ŞUŞADA AZAN SƏSİ
Tarixin
ibrət dərsi həm də bu oldu ki, biz 28 il cismən uzaq
salındığımız Qarabağımızdan ruhən
heç ayrılmadığımızı dünyaya bəyan
etdik. Düşmən isə oralarda xarabazarlıq yaratmaqla
öz müvəqqəti mövcudluqlarına bəlkə də
hamıdan çox özlərini inandırmışdılar.
Heç Eşq olan ürəkdə xarabalığa, viranəliyə
yer olarmı?! Əsla! Biz Qarabağı ona görə geri ala
bildik ki, içimizdəki İlahi eşq, haqqın qələbəsinə
inam oralara qayıdış yollarımızı
işıqlandırmışdı. Qarabağı bu eşqlə
xilas etdik, fəth etdik. Əsgərlərimiz bu eşqə
tapındıqlarına görə şəxsiyyət və fərd
kimi türk oğlu türk olaraq qaldılar.
İnsanlığa və humanist dəyərlərə xidmətdən
bir an belə olsun vaz keçmədikləri
üçün. Tanrı və
əbədiyyət sevgisinə ucalmaq hər müharibə
aparan xalqın mükafatı ola bilməyib.
Soljenitsın
yazırdı ki, "əgər bir millətin mənəvi
qüdrəti tükənibsə, onu heç bir hökümət
xilas edə bilməz". Doğru fikirdir, bütün
müharibələri qalib edən xalqın içindəki
milli intibah ruhudur. Bu gün az qala yuxu kimi görünən, cəmi
44 günə qazanılan zəfərlərimizi göz
önümüzə gətirəndə heyrət etməmək
olmur. Əlbəttə, bu misilsiz savaş əzminin səsi
tarixin çox-çox sonralarından eşidilib daha aydın,
daha uca vurğu ilə əməl cizgisi kəsb edəcək.
Amma bu gün də baş verənləri sağlam zəka və
şüur ilə analiz edəndə görmək çətin
olmur. Bu müharibə bizə düşüncədə,
ovqatda millət kimi qürurlu olmağın bütün səviyyələrini
yaşatdı. Biz ölkə, ordu və xalq miqyasında vahid
mənəvi məkan yarada bildik. Ötən əsrin 90-cı
illərində ona görə uduzmuşduq ki, Qarabağ
savaşını Vətən və xalq müharibəsinə
çevirə bilməmişdik. Ali Baş Komandan İlham
Əliyevin gücü onda oldu ki, məhz, bu amili nəzərə
aldı, milləti milli-diplomatik səriştə, peşəkar
və ali mənəvi-əxlaqi təməllər üzərində
savaş hərəkatına hazırladı. Məsələnin
ümumilli hərəkat kimi sabit, qlobal səciyyəsini
axıra qədər ona görə saxlaya bildi ki, siyasi
oriyentiri düzgün müəyyənləşdirməklə
yanaşı, milli enerji və təlatümün, güclənən
emosiyaların hərarətini orduya yönəldə bildi. Ona
görə ön cəbhədə düşməni, rəqiblərimizi
belə heyrətdə qoyan kütləvi fədailik və
şəhidlik hünəri meydana qoyuldu. Müharibəni hərbi
texnikadan öncədən alt qatdan püskürən milli
enerjinin əzəməti uddu.
Bütün xalq Azərbaycan əsgəri
ilə bir yola çıxdı. Əsgərimiz o məkanları,
heç vaxt o torpaqlarda olmayanlara belə
qarış-qarış sevdirdi. Çünki ən əvvəl
özü belə heç vaxt olmadığı,
üzünü görmədiyi torpaqlar üçün
canını göz qırpmadan fəda etməyə hazır
bilmişdi. Bəlkə özünə də maraqlı idi,
uşaqlığında yurdundan perik salındığı o
yurd yerləri indi necədir? Görüb bilmək
marağı içindəki qorxu mülkünü
çoxdan söküb atmışdı. Bəlkə də
30 il qətrə-qətrə varlığına
yığılan, yumruğuna sıxıb saxladığı
hirsi, qəzəbi idi, orda, döyüş meydanında qalxan
olub düşmənin başına od kimi yağdı. Bu 44
gündə elə bir dərs verdi ki... Qələmi
hamının əlindən alıb tarixi başdan yazdı. Təqvimdəki
bütün işğalları fəthlə əvəzləyib
millətin üzərindəki qara ləkəni yox etdi.
Şuşada
ilk azanı da Azərbaycan əsgəri verdi. Ayasofya məscidində
uzun fasilədən sonra eşidilən ilk azandan sonra ona cavab sədası
Şuşamızdan gəldi. Həm islamın, həm də
türklüyün birgəlik təntənəsi ruh
birliyimizin əsası oldu. Yəsəvi demiş, "iman
Allahın insana lütfüdür". Biz vətənin ilahi
paklığına iman gətirdik. Bu həm də dünyaya bəyan
edilən türkün gücü idi. Səmaya və zirvəyə
canatım türkün fitrətində var. Xalq olaraq, məhz
bu anda özümüzə döndük. Sükut bəlkə
də bu anda pozuldu, yalan, böhtan və haramdan qurulmuş bir
sistemi dağıdıb əzəli-əbədi əxlaq səltənətimizə
çağırış etdik. Axar sular duruldu, o müqəddəs
məkanlar yad izlərin kəsafətindən təmizləndi.
Şəhid ruhları dinclik tapdı. Bu gün artıq
ayağını yerə möhkəm dayayan,
başını göyün yeddinci qatına söykəyib ərazi
bütövlüyünü təmin etmiş məğrur,
azad Azərbaycan var.
Bu
məğrur, bu azad Azərbaycanı bizə qazandıran həm
də sən oldun, şəhid qardaşım! İndi
Qarabağ sənin misilsiz şücaətinə tək
şahidlik edən yaddaş şəhri, mistik-ilahi məkanı
əhatə edən yeni ərazi kimi daha müqəddəsdir
bizim üçün. Sənin məqamını, indi
olduğun o ucalıqları tərif etmək bizə
düşməz. Məhmət Akif demiş, "Tüllenen
magribi, akşamları sarsam yarana.../Yine bir şey yapabildim
diyemem hatırana". İndən belə sadəcə, sənə
layiq olmaq gərək. Qanın axan hər qarış torpağın
üstündə gül yarpağı kimi əsərək
onu qorumağı övladlarımıza əmanət buraxaq.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.-2020.-14
noyabr.-S.12.