GÖZÜN AYDIN, ŞUŞAM,
GÖZÜMÜZ AYDIN!
Gözün aydın, Şuşam
mənim, «mərdilklə,
gözəlliklə qoşam
mənim»! Gözün aydın, Cıdır
düzü, qırx pilləkan, Daşaltı çayı, Xan qızı bulağı, Qala divarları, «Ərim gəldi» yamacı. Gözün
aydın, Xarıbülbül!
Kirsdən, Bağrıqan dağından,
Qırxqız yaylaqlarından
əsən küləklər
Cıdır düzünü
dezinfeksiya edəcək,
bu müqəddəs yerdə rəqs edən təlxəklərin
izi-tozu qalmayacaq.
28 il gözlədiyimiz,
inandığımız, həsrətində
qovrulduğumuz gün
gəldi.
Gözünüz aydın olsun, şuşalılar. Bu gün
vətəndə və
dünyanın hər
yerində yaşayan azərbaycanlıların hamısı
şuşalıdır.
Ruhunuz şad olsun, böyük Cavanşirlər
nəsli Pənahəli
xan, İbrahim xan, Xurşidbanu Natəvan, ruhunuz şad olsun, Mir Möhsün Nəvvab, Cabbar Qaryağdıoğlu,
Üzeyir bəy, Bülbül, Hacıbəylilər,
Ağaoğlular, Bədəlbəylilər,
Şuşinskilər...
Ruhunuz şad olsun, Azərbaycana İlham kimi oğul bəxş etmiş ulu öndər.
Müzəffər ordumuz, Sizin vəsiyyətinizə oğul
qeyrətiylə əməl
edən cəsur Prezidentimiz, Ali Baş
Komandan xalqımıza
yalnız doğma Qarabağı deyil, həm də milli qürur hissini qaytardılar. Cəbhədə ordumuz düşmən
istehkamlarını darmadağın
etdiyi kimi, Prezidentimiz də illər boyu dünyanı sarmış
mifləri dağıdıb,
həqiqətlərimizi dünyaya
çatdırdı. Uzun illərin
yalanları bir ay içində dünyanın
gözündə ifşa
olundu.
Nə gizlədək,
Qarabağın müvəqqəti
də olsa yağı əlinə keçməsi başımızı
vüqarla qaldırmağa
imkan vermirdi. XX əsrdə böyük uğurlarımızla yanaşı,
daima qövr eləyən yaralarımız
da bizi müstəqilliyimizin
xoşbəxtliyini bütün
qəlbimizlə yaşamağa
qoymurdu.
Hələ keçən əsrin
əvvəllərində aldığımız
yaralar – 1918-ci ilin mart
soyqırımı, 1920-ci ilin
aprelində XI Qızıl
Ordu qarşısında
müqavimət göstərməməyimiz,
Gəncə üsyanının
amansızcasına yatırılması,
37-ci il, Təbrizin
46-cı il 21 Azər faciəsi, Bakının Qara Yanvarı, Xocalı müsibəti, Ermənistandan, dədə-baba
yurdlarından görünməmiş
qəddarlıqla qovulan
200 mindən artıq soydaşımızın ağrıları
– bütün bu qaysaqlanmış yaralarımıza
bir ayın içində məlhəm
qoyuldu. Otuz illik həsrət, xəcalət, nisgil bitdi...
Bir ay içində
minillik tariximizin bəlkə də ən böyük, ən şərəfli zəfərinin şahidi olduq.
Torpaqlarımızı qarış-qarış,
kənd-kənd, şəhər-şəhər,
təpəsi, yüksəklikləri,
dağları, dərələriylə
azad edən qəhrəman ordumuza eşq olsun!
Şuşamızı inanılmaz hünərlə, şücaətlə,
fədakarlıqla azad
edən döyüşçülərimizə
eşq olsun!
Əsgərlərimiz, zabitlərimiz, generallarımız qələbədən
sonra sağ-salamat qayıdıb Zəfər
paradında vüqarla
iştirak etsinlər...
Zəfər yollarını qanıyla suvaran, doğma torpaqları yağı tapdağından qurtarıb
doğma torpağa qovuşan şəhidlərimizin
ruhu şad olsun.
Şükür ki, Polad iradəli
Mübarizlərimizin qanı
yerdə qalmadı. Gecə qaranlığında
quldurcasına qətlə
yetirilən dinc əhalinin, yüzə yaxın insanın, körpə balaların qanı yerdə qalmadı.
Uçurulan məscidlərin, dağıdılan
binaların, yandırılan
meşələrin, güllələnən
heykəllərin, susdurulan
muğamların qisası
alındı.
Dözümünüz qarşısında baş
əyirəm, şəhid
ailələri. Fədakarlığınızla fəxr edirəm
iki cəbhədə döyüşən həkimlər,
tibb bacıları, koronavirusa yoluxmuş xəstələri və ikiayaqlı virusların yaraladığı əsgərlərimizi
həyata qaytaran yorulmazlar.
Alqış sizə, atəş altında ön cəbhədən xəbərlər
çatdıran jurnalistlər,
operatorlar.
Gözünüz aydın, insanların dərdlərini görəndə
gözü yaşaran,
şəhid ailələrinə,
yaralılara, körpələrə
ana şəfqətiylə
yanaşan Mehriban xanım.
Gözün aydın, tarixin sınaq saatında yumruq kimi birləşən
xalqım.
Gözün aydın, qızım Günel. Atası Azərbaycana yanıqlı
məktub yazan oğlu Qarabağın Qarabaxtın axır ki, bəxti açıldı.
82 yaşım var, Allaha, taleyimə, ordumuza, Ali Baş Komandana dua edirəm
ki, uşaqlığımın,
yeniyetməlik çağımın,
ahıl illərimin şəhəri Şuşanın
azad olunduğu günü görə bildim. Gözün aydın...
8 noyabr 2020
ANAR
Ədəbiyyat qəzeti.- 2020.- 14
noyabr.- S.6.