Ənvər Paşa 

 

Yeni romandan parça

 

O gün Qurban bayramının  ikinci günü idi... Və dünyanın ən böyük qurbangahlarından biri də Bəlcivanda qurulmuşdu.

"Əmiri-Ləşkəri-Buxara" səhər o başdan get-gedə sırası seyrəlməkdə olan əsgərlərinin önünə çıxdı. Bir daha bayramlaşdı. Onları təltif etdi.

Hərbin çox üzünü, isti-soyuğunu görmüş əsgərlərin hamısı sözləşiblərmiş kimi, göz qırtmadan, nəfəs belə çəkmədən öz əfsanəvi komutanlarının doğma, candan əziz simasını gözlərinə, yaddaşlarına daha çox çəkmək, onu almaq, götürmək, hafizələrinə köçürmək istəyirdilər. Açılan sabahın ömürlərinin son səhəri olduğunu anlayırdılar. Öləcəklərini bilirdilər. Bunu bilə-bilə son Osmanlı Hərbiyyə nazirinin, indi isə Ulu Turan İhtimal Orduları Komandanının qarşısında fərəqət durmuşdular. Son rütbələrinin ələmli nəşəsini udquna-udquna qəbul edirdilər. Tərəflər arasında dilsiz, eyni zamanda da Allahı xatırladan pak bir halallaşmanın nəfəsi cövlan edirdi.

Sübh şəfəqi Paşanın sağ əliylə qeyri-ixtiyari təmasda olduğu qılıncın qəbzəsində bərq vurmaqdaydı.

Ömrünün 27-ci baharında türk qövmünün Hürriyyət Qəhrəmanı kimi şərəfləndirilən Ənvər Paşa artıq "Əsgəri-Ləşkəri-İslami-Buxara" olaraq Türküstan torpağında əlinə siyirmə qılıncının sübh şəfəqləri bərq vuran qəbzəsinə təmas edə-edə onun hər əmrinə hazır olan imanlı əsgərlərilə üz-üzə dayanmışdı. Bilirdi ki, lap az vaxt - qısa dəqiqələr, ya saat keçəcək, bu qılınc qınından siyriləcək, onun bütün gələcək tarixlərə təcəlli edəcək şəfəqi yeni bir Turan coğrafiyasının sınırlarını cızıb keçəcək...

İl 1922...

4 avqusta açılan səhər mənzərəsi beləydi.

Türküstan torpağı müqəddəs Qurban bayramının ikinci günündəydi.

Türk əzizi Pamir dağının əlyetrində ona sadiq, ona heyran, hər əmrinə canla-başla hazır olan əsgərlərilə nəfəs-nəfəsə dayanmışdı. Xəyalında, qəlbinin dərinliklərində isə ayrılıq həsrəti qəlbini titrədən, amanını kəsən sevimli ömür-gün yoldaşı Naciyə Sultanla Vətən arasında ömür sürür, yaşayırdı. Yaxın günlərdə Naciyə xanıma ünvanladığı, az qala hər sətrini baxışları, qəlb çırpıntıları ilə öpə-öpə yazdığı məktubdan keçən isti, duyğulu cümlələr yenidən gözləri önündə sıralanırdı. Elə bil sevimli Naciyəsinin gözlərilə öz yazdıqlarını təkrar-təkrar yenidən oxuyurdu. Əslində bu, məktubdan daha çox, onun həyat məramnaməsi, ona verilmiş ömür, fəaliyyət missiyasının ən səmimi duyğularla bəyanı, etirafı idi: "Nə yalan söyləyim... Məmləkətimi hər şeydən çox, hətta sizdən belə çox sevirəm. Təbii, mənə acığınız tutmaz... Əlbət siz də mənim düşündüyümü düşünürsünüz. Vətənimin nerədə qılına toxunulmaq istənsə, biz, həpimiz orada ölmək üçün hazır olmalıyıq;  sözlə deyil, canla-başla. İştə, hamımız böylə düşünürsək, bu vətən, bu millət yaşar, yüksələr, biz də bu sayədə rahat olarıq, deyilmi, ruhum?! Çocuklarımızı böylə yetişdirəcəyik. Hər biri vətənə, millətə elə böyük işlər görəcəklər ki, bütün osmanlılar, bütün dünya, tarix onları heyrətlərlə təqdim edəcək. Bunu, sakın, mənim şan və şöhrət düşkünlüyümə vermə. Biləks, vətənin mənfəəti, səadəti yolunda hər şey məhv olsun... İki gözüm! Nə olacağı bəlli deyil; fəqət, təlaş etmə! Mətin ol... Qədərə boyun əymək gərək. Təvəkkül, bütün qüvvələrimizi xərclədikdən sonra da bir silahdır...".

Türkün əzizi belə düşünürdü. Ruhani həyəcanlarımızın fəzilətpərvər milli qəhrəmanı üçün ən ilahi dəyər Vətən torpağının toxunulmazlığıyla bağlıydı. Bu davranışı ilə Ənvər Paşa Türk insanı üçün namus, qeyrət anlayışının önündə gələn halal qadınından, atından keçsə də belə, cadar olmuş, bar-bəhərsiz bir əlcə torpağından keçməyən Tanrı Kut Metedən əmanət ruh, düşüncə daşıyıcısıydı. Və bu durumun soy-kökdən, qandan keçmə bir gələnəyi vardı. Bəlkə də 1922-ci ilin o xoş bayram gününün sübh şəfəqləri altında sevgili əsgərlərilə üzbəüz dayandığı bu torpaqlara onu həmin o kökdən gələn bağlantıların ulu əsintiləri çəkib gətirmişdi... Azərbaycan torpaqlarından tutmuş, bütün Orta Asiya boyunca Ənvər Paşa isminə, Ənvər Paşa hünərvərliyinə olan sayqı duyğuları həm də bu bağlantı səbəblərindən deyildimi? Onu doğma Naciyəsindən, körpəcə balalarından, komutan qardaşlarından ayırıb da bu uzaq ellərin yolçuluğuna çəkən duyğunun havası qos-qoca qan bağlılığının əsintisindən gəlmirdimi?

Osmanlı imperiyasında, İstanbulda dünyaya göz açmışdı. 1881-də. Noyabrın 22-si günündə. Bu günün gerçəyini öyrənənə qədər türk əzizi dönə-dönə atasına xitab etmiş, ilk təhsil illərində belə tez-tez atasına məktublar yazmışdı. Öz növbəsində, atası Əhməd bəy hafizəsinə daha çox etibar etdiyi ömür-gün yoldaşı Ayşə xanımı danışdırmışdı. Heç olurdumu Ayşə xanım o bəxtəvər günü yerbəyer xatırlamasın? Əhməd bəy xanımının dilindən eşitdiyi hekayətləri bir-bir bildirir "iki gözüm nuru, aslan evladım" deyə əzizlədiyi Ənvərə. Və gələcəyin türk əzizi ata-anasının verdiyi bilgilər səbəbiylə ən unudulmaz xatiratlarına belə başlayacaqdı: "1881-ci ilin noyabr ayının başlanğıcında, məhərrəm ayının birinci salı günü səhəri saat 12 radələrində Divanyolunda, qədim lisan məktəbi qarşısındakı evimizdə dünyaya göz açdım...".

Soy-kökünün də haradan gəlib, haraya çıxdığının hekayətini ilk olaraq elə ata-anasından eşitmişdi. Ancaq ən yaddaqalanı, eşitdiyi andan heç unutmadığı hekayət əmisi Xəlil Paşanın anlatdıqlarıydı: "Bir gecə babam Mustafa kaptanının evində atam Kamil bəy, Həsən dayım, İbrahim dayımla bərabər yemək yeyərkən ötən günləri şirin-şirin xatırlayırdılar. Bu söhbəti maraqla dinləyirdim. Həsən əmimin bu sözləri hələ də qulaqlarımdan getməyib:

- Dədələrimiz bu yerlərə Kırımdan köç etmişdilər. Babamız xırda-para toxuma qadın libasları satmaq üçün Krım xanlığının sarayına yaxın və zirək birisi olduğu üçün hərəm xanımları onun gəlişindən çox xoşlanarmışlar. Həmin ərəfədə Krım xanın yaxınlarından olan bir qızla tanış olur. Bir-birinə könül verib, əhd-peyman bağlayırlar. Evlənirlər... Əslən qaqauz olan babamız beləcə, qanımızı Krım xanının qanına qovuşdurur. Bu izdivacdan Kocaağa Kili dünyaya gəlib. Nəsil Qəhrəman Ağa Killioğlu Hüseyn Ağa, Hacı Mustafa Kaptan və nəhayət, Hafiz Kamil bəy şəcərəsiylə davam edir.

Türk əzizinin əmisi Xəlil Paşa Həsən əminin dilindən eşitdiyi bu hekayəti sonsuz maraqla dinlər, sual dalınca sual yağdırardı. Xəlil Paşa da görüləsi vacib işlərin məqamını əldən verməmək səbəbilə söhbətin yönünü kəsə salır, gəlib çıxırdı lap yaxın tarixin olmuşları üstünə:

- Bax, bayaq Hafiz Kamil bəyin adını çəkdim ha, heç unutma, həmin Hafiz Kamil bəy sənin dost-doğma babandır. Atan Əhməd bəy həmin Kamil bəyin Hasene xanımdan dünyaya gələn övladı, dörd oğlundan biridir.

Əlbəttə, Xəlil Paşa vaxt darlığını nəzərə alıb söhbətə bu yerdə nöqtə qoymaq istəyirdi. Ancaq hər şeyin sonunacan getməyi xoşlayan, qərarlı və inadcıl Ənvəri bilmək istədikləri bununla bitmirdi. Söhbətin gedişini yenə də lap əvvələ, nəsil şəcərəsinin qaynağınacan çəkirdi:

- Kocaağa Killi dedin, Qəhrəman Ağa Killioğlu dedin, marağımı çəkdi, bu Killioğlu, Killi deyimləri hardan gəlir belə?

Xəlil bəy bələd idi qardaşı oğlunun bitməz inadına... Bilirdi ki, istəyini almayınca, mətləbinə yetməyincə heç nəyin peşini buraxan deyil. Bu səbəbdən də yerini yenidən rahatlamalı olur, hər şeyi yerli-yataqlı, bildiyi qədər anlatmağa çalışırdı:

- Bax, bildiyimiz Dunay çayı var ha, həmin çay Qara dənizə tökülməmişdən öncə üç qola ayrılır... Bu üç qoldan birinin adı Kilyadı. Quzeydən güneyə doğru axmaqdadı. Həmin bu Kilya qolu üzərində eyniadlı qəsəbə varmış. Babalarımız oradan kök alıblar. Ona görə də el-oba arasında Killioğulları adıyla bilinirik. Zamanında qədim oğuz boylarından olan qaqauzların sıx yerləşdikləri həmin yerlərə bağlıdır kökümüz...

...İndi, müqəddəs Qurban bayramının ikinci günündə sırası seyrəlmiş, ancaq özgürlük duyğuları sonsuz asimanlara bülənd olan sevgili əsgərləri ilə üzbəüz qaldığı bu dar macaldan soy-kökünün əbədi yurd yeri olan qədim Türküstan torpaqları haqqında, bu yerlərdə məskən salmış qaqauz qövmü barəsində əmisi Xəlil bəydən eşitdiklərini bir-bir xatırlamaqdaydı. Dodaqlarında əbədi məskən salmış təbəssümüylə yadına salırdı; anası Ayşə xanım qısqanclıq zəminində tez-tez ana-atasına şikayət edir, bu xüsusda məktublar yazırdı. Hər dəfə atası belə söhbətlərin onu dalana qısnadığı məqamlarda Əhməd bəy sözü hərləyib dünyanın gəldi-gedərliyi, fani olması üzərinə çəkirdi. Sonra da dədə-babasının yaddaşından süzülüb gələn qəmli bir qaqauz bayatısı ilə söhbətə son nöqtə qoyurdu:

Bax hər şeyin xasına,

Aldanma dünyasına.

Dünya mənim deyənin

Dün getdim, dün yasına...

 

Yəni boşla getsin bu söhbətləri, onsuz da dünya gəldi-gedərdi, əvvəl-əzəl bir sonu var... Kim yetə, kim yetməyə dünyasıdı...

Elə bil ki, atası o qəmli qaqauz mahnısını indi onun üçün çox uzaqlarda qalan, dönüşü mümkünsüz İstanbul torpağında yox, burda, dədələrinin yurd yeri olan Türküstan torpağının son sınırlarına dayanan Pamir dağlarının ətəklərində, məhz onun dayandığı bu Çeqan təpəsinin dar keçidində söyləmişdi. Bu gün üçün demişdi. Bu günün durumunu anlatmışdı...

Anası Ayşə xanım 1908-ci ilin 6 iyul günündə bu xeyir-dua ilə görəvinin arxasınca yola salmışdı doğma ciyərparasını: "Oğlum Ənvər, başladığın işi bitirmədən dönsən südümü sənə halal etmərəm...".

Dönməmişdi... Başladığı iş uğrunda atdığı hər qədəmdə imanlı bir ana öyüdü, addım-addım izləmişdi onu. Doğma Anadoludan qardaş Azərbaycana, oradan da bütün Türküstan ellərinə doğru yürüdüyü hər qədəmdə sonsuz millət, xalq sevgisi ilə qarşılanmışdı. Bu anın özündə də şəninə qoşulan mahnılar, marşlar qulaqlarında, hafizəsində səslənməkdəydi:

 

Xoş gəlişlər ola, qəhrəman Ənvər Paşa,

Əsgərin, millətin, bayrağınla çox yaşa!

Arş irəli, arş irəli,

Dönməz geri Türkün əsgəri!

 

"Cəbhədə mitralyoz ayna kimi parlıyor, Türküstan türkləri bayraq açmış, səni bəkliyor!" coşqusuyla qucaq açmışdı bu yerlər ona... Qısa vaxt ərzində bu torpaqlarda o, Türküstan, Başqırdıstan, Qazaxıstan nümayəndələri ilə görüşüb məsləhətləşmişdi, məşhur Zəki Vəlidi Toğanla tanış olmuşdu. Qısa vaxt ərzində ətrafına beş minə qədər fədailər ordusu toplanmışdı. Ancaq ənənəvi xəyanətlər, "yeri, vur, səninləyik" deyib arxadanqaçmalar bu yerlərdə də addım-addım izləmişdi onu... Bu, onun qədəriydi... Ağrılı, təəssüf doğuran, eyni zamanda qaçılmaz qədəri...

Xatırlayırdı... Döyüş meydanında ilk xəyanət acısını ona Sarıkamış faciəsi öncəsi 3-cü ordu komutanı Albay Hakkı Paşa yaşatmışdı. Bu xəyanətin özülündə çox gənc olmasına baxmayaraq hərb sahəsində ulduz kimi parlayan Ənvər Paşaya qarşı olan qısqanclıq hissi dayanırdı. Rəqibləri bu gənc qəhrəmanı daha böyük qələbə və şöhrətə götürəcək qələbələri sinirə bilmirdilər. Qısqanırdılar. Hər vəchlə bu uğurları önləməyə qərarlı idilər. Doğrudur, döyüşün ilk mərhələsində 3-cü ordu komandanı Albay Hakkı Paşa rusları sıxışdıraraq geri çəkilməyə, açıq-açığına qaçmağa məcbur etmişdi. Ancaq o, sonucda uğursuzluğa düçar olub, canını götürüb qaçan rus əsgərlərini təqib etmək əvəzinə, başçılıq etdiyi hissəni döyüş meydanından 15 kilometr geri çəkmişdi. Ənvər Paşa indinin özündə də Albay Hakkı Paşanın bu müəmmalı hərəkətinin hansı səbəb üzündən baş verdiyini heç cür anlaya bilmirdi. Əzmi qırılmış, pərən-pərən düşmüş düşmən ordusunu təqib etmək əvəzinə əmin-arxayın şəkildə bu qədər geri çəkilib, qarşı tərəfin yenidən toparlanmasına imkan vermək, bununla da Sarıkamış faciəsinin önünü açmaq kimi məsuliyyətsizliyə Albay Hakkı Paşa kimi birisi öz yanından, təkbaşına qol qoya bilməzdi. Ortada özünü köməyə yetirməli, ehtiyat qüvvələrin heç bir səbəb olmadan ləngimə həqiqəti vardı. Ortada mövqe və şöhrət xəstəliyindən qaynaqlanan dəhşətli qısqanclıq bəlası vardı. Hansısa gözəgörünməz əl gizlincə işləməkdə, döyüşən əsgərlər arasında ruh düşkünlüyünə səbəb olacaq toxumlar səpməkdəydi.

Sarıkamış savaşı öncəsi Ənvər Paşa öz xocası, bölgə komutanı Hasan İzzət Paşa ilə görüşüb əsgərlərin durumuyla maraqlanmışdı. Dünyagörmüş bölgə komutanı havaların namünasib olması səbəbindən ehtiyatlı olmağı məsləhət bilmişdi. "Gözləyək" demişdi. Əslində bu, Ənvər Paşanın bir bölgə komutanından gözləmədiyi cavab idi... Qeyzlənmişdi. Dərhal dərin sayqı bəslədiyi, əski xocasını ordudan uzaqlaşdırmağa qərar vermiş, "əgər xocam olmasaydın səninlə başqa cür davranardım" - demişdi...

Haqlıydımı? Dönməz və qızğın bir savaşçının həlledici bir məqamda, heç gözləmədiyi halda əsgərin döyüş əzminə xələl gətirəcək bir cavabı təcrübəli bir komutanın dilindən eşitməsinin qarşılığı əlbəttə belə olmalıydı...

Haqsızıydımı?

Bəlkə xocası "havaların namünasib olması" qənaətinin pərdəsi altında əslində, ona arxa cəbhənin maraq çevrəsində yaşanan olayların gerçəyini anlatmaq istəmişdi? Bütün hallarda öz qərarında qəti, dönməz, çox halda da inadkar olan Ənvər Paşa bəlkə o məşhur faciə öncəsi dünyagörmüş müəlliminin anlatmaq istədiklərinin mahiyyətinə elə də nəzər yetirməmişdi?

İndi bütün bu suallara cavab verməyə, ələyib-ələyib, gerçəyi üzə çıxartmağa vaxt yox idi. Həqiqət olan o idi ki, hazırkı halda dayandığı Çeqan təpəsinin dar keçidində qarşıdan hiss edilən, əsgərlərinin seyrəlməsi səbəbindən onu durub-dayanmadan təhdid edən döyüş şəraiti həqiqətən çox namünasib idi. Yenə də Sarıkamış döyüşü gedişi zamanı qərarlı şəkildə yazıb hərbi geyiminin döş cibinə qoyduğu vəsiyyətnaməsinin hər sözü, cümləsi bircə-bircə yaddaşında dolaşmaqdaydı. Dili əsgərlərini qutlayır, onlara ürək-dirək verir, ağlı, düşüncəsi Sarıkamış döyüşünün ən qızğın çağında yazdığı vəsiyyətnamənin son cümlələrini olduğu kimi təkrarlamaqdaydı:

"...Bu halda vəsiyyətim: mən vəzifəmi yapdığımı sanıram və o cür də ölürəm. Düşmənə qarşı sonacan mübarizə aparın. Hər halda, sonucda müvəffəq olacağıq. Mən hərəkətimə peşman olmadan qəlbən rahat şəkildə ölürəm. Yaşasın dinim, vətənim, padşahım. Əgər geridə qalanlarıma yardım etmək istəsəniz: həyat yoldaşım Sultan əfəndi həzrətlərinin ödənəyi kafi deyildir. Rahat yaşaması üçün heç olmasa başkomandanlıq maaşımın onun məvacibinə əlavəsini və anamla atanım rifahının yerində olması ilə ilahi rəhmətə qovuşmam üçün bir qədər qayğı göstərilməsi üçün rica edirəm. Yüksəlişinə çalışmaqdan başqa bir məqsəd güdmədiyim din və millətimə dua edir, tanıyanlara salam edirəm. Yaşasın Müsəlmanlıq, Osmanlılıq və Osmanlıların padşahı sultan Mehmed xan.

Sərvət adına bir şeyim yoxdur. Olan-qalan nə varsa rəfiqim Sultan Əfəndi həzrətlərinə buraxıram: Ənvər".

Vaxtın-vədənin bu məqamında onun üçün təkcə keçmiş vardı... bütün şüuru, hiss-duyğusu, alıb-verdiyi nəfəs o keçmişin yanındaydı. O keçmiş haradasa bir az anlaşılmaz idi. Dəli-dolu gəncliyin ram olunmayacaq iddiaları, ötkəmliyi və bu səbəbdən hər qədəmdə rast gəlinən qınaqlarla dopdolu idi. Hər qədəmi möhtəşəm bir aldanışla izlənirdi. Ancaq qürurluydu. Edilən nə vardısa vətən, millət naminə edilmişdi. Qüsurlar vardısa, o da bu səbəbdən idi. Fikri, düşüncəsi keçmişlə nəfəs alsa da, o keçmişə dönmək, əl uzadıb xətalarını yerbəyer etmək mümkünsüz idi. Zaman çox sürətlə keçmişdi. O qədər sürətlə ki, dörd il öncə doğma İstanbulda bakılı həmfikirləri ilə əyləşib Azərbaycan torpaqlarını erməni işğalından hansı yolla azad edəcəklərini məsləhətləşdikləri vaxt elə bil dünən, ya elə bu günün özündə olmuşdu.

1918-ci ilin martıydı. Azərbaycan Milli Komitəsi Nağı Şeyxzamanlı ilə Ömər Faiq Nemanzadəni Türkiyə hökuməti ilə danışıqlar aparmaq üçün İstanbula göndərmişdi. Qonaqlar hərbi nazir Ənvər Paşayla, Baş nazir Tələt Paşayla, Ədliyyə naziri Xəlil Paşayla görüşdən necə də ümidli idilər... Olduğu kimi xatırlayır; Nağı Şeyxzamanlı etimadnaməsini Tələt Paşaya təqdim edəndə Paşanın nəzərləri qeyri-ixtiyari olaraq sənədin üzərindəki ay-ulduz rəsminə dikilib qaldı. Məmnunluğunu gizlətmədən "Ənvər Paşa, Xəlil Paşa, gözəlliyi görürsünüzmü?", - deyə az qala şəkli gözlərinə təpdi. Nağı Şeyxzamanlı fürsəti qaçırmadan izahat verdi:    "Əzizlərim, dili, dini bir olan Azərbaycan xalqı uzun sənələr idi imperiya zülmü altında inləməkdəydi. Qafqaz işğal edildiyi zaman səkkiz xanlığı olan azərilər sizinlə dili bir, dini bir, adət-ənənələri bir olan qardaşlarınızdır. Millətimiz illərlə mübarizə aparıb boyunduruqdan azad oldu. Özgürlüyümüzü qazandıq. Ancaq bu müstəqilliyi qoruyub-saxlaya bilmək üçün sizlərə, qardaş Osmanlı dövlətinin köməyinə böyük ehtiyacımız var. Bizi hər yandan sıxırlar. Azərbaycan xalqı sizdən kömək gözləyir. Bizə böyük hərbi qüvvələr yox, hərbi mütəxəssis və çavuş kadrları göndərməyinizi, ordu quruculuğumuza kömək etməyinizi rica edirik... Bizim tezliklə güclü bir ordu qurmaq imkanımız var. Sadəcə, mütəxəssis sarıdan sizin köməyinizə ehtiyac duyuruq...

İndiki kimi yadındadı; son sözü o özü - hərbiyyə naziri Ənvər Paşa dedi:

- Əmin olun, hər arzunuzu yerinə yetirəcəyik...

Dedi və etdi də!..

Bunu özünə mənəvi borc bildiyi üçün... Çünki sosial vəziyyətindən asılı olmayaraq harda bir türk insanı yaşayırdısa, Ənvər Paşa onu özünün qan qardaşı, canının ayrılmaz parçası hesab edirdi. O yeri özünə vətən bilirdi. Həmin o tarixi görüş günü canının-qanının bir parçası olan azərbaycanlı qardaşlarının nümayəndələri ona gerçək durumu anladır, qardaş köməyi istəyirdilər. Etməyə bilməzdi. Azərbaycanlı qardaşları müstəqil dövlətlərini qurmaq və erməni işğalından qurtulmaq üçün Osmanlı ordusunun xilaskar missiyasına güvənirdilər. Onları sındırmaq, naümid qoymaq olmazdı.

İnsafən Nağı bəy Şeyxzamanlı həmin görüşdə Osmanlı ordusunun rəhbərliyi qarşısında Azərbaycanda olan hərbi-siyasi vəziyyəti çox dəqiqliklə diqqətə çatdırırdı və bu məlumatlar Ənvər Paşanın  çevik qərar verməsinin yolunu açırdı. Sıradan biri deyildi. Osmanlı dövlətinin siyasətini yönəldənlərin ön sırasındaydı. Hərbiyyə naziri kimi önəmli vəzifə daşıyırdı. Sahib olduğu mövqe ona imkan verirdi ki, azərbaycanlı qardaşlarına kömək məqsədi ilə qoşun göndərilməsi barədə qərar qəbul etsin. Belə də etdi. Heç bir tərəddüd göstərmədən... Həmin o xilaskar orduya komandanlıq etməyi əvvəl-əvvəl şahzadə Fərruxa və Kazım Qarabəkir Paşaya təklif etdi. Amma son anda bu vəzifə üçün qardaşı Nuru Paşanı görəvləndirdi. Məsələ onda deyildi ki, bu zaman Nuru Paşanın qardaşlıq duyğusunun üstün gəlməsi onu öz qərarından vaz keçdirmişdi. Yox, bir Allah bilirdi ki, məsələ heç də belə deyil... İşlərin gedişi ilə bağlı tez-tez onunla görüşüb məsləhətləşən Nağı bəydən gəlmişdi bu təklif. Həmin anı bütün təfərrüatı ilə xatırlayırdı Ənvər Paşa. Aralarından belə bir söhbət keçmişdi:

- Paşam, sizinlə açıq danışmaq istəyirəm... - Bunu hər sözündə, hərəkətində fövqəladə ədəb-ərkan gözləyən, ünsiyyətcil Nağı bəy Şeyxzamanlı demişdi.

Özünəməxsus şəkildə, hərbi ədayla "Buyurun, əfəndim, çəkinməyin, nə xüsusda konuşmaq istədiyinizi açıq deyin" - söyləmişdi türk əzizi.

Nağı bəy ürəyindən keçənləri dilə gətirmişdi:

- Biz Qafqaz  türkləri iki qüvvəyə inanırıq - yuxarıda Allaha, aşağıda şəxsən sizə! Eşitdiyimə görə, sizin Nuru adında bir qardaşınız var. Sizdən xahiş edirəm, mümkünsə, Qafqaza göndərəcəyiniz hərbi dəstənin başına Nuru Paşanı təyin edəsiniz.

Gözləmədiyi bu təklifdən diksinmişdi Ənvər Paşa:

- Səbəb?

- Gizlətməyəcəyəm, dönə-dönə göz qoymuşam, sizin Qafqaza gedəcək əsgərlərə komandir təyin etdiyiniz şahzadəni hər axşam otel salonunda şərab içib, rəqs edən görürəm. Bizlərdə belə şeyləri xoşlamazlar.

Dəlil qarşısında xeyli susub qalmış, dərin xəyala getmişdi. Bilirdi ki, bu adam boşuna söz deməz. Odur ki, razılıq cavabını da gecikdirməmişdi:

- Yaxşı, Siz deyən olsun. Mən razı. Amma Nuru çox cavandı, bu xüsusda onunla da danışmağım gərəkdi...

- Necə məsləhət bilirsiniz!

Sonra telefonu götürüb dəstəyin o başında dayanan köməkçiyə qəti tapşırığını vermişdi:

- Diqqət yetirin, Qafqaza gedəcək zabitlərin heç biri içki içməyən olsun. Hər birinin dilindən Qafqazda olduqları müddətdə içki içməyəcəkləri barədə yazılı kağız alın. Deyin ki, mənim göstərişim belədi...

Ertəsi gün təbəssümlə qarşılamışdı Nağı bəyi: "İstədiyiniz baş tutdu - demişdi. - Mən Nuru Paşayla danışdım. Təklifinizi xoşluqla qəbul etdi".

Nağı Şeyxzamanlının dedikləri hələ də qulaqlarından getməyib:

- Ənvər bəy, Siz heç də nigaran qalmayın, öz balamız, can-ciyərimiz kimi yanında olacağıq Nuru Paşanın. Yolunda sinəmizi qabağa verəcəyik. Əmanətini əmanətimiz biləcəyik. Sırtımızı döndərməyəcəyik!

Can qardaşları olan Azərbaycan türkləri Nağı Şeyxzamanlının dediyi kimi, sonacan yanında oldular, dediklərini tutdular!

İndi Türküstanın ən ucqar sınırlarını qapsayan Pamir dağının ətəyinə dirənib təkləndiyi, köməksiz qaldığı bir məqamda Ənvər Paşa daha çox öz sözünü, əhdini sonacan tuta bilən azərbaycanlı qardaşlarının, milli mücadilə yolundan bir addım da olsun belə geri ayaq qoymayan o mərd kişilərin onun yanında olmağını istəyirdi. Özü də çox, lap çox!..

 

Hüseynbala MİRƏLƏMOV

 

Ədəbiyyat qəzeti.- 2020.- 14 noyabr.- S.14-15.