Azərbaycan möcüzələrindən

 

Məni həmişə Azərbaycan möcüzəsi düşündürüb və tapanda heyran edib. Düşünəndə belə bir möcüzənin olmasına başımda yaranan şübhələrlə, inamsızlıqlarla didişmişəm. İnamsızlıq ürəyimi basmağa başlayanda birdən Azərbaycan möcüzəsi parlayıb məni qurtarıb. Bütün tarixi gediş, məntiq, səbəb-nəticə basqısı qoymamalıydı ki, Çar dönəmində erməni və Avropa kapitalının əlindən Bakıda azərbaycanlı milyonçular ola bilsin. Hamısı çalışdı olmasın, ancaq oldu! Zeynalabdin Tağıyevin və başqa milyonçularımızın (xeyriyyəçilərimizin) qabağını heç kim ala bilmədi. Bu, Azərbaycan möcüzəsi deyildi, bəs nə idi?!

 

Oktyabr inqilabından sonra Bakını Azərbaycandan ayırmaq planı vardı. Bacarmadılar. Bu Azərbaycan möcüzəsi deyildi, bəs nə idi?! Sovet ideolojisi azərbaycanlıları ruslaşdırmalı idi, ruslaşdıra bilmədi. Bunlar ürəyimi basmağa başlayan şübhələrdən Azərbaycan möcüzəsi kimi qurtarırdı məni. Belə nəsnələrə görə də mən həmişə özümü insan kimi Azərbaycan möcüzəsinə inam üstündə qurmağa çalışmışam. Bir dəfə Facebookda Azərbaycanla bağlı bir ağıllı adamın pessimist düşüncələrinə komment yazanda Azərbaycan möcüzələrinə söykənərək təxminən bu sözləri yazmışdım: zəlzələdən qabaq gələn uğultunu yada salın. Azərbaycan ruhunun dərinliklərindən də elə uğultular gəlir. Pisliklər Azərbaycanı bürüyəndə o uğultular gəlir və sonra pislikləri zəlzələ kimi dağıdır. Bunun cavabında Facebook dostum "hm, uğultu deyirsiniz? Maraqlıdır" yazmışdı. Ancaq bilməmişdim, kinayə edir, yoxsa doğrudan da maraqlı sayır. Hər halda yazdığıma özüm də çox inanmamışdım. İnandım Azərbaycan əsgəri və Prezident İlham Əliyevin sayəsində. Nə gizlədim, Mixail Saakaşviliyə baxıb gürcülərə qibtə edirdim. Şükür, daha bu qibtə kompleksindən qurtulmuşam. İndi, Qafqazı götürsək, gürcülər və gümanım var ki, bir xeyli ermənilər də bizə Ali Baş Komandanımız İlham Əliyevə görə qibtə və ya paxıllıq edir, ya da edəcəklər. Saakaşvili dünyaya anti-korrupsiya işləri ilə klass göstərmişdi. O da var ki, korrupsiya elə nəsnədir ki, heç vaxt geridönməz olmur, həmişə ona qarşı savaşa başlamaq olar. Ancaq Qarabağın əldən getməsi geridönməzliyə düşmüşdü ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan möcüzə göstərdi. O necə etdi ki, Azərbaycanı bu qədər pusan qurumlardan, ermənilərdən və başqa bizi gözü götürməyənlərdən xəbərsiz müzəffər ordu yaratdı?! Dörd yandan edilən basqıların qabağında Şuşanı aldı?! Bu nə möcüzə idi, aman Allah?! Müntəxəbatlara düşəcək möcüzə! Qarabağdan tam qovulan erməni ordusundan sonra gürcülərin də qulağı dinc olacaq, Cavaxetiyada erməni separatçıları baş qaldıranda onlara Azərbaycan ordusu timsalında görk verəcəklər. Gürcülər Abxaziya və Güney Osetiya ilə bağlı da örnək qazandılar!

 

Prezident İlham Əliyev 27 sentyabr 2020-ci ildə min ağızdan gələn avazın arasında birdən-birə hamını mat qoyan unison yaradıb, hamını heyran etdi. Bizə Azərbaycanı kəşf etdi. Biz gənclərimizdən amalsız, məsuliyyətsiz yaşayan məxluqlar kimi narazı idik. Elə etdi ki, şəhidliyə hazır gəncliyimizə, millətimizə gözlərimiz açıldı. Bildik ki, hamısı erməni işğalı üzündən dərin əzabda imiş, üzdə bayram şənlikləri edəndə belə. Bizə Prezident İlham Əliyev möcüzəsi lazım imiş ki, işğalçı düşmənimizə qarşı dağılan evlərin, şəhid itkilərınin ağrısına baxmayaraq sərt qaya kimi dura bilək. Ordumuz və Prezidentimiz bizi belə bir möcüzəyə saldı.

 

Qarşıda bizi daha hansı möcüzələr gözləyir? İndən belə yeni Azərbaycan möcüzələrinin gəlməsinə inanmaq olar! Bu inamı bizə bəxş etmiş Azərbaycan Prezidentinə, Azərbaycan ordusuna necə "eşq olsun!" deməyəsən?!

 

Niyazi MEHDİ

 

Ədəbiyyat qəzeti.-2020.-14 noyabr.-S.13