Savaş dönəmində  "Bizim tərəflər"

hekayəsinə  yazılmış essevari mətn

 

Şərif Ağayar özünün "Bizim tərəflər" hekayəsi barəsində Alpayla danışanda "istərdim atan da oxusun" deyib. Əgər oxumağımı istəyibsə, deməli, rəyim də onun üçün maraqlı olmalıdır. Bəri başdan deyim, yaşımla bağlı oxumağa həvəsimin azaldığı vaxtda da gənc yazarların arasında Şərifin (yanılmıramsa o, qırx yaşı keçib, bu yaş, nasir enerjisinin aşıb-daşan ən güclü gənclik çağıdı) yazılarına diqqətim azalmayıb. Qarşıma çıxmış qaçqınlıqla bağlı ("Haramı", "Şəkil", "Şeqlov əməliyyatı", "Arzulardan oyankı şəhər") yazılarını maraqla oxumuşam. Ötələrdə təsadüf bir görüşümüzdə onun güclü yaddaşı, sözə, ağrı-acıya, itkiyə həssaslığı, dəqiq müşahidə qabiliyyəti, klassik və çağdaş şairlərimizin şeirlərində sözlərin yerində oturmamasını və onları düzgün korrektə edə bilmək bacarığı yadımda qalıb.

Onun "Bizim tərəflər" hekayəsini sentyabrın 26-sı gününün gecəsi oxudum. "Sabah nəsə yazaram..." düşündüm. Hekayənin elə adından başlamaq fikrindəydim. Həmin axşamın səhərisi, 27 sentyabr Vətən müharibəmiz başlandı. Ermənilərin atdıqları top, qrad, raket mərmilərinin Vətənimizin bədəninə sancılaraq qaldırdığı toz-duman Ağdam, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl... bölgələrimiz kimi, mənim yaddaşımı və yaddaşımdakı Şərifin gözəl təsvir elədiyi Astaf dağının meşəsi, talası, otu, gülü-çiçəyi, kol-kosu, daşı, dağı, yastanı, qumsalı, o yerlərin havası, suyu, dumanını və mavi göy üzünü də bürüdü. Özgə vaxt televizordan uzaq dursam da, indi səhərdən gecə saat on ikiyəcən, bəzənsə birə, ikiyəcən onunla üzbəüz dayanırdım. "Gəl indi bu gərgin vaxtda bir cümlə yaz görüm, necə yazırsan". Yaxşı ki, hekayədə diqqətimi çəkmiş söz və cümlələrin altını karandaşla xətləmişdim. Hekayənin əsas obrazı Şahmar kişinin taleyindən öncə, hissiyatlı oxucunu yazarın qələmindən süzülən təbiətin füsunkar gözəlliyi çəkir. Təbiəti sevən, ona bağlı olan oxucu özüylə torpağın, ağacın, qayanın, quşun, suyun qohumluğunu hiss edir. (Söz düşmüşkən, mənim "Su qohumluğu" adlı essem var.) Qatırın noxtası əlində qoca kişi Şahmarın (subyektiv fikrimcə, həm də antroponim məntiqə söykənərək bu qənaətdəyəm, Şahmar adında qocalıqdan çox, gənclik, cavanlıq, qıvraqlıq, yeyinlik duyulur) yol yoldaşı, yəni Şəriflə birgə mən də bir oxucu kimi qatırın arxasınca Astaf dağına qalxan yöndəmsiz, çətin yolla addımlayıram. Dik yoxuşu çıxarkən, mən kəndimizlə yaylaq yolunun ortasında olan "Aşağı çay" deyilən yerdən başlayıb, dağın döşüylə ələmə-dolama döngəli "Eşşək yoxuşu" adlanan sərt yoxuşla qalxanda, daşlı-çınqıllı yolların yorğunu olub heyim tükəndiyindən (bu məqam mən də əsərdəki surətlərdən birinin prototipi Şərif kimi yeniyetmə yaşındayam) qatırın quyruğundan yapışıram. Yaxud duman çəkiləndən sonra Astaf dağın başından aşağılara baxanda Şərifin yazdığı "ard-arda düzülən yastı-yapalaq dağlar səcdəyə gedən adamları xatırladırdı" (səh.13) bu qısa cümləsi övliya ulu babam Seyid Əhmədin adına olub ziyarətgaha çevrilmiş çeşmədən üzü yenişə baxanda, çooox aşağılarda iki dağın dibindən axan incə gümüşü sapa bənzəyən çay yadıma düşdü. Yaxud yazarın "Ağ Baba meşədən saqqal saxlamışdı" (səh.3) bənzətməsi yaylaq evlərimizin qənşərindəki "Sulu dərə" deyilən yerin sağ səmtindəki dağın döşündəki meşənin, eynən oxşarı olduğundan hekayə mənə çox doğma gəlir, indi yağı tapdağında qalmış o yerləri xatırladıqca qəlbimdən sızıltı keçir. Yazarın "ilmə düşüb! Duman sökülür!" (səh.13) poetik deyimi... mətni şirinləşdirən ifadələrdəndi. Deməyim budur, Şərif bəyin incə detallarla (!) təsvir elədiyi "Bizim tərəflər"i, eynən, həm də doğulub boya-başa çatdığım bizim Zəngəzur tərəfləridi. Detal demişkən, hekayənin ən təsirli, kədərli yeri, məncə, Ağ Baba dağının meşəsində qorxulu vəhşi heyvanlarla qarşılaşanda qorxmayan, sərrast gülləsindən heç vaxt ovu yayınmayan Şahmarın fır kəkliyi ovladığı səhnə yığcam və çox qəmli mənzərədir. Məncə, hekayənin sirli məqamı buradan başlasa da, sonacan üstüörtülü qalır. İnsult keçirdiyindın üzünün sol tərəfi səyriyən Şahmar ilk öncə oxucuya, şəxsən mənə də qorxmaz, iradəli, dediyi sözündən dönməyən, iki ayağını bir başmağa geyinən tərs qoca kimi görünür. O, sərt yoxuşlu Astaf dağına qalxdıqca haldan-hala düşür, durumu gərginləşir, bəzən huşunu itirib özündən getsə də iradəsindən dönmür. Məqsədi Astaf dağının son zirvəsinə qalxıb, gəncliyində hər qarışını gəzib dolaşdığı, ov ovladığı Ağ Baba dağını heç olmasa uzaqdan bircə yol seyr etməkdir. Hekayənin sonunda bəlli olur ki, bu inadcıl, iradəli, tərs qocanın canında, qürurundan kiməsə açıb deyə bilmədiyi əslində, bir sirr, bir "qorxu" varmış. Bəlkə qaçqınlıqdan öncə tüfəngini yerə qoyub ovçuluğuna tövbə etdiyi də elə bu qorxusuyla bağlıymış. Vəhşi qaban, ayı, canavardan qorxmayan sərrast ovçunu zərif, məsum kəklik fərəsinin iki yol aralıdan qalxaraq yaxınlaşıb al qana boyanmış sevgilisi xoruz kəkliyi israrla qaldıraraq özüylə aparmaq cəhdi, deməyəsən, illərdən bəri unuda bilmədiyi ovçu Şahmarın canına saldığı peşmançılıqdan çox, qorxu, vicvicəymiş. Astafın son zirvəsində Şahmar bircə yol dağları gözdən keçirir, axtardığı Ağ Baba dağını tapmır, bir yol durbinlə baxsa da, Ağ Baba dağını başqa dağlardan seçə bilmir. Burda çox-çox illər öncə görkəmli yazıçımız Sabir Əhmədlinin, ya eşitdiyim söhbətində, ya da hansısa əsərindəsə oxuduğum bir məqamı təxmin olaraq xatırlayıram, "hüzr yiyəsi yas çadırının qapısından içəri girəndə "bir ovçu baxışıyla" bütün adamları görə bilir". Əslində, ovçu Şahmar illərlə addım-addım, qarışbaqarış gəzdiyi Ağ Baba dağını uzaqdan onun görkəmindən, duruşundan tanımalıydı.

Yazıçı, Şahmar kişinin Ağ Babanı görə, tanıya bilməməsini onun qocalması, yaxud xəstəlikdən gözünün işığının azalmasında görür, yaxud dağı tanıyandan sonra Şahmarın keçirəcəyi halı təsvir etməyə ya çətinləşir, ya da həvəsi olmur. Mətndə Şahmarın dağı görməyə biganəliyi hiss olunur. Onun fikri-zikri geçəbəgündüz ziyarətgahda ibadət edib fır kəkliyi al qana boyadığı suçundan qurtarıb o dünyaya günahsız getməkdir. Bəlkə, Şahmarın acı, dözülməz, məşəqqətli qaçqınlıq həyatı yaşamasının səbəbi, məhz qadağan olunmuş o müqəddəs yerdə ov etməsiymiş. Burda Şah babamızın acı taleyi yada düşür. Çaldıran savaşının qızğın, şıdırğı getdiyi ilk günlərdə qalib gələcəyinə əmin olduğundan Şah İsmayıl Xətainin könlündən ov etmək azartı baş qaldırdığından Şəkiyə gəlir. Yerli ağsaqqalların "o müqəddəs yerdə ov etmək yasaqdır" tövsiyəsinin fərqinə varmadan Şəki dağlarının müqəddəs sayılan ərazisində ceyran-cüyür ovuna çıxır. Ehh, bu dünyada hər şeyi bilirikmi, bəlkə, Şah babamızın o tarixi savaşda ilk dəfə (!) yenilməsi də "müqəddəs gələnəyi" pozmasının bədəliymiş?.. Burdaca bəndənizin "Kəpənək bayramı" hekayəsindəki zavallı, miskin erməni ovçusunu xatırlamaq, güman edirəm heç də yersiz deyil. Təbiətin sakit, dinc qoynunda bir dəstə al-əlvan kəpənəyin bir parça yamyaşıl gözənin üstündə fır-fır firlanaraq rəqs etdiyini, elə o yaşıl gözənin ortasındaca erkək və dişi ilanların sevişdiyi xoşbəxt, müqəddəs anları gözü götürməyən erməni ovçusu ilanları gülləyə, kəpənək komunu tulazmaya tutduğundan, (bir Allah bilir, bu çağacan neçə dağ keçisi, neçə əlik, lap elə ana donuzu vurduğundan, onların balalarını yetim qoymuşdu) təkcə o dağların, o meşələrin deyil, dünyanın ahəngini, harmonisini pozduğuna görəydi ki, sağ qalmış erkək gürzə onu anbaan izlədiyindən, vahimədən, qara qorxudan havalanmış ovçu, doğulduğu yeri biryolluq tərk edərək, bir Allah bilir, didərgin olaraq dünyanın hansı başına getmək zorunda qalır.

Hadrut qəsəbəmiz, Cəbrayıl rayonumuz işğaldan azad edildiyinin sevincindən doymadığımız bir çağda qana susayan ermənilər döyüş meydanında yenilməz ordumuzla savaşmağa təpəri, gücləri çatmadığından, cığallıq, azğınlıq və alçaqlıq edərək, müharibə qanunlarını pozub ruslardan aldıqları ağır dağıdıcı raketlərini gecə saatlarında savaş meydanından yüz kilometrə yaxın Gəncə və Mingəçevir, bir gün sonra Bərdə şəhərinin dinc sakinlərinin üstünə atdılar.

Gün boyu televizorun ekranında dəfələrlə uçub dağılmış evlər, ətrafa dağılmış daşlar, şaqqalanmış ağaclar, qarmaqarışıq taxtalar, millər, məftillər, armaturlar... Pikassonun hayqıran "Henrika"sından yüz qat dəhşətli mənzərə... Qazıntı altından çıxarılmış cəsədlər, körpə uşaqların başında, üz-gözündə qurumuş qan izləri. Bu vahiməli mənzərəni qorxu, çaşqınlıqla seyr edən qızcığazın böyümüş mavi gözləri... Bir gün sonra da Qubadlını lənətlənmiş ermənilərdən təmizləmək uğrunda savaşda bacım nəvəsinin şəhid olma xəbəri... Dönə-dönə təzyiqimi ölçürlər. Qəhər boğazıma tıxanıb. Gözlərim yaşla dolu. "Yekə kişisən, şanlı ordumuz, igid əsgərlərimiz qızıl hərflərlə baş ucaldan tariximizi yazır, sənsə evdə oturub zıqqıldayırsan" özümü gah qınayır, gah da ovuduram. Şərifin "Bizim tərəflər" hekayəsi də o dağıntının altından görünməkdə.

Həmin günün axşamı Ali Baş Komandan cənab prezidentimizın "Artıq bayrağımız Qubadlı şəhərimizdə də dalğalanmaqda" xoş müjdəsi yanğımıza su çiləyir. Həndəsi fiqurlardan üçbucağa bənzər möhkəm, davamlı, sarsılmaz ordumuz, xalqımız, prezidentimizdəki bir narın içərisindəki dənələrtəkin monolit birliyi, mətanət və bacarığı yenidən kəşf edərək qürur hissi keçirirəm.

...Hekayədə altından xətt çəkdiyim "Əlini (Şahmar - A.A.) yerə atıb cığırın kənarında oturdu (səh.6)" cümləsindəki "əlini yerə atıb" ifadəsi, məncə, əlini yerə dayayıb, yaxud söykəyib kimi yazılsaydı, daha dəqiq olardı. Mənə qeyri-dəqiq görünən bu ifadə Şərif kimi söz xiridarının mətnində qarğa kimi görünməkdə. Yazarın bu hekayəsi, nədənsə, Əli Həsənlinin psixoloji, fəlsəfi "Qayıq" hekayəsini və bu hekayə barədə Şərifin Alpaya söylədiyi ürəkaçmayan fikrini yadıma saldı. Ola bilsin, bu psixoloji, özəl üslubla, ləngərli, uzun cümlələrlə yazılmış o sanballı, gözəl "Qayıq" hekayəni sonacan oxumağa Şərifin hövsələsi çatmayıb. Kompüterdə yazanın səhvi ucbatından yanlış yazılmış bir neçə cümlədən çıxış edərək tələsik rəy söyləyib. Buna rəğmən, Şərif bəydən Əli Həsənlinin "qisasını" almaq qərarına gəldim. Kənd-kəsəyi, oranın gələnəyini, təbiətini, mal-heyvan təsərrüfatını gözəl bilən Şərif bəy "Bizim tərəflər" hekayəsində "cilovun ucunu ona uzadanda (səh.7)" yazır. Bəllidir ki, qatırın, eşşəyin noxtası olar. Cilovu qatıra vermək, atın kübarlığını, aristokratlığını aşağılamaqdır. Bu, çiynində kətmən, pambıq alağına gedən qıza uzun dabanlı tufli, dizdən yuxarı mini don, yəni dekolte geyindirməyə bənzəyir. Şərifin, cilovla noxtanın fərqini bilmədiyinə inanmağım gəlmir. Şərif bəy, axı sənin yeniyetmə çağın ustad yazıçımız Yusif Səmədoğlu kimi şəhərdə keçməyib. Hörmətli yazıçımızın, yanılmıramsa, "Qətl günü" romanında "mahmız" sözünü yerində dəqiq işlətmədiyini görəndə, bilirsənmi nə qədər sevinmişdim. Lap səkkizinci sinifdə oxuyanda "Kommunist" qəzetindəki bir sözdə tapdığım bir orfoqrafik səhvə sevindiyim qədər. Ancaq Şərif bəy, sənin bilmədən, bəlkə də təsadüfdən elədiyin yanlışlığa (cilov məsələsi) dodağımın bir qırağıyla yumşaqca gülümsünürəm. "Ayaqların birləşən yerindən heyvan asmaq üçün yoğun qarmaq sallanırdı. (səh.10)" yazırsan. "Ayaqların birləşən yerindən" yox, "baş tərəfdə dəmirlərin bir-birinə birləşən ucundan" olmalı. Şahmarın yol yoldaşı, yəni Şərif "Nə çox nəmişlik var burda? (səh.11)" soruşanda, Şahmar "nəmişlik deyil, havasızlıqdı" qoca cavab verir. Təbiəti gözəl bilən Şahmar dumanlı havanın nəmişli olmasını bilməyə bilməz, o, səhv edə bilməz. Yaxud qaz sobası "ölə-ölə yanırdı (səh.13)" yerinə "öləziyirdi" yazılsaydı, daha dəqiq olardı.

Belə xırda yanlış ifadələri istənilən yazıçının mətnində tapmaq olar. Məncə, Şərif Ağayar gənc yaşında (nasir kimi gəncdir) yaxşı yazmağın və xaricdə çap olunmağın artıq çəmini tapıb. Lənətə gəlmişlərin atdığı mərmilərdən Gəncə, Bərdə, Tərtər... evlərinin dağıntısından qopan toz-duman, xaos və dözülməz acılar (elə mən də, "Bizim tərəflər" hekayəsi də o dağıntının altındaydı) ağlımı, şüurumu, ruhumu bürüməsəydi, bəlkə "Bizim tərəflər" hekayəsi haqqında daha geniş, gözəl fikir yazılardı. Şərif bəyin oxuduğum yazılarına söykənərək, "o, öz şedevrini (mənim şedevr ölçüm: Tolstoyun "İvan İliçin ölümü", Çexovun "Altı saylı palata", Heminqueyin "Qoca və dəniz", İvan Buninin "San-Fransiskolu cənab", Yusif Səmədoğlunun "Bayatı-Şiraz", Patrik Züskindin "Kontrabas" və Əli Həsənlinin "Qayıq"... və bu kimilər) bundan sonra yazacaq" deyirəm.

P.S. Folknerin sözü olmasın, Əli Həsənlinin "Qayıq" hekayəsini ikinci yol oxumasını sayın Şərif bəyə məsləhət bilirəm.

 

17-19 oktyabr, 2020

 

Azər Abdulla

 

Ədəbiyyat qəzeti.- 2020.- 7 noyabr.- S.28.