni kilsəsində torpağa tapşırır. 1811-12-ci illərdə Gürcüstan canişini olmuş Markiz Pauliççi generalın nəşini Tiflisə gətirib, Sion kilsəsində, erməni general Lazarevin yanında dəfn edib (Vikipediya).
...Sisianov küçəsinə 20-ci illərdə qətlə yetirilmiş Əli Bayramovun adı verilir. Bu gün həmin küçə Qarabağda şəhid olmuş Təbriz Xəlilbəylinin adını daşıyır.
Bu isə artıq Bakı tarixinin mistik süjetlərindən biridir...
Rüstəm
KAMAL
Ədəbiyyat qəzeti.- 2020.- 7
noyabr.- S.26.