Bu ağır günümüzdə,
Tanıdıq ki, dost kimdir
Olundu, ey olundu,
Düşmən, çatla, olundu.
Vətən, gözümüz aydın,
Şuşam azad olundu.
Əzizinəm, göydədir,
Qəfəsdə yox, göydədir.
Pərvazlandı Laçınım,
Qanad açıb, göydədir.
Əzizinəm, gedər hey,
Yersiz gələr-gedər hey.
Düşməni Qarabağdan
Qovarıq biz, gedər hey.
Çatlasın ey, çatlasın,
Çayda buzlar çatlasın.
Gəlin, dostlar, sevinək,
Düşmən bağrı çatlasın.
Yalandır ey, yalandır,
Dedikləri yalandır.
Bu hiyləgər düşmənin
Nəfəsi də yalandır.
Geyinsin ey, geyinsin,
Dağlar yaşıl geyinsin.
Biz qırmızı geyinək,
Düşmən qara geyinsin.
Əzizinəm, qaşıdır,
Ən qiymətli qaşıdır.
Qarabağ Vətənimin
Üzüyünün qaşıdır.
Əzizinəm, dost kimdir?
Düşmən kimdir, dost kimdir?
Bu ağır günümüzdə,
Tanıdıq ki, dost kimdir.
Əzizinəm, tutulub.
Göylər yaman tutulub.
Haqqı eşitməyənin
Qulaqları tutulub.
Əzizinəm, dünyada,
Yaşamaram dünyada,
Doğruların səsini
Eşitməyən dünyada.
Meşələr, ay meşələr,
Yaşıl donlu meşələr,
Donuna od vurdular,
Qara
geydi meşələr.
Meşələr, ay meşələr,
Qəmlənməyin, meşələr.
Yenə yaşıl libası,
Geyinərsiz, meşələr.
Qalandı, ey qalandı,
İçimdə od qalandı.
Şuşanın meşələri
Od vurulub qalandı.
Əzizinəm, qalanmaz,
Ocaq
belə qalanmaz.
Təbiətə od vuran,
O, cəzasız qalammaz.
Əzizinəm, dağladı,
Od götürüb dağladı.
Dərdimi götürməyən,
Mənim işim dağladı.
Əzizinəm, o yandı,
Bütün şəhər oyandı.
Heç dayanıb durmadan,
Bu dərd məni oyandı.
Əzizinəm, yollardı,
Əyrim-quyrum yollardı.
Yolçusu yoxa çıxan,
Yetim qalan yollardı.
Əzizinəm, sordular,
Hey sordular, sordular.
Kəlbəcəri vəhşilər,
Zəli kimi sordular.
Əzizinəm, gedir hey,
Bir
dayanmır, gedir hey,
Üzümü yumşaq görüb,
Bu dərd mənlə gedir hey.
Yağışlar, ey yağışlar,
Narın yağan yağışlar,
Əsgərim səngərdədir,
İslatmayın, yağışlar.
Küləklər, ey küləklər,
Güclü əsən küləklər,
Əsgərim tərləyibdir,
Soyuqlayar, küləklər.
Həmayil Əhmədqızı
Ədəbiyyat
qəzeti.-2020.-14 noyabr.-S.12