VARİSLƏR
Tural BAXIŞ: "ATAM SON
NƏFƏSİNƏ QƏDƏR
TORPAQLARIN QAYTARILACAĞINA
İNANIRDI"
"Varislər"in bugünkü
qonağı şair, nasir,
dramaturq, ictimai xadim, ruhu uzun illər Vətən
nisgilindən narahat olan, ürəyi daima Azərbaycan sevdası ilə
döyünən,
sevdiklərini və canı qədər sevdiyi Azərbaycanı
vaxtsız tərk etmiş
unudulmaz Eldar Baxışın varisi, tanınmış aktyor
Tural Baxışdır.
Məktəbdən qovulan oğlan
1947-ci ildə Qubadlıda,
sadə bir ailədə anadan olub. Atası Baxış kişi zəhmətkeş
adam idi və övladlarını öz halal
çörəyi, alnının təri ilə
qazandığı ruzi ilə böyüdürdü. O, ibtidai
təhsilini doğma Aşağı Müskənli kəndində
alıb, amma bir müddət sonra məktəb direktorunun təzyiqi
ilə kənd məktəbindən rayon məktəbinə
keçirilib.
Eldar elə uşaqlıqdan
ipə-sapa yatmırdı. Kitab-dəftərə
sevgisi tükənməz olsa da, ruhu at belində
çapmağa, sal qayalara dırmaşmağa, haqqı
müdafiə etməyə təşnə idi. 1969-cu ildə ADU-nun Tarix fakültəsini bitirib
müəllimlik etdi. Ara-sıra şeirləri
dövrü mətbuatda çap olunurdu. Sonra
Dövlət Televiziyasında fəaliyyətə
başladı. Müstəqillik
dövrünün ilk mətbu orqanlarından olan "Səs"
qəzetini yaradıb baş redaktoru oldu, kəskin
yazıları ilə ölkə ictimaiyyəti arasında
böyük hörmət qazandı.
Unudulmaz Eldar Baxışın
oğlu, tanınmış teatr və kino aktyoru Tural
Baxışla "Ədəbiyyat qəzeti"nin
redaksiyasında görüşdük.
Qarabağ Azərbaycandır!
- Tural, sən doğma adamsan, ssenari
müəllifi olduğum serialda bərabər işləmişik,
çox maraqlı və əsas rollardan birini yaratmısan.
Amma bu gün sənin aktyor fəaliyyətin haqqında deyil,
atan, unudulmaz Eldar Baxış haqqında danışacağıq.
Söhbətə keçməzdən əvvəl fürsətdən
istifadə edib bütün Azərbaycan xalqını erməni
hərb tarixi üçün rüsvayçı, bizim
üçün isə tarixi qələbə münasibətilə
təbrik edirəm. Gözümüz aydın olsun! Bəli,
artıq həm də tam gerçəkliyi ilə Qarabağ Azərbaycandır!
- Mən
də xalqımızı təbrik edirəm. Bu
sevincli, qürurlu günləri bizə yaşadan ordumuza və
cənab Ali Baş Komandanımıza təşəkkür
edirəm. Bu möhtəşəm tarixin şahidi
olduğum üçün Allaha şükürlər olsun!
- Tural, gəl söhbətə elə
Eldar Baxışın da, sənin də ata yurdun olan
Qubadlıdan başlayaq. Kim olub valideynləri?
Uşaqlığı necə keçib? Bakıya hansı ümidlərlə gəlib?!
"Məni
tanıdın?"
- Atam
Aşağı Müskənli kəndində, zəhmətkeş
bir adamın ailəsində dünyaya gəlib. Babam Baxış kişi kənddə hörmətlə
qarşılanan, sözü keçən ağsaqqallardan
olub. 9-cu sinfə kimi kənd məktəbində
təhsil alıb, amma dəcəl olduğuna, müxalif fikirlərinə
görə məktəb direktoru atamı qovub və sonrakı
təhsilini rayon məktəbində davam etdirib. Kənd məktəbi və onun direktoru ilə
bağlı atamın maraqlı xatirəsi vardı. Demək,
illər sonra atam ali təhsilini bitirir və
müəllim kimi fəaliyyətə başlayır. O
vaxtkı Maarif Nazirliyinin yaratdığı komissiyanın tərkibində
bir vaxtlar qovulduğu məktəbə göndərilir.
Direktorla görüşən kimi ilk sualı: "Məni
tanıdın?" - olur. Əlbəttə,
direktor onu unuda bilməzdi. Direktor deyir ki,
hardan biləydim bir gün komissiya üzvü kimi məktəbə
qayıdacaqsan?!
Atam
Qubadlıya bağlı adam idi. 1988-ci ildə
çap olunan "Deyə bilmədiyim sözlər"
kitabında "Zori Balayana məktub" poeması yer
almışdı və poema az qala əl-əl gəzirdi. Poemanın üzünü əllə
köçürüb yayanlar vardı.
Qubadlının Eyvazlı kəndi Ermənistanla sərhəddə
yerləşir. Eyvazlı kəndini ermənilər tamamilə
yandırmışdılar. O vaxt 13-14 yaşım
olardı, bir qədər böyüyəndən sonra həmin
hadisə ilə bağlı mətbuatda çox
axtarış apardım, təəssüf ki, bir şey tapa
bilmədim. Atam danışırdı, hətta mal-heyvan
tövlədə diri-diri yanıb, it zəncirdə yanıb və
s. Həmin ərəfədə atam bir qrup təəssübkeşlə
Eyvazlıda olur və sərhəddə xidmət edən erməni
hərbçisi xəbər alır ki, sizdə bir Eldar
Baxış adlı şair var, Zori Balayana məktub yazıb,
onu tanıyırsınız?
Erməni hərbçisi və Eldar
Baxış
Atam deyib
həmin adam mənəm. Hərbçi
deyib ki, əgər Ermənistanda olsaydın səninlə
başqa cür danışardıq. Atam çəkinmədən
bildirib ki, problem deyil, istəyirsən oturaq sənin
maşınına, hara istəyirsən gedək, orada söhbət
edək. Adam deyib mümkün olan şey
deyil. Atam isə: "Bu, sənin üçün
mümkün deyil, amma istəyirsən mən səni
özümlə Bakıya aparım, Dağüstü parkda
oturub çay içək. Heç kəs də
heç nə deyə bilməz, çünki səni mən
aparacağam. Amma sənin belə bir
addım atmağa cəsarətin çatmaz", - deyib.
Poemanın sonunda belə bir yer var: "Ölmək istəyirsən
- gəl Qarabağa..." və s. Qarabağın
işğalından sonra hər dəfə həmin poemanı
oxuyanda ürəyimdə nisgil yaranırdı. Bu
şeir yazılanda Qarabağ bizdə idi və bu gün
Qarabağ yenə bizdədir, ürəyimdəki nisgil də əriyib
itdi. Qubadlı işğaldan azad olan
gün getdim Xırdalan qəbiristanındakı məzarını
ziyarət elədim, muştuluqladım onu.
- Eldar Baxışın
bir oğlunu maşın vurmuşdu, deyəsən. Onun da məzarı Bakıdadır? Çünki uşağın maraqlı adı
vardı və ona görə yadımda qalıb. Səhv
etmirəmsə, Anday idi...
Dostunun adını qardaşımda
yaşadırdı
- Hə...
Onu kənddə, yol kənarında oynayanda
öz toyuna gedən bəy maşınla vurmuşdu. Bir həftəyə yaxın yaşadı, nə qədər
eləsələr də, həyatını xilas etmək
mümkün olmadı. Onu Qubadlıda dəfn
ediblər. Anday atamın türk dostunun
adı idi. 70-ci illərin sonunda Türkiyədə
milli tələbə hərəkatının fəallarından
olub, həbs etmişdilər, həbsxanada dünyasını
dəyişmişdi. Atam
qardaşımın adını dostunun xatirəsinə Anday
qoymuşdu.
Bir hadisə
yadıma düşdü: qardaşım təzə dəyişmişdi
dünyasını. Onun kəfənə
bürünmüş bədəninə baxanda elə bilirdim
bu dəqiqə nəfəs alacaq, bu dəqiqə qalxacaq... Bir də eyni hissləri atam dünyasını dəyişəndə
yaşadım. Gözləyirdim,
düşünürdüm: bizi qoyub gedə bilməz,
mütləq qalxacaq və hər şey bitəcək.
Dəfndən sonra idi. Qubadlıda bağda
atamla gəzirdik. Balaca idim, 7 yaşım vardı.
Maraqlı şeylər danışırdı, birdən
dayandı, məni qucağına alıb alnını
üzümə dayadı. Dedi: "Atanın balası,
qaqanın ölməyinə pis oldun?".
Başımla hə deyib, kövrəldim. Hələ ölüm nədir bimirdim axı. Qəhər boğdu onu. Məni sinəsinə
sıxıb: "Atanın beli qırıldı, bala", -
dedi. O səs hələ də qulaqlarından getməyib. Andaydan sonra atam çox sarsılmışdı,
sonra təzə dünyaya gələn qardaşımın da
adını Anday qoydu. Yəni atam heç
vaxt Qubadlıdan qopa bilmədi, hadisələrdən əvvəl
də, sonra da Qubadlı ilə nəfəs aldı.
- Sən Qubadlının
işğal tarixini də, işğaldan azad olunma tarixini də
yaşayan nəslin adamısan. Biz
xalq olaraq 30 illik həsrətə son qoyduq və tarix
yazdıq. Bu, möhtəşəm
duyğudur. Özünü necə hiss edirsən?
Mən o işğalın içində
olmuşam
-
Çox qürurluyam. Tale elə gətirib ki, mən
Qubadlının işğılını birbaşa
yaşamışam, hadisələrin içində
olmuşam. İndi bəzi adamlar deyir ki,
işğal tarixi bitdi, bu tarixləri silirlər və s. Belə
olmaz. Biz o acı tarixi unuda bilmərik.
Bu tarixlərin arxasında yüzlərlə
şəhid qanı, qazilər, mülki insanların məhv
edilmiş taleləri var. Məncə, hər bir rayonun girəcəyində
xatirə lövhəsi qoyulmalıdır. Uşaqlı-böyüklü
hər kəs o acı tarixi bilməlidir. Düşmənin
kimliyini unutmaq olmaz. Qubadlıdan yeni
videolar, fotolar payaşırlar, gördükcə dəhşətə
gəlirəm. Xarabaya çeviriblər.
Bu vandallığı, bu
azğınlığı unutmaqmı olar? Qətiyyən.
1993-cü ilin yayında ortancıl dayımın toyu
oldu. İyul ayında toydan sonra hamı Bakıya
qayıtsa da mən orada qaldım. Müskənlidən
daha çox Qubadlının özünə bağlı idim.
Anam da Mollu kəndindəndir, ora da
doğmadır mənə. Bibim rayonda
ikinci katib idi. Onlarda qalırdım. O
vaxt Qubadlını artilleriya atəşi ilə vururdular, amma
saatın müəyyən vaxtlarında olurdu və əhali
bunu bilirdi. Ona görə də qorxu yox idi.
Həm də maraqlı idi. Patron
oğurlayırdıq, barıtını boşaldıb
yandırırdıq, gilizi parladırdıq. At belində döyüşçü oğlanlar
vardı, avtomatla, qumbara ilə gəzirdilər. Yəni yaşımın elə vaxtı idi ki, o
mühit məni çəkirdi özünə.
Bomba səsi ilə açılan səhər
Bir səhər yatmışdım, yuxuda taqqıltı səsləri
eşidirdim. Anar adlı qohumumuz vardı, qaçaraq gəlib məni
oyatdı və sığınacağa qədər
qaçdıq. Ətraf toz-duman idi.
"Qrad"lar vıyıltı ilə gəlib
düşür, hər tərəfi dağıdırdı. Büzüşüb qalmışdım, ürəyimdə
deyirdim burada nə işim var, niyə Bakıda ata-anamın
yanında deyiləm?! Amma
sığınacaqdan çıxan kimi hər şey
unudulurdu. Həm də mənim o müddətdə
Qubadlıda qalmağıma səbəb atamın tez-tez rayona gəlib-getməsi
idi. Ümumiyyətlə, Bakı
üçün darıxmırdım. Atam
sonuncu dəfə avqustun 26-sı gəldi, artıq vəziyyət
kritik idi və qayıdanda məni də özü ilə
apardı. Bizimlə bir yerdə nənəm,
xəstə, yaşlı qohumlardan bəziləri də gəldi.
31 avqustda isə rayon işğal olundu.
- Eldar Baxış birbaşa
hadisələrin içində idi, rayonların
işğalı ilə nə düşünürdü? Qənaəti nə idi? O torpaqların
nə vaxtsa azad olunacağına inanırdımı?
- Yenə
deyirəm, atam dünyasını dəyişəndə 16
yaşım vardı, amma diri uşaq idim, hər şeyi
xatırlayıram. 1992-ci ildə insanlar sovet
düşüncə tərzindən qurtula bilməmişdi hələ.
Hamı eyforiyada idi. Satqınlıq,
xəyanət vardı orduda. Başıpozuqluq
hökm sürürdü. Vahid
komandanlıq yox idi. Hərə
özünə görə bir ağa idi. Belə
olmasaydı erməni torpaqları çətin işğal edə
bilərdi. Amma onu da deyim, atam son nəfəsinə
qədər torpaqların azad olunacağına, insanların
bir gün geri qayıdacağına inanırdı.
Hadisələr başlayandan sonra...
1988-ci ildən başlayan hadisələr, Sumqayıt
hadisələri, Ermənistandan azərbaycanlıların
qovulması, qaçqınların gəlməsi...
bütün bunlar atamın sağlamlığına pis təsir
etmişdi. Demək olar, ailəyə vaxt ayıra bilmirdi. Bəzən həftələrlə üzünü
görmürdük. Yəni bu həm də
mənim tərbiyəmə təsir edirdi. Atama ehtiyacım vardı, amma istədiyim vaxt
yanımda olmurdu. Anam olmasaydı bəlkə
də mən tamam başqa mühitə düşəcəkdim.
Bir sözlə, hadisələr birbaşa ailəmizin
varlığına təsir edirdi. Atam
qaçqın düşmüş qohum-əqrəbanı
yerləşdirmək üçün dəridən-qabıqdan
çıxırdı. Ailəmiz
narahatlıq keçirirdi. Bakıda yaşayıb
Şamaxıdan olan bir adam bu hadisələri
bir başqa cür yaşayar, biz isə tamamilə başqa
cür yaşayırdıq. Bir xaos hökm
sürürdü. Üstəlik, qohumlar
arasında şəhidlərimiz vardı. Yaralılarımız
vardı. Qocalar vardı, Qubadlıda
sağlam idilər, qaçqınlıq bir ayda
sındırdı onları, yaşaya bilmədilər,
öldülər. Belə şeyləri
yaşamaq çox ağırdır.
O
dövrdə bütün ümidini Rusiyaya bağlayan, əqidəcə
ruslaşan adamlar vardı, farslaşan, islamofobiya ilə
yaşayanlar vardı, amma canı ilə, qanı ilə vətən
təəssübünü çəkənlər də
vardı və Eldar Baxış onların önündə gedənlərdən
biri idi. Əslində, mən atamı
işğal tariximiz başlanan gün itirdim. Qaramat hadisələr bir-birini əvəz etdikcə
Eldar Baxış da uzaqlaşırdı, daha çox milləşirdi.
Ailə üçün yansa da, bizi
düşünsə də, bizdən daha çox sevdiyi Azərbaycan
vardı və o Azərbaycanı dağıtmaq istəyirdilər.
Onu zəhərləmişdilər...
- Elə o vaxt da, indinin özündə
də söhbət gəzir ki, Eldar Baxış zəhərləndiyi
üçün həyatını itirib. Mümkünsə,
bu məsələyə bir qədər aydınlıq gətir.
Mən onun xəstəxanada müalicə
olunduğunu xatırlayıram və bir müddət sonra Eldar
Baxışın dünyasını dəyişdiyini
eşitdik.
- Mən
ancaq dəqiq xatırladığım məqamları deyə
bilərəm. 1994-cü ildə atam zəhərlənmə
diaqnozu ilə əvvəlcə o vaxtkı Semaşko adına
xəstəxanada, indiki 1 saylı Kliniki Tibbi Mərkəzdə
müalicə olundu. Vəziyyəti kritik idi.
Dostları dəstək olurdu. Bahalı
cihazlar, dərmanlar, müalicə proseduru və s. xərc tələb
edirdi. Bütün bunları dostları,
yaxınlarımız həll edirdilər. 1995-ci
ilin sonlarında Moskvadan xüsusi həkim briqadası gəlmişdi
Bakıya, onlar atamı müayinə etdikdən sonra konsilium
keçirtdilər və yekun nəticə kimi bizə
"pasientin orqanizmində süni preparat aşkar olunub"
dedilər. Yəni bunun izahı belə idi: Eldar
Baxış qida zəhərlənməsindən deyil, süni
yolla orqanizminə yeridilmiş kənar maddədən zəhərlənib.
Bu qərar böyük səs-küyə səbəb
oldu. Artıq hamı Eldar
Baxışın səhhəti ilə maraqlanır, mətbuat
vaxtaşırı yazırdı. Atamın
yaxşı dostları vardı, bu məsələnin
üstünə düşdülər. Təxminən
iki ay sonra, haradasa 1996-cı ilin yanvar ayında yerli həkimlər
yenə konsilium elədilər, amma bu dəfə qərar fərqli
oldu: "Pasientin orqanizmində qida zəhərlənməsi əlamətləri
aşkar olunmuşdur". Bizə bildirdilər
ki, xəstə artıq bu xəstəxanada müalicə
olunmasın. Dövlət səviyyəsində
onunla maraqlanırlar, müalicəsini Mərkəzi Kliniki Xəstəxanada
davam etdirəcək. Beləcə atam
birbaşa dövlət xəstəxanasında dövlətin
nəzarəti altında müalicə olunmağa
başladı. Biz daha cihazlara, dərmanlara,
müalicəyə görə heç bir ödəniş
etmirdik.
Təxminən mart ayına qədər həmin xəstəxanada
müalicə aldı, evə yazıldıqdan iki ay sonra
dünyasını dəyişdi. Bizim üçün qaranlıq
qalan bir məqam oldu: haqlı olan kim idi? Moskvadan gəlmiş 11 nəfərlik dünya səviyyəli
həkimlər, yoxsa yerli həkimlər?! Bu
sualın cavabı hələ də yoxdur.
- Kim ola bilərdi Eldar Baxışın düşmənləri?
Niyə onu zəhərləməliydilər?
İndiki dövrdə bir şair kimə mane ola
bilərdi?
Onu hər şeydən təcrid
etmişdilər
- Atam Mərkəzi Kliniki Xəstəxanada müalicə
alanda hər şeydən və hər kəsdən təcrid
edilmişdi. Bircə anam qala bilirdi yanında. Heç kəsi buraxmırdılar onunla
görüşməyə. Məntiqlə
düşündükdə adamın ağlına qəribə
fikirlər gəlir: kimsə nəyisə kimdənsə gizlətməyə
çalışır. Düşmənləri
vardımı? Maraqlı sualdır.
Atam sözün axırını əvvəldə deyən adam idi, buna görə başı həmişə
ağrıyırdı. Qarabağ münaqişəsinin
ilk dövrləri idi. Hələ ölkə
daxilində ermənipərəst qüvvələr tam zərərsizləşdirilməmişdi.
Üstəlik, o dövrdə kəskin
yazıları çap olunurdu mətbuatda. Ölkəyə
xəyanət edənləri, rüşvətxorları,
korrupsiyaçıları ifşa edirdi və az
qala hər elə yazısından sonra evə, iş telefonuna
anonim zənglər gəlirdi, hədələyirdilər onu. Bu hadisələr "Səs" qəzeti çap
olunan dövlərdə lap intensivləşmişdi. Hətta bir dəfə işdən evə
qayıdanda qorxutmaq üçün arxasınca üç
güllə atmışdılar. Dostu vardı,
iş adamı idi, Yelmar Məmmədov, cangüdən
ayırmaq istəyirdi, atam razı olmurdu. Maşın alıb
bağışladı ona, atam həmin maşını
dostuna verdi. Maşına
heç vaxt həvəs göstərməyib. Yalnız güllə söhbətindən sonra Azərbaycan
Televiziyasının rəhbərliyi onun üçün
maşın və sürücü ayırdı. Bura qədər dediklərim məntiqi
ardıcıllıqla düşünüb gəldiyim qənaətdir,
amma eyni qətiyyətlə deyə bilərəm ki, bu
düşüncələrimdə yanıla da bilərəm.
Bütün bunlar sadəcə, şübhə də ola bilər. Bir sözlə, xəstəxanadan
çıxdıqdan iki ay sonra atam dünyasını dəyişdi
və mənim, ümumilikdə, ailəmizin ağır
günləri başladı.
- Nə mənada ağır günlər?
Atasızlıq, ailə başçısını itirmək,
yoxsa maddi çətinliklər? Dediyin kimi, Eldar
Baxışın imkanlı dostları çox idi və
güman eləmirəm ki, onun yoxluğu ilə bu dostlar kənara
çəkilsinlər.
Yalnız 17 ildən sonra
özümüzə gəldik
- İlk vaxtlar dostlar yenə vardı, amma qısa
müddət sonra hamı kənara çəkildi. Atama cangüdən
ayırmaq istəyən iş adamı, dostu, Yelmar Məmmədov
da Özbəkistanda xəyanət nəticəsində həyatını
itirdi. Biz maddi çətinliklər
üzündən evimizi satıb başqa evə
köçdük. Sonra həmin evi də satıb 17 il ərzində kirayədə yaşadıq. Bütün bu problemləri həll etmək, ayaqda
durmağımız üçün illər lazım oldu.
Mənim həyatım dəyişdi. Nəzarətsiz qaldım və meylimi küçələrə
saldım. Küçə həyatını
bilirsiz, orada başqa qanunlar işləyir. Ağlıma gəlməzdi ki, nə vaxtsa
özümdə güc tapıb həyatımı dəyişə
bilərəm.
Atam dünyasını dəyişəndə evimizdə
5 minə yaxın kitab vardı. Hər dəfə köçəndə
o kitabların 20 faizi it-bata düşdü. Hər dəfə
o kitablara baxanda düşünürdüm ki, kaş
bunları oxuya biləydim. Amma küçə
həyatı buna imkan vermirdi. Təsəvvür
edirsiniz, biz 8-ci mikrorayonda yaşayırdıq. Həftədə 3-4 dəfə xırda alverlə məşğul
olmaq, nəsə qazanmaq üçün aeroport ərazisindəki
ticarət mərkəzinə qədər piyada yol gedirdim.
Sadəcə, gedirdim, nəsə qazanıb
qazanmayacağımı bilmədən gedirdim. Atamı
bilirsiniz, dəli-dolu adam idi, mən də
ipə-sapa yatmırdım. Elə bil macəra
axtarırdım özüm üçün.
Ən yaxın dostum kitablar oldu
- Yaxşı, bəs nə baş verdi? Küçələrdən
necə yığışa bildin? Kim sənə təsir
elədi, kimin dəstəyi ilə həyatın yenidən dəyişdi?
-
Atamın! Yox, mənə elə baxmayın! Tam səmimi deyirəm,
atamın! Yəqin, narahat idi, yuxuda görürdüm onu,
çox canlı görürdüm, deyirdim ola
bilməz, axı sən ölmüsən, "ölməmişəm"
söyləyirdi. Hiss edirdim ki, mənə nəsə demək
istəyir, amma demir. Artıq ondan qalan kitablar xeyli
azalmışdı, Haradasa dörddə üçü it-bat
olmuşdu. Bir gün yenə onlara baxıb fikirləşdim:
kaş bu kitabları oxuya biləydim. Amma küçələr
maqnit kimi məni özünə çəkirdi. İlk dəfə
özümdə cəsarət tapdım, kitablardan birini
götürüb ilk sətirləri oxudum. Bir də
son nöqtəyə çatanda özümə
qayıtdım. Kitab məni alıb
aparmışdı. Əlbəttə, ilk
olaraq atamın kitablarından başlamışdım. Onlar mənə daha doğma idi. Sonra
ən yaxın dostum kitablar oldu. Kitablar məni
yeni həyata qaytardı. Hazırlaşdım,
Mədəniyyət və İncəsənət Universitetinə
daxil oldum. Savadsız müəllimlərlə
savaşa-savaşa, bacarıqlı, savadlı müəllimlərdən
öyrənə-öyrənə haradasa az
da olsa uğur qazana bildim.
- Tural, belə səmimi söhbət
üçün sənə təşəkkür edirəm.
Açığı, həm sarsıldım, həm də sənə
olan hörmətim bir az da artdı. Bunları bilmirdim. Sən bir istedadlı aktyor
kimi tanınırsan, sevilirsən. Uğurların
bol olsun.
- Təşəkkür
edirəm. Atamı xatırladığınız
üçün və onu məhz bu günlərdə, qələbə
günlərinin sevinci ərəfəsində
xatırladığınız üçün çox
sağ olun.
Atam anamı
qaçırtmışdı
- Eldar Baxışın evlənməyi
də maraqlı olub, axı. Bu
evlilik, səhv etmirəmsə, hər iki ailənin ciddi
etirazına səbəb olub. Yoxsa elə
deyil?
- Elədir...
Atamgilin ailəsi ilə anamgilin ailəsi
arasında düşmənçilik olub. Böyüklərdən
eşitmişəm, biz tərəflərdə belə qan
düşmənçiliyi olub həmişə. Təsəvvür edin də, anamın ailəsi
Molludandır, Qaçaq Nəbinin qohumları. Bunlar həmişə sovet hökumətinə
qarşı çıxıblar. Atamın
ailəsi isə sırf bolşevik hökumətini dəstəkləyənlərdir.
Ona görə də bir-birlərilə yola getməyiblər.
Üstəlik, arada kiminsə qohumu kiminsə qohumunu
öldürüb... Yəni bütün
bunların fonunda onların evlənməsi mümkün
deyilmiş. Atam hər şeyi gözə
alıb, heç kəsin fikrinə məhəl qoymayıb,
ürəyinin səsinə qulaq asaraq anamı
qaçırıb. İlk vaxtlar
narazılıq olsa da, sonra barışıblar, toy ediblər
və bu evlilik həm də illərlə davam edən
düşmənçiliyə, soyuqluğa son qoyub. Təəssüf, atam dünyasını dəyişdikdən
sonra münasibətlər yenə soyudu.
- Tural, necə fikirləşirsən,
məncə, çox vaxt adam dostlarında yanılır. Bu
müsahiblərdə dəfələrdə eyni fikirləri
eşitmişəm: atam dünyasını dəyişdikdən
sonra dostları bizi unutdu. Niyə belə olur?
Maraqlıdır mənim üçün, Eldar Baxış sənə
dostluqla bağlı nəsə məsləhət veribmi?
O, hər gün bizdən
uzaqlaşırdı
- Bizim ona
vaxtımız çatmadı. Dedim axı, hadisələr
başlayanda mənim 8 yaşım vardı və elə o
vaxtdan atam məndən də, ailədən uzaq
düşdü. Biz onu evdə
qayğılı, narahat, daha çox millətin dərdini
çəkən biri kimi görürdük. Sağlığında prolemlərimizi,
qayğılarımızı həll edirdi, amma bizim ona
ehtiyacımız vardı. O isə milli problemlər
artdıqca hər gün bizdən daha da uzaqlaşırdı.
O mənə nəinki dostluq, ümumiyyətlə, çox
şeylə bağlı çox şey deyə bilmədi.
- Belə başa düşürəm
ki, atanla bağlı xatirələrin çox azdır.
- Evdə
qələmləri var, onlara baxanda barmaqlarını
görürəm. Həmin qələmlə
kağız üzərində tələsən
barmaqlarını. Evdə əlyazmaları
qalıb, hələ də ürək eləmirəm
onları açıb oxumağa. (Fikrə
gedir). Rəfdən kitab götürüb
mənə verib deyirdi ki, üç gündən sonra
soruşacağam. Mən də biclik edirdim, bir az əvvəldən, bir az ortadan, bir az da sondan
oxuyurdum. Vaxtı gəlib çatanda imtahan
başlayırdı. Mənə
oxumadığım yerdən sual verirdi. Pərt olurdu:
"Atanın balası, belə olmaz", - deyirdi və
növbəti dəfə oxuyurdum.
- Əziz Tural, söhbətimiz
yekunlaşır. Sonda yenə
Qubadlı ilə bağlı soruşmaq istəyirəm səndən.
Rayon işğal olundu, atan dünyasını dəyişdi,
sən tamam başqa bir sahəni seçib öz həyatını
qurdun. Amma Qubadlı işğaldan azad
oldu. Səni ora bağlayan nəsə
qalıbmı?
- Əlbəttə! Ora mənim
uşaqlığımın, xatirələrimin
ünvanıdır. Orada mənim nakam, balaca qardaşım
Andayın məzarı var. Bir də atamın vəsiyyəti
var və Qubadlı işğaldan azad olduğu
üçün bu barədə ciddi düşünüb qərar
verməliyik. Atam da, anam da vəsiyyət
etmişdi ki, torpaqlar alındıqdan sonra onların nəşini
Qubadlıya, Andayın yanına aparaq. Bilmirəm nə
qərar verəcəyik.
Söhbətləşdi: Əyyub QİYAS
Ədəbiyyat qəzeti.- 2020.- 14
noyabr.- S.16-17.