Tanrının evi - Türk Qarabağ və
Bir hilal uğruna batan
günəşlər...
Üçrəngli bayrağımız nə 1918-ci ildə,
nə də 1992-ci ilə qədər Qarabağda
dalğalanmayıb. Buna tarixi fürsətimiz olmayıb.
İndi
o, ilk dəfədir ki, Qarabağ səmasında
dalğalanır…
Bəlkə
də yüz ildən çoxdur ki, Şuşa
məscidinin minarəsində azan verilmirdi.
İlk dəfədir ki, Gövhər Ağa məscidinin
minarəsindən azan səsi eşidilir.
Üçrəngli Azərbaycan bayrağının da,
o azanın da yolunu Qarabağa Vətən müharibəmiz
açdı.
Şuşa
qalasına bayrağı əsgər sancdı!
Şuşa
məscidində azanı əsgər verdi!
***
Vətən
müharibəmiz Dağlıq Qarabağın nəinki ermənilərin
xəstə təxəyyülünün bəhrəsi olan
respublika, hətta 1923-cü ildə Sovet İttifaqı K(b)P MK Qafqaz Bürosunun plenumunda uydurulmuş
muxtar vilayət statusunu heçə sayan siyasi sənədin
imzalanmasını təmin etdi. Ermənistan alçaldı və
məğlub edildi
Qarabağı rəsmən Dağlıq və Aran hissələrinə
bölən təsəvvür siyasi düşüncəyə
nə vaxtdan daxil olub? 1921-ci ilin 4 iyulunda Qafqaz Bürosunun
plenumundan qabaq Dağlıq Qarabağ anlayışı
mövcud olubmu? Ermənilərin "yaylaq bizim olsun,
qışlaq sizin" deyə Qarabağın dağlıq
hissəsinə iddiası hansı məntiqlə yaranıb?
1906-cı ildə Tiflisdə canişin Vorontsovun sədrliyi
ilə keçirilən Erməni-Azərbaycan konfliktinə həsr
olunmuş ilk konfransda da ermənilər bu iddia ilə
çıxış etmişdilər. Niyə məhz
Dağlıq Qarabağ? Hətta
"Qarabağnamələr"də də Dağlıq
Qarabağ istilahı heç bir halda görünmürsə,
hətta 1906-ci ilin fevralında keçirilən həmin
konfransda onlar Qarabağda yalnız dağ əhalisi deyilən
bir zümrəni təmsil edirlərsə, bəs o zaman
Dağlıq Qarabağ təbiri hardan meydana
çıxdı? Və bu ermənilər
nə zamandan Qarabağın dağ əhalisi oldular?
İki yüz ildən öncəki tarixin bu suala cavabı
yoxdur… Tarixin cavabı başqadır. Tarixin cavabı türkcədir. Məsələn,
ən qədim sivilizasiya örnəklərindən olan 2500
yaşlı Pazırıq xalçası da Qarabağda
toxunulubsa və təbii ki, özündə sak-iskit
dövrünün əlamətləri və türk-oğuz
yaddaşının bütün tarixi mərhələlərini
və naxışlarını bütövlükdə ehtiva
edirsə, harmoniya və rəmzlərlə dolu elə bir
möhtəşəm sənət abidəsi bəlli bir
müddət ərzində yaylaqda deyil, qışlaqda toxunula
bilərdisə, bəs o zaman niyə ermənilər bu gün
Ermitajda qorunan o xalçaya da "Qarabağda erməni
xalçaçı tərəfindən toxunmuşdur" deyə
iddia etdilər?
Vorontsovun sarayında keçirilən toplantıdan sonra
Əli bəy Hüseynzadənin yazdığı məqalə
barədə ötən sayımızda bəhs etmişdim.
Həmin
toplantıda ermənilər bizi köçəri
adlandırırmış, "Mşak" qəzetinin
redaktoru Kalantar bir az da irəli gedərək
"köçərilik öz-özlüyündə
insanın çox alçaq və səfil dərəcədə
olmasına dəlalət edir. Ancaq qeyri-mədəni
xalqlar köçəri olur" - demişdi.
Qafqazda
erməni varlığını hesaba almayan Hüseynzadə
Qafqazın keçmişini Azərbaycan türkləri ilə
yanaşı, gürcülərin, çərkəzlərin
və ləzgilərin simasında dəyərləndirirdi və
elə həmin günlərdə yazdığı başqa
bir məqaləsində "Bu məmləkətin
ab-havasında hürriyyət rayihəsi vardır, bu xalqın
açıq alnında hürriyyət nuru bərq vurur, bu
camaatın xilqət və təbiətində bir hürriyyət
işığı gizlənib!.. Məncə, Qafqaz türkləri türklərin ən
hürriyyətpərəstidir. Köçəbəliyi
ona qəbahət biliyorlar. Ah! O köçəbəlik!.. O köçəbəlik hürriyyət
şövqünün böyük bir əlamətidir! Bu məmləkətdə
heç bir qüvvət hürriyyət şövqünü
məhv edəməz! Heç bir cəbr və
təzyiq, heç bir cəfa və əziyyət, heç bir
zülm və sitəm hürriyyət odunu söndürəməz"
- deyərək Kalantarın, Xatisovun, Arutunyanın və hətta
həmin toplantıda Bakı ermənilərini təmsil edən
Muşekyanın, Arakelyanın nüvəsini sancırdı.
1920-ci illərin
əvvəllərindən ermənilərin sovet siyasi
leksikonuna sürüdükləri "Dağlıq
Qarabağ" anlayışı böyük bir mədəniyyətin
yaradıcısı olan tərəkəmə elini "mədəniyyətsiz
köçəri" qismində təqdim etmək, sonralar Azərbaycan
türklüyünün Qarabağdakı
varlığını şübhə altına almaq
üçün idi.
Maraqlıdır,
görəsən, Kalantardan 75 il sonra - 1981-ci ildə yenidən
bizi "mədəniyyətsiz köçəri"
adlandıran Zori Balayan Ermənistanın və dünya erməniliyinin
indiki bu məğlub, rəzil, miskin günlərində
hardadır?
Yadıma
Xəlil Rza Ulutürkün 35 il əvvəl
- 1985-ci ildə Zori Balayanın "Ocaq" kitabı ilə
bağlı mənə yazdığı məktubu
düşür: "Necə zavallı, necə miskin imiş
"Ocaq" yazarı Zori Balayan. Bəşəriyyətə
sazı və misri qılıncı, muğamatı və
xalça gülzarını, Naxçıvan memarlığını,
Nəsimi və Füzuli xəzinələrini, Vaqif dürdanəsini
bəxş etmiş bir milləti dönə-dönə,
utanmadan, həyasızlıqla "vəhşi",
"barbar", "mədəniyyətsiz köçəri",
"başkəsən" adlandıran, bu cür
başından yekə danışmağa ağız bəhəm
edən zatıqırıq nə qədər dargöz və
cahil imiş! Ədəbi xuliqan, yaxud ədəbsiz dələduz
Zori özünü zora salaraq Oljas Süleymenovun böyük
alim-şair qələmindən çıxmış "Az i Ya" kitabını ləkələmək
üçün necə də dəridən-qabıqdan
çıxır. Türk kainatı ilə rus arasında
ixtilaf yaratmaq, real və qeyri-real ziddiyyətləri
qızışdırmaq, alovlandırmaq qəsdilə
sonuncunun ardından girib ağzından çıxır və
əksinə... Qədim slavyan, o sırada rus mədəniyyətinin
dərin qatlarında aydın və möhtəşəm bir
türk layı var. Oljas Süleymen öz kitabında bu günəş
kimi həqiqətlərin yalnız bir
qığılcımını deyir və bu həqiqət
qığılcımı Zori Balayanı cin atına mindirir.
"Az i Ya" kitabını "Aziyasentrizm"də - Asiya
mərkəzçiliyində, panislamçılıqda,
türkçülükdə ittiham etmək üçün
dəridən-qabıqdan çıxan zavallı türk
respublikalarında əhalinin say artımından, aman Tanrı,
necə qorxur və yeganə nicatını "sovetskiy
narod", "edinıy splav" gerçəkliyində
arayır. Kimisə qızışdırmağa
çalışır ki, bu artan ulusu ümumsovet dəyirmanında
üyüdüb "vahid ərintiyə" çevirsin....
***
Qarabağa müqəddəs torpaq deyirik. Niyə?
Səbəblər çoxdur. Birini də
Xəlil Rza yuxarıda xatırlatdığım məktubda
yazmışdı: "Qarabağ qədim türkcədə
Ulu Tanrı deməkdir". Qəribədir ki,
sufilərin ilk səma ayinləri də Azərbaycanda -
Qarabağ dağlarında - Ulu Tanrının evində
keçirilib. Səma Qarabağda müsəlmanlaşan
(və sufiləşən) türk şamanlarının ibadət
ayinidir. Qədim şamanist türklərin əvvəlcə
xristianlaşması, daha sonra islamlaşması prosesi də
Turanın hər yerində, o cümlədən Qarabağda,
Oğuz xanın nəvəsi Avşarın ata yurdunda baş verib
və dediyim kimi, tarixdəki ilk səma ayinləri də Konya
ilə eyni vaxtda, bəlkə daha əvvəl, Qarabağda
Qarabağ türkləri arasında görünüb... Mirzə Bala Məmmədzadə demişkən,
"Zamanımızda Qarabağın saz və söz sənətkarlarının
beşiyi halında olması şaman-türk musiqi ənənəsinin
bir davamı sayıla bilər".
***
Qarabağ şəhidləri Ulu Tanrının dərgahına
- Qarabağ dağlarına merac etdilər. Səsimiz
onlara çatırmı? "...Ey şəhid
oğlu şəhid, istəmə məndən məqbər,
/ Sana ağuşunu açmış duruyor Peyğəmbər".
Amma əfsus ki, çağdaş poeziyamız bu qırx
dörd gün ərzində şəhidləri vəcd
halında və metafizik bir üslubda, ruhlarının eşidəcəyi
bir dildə əzizləyə bilmədi. Ədəbiyyatımız
millətimizi dünyada tanıda bilməsə də, qırx
dörd gündə ordumuz onu dünyaya təqdim etdi.
Kaş ki, müzəffər Ali Baş Komandanımızın
yanında da Atatürkün çevrəsində olduğu
kimi, azərbaycanlı bir Mehmet Akif Ərsoy olaydı:
Şühəda
gövdəsi, bir baxsana dağlar, daşlar...
O rüku
olmasa, dünyada əyilməz başlar.
Yaralanmış
təmiz alnından, uzanmış yatıyor,
Bir Hilal uğruna ya Rəbb nə günəşlər
batıyor?
Ey bu
torpaqlar üçün torpağa düşmüş əsgər!
Göydən əcdad enərək öpsə o pak
alnı dəyər.
Nə
böyüksən ki, qanın qurtarıyor Tovhidi...
Bədrin arslanları ancaq bu qədər şanlı
idi.
Sənə dar gəlməyəcək məqbəri kimlər
qazsın?
"Göməlim gəl səni tarixə" desəm,
sığmazsın.
...
"Bu daşındır" deyərək Kəbəni diksəm
başına:
Ruhumun vəhyini
duysam da keçirsəm daşına;
Sonra
göy qübbəyi alsam da rida namiylə,
Qanıyan
lahdinə çəksəm bütün əcramiylə,
Lor
buludlarla açıq türbənə çatsam da tavan,
Yeddi qəndilli
Sürəyyayı uzatsam oradan;
Sən bu
avizənin altında, bürünmüş qanına,
Uzanırkən,
gecə mehtabı gətirsəm yanına,
Türbədarın
kimi ta fəcrə qədər bəklətsəm;
Gündüzün
fəcr ilə avizəni ləbriz etsəm,
Tüllənən
məğribi axşamları sarsam yarana,
Yenə bir şey yapa bildim deyəməm hatırana.
... Sən
ki, İslamı kuşatmış, boğuyorkən hüsran
O dəmir
çənbəri köksündə cırıb
parçaladın,
... Ey
şəhid oğlu şəhid, istəmə məndən məqbər,
Sana ağuşunu açmış duruyor Peyğəmbər.
***
Müharibə
günlərində qalib ordumuzun televiziya ilə yayınlanan
döyüş epizodlarını izlədikcə mən orada
ölən ermənilərə baxa-baxa əziz Təbrizini
Daşaltıda itirən Xəlil Rza Ulutürkün
misralarını xatırlayırdım: "Südəmər
balamın ağ boğazında / Göy ləkələr
qoyub o beyni çopur... / Vur, ölən daşnakdır, insan
deyil, vur".
***
Bir az əvvəl Şuşa məscidindən bir
görüntü yayınlandı. Şuşaya bayraq sancan
dünyanın ən güclü əsgəri 28 illik həsrətdən
sonra Gövhər Ağa məscidinin döşəməsini
süpürürdü...
***
Məfkurəvi
müharibəmiz - Qarabağ savaşı Türk
gücünün və Türk ruhunun zəfəri ilə
başa çatdı...
Tanrı
türkü qorusun!
12 noyabr
2020
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2020.- 14 noyabr.- S.7.