Qarabağdan gələn xəbər
Qəfildən gənc bir oğlan hasarın başından göydən
düşən kimi həyətə tullandı...
Bu cümlə mənim
indi sizə danışacağım əhvalatın
razvyazkasıdı, onu
beynimdə ölüb
getməyə qoymayan ən diri səhnəsi.
...Qızmar aran yayının ən sərin anlarından biri idi. Soyuq səhər
yeli sürahisiz eyvanda qurulmuş miçətkənin ətəklərini
yellədirdi. Gecədən kənara tulladığım
yorğanı əl havasına tapıb ləzzətlə bürünmüşdüm
ki, həyət qapısının açıldığını
eşitdim. Sonra həyətdən həyəcanlı
səslər gəlməyə
başladı və mən şirin yuxu ilə dərin
maraq arasında bir az vurnuxandan sonra yorğanı üstümdən
tullayıb ayağa qalxdım. Tut ağacının
dibində anamla rastlaşdım, o mənim
sual verməyimi gözləmədən birbaşa
mətləbə keçdi:
- Bibingilə gedirik, Tahirdən xəbər var, atangil Gəncəyə
gedirlər, morqa.
Qarabağ müharibəsinin qızğın
vaxtlarıydı, bibim
oğlu Tahir ön cəbhədəydi
və mən "xəbər" və
"morq" sözlərindən
sonra anama heç bir əlavə sual vermədim.
Biz həyət qapısından
çıxıb iki qrupa ayrıldıq və iki ayrı
səmtə üz tutduq, atam bibimin
böyük oğlanlarıyla
Gəncəyə, mən
isə anamla bibimgilə tərəf.
İndi
hər şeyi səssiz, lakin alt yazılı film kimi xatırlayıram, görüntülər
və sözlər beynimdə diridi, səslər isə lap az yadımda
qalıb.
Bibimgilin həyətinə qohum-qonşu
yavaş-yavaş yığılırdı. Bibim Bakıda - ortancıl oğlugildə idi, evdə bircə sonbeşik Nigar idi.
Nigargil səkkiz
uşaq idilər, dörd bacı, dörd qardaş. Hər bacının
"öz qardaşı"
vardı, hər qız yaşca daha yaxınını özünə bir köynək daha yaxın qardaş elan eləmişdi. Oğlanların kiçiyi Tahir
qızların kiçiyi
olan Nigarın "payına düşmüşdü".
Böyük oğlanlar evlənib ayrılmışdı, qızlar
başqa evlərdə
gəlin idi, Tahir müharibədəydi
və Nigar bircə gün əvvəl ata-anasını
Bakıdakı qardaşıgilə
yola salmışdı. İndi
bu ağır xəbəri ev
yiyəsi olaraq qarşılamaq onun payına düşmüşdü.
Gənc qız həyətə yığışan adamlara
baxdıqca döyükür,
gah bir tərəfdə
toplaşıb ağlayan
qadınlara, gah başqa tərəfdə
nəsə məsləhətləşən
kişilərə üz
tutub qışqırırdı:
- Ölməyib, mənim qardaşım ölməyib,
ölsə, mən bilərdim, ölməyib,
indi görəcəksiz.
Amma ona fikir verən yox idi. Qadınlar ağı
deməyə cəsarət
eləməsələr də,
sakitcə ağlayır,
kişilər xəlvətcə
hazırlıq görürdülər,
birini kəfən tədarükü üçün
göndərir, başqa
birini qəbir qazmağa yollayırdılar.
Həyətdə yas çadırı
qurmağa başlayanda
Nigarın səbri lap
tükəndi:
- Eləməyin, qoyun anam gəlsin. Həyətimizdə yas çadırı
qurmayın, mənim qardaşım ölməyib.
- Sonra əlacsız qalıb get-gedə batan səsini alçaltdı, - Görərsiz,
orda qardaşımçün
toy çaldıracağıq.
Ər evində
olan bacılar bir-bir gəlib çıxırdı. Ata evlərində yas ab-havasını görən
qızlar qışqırıb
ağlayır, Nigarın
yanında yox, ağlayan qadınların
yanında yer tuturdular. Nigar bacılarına da yad qadınlar kimi təpinirdi:
- Ağlamayın mənim qardaşıma!
Mən ağlayan qadınlarla Nigarın arasında dayanmışdım, ağlayırdım,
amma içimdən nəsə məni ona tərəf
çəkirdi, ona inanırdım, ürəyimdə
yalvarırdım ki, qız susmasın, ümidini itirməsin, təslim olmasın.
Həmin anlarda atamgil
kənddən Gəncəyə
gedirdi, bibimgil Bakıdan kəndə qayıdırdı. Bizim
kəndimiz Bakı ilə Gəncənin tam ortasındaydı, qapıdan
birinci Gəncədən
xəbər gətirən
adammı, yoxsa Bakıdan
qayıdan bibimmi girəcəkdi?! Hamının
gözü həyət
qapısına dikildiyi
zaman sizə hekayənin əvvəlində
dediyim o cümlədəki
hadisə baş verdi. Kimsə hasardan
şappıltıyla, göydən
düşürmüş kimi,
yadımda qaldığı
kimi desək, düz həyətin ortasına tullandı.
Oğlan müvazinətini
saxlaya bilməyib dizi üstə torpağa çökdü
və şappıltıyla
bərabər boğuq
bir səs eşidildi:
- O deyil!
Bu yerdə mənim beynimdəki səssiz filmdə kadr donur...
...Üç gün sonra Tahir məzuniyyətə
gəldi. Camaat bibimgilin həyətinə
gözaydınlığına yığışdı. Eynən Nigarın dediyi kimi, o çadırda şadyanalıq oldu.
Tahir qəbiristanlığa gedib
yarımçıq məzarı
torpaqladı. Bizi başına
yığıb şəhid
olmuş əsgər yoldaşının necə
yaralanmasından, ayrılarkən
xərəkdə titrəyən
oğlanın üstünə
cibində sənədlərinin
olduğunu unutduğu
"buşlat"ını atmasından danışdı.
Sonralar atam nağıl
edirdi ki, bacısı oğlanlarını
morqa girməyə qoymadan özü cəsədə yaxınlaşıb
və mələfəni
qaldırıb mərhumun
ayaqlarını görən
kimi anlayıb ki, bu, bizim
Tahir deyil. "Bədbəxt çox cüssəli adam
imiş" burda atamın səsi qəhərdən qırılırdı.
Əslində, "qırılırdı"
daha dəqiq ifadə deyil, bu səs qəfildən,
sanki qaranlıq və çox dərin bir quyuya düşürdü,
bu quyu müharibə
quyusuydu. Biz o səslə birgə o quyuya düşməyək
deyə, o iri cüssəli şəhid
haqqında çox düşünmək istəmirdik.
O deyil! Bu cümlə ilk dəfə atamın dilindən çıxmışdı,
sonra qanadlanıb Gəncə poçtuna, ordan da telefonla
kəndimizin poçtuna
çatmışdı. Sonra həmin oğlan az
qala uça-uça,
kəsə yolla, həyətdən-həyətə keçib, hasardan-hasara tullanaraq xəbəri hadisə yerinə gətirmişdi. Sonra kimsə bu cümləni
götürüb beş-altı
dəqiqə sonra darvazadan içəri girən bibimin qabağına qaçmışdı:
"O deyil".
Atamgil morqdan çıxandan
nə qədərsə
sonra ora başqa adamlar getmiş, həmin mələfəni eyni həyəcanla qaldırmış,
"odur" demişdilər.
Sonra bu qara xəbər
başqa mahala yol almış, başqa həyətdə
yas çadırı
qurulmuş, başqa məzarlıqda bir məzar sayı artmışdı. Bu, atamın səsinin düşdüyü quyudakı
o müharibənin əclaflığı
idi.
Həmin gecə mən
yenə də eyvanımızda anamın
qurduğu miçətkəndə
uzanıb buludların
arasıyla süzən
Ayı və göyün lap dərinliklərinə
mıxlanmış kimi
görünən ulduzları
seyr edərək düşünürdüm ki,
ölümlə həyat
bu dünyadakı ən qəddar antonimdi.
Səhər Əhməd
Ədəbiyyat qəzeti.- 2020.-
7 noyabr.- S.29.